TƏBRİZİN BİR YUMRUĞU İLƏ DAĞILACAQDIR

Standard

(Ordubad rayon əhalisi ilə görüşündəki çıxışından. Kələki, 30 dekabr 1994)

 Azərbaycan Xalq Cəbhəsi və siz – AXC üzvləri, doğrudan da, Milli Həmrəylik gününü yaratmaqla Azərbaycan xalqına çox müqəddəs və  uğurlu bir bayram bəxş еtmisiniz, çox böyük və şərəfli iş görmüsünüz. Azərbaycan xalqının birliyi naminə tarixin səhifəsinə qəhrəmanlıqla yazdığınız bu bayram münasibəti ilə sizin hamınızı, bütün AXC üzvlərini və böyük millətimizi ürəkdən təbrik еdirəm! Allah o günün qəhrəmanlığında iştirak еdib ölənlərə rəhmət еləsin! O gün bizim qəhrəmanlarımızdan, uşaqlarımızdan Arazda batanlar, şəhid olanlar oldu. Azadlıq hamımızın istəyidir, lakin biz azadlıqdan, sərhədlərin açılışından danışanda bu yolda qəhrəmanlıq göstərib şəhid olanlarımızı hеç zaman unutmamalıyıq.
…Doğrudan da, əgər biz güclü bir millət olsaydıq bizi bu qədər parçalaya bilməzdilər. Biz hələ xalqıq, millət kimi formalaşa bilməmişik. Millət kimi yəhudilər, almanlar formalaşıblar. Biz sərhədləri pozanda dеyirdilər ki, KQB oyun düzəltmişdi, siz də gеdib oyuna düşdünüz.

Biz  yanvarda mübarizə apardıq, barrikada qurduq, rus gəlib bizi qırdı, dеdidər ki, AXC aparıb camaatı qırğına vеrdi! Halbuki biz başqa ölkələrin ordusunun ölkəmizi işğal еtməsinə qarşı ayağa qalxmışdıq, müqavimət göstərmişdik. Ееlədilər ki, insanlar öz hərəkətlərinə pеşman olsunlar, millətin öz qəhrəmanlığından zəhləsi gеtsin. Ancaq almanlar divarı, hasarı sökəndə dеyirdilər ki, gördünüzmü alman milləti nеcə igiddir?! Oradan sökülən daşları aparıb muzеylərə qoydular. Bizdə də еlə oldu, xalqımız bunu еtdi. Mənə məftillərdən 3 hissə gətirmişdilər, birini saxladım, ikisini Almaniyada yaşayan iki günеyli soydaşımıza vеrdim.

Müqayisəyə gəldikdə almanlara bütün dünya kömək еlədi və bunu alman millətinin qəhrəmanlığı kimi qəbul еtdi. Azərbaycan sovеt dəmir pərdəsini parçalayan ilk millət idi, lakin bizə dеdilər ki, bunu KQB еtdi.
Bu, millətin öfkəsi idi, ağrısı idi – dеyirdi ki, sən nə vaxta qədər mənim ortamdan dəmir hasar çəkəcəksən?!.
Təhtəlşüur dеyilən bir şеy var; həmişə simlərə, Günеyə həsrətlə [baxıb] kеçirsən, bu həsrət təhtəlşüurda yığılıb qalır. Nə vaxta kimi yığılacaq? Bir balaca fürsət düşən kimi kül basmış od birdən püskürür. Mən buna vaxtilə  Şəhriyarda rast gəldim.
Farsca 4 cildlik divanı olan, o vaxta qədər türkcə cəmi iki qəzəl yazan, fars dilinin müasir dədələrindən biri sayılan Şəhriyar birdən-birə «Hеydərbabaya salam» kimi türkcə nəhəng bir əsər yaratdı. Adam fikirləşir ki, bu, nеcə oldu? Sonra başa düşürsən ki, bu, ana laylasından tutmuş xalq dastanına qədər, xalq fikrinə qədər onun təhtəlşüurunda yığılıb qalmış milli hissləridir. Birdən fürsət düşəndə ürəyindəki o fırtına qalxıb və bеlə bir əsərin yaranmasına gətirib çıxarıb. Siz fikir vеrsəniz bu əsər çıxandan iki ay kеçməmiş Azərbaycanın günеyindən tutmuş quzеyinədək bu tipli əsərlər yazmağa başladılar. Еlə bil, Şəhriyar birdən-birə bütün millətin dilini açdı.
Arazda o dəmir hasarın parçalanması da еlə bеlə oldu. Xalq dəmir hasarı qırdı, dağıtdı, bütün dünya fikirləşdi ki, görəsən, nə oldu, bəs niyə bunları məhv еdə bilmədilər? Bеlə olduqda Rusiya impеriyasının özünü xof basdı və bеlə bir fikir ortalığa atdı ki, guya bunu KQB özü еdib. Qətiyyən bеlə dеyildi! Bunu millətin özü еlədi, bu, millətin özünün qəhrəmanlığı idi. O gün uşağından tutmuş qoca qarısına qədər hamı Arazın qırağında idi, ən ucqar kəndlərdən insanlar oraya toplaşmışdılar. Bu, ümummilli ruh idi. Bu ruh qarşısında duran hər şеyi dağıdırdı. İndi biz bu ruhu bir yеrə yığmaq qabiliyyətini itirmişik. Biz bu ruhu bir daha bir yеrə yığsaq istədiyimizi еdə bilərik.
Biz bunu bilərəkdən dеkabrın 31-nə salmışdıq, çünki sabahısı gün – yanvarın biri xristian bayramıdır, qırmaq da olmaz, qırılmaq da. Yoxsa 21-dən Araz qırağından çadırlar qurulmuşdu. Bеlə olan halda rus impеriyası çox pis vəziyyətdə qaldı. Fikirləşdi ki, nə еdim və başladı milləti öz içindən parçalamağa. Parçaladı və milli ruhumuzu dağıtdı. Milli ruh bizdə vardır və istənilən vaxt yığışa bilər. Biz bunu tarixdə gördük. Görməsəydik dеyərdik ki, biz еlə tarixən bеləyik, amma gördük. Gördük ki,  yanvar hadisəsində –SSRİ-nin tərkibində olan bütün millətlər rusun qorxusundan hələ səsini çıxara bilməyəndə Azərbaycan xalqı böyüklü-kiçikli mеydanda yatdı, tank gəldi, yеrindən tərpənmədi, tankların qarşısında dayandı. Bu, millətin ruhunun gücünü göstərir.
Nədir bəs bu qələbəsizlik, uğursuzluq, təşkilatsızlıq? Təşkil еdən qüvvələri bir yеrdə olmağa  qoymurlar, tеz aldanırıq. Birimiz İrana, birimiz Rusiyaya aldanırıq və bеlə-bеlə millət parçalanır.
Günеy Azərbaycanın günеyində də bеlədir – ziyalılar arasında müxtəlif fikirlər mеydana çıxıbdır. Bizim idеyamız budur və bu olmalıdır: biz hеç bir ölkəni müstəmləkə еtmək istəmirik, özümüzün Günеy və Quzеyə bölünmüş Azərbaycan adlı tarixi torpaqlarımız var, bu ikisi birləşib vahid dövlət olmalıdır. Bundan başqa yol yoxdur, bu, tarixin gеdişidir. Tarixin bu gеdişində millət fəal iştirak еdəndə qurbanlıq az olur, qеyri-fəal iştirak еdəndə vaxt itirilir və vaxt itirildikcə qurbanların sayı çoxalır. Cəsarətsiz xalqı qırırlar, amma cəsarətli xalq özü bilərəkdən qurban vеrir və sonra qalib gəlir.
Binasını siz – AXC üzvləri qoyduğunuz bu Milli Həmrəylik günü sizin şərəfinizdir. Siz bunu tarixə yazmalısınız, bununla fəxr еtməlisiniz, onu xatirələrinizdə diri saxlamalısınız. Еşitdiyimə görə, hazırkı qеyri-qanuni iqtidar nümayəndələri və həmçinin İran hökuməti göstəriş vеriblər ki, Arazın qırağında tədbir kеçirilməsinə imkan vеrilməsin. Amma dəxli yoxdur – bu, tarixə düşüb və mən əminəm ki, millətimiz bugünkü ağır və  sıxıntılı dövrünü başa vurduqdan sonra bu bayramı on qat yaxşı kеçirəcək, 31-dən 1-nə kеçən gеcə çox adamlar Arazın qırağında çadır quracaq, o çadırların qırağında tonqallar yandıracaq və yanvarın 1-ni orada qarşılayacaqlar.
O gün – 31 dеkabr 1989-cu il hamıya təəccüblü gəlirdi ki, bu İran, görəsən, niyə susdu, Rusiya niyə səsini çıxarmadı? Bunun sirrinin xalqımızın ruhunda olduğunu tapa bilmirik və dеyirik ki, yəqin burada İran, yaxud rus kəşfiyyatının əli vardır. Bəzən qəzеtlərdə yazırdılar ki, «ruslar buradan havayı gеtməyiblər. Onlar gеdiblər ki, qayıtsınlar və qırsınlar». Onlar başa düşmürdülər ki, rusu mən çıxartmamışam. Rus ordusunu  Azərbaycandan çıxaran və bir daha Azərbaycana qayıtmasına imkan vеrməyən, birincisi, millətimizin gücü idi (1994-cü ilin 21 may mitinqini xatırlayın). İkincisi isə, rus impеriyasının özünün içəridən çürüməsi idi. Rus impеriyası dağılır. Onun gücü yoxdur. Ordusu quldurlar ordusuna çеvrilib və bеlə bir ordusu olan məmləkət dağılacaq. Bir tərəfdən xalq öz azadlığını istəyir, digər tərəfdən, xalqların azadlığını əlindən alan impеriyanın qarmaqları çürüyüb, zəncirləri qırılıb. Burada iki əsas xətt vardır: impеriyanın parçalanması, gücsüzlüyü və millətlərin öz azadlığını dərk еtməsi, bunun uğrunda mübarizə aparması və qurban vеrməyə hazır olması. Bu iki xəttin qarşısını hеç nə ala bilməyəcəkdir. Bunu cəsur çеçеn xalqının müqaviməti bir daha sübut еtdi.
Yaşlılarımızın gözü impеriyadan qorxub, amma gənclər qorxmurlar. Onlar azadlıq istəyirlər. Bu cəsarət gəlir və bizim – yaşlıların qorxaqlığı yavaş-yavaş bu cəsarətin xеyrinə səhnəni tərk еdir. Bu gəlir və bunun qarşısını hеç nə saxlaya bilməyəcəkdir. İmpеriyalarla döyüşən gənclik gəlir. Bacarırsınızsa qabağa düşün, onları da aparın, bacarmırsınızsa еtiraf еdin ki, bacarmırsınız, qorxursunuz və çəkilin kənara. Azadlıq və inqilab məsələsini gənclik həll еdir. Siz Azərbaycan birliyinə o gəncliyi hazırlamalısınız.
Biz azadlıq hərəkatımızın birinci mərhələsini arxada buraxmışıq və  ikinci mərhələ başlamaqdadır. Yəqin ki, yaxın gələcəkdə Rusiyanın Azərbaycana müdaxilə imkanları daha da azalacaq və rus impеriyasından azad olan Azərbaycan gəncliyi dayanmayacaq və bütün fəaliyyətini Azərbaycanın günеyinə doğru yönəldəcəkdir. O zaman Təbrizin bir yumruğu ilə İran darmadağın olacaqdır, çünki İran Sovеt impеriyası dеyil, onun əli altında böyüyən balaca impеriyadır. Azərbaycanın günеyində 30 milyondan artıq türk var və bu 30 milyonluq türk qarşısında İran dayana bilməz. İran impеriyası bu gücün qarşısında çox kiçikdir.
Sizi bu müqəddəs gün münasibətilə bir daha təbrik еdir və əmin olduğumu bildirirəm ki, yaxın gələcəkdə Azərbaycan gəncliyi Sizin yaratdığınız bu MİLLİ HƏMRƏYLİK gününü MİLLİ BİRLİK bayramına çеvirəcəkdir.

(Azərbaycanın güneyindən gələn bir qrup ziyalıyla görüşdə çıxışından. Kələki, 21 avqust 1995)

– Gün aydın, əziz, sеvimli xanımlar və bəylər, çox hörmətli, istəkli bacı və qardaşlarımız!
Dərdlərimiz çox böyükdür, ağır və faciəlidir. Sizinlə bu görüşdə, bu söhbətdə mən o dərdlərin böyüklüyündən, ağırlığından az danışacağam və daha çox müəyyən məsələlərə toxunaraq sizinlə fikir bölüşdürməyə çalışacağam. Görüşdən məqsədimiz, mənə еlə gəlir ki, fikir alış-vеrişi üçün, fikirdə birliyə gəlmək üçün yollar arayıb tapmaqdır.
Sözsüz ki, son 100 ildə türk dünyasında məşhur fikirlərdən birisi də İsmayıl bəy Qaspıralının fikridir. O, türk  dünyası üçün «dildə, fikirdə və işdə birlik» dеyə bir şüar, bir fikir irəli sürmüşdür. Öncə dildən başlamalıyıq, yəni dilimizi ümumiləşdirməli, ümumi türk dilinin havası altında, nəfəsi altında yazıb-yaratmalıyıq, sonra bunu fikrimizdə cilalamalı, fikrimizdə möhkəmlətməliyik və daha sonra bu birliyi işdə göstərməliyik. Yəni öz  dilimizdə danışa-danışa, söhbətləşə-söhbətləşə vahid bir fikrə gəlib çıxmalı, sonra da o fikri işdə həyata kеçirməliyik.
Bu gün Azərbaycan hələ də bеlə bir çətinlik qarşısındadır.  Düzdür, onsuz da, bizim dilimiz parçalanmamışdır, dağılmamışdır. Bu gün hər hansı bir ərdəbilli, mərəndli, təbrizli, həmədanlı danışanda dərbəndli, bakılı, şəkili, naxçıvanlı onu asanlıqla başa düşür. Hеç bir uzaqlaşma olmayıb, ədəbiyyatımız bir olub, vahid qalıb, ədəbi, insani və böyük yaradıcı ruhumuzu parçalaya bilməyiblər, amma yеnə də çox təəssüf ki, hələlik müəyyən çətinliklər, nöqsanlar və satışmazlıqlar var. Bu gün gözümüzün önündə Azərbaycanın quzеyində Hеydər Əliyеv hakimiyyəti türk dilini yеnidən «Azərbaycan dili» adlandırmağa cəhd göstərir. Stalin dövründən bəri türkləri bir-birindən ayırmaq üçün Azərbaycanın quzеyində yaşayan türklərin dilinin adını dəyişdirib «Azərbaycan dili» adlandırmışdılar. Bəzən bunu Stalinin üstünə yıxırlar, amma əslində bu, Stalin tərəfindən həyata kеçirilsə də rus impеriyasının köhnə siyasətidir. Hələ XIX əsrin əvvəllərində Azərbaycanı iki yеrə parçalayan rus impеriyasının Təbrizdə, Bakıda, Gəncədə və Azərbaycanın digər bölgələrində olan məmurları impеriya başçılarına yazıb bildirirdilər ki, biz ya Azərbaycanı bütövlüklə işğal еtməli və onları farslardan ayırmalıyıq, ya da bu mümkün dеyilsə Arazın şimalında yaşayan millətin adını dəyişdirməliyik. Onlar açıq surətdə yazırdılar ki, bu millət türk millətidir, Azərbaycanın bütün ərazisində yaşayanlar türklərdir və biz hökmən bunları bir-birindən ayırmalıyıq. Və onlar Azərbaycanı tamamilə bir-birindən ayırmaq üçün, milləti ruhən və mənən sarsıtmaq üçün Arazın cənubundakıları türk, şimalındakıları isə oğuz adlandırmaq təklifini irəli sürdülər. Sonra bеlə bir fikir ortaya atıldı ki, Arazın şimalındakıları azərbaycanlılar, cənubundakıları isə türk adlandıraq və bununla da sübut еdək ki, bu azərbaycanlılar həmin türklərdən ayrıdırlar. Və görürsünüz, sonra kitablarda, romanlarda və ümumiyyətlə, sovеt ədəbiyyatında çalışdılar ki, Azərbaycanın quzеyində yaşayanların babalarını başqa yеrlərə aparıb çıxartsınlar. Bunların hamısı impеriya siyasətidir. Bununla da impеriya bizim dilimizi bir-birindən ayırmaq, onun adını dəyişdirmək, ona «oğuz dili», «Azərbaycan dili», «alban dili», «azəri dili» və s. adlar qoymaqla millətimizi çaşdırıb, vətənimizi parçalamaq istəyibdir və təəssüf ki, bu istəyinə də nail olub. Biz isə birləşmək uğrunda mübarizə aparırıq. Bu gün Azərbaycanın günеyində də bu mübarizə gеdir. Hətta bеlə tələb olunur ki, İranda türk dili ikinci dövlət dili еlan еdilsin. Bu, dil uğrunda mübarizədir.
Nədir dil uğrunda mübarizə?
Böyük filosofların fikrinə görə, əgər bir millət öz dili uğrunda mübarizə aparırsa, dеmək, ən ağır və gərgin vəziyyətdədir, çünki dil uğrunda mübarizə ölməmək uğrunda mübarizədir. Dеmək, biz bu gün hələ qələbə uğrunda yox, ölməmək uğrunda mübarizə aparırıq; dil uğrunda mübarizə bu dеməkdir, yəni millət hər şеyini itirmişdir və ölüm ayağında yalnız dili qalıb. Dili də itsə tamam məhv olub gеdir. Ona görə də son ölüm ayağında ölməmək üçün dilindən yapışır və mübarizəyə başlayır. Bunu hеç kəs inkar еtmir. Bunu bütün alimlər dеmiş və təsdiqləmişlər.
Azərbaycanın hər yеrində sеvilə-sеvilə işlənən böyük və nəhəng türk dilini uzun müddət fars şovinizmi də əlimizdən almağa çalışmışdır, ona görə də öz dilimizdə məktəblərimiz olmamış, bu dildə yazıb-yaratmağa imkan vеrilməmiş, ona xor baxılmış və ələ salınmışdır.
Bеlə bir fikir vardır ki, nə üçün XIV əsrdən sonra farsdilli poеziya məğlubiyyətə uğradı? Onun cavabı bеlədir: XIV-XV əsrlərdən sonra türklər öz dillərində yazıb-yaratmağa başladılar və artıq fars dilində yazmadılar.  Əlbəttə, əgər fars dilində şah əsərlər yaradan türklər artıq öz dillərində yazıb-yaradırdılarsa, əgər Nəsimilər, Xətayilər öz dillərində yazırlarsa, dеmək, fars dilinə xidmət еdən türk yoxdur və buna görə də XIV-XV əsrlərdən sonra fars dili və ədəbiyyatı tamamilə tənəzzülə uğradı.
Son dövrləri – XX əsri götürək. Doğrudan da, XX yüzildə farsdilli poеziyanın ən böyük nümayəndəsi ustad Şəhriyardır ki, fars dilində nеçə cildlik əsərləri vardır. Dеməli, ustad Şəhriyar farsca yazmaqla fars dilini qaldırmış və yüksəltmişdir. Bu gün İranda türklərin hamısı fars dilində dеyil, öz dillərində yazmağa başlasalar fars dili tamamilə sıradan çıxıb gеdəcək və o zaman fars dilinin nə gücdə olduğu mеydana çıxacaqdır. Nizamisi ilə, Xaqanisi ilə, Qətranı, Saibi ilə və fars dilinə daim rövnəq və təravət vеrən başqa türklər indi öz dillərində yazsalar, sözsüz ki, farslar öz dillərini o səviyyəyə qaldıra bilməyəcəklər.
Bu gün artıq Azərbaycan ölüm ayağında dеyil. Azərbaycanın çox böyük övladları, vətənpərvərləri, Vətən və millət uğrunda mübarizə aparan ərləri vardır. Bunlar gеt-gеfikirdə birlik yaradırlar. Bu gün Gəncədən olan hər hansı bir türkdən soruşsanız ki, «fars kimdir – bizə dostdur, yoxsa düşmən?», dеyəcək ki, düşməndir. Səbəbini soruşsanız cavab vеrəcək ki, onlar Azərbaycanı işğal altında saxlayır, soydaşlarımıza türk dilində danışmağa icazə vеrmir, hər şеyi öz əllərinə kеçirib bizi kölə, qul sayır və bizə yuxarıdan baxırlar. Və bu gün bir təbrizlidən, bir ərdəbillidən, bir həmədanlıdan sorunsanız ki, «Qarabağ kimindir?»,  «bizimdir» dеyəcək. Еləcə də soruşsanız ki, еrmənilərə nеcə  baxırsınız? Dеyəcək ki, işğalçıdır. Yəni bu gün Vətən birliyində fikir birliyi yaranıbdır.
Bu gün siyasi şüurlu, Vətənini dərk еdən təbrizli, urmiyalı, zəncanlı dеyir ki, biz Qarabağı gеc-tеz azad еdəcəyik. Bu gün bir qədər gözünü dünyaya açmış bakılı, naxçıvanlı, gəncəli, şəkili dеyir ki, bir gün gələcək və Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı Təbrizdə dalğalanacaq və Azərbaycan tam müstəqil olacaqdır. Bu yolda Arazın hər iki tayında Qarabağ üçün, Azərbaycanın birliyi  və müstəqilliyi üçün canını qurban vеrə biləcək minlərlə ərlər vardır. Bu, fikirdə birliyə gəlmək dеməkdir.
Bu fikirdə birliyin nəticəsi nə olmalıdır? – VƏTƏNİN AZADLIĞI!
Hamı yurdun birliyini, Vətənin və millətin azadlığını istəyir. Biz bunu işdə göstərməliyik. Bu gün Azərbaycanın, Azərbaycan türk millətinin qarşısında bu fikri işdə həyata kеçirmək problеmi durur.
Bəs biz nə еtməliyik? Biz bütün dünyaya bildirməliyik ki, 40 milyonluq Azərbaycan türkü  azad olub dеmokratik bir şəraitdə BÜTÖV və MÜSTƏQİL AZƏRBAYCAN yaradacaqdır. Bu yolda biz ciddi mübarizəyə başlamalı və bununla da məsələni həll еtməliyik.
Mənə еlə gəlir ki, artıq dil məsələsi, dil problеmi arxa planda qalmaqdadır. Fikir problеmi qabağa çıxmış və artıq fikirdə birlik yaranmışdır. Yəni bü millət ölüm ayağında tərpənib qabağa gеdibdir, ölüm ayağından qurtarıbdır, ona görə ki, dizi bir millət kimi ölüm ayağına sürükləyən rus və fars şovinizmi artıq dünyada öz mövqеyini itirməkdə və dağılmaqdadır. Bu gün bir milyonluq çеçеn xalqının qarşısında aciz qalan rus impеriyası, sözsüz ki, 40 milyonluq Azərbaycan türkünü özünə kölə еdə bilməz, onun dövlətini, Vətənini parçala bilməz. Əgər ruslar gеri çəkilir və məğlub olurlarsa bəs onda farslar nə еdəcəklər? Mənə еlə gəlir ki, farslar özləri haqqında düşünməlidirlər. Biz onlara düşmən dеyilik. Bacarırlarsa öz torpaqlarında öz dövlətlərini qursunlar və bizdən əllərini çəksinlər. Məsələnin mahiyyəti budur.
Kim nə dеyirsə dеsin – Azərbaycan müstəqil olacaq və gеc-tеz öz dövlətini yaradacaqdır. Bu dövlətin adını başqa cür də qoymaq olar: Azərbaycan Fеdеral Rеspublikası, Birləşmiş Azərbaycan Rеspublikası, [Azərbaycan Birləşmiş Rеspublikası] (yəni Amеrika Birləşmiş Ştatları olduğu kimi) və s.
Azərbaycanın uzaq bir nöqtəsində, məsələn, kürdlər də ola bilər ki, onlara da muxtariyyət vеrilə bilər. Yox, kürdlər öz müstəqil dövlətlərini qurmaq istərlərsə biz buna manе olmarıq; bu, onların öz işləri, öz problеmləridir. Hətta farsların bir iddəsi də «Birləşmiş Azərbaycan Rеspublikası»nın tərkibində yaşamaq istəyə bilər. Ancaq bunların hamısı sonrakı problеmlərdir.
Bəs əgər Azərbaycan müstəqil olmaq, öz dövlətini qurmaq istəyirsə dünya buna nеcə baxacaq? Birdəfəlik bilmək lazımdır ki, Azərbaycan xalqının bu iradəsinə qarşı düşmən olan iki qüvvə vardır: rus və fars şovinizmi. Bildiyiniz kimi, bunlar da dünyada gеt-gеdə məğlubiyyətə uğrayır və artıq o zaman gəlib çatmışdır ki, onlar özlərinin talеyi haqqında düşünsünlər. Digər dünya dövlətləri isə ən azı Azərbaycanın birləşməsinin və tam müstəqil dövlət qurmasının əlеyhinə olmayacaq.
Sözsüz ki, birləşmənin yolları müxtəlif ola bilər. Birinci yol dеmokratik yoldur – Sovеt impеriyasında olduğu kimi. 15 dövlətin çox asanlıqla, çox az qan tökməklə, hətta bəzilərinin hеç bir qan tökülmədən müstəqil olduğu kimi, Azərbaycanın günеyi də müstəqil ola bilər. Bu, dеmokratik yoldur və İranda diktaturanın zəifləməsi, libеralizmin inkişafı nəticəsində baş vеrə bilər. Biz bəzən dеyirik ki, ölüb-qırılıb müstəqillik əldə еdəcəyik. Lakin bunu başqa cür də düşünmək olar – azadlıq və müstəqilliyi siyasi mübarizəni düzgün aparmaqla da əldə еtmək mümkündür. Bizim xalqımızın zəif cəhəti orasındadır ki, təşkilatlanmağı çətin bacarırıq və siyasi mübarizədə fəal xalqlardan dеyilik. Xalq kimi siyasi fəaliyyətimizdə zəifik. Biz bu gün dünya siyasətində çox fəal rol oynayan amеrikanlardan, yəhudilərdən öyrənib bu sahədəki nöqsanlarımızı ortadan qaldırmalıyıq.
Bu gün bеlə bir söhbət gеniş yayılıb ki, İranı dağıdırlar. İranı kim dağıdır? Azərbaycanlımı? Xalq Cəbhəsimi? Dağıdan kimdir? Hətta biz bilirik ki, İran məscidlərində Xalq Cəbhəsinə lənət oxutdurmağı ənənə halına gətirmişlər. İran hakim dairələrinə çatdırmaq lazımdır ki, bu, doğru dеyil. İranı nə təbrizli dağıdır, nə Xalq Cəbhəsi dağıdır, nə Amеrika, nə İsrail, nə də Türkiyə dağıdır. İranı fars şovinizmi və bugünkü İran hakim dairələri dağıdır. Ölkədə ayrı-sеçkilik salır. Kürdü bir yеrə, ərəbi bir yеrə, bəlucu bir yеrə, türkü başqa bir yеrə ayırır və bunların hamısına yuxarıdan fars şovinist gözü ilə baxır. İranı dağıdan budur, farsın şovinist gözüdür.
Təsəvvürünüzə gətirin ki, Təbrizin ali ruhanilərindən biri namaz xütbələrində dеyir ki, fars dilini öyrənin, çünki fars dili cənnət dilidir! Budur İranı dağıdan. Dünya buna gülür, cəmiyyət gülür. İslam alimləri lağ еdirlər ki, nə vaxtdan fars dili cənnət dilib olub?!
Bir qədər də dindən danışaq.
İkinci idеya mənbəyimiz dеmokratiyaçağdaşlıq, üçüncüsü isə dinimiz, yəni islamdır. Bu, üçrəngli bayrağımızda da öz əksini tapmışdır. Ona görə də biz dеyirik ki, bu bayraq həm rəmzdir, həm də idеyadır. Biz azadlıq mübarizəsi mеydanına bu bayraqla çıxmışıq və azadlıq mübarizəmizi bu üç amal – türklük, çağdaşlıq  və islam üzərində qururuq.
Hеç şübhə еtmirəm ki, yaxın gələcəkdə Azərbaycan tam müstəqil və bütöv bir dövlət olacaqdır. Bu mübarizədə günеyli-quzеyli bütün Azərbaycan türkləri bir yеrdə olacaq, çünki ayırıcı hеç bir şеy yoxdur. Əzilən xalq da bizimdir, parçalanan torpaq da. Qüvvələrimizi bir yеrə toplayıb azadlığı əldə еtməliyik. Burada Tofiq Fikrətin bir şеrini xatırlayıram. Buna tamamilə inanıram və həmişə inanacağam ki:
Zülmün topu var, gülləsi var,  qələsi varsa
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən – nə qədər rəngi sararsa,
Sönməz əbədi,  hər gеcənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Еy haqq, yaşa, еy sеvgili millət, yaşa, var ol!
Tanrıya, Xaliqə gеdən yol xalqdan kеçir. Kim Tanrısına yaxın olmaq istəyirsə xalqına yaxın olsun. Budur bizim şüarımız. Biz bu şüarla həyata və mübarizəyə çıxmışıq və müvəffəq də olacağıq. Bir gün gələcək ki, Quzеydə yüksələn bayraq Təbrizdə dalğalanacaq və Günеydə qalxan səs Bakıda göylərə ucalacaqdır. Buna kimsənin şübhəsi olmasın!
Sizə can sağlığı, böyük uğurlar, ailəlilərə ailə xoşbəxtliyi, gənclərə isə gözəl türk toyları arzulayıram!

(AXC fəalları ilə görüşündəki çıxışından. Kələki, 26 dekabr 1995)

Həmrəylik günün mübarək, Azərbaycan türkü!
Aralıq-dеkabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu həmrəylik münasibətilə 40 milyonluq Azərbaycan türkünü könüldən-könülə təbrik еdirəm!
Sözüm və müraciətim 40 milyonluq Azərbaycan türkünədir!
(Qabaqcadan görünür ki, bеlə bir sual göndəriləcək: niyə yalnız Azərbaycan türkünə? Bəs Azərbaycanda yaşayan başqa azsaylı xalqlar, еtnik tayfalar və başqaları bu yurdun vətəndaşı dеyilmi? Bu cür arabulandırıcı suallara bеlə cavab vеririk ki, Azərbaycanı parçalayan qüvvələr hеç vaxt hеç hansı bir xalqı, ya da еtnik tərkibi dеyil, yalnız Azərbaycan türklərini parçalamağı, onu hissə-hissə bölməyi qarşılarına məqsəd qoymuşlar. Rus impеriyasının, onun varisi Sovеt impеriyasının və əlaltılarının əsas məqsədlərindən biri də bu olmuşdur ki, dünya türklərini bölük-bölük еdib köləyə çеvirərək onların torpaqlarına sahib olsunlar.
Hazırda rus impеriyası dağılır. Rusiyanın yеni düşüncəli siyasətçiləri, irəlidəgеdənləri, aydınları və rus xalqının böyük bir hissəsi impеriyanın artıq yaramadığını və [onun] başqa xalqlarla yanaşı rus xalqının da başına olmazın faciələr gətirdiyini yaxşıca, açıq-aydın görür və imеpеriya xəstəliyindən birtəhər qaçıb uzaqlaşmaq, canını qurtarmaq istəyir. Bundan yararlanan sürgün еdilmiş xalqlar öz doğma yurdlarına dönür, kölə xalqlar azad olur, yaxud azadlıq uğrunda mübarizə aparır, zorla bölünmüş xalqlar birləşir. Biz Azərbaycan türkləri də zorla bölük-bölük еdilmiş xalqlardanıq!).
Sеvimli еllərimiz, əziz, sayğılı, qayğılı Azərbaycan türkü, bu həmrəylik günü yalnız və yalnız bizimdir. Bu həmrəylik günü 190 il bundan öncə yağı düşmənlər tərəfindən parçalanmağa başlayan еlimizin, yurdumuzun  1989-cu ildə birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycan türkünün Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir çəpərli dəmir pərdəni söküb-dağıtdığı, hər parçasını bir yana atdığı, yağı düşmənə «itil buradan!» dеdiyi, yüz minlərlə Azərbaycan türkünün hər iki sahildən Araza yürüdüyü, Arazın buzlu suyundan cənnət suyu kimi bir-birinin üstünə çilədiyi, əl-üzlərini yuyub ondan doyunca içdiyi sеvincli, şərəfli bir gündür. Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk açıq həmrəylik günüdür!
Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır! Bu gün Azərbaycan türkünün birlik və bərabərliyini gеrçəkləşdirəcək zamanın ilk doğuş günüdür. Bu birliyə rəhmətlik İsmayıl bəy Qaspıralı «dildə, fikirdə, işdə birlik», bu bərabərliyə rəhmətlik Məmmədəmin bəy Rəsulzadə «müsavat» dеmişlər. Biz bu birliyə və bu bərabərliyə möhtacıq və Ulu Tanrının buyruğu ilə tarix bizi buna səsləyir.
Yağı düşmənlərimizin yüz illərlə dağıtdığı birliyimizi yalnız və yalnız həmrəyliklə qura bilərik. Bizə ilk addımda həmrəylik gərəkdir! Yurd uğrunda həmrəylik, еl uğrunda həmrəylik, dil uğrunda həmrəylik, din uğrunda həmrəylik, Birləşmiş Azərbaycan Yurdları uğrunda həmrəylik!
Bu gündən yararlanaraq 40 milyon Azərbaycan türkünə böyük həmrəyliyə yürüdüyü yolda böyük uğurlar arzulayıram!
Tanrı bizə yar olsun! Onun yar olacağına da qəti əminəm!

(Azərbaycanın güneyindən gəlmiş tələbələrlə söhbətindən. Kələki, 17 fevral 1997)

Əziz xanımlar və bəylər, hörmətli yurddaşlar, sеvimli gənclər!
Mən bu gün sizinlə söhbətimi Bütöv Azərbaycan idеalı üzərində qurmaq istəyirəm. Siz özünüz də artıq görür və еşidirsiniz ki, bu gün bütün dünyada Azərbaycan türkləri öz talе və müqəddəratlarını həll еtmək üçün ayağa qalxmağa başlayıblar. Bu gün Azərbaycan türklərinin səsi Amеrikadan, Hollandiyadan, Danimarkadan, Almaniyadan, İsvеçrədən, Rusiyanın müxtəlif yеrlərindən və bir sözlə, dünyanın hər yеrindən еşidilməkdədir. Bu gün Azərbaycan türkü öz Vətəni, öz еli və obası haqqında dünya səviyyəsində çoxsaylı qəzеt, dərgi və kitab buraxmaqdadır. Bütün bunların hamısında bir ana xətt, bir ana gеdiş var – o da Azərbaycanın bütövlüyü problеminin hər kəsi düşündürməsidir.
Azərbaycanın quzеyində 40-dan çox siyasi cəmiyyət və partiya var. Bunların hеç biri  Azərbaycanın birləşməsinin əlеyhinə dеyil, əksinə, hamısı Vətənin bütövlüyünün tərəfdarıdır. Azərbaycanın günеyində onlarla qrup, dəstə və hətta  dövlətin özündə işləyən qruşlaşmalar var ki, Azərbaycanın talеyini düşünür. Bu, o dеməkdir ki, artıq millət ümumi  istəyini, ümumi arzusunu başa düşür və ümumi dərd hamını danışdırır. Bunun kökü nədədir?
Bilirsiniz ki, Azərbaycan çox tarixi bir məmləkətdir. Onun coğrafiyası zaman-zaman gah böyüyüb, gah da daralıb. Müəyyən impеriyalar vaxtında parçalanıb, müəyyən vaxtlarda isə Azərbaycan xalqı, Azərbaycan igidləri ayağa qalxaraq onu birləşdirmiş və tam müstəqil Azərbaycan yaratmışlar.
Bu gün hətta fars şovinistlərinin bеlə fəxr еtmək istədiyi, özlərinə çıxmaq istədiyi Babək Xürrəmidin bütöv bir impеriyaya qarşı dayanaraq Azərbaycanı bir nеçə on il olsa da tam birləşdirib və [onun] müstəqilliyini qoruyub.
Ondan sonra Azərbaycanda türk dövləti olan Sacilər dövləti yaranıb. O da Azərbaycanı bütövləşdirib. Daha sonra yеnə də parçalanma gеdib.
XII əsrdə isə, bildiyiniz kimi, Azərbaycan Atabəyləri Şəmsəddin Еldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan ölkəni birləşdiriblər. Nəinki ölkəni birləşdiriblər, hətta Bağdad xilafətinə ultimatum vеriblər… Təbrizin valisi Sultan Məhəmməd Cahan Pəhləvanın qardaşı və onun gələcək varisi Qızıl Arslan ölkənin başına kеçərkən paytaxta – Həmədana gеtmiş (Həmədanın qədim adı Еkbatandır və Azərbaycanın ən qədim mərkəzlərindəndir. Bu gün isə dеyirlər ki, guya Azərbaycandan kənara düşür. Еlə şеy ola bilməz) və Bağdad xəlifəsini məcbur еtmişdir ki, ona xilafətin sultan titulunu vеrsin. Bu isə o dеmək idi ki, dini hakimiyyət xəlifənin əlində qalsa da dünyəvi hakimiyyət Qızıl Arslana aiddir. Bəli, Azərbaycan bеlə bir tarixi önəmli məmləkətdir.
Sonra Еlxanilər dövləti yarandı. Paytaxtı ilk öncə Marağa, sonra isə Təbriz olan bu dövlət Azərbaycanın, hətta Yaxın və Orta Şərqin ən böyük impеriyalarından biri idi.
Zaman-zaman Azərbaycan türkləri Azərbaycanda öz dövlətlərini qururlar: Cəlayirlər, Çobanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar. Bunların hamısı türklərdir, Azərbaycan türk dövlətləridir… Və bunlar tarixən İran şahları kimi qələmə vеrilir.
Bəs «İran» nədir?
«İran» özü tarixən coğrafi bir ad dеyil, sadəcə olaraq, müəyyən coğrafi ərazilərin üzərində sonradan yaranmış bir addır, özü də tеz-tеz dəyişilən bir ad. Məsələn, Azərbaycanın günеyi bu gün İran hüdudları daxilində dərk еdilsə də, şübhəsiz ki, yaxın gələcəkdə hər kəs bu yanlış düşüncədən daşınmalı olacaqdır, çünki «İran» Sovеt İttifaqı kimi, yaxud Yuqoslaviya kimi bir anlayışdır. Əgər dünənə kimi Azərbaycanın quzеyi Sovеt İttifaqının tərkibində sayılırdısa bu gün artıq ayırca, müstəqil bir ölkədir. Azərbaycan parçalanandan dünənə qədər Culfanın quzеy hissəsinə «rus Culfası» və ya «sovеt Culfası», günеy hissəsinə isə «İran Culfası» dеyilirdisə artıq bu gün «rus Culfası», «sovеt Culfası» kimi tеrminlər tarixin arxivinə vеrilmiş və «Azərbaycan Culfası» gеrçəkliyi öz yеrini tapmışdır. Yaxud dünənə qədər Astara şəhərinin quzеy hissəsinə «rus Astarası» və ya «sovеt Astarası» dеyilirdisə artıq bu gün «rus Astarası», «sovеt Astarası» tеrminləri də tarixə qovuşmuşdur. Şübhəsiz, çox çəkməyəcək ki, «İran Cülfası», «İran Astarası» kimi uydurma adlar da tarixin dərinliklərinə gömüləcəkdir, çünki bunlar Azərbaycan şəhərləridir, Azərbaycana məxsusdur və Azərbaycanın yalnız bir Culfa şəhəri, yalnız bir Astara şəhəri vardır.
Azərbaycan xalqı, Azərbaycan torpaqları zorakılıqla bölünüb, zorakılıqla parçalanıb. Ancaq bu xalq mənəvi-mədəni birliyini hеç bir zaman itirməyibdir. Bu gün hеç bir təbrizli, ərdəbilli, həmədanlı, urmiyalı, zəncanlı… «Mirzə Ələkbər Sabir bizimki dеyil, Üzеyir bəy Hacıbəyov bizimki dеyil, Məmmədəmin Rəsulzadə bizimki dеyil» [söyləyə bilməz], еləcə də hеç bir bakılı, gəncəli, naxçıvanlı, şuşalı, şəkili dеyə bilməz ki, «Səttar xan bizimki dеyil, Xiyabani bizimki dеyil, Pişəvəri bizimki dеyil, Şəhriyar bizimki dеyil». Bunu hеç kim dеyə bilməz!
Biz bütöv bir millətik. Xiyabanilər, Sabirlər, Səttar xanlar, Üzеyir bəylər, Şəhriyarlar, Rəsulzadələr Vətənin – Bütöv Azərbaycanın şərəfli övladlarıdır; onları təkcə bir bölgəyə aid еtmək böyük yanlışlıqdır.
Bizim parçalanmamız daha çox siyasi-inzibati və iqtisadi parçalanma idi. Hеç vaxt mənəvi parçalanmağımız olmayıb, mədəni parçalanmağımız olmayıb, ədəbi parçalanmağımız olmayıb, dildə parçalanmağımız olmayıb. Bunlarsa göstərir ki, hеç kim bizi bir-birimizdən ayıra bilməz! Zaman gələcək ki, Sovеt İttifaqı, Yuqoslaviya anlayışları tarixə gömüldüyü kimi İran da dağılacaq. Azərbaycanın günеyi öz istiqlaliyyətini əldə еdəcək və Bütöv Azərbaycan dövləti qurulacaqdır.
Bu gün İran adından əsasən farslar faydalanmaqdadır. Fars dеdikdə İran, İran dеdikdə fars başa düşülür, nеcə ki, Sovеt İttifaqı anlayışından ən çox ruslar istifadə еdirdi və Sovеt İttifaqı dеyiləndə daha çox ruslar başa düşülürdü. Sovеt İttifaqı anlayışı ruslara ona görə lazım idi ki, başqa xalqları öz əsarəti altında saxlaya bilsin. Еləcə də bu gün İran anlayışı farslara öz şovinist məqsədlərini həyata kеçirmək və digər xalqları: Azərbaycan türklərini, türkmənləri, bəlucları, kürdləri, ərəbləri və s. əldə saxlamaq üçün lazımdır. Ancaq bunlar artıq zamanı kеçmiş və dövrün tələblərinə zidd üsullardır.
Digər tərəfdən, qətiyyən unutmayaq ki, Böyük Azərbaycan tarixən şimalda Dərbənddən başlayıb, Həmədan mərkəz olmaqla Bəsrə körfəzinədək1 uzanırdı. Daha doğrusu, Həmədan əyalətinin ucqarları tamamilə Bəsrə körfəzinə dayanırdı. Qərbdə isə sərhəd Ağrı ətrafından başlayıb şərqdə Xəzər dənizinə söykənirdi. Bizim Vətənimiz – Böyük Azərbaycan bu coğrafi hüdudlar daxilindədir. Bu, dünən yaranmayıb, min illərlə olan məsələdir. Biz tarixən burada yaşamış, böyük mədəniyyətlər yaratmış, Turukku, Kassit, Lullubəy, Kuti, Aratta, Su, Manna, Midiya, Albaniya və s. kimi dövlətlər qurmuşuq.
Еlm tərəfindən qəbul еdilmiş adi bir həqiqətdir ki, farslar bizə – Azərbaycan türklərinə məxsus bu ərazilərə miladdan öncə VIII yüzildə gəlmiş və günеydə – indiki Fars əyalətində yеrləşmiş, yеrli əhali ilə qaynayıb-qarışaraq 300 il sonra hakimiyyəti ələ kеçirmişlər. O zaman dövlətin başında türk İştimənqü (yunanca: Asticaq) dururdu. İştimənqünün vəziri Qarpaq ona xəyanət еdərək hakimiyyətin farslara kеçməsinə səbəb oldu.  Bu tarixi xəyanətlə bağlı İştimənqunun Qarpağa dеdiyi sözləri xatırlayaq. O dеyir ki, Qarpaq, sənin mənimlə düşmənçiliyin var idisə bu düşmənçiliyi yalnız mənimlə еtməli və qisasını məndən almalı idin. Ancaq sən öz еlinə xəyanət еdərək hakimiyyəti yaramaz farslara satdın!
Bu tarixi xəyanətdən başlayaraq, fars şovinizmi həmişə özünü üstün tutmuş və türklərə qarşı düşmənçilik siyasəti yürütmüşdür. Çox təəssüf ki, türklər də farsın bu düşmənçilik siyasətinin mahiyyətinə tam varmamış, hətta zaman-zaman bəzi türk hökmdarları bеlə həmin siyasətin alətinə çеvrilmişlər.
Soruşa bilərlər ki, nə еybi var, biz də burada yaşayırıq, İran da vətəndir?! Mənsə soruşuram: bu nеcə vətəndir, nеcə qardaşlıqdır, nə cür birlikdir, nеcə insanlıqdır ki, 30 milyonluq türkün öz dilində məktəbi yox, mədrəsəsi yox, sərbəst mədəni ocaqları yox, azad mətbuatı yoxdur?! Bəli, görünür ki, fars şovinizminə əl vеrmir. Əgər türklər öz dillərində oxuyarlarsa, öz mədəniyyət mərkəzlərini açarlarsa onda özlərini tamamilə dərk еdər və bilərlər ki, türkdürlər, böyük tarixi kеçmişləri, parlaq gələcəkləri var, öz haqlarına sahib olmalı, fars köləliyindən çıxmalı və öz dövlətlərini qurmalıdırlar.
Qarşıdan İranın prеzidеnt sеçkiləri gəlir. Çox qəribədir! Nə üçün 30 milyonluq türk xalqı fars namizədlərinə səs vеrməlidir? Nə üçün öz içərisindən bir namizəd olmamalıdır? Ən qəddar, ən diktator impеriya olan rus impеriyasında bеlə Siyasi Büronun üç üzvü türklərdən idi. Parlamеntin bir hissəsini türklər təşkil еdirdi. Bu türklər həmişə öz rеspublikaları adından çıxış еdirdilər, öz rеspublikalarından, öz rеspublikalarının problеmlərindən danışırdılar, öz rеspublikalarının mənafеyini müdafiə еdirdilər. Bəs bu gün İranda niyə bеlə dеyil?!
Bu gün İran parlamеntindəki türk dеputatlar tələb еdə bilərlərmi ki, Azərbaycanda türk dilində məktəblər açılsın? Xеyr, еdə bilməzlər! Əks təqdirdə başlarına min bir oyun açılar. Son parlamеnt sеçkilərində Təbrizdən millət vəkili sеçilmək istəyən Dr. Mahmud Çöhrəqaninin başına  gətirilən oyunlar buna əyani sübutdur. O, nə istəyirdi?! – İran konstitusiyasının 15-ci maddəsində əks olunmuş ana dilində yazıb-oxuma azadlığı müddəasının gеrçəkləşməsini! Bütün dünya açıqca gördü ki, bu istəyinə görə onu nə günə saldılar. Niyə bеlə еdirlər? Ona görə ki, gələcəkdə hеç kəsin səsi çıxmasın!
Təhlükəsizlikləri üçün adlarını çəkmək istəmirəm, ancaq nеcə olur ki, bu gün Azərbaycanın günеyində olan bir çox lidеrlər, alimlər, ziyalılar hər tərəfdən tam təcrid olunurlar, sözlərini dеyə bilmirlər, millət vəkili sеçilə bilmirlər? Bütün bunlar İran fars şovinizminin impеriya siyasətidir. Ancaq onun da sonu yaxınlaşmaqdadır.
Mən üzümü gənclərimizə tutub əsrin əvvəllərində Mirzə Cəlil Məmmədquluzadənin dеdiyi sözləri xatırlayıram:
«Ax, unudulmuş Vətən, ax, yazıq tən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər birbirinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular.
Bəs sən haradasan, ay bicarə Vətən?!
Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun2, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növi-bəşər üçün nicat yolu yoxdur…».
Böyük Mirzə Cəlil «Vətən», «dil», «millət» anlayışlarının göstərdiyi yolu yеganə doğru yol sayaraq çox səmimi bir üslubla üzünü Azərbaycan xalqına tutur və dеyir:
«Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan?.. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli maragalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, xalxallı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək: haradır bizim Vətənimiz?!
Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?!
Niyə sakitsiniz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!».
Bəli, biz dünya millətlərindən yaman gеri qalmışıq! Yadımdadır, hələ 1973-cü ildə gənclərə bеlə bir müraciət еtmişdim:
«Gəlin düşünək. Düşünsək dərk еdəcəyik ki, biz bəşər övladıyıq. Biz bəşəriyyətə xidmət еtmək üçün doğulmuş insanlarıq. Еy Azərbaycan türkü, еy Azərbaycan gəncliyi, bu gün Vətənimiz, Millətimiz parça-parça olduğu halda bəşəriyyətə xidmət еtməyə gücümüz çatmayacaqdır. Bəşəriyyətə xidmət еdib böyük dahilər yеtişdirmək istəyiriksə hər şеydən qabaq Vətənimizi və Millətimizi birləşdirməliyik.
Еy türk gənci, hər şеyi sən həll еdəcəksən! Bu şərəfli yol səni  gözləyir. Bu yol vardır. Bu yol hazırdır. Dədə-babadan bеlə bir söz var ki, yolçu yolunu axtarır. Mən isə dеyirəm ki, yol vardır, öz yolçusunu axtarır. Yol hazırdır, öz yolçusunu gözləyir. O yolçu bizik. O yolçu sizsiniz, o yolçu Azərbaycan türk gəncliyidir. Yola çıxın, yolçu yolunda gərək!».
Gеdəcəyiniz bu yolda hamınıza uğurlar arzulayıram. Ulu Tanrı Millətimizə yar olsun!

1 Son illərində Elçibəy Bəsrə (Fars) körfəzini «Kəngər körfəzi» adlandırırdı red.

2 Qur’an ayəsindəndir: «Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun dərgahına] qayıdacağıq» (Qur’an, «Bəqərə» surəsi: 156) – red.

NƏ DEYƏSƏN?! BELƏ QALMAZ!

Standard

NƏ DEYƏSƏN?! BELƏ QALMAZ!

 

 Əziz oxucu-yurddaş, mən bir olayın qısaca tarixini yazıram; bir söz demirəm, nə deyirsən sən de! İstəyim yalnız budur ki, sən aldanmayasan. Şəhriyar demişkən, “hər içiboş sözlərə aldanmasın” oxucum.
“Azərbaycan” qəzetinin 6 dekabr 1996-cı il tarixində çıxan 234-cü sayında Azərbaycan Respublikasının əməkdar hüquqşünası, prokurorluq orqanlarının fəxri işçisi, əmək veteranı, fərdi təqaüdçü, III dərəcəli dövlət ədliyyə müşaviri Yəmən Yusifovun “Yalan heç kimə başucalığı gətirmir” adlı məqaləsi çap edilmişdi. Müəllif öz titullarına uzun müddət DTK (Dövlət Təhlükəsizlik Komitəsi) – KQB-nin Baş prokuroru olduğunu yazmağı unudub və məqalə başdan-ayağa yalanlar üstündə yazılıb.
Hörmətli Yəmən Yusifov, yalan nəinki heç kimə başucalığı gətirmir, yalançı həm də Ulu Yaradanın və Yaradılanın (Haqqın və Xalqın) düşmənidir.
Əziz oxucu-yurddaş, mən o məqalədəki uydurma və yalanlara cavab vermək, aydınlıq gətirmək fikrində deyiləm, buna vaxtım da yoxdur. Məqalənin lap sonundakı bir parçanı aydınlaşdırsam qalanları da sənin üçün aydın olacaq.

Hörmətli prokuror Yəmən bəy mənə yazır:
“Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr” yazınızda oğlunuza xitabən yazırsınız: “Bu gün sənin yaş yarımın tamam olur. Mən öz vəsiyyətimi qurtarıram. Yadigar olaraq sənə öz fotoşəklimi qoyuram. Mənim vəsiyyətimi yadda saxla:

bullet

Yaxşı türk ol. Kommunizm bizim düşmənimizdir. Bunu sən bil.

bullet

Yəhudi bütün xalqların gizli düşmənidir.

bullet

Ruslar, çinlilər, iranlılar, yunanlar bizim köhnə düşmənlərimizdir.

bullet

Bolqarlar, almanlar, italyanlar bizim yeni düşmənlərimizdir.

bullet

Yaponlar, əfqanlar, amerikanlar gələcək düşmənlərimizdir.

bullet

Ermənilər, kürdlər, ləzgilər, çərkəzlər, çeçenlər, qaraçılar daxili düşmənlərimizdir.

Görürsən bizim nə qədər düşmənlərimiz var? Vuruşmaq üçün yaxşı hazırlaş, sənə Allah kömək edər”.
İndi mən Sizdən soruşuram: Oğul atanın bu vəsiyyətinə əməl etsə xoşbəxt ola bilərmi? Atanın oğluna bu cür vəsiyyət etməyə haqqı varmı?”.
Hörmətli Yəmən bəy, inanın, Tanrı haqqı, mənim Sizə rəğbətim acığımdan bir az artıqdır. Acığım isə Sizə və Sizin kimilərə acımağımdan doğur, çünki bizim hamımız imperiyanın qulları idik. Sizlər (Marksın dediyi kimi, “qulların aristokrat təbəqəsi”) qul olduğunuzu (bağışlayın) dərk etmirdiniz və özünüzü böyük bir xalqın ağaları sanır, bununla da bir daha özünüzü xoşbəxt sayırdınız. “Azərbaycan tarixi” müəllimim rəhmətlik Şəmil Məmmədbəylinin ikili mənada tez-tez dediyi kimi: “Xoşbəxtlər!”.
Bizlər isə (az bir sayda) qul olduğumuzu anlamışdıq və azadlıq istəyirdik. Sizlər zərurəti dərk etməmişdiniz, biz zərurəti dərk etmişdik. “Azadlıq zərurətin dərk edilməsidir!” (Hegel).
İnanın, o zaman da sizlər və Sizin KQB əməkdaşlarınız mənə hədə-qorxu gələndə (bu hədələrin bir-ikisini göstərəcəyəm) mən hamınızın üzünə baxıb susurdum və ürəyimdə düşünürdüm ki, doğrudan da, bunlar başa düşmürlər ya da başa düşmək istəmirlər ki, biz hamımız quluq. Bəli, sözün əsl mənasında: Qul! Kölə! Daha doğrusu, quldan da aşağı.
Niyə mən tələbələrimi başa salırdım ki, biz quldan aşağıyıq? Çünki qul pula satılırdı, bizi qara qəpiyə alan yox idi. Quldar qulun sağlamlığında və yaşamasında maraqlı idi. Qul ölsəydi quldarın pulu batardı. Qul sağlam olmalı idi ki, quldar onu işlədib həm onun müqabilində verdiyi pulu çıxarsın, həm də qazanc götürsün. Elə bu baxımdan idi ki, Avropaya və Amerikaya aparılan qulların gələcək nəsli onların Afrikada qalan soydaşlarından qat-qat sağlam və gümrah oldu.
Belə çıxmasın ki, mən Avropa və Amerika quldarlarına haqq qazandırıram. Əsla yox! Ancaq Rusiya və rus-sovet imperiyasında təkcə qulun deyil, ümumiyyətlə, insanın qiyməti yox idi. Əgər Stalin dövlətin başında duran Ali Sovetin sədri Kalininin arvadını və xarici işlər naziri Molotovun arvadını həbs etdirib, onlara dustaqların bitli paltarlarını oda tutdurub təmizlətdirirdisə və bu “inqilab cəngavərləri” (“xoşbəxtlər!”) səslərini, daha doğrusu, cınqırlarını belə çıxara bilmirdilərsə hər şey gün kimi aydın idi. Əgər əsgərlikdə ölən əsgər-qulun (bəli, qulun, kölənin!) ailəsinə 74 qəpik göndərirdilərsə (hələ də mən bunu başa düşmürəm) və sink qapaqlı tabuta qoyulmuş əsgərin ailəsinə onun tabutunu açmağa icazə verilmirdisə, bəli, biz quldan aşağı idik, qul bizdən qiymətli, hörmətli idi.
Daha nələr, nələr, nələr… Dərimizi soydular, qanımızı sordular, halsız cəsədlərimizi təpiklər altına atdılar. Ulu Tanrı, görəsən bu, “Sovet xalqına” yenə də dərs olmayıb?!
İnanın, mən özümü sizlərdən, sizləri özümdən ayırmırdım. Biz hamımız eyni qul taleyinin müxtəlif cür daşıyıcıları idik. Bu gün İranda olduğu tək!
İndi qulaq asın, keçmiş qul həmkarım (Siz bunu qəbul etməsəniz də ancaq belə olmuşdur, buna “oldubitdi” deyirlər), qayıdaq Sizin məqalənizin sonundan gətirdiyim iqtibasın üstünə.
Hörmətli Yəmən bəy, bu parçada Siz iki məsələni qarışdırırsınız, çünki:
  1. Mənim “Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr” yazım başqa mövzudur, məktub-vəsiyyət başqa. İstintaq materiallarına da bunlar ayrı-ayrı sənədlər kimi daxil olubdur.
  2. “Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr” mənim öz yaradıcılığımın məhsuludur, məktub başqa adamın.
  3. Mənim bütün yazılarım (istintaq materiallarına daxil olanlar) öz xəttimlə yazılıb məktub başqa xətlə (o zaman Sizin ekspertlər də bunu yazılı təsdiqlədi).
  4. Məktub yazılan zaman (həmin tarixi göstərəcəyəm) yaşı il yarım olan Yağmur adlı oğlan uşağına ünvanlanıb. Mənsə, hamınız bildiyiniz kimi, ittiham olunanda evli deyildim. Olmayan bir oğula hansı axmaq vəsiyyət yazar? Axı mən bunları sizlərə deyirdim. Siz isə baxmırdınız, çünki KQB-yə nə olursaolsun məni xalqın içində hörmətdən salmaq tapşırılmışdı. Tapşırılmışdı ki, nə olursaolsun Əbülfəz, onunla həmfikir olan dostları, yoldaşları və tələbələri antisovetçilikdə, millətçilikdə və türkçilikdə təqsirləndirilib həbs edilməli və Azərbaycan respublikasında ideoloji təxribatın olduğu “sübut” edilməlidir. Məqsəd:
  1. bir sıra gənc müəllim, elmi işçi, ziyalı və tələbə həbs edilməli və antisovet millətçilər susdurulmalı;
  2. milli ruhlu başqa aydınlara qarşı bu işdən profilaktik tədbir kimi istifadə edilməli;
  3. “respublikada geniş ideoloji təxribat var, millətçilik, antisovet əhval-ruhiyyə yayılıb, ideoloji iş getmir, hakimiyyətin yuxarı pilləsində dayanan məsul şəxslər təqsirkardır[ittihamı təsdiqlənməlidir].
Hədəfə alınmış müəssisələr: Azərbaycan Dövlət Universiteti, Akademiyanın Şərqşünaslıq, Tarix və Ədəbiyyat institutları, antisovet və millətçi fikirlərin yarandığı və geniş yayıldığı yerlər.
İstintaqın gedişində tez-tez səslənirdi:
-Sən yüzlərlə tələbəni başdan çıxarmısan, universitet, çayxana, yeməkxana, küçə deməmisən, Sovet quruluşunun və rus xalqının əleyhinə danışırsan, sənin respublikada törətdiyin ideoloji təxribatı Amerika milyonlar töksəydi yarada bilməzdi. Sənin işinlə onlarca adam (inzibati orqan və DTK əməkdaşları) məşğul olur. Sən bizim başımızı qatırsan ki, Sovet hökumətinin düşmənləri sərhədlərimizdən içəri girsin!
Bir neçə sual da maraqlı idi, xoşuma gəlmişdi; sevindim, ancaq sevincimi o an gizlətdim:
Sən ki deyirsən bu, imperiyadır, onda bu imperiyanın bileti olan Kommunist Partiyasının biletini niyə cibində daşıyırsan? Sən elə bilirsən, biz Azərbaycanın birləşməsini istəmirik? Biz də istəyirik. Vaxtı gələndə bunu dövlət edəcək, sən kimsən atılmısan meydana, kim? Evin yox, ailən yox, böyük vəzifən yox, pulun yox. Universitetin professorlarını çağırmışdıq bura, səni birnəfəsə satdılar, əllərində avtomat qələm durmurdu, yerə düşürdü, əlləri tir-tir titrəyirdi. Onlar əllərinə avtomat silah alıb Azərbaycanı birləşdirəcəklər? Ay hay!
Özünü bədbəxt elədiyin bəs deyil, bilirsən ki, ananı, qardaşlarını, qohumlarını da bədbəxt günə qoyursan! Səninlə bir olan dostların, yoldaşların, sənə uyan tələbələrin səninlə birlikdə türmədə çürüyəcəklər, bunu bil!
Sən respublikanı bütün SSRİ-də biabır eləmisən, onun rəhbərliyinin başını aşağı dikmisən, onlar bilmirlər Moskvaya nə cavab versinlər. Bakı, Azərbaycan SSRİ-də beynəlmiləlçiliyin birinci nümunəsi idi. Sən bunların hamısını qatıb-qarışdırdın.
Daha nələr, nələr…
Bu sözlərin hamısını podpolkovnik Səlimzadə deyirdi. İstintaqı o aparmırdı, istintaqın rəhbərlərindən idi. Yeri gəlmişkən, bu istintaqla bağlı bütün məsul şəxslərə minnətdaram ki, onlar mənə heç bir fiziki işgəncə vermirdilər. Özləri çay içib siqaret çəkəndə mənə də təklif edirdilər. Mən də imtina etmirdim. Sağ olsunlar!
Bəli, respublikada geniş miqyasda qarışıqlıq hazırlanırdı. Bu işin müəllifləri DTK-nın sədri Krasilnikov, respublika prokuroru Qambay Məmmədov və onların bir sürü yardımçıları, Mərkəzdə Siyasi Büronun üzvü Romanov və Sovet DTK-sının mərkəzində özlərinə möhkəm yer qazanmış ermənilər idi.
Necə deyərlər, Azərbaycan DTK-sı startı bərk götürmüşdü. Tez-tez mənə üç gün vaxt verib deyirdilər: get, otağında (bəli, onlar elə deyirdi, mən də istehza ilə deyirdim ki, axırda DTK mənə Bakıda bir otaq verdi, kirayələrdə yaşamaqdan bezmişdim, onlar da gülürdülər) otur, düşün. Cinayətlərini və səhvlərini özün boynuna al, yaz, gətir.
Mən də hələ DTK-nın nəyi bilibnəyi bilmədiyini öyrənmək üçün onların suallarını gözləyirdim, üç gündən bir, bir şey toxuyub onlara verirdim. Oxuyub cırırdılar və deyirdilər ki, bizə nağıl yazma, cinayətlərindən yaz.
Mən Sovet ordusu Çexoslovakiyaya girəndə çex vətənpərvərlərinin bir müraciətini oxumuşdum. Orada deyilirdi ki, istintaq orqanlarına siz özünüz ifadə verməyin, qoyun onlar sual versinlər, onda onların nəyi bilib, nəyi bilmədiyi aydın olar. Siz çalışın susun, qoyun onlar özləri axtarsınlar!
Mən də ya susur, ya da bir az nağıla oxşar yazırdım. Sonda dedim ki, axı siz nəyi cinayət sayırsız, mən nə eləmişəm ki? Onlar başladılar mənə deməyə ki, bax, bunlardan, bunlardan yaz. Özlərində, mizlərinin siyirməsində nə isə yazılı kağızlar var idi, oradan oxuyub deyirdilər. Bir aydan çox bir-birimizi belə didişdirdik. Mən onların məlumat dairəsini öyrəndim və başladım həmin dairənin içində fırlanmağa və fırlatmağa.
Nə isə, bu məsələlər çox uzun bir tarixdir, mən də xatirələr yazmağa nə hazırlaşıram, nə də həvəsim var. Ancaq vaxtı ötdüyündən, indi üç məsələni olduğu kimi göstərmək olar. Oxucu-yurddaş soruşa bilər ki, bu səbrə nə ehtiyac var imiş?
Əziz oxucu-yurddaş, dünyada ayrıca olaraq da sovet cəmiyyətində elə adamlar yetişib ki, onlar nə qədər az və yanlış bilsələr bir o qədər yaxşıdır o zaman onlar az zərər verərlər, tez ifşa olunarlar. Bax, Yəmən Yusifovun yazısından əlli gün keçəndən sonra deputat Asya xanım Manafova “Naxçıvan” qəzetində (25 yanvar 1997-ci il) “Deputatın tribunası” bölməsində deyir: “Sizin diqqətinizi bir fakta (fakta ha – Ə.E.) cəlb etmək istərdim. Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy oğluna vəsiyyətində türk xalqı müstəsna1 olmaqla qalan bütün xalqların bizə (?) düşmən olduğunu qeyd edir:
– Yaxşı türk ol! Kommunizm bizim düşmənimizdir. Bunu sən bil…“.
Yenə də həmin məktubun bütöv mətni…
1 “İstisna” olmalıdır – red.
Ləzgi xalqının bu iki görkəmli nümayəndəsini (Yəmən müəllimlə Asya xanımı) başa düşmək olar, çünki məktubun müəllifi ləzgi xalqını da türkün “daxili düşmənləri” sırasına yazmışdır. Ancaq bunun mənə heç bir aidiyyatı yoxdur.
Əziz oxucu-yurddaş, məsələ belə olmuşdur.
1975-ci ilin yanvar ayının 13-14-də mən Tiflisə – arxadaşım Vasim Məmmədəliyevin doktorluq dissertasiyasının müdafiəsinə getmişdim (DTK-nın dörd agentinin məni necə izləməsi başqa məsələdir). 15-i səhər tezdən Tiflis-Bakı qatarından düşüb Bakıda qaldığım mənzilə gəldim. Dayıoğlu Seyfəddin dedi ki, KQB-dən dünən gəlib otağı axtardılar, yazılarından, sənəd-sünəd götürüb qonşuları çağırdılar, akt yazıb getdilər.
Ehtiyatım bir az artdı. Düşündüm ki, otağa dinləmə cihazı ya qoya, ya da tuşlaya bilərlər. Otağın eyvanından qarşıda, küçədə avtomobil dayanmışdı. Mən onların güdükçü olduğunu çoxdan sezmişdim. Hətta bir dəfə onlara yaxınlaşıb “məni Universitetə apararsız?” demişdim. Bir dəfə isə (məni KQB-yə çağıranda) yenə də maşına yaxınlaşdım və dedim: “Məni dəniz qırağına1 apararsız?”. Bu dəfə tək idi. Dedi: “Əyləşin”. Oturub DTK-ya getdim. Üç manat verdim. Dedi: Qonaq ol. Mən üç manatı oturacağa qoyub getdim. Hər ikimiz gülümsədik. Hər ikimizin işi düzəlmişdi…
1 Dəniz sahilinə yaxın Neftçilər prospektində yerləşdiyinə görə DTK-ya el arasında “Dəniz qırağı” deyilirdi – red.
Onu da deyim ki, adamlar da, arabalar da tez-tez dəyişdirilirdi. Çox qəribədir, insan uzun müddət izləndikdə bu yöndə duyğusu da çox inkişaf edir, izləyənlə izlənən arasında bir qiyabi əlaqə yaranır. Bunlar bir-birini itirəndə hər ikisi rahatsız olur. Nə isə, tələbəlikdən izləndiyimə görə, bir növ, alışmışdım, izlənməyəndə özümdən asılı olmayaraq narahat olurdum. Bu xətt mənim həyatımın ağrılı-acılı, acılı-sevincli romantikasıdır…
Qələmi götürüb bir kağıza yazdım: “Yorğan-döşəyin, yükün altındakı çamadana baxdılar?”
Seyfəddin yazdı ki, “yox”.
Bilirdim ki, tutulacağam, amma burada bərk sevindim. Bu anda qardaşım Almurad gəldi. Dedi ki, kənddə (Kələkidə) evimizi axtardılar, sorğu-sual etdilər, heç bir şey tapmadılar. Kənddə məktəbin müəllimlərindən izahatlar alıblar, bilmirəm onlar nə yazıb. Kəndə gələn pis adam deyildi, mədəni davranırdı, xoş danışırdı.
Mən yenə kağıza yazıb Seyfəddinə tutdum: “Almuradı da götür, eyvana çıxın, elə-belə söhbət edin, göz altdan bax gör, binanın yaxınlığında firlanın yoxdur ki?”.
Onlar eyvana çıxdılar. Mən tez-tələsik yorğan-döşək yükünün altından sınıq, iplə sarılmış köhnə, nimdaş çamadan-qutunu çıxartdım. Hamamda – vanna otağında böyük bir divar sobası vardı, qazla işləyirdi. Bütün gizli saydığım ədəbiyyatı və öz əlyazmalarımı yandırdım, külünü süpürüb bir vedrəyə yığdım, Seyfəddini çağırıb yenə kağıza yazdım: “Bunu aparıb həyətdəki zibil qablarına tök, bax gör, həyətdə qonşulardan başqa yad adamlar yoxdur ki?”
Seyfəddin gəldi, dedi ki, həyətdə heç kim yoxdur.
Yenə Seyfəddinə yazdım: İndilərdə zəng edəcəklər. De ki, gəldi. Deyir ki, özüm ora gələcəyəm.
Hamama girib yuyundum, üzümü qırxdım, paltarımı ütülədim, geyindim, qalstukumu bağlayanda (yekə çıxmasın) Azərbaycan Demokratik Respublikasının Baş prokuroru rəhmətlik Firudun İbrahimi yadıma düşdü. Edamqabağı səliqə-sahmanla geyinibmiş; qalstukunu bağlayarkən ona demişlər ki, bunu niyə bağlayırsan, onsuz da, bir azdan səni asacaqlar? O demişdi ki, hər halda, düşmən bizi sınıq görməməlidir.
Mənə nə olmuşdu ki?! Ölümə getmirdim, çox olsa beş, yeddi, lap yuxarısı on il həbs edəcəkdilər, çünki Moskva, Ukrayna və Gürcüstan dissidentləri ya üç, ya beş, ya yeddi, ya da on il həbs cəzası almışdılar, mənim də bunlardan və onların işindən məlumatım yetərincəydi. Onlardan biri ilə bir neçə dəfə görüşmüşdümLeninqradda aspirant ezamiyyətində (stajirovka) olanda. O, Leninqrad universitetində assistent işləyirdi. Milliyyəti yəhudi, qondarma adı Seryoja idi. Mən Leninqraddan Bakıya qayıdandan 6-7 ay sonra eşitdim ki, onların qrupu həbs edilib, Seryojaya yeddi il həbs kəsiblər, obirilərinə isə 3-5 il. Onların məhkəməsi haqqında mənə Azərbaycanın tanınmış, görkəmli alim-hüquqşünası, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, çox hörmət bəslədiyim Cahangir bəy Kərimov Bakıya gələndə danışmışdı. Mən onlarla tanışlığımı Cahangir bəydən gizlətmişdim. (Tez-tez haşiyə çıxdığıma görə vicdanlı və hövsələsiz oxucular məni bağışlasın. Ancaq məcburam).
Sonra qardaşım Almurada dedim ki, indi gəl mənimlə gedək Universitetə. Küçəyə endik Bəsti Bağırova adına küçəyə. Almurad istədi maşın saxlasın, dedim lazım deyil, gəl piyada gedək. Bağırova küçəsinin Poluxin küçəsi1 ilə kəsişdiyi yerdə Poluxin küçəsinə dönüb birbaşa Universitetin Kommunist2 küçəsindəki binasına3 yollandıq. Almurada dedim ki, sən aldırma, fikir vermə, qaldığımız evin yanında, döngədə durmuş maşın indi dalımızca gələcək. Bu, heç. Məni bu gün tutacaqlar. Yəqin 6-7 il iş verərlər, çünki respublikada siyasi dustaqlar üçün türmə yoxdur. Sən özünü qəti sındırma. Heç kimə də ağız açma. Birdən qohum-qonşu, dost-tanış desə ki, pul yığaq, adam tapaq, nəsə edək imkan vermə. Bir-iki gündən sonra çıx get kəndə. Anamdan muğayat ol. Bunlar çalışacaqlar ki, anamı öz ayaqlarına gətirib məni sındırsınlar. Sən qoyma. Əgər anam KQB-yə gəlsə, mən səni və heç kimi bağışlamayacağam (Almurad söz verdi, ancaq çox təəssüf ki, o, sözünün üstündə dura bilmədi. Hətta anamın dilindən məhkəməyə müraciət də yazdırılmışdı. Mən məhkəmə materiallarına daxil edilmiş həmin müraciəti oradan çıxarmağı tələb etdim, hakim mənim tələbimi yerinə yetirdi).
1 İndiki Zərgərpalan küçəsi – red.
2 İndiki İstiqlaliyyət küçəsi – red.
3 İndiki Əlyazmalar İnstitutu binasının arxa tərəfi nəzərdə tutulur (şərqşünaslıq fakültəsi hələ oradan yeni binaya köçməmişdi) – red.
Universitetin binasına yaxınlaşanda bizi izləyən maşın qabağa keçdi. Biz də dayandıq. Mən Almurada dedim ki, sən get, mənim Universitetdə imtahanım var. Ondan sonra KQB-yə gedəcəyəm.
Ayrıldıq. Universitetə gəldim. İşlədiyim kafedrada müxtəlif yazı, siyasi ədəbiyyat və sənədlər saxlayırdım, onları ələk-vələk etdim, bir qismini cırdım, zibil qablarına atdım. Artıq rahat idim. Bir-iki iş qalmışdı. İmtahanı əslində kafedramızın müəllimi Zəhra xanım (indi Allah rəhmətindədir) götürürdü, mən assistent idim.
İmtahanı qurtardıq, mən tələbələrə ayrı-ayrı gizli göstəriş verdim. Sonra Universitetin əsas binasına getdim, orada da “işlərimi” qurtardım və bir taksiyə oturub KQB-yə getdim.
15 yanvar 1975-ci ildə həbs edildim.
Həbsdən aşağı-yuxarı bir ay öncə tarix fakültəsinin “SSRİ tarixi” kafedrasının müdiri professor Aslan Atakişiyev məni kabinetinə çağırıb ikilikdə dedi:
– Sən bilirsən ki, səni həbs edəcəklər?
Dedim:
– Bilirəm.
– Niyə belə edirsən?
– Xalqa görə.
Aslan müəllim arxasında oturduğu çox böyük masanı göstərib dedi:
– Bu böyüklükdə dəyirman daşını qaldıra bilərsən?
Dedim:
– Yox!
– Bəs niyə bunun altına girirsən? Bilmirsən ki, bu dövlət nə nəhəngdir? Sən bir az sakit dur, dərslərini de, mən səni həbs olunmağa qoymaram. Ancaq bir şərtlə.
– Hansı şərtlə?
– Sənin yaxşı qələmin var. İki məqalə yaz. Biri Sovet hökumətinin lehinə, obiri Türkiyənin əleyhinə!
Bir anlığa dinmədim. Belə hallarda adamın beyni çox iti işləyir. Düşündüm ki, Sovet quruluşuna nifrətimi, Türkiyəyə sevgimi açım Aslan müəllimə deyim. Dalınca düşündüm ki, Aslan müəllim [öz] adından belə söz deyə bilməz, bunu hökmən KQB tapşırıb. Mənim ona dediklərimi də KQB-dən gizlədə bilməz, nə xeyri var? Ona görə də eyni bir cavab verdim:
– Axı mən nə SSRİ tarixi, nə də Türkiyə tarixi üzrə mütəxəssis deyiləm.
Aslan müəllim bir az gülümsəyərək dedi:
– Sən hər ikisini yaza bilərsən. Eybi yoxdur, onda mən o məqalələri yazdırım, sadəcə, sən imza at, sənin adından da mən çap etdirərəm. Qalanı ilə işin yoxdur. Mən onlara (KQB-yə) çatdıraram ki, bizim tənqid və profilaktik tədbirlərimiz nəticəsində Əbülfəz dəyişib, onu fakültə kollektivi öz himayəsinə alır.
Aslan müəllim hər hansı bəhanəyə yol qoymadı. Mən ona son sözümü deməli idim:
– Aslan müəllim, mənə olan qayğınıza görə çox sağ olun! Ancaq mən heç bir zaman Sovet quruluşunu tərifləyən, Türkiyəni pisləyən məqalə yazmaram.
Aslan müəllim:
– Oğlumun canı, mənim sənə heyfim gəlir, istəyirəm sənə kömək edim. İndi ki, belə oldu, özün bil. Sonra gec olacaq. Yaxşı, sağ ol, özünü qoru! Mən yenə də çalışaram, sənə kömək edəm!
Bu hadisədən sonra indi mərhum Zəhra xanım mənə dedi ki, bizim “Dəniz qırağı”nda (yəni KQB-də) bir yaxın adamımız var. O dedi ki, belə getsə Əbülfəzi tutacaqlar. Zəhra xanım və qardaşı Fikrət bəy o adama demişlər ki, sən kömək edə bilməzsən? O, bizim qardaşımızdır, mümkünsə kömək et, tutulmasın.
Həmin adam demişdi: “Yox, artıq iş-işdən keçib. KQB ona üç dəfə xəbərdarlıq etdi, o baxmadı. Ona (yəni mənə) deyin ki, tutulanda nə etsələr izahat verməsin, bəlkə onda yüngül keçə!”
Qabaqcadan bildiyim çex vətənpərvərlərinin müraciətindəki fikirlə tanımadığım bu Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin yüksək rütbəli zabitinin kömək üçün söylədiyi üst-üstə düşürdü.
Bəli, cənab prokuror Yəmən Yusifov, indi qulaq asın. O zaman sizlər (daha doğrusu, DTK) mənim siyasi məsələlərə aid yazılarımın, sənədlərin aşağı-yuxarı yüzdə birini ələ keçirmişdiniz. Qalanlarını mən özüm yandırdım (bir çamadan), böyük bir qovluq əlyazmamı tikə-tikə etdim (yandırmaq imkanım olmadığından). Onlar sizlərin əlinə keçsəydi Azərbaycanda nələr baş verəcəkdi, bir Tanrı bilir. Burada onlardan ikisi haqqında çox (bəli, çox) qısa deyim:
1. Proqram! (İlk dəfədir bu haqda söz deyirəm). Bu haqda KQB-də məlumat var idi, izinə düşmüşdülər, ancaq ələ keçirə bilmədilər. İstintaq zamanı tez-tez deyirdilər ki, sizin təşkilatınız və proqramınız olub, o haqda danış.
Nə isə, çox çalışdılar, çək-çevik etdilər. Özünüzə də bəlli olduğu kimi, heç nə üzə çıxara bilmədilər.
İndi eşidin! Söz gedən proqramın (məramnamənin) ilkin variantının müəllifi Malik bəy Mahmudov idi (sonralar filologiya elmləri doktoru, indi Allah rəhmətindədir; istedadına şübhə ola bilməzdi, Akademiya və Universitetdə onu çoxları tanıyır). Malik bəy 1962-ci ildə Bağdadda birillik kursda (Azərbaycan Dövlət Universitetinin sonuncu kursunda) olarkən orada yerli türklərlə (türkmənlərlə) və Türkiyəli tələbələrlə ilişki yaratmış, dostluq etmişdi. Həmin adamların vasitəsi ilə Türkiyədən Müsavatın ikinci (1936-cı il) məramnaməsini əldə etmiş, onu dərindən öyrənmiş, ancaq özü ilə gətirməyin mümkün olmadığını görüb həmin proqramın əsas hissələrini ərəb əlifbası ilə yazdığı mühazirə dəftərində sətirlərin içinə (arasına yox!) yazmış, dəftərin üstündə “mühazirə dəftəri” sözünü qeyd etmiş, bununla da “quşkeçməz” sovet gömrüyündən keçirmişdi. 1962-ci ilin sonlarında o özü Müsavat proqramına dayanaraq bir proqram yazdı. Bu, ilk variant idi. Biz onu oxuyub müzakirə və əlavələr etdik.
İlkin variantı oxuyanlar və əlavə edənlər:
  1. Musayev Abbas Məmmədtağı oğlu (indi fizika[riyaziyyat] elmləri namizədi)
  2. İsmayılov Rafiq İsmayıl oğlu (indi tarix elmləri namizədi, dosent)
  3. Xasayev Alim İmran oğlu (sonralar fəlsəfə elmləri namizədi, indi Allah rəhmətindədir)
  4. Mən – Əbülfəz Qədirqulu oğlu (hamıdan qüdrətli Tanrı qulunun oğlu, Tanrının kimsəsiz bəndəsi).
Burada yenə bir haşiyə: “kimsəsiz” sözcüyü.
Yadınızdadırmı, cənab keçmiş prokuror? Sizin əlinizə keçən bir “şerciyim”dən məhkəmədə üzümə oxundu; son beyt:

          Eşşəklər Cavidə lağ eyləyirlər,
          Kimsəsiz aləmdə mən nə kimsəyəm?

(Kobud ifadəyə görə oxucu-yurddaşdan üzr diləyirəm, o vaxt qəzəbimi gizlədə bilməmişdim).
Nə isə, sonra nə oldu… bilmirəm. Ya Siz, ya hakim sordu:
– Sənin öz yazındır?
Dedim:
– Bəli.
Sordunuz:
– Nə demək istəyirsən? Demək istəyirsən ki, indi dövlət, insanlar kimsəsizdir? Sahibsizdir? Dövlət yoxdur? Haqq-ədalət yoxdur?
Və nələr, nələr…
Dalınca mən iki məsələni vurğuladım. Birincisi, Hüseyn Cavid haqqında yanlış fikirləri. Hamısını yox, ancaq bir-ikisini sadalayacağam.
Deyirlər ki, H.Cavid zamanın tələbini başa düşməyib, yaradıcılığı ziddiyyətli olub, özü-özünə zidd gedib, xırda burjua təmayülündən xilas ola bilməyib, romantikaya qapılıb…Mən məhkəmədə dedim ki, bunlara görə elə yazmışam. İndi de elə düşünürəm ki, H.Cavidi başa düşməyiblər, ona əbləhcəsinə lağ eləyirlər. Buna etiraz olmadı, çünki  dedim ki, bu mənim şəxsi fikrimdir.
İkincisi, dedim ki, mənim son misrada dediyimi yanlış yozursunuz. Bu, poeziyadır. “Kimsəsiz aləmdə mən nə kimsəyəm”i mən yazmamışam. Şifahi xalq ədəbiyyatından gəlir. Məsələn:
          Hər kimsənin var kimsəsi,
          Mən kimsənin yox kimsəsi.
          Ey kimsəsizlər kimsəsi,
          Mən kimsənin ol kimsəsi!!
Bu Sizin üçün deyildi, cənab ozamankı DTK-nın Baş prokuroru və indiki və keçmiş əməkdar hüquqşünas, eyni zamanda, məhkəmə heyəti; bu, çox-çox üzr istəyirəm, məhkəmə zalında oturan qananlar – aydınlar, müəllim yoldaşlarım və tələbələrim üçün idi. Yadınızdadırmı mən bu bəndi deyərkən arxadan bir hıçqırıq eşitdim, döndüm baxdım, gördüm, o, mənim tələbələrimdən biridir… Bəli, bununla bildirirdim ki, Tanrıdan başqa bir kimsədən bir nəsnə ummuram, gözləmirəm. Bu bəndin üstündə də mübahisə oldu. Necə yəni? Bizdə hər kəsin bir arxası var, səninki ancaq Tanrıdır, Sovet cəmiyyətində arxası olmayan yaşaya bilməz, dövlət insanlara, vətəndaşlara arxa deyil? Daha nələr, nələr…
Ancaq ictimai ittihamçı şair, fəlsəfə elmləri doktoru Aslan Aslanov sizləri “inandırdı” ki, bu bənd doğrudan da, şifahi xalq ədəbiyyatından nümunədir. Ondan sonra başqa sorğu-suala keçildi!..
* * *
Nə isə, qayıdaq mətləbə. Proqram yalnız bir nüsxədə idi; onu da Malik bəy öz xətti ilə ağardıb qaralamanı isə yandırmışdı və o bircə nüsxəni də özündə saxlayırdı.
1963-cü ilin yanvarında mən Misrə tərcüməçi işləməyə getdim. Orada bir sıra antisovet ədəbiyyatla tanış oldum. Müsavata aid elə bir maraqlı ədəbiyyat tapmadım. Cəmi iki Azərbaycan türkü ilə tanış ola bildim. Onlardan birisi Həsən bəy Misir Mərkəzi Poçtunun müdiri işləyirdi. Dilimizdə çətinliklə danışırdı. Dedi ki, mənim atam 1920-ci ildə ruslar Azərbaycanı işğal edəndə Bakıdan çıxıb, əvvəl Türkiyəyə, oradan da Misrə gəlib. Biz Misirdə doğulmuşuq. Atam bizə özü dilimizi öyrədirdi. Böyük qardaşım dilimizi yaxşı bilirdi, indi Avropadadır. Atam bu yaxınlarda vəfat edib.
Həsən bəy dedi ki, atam bizə Azərbaycandan çox danışardı. Burada – Qahirədə bir neçə azərbaycanlı ailə var idi. Nasirin inqilabından sonra onun türklərə qarşı pis münasibətindən və Rusiyaya yaxınlaşmasından ehtiyat edib başqa ölkələrə çıxıb getdilər. Bəlkə mən də getdim.
Doğrudan da, beş-altı ay sonra o da ailəsi ilə Avropaya getdi. Məhəmmədəmin Rəsulzadə, Nəriman Nərimanov və Topçubaşovun adlarını atasından tez-tez eşitdiyini dedi, ancaq elə bir maraqlı məlumat bilmədiyini söylədi.
Obirisi azərbaycanlı uşaq vaxtı Azərbaycandan milli hökumət yıxılandan sonra atası ilə çıxdığını söylədi. Misrə gələndən bir neçə il sonra atası vəfat etmiş, o, yetim qalmış, oxuya bilməmişdi. Qahirədə bir qonaq evində xidmətçi işləyirdi. Azərbaycan haqqında, demək olar ki, məlumatı çox cüzi idi. Dilimizdə bir neçə söz bilirdi, ərəbcə danışırdı.
Bunları yazmaqda onu bildirmək istəyirəm ki, müsavatçılar haqda, Müsavatın proqram və ədəbiyyatı haqda heç bir məlumat toplaya bilmədim.
Bir il on ay orada işləyəndən sonra Bakıya döndüm. Malik bəydə olan proqramın bir surətini mənim təkidimlə Malik bəy köçürdü. Belə deyək, “ilkin” nüsxəni gizlətdik. Ortada bircə nüsxə qaldı. Qərar qəbul etdik ki, onu çoxaltmaq olmaz, ondan qeydlər götürmək, onu başqa adama vermək, daha doğrusu, gözdən qoymaq olmaz, yalnız bu beş nəfərdən biri onu götürə bilər, özünün tam inandığı adama bir və bir neçə dönə oxuya bilər. Belə də edirdik.
Mən həmən proqramla az-çox dərəcədə Aydın Qasımov (indi filologiya elmləri namizədi, dosent), Aydın Abbasov (indi fəlsəfə elmləri namizədi, dosent), Vaqif Cəbrayılzadə (şair), Fəzail Ağamalıyev (indi tarix elmləri namizədi, dosent, “Ana Vətən” partiyasının sədri), Mirheydər Mirzəyev (indi tarix elmləri namizədi, dosent), Dilsuz Mustafayev (şair), Mehdi Məmmədov (indi tarix elmləri namizədi, dosent), Akif bəy (soyadı yadımdan çıxıb, rəhmətlik Xudu Məmmədovun yaxın qohumu, sonralar AXC Ağdam rayon şöbəsinin rəhbərlərindən biri) və onlarca başqa fəal vətənpərvəri, elsevəri tanış etmişdim.
Yeri gəlmişkən, dediyim həmin proqramla az-çox tanış olan bəylərdən xahiş edirəm ki, onunla bağlı yaddaşlarında nə qalıbsa onları yazıb ya qəzetlərdə çap etdirsinlər, ya da mənə çatdırsınlar.
Sevimli yurddaşoxucu, əgər səni maraqlandırarsa mən gələcəkdə bu olayların hamısını sənə açıqlayaram. İndi vaxtını almamaq üçün qısa, çox qısa yazıram. Malik bəylə Alim bəy Akademiyanın Şərqşünaslıq və Fəlsəfə İnstitutunda, Abbas bəy dəqiq elmlərə aid institutlarda, mən və Rafiq bəy Universitetdə yurdsevərləri, elsevərləri axtarırdıq. 1965-ci ildən 1975-ci ilədək aşağı-yuxarı 200-dən çox həmfikir elsevəri proqram ətrafında, daha doğrusu, bu proqramda qoyulan məslək yolunda toplaya bilmişdik.
1970-75-ci illərdə, necə deyərlər, “yuxarılara” əl atdıq. Malik bəy Ziya Bünyadovla, Alim bəy Tofiq Köçərli ilə, mən Xudu MəmmədovBəxtiyar Vahabzadə ilə, mən və Rafiq bəy Süleyman Əliyarovla, Abbas bəy Həsən Abdullayevlə çox ehtiyatla əlaqə saxlamalı, onlara yanaşmalı, təşkilat haqda heç bir söz demədən bu yurdsevər, elsevər insanlarla onların hörmətini uca tutmaqla, bir növ böyük-kiçik münasibətində yaxın olmalıydıq.
Qəribə bir təzad yarandı. Ziya Bünyadov mənim elmi rəhbərim olmasına baxmayraq bu məsələdə Malik bəyi yaxından qəbul edirdi, Süleyman bəy Əliyarov məni çox istəməsinə baxmayaraq daha çox Rafiq bəyə qulaq asırdı, əgər belə demək pis səslənməzsə, mənim aşığım daha çox Xudu bəylə tuturdu.
Mən bu təşkilatın, onun bünövrəsini qoyanların hesabatını verə bilmərəm. Gördüklərimin qısa bir icmalından danışa bilərəm. Mənə elə gəlir ki, bu yazıdan sonra çox adam dillənəcək və deyəcək: “Bəli, biz də oradaydıq”.
Mən o zaman Azərbaycan Geoloji Kəşfiyyat İdarəsində nüfuzlu şəxslərdən olan, orta məktəbdə oxuyarkən belə mənə diqqət yetirən, riyaziyyat, coğrafiya fizikadan mənə tez-tez sual verən, oxumağımla çox maraqlanan mərd, qorxmaz, açıq danışan Nəzir Əliyevin evinə getdim. Mənim Universiteti qurtarmağım, xaricdə işləyib qayıtmağım onu çox sevindirirdi. Mən ona “əgər biz gizli təşkilat yaratsaq, ona rəhbərlik lazım olsa Siz o rəhbərlərin içərisində ola bilərsinizmi?” – deyə sordum.
O məndən soruşdu: “Yəni “siz deyəndə, kim?”
Mən dedim ki, bu, sirdir, Siz məni tanıyırsınız, rəhbərlikdə iştirakınıza söz versəniz sonra bir sıra məsələləri biləcəksiniz.
Nəzir bəy Əliyev bu söhbətdən çox-çox öncə Kəlbəcərdə məni Xudu Məmmədovla tanış etmişdi və bilirdi ki, biz çox yaxınlaşmışıq. Dedi: Xudu bilir?
Dedim: Təqribən hə!
Dedi: Xudu nə desə mən ona razı. Ancaq bir şeyi də bil, gənclikdə belə fikrə düşənlər çox olur. Sonra kimisi evlənir və ailə qayğısı, yaxud arvadı onu bu fikirlərdən uzaqlaşdırır. Ya da bir babat vəzifə tapan kimi hər hansı bir bəhanə ilə aradan çıxırlar… Mən Xududan başqa heç kimə inanmıram! Lazım gəlsə az-çox maddi yardım edərəm. Bu yolda olanlar gərək çalışıb yüksək dövlət vəzifələri tutsunlar, bəlkə onda bir iş görmək olar.
Bizim bu söhbətlərimizdə bəzən Nəzir bəyin xanımı qayğıkeş Sevil xanım da iştirak edirdi, indi yəqin ki, bunları az-çox xatırlamamış deyil…
Xudu bəylə (Məmmədov) daha dərindən söhbət edirdik. O, heç zaman mənim yoldaşlarımın kimliyi ilə maraqlanmaz, bu barədə heç bir sual verməzdi. Onun Bəxtiyar bəy VahabzadəNurəddin bəy Rzayevlə çox yaxın dost, məsləkdaş olduğunu bilirdik. Hətta belə bir fikir də vardı ki, onların da gizli təşkilatı var. Bir sözlə, çalışırdıq ki, Azərbaycanın bütün elsevər, yurdsevər aydınlarından yararlanaq. Daha çox isə bu şəxsləri bir yerə gətirib təşkilatımıza rəhbər etmək istəyirdik:
  1. Abbas Zamanov
  2. Bəxtiyar Vahabzadə
  3. Ziya Bünyadov
  4. Xudu Məmmədov
  5. Süleyman Əliyarov
  6. Nəzir Əliyev
  7. Nurəddin Rzayev
Çox heyif ki, o zaman buna nail ola bilmədik. Fəaliyyətimiz milli-siyasi maarifçilik dairəsindən qırağa az-az hallarda çıxa bildi. Bunun ən böyük bəlası insanların Sovet imperiyasından qorxmasından, onun yaratdığı “qüdrətli və əbədi quruluş” mifində və yaxın gələcəyimizə inamsızlıqda idi. Gənclərimiz azad ola biləcəyimizə daha çox inanırdılar. Ancaq onların da yaşayış şərtləri o qədər ağır idi ki, daha çox azadlıq uğrunda yox, yaşamaq uğrunda mübarizə aparırdılar. Ancaq məsələnin əsas mahiyyəti orasında idi ki, azadlıq ideyası ruhlara hakim kəsilməmişdi.
Yenə qayıdaq proqram məsələsinə.
1974-cü ilin dekabrında xədər yayıldı ki, Azərbaycanda bir çox adamları həbs edəcəklər. Bu, indi çoxlarının yadında qalmış olar. Onlar niyə susurlar? Anlamıram.
Malik bəy mənə dedi, gəl bir çox sənədləri yandıraq.
Dedim: Bəlkə tələsməyək?
Dedi: Yox, yandırmalıyıq. DTK-da belə söhbət gedib ki, 30-40 nəfər tutulacaq. Birinci səni tutacaqlar. Hətta Ziya müəllimə (Bünyadova) deyiblər ki, sən Əbülfəzi müdafiə etsən səni də tutacaqlar. Onlar (yəni biz) böyük bir təşkilatdır, hamısı da antisovet, antirus, pantürkist, millətçi.
Biz bir sıra sənədləri və proqramı yandırdıq. Bunlar Malik bəyin evində idi. Belə razılaşdıq ki, məndə olan ikinci nüsxəni də mən tələf edim. Mən söz versəm də, hələ nə isə səbr etməyə çalışırdım. Bundan bir neçə gün sonra beşaltı nəfər bir yerə toplaşdıq indi yadımda deyil, ya Malik bəygildə, ya da Rafiq bəygildə (onlar Ələsgər Ələkbərov küçəsində qonşu idilər) Malik bəy, mən, Rafiq bəy, Vasim bəy Məmmədəliyev və Elxan bəy Əzizov. Elxan bəy dedi ki, onun tələbəlik dostu Aydın (onu hamımız tanıyırdıq, şərqşünaslığı qurtarmışdı, bizim tələbəmiz olmuşdu, o zaman DTK-nın kapitanı və Neft-Kimya İnstitutunun kuratoru idi) Universitetin kuratoru mayor Kərimlə bir yerdə mənə dedilər ki, çox adam tutacaqlar, çoxlu material-məlumat toplayıblar, üzümüzə dirəşəcək şahidlər də az deyil.
Vasim bəy dedi ki, axı biz nə etmişik ki, bizi tutsunlar? Bir də ki, bunlara nə var, tutmaq istəsələr nə desən özlərindən qondararlar.
O gün biz sorğu-suala çəkiləndə nələri deyəcəyimizi müəyyənləşdirdik və bu məsələdə ümumi fikrə gəldik. Ancaq mən hələ də sənədləri və proqramın ikinci nüsxəsini saxlayırdım. Onları həbs edildiyim günün tezdəni yandırdım. Bunu qardaşım Almurad və dayıoğlum Seyfəddin gördülər. Ancaq onlar mənim yandırdığım yazıların nə olduğunu bilmirdilər. Onların külünü Seyfəddin atdı.
* * *
2. Yandırdığım yazıların birinin də adı “Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr” idi. Bu haqda da ilk dönədir ki, danışıram.
Bəli, yazımın adı bu cür idi. Onun tutumu yüz yarpaqdan çox idi. Bütün yazı boyu çalışmışdım ki, görkəmli şəxslərdən örnək gətirdiyim sözləri, düşüncə-deyimləri çıxmaqla qatışıqsız, arı-duru türkcə yazım, bacardıqca yabançı dillərdən gəlmə sözlərdən uzaq durum. Özünü öyməkdən uzaq olsun, bilirəm ki, o çağlarda mən bu qarşımda qoyduğuma çata bilmişdim. Bunu ona görə edirdim ki, bu yazım Azərbaycanın güneyində də, quzeyində də tez anlansın. Burada qarşımda iki yön qoymuşdum: birincisi, bacardıqca ərəb, fars, rus və Batı dillərindən gələn, dilimizin axarlılığına, gözəlliyinə yara vuran, onu ağırlaşdıran sözlərdən, söz birləşmələrindən aralı durmaq; ikincisi, dilimizin gücünü ayrı-ayrı sözlərdən çox, sözlərin düzümündə, ayrı-ayrı sözlərin düşüncə düzümündə çevik yer dəyişməsi ilə deyilişində olduğunu ya yaddaş, ya da göz önündə tutaraq yazmaq.
Bu dediyim iki yönü unutmadan söz söyləmək, yazı yazmaq, doğrudan-doğruya, çox ağırdır; işlədiləcək söz, ya söz birləşməsi tək-tək ölçülüb biçilməlidir; dədə ozanlara, qoşqar aşıqlara, atalar sözlərinə, el danışığına, türk dilinin dərinliyini, incəliklərini, gücünü duyub, qavrayıb yazılarına gətirən yazıçılarımıza üz tutmaq, onlardan öyrənmək, yararlanmaq qaçılmazdır.
“Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr” yazım da bu dediyim baxımdan çağdaş dilimizdən azca da olsa başqa cür səslənirdi. Bu yazımın girişindən dörd yarpaq qaralaması axtarış anında DTK işçilərinin əlinə keçmiş, araşdırma bitiklərinin (istintaq materiallarının) içinə alınmış, indi də oradadır. Az da olsa dediklərimə bir tutalqadır.
Bu, sözügedən yazının girişinin beşdə biridir. Onu olduğu kimi yadımda saxlamamışam, ancaq önəmli yerləri bu deyəcəklərim idi: nya çox iti bir yerişlə irəliyə doğru yürüyür. Onun arxasınca tövşüyə-tövşüyə, təngənəfəs yürümək yurdumuzun biz tək oğul və qızlarına yaramaz… Hər bir insanın ən böyük şərəfi bəşəriyyətə, insan oğluna xidmətdədir. Ancaq azad olmayan bir kəs nə ki bəşəriyyətə, hətta özünə belə xidmət edə bilməz… Biz ilk öncə özümüzü, xalqımızı azad etməliyik. Xalqımız azad olanda böyük dahilər yetişdirəcək, onlar da bəşəriyyətə xidmət edəcəklər… Biz milli münasibətləri İsveçrə yolu ilə həll edəcəyik… Bunun üçün də Azərbaycanın birləşdirilməsi gərəkdir…
Yadımda deyil ya hakimin, ya prokurorun sorğusu: Nə üçün İsveçrəni nümunə göstərmisiniz?
– Onun üçün ki, milli münasibətlərin həllində İsveçrə bir örnəkdir.
– Niyə Sovet İttifaqı yox?
– Lenin də bir əsərində İsveçrəni göstərib.
– Lenin o əsərini yazanda milli münasibətləri ən yaxşı həll edən Sovet nümunəsi yox idi, ancaq indi var.
– Birincisi, indi Sovet İttifaqının rəhbərləri də deyirlər ki, bizdə milli münasibətlər axıradək həll olunmayıb. İkincisi, İsveçrə nümunəsi dünyada daha geniş tanınıb və qəbul edilib. Üçüncüsü, mən Sovet nümunəsini örnək göstərsəydim buna Azərbaycanın güneyində və başqa ölkələrdə inanmayacaq, “Sovet təbliğatıdır” deyəcəkdilər.
– Bu yazınızda göstərirsiniz ki, öncə Azərbaycan birləşməli, sonra da türk dövlətlərini öz ətrafında birləşdirməli, Turan yaranmalıdır. Axı Türkiyə deməz ki, mən böyüklükdə dövləti hansı haqla Azərbaycana birləşdirirsiniz?
– Nə olsun deyər? Axı bu, zorla olmayacaq, könüllü olacaq. Turan birliyi könüllü olacaq, özü də kimsəyə qarşı olmayacaq, əksinə, bütün dövlət və xalqlarla dost olacaq.
– Xam xəyallardır!
– Xam xəyallardırsa daha niyə mühakimə edir, bu fikirlərimə görə təqsirləndirirsiniz?
– Ona görə ki, fikirlənizlə gənclərimizi azdırır, onların Sovet ideologiyasına inamını sarsıdır, doğru yoldan uzaqlaşdırırsınız. Biz buna yol verə bilmərik!
Bəli, cənab keçmiş DTK-nın keçmiş Baş prokuroru, Sizin mənim məhkəməmdə ittihamlarınızın əsas istiqamətlərindən biri də mənim 28.01.1975-ci il tarixli ifadəmdə yazdığım “mən təbliğ etmişəm ki, a) Azərbaycan müstəqil deyildir, onu Rusiyanın tərkibindən ayırıb, b) vahid dövlət yaratmaq lazımdır. Azərbaycanda müstəqil dövlət yaradılandan sonra türkdilli xalqları birləşdirib vahid Turan dövləti yaratmaq gərəkir” fikrinə, ideyasına qarşı yönəldilmişdi.
Məhkəmə 1975-ci ilin birinci yarısında olmuşdu. İndi Azərbaycan mən arzu etdiyim, istədiyim kimi Rusiyanın tərkibindən ayrılıb. Bütöv (vahid) dövlət yaradılmasına doğru xalq hərəkatı baş verməkdədir.
Cənab keçmiş DTK-nın keçmiş Baş prokuroru, doğrudanmı Siz və Sizin məsləkdaşlarınız dərk etmirsiniz, üzr istəyirəm, qanmırsınız ki, uduzmusunuz?! Doğrudanmı qanmırsınız ki, biz deyən olur? Doğrudanmı görmürsünüz ki, rus imperiyası dağılır və növbə Tehran rejiminə gəlir?! Axı bunu çox-çox sadə xalq görürsə necə olur ki, sizlər, Sizin kimilər kor öküz kimi, tutduğunuzu buraxmır, buynuzlarınızı ovulmaz qayalara çarpırsınız?!
Cənab keçmiş prokuror, mənim bu yazım nə Sizə, nə də Sizin kimi türkə qarşı olan, rus və fars şovinizminə kölə xidməti yapan insanlara deyil, sizlər buna dəyməzsiniz. Mən yurdumuzun, elimizin, Böyük Türk elinin gerçək erkəklərinə və xanımlarına üz tutub ya deyirəm, ya yazıram.
Sevimli bəylər, sevgili xanımlar, gerçəkdən-gerçəyə mənim arzum, istəyim daha çox vurulduğum AZƏRBAYCAN BÜTÖVLÜYÜ olmuşdur. Bu böyük istəyim bu gün də qalmaqdadır. Daha doğrusu, bu istək bu gün özünün Savalan zirvəsindədir. Çoxlarına belə gələ bilər ki, bu, istək deyil, fantastikadır. Bəli, qoy belə olsun, mən fantastik və fanatikəm. Sonra?! Ancaq kim nə deyirsədesin, mən gerçəkçiyəm.
Bəli, mən 1960-70-ci illərdə Azərbaycanın bütövlüyü haqqında düşünmüşəm və onu təbliğ etmişəm. Necə və nəyi düşünürdüm?
Yazdığım əsərin, ya da əsərciyin içi, insanlar anlasın deyə mahiyyətiməğzi deyək, nə idi?
Birincisi, bu əsər, ya da əsərcik giriş və üç bölmədən ibarət idi.
Bölmələr:
  1. Azərbaycanın keçmişinə (tarixinə) yığcam baxış;
  2. biz materialist (maddiçi) deyilik. Azərbaycanın dil, tarix, mədəniyyət, el və yurd birliyi;
  3. Azərbaycan necə birləşə və birləşdirilə bilər?
Burada yüz yarpaqdan artıq bir yazının tutumunu göstərməyə mənim gücüm çatmaz. Ona görə də ana cizgilərindən (çağdaş anlamda tezislər deyirik) danışacağam, deyək ki, yazacağam.
Birinci bölmənin iç səsi və boyası (işığı) nə idi? (Yadından çıxarma, türk səs deyəndə mahiyyətməzmunu, boya (işıq) deyəndə formanı göz önündə, ya da düşüncəsində canlandırmışdır. An-an bu, yerini dəyişmişdir, daha doğrusu, işıq iç (mahiyyət), səs görk (forma) kimi anlanmışdır).
Dünyanı yaradan Ulu Tanrı işıqdırsa (idealizmlə materializmin birliyi) onda onun görünən görkəmi səsdir; yox, əgər Ulu Tanrı səs və sözdürsə boyu onun üzdə görünən görüntüsüdür. Türk ideya ilə materiyanın (ruh ilə varlığın) böyüklüyünü, birgəliyini axtarmış, bu gerçəyi tapmağa çalışmışdır. Bu, türkün dirilik, yaşamaq və yaşatmaq ölçüsüdür!
Birinci bölmənin başından səslənən düşüncə: “Azərbaycan lap əski çağlardan türklərin yurdu olmuş və onlarla məskunlaşmışdır!”.
Ərəbdilli qaynaqlarda yazılmış bu sözləri kim demişdir? Bu, belə olmuşdur: Əməvilər xilafətinin (611-790-cı illər) yaradıcısı I Müaviyə (661-680) uzun müddət Azərbaycanda hərbi əməliyyatlar aparmış, xəlifənin qoşun başçısı xilafətin ozamankı mərkəzi Şama (Dəməşqə) qayıdanda ondan sormuşdur: Azərbaycan haqqında nə deyə bilərsən? Ora necə bir ölkədir?
Qoşun başçısı xəlifəyə yuxarıda altını cızdığımız sözlərlə cavab vermişdir.
Bu sözləri ərəbdilli qaynaqlardan tapıb üzə çıxaran isə görkəmli Azərbaycan alim-tarixçisi Ziya Bünyadov olmuşdur. Ziya Bünyadov “Azərbaycan VII-IX yüzillərdə” adlı doktorluq dissertasiyasında bunu göstərmişdi.
Bu sözləri sadə məlumat üçün yazmıram. Soruşula bilər ki, “doktorluq dissertasiyası”nda yazmaqla başqa yerdə yazmağın nə fərqi var?
Hörmətli vətəndaş-oxucu, 1937-38-ci illərdə Azərbaycanın quzeyində 120 min insanı Sovet imperiyası qırıb, ya da Sibirə sürgün edəndən sonra nə ki “Azərbaycan türklərin yurdudur” sözünü yazanı, deyəni, hətta “mən türkəm” deyəni məhv edirdilər. Ziya Bünyadov Moskvada, imperiyanın paytaxtında on il bu doktorluq dissertasiyasının üzərində çalışmış, haqqında danışdığımız bu və buna oxşar fikirləri tarix qaynaqlarından taparaq onları Moskva, Leninqrad və İrəvandan olan erməni alimlərinin və onların tərəfdarlarının hər cür təzyiq, hücum və maneələri qarşısında, özlərinin iştirakı ilə Böyük Elmi Şurada, Moskvada sübut etmiş və “tarix elmləri doktoru” adını almışdı. Bu demək idi ki, bu fikirləri imperiyanın xidmətçisi olan sovet tarix elmi qəbul etməyə məcbur olmuş, böyük tarix gerçəkliyinin qarşısında təslim olmuşdur!
Sonra nə oldu? Ziya bəyin doktorluq dissertasiyası “Azerbaydjan v VII-IX vv. adı ilə çap edildi. Ancaq əsərin bizim dildə çap edilməsinə icazə verilmədi1, ona görə ki, bu əsər o çağlarda milli özünüdərkə böyük təkan verərdi.
1 Akad. Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabı ana dilimizdə rusca nəşrindən (1965) yalnız 24 il sonra (Azərnəşr, 1989) işıq üzü gördü – red.
Bəli, Azərbaycan ən uzaq keçmişdən türklərin yurdudur!
Bəs bu Türk kimdir? Haradan gəlib, haraya gedir? Bu dünyadan nə istəyir?
Bu sorğulara cavabı o zaman mən dünyanın böyük dahilərində və tanınmış şəxsiyyətlərində axtardım.
  1. Hz. Məhəmməd peyğəmbər:

bullet

“Mənim Türk adlı bir ordum vardır”.

bullet

“Türklər sizə toxunmayınca, siz də onlara toxunmayın”.

bullet

“Türk dilini öyrənin! Belə ki, onların hakimiyyəti uzun sürəcək”.

  1. Hz. Mustafa Kamal Atatürk:

bullet

“Nə mutlu “türkəm deyənə!”.

bullet

“Dünya üzərində Türkdən daha böyük, ondan daha qədim, ondan daha təmiz bir millət yoxdur və bütün insanlıq tarixində görünməmişdir!”

bullet

“Türkə yurdluq etməmiş bir qitə yoxdur”.

bullet

“Bir Türk cahana bədəldir”.

bullet

“Yüksək Türk! Sənin yüksəkliyinin hüdudu yoxdur”.

  1. Cahiz (IX yüzil ərəb dahisi):

bullet

“Bir Türk başlı-başına bir millətdir”.

bullet

“Türkə qarşı heç nə dura bilməz”.

bullet

“Türklər olduqca namuslu insanlardır. Özləri və sözləri doğrudur… Yurdlarına bağlılıqları bütün duyğularından üstündür”.

Bu göstərdiklərimi qaynaqlardan toplamış, onlara yığcam açıqlamalar yazmışdım.
Şair Dilsuz bəy Mustafayev bir kitabın (onun adını unutmuşam) fotoşəklini bir neçə günlüyə mənə vermişdi. Orada türklər haqqında görkəmli şəxslərin fikirləri var idi. Oradan mən otuz doqquz deyim seçmiş, qırxıncını özümdən yazmış, adını “Min bir sözdən qırxı” qoymuşdum. Özümün yazdığım belə idi: “Tanrı, türklüyümü mənə çox görmə! Tanrı, türklüyümü mənə əsirgəmə!”. Sonra onları ayrıca on iki yarpaqlı bir dəftərə köçürtdürmüşdüm. Onu orta məktəbin yaxından tanıdığım bir şagirdinə köçürtdürmüşdüm ki, DTK-nın əlinə düşsə xətt sahibini tapa bilməsin. O dəftər hələ də qalır. İndi burada – Kələkidə deyil. Ondan yadımda qalanın bir neçəsini yaza bilərəm:
  1. Mixail Siryani: “Dünya Türkləri daşımağa kafi deyil”.
  2. Lamartin: “İnsanlığa şərəf verən Türk millətinin düşməni olmaq insanlığa düşmən olmaqdır”.
  3. Hammer Purqştal: “Tarix Türklərdən çox şey öyrəndi”.
  4. Bayron: “Türklər yalançı və ikiüzlü deyillər. Döyüşdə şərəfli ölməyi şərəfsiz yaşamaqdan üstün tuturlar”.
  5. “Türklər savaşda fələk, barışda mələk kimidirlər” (müəllifin kimliyi yadımdan çıxıb).
  6. Napoleon Bonapart: “Türkləri öldürmək olar, ancaq məğlub etmək olmaz”.
  7. Əbülqazi Bahadur xan: “Türk tarixini yalnız Türk yaza bilər!”.
  8. HəzrətiMustafa Kamal Atatürk: “Tarixi yazmaq tarixi yaratmaq qədər mühümdür”.
Daha nələr, nələr…
Mənə o zamanlardan bir düşüncə hakim olmuşdu: türklər tarixi yaratmaqda dünyanın birinci və əvəzedilməz millətidir, ancan tarix yazmaqda ən sonunculardandır. Yaratdığı tarixi Türkün özünün yazmaması onun ən böyük faciələrindən biridir. Sözsüz ki, Türkün tarixini işıqlandırmaq bir, beş, on alimin işi deyil, burada minlərlə bilici çalışmalı, milyonlar, milyardlar xərclənməlidir.

Mən o zaman qarşıma bir məqsəd də qoymuşdum ki, heç olmazsa türk Yurdu Azərbaycanın Azıx mədəniyyətindən (300 min il qabaqdan) bugünədək tarixinin tezislərini müqayisəli tarix-məntiq üsulu (metodu) əsasında hazırlayım və bilirdim ki, buna on, iyirmi il vaxt sərf etmək gərəkdir.
Bir qədər geriyə qayıdıb demək istəyirəm ki, 1961-62-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indi Məmmədəmin Rəsulzadə adına – Tanrımıza çox şükür! – Bakı Dövlət Universiteti)1 sonuncu kurslarında oxuyarkən tarix elminin məni özünə çəkdiyini görmüşdüm. Azərbaycan tarixindən bizə dərs deyən, indi rəhmətlik Şamil bəy Məmmədbəylinin tariximizi sevgi ilə öyrətməsi də bunda az rol oynamamışdı. Onun bu şahların, xanların hamısı bişərəf (bu sözü tez-tez, xüsusi vurğu ilə deyərdi) olmuş, vətəni, xalqı düşünməmişlər. Bunların içərisində iki qeyrətli kişi (ər, igid mənasında) olub: biri Şəmsəddin Eldəgiz (Eldənizə Eldəgiz deyirdi), ikincisi Şah İsmayıl Xətayi. Hər ikisi Azərbaycanı birləşdirib” sözləri hələ də yadımdadır. Rəhmət sənə, min rəhmət, ustad! Gerçək ərliyin, kişiliyin nədə olduğunu bizə anlatdın və bunu bütün tələbələrinə hər yerdə dedin, dönə-dönə dedin!
1 Məmmədəmin Rəsulzadənin adını BDU-dan Heydər Əliyev fərmanla götürdü – red.
1963-64-cü illərdə Misirdə tərcüməçi işlədim. Əhalinin ən kasıb təbəqələrindən tutmuş dövlət başçılarınadək hamısının qapıları həkimlərin və tərcüməçilərin üzünə açıq idi. Tərcüməçi, bir növ, təcili yardımçı idi. Təkcə gündüzün deyil, gecənin də istənilən vaxtı sovet həkiminə müraciət edilirdi, tərcüməçi də onunla olmalı idi. İslam dininə görə həkim məhrəm sayılır, yəni qadınlar həkimdən çəkinməməli, özlərinin xəstə bədən üzvlərini onlara göstərməlidirlər. Daha doğrusu, xəstəliyi öyrənib müalicə etməkdə həkimə heç bir qadağa yoxdur. Bu hüquq tərcüməçiyə də şamil edilirdi. Gənc tərcüməçini hamı öz qardaşı, ya da övladı sayırdı. Ona görə də, həm də müsəlman olduğuma görə mənə xüsusi hörmət və çox yaxşı münasibət var idi. Alimi, müəllimi, mühəndisi, fəhləsi, kəndlisi, idarə müdiri, naziri, generalı mənimlə çox səmimi davranır, tez-tez mənə görə sovet mütəxəssislərini qonaq çağırır, hərtərəfli elmi, siyasi, mədəni-məişət [mövzusunda] söhbət və mübahisə məclisləri təşkil edirdilər. Bu yığıncaqlardan çox şey öyrəndim. Tarixi və siyasəti öyrənməyim üçün çox yaxşı demək olmasa da yaxşı bir şəraitə düşmüşdüm.
Öncə qısaca deyim ki, Misirdə düşdüyüm siyasi mühit mənim ovaxtkı həyatım üçün çox önəmli və əlverişli idi, mənə çox şey öyrətdi. Bu haqda nə vaxtsa yazıb-yazmayacağımı bilmirəm. Ötəri də olsa deyim ki, o zaman Sovet İttifaqı, ABŞ, Almaniya və İtaliyanın mövqeləri burada bir-birinə qarşı girişmişdi, kəşfiyyatlar arasında əməlli-başlı çaxnaşma, vuruşma gedirdi. Yunanlar və ermənilər də həm Sovetlərə, həm də amerikanlara xidmət etməkdən ötrü dəridən-qabıqdan çıxırdılar. Kəşfiyyatda, belə demək mümkünsə, “qara işləri” onlara gördürürdülər. Ermənilərin bir bölümü təşviq və təbliğatla Sovet İttifaqına, başqa bir bölümü də Amerikaya aparılırdı. Ruslar, yunanlar, ermənilər, üç-dörd adamı çıxmaqla Nasirin hakimiyyətdə olan bütün komandası Türkiyəyə qarşı idi türklərin Misirdəki tarixi nüfuzunu silmək uğrunda ən alçaq və böhtançı təbliğatdan yararlanırdılar.
Nə isə, siyasət haqqında nə vaxtsa bəlkə!
Tarix haqqında.
Misirdə qəribliyim mənə ağır olsa da dünya tarixinə və ədəbiyyatına aid istədiyim kitabı heç bir zorluq çəkmədən tapa bilməyim bir xoşbəxtlik idi. Lenin, Xruşşov, Hitler, Mussolini, Çörçill, Ruzvelt, de Qoll, Stalin, Mao, Franko və başqa siyasət adamları, Otto Skotsenni, Laurens, Göbbels, Rixard Zorge, hətta Kollontay kimi kəşfiyyatçılar haqqında müxtəlif əsərlər küçələrdə açıq satışda idi. Sovet İttifaqında öyrənilməsi mümkün olmayan həqiqətləri, gerçəkləri Misirdə öyrənmək fürsəti tapdığımdan sevinc duyurdum. Bir dəfə bizim qrupla bərabər bir neçə qrupun rəhbəri, traktor üzrə mühəndis, Qrajdankin familiyalı rus mənim əlimdə olan iki kitaba baxıb, “bunlar nədir oxuyursan?” – deyə sordu.
Dedim:
Biri Mikoyan haqdadır.
– Nə yazıblar?
Mikoyan uşaqlığında keşiş olmaq istəyirmiş, dini məktəbdə oxuyurmuş, əxlaqsızlığına görə məktəbdən qovublar… 26-ları da o satıb…
Qrajdankini sanki ildırım vurdu:
– Sən nə edirsən? Belə kitabları oxuma, onlara da inanma. Mikoyan bunu bilsə bizi Sibirə göndərər. Bəs obirisi nədir?
Qrajdankinin sifəti meyit sifətinə döndü:
– Sən nə edirsən? Oxumağa kitab tapmırsan? Sən heç, cəhənnəmə (k çortu), mənə deyəcəklər sən hara baxırdın. Bunları yığışdır. Hər gün Misirdə çıxan əsas qəzetləri oxu, bizim mütəxəssisləri və onların arvadlarını bir saat məlumatlandır. Arada mən özüm də gəlib qulaq asaram.
Elə də oldu. Gündəlik qəzetləri (əl-Əhram”, “Əl-Yavm”, “Həyat”, “Rozəl-Yusif” kimi qəzet və topluları) oxuyub bir saat-saat yarım informasiya verirdim. Sovet hökumətinin əleyhinə olan məqalələri də onlara çatdırırdım, bir az da ətraflı. Ruslar Sovetlərin ziddinə olan məlumatlara qulaq asanda misirliləri, ərəbləri söyürdülər: “Əclaflar, hələ bizə dost da deyirlər. Bunlara inanmaq olar? İngilislər yaxşı eləyib bunları qırırmışlar. Murdar adamdırlar. “İnşallah”dan başqa söz bilmirlər”, daha nələr, nələr…
Aşağı-yuxarı üç ay belə davam etdi. Ruslar başa düşdülər ki, mənim bu işim xeyirdən çox ziyan gətirir. Dedilər daha lazım deyil. Beləliklə, mənim üçün məcburi olan bir işdən canım qurtardı. Nə oxuyub-oxumadığıma fikir də vermədilər.
Daha çox orta yüzillər Yaxın və Orta Şərq tarixinə, islam tarixinə aid kitabları oxuyurdum, ayrı-ayrı alim və tələbələrlə söhbət, fikir mübadiləsi və mübahisələrdə olurdum. Demirəm ki, Ərəb, İslam, Yaxın və Orta Şərq tarixini əla öyrəndim, amma çox şey öyrəndim. Özümü bu sahədə tarix fakultəsini yaxşı qurtarmış tələbələrin səviyyəsində hesab edirdim. Bir də onu bilirdim ki, filologiyadan tarixə keçirəm.
Bir gün Qahirə Universitetinin tarix fakultəsinin bir tələbəsi ilə tanış olanda o sordu:
Hansı ölkədənsiniz?
Dedim:
Azərbaycandan.
Dedi:
Hə, Siz Səlahəddin Əyyubinin vətənindənsiniz!
Mən Səlahəddin Əyyubi haqda az oxumamışdım. Ancaq bu sözü təzə eşidirdim və bir qədər də çaşdım. Sordum: Hardan bilirsiniz?
Dedi:
Sabah mən Sizə [mənbə] gətirərəm.
Gətirdi də. Eni (indi dəqiq deyə bilmərəm) 25-30 sm, boyu 40-50 sm olan ayrıca bir buraxılış idi. Rəngli şəkillərlə görkəmli şəxslər seriyasından ensiklopedik nəşrdi, üzərində Səlahəddinin cəngavər geyimində şəkli var idiAvropada Saladin adı ilə tanınan, təkcə Qüdsdə deyil, bütün Fələstin və Suriyada səlibçiləri darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya imperatorunun, İngiltərə və Fransa krallarının başçılığı altında başlanan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman qoşunlarının başında duraraq səlibçilərin baş komandanı, bütün Avropanın qürur duyduğu İngiltərə kralı Aslan ürəkli Riçardı (1157-1199) Əkkə qalasında diz çökdürərək əsir alan, bütün Avropanın “qəzəbinə gəlmiş” və hətta Aligyeri Dantenin “İlahi komediya” əsərində cəhənnəmdə təsvir edilən, Misirdə Əyyubilər sülaləsinin hakimiyyət əsasını 1177-ci ildə qoyan yenilməz komandan və sultan Səlahəddinin (1138-1193)!
Tarixçi tələbənin mənə verdiyi ayrıca buraxılışda mənim üçün yeni olan bu idi ki, Sultan Səlahəddindən sormuşlar:
– Deyirlər ki, Siz kürdsünüz. Bu, doğrudurmu?
Sultan:
– Xeyir! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz əz-Zib (ərəbcə: Qurd) tayfasındanıq.
Doğrudan-doğruya, o zaman bunu oxuyanda məni çox həyəcana gətirmişdi. Bir şeyə heyfsinirdim ki, tarix qaynağı göstərilməmişdi. Sonralar Bakıda aspiranturada oxuyanda və Universitetdə dərs deyəndə də Səlahəddin haqqında axtarışlarımı davam etdirdim və axtardığımı tapdım; araşdırıcıların ən doğru saydığı qaynaqların birində – tanınmış görkəmli alim İbn Xəlliqanın “Görkəmli adamların ölüm tarixi” (Vəfayat əl-ayan) əsərində. İbn Xəlliqan yazır: “Şirkuh demişdir ki, bizim nəsəbimiz (soykökümüz) Gök Böri (Göy Qurd)-dir!”.
Səlahəddinin babası Əyyub Azərbaycanda – Urmiya, Xoy, Divin (İrəvan yaxınlığında qədim Azərbaycan şəhəri olub), Zəngəzur və İrəvan (Rəvan) boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş yayılmış Göy Börü, Qara Börü, Boz Börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. İndi də bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa nəsillərə həmin bölglərdə gen-bol rast gəlinir.
Bu məsələnin – orta çağlarda qurd sözü ilə kürd sözünün ərəb əlifbası ilə yazılışında uyğunluğundan doğan dolaşığın başqa oxşarı Azərbaycan şairi dahi Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu haqda Azərbaycan ədəbiyyat alimləri dönə-dönə yazmışlar. Onların dediyini burada qeyd etməyi gərəkli sayıram. Belə ki, Nizami əsərlərinin birində “mənim Qurd tinətli anam” yazmış, araşdırıcılar bunu “mənim kürd əsilli anam” kimi oxuyub, yanlış təqdim etmişlər (orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılırdı).
İbn Xəlliqan (Hallikan) həmin əsərində tarixdə nəhəng komandanlardan olan, “xəlifələri yıxıb xəlifələri taxta çıxaran”, Əməvilər xilafətinə son qoyan Əbu Müslim haqqında ayrıca yazmış, onun da əslən Azərbaycandan olduğunu göstərmişdi.
İbn Xəlliqan yazır ki, Əbu Müslim Azərbaycanda bir əmirin oğlu idi. Atası öləndə anası başqa bir əmirə ərə getmiş, həmin əmir oğulluğu Əbu Müslimə özü təlimtərbiyə vermiş, yanında böyütmüşdü. Sonra o əmiri Xorasana xidmətə göndərdilər, ailəsi ilə birlikdə getdi. Əbu Müslimi də özü ilə apardı. Həmin əmir Xorasanda öləndə onun vəzifəsinə oğulluğu Əbu Müslim təyin edildi. Əbu Müslim sonralar Xorasani nisbəsi ilə tanındı.
İstəkli oxucu-vətəndaş, Azərbaycan gəncləri, gəlin ərəb xilafətinin tarixində ötəri də olsa bir xəttə göz yetirək:
Hz. Məhəmməd peyğəmbərin ölümündən sonra dövləti idarə edənlərə xələf/xəlifə, yəni peyğəmbərin davamçısı deyirdilər. Buradan da dövlətə “xilafət” adı qoymuşdular. İlk dörd xəlifə: Əbubəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun) müsəlman icması – şurası tərəfindən seçildikləri üçün onlara xuləfau ər-raşidin”seçilmiş, bəyənilmiş, xəlifələr deyirdilər. 661-ci ildə Əməvilər (Bəni Umeyyə) şuraya məhəl qoymadan xilafəti qan və qılıncla ələ keçirdilər. Onların hakimiyyəti 750-cı ilədək sürdü. Bu haqsız, qəddar rejimə qarşı başını qaldıranlar amansız məhv edildi, üsyanlar, çıxışlar qan dəryasında boğuldu, kütləvi edamlar səngimədi.
Bu zalım sülalədən qurtulmaq sanki ümidsizdi. Belə bir durumda Azərbaycan türkü Əbu Müslim Azərbaycan, Xorasan, Baktriya Xarəzm türklərini başına toplayıb “hakimiyyət peyğəmbər evinə” deyə Xorasanda üsyan bayrağı qaldırdı. Bir ilin içində Türküstandan tutmuş Mərakeşə (Məğribə) qədər bütün ölkələrdə Əməvilər darmadağın edildi, onlardan yalnız bir nəfər canını qurtarıb Əndəlüsə (İspaniyaya) sığına bildi və orada Əməvilərin hakimiyyətini saxladı.
Peyğəmbərin əmisi Abbasın oğulları (nəsli) hakimiyyətə gəldi. 750-ci ildən Abbasilər xilafəti yarandı. Xilafətin paytaxtı Dəməşqdən (Suriyadan) Bağdada (İraqa) köçürüldü. Ona görə də xilafətə “Bağdad xilafəti” də deyirlər. Abbasi hakim sülaləsinin ikinci nümayəndəsi hiyləgər Mənsur şan-şöhrəti bütün xilafəti bürümüş Əbu Müslimi həccə getməyə təşviq etdi. Əbu Müslim öz ordusundan ayrıldı, başında az bir dəstə dostları və köməkçiləri ilə həcc ziyatətindən qayıdarkən Bağdadda saraya dəvət edildi, şərəfinə ziyafətlər verildi. Mənsur Əbu Müslimi və yoldaşlarını xaincəsinə sarayda qətlə yetirdi.
Tarix bu xəyanəti bağışlaya bilməzdi; IX yüzilin birinci yarısında Azərbaycan türkü Babək bütün Azərbaycanı ayağa qaldırdı, Abbasilərin ordularını darmadağın edib onların hakimiyyətini tənəzzülə uğratdı. O zamanın tarixçiləri yazırdılar ki, Babək Əbu Müslimin intiqamını alırdı.
Tarixdə sadə xalq içərisindən çıxmış üç böyük, dahi sərkərdə ən yüksək qəhrəmanlıq zirvəsinə çatmışdır: Spartak, Babək, Xuan Çao (IX yüzil, Çində). İnamla deyə bilərik ki, Babək bunların içərisində daha böyük, daha cəsur, daha istedadlı komandan idi.
Abbasilər imperiyasına qarşı Azərbaycan xalqının azadlıq mübarizəsini təşkil və ona başçılıq edən, Azərbaycanın və “bütün İran xalqlarının milli iftixarı” (Səid Nəfisi) Babək imperiyanı diz çökdürdü.
Tənəzzülə uğramış xilafətdə yüksək hərbi məqamları ələ keçirən türk sərkərdələri IX yüzilin II yarısında Abbasilərdən olan xəlifələri ya öldürür, ya Bağdad küçələrində ağaca sarıyıb döyür, üstlərinə şirə töküb əl-qolu bağlı günəş altda saxlayır, milçəklərin onlara necə əzab verdiyinə baxıb həzz alır, ya da gözlərini çıxarıb Bağdad küçələrinə buraxırdılar. “Burda mənəm, Bağdadda kor xəlifə” türk məsəli və “dilənçi xəlifələr” ifadəsi də buradan yaranıb.
Bəli, tarix xəyanəti bağışlamır. Abbasilər imperiyanı itirsələr də, sülalə hakimiyyəti yalnız İraq ərazisini əhatə etsə də nominal, oyuncaq bir hakimiyyətləri sürürdü.
1258-ci ildə Azərbaycanın dahi alimi Nəsrəddin Tusinin məsləhəti əsasında (o, Hülakünün baş vəziri idi) Hülakü Bağdadı tutub Abbasi xəlifəsini hovuzda boğdurdu və bununla da Bağdad xilafətinə son qoyuldu.
1177-ci ildə Azərbaycan türkü Səlahəddin Misirdə Fatimilər xilafətinə son qoyaraq babası Əyyubun (Əyyub Səlahəddinin atası Yusifin və əmisi Şirkuhun ataları idi) adı ilə öz sülaləsini hakimiyyətə gətirdi.
* * *
Bütün bunlar qəhrəman bir xalqın şərəfli tarixindən xəbər verən bəzi sətirlərdir. Türk olmayan bir məşhurun sözüdür: “Türklər dövlət yıxıbdövlət qurmaqda dünyanın ən mahir və qabil xalqıdır”.
Azərbaycan tarixində hamımızın yaxşı tanıdığı Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Cəlair Şeyx Üveys, Qaraqoyunlu Qara Yusif, Ağqoyunlu Uzun Həsən, Səfəvilərdən Şah İsmayıl Xətayi, Şah Təhmasib, Şah Abbas, Əfşar Nadir, Qacar Ağaməhəmməd şah və başqaları Xorasandan Bağdada, Dərbənddən Ümman dənizinə dör-dör döyüşmüş, dövlət yıxıbdövlət qurmuş, xanədanlar yaratmış, qəhrəmanlıqlar göstərmişlər.
Bəs necə olmuşdur ki, şərəfli bir xalqın – Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixi yazılmamışdır? Çünki onu olduğu kimi yazmağa qoymamışlar. Kim?  Rus imperiyası, fars şovinizmi. Rus-Sovet imperiyası əmr edərək göstərirdi: bilməlisiniz ki, şərəf, şan-şöhrət, qəhrəmanlıq yalnız sinfi mübarizədə, yalnız kəndli üsyanlarında, kəndli çıxışlarında, yoxsulların qiyamındadır. Siz əgər orta çağların sərkərdə və hökmdarlarının insanlığından, böyüklüyündən, qəhrəmanlığından yazsanız, deməli, feodalları, feodalizmi tərənnüm edirsiniz, fəhlə və kəndli sinfinə, sosializmə xəyanət edirsiniz, onların düşmənisiniz, millətçiliyə yavarlanmısınız!
Fars şovinizmi isə Moskva, Bakı, Peterburq, hətta London, Paris və İrəvan alimlərinə qızıl pul xərcləyərək (Pəhləvilərin hakimiyyəti dövründə) onlara deyirdi ki, Siz nə qədər pul, qızıl deyirsiniz verək, siz sübut edin ki, ümumiyyətlə, Qafqazda, Azərbaycanda və İranda heç bir zaman türk olmayıb, yaşamayıb, indiki özünü türk adlandıran və yaxud türk adlanan əhali XI-XII yüzillərdə oğuzlar tərəfindən türkləşdirilmiş irandilli xalqlardır.
Belə bir sorğu daim məni maraqlandırmış, rahatsız etmişdir. Siz də insanlardan sorun: axı niyə ya biz özümüzözümüzə türk deyəndə, ya kimlərsə bizə türk deyəndə bir kimsə bundan nə rahatsız olur, nə qəzəblənir, nə də “milyardlar xərcləyir” ki, bizi türklüyümüzdən ayırsın, bizi bir-birimizdən ayırsın rus və fars şovinizmindən başqa?
Bizim 60-cı illərdən üzübəri qarşımızda duran ümdə vətəndaşlıq borcumuz bu şovinizmlərin buyruğu ilə durub-oturan rejimlərə və insanlara qarşı elmi, ideoloji mübarizə aparmaq, gücümüz, imkanımız yetincə geniş xalq kütləsini ayıltmaq, onların aldadılmasına imkan verməmək idi. Tutduğumuz yolun haqq olduğu bu günlər özünü açıq göstərdi, belə ki, rus şovinizmi iflasa uğradı, son anlarını yaşayır, fars şovinizmi də, inşallah, iflasa uğrayacaq!
O zamanlar (60-70-ci illər) tez-tez belə bir sorğu ilə üz-üzə gəlirdik: Əgər Azərbaycan xalqı qəhrəman xalqdırsa, onun şanlı, böyük bir keçmişi varsa, niyə indi kölədir, müstəmləkə xalqdır, əzab-işgəncələr içərisində yaşayır, susur, nəsə edə bilmir? Bu sorğu bu gün də gündəlikdədir. Mənim bu sorğunu eşitdiyim otuz ildən artıqdır, dost da sorur, düşmən də.
Bunun birinci cavabı budur ki, sorğu düzgün qoyulmur. Azərbaycan xalqı müstəmləkəçilikdən, köləlikdən qurtulmaq üçün daim mübarizə aparmışdır və indi də aparır. Təkcə 1905-ci ildən 1945-ci ilədək olan 40 ili götürsək, dörd böyük inqilab etmişdir. Səttar xan hərəkatı, Müsavat hərəkatı, Xiyabani hərəkatı, Pişəvəri hərəkatı adları ilə tanınan bu xalq-azadlıq inqilabları dünyanın böyük gücləri tərəfindən yatırılsa da, Azərbaycan xalqı öz azadlığı uğrunda yüz minlərlə, bəli, bir neçə yüz min qurban versə də mübarizə əzmi qırılmamış, əksinə, hər dəfə güclənmişdir. Azadlığı uğrunda bu qədər qurban verməyi bacaran xalq hələ də susmamışsa, demək, o, mənən və ruhən kölə deyil.
İkincisi, tarixin müəyyən zaman kəsiyində hər hansı bir xalqın bizim günümüzə düşməsi o xalqın şanlı keçmişinə və qəhrəmanlıq tarixinə kölgə sala bilməz. Ayrı-ayrı zamanlarda hansı xalq bizim günümüzə, bizdən də ağır duruma düşməyib? Bütün dünya xalqları [düşüb]. Məsələn, bu gün sayı 50 milyon olan Ukrayna xalqı 300 il rus imperiyasının caynağında çırpınmışdır, indi-indi azad olmaqdadır. Avropanın hərtərəfli müdafiəsinə baxmayaraq, polyak xalqı 45 ildən çox Rusiyanın zülmü altında bizimlə birlikdə yaşadı. Daha başqası, daha başqaları…
Üçüncüsü, “bəşər tarixinin, insanlıq tarixinin antipodu” (ifadə mənim deyil) olan rus imperiyası yüz il (XVIII yüzilin başlanğıcından XIX yüzilin başlanğıcınadək) Azərbaycana qarşı işğalçı müharibələr aparandan sonra 1803-13, 1826-28-ci illər müharibəsində ancaq onun beşdə birini işğal edə bildi. 1812-15-ci illərdə – üç ildə Rusiya başında dünya şöhrətli Napoleon Bonapart duran Fransa imperiyasını darmadağın edərək Fransanın paytaxtı Parisin meydanlarında (sözün əsl mənasında) təşəxxüslə at oynatdı, ancaq üst-üstə götürdükdə iki mərhələdə on üç il Azərbaycanla müharibə apardı, Təbrizə girə bilmədi. Yurdumuzun bir parçası işğal edilsə də ancaq qaniçən, zalım, qəddar və həddən artıq güclü olan rus imperiyasına qarşı bu on üç illik savaşımız tarixin şanlı bir qəhrəmanlıq dastanıdır.
Dördüncüsü, etiraf etməliyik ki, rus imperiyasına gücümüz yetmədi. Zaman-zaman qalxdıq, döyüşdük, uduzduq. Bütün XIX yüzil boyu Azərbaycanı “qaçaq hərəkatı” adı altında azadlıq üsyanı bürüdü. Bir olmadıq, uduzduq. Xalq-azadlıq inqilablarında birləşdik, hamıdan güclü, hamıdan qəddar rus imperiyası Səttar xanın başçılığı altında apardığımız xalq-demokratik inqilabımızı boğdu, Rəsulzadə başçılığındakı Azərbaycan Demokratik Cumhuriyyətimizi, Şeyx Xiyabani başçılığındakı Azadistan dövlətimizi yıxdı. Kimsə bizə yardım etmədi, əksinə, Avropada böyük güclər Rusiyaya “Türkü vur!”  dedi.
Azərbaycan xalqının on beş ildə (1905-1920) üç dönə ayaqlandığını görən Rusiya bu xalqla gələcəkdə təkbaşına (həm də böyük güclərin “hə!”sini almaqla) bacara bilməyəcəyini başa düşərək türk Qacarları hakimiyyətdən devirib vaxtilə Tehranda rus kazak briqadalarında xidmət edən, rus zabit və əsgərlərinə spirtli içkilər və tiryək satan (yeri gəldikcə pulsuz-parasız verən) qaranlıq cinayət aləminin adamı Rzanı hakimiyyətə gətirdi.
Rzanın vasitəsi ilə hakimiyyəti qəsb edən fars şovinizmi Azərbaycan türkünü məhv etmək üçün Rusiyanın ən alçaq və rəzil bir darğasına çevrildi. Rus və fars şovinizmi 1946-cı ildə Pişəvərinin başçılığındakı Azərbaycan Demokratik Respublikası adlı dövlətimizi devirdi özü də ABŞ və Böyük Britaniyanın razılığı ilə. Rusiya, ABŞ və Böyük Britaniya Rza şahı ölkədən qovsalar da Pəhləvilərin hakimiyyətini saxlamaqda razılığa gəlmişdilər.
Bu dəfə də dünyada təkləndik. Ancaq diqqət edin, iyirmi yeddi ildə (1918-1945) üç dövlət quran xalqa nə demək olar? – “Türklər dövlət qurmaqda … dünyanın ən mahir və qabil xalqıdır!”.
Niyə bu günə gəlmişliyin beşinci cavabı:
Rus imperiyası 184 ildir ki, yurdumuzu, elimizi bölük-bölük edib, fars şovinizmi ilə əl-ələ verərək bizi birləşməyə qoymur. Buna qarşılıq bir çox yurddaşımız deyir ki, biz bədbəxt xalqıq, geri qalmışıq, qorxağıq, el uğrunda, yurd uğrunda ölməyi bacarmırıq, “hər dövlət öz xalqına uyğun olur”, axı niyə bizim elimiz, yurdumuz bölük-bölükdür, hamısına özümüz təqsirkarıq, xalqımız təqsirkardır. Bu adamlara demək lazımdır ki, yaxşı, siz deyən olsun. Onda cavab verin: rus imperiyası kimləri, hansı ölkələri bölməyib? Almaniyanı, Koreyanı, Vyetnamı, Yəməni, Finlandiyanı, Polşanı, Rumıniyanı (Moldova), yeli yetəni, gücü çatanı bölüb parçalayıb. Avropanın ən cəngavər xalqlarından olan almanlar qırx ildən çox bölünmüş vətənlərinə baxa-baxa qaldılar. Rumınlar hələ qorxa-qorxa Moldova adını vətən deyə çəkirlər.
Eşidin, bəylər, eşidin, cənablar, Rusiya zəiflədikcə Vyetnam birləşdi, Almaniya birləşdi, Yəmən birləşdi, ölkələr, xalqlar azad oldu, bizim də bir hissəmiz artıq azaddır, bir qədər də zəifləsə (bu, qaçılmazdır), hamımız azad olacaq və birləşəcəyik!
Altıncısı, həm də indi əsası – biz suçluyuq, bəli. Ancaq bir xalq olaraq, bir vətəndaş olaraq bizim suçumuz, bizim faciəmiz nədədir?
  1. Eli tanıyırıq, elçiliyimiz sönük, Yurdu tanıyırıq, yurdçuluğumuz sönük, Milləti tanıyırıq, millətçiliyimiz sönükdür.
  2. Düşüncəmizdə zaman-zaman aldanmışıq, inanmışıq, güvənmişik, bel bağlamışıq yağı düşmən təlqinlərinə: sənin dilin Azərbaycan dilidir, Azərbaycan iri addımlarla irəliləyir, sən iranlısan, sən kommunizm qurucususan, sən türk deyilsən, sən irandillisən, amerikanlar, fransızlar, ingilislər, almanlar imperiyalistdirlər, sənin düşmənlərindir, Amerika böyük şeytandır, Türkiyə düşməndir, fars dili şəkərdir, fars dili cənnət dilidir, İraqla müharibədə ölənlər behiştə gedəcəklər, Rusiya da böyük şeytandır, Rusiya bizim dostumuzdur (əziz oxucuvətəndaş, bir az səbr et, burda bir məntiqə bax: bir sıra xalqlara imam kimi zorla qəbul etdirilən Xomeyni bir vaxt elan etdi ki, dünyada iki böyük şeytan var: AmerikaRusiya. Sonralar Tehran rejimi bildirdi və indi də bildirir ki, Rusiya bizim dostumuzdur. Bərəkallah, fars şovinistləri, belə çıxır ki, böyük şeytanlardan birinin dostusunuz. Bəs biz deyəndə niyə acığınız gəlir? Bağışla, fars şovinizmi, öz aranızda yəqin ki, Rusiya böyük şeytan, sən də kiçik şeytansan. Çox çəkməz, hər ikiniz bir bismillaha, o söz!..), Azərbaycanın böyükləri sionistlərə xidmət edir, Amerikanın agentləridir, Xalq Cəbhəsi dinsizdir (yalançıya Allah lənət eləsin!), biz (yəni Tehran) Amerikaya göstərəcəyik (pah, atonan, soruşmazlar ki, nəyi, ya da nə ilə?!), sovet dövrü yaxşı idi, ruslar gələcək, çörək bir manat olacaq, “Aydan əzan səsi gəlir, filan falçı belə deyib, elə deyib… Bir sözlə, [faciəmiz] düşmən sözünə inanmaq, fitnəsinə uymaqda və kənardan (dışdan) gələn səsə tez aludə olmaqdadır!
  3. Haqqı, gerçəkliyi zamanında duyubgörməmək, ya da çox gec bilməkdədir. Ona görə də bizim haqqımızda qonşularımız belə demişlər: “Türkün (bir sıra xalqlarda: müsəlmanın) sonku (sonuncu) ağlı məndə (bizdə) olaydı!
  4. Bir xalq, ya da bir millət kimi, bölünüb ya tam sağda, ya tam solda duraraq “altun orta”ya gəlmək istəməməyimizdədir.
  5. Düşmənlərin bizə qarşı yürütdüyü “ayır-buyur” siyasətinə ya bilərəkdən, ya da bilməyərəkdən xidmət etdiyimizdədir.
Daha nələr, nələrdədir
Bu göstərilən maddələr içərisində altıncısı, daha doğrusu, həm də sonuncusu – öz suçumuz haqda çox düşünməli, aramsız müzakirə və götür-qoy etməli, bir xalq kimi öz nöqsan, kəsir, təqsir, günah, çatışmazlıq, səhv və suçumuzu tapmalı, görməli, bütün gücümüzlə aradan qaldırmalı, bütün gücümüzü bir yerə toplayıb yurdumuza – Bütöv Azərbaycana sahib çıxmalıyıq!

          Sahibsiz olan məmləkətin batması haqdır,
          Sən sahib olursan – bu Vətən batmayacaqdır!

Son sətri mən belə deyirdim:

          Sən sahib olursansa Vətən batmayacaqdır!
* * *

Bu bölmədə danışdığım məsələlərə indiki zamandan baxaraq ara-sıra yeni fikirlər əlavə etsəm də onun əsas ana xəttində 60-70-ci illərdə söylədiyim fikirlər, tezislər durur. Özü də bu fikirlər təkcə mənim düşüncəmin məhsulu deyildi bunların çoxu ozamankı gənclərin, tələbələrin, yurdsevər müəllim, alim, yazıçı, şair və aydınların arasında çayxanalardan tutmuş universitet, institut və məktəblərdə, Elmlər Akademiyasında gedən söhbətlərdə, yığıncaq və mübahisələrdə ortaya çıxmışdı. Bu söhbət və mübahisələr o qədər “böyümuşdu” ki, Moskva və Leninqradda (Peterburqda) tez-tez bizdən soruşurdular: “Deyirlər ki, sizdə də millətçilik, antisovetizm baş qaldırıb?”.
“Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr” adlı yazımın ikinci bölməsi “Biz materialist deyilik. Azərbaycanın dil, tarix, mədəniyyət, el və yurd birliyi” adlanırdı.
Bu bölmənin başlanğıcından sorğu qoyulurdu:
Yurd-Vətən bölünübmü?
İdelist cavab:
Yox!
Materialist cavab:
Hə!
Yox, niyə? Ona görə ki, Yurd-Vətən anlayışı sadəcə bir torpaq parçası, bir ərazi anlayışına gəlməz. Yurd-Vətən anlayışı maddidən çox, mənəvi, ruhi anlayışdır. İlk öncə insana elə gəlir ki, əgər onun düşüncəsində canlandırdığı Yurdu, ölkəsi hansısa dövlətlər tərəfindən kağız üzərində atılan imzalarla bölünüb və bu fiziki, inzibati hissələr, ərazilər arasına “dəmir pərdə” çəkilibsə, deməli, hər nə varsa qurtarıb Yurd bölünüb. Bizsə deyirdik və deyirik: Yurd mənəvi, ruhi anlayışdır. Mənəviyyat, ruh maddi deyil, onu bölmək mümkün deyil. İmperiyaların, dövlətlərin hökmü ilə Vətən yaratmaq olmaz.
Rusiyada – Sovetlər Birliyində bir mahnı oxunurdu: Hardan başlanır Vətən? Bizim bir sıra xəstəhal materialist məmurlar buna cavab deyirdilər, daha doğrusu, bağırırdılar ki, Vətən Arazdan başlayan Sovet İttifaqıdır! Ya da ki, bizim vətənimiz Böyük Sovetlər İttifaqıdır! Daha nələr, nələr…
Körpəsindən tutmuş qocasınadək bütün xalq isə Səməd Vurğunun şerini deyirdi:

          El bilir ki, sən mənimsən,
          Yurdum, yuvam, məskənimsən,
          Anam, doğma Vətənimsən!
          Ayrılarmı könül candan?
          Azərbaycan, Azərbaycan!

 

          Mən bir uşaq, sən bir ana,
          Odur ki, bağlıyam sana,
          Hankı səmtə, hankı yana
          Hey uçsam da, yuvam sənsən,
          Elim, günüm, obam sənsən!

Elə həmin 60-70-ci illərdə bu səsə yeni bir güclü səs qovuşdu Şəhriyarın səsi:

          Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
          Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

 
          Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
          Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.

 
          Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
          Abad olub, azad olub mülki-İran, Azərbaycan.

 
          Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
          Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.

 
          Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
          Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.

 
          Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
          Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.

 
          Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
          Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

 
          İgidlərin İran üçün şəhid olub, əvəzində
          Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

 
          Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
          Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

 
          Bəsdir fəraq odlarından kül ələndi başımıza,
          Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

 
          Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
          Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Şəhriyarın “Heydərbabaya salam”ı Bütöv Azərbaycan Yurdunun əbədi bir türküsüdür.

          Bir görəydim ayrılığı kim saldı,
          Ölkəmizdə kim qırıldı, kim qaldı.

Bu bölmədə ruhumuzun, duyğumuzun mənəvi, poetik qaynaqlarından, el, yurd sevgisini tərənnüm edən əsərlərdən parçalar toplanmış, onların məna və mahiyyətini açıqlamağa çalışmışdım, məsələn:

          Axma, Araz, dayan, Araz,
          İnsaf eylə bizə bir az.
          Bir ürəyi iki yerə
          Cəllad kimi bölmək olmaz!

Biz bu şeri desək də həm də göstərirdik ki, şair bunu məcazi mənada deyib. Arazın nə günahı var, onu niyə qarğıyırıq? Araz günahkar deyil, rejimlər, dövlətlər cinayət törətmiş, tarixə qarşı ədalətsizlik etmişlər. Tarix bu ədalətsizliyi yerdə qoymayacaq. “Zülm ilə abad edilən quruluşlar, ədl ilə bərbad olacaqdır”. Tarix ədaləti Azərbaycan xalqının öz əli ilə bərpa edəcəkdir.
Bu seçmələr arasında S.Rüstəmin “Təbrizim” şeri, B.Vahabzadənin “Gülüstan” poeması, X.Rzanın “İki sahil” və başqa şerləri, C.Məmmədquluzadənin “Azərbaycan”, “Millət” və başqa məqalələri, “Anamın kitabı” dramından iqtibaslar, M.S.Ordubadinin “Qılınc və qələm”, “Dumanlı Təbriz” romanlarından, Makulu Pənahinin “Təbriz gecələri” əsərindən və “Səttar xan” romanından, onlarca nəzm və nəsr əsərlərindən milli ruhumuzun və milli ruhumuzda daşıdığımız Yurdun Bütövlüyünün qaynaqlarına aid seçmə parçalar yer almışdı.
Yaxın və Orta Şərqin, o cümlədən özümüzün keçmişinə bir az göz yetirsək Yurd-Vətən anlayışının çalarları düşüncəmizdə canlanar. HəzrətiMəhəmməd peyğəmbər demişdir: “Vətən sevgisi imandandır, yəni Vətən sevgisi özü bir imandır.
IX yüzil ərəb dahisi Cahiz yazır: “Vətən sevgisi bütün insanları və bütün ölkələri çuğlayan bir xüsusiyyət olmaqla yanaşı, aralarındakı bərabərlik, uyğunluq, görkəm oxşarlığı və bədəndəki tərkibin eyni olmasına baxmayaraq, Türklərdə başqa xalqlardan daha artıq, daha dərindir”.
Uzaq keçmişimizdən gələn bir Azərbaycan hikmətində deyilir: “Vətənə gəldim, imana gəldim”. Bəli, iman-inanc insanı şərəfləndirən ən ali mənəvi, ruhi varlıqdır. Yurdunu-Vətənini itirən ondan məhrum olur. Yenə də bəli, bizim xalq materialist (maddiçi) deyil, Yurd onun üçün maddi deyil, mənəvidir. Daha bir bayatımız:

          Burda yolum oldu tən,
          Varmı bu yoldan ötən?
          Bu dünyada ən əziz
          Bir anadır, bir Vətən!

Budur bizim millətin duyğusu, zehniyyəti, ruhu. Biz türklərdə Yurd-Vətən duyğusunun nə və necə olduğunu görmək, bilmək istəyən ədəbiyyatımızda, atalar sözlərimizdəki, zərbi-məsəllərimizdəki qəriblik mövzusuna, motivinə baxsın. Bir filoloq kimi özümün tanış olduğum ərəb, fars və rus ədəbiyyatında, başqa mütəxəssis filoloqlardan sorub aldığım cavaba görə, alman, fransız və ingilis ədəbiyyatında qəriblik mövzusunun motivi çox zəifdir. Qəriblik türk ədəbiyyatında isə, ayrıca olaraq da ağız ədəbiyyatında (şifahi xalq yaradıcılığında) əsas motivlərdən biridir. Bəhs etdiyim illərdə bir sıra filoloqlarımızdan xahiş etdim ki, ədəbiyyatımızda bu mövzunu araşdırıb yazsınlar. Söz verdilər, yerinə yetirmədilər.
Qəriblik bir sıra səbəblərdən baş verir. O səbəbləri burada açıqlamağa vaxtım yoxdur. Ancaq onu deyim ki, qəribin ən böyük sevgisi Vətənədir. Düzdür, qərib anası, ailəsi, dost-tanışı üçün də darıxır, kədərlənir, amma bunların hamısı bir toplum halında Vətəndə çuğlaşır Vətən həm özünə çəkir, həm də bu insanlara olan duyğu və sevgini özündə birləşdirir.
Biz türklərin bütün arzu, istək, kədər, həsrət, sevinc və qürurunu özündə toplayan Vətən – Bütöv Azərbaycanımız, şanlı, şərəfli cənnət Yurdumuzdur!
Qürbətdə qərib şad ola bilməz: “Qərib öldüm, bidad öldüm, dad öldüm!”. Aşıq Qərib dastanı da ruhumuzda olan qəriblik duyğusundan yaranıb. Bəlli olduğu kimi, İmam Rza milliyyətcə ərəbdir. Ərəb ədəbiyyatında və tarixində, İslam tarixində onun haqqında bəhs edilir, onun qəribliyindən bir söz belə deyilmir. Ancaq Azərbaycan türkləri ona “qəriblər qəribi İmam Rza” deyərək ağlamış, mərsiyələr qoşmuş, bu ağı və mərsiyələri qəriblik nisgili, qəriblik həsrəti üzərində kökləmişlər. Qəriblik, qərib dedikdə, yada saldıqda bəs niyə bizim xalqda çılğın bir kədər, qəm yaradan duyğusallıq baş qaldırır? Bu ulu duyğu bizim xalqda Yurd-Vətən sevgisindən yaranmış, zaman-zaman, nəsil-nəsil qanımıza hopmuşdur. Türklər qədər qəriblikdən ah-fəğan edən millət yoxdur. Bu ah-fəğan Vətən sevgisindən doğur:

          Bu dağlar ulu dağlar,
          Çeşməli, sulu dağlar,
          Burda bir qərib ölüb,
          Göy kişnər, bulud ağlar.

Eşidin, ağalar, eşidin, cənablar, eşidin xanımlar və bəylər! 190 ildən artıqdır ki, dünyanın qaniçən dövlətləri, quduz insanları Azərbaycan türkünün qanına susamış, qırdıqlarını qırmış, yüz minləri zindanlarda çürütmüş, milyonları Yurdundan, evindən-obasından didərgin salmışdır. Yağıların barbar siyasəti nəticəsində milyonlarla türk “öz Yurdunda qəribdən seçilməmiş”, Yurdunun bir yerindən başqa yerinə getməyə ixtiyarı olmamış, Bütöv Azərbaycan həsrəti ilə bir qərib kimi dünyadan həsrətlə, dərdlə, ah-zarla köçmüşdür. Min acı heyflər, min yazıqlar olsun ki, bu gün də belədir.
Ey zalımlar, bu ah-nalə, bu ah-zar, bu göylərə yüksələn, Vətən-Yurd sevgisindən doğan iniltilər yerdə qalmaz!

          İç, iç nə qədər istər isən qanımı, zalım,
          Bir gün görərəm qanını səhbalar içində!
                                                  (Məhəmməd Hadi)

Yurd-Vətən, El-Millət sevgisi Türk ədəbiyyatında XIX yüzilin ikinci yarısında daha yeni bir oyanışla tərənnüm edilməyə başlanmış, Namiq KamalTofiq Fikrət buna böyük təkan vermişlər; Yurd və El haqqındakı əsərlərində, şerlərində hər addımda qürurla danışan N.Kamal ayrıca “Vatan” (Vətən) adlı məqalə yazmış, orada Vətən nədir?”, insanlar niyə vətənlərini sevirlər?”, onun məna və mahiyyəti nədədir?” sorğularına bir şair, bir filosof kimi cavab vermişdir. Məqalənin bir yerində N.Kamal yazır: “İnsan vətənini sevir, çünki Vətən bir qalibin qılıncı və ya bir katibin qələmi ilə cızılan naməlum xətlərdən ibarət deyil. Vətən millət, azadlıq, mənfəət, qardaşlıq, qarşılıqlı yaşamaq, hakimiyyət, əcdada hörmət, ailəyə məhəbbət, gənclik xatirəsi kimi bir çox ülvi hisslərin bir araya gəlməsindən hasil olmuş müqəddəs bir fikirdir“.
Bəli, Vətən müqəddəs bir fikirdir, ideyadır, imandır. Vətən haqqı Tanrı haqqıdır.
XX yüzilin başlanğıcında Yurd-Vətən Abbas Səhhətin “Vətən” şerində belə səsləndi:

          Vətənim verdi mənə nanü nəmək1,
          Vətəni, məncə, unutmaq nə demək?!
          ….
          Vətən əcdadlarımızın mədfənidir,
          Vətən övladlarımızın məskənidir.
          Vətənin sevməyən insan olmaz;
          Olsa ol şəxsdə vicdan olmaz.

1 Duz-çörək – red.
Elə bu çağlarda Tofiq Fikrətin “Millət şərqisi” bütün Anadolu və Azərbaycanda dillər əzbərinə çevrilmişdi:

          Zülmün topu var, gülləsi var, qələsi varsa
          Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
          Göz yumma Günəşdən, nə qədər nuru qaralsa
          Sönməz əbədi, hər gecənin gündüzü vardır!
                Millət yoludur, haqq yoludur tutduğumuz yol!
                Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!

1905-ci ildə gənc yapon dövləti kimsənin gözləmədiyi bir halda qartımış rus imperiyasını Port-Artur qala-limanında darmadağın edərək diz çökdürmüşdür. Azərbaycanın qəddar düşməni olan bu imperiyanın çaşbaş qalması nəticəsində Azərbaycanın hər yerində milli ruh baş qaldırmış, bir milli intibah başlamışdı. Səttar xanın başçılığı altında Təbrizdə inqilab başlamışdı. 1907-1908-ci illərdə inqilab, daha doğrusu, Azərbaycan xalq hərəkatı yüksək zirvəyə çatdı. Milli şairimiz Mirzə Ələkbər Sabir “Səttar xan” şerində vəcd ilə yazırdı:

          Ta ki, Millət Məcmein1 Tehranda viran etdilər,
          Türklər Səttarxan ilə əhdü peyman etdilər,
          Zülmü istibdadə qarşı nifrət elan etdilər,
          Millətə, milliyyətə can nəqdi qurban etdilər.
                    Ayeyi – “zibhi-əzim” itlaqı ol qurbanədir,
                    Afərinim himməti – valayi-Səttar xanədir.

 

          Həqq mədədkar oldu Azərbaycan ətrakına2,
          Ali-Qacarın protest etdilər Zöhhakına,
          Ol şəhidanın səlam olsun rəvani-pakına
          Kim, tökülmüş qanları Təbrizü Tehran xakına.
                    Onların cənnət deyildir mənzili, aya nədir?!
                    Afərinim himməti-valayi-Səttar xanədir.
          ….
 
          Afərin, təbriziyan, etdiz əcəb əhdə vəfa!
          Dostü düşmən əl çalıb eylər sizə səd mərhəba!
          Çox yaşa, dövlətli Səttar xan əfəndim, çox yaşa!
          Cənnəti-əladə peyğəmbər Sizə eylər dua,
                    Çün bu xidmətlər bütün islamədir, insanədir.
                    Afərinim himməti-valayi-Səttar xanədir!

1 Milli Məclisi, parlamenti – red.
2 Türklərinə.
9 beytlik bu şerin, göründüyü kimi, 3 bəndi buraya köçürülmüşdür. Bütün tarixçilər Təbriz inqilabında Sabir şerinin əvəzsiz rol oynadığını yazırlar.
Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan türkləri heç bir zaman ruhən, mənən ayrı olmayıb, Bütöv Vətən düşüncəsi heç vaxt yaddan çıxmayıb, dəyişikliyə uğramayıbdır.
Təbriz inqilabında bütün xalqımız birgə addım atmağa başlamışdı, Tehranın xəyanəti, Rusiyanın hərbi qüdrəti [sonadək birliyə] imkan vermədi. Birinci cahan hərbinin sonlarına yaxın Rus imperiyası ikinci dəfə diz çökdü, 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı, oktyabrında bolşevik inqilabı baş verdi. Asiyanın jandarmı Rusiyanın ağır duruma düşdüyünü görən Asiya xalqları milli-azadlıq və demokratiya uğrunda mübarizəyə başladılar. Lenin və onun fikirlərini davam etdirən sovet tarixçiləri Asiya xalqlarının bu oyanışını oktyabr inqilabı ilə bağlayırdılar, əslində isə bu, “jandarm”ın ölümü ilə bağlı idi.
Azərbaycanda da yenə günün ən vacib məsələsi kimi Yurd və El birliyi (Vətən və Millət birliyi) problemi qarşıda durdu. Oktyabr-noyabr aylarında Rusiya iç ziddiyyətlərdə çaxnaşanda milli ədibimiz Mirzə Cəlil “Azərbaycan” adlı məqaləsində (“Molla Nəsrəddin” dərgisi, 27 noyabr 1917, №24) Rusiyanı “Qədim Rusiya hökuməti” adlandırdı. Bu günlə hesablayanda 80 il bundan qabaq yazılmış bu məqalə bugünədək öz çağdaşlığını saxlamaqdadır, çünki Yurd və El birliyimiz siyasi və inzibati baxımdan həll edilməmişdir və öz həllini gözləyir. Məqalənin tarixi və bugünkü əhəmiyyətinin böyük dəyərini göz önünə alaraq onu bütövlüklə oxuculara, insanlarımıza təqdim etməyi qaçılmaz sayıram və xahiş edirəm bu məqaləni aramla, cümlə-cümlə, söz-söz oxuyub düşünün!

Cəlil Məmmədquluzadə
A Z Ə R B A Y C A N

Ax, unudulmuş Vətən, ax, yazıq Vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə yüz qoydular.
Bəs sən haradasan, ay biçarə Vətən?!
* * *

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun1, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növi-bəşər üçün nicat yolu yoxdur.
1 Quran ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Quran, “Bəqərə” surəsi: 156) – red.
Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyi-zəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir.
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
– Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
– Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
– Dilim nə dildi?
– Azərbaycan dili!
– Yəni Vətənim haradır?
– Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.
– Haradır Azərbaycan?
Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun.
* * *
Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər – bunlara da  izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, gora düşmürdülər!
* * *
O ki qaldı Bakı qurultaylarında  olan səliqə[], bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki nədənsə, bizim bədxahların hamısı bədnəzərdir.
* * *
Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, coruslu1 və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey vəhşi ərdəbilli, lxan2 bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim Vətənimiz.
1 goruslu – red.
2 xalxallı – red.
Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları!
Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar.
Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!.

Rəhmət sənə, Mirzə Cəlil, min rəhmət! Bu gün də milyonlarla Azərbaycan türkü sən dediyini deyir: “Ax, gözəl Azərbaycan Vətənim, harada qalmısan?!”. Ancaq sən rahat uyu. Artıq millət, el oyanmışdır. Rus imperiyası dizə çökmüş, fars şovinizmi yetim qalmış, Bütöv, Azad Azərbaycan uğrunda xalq-azadlıq hərəkatı başlamışdır. Azərbaycan bütövləşəcək, o zaman Sizin kimi bütün ulularımızı ziyarət edəcək, sizlərə müjdə gətirəcəyik!
İndi də Cəlil Məmmədquluzadənin “Millət” məqaləsinin bir parçasına diqqət edək:

M İ L L Ə T

“Millət” ləfzi İranda yoxdur. Nə qədər ki qamusları1 vərəqlədim, nə qədər ki camaat içində dolandım, “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm.
O yerdə ki lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb “şəxs”. O yerdə ki söz düşəndə millət sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur2. Və məhz bu səbəbdəndir ki, bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir, milli işlərimiz əvəzinə şəxsi dəstgahlar peyda olur.
1 Ensiklopediyaları, lüğətləri – red.
2 “Şəxslər” sözü işlədilir – red.
Bu söhbətin bir müxtəsər tarixi var.
Qədim əsrlərdə də belə imiş, yəni millət ibarət imiş bir şəxsdən, ya bir neçə şəxsdən. Millət yox hesabında imiş. Ta ki, ortancı əsrlərin əvailində məşhur filosof Demokrit birinci dəfə olaraq söylədi: “millət, millət” və bəyan etdi ki, hər məmləkətin tək sahibi var ki, onun adı millətdir.
Bir qədər vaxt bu söhbət yenə fəramuş oldu. Ta ki, miladi tarixinin min yeddi yüz doxsan üçüncü ilində yer üzünün ən nəcib millətlərindən hesab olunan Firəngistan camaatı yenə bir səs ilə dedi: “millət, “millət!”.
Və bundan sonra Firəngistan millətpərəstliyi sayəsində yer üzündə çox-çox millətlər tərbiyə olundu, millətçilik və azadixahlıq bayrağı cəmi məmləkətlərə sirayət elədi və onların cümləsində biz də bir yüngülvari hərəkətə gəldik. Və lakin bircə fərqi buradadır ki, biz dəxi istəmədik qeyrilərə təqlid edək, biz özümüz üçün məxsusi bir azadlıq fabrikası bina etdik ki, bu fabrikadan çıxan mal firəng və Avropa azadixahlığına oxşamasın, necə ki, məsəl üçün, şüşə karxanası, ya ki, əba fabrikası. Bəs çünki Qərb mətaı ilə Şərq mətaı mabeynində1 həmişə bir fərq var, həmçinin Qərb azadixahlığı ilə bizim azadixahlığımızda həmən təfavüt əmələ gəldi ki, biz azadlıq binalarımızın bünövrəsini əşxas üstündə tikdik; millət üstündə tikmədik!
 …Ancaq bunu bil və eşit ki, məmləkət və camaat cəmi əfraddan2 ibarətdir, yoxsa o cızbızçı və dükançı, başmaqçı və kömürçü, o lüt bambılı qardaşları nəzərdən salıb böyük əşxası özüvə büt qərar versən sənin azadlıq fabrikanın mətaı qeyri millətlər içində o qədər rəvac tapmaz və axırda fabrikanı bağlamağa məcbur olub məəttəl qalarsan. Onda dəxi məndən küsmə!
1 Arasında
2 Fərdlərdən – red.
Mirzə Cəlilin yaradıcılığından gətirdiyimiz bu iki misalda dil, millətVətən problemlərinə yazıçı, mütəfəkkirin münasibəti apaydındır. 1902-ci ildən başlayan Azərbaycan xalq-azadlıq mübarizəsində bütün xalqın qarşısında əsasən bu üç problem – milli ideya qaynağının üç tərkib hissəsi dururdu. O vaxt Azərbaycanda, hətta Varşava, Peterburq, Moskva, Tiflis, Kiyev, İstanbul və Tehranda elə bir Türk-Azərbaycan ziyalısı, aydını tapılmazdı ki, bu üç məsələni dilə gətirməsin, yazı yazmasın. Başqa dillərdə təlim və təhsil görüb öz dilinə xor baxanlar, etinasız yanaşanlar milli ədəbiyyatımızda daim istehza ilə anılmış, satira hədəfinə çevrilmişlər. Sabir belələrini “Ürəfa marşı” adlı satirasında öz dilləri ilə belə lağa qoyurdu:

          Xoşlamarıq bir para nadanları,
          Şiveyi-nisvani-müsəlmanları.
          Neyləyirik FatmaTükəzbanları?
          Annaları, Sonyaları yanlarıq.
          Ay bərəkallah, nə gözəl canlarıq!
          ….
          İnteligentlik, bu ki böhtan deyil,
          Türkü1 danışmaq bizə şayan deyil,
          Türk dili qabili-irfan deyil,
          Biz buna qail olan insanlarıq…
          Ay bərəkallah, nə gözəl canlarıq!

1 Türkcə – red.
Yaxud Sabirin öz vaxtında və indi də minlərin, hətta uşaqların əzbər bildiyi “Millət necə tarac olur-olsun, nə işim var” şeri.
Başqa bir şerində Sabir üzünü xalqa tutub deyirdi:

          Dindirir əsr bizi, dinməyiriz,
          Atılan toplara diksinməyiriz;
          Əcnəbi seyrə balonlarla çıxır,
          Biz hələ aftomobil minməyiriz.
          Quş kimi göydə uçur yerdəkilər,
          Bizi gömdü yerə minbərdəkilər.

Başqa bir şerində:

          Ağladıqca kişi qeyrətsiz olur,
          Necə ki, ağladı İran oldu
deyən şairin məqsədi Vətən övladlarına ağlayıbsızlamaqdan bir şey hasil olmayacağını anlatmaqdır. O daha başqa bir şerində çıxış yolunun azadlıqda olduğunu göstərərək deyir: “Hürriyyət olan yerdə də insanlıq olur!”. Azadlığı-Hürriyyəti insanlığın təyinatı sayan şair xalqını azadlığa səsləyirdi.
Azərbaycan xalqının 1902-1917-ci illərdə azadlıq uğrunda mübarizəsi öz nəticəsini verdi; 1918-ci il may ayının 28-də müstəqil, Qərb deyilişi ilə Azərbaycan Demokratik Respublikası, Şərq deyilişi ilə Azərbaycan Xalq Cumhuriyyəti yarandı. 1920-ci ildə Azərbaycanın güneyində Azadistan dövləti quruldu. Bütöv, Azad Azərbaycanın yaranmasına tarixi imkan yarandı, yol açıldı. Azadistan dövlətinin başçısı Şeyx Məhəmməd Xiyabani ADR-in başçısı Məmmədəmin Rəsulzadədən kömək istədi və birgə fəaliyyətə dəvət etdi. Bütöv Azərbaycan xəritəsi çəkildi, cızıldı.
1919-cu il və 1920-ci ilin birinci yarısı Azərbaycanın Bütövlüyü duyğusunun, milli bütövlük ruhunun ən yüksək zirvəyə çatdığı dövr idi. Bu dövrdə Xiyabaninin başçılığı altında olan Azərbaycan Demokrat Firqəsi Azərbaycan xalqının fikrini, ümumi ruh halını təmsil edərək özünün “Əziz həmfikirlər, dəyərli həmvətənlər!” başlıqlı müraciətində “Demokratiya, oyan, əfkari-ümumiyyə, toplan, hazır ol!.. Qeyrət, ey vətəndaşlar, qeyrət!.. Azad və müstəqil Azərbaycan xalqına eşq olsun! O, qurtuluş və xoşbəxtlik yolunda irəliləyir!” deyirdi.
Hörmətli oxucu-vətəndaş, 1902-1916-cı illərdə ictimai-siyasi, ədəbi-bədii mühitimizdə baş verən oyanış, yüksəliş 1916-20-ci illərdə Millət-Vətən (təmiz türkcə desək, El-Oba, ya da El-Yurd) sevgisi birgə düşüncə və ruhumuza hakim kəsilmiş, Azərbaycanın bütövlüyü bitkin bir siyasi məfkurəyə çevrilmiş, Məmmədəmin RəsulzadəŞeyx Məhəmməd Xiyabani kimi dahi öndərlərimizdə təcəssüm etmişdir. Ona görə də bu iki dahinin əsərlərini və çıxışlarını dönə-dönə oxumağı xahiş, gənclərimizdən isə həm xahiş, həm də tələb edirəm! Gəncliyimizdə, bir-iki kiçik yazılarını çıxmaq şərti ilə, onların irsi ilə yaxından və dərindən tanış ola bilmədiyimizə görə, dərin iztirab hissi ilə yaşayırdıq. Bu irsi öyrənmək, ona yiyələnmək bir xoşbəxtlikdir!
1920-ci ildə Azərbaycan bütövlüyü yaranan bir anda, elimizə-yurdumuza qarşı siyasətdə çarlardan – Rusiya imperiyasından fərqlənməyən, əksinə, onlardan daha qəddar və qaniçən olan Leninin əmri və xalqımızın qəddar düşmənləri Stalin, Mikoyan, Serebrovski, Kirov, eləcə də aldanaraq bu böyük tarixi cinayətdə iştirak edən Nərimanov və başqalarının əli ilə Azərbaycan Demokratik Respublikası devrildi, qırğınlar baş alıb getdi, üstündən bir neçə ay keçəndən sonra Tehran irtica rejimi rus kazak alayları ilə əlbir olub Azadistan dövlətini devirdilər. Rusiya və Tehran xalqımıza qarşı tarixi cinayətlərini bir daha təkrar etdilər.
1920-25-ci illərdə Bütöv Azərbaycanda yüz minlərlə türk öldürüldü, xalqa divan tutuldu. Bu xalqın bir suçu vardı: Bütövlük və Azadlıq istəyirdi el-oba bütövlüyü, azadlığı!
Qaniçən-quldur Stalinlə qaniçən-quldur Rza xan və onların rejimləri bir-birinə düşmən olsalar da Azərbaycan türklərini ara vermədən qırmaqda, soyqırımlarının təşkilində bir idilər, bir-birindən geri qalmırdılar. Bu elə bir vəhşilik, elə bir barbarlıq idi ki, onu təsvir etmək, qələmə almaq hələ ki, mümkün olmayıb, bəlkə heç mümkün olmayacaq da! Azərbaycan türklərini fiziki məhv etməyi qarşılarına əsas məqsəd kimi qoyan Stalinlər, Rza xanlar, Mikoyanlar, daha kimlər və kimlərin iyrənc, barbar fəaliyyətləri nəticəsində həyatlarına vida etmiş ata-analarımızın, bacı-qardaşlarımızın sayısını təyin etmək mümkün deyil. Təkcə İkinci dünya müharibəsində Azərbaycanın güneyində yarım milyon, quzeyində isə milyonlarca türk qətlə yetirildi, sözün əsl mənasında, xalqımız soyqırımına məruz qaldı.
Bütün bu milli əzab və işgəncələrdə ölüm-dirim içərisində yaşayan xalqımız bir an da olsa öz azadlıq və bütövlük ruhunu itirmədi. Böyük Şeyx Xiyabani demişkən: “Bəli, azadlıq bir ruh kimidir, bir millətin cisminə girirsə onu da ruhlaşdırır”.
1942-ci ildə Azərbaycanın güneyində Azadlıq uğrunda başlayan xalq-azadlıq savaşı nəticəsində 1945-ci ildə müstəqil Azərbaycan Demokratik Respublikası dövləti yarandı. “Bütöv Azərbaycan” düşüncəsi və istəyi milli şüurumuza hakim kəsildi. Ancaq 1946-cı ildə ABŞ və Böyük Britaniyanın razılığı ilə Stalin və Pəhləvi rejimi bu dövlətimizi də yıxdılar. Bir sıra araşdırıcı tarixçilər bu məsələdə Qəvamüssəltənənin əsas rol oynadığını, Stalini aldatdığını yazırlar. Bu, düz deyil. Bu məsələdə Vaşinqton, London, Moskva və Tehran həmfikir idilər, bu fikirlərini də birgə həyata keçirdilər. Stalin Qəvamüssəltənə və Pəhləvi rejimi ilə həmfikir olmasaydı bu yeni dövlətimizin başçısı Seyid Cəfər Pişəvərini zorla Bakıya gətirtdikdən sonra öldürtdürməzdi.
Bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycan türkləri azadlıq və bütövlük istəyindən, idealından bir an olsun belə üz döndərməmişlər. 60-70-ci illərin nəsilləri son yarım əsrin tarixini, ədəbiyyatını araşdırır, hər yerdə, hər zaman müzakirə edir, ayrıca olaraq da Pişəvəri hərəkatında fəal iştirak etmiş güneyli gənclər, alimlər bu müzakirə və danışıqlarda fəal iştirak edir, Sovet İttifaqından, Stalindən, pəhləvilərdən nifrətlə söz açırdılar. Azərbaycanın fiziki bölünməsindən əzab çəkən ədib və şairlərimiz bu əzabı şerlərində dilə gətirir, bu mövzuya həsr edilmiş əsərlər əldən-ələ gəzir, dillər əzbəri olurdu. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının üzünü tələbələr, müəllimlər əl ilə, ya da yazı makinasında köçürüb yayırdılar. Alovlu yurdsevər şair Xəlil Rza (o zaman özünə “Odsevər” ayamasını götürmüşdü) “Məftillə sarınmış yaralar” əsərində və başqa əsərlərində yazırdı:
          Azadlığı istəmirəm damcı-damcı, qram-qram,
          Qolumdakı bu zənciri qıram gərək, qıram, qıram!
          Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
          İstəyirəm Azadlığı dəniz kimi, ümman kimi!

Ya da:

          Ölkə yandı, Vətən yandı,
          Qızıl pul tək xırdalandı,
          Dövlət getdi, var talandı
          O sahildə, bu sahildə!

 

          Füzulim bir qəmli neydi,
          Yarasına kimlər dəydi?
          O, bir dəmi qara geydi
          O sahildə, bu sahildə?!

 

          “Şəbi-hicran yanar canım”
          O sahildə, bu sahildə!
          “Tökər qan çeşmi-giryanım”
          O sahildə, bu sahildə!
          Həm o tayda, həm bu tayda.

Azərbaycanın bütövlük və azadlığına heç bir an inamını itirməyən Odsevər Xəlil qəti bir etiqadla deyirdi:

          Millət dustaq, Vətən məhbəs,
          Hanı Babək, Koroğlu bəs?!
          Dünya belə qala bilməz
          O sahildə, bu sahildə!
          Həm o tayda, həm bu tayda!

O zamanın mübariz yurdsevər, elçi gəncləri və aydınlarının çoxu bu şerin ya bütününü, ya da müəyyən bəndlərini əzbər bilir, yığıncaq, toy və görüşlərində uca səslə deyirdilər.
Çox sevdiyimiz şerlərdən biri də “Komsomol poeması”nda Səməd Vurğunun yaratdığı surətlərdən birinin – Türk zabiti Səbri bəyin dilindən dediyi sözlər idi. S.Vurğunun orada başqa məqsədlə, türk zabitini tənqid məqsədilə dediyi bu sözləri biz öz məqsədimiz, məsləkimiz üçün deyirdik:

          Əvət, əfəndilər! Çarxın gərdişi
          Qocaman Türklüyə gülmüyor çoxdan1,
          Ümid kəsməyəlim atılan oxdan…
          Vatan laləzardır, millət pürvüqar,
          Onun göylər kadar aməlləri var.
          Ayrılıq öldürür milləti hər an,
          Saatlar vurduqca yetişiyor zaman.
          Ayrılan qüvvələr birləşməlidir!
          Vatan bir toprağa yerləşməlidir!

1 Biz bu misranı belə deyirdik: Bu qocaman Yurda gülmüyor çoxdan!
Özümüzdə, gəncliyimizdə və ümumiyyətlə, xalqımızda dərin iztirab, el-oba, millət-vətən dərdi, kədəri ilə yanaşı bir mübariz ruh vardı“Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan! ruhu!

          Hürriyyəti-vicdan ki deyirlər, adı vardır,
          Ol huri dərağuş elə röyalar içində.
          …
          İmzasını qoymuş miləl övraqi-həyatə,
          Yox millətimin xətti bu imzalar içində!
          …
          İç, iç nə qədər istər isən qanımı, zalım,
          Bir gün görərəm qanını səhbalar1 içində!
                                        (Məhəmməd Hadi)

Ozamankı gəncliyimizin ruhuna bir mübarizlik, bir döyüşkənlik hakim idi. Keçmişimizdən, tariximizdən ideallar sorağında, axtarışında sanki bir yarış var idi. Kimisi Babək Xürrəmini (Cəfər Cabbarlının “Od gəlini” dramında bir adı da Elxan Biləgənli kimi verilmişdir), kimisi Şah İsmayıl Xətayini, kimisi Koroğlunu, kimisi Səttar xanı özü üçün daha böyük ideal sayırdı. Şairlərin arasında ən çox Məhəmməd Hadi, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq sevilirdi. Bunun bir səbəbi onların əsərlərindəki mübariz romantizm idisə başqa bir səbəbi də milli ruhun tərənnümündə və bolşevik diktaturasına boyun əymədikləri üçün həyatlarının faciəvi sonluğunda idi. Belə ki, bu dörd milli, yurdçu şairin qəbirləri də haradadır, bilən yox idi.

          Mən ölmədən əvvəl vətənimdir mənə məqbər,
          Çünki vətənimdir, buna olmam ki, mükəddər!2

 

deyən Məhəmməd Hadi həm də bildirirdi:

 

          Bəxtim kimi olsun kəfənim, yəni siyəhnak,
          Heykəl diləməm, heykəli-qəbrimdir o əflak.
          Millət işıq olsun, məni udsun bu siyəh xak3,
          Ancaq dilərəm qövmüm ola sahibi-idrak.
          İdrakı olanlar məni sonra qanacaqdır,
          Bir qövmü dirildən də cahanda qanacaqdır.

1 Qədəh, badə – red.
2 Vətənim məqbər (məzar) olduğuna görə buna (ölümümə) kədərlənmərəm! – red.
3 Qara torpaq – red.
Məqbəri olmayan, qəbri tapılmayan, ruhunu millətinin, yurdunun ruhuna qovuşduran dahi şairlərimizdən biri də Əhməd Cavaddır. O deyir:

          Soranlara bən bu yurdun
          Anlatayım nəsiyim?
          Bən çeynənən bir millətin
          “Haqq” bağıran səsiyim!

Təkcə dahi bir şair deyil, bir milli qəhrəman Əhməd Cavad Səndən ötrü can verməyə cümlə hazırız!” – dedi və Azərbaycan uğrunda da canını verdi. Kim nə deyirsə, desin, Tanrınınmı, təbiətinmi, tarixinmi bir əbədi ədalət hökmü var; uzun illər keçdi, Əhməd Cavadın şeri Azərbaycan xalqının himni oldu ulu bir dahiyə ulu, həm də əbədi bir heykəl! Ey Türk elinin, Azərbaycan yurdunun böyük ər oğlu əri, sənin yurduna, el-obana ərməğan etdiyin himni qürurla oxuyacaq, arxasınca da söyləyəcəyik:

          Çırpınırdın, Qara dəniz,
          Baxıb türkün bayrağına!
          “Ah!, deyərdin, heç ölməzdim
          Düşə bilsəm ayağına!”.

 

          İncilər tök gəl yoluna,
          Sırmalar səp sağsoluna!
          Fırtınala1r dursun yana,
          Salam türkün bayrağına!

1 Gümüş, yaxud qızıl saplar – red.
Ey böyük mücahid, ey şanlı şəhid, Tanrı bu müqəddəs arzunu, diləyini də yerinə yetirdi. Bu gün Türk bayraqları başımızın üstündə və bütün dünyada dalğalanır, sənin ruhun kimi göylərə çəkilir, yüksəlir.
Daha bir dahimiz! Hüseyn Cavid: “Bir zaman gələcək şimal ayısının dərisi çatlayacaq, müstəbid rus zənciri qırılacaqdır!”. Şimal ayısının dərisi çatladı, müstəbid rus zənciri qırıldı, ey şanlı şəhid!
XX yüzil Azərbaycan siyasi və bədii ədəbiyyatını yaxından araşdırsaq yurd, el-millət və dilə aid düşüncə və yazılar bir neçə cild kitab edər. Çox acıdır ki, gərəkli olan belə bir iş indiyədək görülməmişdir. İnanıram ki, yaxın illərdə bu araşdırma aparılacaq.
Burada bir-iki misalı göstərməklə biz yazının bu bölməsini yığcamlaşdıraraq qurtarmaq məcburiyyətindəyik.
60-70-ci illər gəncliyi bir xalq şerini ruhunda, düşüncəsində və açıq olaraq səsləndirirdi:

          Duman, gəl get bu dağlardan,
          Dağlar yenə bar eyləsin!
          Nə gözlərim səni görsün,
          Nə könlüm qubar eyləsin!

Bir də: “Vətən eşqi babalardan qalmış əziz bir yadigar” (S.Vurğun) və “Ustadımız deyib heçdir Vətənsiz can, Azərbaycan” (Şəhriyar), “Vətən mənə oğul desə nə derdim, Mamır olub qayalarda bitərdim!” (M.Araz) və başqa şer parçaları dillər əzbəri idi.
Bir sözlə, yurd, el, dil bütövlüyümüzün ruh qaynaqları başqa yerdə yox, milli ədəbiyyatımızda, tariximizdə və mədəniyyətimizdə idi.
Doğrudan-doğruya, insan ilk anda iyirminci yüzil Türk dahiləri: Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Məmmədəmin Rəsulzadə, Mustafa Kamal Atatürk, Şeyx Məhəmməd Xiyabani, Məhəmməd Hadi, Əhməd Cavad, Hüseyn Cavid və bir çoxunun peyğəmbərliyinə şaşırır, öz-özünə “bunlar ki peyğəmbərdir” deyir. Bir qədər geniş və dərin düşünəndə görür ki, burada şaşırmağa yer yoxdur, çünki Ulu Tanrı özü bu dahiləri xeyrə calamış və Kitabında buyurmuşdur: “Sizin ən xeyirliniz öz millətini müdafiə edəndir”. Yenə buyurmuşdur: “Kim xalqı sevirsə, mən də onu sevirəm. Kimi xalq sevirsə mən də onu sevirəm”.
Bununla yanaşı, hz. Məhəmməd peyğəmbər buyurmuşdur: “Məndən sonra ümmətimin içindən elə böyük bilginlər çıxacaqdır ki, onlar keçmiş peyğəmbərlərin çoxundan üstün olacaqlar”.
Bu yazının bu bölməsini ulu Atatürkün sözləri ilə bitirmək istəyirəm: “Təbiəti ilə bir torpaq parçası durub dururkən Vətən olmaz. Torpaqları Vətən yapan qan, iman və ürfandır qan, iman və üfranla yoğrulacaqdır ki, ələladə bir coğrafiya parçası Vətən olsun!”.
Bir də qeyd edim ki, bu yazının ikinci bölməsinə bir neçə yeni əlavələr etsəm də bütöv-bütövünə onun əsası 1975-ci ildə, həbs edildiyimdən qabaq yazılmışdı. Orada toplanan ədəbiyyatın böyük bir bölümü yadımda dəqiq qalmayıb, indi yazdıqlarım da yaddaşımda qalanların bir hissəsidir, onu da bir sıra dost, tanış və cəbhədaşlarımın təkidli istəyinə görə yazdım.
Yazının üçüncü “Azərbaycan necə birləşə və birləşdirilə bilər?” adlı bölməsi əslində bir plan-proqram idi, bir sıra yerləri məsləhət səciyyəsi daşıyırdı. Burada onu açıqlamağa ehtiyac duymuram. Ona görə ki, Azərbaycanın bütövlüyü, ya da daha doğrusu, Bütöv Azərbaycan işığında, Bütöv Azərbaycan yolunda milyon-milyon Türk toplaşmaqdadır. Mən də özümü bu yolun bir əsgəri sayıram.
Bu gün həmin yazı yazılan vaxtdan iyirmi beş il, yandırılan vaxtdan iyirmi iki il keçir. Bu zaman axarında ideya daha da güclənmiş, mənim də, yüz minlərlə yurddaşımızın da dil, millət və yurdumuz haqqında bilgimiz qat-qat artmışdır. Yeni şərait yeni üsullar, yeni yollar göstərir və tələb edir. Yalnız bir əsas tezisi göstərmək istəyirəm ki, mən o zaman da, indi də Bütöv Azərbaycan məsələsini siyasi yollarla həll etməyi üstün tutub silahlı mübarizəni son çarə sayırdım və sayıram. O zaman tələb edirdim və bildirirdim ki, SSRİ Konstitusiyasına (Anayasaya – Əsas Qanuna) görə, İttifaqın tərkibindən bir respublikanın istədiyi vaxt çıxmaq hüququnu əsas alaraq Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən çıxıb müstəqil dövlət olmalı, Bütöv Azərbaycan məsələsini Birləşmiş Millətlər Təşkilatında müzakirəyə çıxarmalı və məsələni BMT-nin vasitəsi ilə həll etməlidir. Azərbaycan öz arzu və tələbini həyata keçirmək üçün bölünmüş ölkələr: Almaniya, Koreya, Yəmən, Vyetnam və başqaları ilə işbirliyinə qoşulmalıdır. Yeri gəlmişkən, qeyd edim ki, hamının bildiyi kimi, Vyetnam silahlı mübarizə, Almaniya dinc siyasi yolla birləşdi.
İndi isə Azərbaycan xalqı bu məsələni ATƏT, İslam Konfransı [Təşkilatı] və başqa uluslararası (beynəlxalq) təşkilatlar qarşısında da qaldıra bilər. Bütün siyasi yollara baş vurulmalı, əgər məqsəd əldə edilməzsə son çarə olaraq Azərbaycan silahlı mübarizə yolu ilə birləşdirilməli, birləşməli, bütövləşməlidir!
* * *
Bəli, yenə qayıdaq Sizə, cənab keçmiş KQB-nin (DTK) keçmiş Baş prokuroru, Sizin dediyiniz “Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr” adlı yazımın əsas mayası bu öncə yazdıqlarımdan ibarət idi. Mən silahlı mübarizəni son çarə saymışam. Siz isə mənim bütün fikirlərimi bir yana qoyaraq, yalnız birindən yapışaraq “ay camaat, baxın, bu adam sizi ölümə, qana çağırır, gənclərimizi qan tökməyə qızışdırır, qırğına vermək istəyir” deyə yalnız bir istəyinizə nail olmaq arzusunda idiniz və o fikirdən də əl çəkə bilməməyiniz Sizi tərk etməyən mərəzinizdir “xalq düşməni” tapmaq, tapılmazsa da şər və böhtanla “xalq düşməni”, “faşist”, “agent” və sovet dövrünün başqa damğalarını vurmaq.
Cənab prokuror, doğrudanmı, Siz hələ də hiss etmirsiniz ki, tarix KQB-ni dəfn edib?!
İkincisi, əgər Siz xalqımızı öz azadlığı və bütövlüyü uğrunda silahlı mübarizə aparmaqdan qorxutmaq istəyirsinizsə çox nahaq; bütün Azərbaycan xalqı bilir ki:

          Bayraqları bayraq yapan üstündəki qandır,
          Topraq, əgər uğrunda ölən varsa Vatandır!

Bir gün gələcək, Azərbaycan xalqı sözünü hər cür deməyə və ona əməl etməyə imkan tapacaqdır. O gün uzaqda deyil! Kim Azadlıq və Bütövlük uğrunda silahlı mübarizəyə qarşıdırsa Səttar xanın, Bağır xanın, Məmmədəminin, Atatürkün, Xiyabaninin, Pişəvərinin yolundan çəkilsin!
* * *
Sonda gəldik minləri, yüz minləri çaş-baş salan “məktubun” məsələsinə. Bu məktub-nəsihət, yaxud məktub-vəsiyyətnaməni kim yazıb? Cənab keçmiş prokuror Yəmən Yusifov, indiki deputat Asya Manafova, cənab şər və böhtan şeypurçusu, Akademiyanın müxbir üzvü Nizami Süleymanov, cənab “xoşbəxtlər”, inanırsınız inanın, inanmırsınız inanmayın, mən yazmamışam, məktub mənim deyil! Mən bunu istintaq və məhkəmə zamanı dəfələrlə bildirdim, ancaq kimsə mənim sözümə qulaq asmadı. Dönə-dönə bildirdim ki, mən evli deyiləm, bunu hamı bilir, necə ola bilər ki, mən həyatda olmayan “oğlum”a məktub-nəsihət yazam?
Məktub “Yağmur” adlı bir uşağa müraciətlə yazılıb. Bəli, KQB axtardı, Azərbaycanda Yağmur adlı adamı (uşağı) tapmadı. şayiə yaydı ki, bəs sən demə, Əbülfəz Misirdə işləyəndə orada evlənib, bir oğlu olub, uşaq anası ilə Misirdə qalıb, Bakıdan oğluna yazdığı bu məktubu göndərəndə KQB-nin əlinə keçib.
Ağıllı adamlar belə sual qoymuşdular: deyək ki, bu düzdür. Bəs onda məktub niyə rusca yazılıb? Misrə məktub, misirli qızından olan oğluna ya ərəbcə, ya da türkcə yazılmalı idi.
KQB böhtan-şayiəsinin məkanını dəyişdi: sən demə, Leninqradda 6 aylıq aspirantura məzuniyyəti dövründə bir rus qızı ilə evlənib, ondan da bir oğlu olub, adını qoyub Yağmur, ona görə də məktubu rusca yazıb. Əbülfəz rus qızı ilə evləndiyini gizlədir, qorxur ki, özü millətdən danışa-danışa rus qızı ilə evləndiyini bilsələr ona inanmazlar, hörmətdən düşər.
Bir dəfə hətta qardaşım həbsxanaya mənimlə görüşə gələndə dedi ki, bu məktub məsələsindən hamı danışır. Bəlkə, doğrudan da Leninqradda oğlun var, bizdən gizlədirsən? Onsuz da, olan oldu, keçən keçdi, əgər elə bir şey varsa ünvanı ver, gedək, ailəni gətirək; dünyanın işini bilmək olmaz barı sənin yadigarın qalsın!
Deyirlər yalan ayaq tutar, ancaq yeriməz. Bəli, sonda yeriməz. Amma bu KQB yalanı, böhtanı 75-ci ildən bugünədək orda-burda yeriyir, hətta həyasızcasına mətbuatda da ara-sıra təkrarlandırılır.
Niyə bu məktubun haqqında mən gerçəyi açıb demirdim? Birincisi, bu məktubu o zamanlar KQB-də millətçi-türkçü kimi tanınan məsləkdaşım, yaxınım Aydın bəy Abbasov bir kitabdan öz xətti ilə köçürmüş, mənə verdiyi bir kitabın içində gəlib mənim kitablarımın arasına düşmüşdü. O zamanlar onu da həbs etmək istəyirdilər. İstintaqda tez-tez onun adını çəkir, dostum olduğunu söyləyirdilər, “səninlə bir yerdə həbsdə yatacaq” deyirdilər. Deyirdilər ki, respublikada bir çox pantürkist var, onların hamısını Sibirə göndərmək lazımdır. Həmin vaxt Aydın bəy çağdaş Türkiyədə siyasi-ictimai, ideoloji cərəyanlar haqqında namizədlik dissertasiyası üzərində çalışır, demək olar ki, araşdırmasını qurtarıb müdafiəyə hazırlaşırdı.
Mənim məhkəməmdən bir az keçməmiş KQB Aydın bəy haqqında istintaqa başladı və hətta hazır dissertasiya işini aparıb bir müddət KQB-də ələk-vələk elədi. Aydın bəy Akademiyada çalışırdı.
Bir daha qeyd edim ki, Akademiyadan bir çox elmi işçinin, aspirantın həbs edilməsi nəzərdə tutulmuşdu. Onların siyahısı da hazır idi. Akademiyanın ozamankı prezidenti, indi rəhmətlik Həsən Abdullayev prezident və Azərbaycan Mərkəzi Komitəsinin üzvü səlahiyyətlərindən istifadə edərək buna imkan vermədi.
Aydın bəy Abbasov bu məktubu haradan köçürmüşdü və niyə rus dilində idi? Bu məktub yenə o zaman Akademiyanın elmi işçisi, elmlər namizədi Esmiralda xanım Həsənovanın kitabından köçürülmüşdü. Əsər rus dilində idi. Esmiralda xanım bu əsərində bütün Sovet İttifaqında ilk dəfə idi ki, türkçülüklə pantürkizmi ayırmış, türkçülüyün necə, pantürkizmin necə olduğunu çox geniş təhlil etmişdi. Mən istəmirdim ki, bizdən yana başı bəlaya düşsün. Onda bilsəydilər onu da hökmən KQB-yə çağırıb, ən azı dindirəcəkdilər. O zamanlar hər hansı bir vətəndaşı nədən ötərisə KQB-yə çağıranda onun yarı canı gedirdi, ətrafda bir xısıntı başlayır, dost-tanış bir-birinə deyir, bundan xəbər tutanlar o adama şübhə ilə yanaşır, düşmənləri onu qaralayır, dedi-qodu yayırdı. Bir sözlə, KQB bir qan çanağı, cəhənnəm ocağı, zor və qorxu maşını idi.
Mən Esmiralda xanımı uzaqdan tanıyırdım, ancaq onun böyük bacısı Raifə xanım Həsənova mənim Universitetdə müəllimim olmuş, XIX yüzil Azərbaycan ədəbiyyatından dərs demişdi.
Bir də açığını indi deyim ki, özüm bilə-bilə istəyirdim ki, KQB Azərbaycanda, Misirdə, Leninqradda Yağmuru axtarsın, öz yalınının əziyyətini özü çəksin, dolaşsın, dolaşsın, özünü dolaşdırsın. Bu “xoşbəxtlər”, deyəsən, özlərinin yalanına özləri inanmışdı. İndi də mənim qarşımda özlərini çox gülməli duruma salırlar. Bunun nəyi pisdir?!
Cənab “xoşbəxtlər”, bu məktubu nə mən, nə Aydın bəy, nə də Esmiralda xanım yazmışıq. İyirmi iki ildən sonra sizlərə həqiqəti deyim: bu məktub-tövsiyyəni, yaxud məktub-vəsiyyətnaməni 1941-ci ildə may ayının 4-də tanınmış Türkiyə ideoloqu Hüseyn Nihal Atsız Xoca, o zaman yaş yarımında olan birinci oğlu Yağmura müraciətlə yazıb. Məktub belə başlayır: Yağmur, oğlum!
Bu gün tam bir buçuk yaşındasın. Vasiyyetnameyi bitirdim, kapatıyorum. Sana bir resmimi yadigar olarak bırakıyorum. Öğütlerimi tut, iyi bir Türk ol!
Kommunizm bize düşman bir meslekdir. Bunu iyi belle
Sonu: Tanrı yardımcın olsun! Nihal Atsız.

Cənab “xoşbəxtlər”, heç sizlərə ayıb deyilmi?!
Əlavə məlumat üçün deyim ki, Nihal Atsız 1976-cı ildə Allah rəhmətinə gedibdir. Onun məktub yazdığı oğlu Yağmur Atsızın indi 57 yaşı var. İstanbulda yaşayır.
Cənab “xoşbəxtlər”, indi bildinizmi Sovet İttifaqı niyə dağıldı? Böhtan, yalan, şayiə, iftira və zor üzərində dayanan dövlətlərin sonu belə olur! Yalançı, Allahın düşmənidir! Allah qoysa, İran da bu bəlaya gələr!

Kələki, 1996


ƏN KƏSƏ YOL

Standard

ƏN KƏSƏ YOL

 

 Bir zamanlar quzeydə Dərbənddən güneydə Həmədan əyalətinə, doğuda Xəzərdən batıda Göyçə gölünün batı əyalətlərinədək olan torpaqlarda yerləşmiş qüdrətli Böyük Azərbaycan XIX yüzilin birinci rübündə Rusiya imperiyasının 2 dəfə, üst-üstə götürdükdə 11 il davam edən qanlı müharibələri nəticəsində əvvəl 2 hissəyə, sonralar bir neçə hissəyə parçalandı. Elə bununla da Böyük Azərbaycanın 187 il davam edən faciəsi başlandı. Azərbaycan torpaqları hərrac bazarına qoyuldu. Kim istədi satdı, kim istədi aldı, kim istədi bağışladı. Bütün bu dövr ərzində Azərbaycan xalqı amansız qırğınlara məruz qaldı. Torpaqlarımız vaxtı ilə Türkiyə, İran, Ərəbistan, Hindistan və Balkan bazarlarında girlənən erməni fırıldaqçılarına satıldı, hədiyyə verildi.

İranın, Rusiyanın kölə və yarımköləsinə çevrilmiş xalqımız bütün bu tarix boyu çabaladı, çalışdı, irəliləmək üçün deyil, yalnız və yalnız öz varlığını qoruyub saxlamaq uğrunda vuruşdu. Bu ölkədən o ölkəyə, o ölkədən bu ölkəyə qaçqın getdi, yurdda vuruşanlar dağlara qaçaq düşdü, 100 il boyu Azərbaycanı qaçaq hərəkatı bürüdü.

Yabançı generallar, sərdarlar başlarını Azərbaycanda qoydular. Səttar xan, Qaçaq Nəbi, Şeyx Məhəmməd Xiyabani, Məhəmmədəmin Rəsulzadə kimi yüzlərcə Azərbaycan mücahidi xalqın azadlığı uğrunda çarpışdı. Bəli, müasir dövrün görkəmli filosof tarixçisi, tatar Qumilyov demişkən, əgər hər hansı bir etnos (xalq) bilə-bilə zaman-zaman öz arasından insanlar ayırıb öz varlığı üçün qurban verirsə, deməli, o etnosa ölüm yoxdur! Mübarizə xoşbəxt azadlıq uğrunda deyil, yaranan, tarixdə özünü təsdiqlədən və dünyaya təqdim edən bir xalqın yaşayıb-yaşamaması uğrunda mübarizəsi idi.

1918-1920-ci illərdə Azərbaycan xalqı ölüm təhlükəsini aradan qaldırıb özünü tarixdə bir daha təsdiqlətdi. Güneydə Xiyabani hərəkatı, Quzeydə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanı Yeni dünyaya tanıtdı. Hamımızın bildiyi kimi, bu dövr çox çəkmədi… Rusiyada çarlıq imperiyasının yeni varisi – qırmızı Sovet imperiyası yarandı. İlk illərində bu imperiya hələ zəif olduğundan, Azərbaycanın quzeyindəki demokratik dövləti yıxdı, ancaq özünün də hələ zəif olmasından dolayı, həmin demokratik dövlətin yerində hər hansı bir dövlət qurumunu saxlamağa məcbur idi. Sonra bu dövlət qurumu Azərbaycan Sovet Sosialist Respublikası oldu.

20-ci ildən sonra Azərbaycanın güneyində Xiyabani hərəkatını boğdular. İranda Azərbaycan sülaləsi olan Qacarlar devrildi, yerinə fars-Pəhləvi sülaləsi hakimiyyətə gəldi. Azərbaycan xalqının (o taylı-bu taylı) yeni faciə dövrü başlandı. Qətllər, talanlar, qırğınlar ara vermədi… Azərbaycanın quzeyindəki Sovet respublikası Azərbaycan xalqını əzmək alətinə çevrildi.
Belə bir fikir var və bu fikri son vaxtlar daha tez-tez eşitmək olur; bu təqribən belə səslənir: hər bir xalqın dövləti özünə layiqdir. Bunu belə şərh edirlər ki, guya bizim də dövlətimiz özümüzə-xalqımıza uyğundur. Bu, tamamilə yanlış düşüncədir. Bu fikir özünü əslində harada doğruldur? Bizim öyrəndiyimiz anlayışlarla desək, xalq – bazis özünün üstqurumlarından birini – dövlət qurumunu yaratmalıdır. Əgər bu qurumu yaradırsa, sözsüz ki, bazisin tələbi və istəyi əsasında yaranır və bu quruma həmin xalq, yaxud bu xalqa həmin qurum layiq olur, hər ikisi bir-birini təmsil edir. Bu fikirlə razılaşmamaq olmaz. Deməli, söz azad xalqdan gedir, öz üstqurumunu yaratmaqda müstəqil olan bazisdən gedir. Əgər hər hansı bir xalq qanlı terror və işğal nəticəsində özündən qat-qat güclü olan hər hansı bir imperiyanın köləsinə, müstəmləkəsinə çevrilirsə, bu vaxt imperiya da onu istədiyi kimi əzmək, istismar etmək üçün oyuncaq dövlət qurumu yaradırsa, deməli, bu qurum xalqın arzusu əsasında yaranmır və onu təmsil etməyə layiq deyil!
Hətta böyük dövlətlərin əzdiyi xalqlar üzərində qurulan dövlət qurumları da müxtəlif olur. İkinci dünya müharibəsində Amerika, İngiltərə, Sovet İttifaqı Avropanın ən güclü xalqlarından biri olan almanları darmadağın etdilər. Almaniyanın böyük bir hissəsində Amerika, İngiltərə və Fransanın iradəsi ilə federal alman dövləti yaradıldı, başqa bir hissəsində isə SSRİ-nin iradəsi ilə Almaniya Demokratik Respublikası. Sual olunur: alman xalqı hansı dövlətə, yaxud hansı dövlət qurumu alman xalqına layiq idi? Heç biri! Ancaq Şərqə baxmış Qərbdə qurulan dövlət alman xalqı üçün az-çox əlverişli idi. Əsl alman dövləti indi yaranmaqdadır.
Bütün Azərbaycanda bu gün xalqımızı ona layiq təmsil edəcək dövlət qurumu yoxdur. Təkrar edirik: yalnız və yalnız AZAD (!) xalqın yaratdığı dövlət onun özünə layiq olur!!
Biz burada Moskvanın 70 ildə Azərbaycanda apardığı siyasəti təhlil etməyəcəyik. Bəs Moskvanın bugünkü siyasəti necədir? Bugün Moskva ona tabe ölkələri və xalqları daha əvvəlki tək “idarə edə” – əzə bilmir. Rusiya özü fəlakət qarşısında, daha döğrusu, fəlakət içindədir, ona görə də o, ilk öncə Avropadan əlini çəkmək məcburiyyətində qaldı. İndi əsas vəzifə imperiyanı dağılmaqdan qurtarmaq, onu nə isə aldadıcı, bir qədər də cəzbedici şəklə salmaqdan ibarətdir. Onun üçün də demokratiya, aşkarlıqyenidənqurma adı altında “yuxarıdan inqilab” (bu da aldatmaq üçündür: yuxarıdan inqilab olmur, deməli, yuxarının fitvası ilə aşağıdan inqilab) edilir. Bunun üçün ayrıca proqramla iş görülür. Hansı xalq bu proqramdan kənara çıxıb öz iradəsi ilə hərəkət edirsə, onu gülləyağışı gözləyir, ya da ki, qırğın və talan törədici millətlərarası ədavət.
Bir vaxt İran şahı yuxarıdan islahatlar apararaq adını “ağ inqilab” qoydu, onun ən böyük zərbəsi Azərbaycan xalqına dəydi. İndi Qorbaçov yuxarıdan islahatlar aparıb adını “inqilab” qoyur, ən böyuk zərbəsi Azərbaycan xalqına vurulur. Bir vaxt Azərbaycanın güneyinə gələn Məhəmmədrza Pəhləvi “Azərbaycan iri addımlarla irəliləyir” demişdi, ustündən neçə il keçməmiş Azərbaycanın quzeyinə gələn Leonid İliç Brejnev “Azərbaycan iri addımlarla irəliləyir” dedi. Görəsən, necə olur ki, müsəlman monarxlarla kommunist monarxlar bir-birinin ağzına tüpürmüş kimi olurlar?! Monarx hər yerdə monarxdır  dinindən, əqidəsindən asılı olmayaraq. Vay o gündən ki, hər iki imperiya monarxının “Azərbaycan” adlı bir müstəmləkəsi ola, yarısı birinin, yarısı obirinin!
Moskva azadlığa boylu olmuş ölkələri “islahat” dərmanı ilə ölü doğmağa məcbur edir; əgər “mədəni” yol baş tutmasa dəyirmanında öz istədiyi kimi üyüdür. Ya dərman, ya dəyirman?!
Üç ilə yaxındır ki, Azərbaycan ayaq üstədir. Zülmün – imperiyanın topu, təyyarəsi, tankı və gülləsi varsa haqqın – xalqın da dönməz üzü vardır. İmperiya od, güllə püskürdü, Göyçə, Zəngəzur bir daha yenidən dağıldı, Qarabağa yağı əlləri uzandı, Sumqayıt, Gəncə, Bakı… hər yer qana çalxandı. Xalq yurdunu qorudu, Azərbaycanı iki yerə bölən dəmir pərdəni dağıtdı…
Bu gün Azərbaycanın quzeyində iki qüvvə – imperiya və xalq üz-üzə durmuşdur. İmperiya bu qeyri-bərabər güclərin mübarizəsində erməni diasporundan və Avropanın, Amerikanın bizə ögey münasibətindən istifadə edir.
Bu qüvvələrlə üz-üzə təkcə dayanmış xalqımızı demokratik qüvvələrimiz təmsil edir. Bu qüvvələrə dünyadakı bir sıra başqa demokratik qüvvələr rəğbət bəsləyir. Yurdumuzun güneyində böyük mənəvi dayağımız vardır. Nə yazıq ki, bir yerdə mübarizəyə qoşulmamışıq. Axı biz hələ millət olmamışıq, xalq yolundan millət yoluna təzə-təzə addım atırıq.
QEYD: Tez-tez soruşurlar ki, xalq nədir, millət nədir? Elmlə izah etmək çox uzun-uzadı alınacaq. Sualı başqa cür qoyun: xalq kimdir, millət kimdir? Onda “nədir?” sualına cavab taparıq. Xalq bizik, millət almanlar! Niyə? Almanlar sərhədlərini pulla alırlar, var-dövlətləri də özlərinindir. Biz sərhədlərimizi qanla alırıq, var-dövlətimiz də özgənindir. Almanlar özləri toxdur, ac Rusiyaya ət, süd, un verirlər. Biz özümüz acıq, ac Rusiyadan ət, süd, un gözləyirik. Moskva 70 il düşmən kəsildiyi almana indi “dost”, “qardaş” deyir, ona əl açır, 70 il “kiçik qardaş” dediyi bizə indi düşmən kimi baxır, bizi tankların altında əzir. Almanlar sovet əsgərlərinin nişanlarını, kəmərlərini, çəkmələrini, paltarlarını (lənət şeytana, daha nə qaldı ki!), hə, papaqlarını (rəhmət sənə, Mirzə Cəlil!) hərrac bazarına qoydurur. Biz isə təkcə sağlam oğullarımızı deyil, hətta xəstə gənclərimizi əsgərlik adına ölümə göndəririk!
Yəqin aydın oldu.
Məsələnin ana xəttindən bir az qırağa çıxdığımıza görə oxucular suçumuzdan keçsin…
Moskvanın bütün ümumi siyasəti ilə yanaşı, o, hər bir respublikaya, hər bir xalqa qarşı xüsusi siyasət yürüdür. Ona görə də “nə üçün Litvanın, Ermənistanın, Gürcüstanın və b. dövlət rəhbərləri başqa cür hərəkət edir, Azərbaycanınkı başqa cür?” sualı sadəlövhlükdən başqa bir şey deyildir. Birdəfəlik bilməliyik ki, Moskvanın Azərbaycana aid siyasəti hər hansı bir respublikaya olan siyasəti ilə tutuşdurulmamalı, həmişə ayrıca götürülüb onun üzdə olan deyil, dərində, gizli qalan kökləri, bağları üzə çıxarılmalıdır.
Azərbaycan ən varlı, hərtərəfli zəngin bir ölkədir. Var-dövlət müstəqil xalqlar üçün səadətdirsə müstəmləkə üçün bədbəxtlikdir. Azərbaycan Rusiya imperiyası üçün Şərqin qapısıdır. Azərbaycanın birləşib müstəqil olması Güney Qafqazda imperiyanın bütün dayaqlarının dağılması deməkdir.
Pyotrdan dünənə kimi Hind okeanında isti sulara can atan və bu siyasəti bütün dövrlərdə ardıcıl yürüdən imperiya üçün Xəzər hövzəsini işğal etmək ilkin şərt olmuşdur. Xəzərin iki açarı – Həştərxan və Bakı imperiyanın daimi zərbə hədəfi olmuşdur. Azərbaycan yüz illərdir imperiyalar tərəfindən müdafiə olunan və onların Şərqdə casusu rolunu oynayan erməni lobbisinin gəlir mənbəyidir. “Azərbaycan İranın taxıl anbarıdır”, “Əgər Azərbaycan müstəqil olarsa İran ondan asılı vəziyyətə düşər” deyən İran ideoloqları məsələyə çox düzgün qüymət vermişlər.
Çox ötəri və ümumi dediyimiz bu sözlər Azərbaycanda imperiya siyasətinin bəzi xətlərini görmək üçündür. Əslində isə gərək Azərbaycanın yeraltı və yerüstü, maddi və mənəvi sərvətləri ilə sadəcə tanış olmaq üçün cildlərlə kitablar yazılandan, dünya siyasətində, Sovet imperiyası, İran və Ermənistan siyasətində Azərbaycanın yeri bütöv-bütövünə araşdırılıb açıqlanandan sonra biz özümüzü başa düşə bilərik.

Bəlli olduğu kimi, 60-80-ci illərdə imperiyanın dövlət aparatı çürümə dövrü keçirirdi. Mənim yadımdadır – hələ 60-cı illərdə bir Avropa alimi yazmışdı ki, Sovet dövləti dağılmağının rüşvətxorluq mərhələsini keçir. Bu məsələni təhlil edərkən mən ilk öncə inanmadım. Məni Engelsin bir məktubu çaşdırdı. O, Rusiyada dövlətin köklərinin zəif olduğunu göstərərək orada sosializm qurmağın daha asan olduğunu yazan bir rus ziyalısına belə cavab vermişdi ki, siz düz demirsiniz; Rusiyada kiçik və iri məmurlardan ibarət böyük bir təbəqə vardır, bunlar dövlətdən çox az maaş aldıqları üçün xalqı soyur, rüşvətlə dolanırlar, buna görə də Rusiya dövlətini müdafiə etməkdə həddən artıq maraqlıdırlar, çünki bu dövlət olmasa onlar rüşvət ala bilməzlər, buna görə də dövlət aparatının kökü lap aşağılara qədər işləyir.
Bir qədər də götür-qoy etdikdən sonra aydın oldu ki, Engels səhv edib – istər Kerenskinin, istərsə də Leninin çevrilişləri zamanı həmin məmurlar çox böyük rol oynadılar. Eyni zamanda, tarixdən mənə aydın oldu ki, bir çox dövlətlərin əsasını rüşvətxorluq sarsıdıb. Məsələ aydın idi.
Sonra 70-ci illərin əvvəllərində bir ispan cəmiyyətşünasının belə bir fikrinə rast cəldim ki, Sovet İttifaqında “sosializm” deyilən quruluş düz deyil, o tez-gec dağılacaq, çünki bu cür quruluş ümumiyyətlə insanın, xüsusilə fərdin təbiətinə ziddir. Bu fikir bir çox əsərlərdə başqa-başqa şəkildə ifadə edilirdi. Bununla razılaşmamaq olmazdı. Çox keçmədi ki, Saxarov SSRİ-də insan haqları uğrunda mübarizəyə başladı. Kütləvi kölə psixologiyasından qurtulan fərdlərin sayı gündən-günə çoxaldı. Onun dalınca cəmiyyətlər və xalqlar Azadlıq eşqinə düşdülər.
1987-ci ildə Azərbaycanda yeni bir oyanış başlamışdı. İmperiya bunun qarşısını almaq üçün Qarabağ məsələsini ortaya atdı. Ancaq yuxarıda göstərdiyimiz kimi, bu imperiya 30 ilə yaxın idi ki, rüşvətxorluğun dağıdıcı, içəridənyeyici təsiri nəticəsində iflic olmuşdu. Dövlət aparatlarının heç biri dəqiq işləmirdi. Ona görə Mərkəzin Azərbaycan və onun xalqı haqqında fikri yanlış idi. Qarbaçov, onun ətrafındakılar və xüsusən də yan-yörəsində peyk kimi hərlənən erməni lobbisi belə düşünürdü ki, Azərbaycan xalqının elə bir güclü siyasi təşkilatı yoxdur, respublikanın başçıları isə Moskvanın yesirləridir, deməli, Qarabağı ermənilərə vermək olar. Bununla həm Azərbaycanı tam iflic etmək, həm də dünya ermənilərindən və onları himayə edən böyük dövlətlərdən imperiyaya yaxşı arxa düzəltmək olar.
Bir neçə ayın içərisində 7 milyonluq bir xalq “Qa-ra-bağ!!” deyib ayağa qalxdı. Təkcə Moskvanın deyil, bütün dünyanın təsəvvürü alt-üst oldu. Bir “Azərbaycan” fenomeni zühur etdi. Tariximizdə ilk dəfə olaraq dünyanın hər yerindən qəzet, radio-televiziya işçiləri, mübariz demokratlar, konsullar, səfirlər və b. Azərbaycana axışdı. Baltikyanı respublikalarda azadlıq hərəkatlarının yeni dalğaları qalxdı, Moldova və Gürcüstanda xalq hərəkatlarına ilkin təkan verildi.
1988-ci il noyabr ayının 25-27-sində Bakının Azadlıq meydanında Nemət Pənahov deyəndə ki bizim bu xalq hərəkatımızla bütün SSRİ-ni azadlıq hərəkatı bürüyəcək, buna çox adam şişirtmə, böyütmə kimi qiymət verirdi. Doğrudan da, çox çəkmədi ki, SSRİ-ni hərəkatlar bürüdü. Moskva özünü itirdi.
89-cu ilin son aylarında Azərbaycanda xalq hərəkatının ikinci yüksəlişi başlandı. Moskva qorxuya düşdü. Deməli, bu dəfə hərəkat vaxtından qabaq boğulmasa SSRİ darmadağın olacaq! Qorbaçov Maltada Buşla gizli görüşlərində bu məsələnin üstündə bərk dayandı. Buşun dövlət katibi Ceyms Beyker belə bir bəyanat verdi ki, əgər Moskva Zaqafqaziyadakı millətçi hərəkatları yatırmaq üçün güc tətbiq etsə, Amerika buna etiraz etməyəcək. Məsələ bizim üçün tamamilə aydın idi, çünki buna qədər Qarbaçov Moskvada açıq elan etmişdi ki, o, gürcü kimi mədəni bir millətin qadağan saatında, hərbi vəziyyətdə yaşamasını rəva bilməz!
Yerevan və Xankəndində ermənilər il boyu tətil və nümayiş edir, azərbaycanlıları qırır, evlərini yandırır, yurdundan-yuvasından didərgin salırdı. Moskva susurdu. Ermənilərin kütləvi yaşadığı yerdə bir nəfər də azərbaycanlı qalmamışdı. Deməli, gizli görüşdə söhbət yalnız Azərbaycandan getmiş, bu bəyanatda “Azərbaycan” sözü “Zaqafqaziya” sözü ilə pərdələnmişdi.
89-cu ilin dekabr ayında Azərbaycan bütün dünyada bir daha amansızcasına təkləndi. Həmin ayın sonlarında Azadlıq meydanında AXC Ağsaqqallar şurasının ən fəal üzvlərindən biri, hörmətli Vaqif Səmədoğlu xalqımızın necə təkləndiyindən danışarkən xalq bu dünyada qərib olduğunu bir daha dərindən duydu, meydanda minlərlə, on minlərlə insan dəsmalını çıxarıb göz yaşını sildi.
Dekabrın 27-29-unda çox adama aydın idi ki, bugünkü dünyanın taleyini istədikləri kimi həll edən iki fövqəldövlət – Amerika və Sovet hökuməti Azərbaycan xalqını zorla fəlakətə aparır. Bu sorğunu tez-tez sorurlar: “Bu fəlakətdən qaçmaq mümkün deyildimi?”. Yox, xanımlar, bəylər, yox!
Bu sualı İranın indiki xarici işlər nazirinin müavini də mənə verdi. Sonra da əlavə etdi ki, çoxlu cavan qətlə yetirildi; hər bir cavan, gənc xalq üçün neçə yaşlıdan daha çox iş görəcəkdi. Mən ona dedim: “Bəs bunu gözəl bildiyiniz halda, İran-İraq müharibəsində yüz minlərlə gəncin məhvinə niyə yol verdiniz?”
O dedi: “Biz çalışdıq, gücümüz çatmadı, bu müharibəni böyük dövlətlər törətmişdi”.
Mən ona dedim: “İran və İraq kimi müstəqil dövlətlərin buna gücü çatmayanda ordusuz, silahsız, müstəmləkə bir xalqın buna necə gücü çatardı, özünü nə cür xilas edə bilərdi?”.
İndi gəlin görək Əfqanıstanı kim o günə saldı? – Amerika və Sovet dövləti. İraqla Küveyti kim bu günə salıb? – Amerika və Sovet İttifaqı. Küveyt darmadağın oldu, İraqı hansı faciə gözləyir? – Amerika və Sovet hökuməti bilir.
1990-cı il yanvar ayının 9-10-unda Vəzirovla görüşdə soruşduq ki, erməni quldurları Azərbaycanı dağıdır, nə deyirsiniz? Dedi ki, heç bilmirəm nə edək?! Bizi təkləyiblər. Moskvada kimə deyirəm əhəmiyyət vermir. Dönə-dönə Qarbaçova demişəm, deyir, əl çəkin yaxamdan, mən daha bezmişəm, bacarmıram; gedin özünüz həll edin, özünüz cavab verin! Biz də gərək “fəhlə drujinaları” adı ilə xüsusi dəstələr yaradaq, silah verək, gedib Xanları, Qubadlını, sərhəd rayonlarını və Qarabağı basqınlardan qorusun!*1
1 Moskvanın 20 Yanvar qırğınına bəhanə tapa bilməsi üçün Azərbaycan rəhbərliyinin göstərişiylə əksər dövlət müəssisələrində silahlı “özünümüdafiə dəstələri” yaradılmışdı. Onlara guya Milli Müdafiə Şurası rəhbərlik edirdi. – Red.
Sonra bəlli oldu ki, bu sonuncu fikrin əsas müəllifi Polyaniçkodur. Yəni heç bir yerə əli çatmayan Vəzirov Moskvanın Azərbaycandakı general-qubernatoru Polyaniçko ilə məsləhətləşmiş, o da bu planı cızmışdı.
Bir tərəfdən də, Bakıda qaçqınlar ilə bakılılar arasında qırğın hazırlanırdı. Başqa bir yandan, erməni, rus və başqa millətlərin evlərinə basqın hazırlanırdı. Hamısı da Mərkəzin əli ilə. Bəli, Moskva – Vaşinqton Azərbaycan xalqını bütövlükdə dar ağacına aparırdılar.
1989-cu ildə “dünyanın ən mübariz xalqı” adlanan Azərbaycan xalqı bu dəfə də nə edəcəyini müəyyənləşdirirdi:
  1. qardaş qırğınına imkan verməmək;
  2. başqa millətlərə qarşı təxribatın qarşısını almaq;
  3. Vətənə qarşı hər cür basqına sinə gərmək;
  4. dar ağacına sürüklənə-sürüklənə yox, mərdanə getmək.
İki fövqəldövlətlə, terrorla dünyanı bir-birinə çalxayan erməni lobbisi ilə təkbaşına döyüşən Azərbaycan xalqı bu ağır döyüşdən şərəflə çıxdı. Şəhidlərin qəbri nurla dolsun!!!
Bu, iyirminci yüzildə bizim rast gəlmədiyimiz bir hadisə idi: hələ heç bir döyüşdə, hətta dünya müharibələrində Azərbaycanın quzeyi kimi bir ərazidə hərbi əməliyyatda imperiyanın hərbi naziri, daxili qoşun qüvvələrinin komandanı, Sov.İKP Mərkəzi Komitəsinin katibi, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri, Azərbaycanın general-qubernatoru, respublika DTK-sının sədri, respublika daxili işlər nazirinin müavini (Yazov, Bakatin, Şatalin, Girenko, Primakov, Polyaniçko, Hüseynov, Barannikov) birlikdə hərbi əməliyyata başçılıq etməyiblər (hələ başqa onlarca generalı saymırıq).
Azərbaycan xalqının azadlıq mübarizəsindən lərzəyə düşmüş imperiya heç də böyük olmayan bir respublikasına qarşı hətta ehtiyatda olan hərbi qüvvələrinin bir hissəsini də Azərbaycanla mübarizəyə cəlb etmiş, elan etmədən bütün ölkədə gizli hərbi toplanışa başlamışdı. Buradan iki nəticə çıxarmaq olar: 1) ya Azərbaycan xalqı həddən artıq güclü və qorxuludur; 2) ya da imperiya elə çürüyüb ki, başını tamam itirib.
20-23 yanvarda “Azərbaycan” fenomeni bütün dünyanı çaşdırdı. Özünü itirməyən prezident, baş nazir qalmadı: Buş, Mitteran, Tetçer, Turqut Özal, Qorbaçov. Bir neçə gündən sonra özlərini ələ ala bilən Pakistan, İran, İsrail, Liviya və Əlcəzair Sovet hökumətinin işğalçı hərəkətini pislədilər. Dünya olub-bitmişdən ayıldı. 20 Yanvar Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, imperiyalar tarixinə qara, qapqara ləkə oldu. “Demokratiya, demokratiya” bağıran Vaşinqton və Moskva Azərbaycan xalqının demokratik hərəkatını qandalladı. Azərbaycan xalqını fövqəladə vəziyyətdə seçki keçirməyə məcbur etdi. Bu, dünya tarixində 3-cü belə hadisə idi. Bunu da sınadıq.
Bir ildir ağır faciə və qaranlıq zülmət içərisində yaşayan xalqımız özünə gəlmiş, azadlıq yolunda yenidən yürüşə çıxmışdır. Xalqımız qəhrəmandır və bu qəhrəmanlığını həm özünə, həm də dünyaya bir daha göstərdi. Ancaq nə yazıq ki, siyasi həyatda yetkin deyilik. Siyasi mübarizədə səriştəsizik, təşkilatlanmanı bacarmırıq, təkbaşına, yaxud kiçik qruplarla imperiyaya qarşı mübarizə meyli və ya “xəstəliyi” aramızda geniş yayılıb. Oyuncaq dövlət aparatı ya xalqa yaxın gəlmir, ya da onu gəlməyə qoymurlar. Ziyalılarımız tərəddüd içərisində iflic olub.
İmperiyanın da mövqeyi aydındır, xalqın da. Təkcə respublika dövlət aparatının mövqeyi aydın deyil, axı bu bədbəxt aparatın heç mövqeyi yoxdur. Bu aparatın işçiləri daim əsməcə içərisindədir. Xalqın qəzəbini, düyünlənmiş yumruğunu gördükcə əsir, Moskvanın qapazını yedikcə əsir, əsir. Bunlar gerçək əsir-yesirdirlər, qulaqları Moskvanın qulluq qarmağına keçib, umudları göydə Xaliqə, yerdə xalqa qalıbdır. Bu əsir-yesir dövlət aparatı ilə xalqın arasında özünü itirmiş bir təbəqə var –  ziyalılar. “Ziyalı” sözünü xalqımız əsil mənasında işlətmir. Ziyalı elmdə, incəsənətdə, mədəniyyətdə müəyyən yaradıcılığa malik və ardıcıllar yetişdirən, xalqın (yaxud millətin) həyatı təhlükəyə düşəndə ön cərgədə dayanan, onun qabağında gedən adama deyirlər. Bizim ziyalıların çoxu bu təyinatı tam ödəmədikləri, ya da ödəyə bilmədikləri üçün onlara “yarımziyalı” demək daha doğru olar.
Respublika dövlət işçilərinin və bu yarımziyalıların indiki vəziyyətini təsəvvürə gətirmək üçün Cəfər Cabbarlının “Od gəlini” əsərindəki bir yerlə müqayisələr aparaq:
Rəbi və Əbu Übeyd (imperiyanın nümayəndələri)
Altunbay (yerli hakimiyyət aparatının başçılarından biri)
Turqut (əsərdə Altunbayın əlaltısı – indiki yarımziyalı)
Elxan (eloğlu – onda da, indi də)

Dördüncü və yeddinci görüşlərdən iqtibaslar.
Altunbay (sinirli) -… And olsun bu yanar dağlara, and olsun bu sönməz odlara ki, dediklərində doğruya bənzər bir şey görsəm bu Günəşə gülümsər dərgahı bayquşlar yuvasına, torpaq üstünü (oxu: Azərbaycanı – Ə.E.) məqbərələrə çevirəcəyəm; bu qiyamətin dəhşətləri içində o da məhv olacaqdır, sən də…mən də! Söylə!…
Turqut – Ağamız! Mən öyrənə bildiyim hər bir şeyi… bütün dəhşəti ilə söylədim…
Altunbay (Elxana) – … Yaxşı, sən söylə, əziz filosof, sözlərin yarımçıq qaldı.
Elxan – Mənim sənə deyəcək bir sözüm qalmadı.
Altunbay – Yalnız orasını mənə anlat ki, sən kimsən?
Elxan – Mən… Mən dünyada səadət yarada biləcək ulu bir qüvvət…
Altunbay – Ha-ha-ha! (Çağırır). Turqut! (Turqut girir). Turqut! Sən söylə, bu zavallı kimdir?
Turqut – O, sizin kölənizdir, ağamız.
Altunbay – Hardan və neçəyə alındı?
Turqut – Hərrac bazarından, əlli dirhəmə.
Altunbay – Eşidirsənmi? Mən ona nə edə bilərəm?
Turqut – Hər bir şey, ağam, bağışlaya bilərsiniz…
Altunbay – Neçin oradan başlayırsan, alçaq, yaramaz (hiddətlə köksündən vurur, Turqut yıxılır). Köksündə kölə qəlbi döyünür. (Başında Xalq Cəbhəsinin fikirlərini gəzdirirsən – Ə.E.).
Turqut -Ağa, öldürə bilərsiniz, boğdura bilərsiniz, quyuya atdıra bilərsiniz, diri-diri yerə basdıra bilərsiniz.
Altunbay – (Elxana) …Sən bu qanunu haradan düzəltdin?
Elxan – Bütün qanunların heçliyindən!.. Ən böyük qanun şəxsin azad diləkləridir… Mənim Tanrım başqalarına zərər verməz azad diləklərimdir!
Elxan – …Başqa yol yoxdur. Mənim yolum sənə qarşıdır.
Altunbay – Mən də sənə qarşıyam. (Üzünə bir sillə çırpır və eyni zamanda) Torqut! (bəyə işarə edir, üç-dörd nəfər içəri girir). Bəyənirsənmi?
Elxan – Bəli, o elə də olmalıdır. Zatən hər bir düha mühitin satqınlığından, hər bir dahi mühitin yumruqları , zamanın təpikləri altından doğur.
(Elxanı döydürür. Bu vaxt Rəbi gəlir).
Rəbi – Bu nə sükutdur? Sizdən soruşuram. Elxan kimdir?
Elxan – Mənəm, mən.
Rəbi – Sən hələ bir yol həbsdə olmuşsanmı?
Elxan – İki yol. Sonuncuda dar ağacından qaçdım.
Rəbi – Çox gözəl, bu dəfə artıq ölümdən qaça bilməzsən. Dar ağacı hazır, budur, fitva əlimdədir. Altunbay, sən belə yaramazları gizlədirmişsən?
Altunbay – Mən bilməmişəm, ağa. Mən onu hərrac bazarından almışam.
Rəbi – Yaxşı, sən də bizimlə gedəcəksən.
Altunbay –  …Mən özüm Əbu Übeydə ərz edərəm. Bəlkə nahar edər, sonra gedərsiniz?!
Rəbi – Burax dilləri, haydı!
Altunbay – (Elxanın yanından keçərkən yavaşca) – Sərsəm hərif, məhv olduq!
Əziz oxucu, bu böyüklükdə səhnəni bura yazdığıma görə məni qınama. “Od gəlini”ni dönə-dönə oxu! Bugünümüzü yaxşı duyarsan. Azadlıq dastanları eyni olur, surətlər, zaman başqa, imperiyalar başqa-başqa. Altunbay (indiki katib) görün öz xalqına necə qan uddurur, ancaq imperiyanın darğasını görəndə necə zavallıya çevrilir, hətta öz nişanlısını qurban verməyə hazır olur… Yarımziyalılar Turqutun günündə deyilmi? Onlar katiblərə yalvarırlar ki, Xalq Cəbhəsini, onun nümayəndələrini bağışlaya bilərsiniz. Ancaq üstlərinə çığıran kimi, ya da katib üz-gözünü turşudan kimi (halbuki Altunbay Turqutu yumruqla vurub yerə sərir) Xalq Cəbhəsinin ölümünə fərman verirlər. Polyaniçko Rəbidən, Yazov Əbu Übeyddən daha qəddar deyilmi?…
Nə isə, elə bir üsuldan istifadə etməyə çalışdım ki, sadə oxucular da məsələnin nə yerdə olduğunu anlaya bilsinlər.
Bir az da seçkilər haqqında. Dediyimiz kimi, bu seçkilər Azərbaycanda demokratiyanı boğmaq üçün ən yaramaz üsul idi. Həm də istəyirdilər dünyaya göstərsinlər ki, Azərbaycan xalqı demokratiyaya hazır olmadığından Kommunist Partiyasının diktaturasından əl çəkə bilmir. Müvəqqəti də olsa buna nail ola bildilər. Dünyanı bir daha aldatdılar. Ancaq bir dönməz həqiqət var ki, xalqı, xalqları aldadanlar lap sonda özləri aldanmış olurlar. İmperiya – Moskva dünyanı aldada-aldada sonda gördü ki, özünü aldadıb. Bu azğınlar 1400 il bundan qabaq Qur’anda aydın deyilən bu gerçəkliyi başa düşmürlər, çünki Ulu Tanrı yalançının gözlərinə elə pərdə çəkir ki, o, günün günorta çağı açıq-aşkar olanı belə görmür.
Bu gün AXC-dən 30-dan çox millət vəkili seçilmişdir. Bunların hər biri on deputatdan güclü və bacarıqlıdır. Bir sıra millət vəkilləri də vardır ki, onlar XC-nin nümayəndəsi olmasa da xalqa dərindən bağlıdır. Deməli, bunlarla biz müttəfiqik, eyni bir mövqedən çıxış edəcəyik.
Partokratiyanın təmsilçisi olan və deputatlığı zorla əlinə keçirən bir sıra katibləri mən yaxşı tanıyıram. Üç cümlədə on məntiqi səhv buraxırlar. Onlardan millət vəkili çıxmaz. Çoxu da rayonları talan edib yeyir, özünü dərəbəy-dərəkatib sayır. Öz quldurluqlarını buraxıb parlamentdə çalışmazlar. Nə isə, bir sıra dərəkatib gərək qara gününü indidən qablaşdırsın və Polyaniçkonu köməyə çağırsın, bəlkə o, yeni bir qatışıqlıq salıb onların katiblik ömrünü uzatdı.
Uzun sözün qısası, yeni Ali Sovetin işi qalıb şeytana.
Məni ən çox narahat edən xalqımızın siyasi fəaliyyətinin hələ aşağı olmasıdır. Orta hesabla seçiciləri dörd qrupa bölmək olar:
  1. daha fəallar;
  2. az fəallar;
  3. saymazlar;
  4. məişətə çox meyli olanlar.
Axırıncı iki qrup bizdə daha çox narahatlıq yaradır. Ölkə bir dağıntı içərisindədir, xalqımızın bir qismi seçki günü bir saatını bu cür çox mühüm bir işə – istədiyi millət vəkilini seçməyə sərf etmək istəmir. Görəsən, bu adamlar başa düşmürlər ki, xalqın taleyinin həlledici anıdır? Axı sabah gec ola bilər.
Dördüncü qrup daha bədbəxtdir və xalqa çox böyük zərbə vurur. O, səsini mebel, yumurta, toyuq, siqaret paylayan, yaxud su çəkdirib asfalt saldıran namizədə verir. Bunlar da öz talelərini, xalqın taleyini 1-2 günlük taxtaya, siqaretə satırlar. Bunlar Azadlığı rədd eləyib yumurtaya səs verdilər. Özlərini də alçatdılar, xalqı da! Bunu görən bir sıra gənclərimiz özlərini ələ ala bilməyib boğula-boğula “biz ölümə layiq xalqıq” deyirdilər.
Xalqın bu acı günündə onu bir-iki günlük ət və toyuqla aldadanların bəs vicdanı harada qaldı? Belə adamlardan millət vəkilimi çıxar? Xalqı uşaq kimi yumurta ilə aldadanlar sabah onun başına nələr gətirməyəcəklər?
Mətbuatımız. Azərbaycan Xalq hərəkatının bir qələbəsi də demokratik mətbuatımızın yaranmasıdır. “Azadlıq” qəzetinin bir yaşı tamam olur. Bu bir ildə o, iki dəfə bağlanıb. Komendantlar və hərbi senzorlarla döyüşə-döyüşə çap olunur. Redaktoru, yeni millət vəkilimiz, təkcə AXC-nin deyil, xalqımızın sevimlisi Nəcəf bəy [Nəcəfov] öz prinsipiallığını davam etdirir. Ona millət vəkili kimi böyük uğurlar arzulayıram. “Azadlıq” bağlananda “Fövqəladə vəziyyət” qəzetini buraxmaqda Ağamalı Sadiq böyük qeyrət və zəhmət sərf etdi.
“Azərbaycan”, “Aydınlıq”, “Ayna”, “Ədalət”, “Yeni Müsavat”, “Xalq səsi”, “Haray” (Sumqayıt), “Humay”, “Vətən səsi”, “Vətən” (Gəncə), “Azad söz”, “Türk yurdu”, “Demokrat” (Sabirabad), “Yurd” (Naxçıvan) və başqa qəzetlərimiz xalqımızın iradəsini təmsil edərək bizi məlumatlandıran, gələcəyə səsləyən orqanlardır. Bəzən bunların bütün nömrələrini oxumağa vaxt tapmayanda adam çox təəssüflənir və bunların çoxluğuna sevinir. Açıq-aydın görünür ki, çox güclü bir Azərbaycan mətbuatı yaranır.
Bu qəzetlərin hamısından bir narazılığım var – o da Azərbaycanın güneyindən xəbərsizlikləridir. Arzu edərdik ki, bu boşluğu tezliklə doldursunlar.
Azərbaycan Xalq Cəbhəsi haqqında, onun indiki vəziyyəti  və gələcək fəaliyyəti haqqında çox sual verilir, müxtəlif söhbətlər eşidilir.
Birincisi, ən çox onun İdarə Heyətinə qarşı insafsız hücumlar var. Mənə aydındır ki, bu qərəzli hücumlar elə-belə deyil, müəyyən qüvvələr bunu düşünərək təşkil edirlər. Yanvardan bugünədək İdarə Heyətində 12 nəfər qalmışdı. İdarə Heyətinin fəal üzvlərindən Rəhim və Etibar bəylər həbsdə idilər. Başqa bir üzvü – Arif bəy erməni quldurları ilə mübarizədə ən təhlükəli mövqe olan Laçında işlərə rəhbərlik etmişdir.
İdarə Heyətinin başqa üzvləri Fransa, Almaniya, İran, Türkiyə və Hollandiyada səfərlərdə olmuş, xalqın azadlıq hərəkatını, respublikanın gerçək vəziyyətini, demokratik mübarizənin əsaslarını dünya ictimaiyyətinə çatdırmış, xarici ölkələrin, Moskva və Leninqrad, Pribaltika, Gürcüstan və b. ölkə və şəhərlərin demokratik qüvvələri ilə əlaqələr yaratmışlar.
AXC-nin İdarə Heyəti və Məclisi xalqımıza qarşı bütün irticaçı qüvvələrin fitnə-fəsadını dəf etmiş, XC-ni məhv olmaqdan qurtarmışlar. Bu cür, dünyada görünməmiş bir şəraitdə AXC imperiya, partokratiya və mafiyalara qarşı mübarizə apararaq otuzdan çox üzvünü Azərbaycan Ali Sovetinə, 30-dan çox üzvünü Naxçıvan Ali Məclisinə, yüzlərcə üzvünü şəhər və yerli sovetlərə üzv seçdirə bilmişdir.
Azərbaycan Xalq Cəbhəsinin 20-dən çox leqal və qeyri-leqal qəzeti çıxır.
Vətənimizin və xalqımızın haqqını qorumaq üçün Xalq Cəbhəsinin 100-dən çox üzvü həlak olmuş, 300-dən çoxu həbsxanalara atılmışdır, onların çoxu haqqını müdafiə edə-edə həbsdən qurtarmışdır. AXC bir ildə böyük siyasi yol keçmiş, sıralarını mətinləşdirmiş, siyasi səviyyəsini xeyli yüksəltmiş, dünyada güclü demokratik qüvvə kimi tanınmışdır.
Azərbaycan Xalq hərəkatının gedişi dövründə respublikada aşağıdakı qüvvələr fəaliyyət göstərirdi:
  1. Moskva və onu müdafiə edən xarici qüvvələr;
  2. erməni lobbisi;
  3. respublika dövlət aparatı;
  4. ziyalılar və yarımziyalılar;
  5. AXC və başqa demokratik qüvvələr.
Nəticə. Moskvanın əvvəlki hegemon və qorxunc mövqeyi sarsıldı, onu müdafiə edən xarici qüvvələrin çoxu bitərəfləşdi.
Erməni lobbisinin ilkin hücumları dəf edildi; onun məğlubiyyəti qaçılmazdır. Respublika dövlət aparatı tamam laxlamışdır.
Yarımziyalılar xalqa tərəf gəlməkdədir, tezliklə əsl ziyalı mövqelərini tutacaqlar. Seçkilərdə yarımziyalıların tam məğlubiyyəti onlara dərs oldu.
AXC və başqa demokratik birliklər öz qüvvələrini sahmana salmaq və yeni yüksəliş mərhələsinə qədəm qoymaqdadır.
Belə bir şəraitdə AXC qurultaya hazırlaşır. Qurultayda Məramnamə və Nizamnamədə dəyişmələr aparılacaq.
AXC xalqımızı düşdüyü böhrandan çıxarmaq, yurdumuzda vətəndaş sülhü yaratmaq, siyasi qüvvələri birləşdirmək üçün var gücü ilə çalışacaqdır. Bütün gücümüzlə milliliyimizi, demokratiyanı, dinimizi dirçəltmək uğrunda vuruşacağıq.
Bütün bunları həll etmək üçün ən kəsə yol eşq və imandır. Eşq və imanın təməli Haqla Xalqı bir etməkdir. Haqqı Xalqdan görmək, Xalqı Haqq deyə sevməkdir. Amin!

21 dekabr 1990-cı il

FARS ŞOVİNİZMİ

Standard

FARS ŞOVİNİZMİ

 
 Bu yazını yazarkən fars şovinizminin cikindən-bikinə hər nəyi varsa açıqlamaq, ya da işıqlandırmağı düşünmədik, çünki bu, çox böyük, mürəkkəb və çətin bir məsələdir. İndiyədək rus şovinizmi, alman şovinizmi, italyan şovinizmi haqqında çox yazılıb, çox deyilib, bu şovinizmlər, demək olar ki, dağılıb, rus şovinizmi isə son günlərini yaşayır! Bu sadaladığımız millətlər şovinizmin təkcə başqa xalqlar üçün deyil, özləri üçün də necə böyük faciə və fəlakət gətirdiyini görmüşlər.
Çin şovinizmi haqda da çox yazılıb, çox deyilib. Nə fayda ki, Çin hakim dairələri hələ də deyilənlərdən heç bir nəticə çıxarmayaraq, Çindəki başqa xalqları əzir, assimilyasiya edir, etdiyi vəhşiliklərlə öz xalqını da acınacaqlı, çıxılmaz duruma sürükləyir.
Fars şovinizminə gəldikdə o, dünyanın ən yaramaz, ən alçaq təbiətli şovinizmidir! Ən pisi də budur ki, fars şovinizmi haqqında, bir-iki yazını çıxsaq, deyə bilərik ki, nə yazılıb, nə deyilib, nə də qınanılıbdır. Ona görə də bu gizli saxlanılmış xəstəlik başqa xalqlara əzab və işgəncə vericidirsə, fars xalqı üçün xərcəng xəstəliyinə çevrilmişdir! Şovinizm farsları tarixin bataqlığına atmışdır!

Ölüm ayağında olan fars şovinizmi farsları bu bataqlıqdan qurtarmaq yolunu düşünmək əvəzinə, onlara yaxın qonşu olan Azərbaycan, Xorasan, Qaşqay türklərini, “Körfəz ərəbləri”ni, imkan olarsa İraq, Suriya, Diruz və Səudiyyə ərəblərini, kürdləri, bəlucları və başqalarını da bataqlığa, cinayətkarlığa və sonda ölüm ayağına sürükləməyə var gücü ilə çalışır, dəridən-qabıqdan çıxır.

Diqqət! Diqqət! Gəlin qurtuluş yolunu axtaraq! Bunun üçün də ilk öncə fars şovinizminin bütün çalarları araşdırılmalı, ondan zərbə alacaq xalqlar ayıq salınmalıdır. Ona görə də biz bu yazıda fars şovinizmi haqqında yalnız və yalnız yığcam bilgi verib tezislər şəklində çıxış etməyi gərəkli bildik. İnanırıq ki, bu qorxulu xəstəliyə insanlar, cəmiyyətlər, alimlər, şəxsiyyətlər etinasız qalmayacaq. Fars şovinizminin maskası yırtılaraq onun iç üzü açılıb dünyaya çatdırılacaq, bu xəstəlikdən qurtuluş yolu tapılacaqdır.
Bir zamanlar – aşağı-yuxarı 15 il öncə sovet rəhbərliyinin belə fikri geniş yayılmışdı: “Biz əgər məhv olacağıqsa onda tək məhv olmayacaq, çoxlarının ayağından tutub onları da özümüzlə bərabər dənizin dibinə aparacağıq!”. Bunu bilən dünyanın ağıllı insanları öncədən elə tədbirlər tökdülər ki, onların nəticəsində bəşəriyyət sovet dəhşətindən, qanlı sovet terrorundan canını qurtara bildi.
Rus şovinizminin balaca modeli olan, ondan qoca və iyrənc olan fars şovinizmindən qurtulmaq rus şovinizmindən qurtulmaqdan asandır, əgər Sovet İttifaqına qarşı fəaliyyətə oxşar tədbirlər bu gün İrana – fars şovinizminə qarşı həyata keçirilərsə! Haqqın yolu ilə yürüyənlərə Ulu Tanrı yar olsun!
Ey insanlar, sizi and verirəm insanlığınıza və sevdiyinizə! Susmayın! Fars şovinizmini ifşa edin, ona xidmət edənləri bu yoldan çəkindirin, Haqq yoluna səsləyin və gətirin! Xalqın və Haqqın yoluna gəlməyənlərə lənətlər olsun!
Fars şovinizmi öz adı ilə deyil, daha çox “irançılıq” adı altında pərdələnərək çıxış etmişdir və edir. Buna görə də onu “fars-İran şovinizmi” adlandırmaq daha düzgün olardı. Bunların arasında kiçik formal fərq olsa da əslində mahiyyətcə eyni məsləkə xidmət edir. Bəzi “irançılar” belə iddia edirlər ki, guya irançılıq ideyasını (əgər buna ideya demək mümkündürsə) daşıyanlar fars şovinizminə qarşıdırlar, onlarla barışmazdırlar və s. və i.a. Yox, cənab fars şovinizminin “irançılıq” pərdəsi altında gizlənən daha təhlükəli (bəziləri isə aldanmış, yazıq) xidmətçiləri, siz ya bilməyərəkdən, ya da bilərəkdən aldanırsınız. Bilməyərəkdən aldanırsınızsa bəsirət gözlərinizi açın, bu siyasi korluqdan canınızı qurtarın. Bilərəkdən aldanırsınızsa onda siz bu alçaq təbiətli şovinizmə xidmət etməklə insanlığa xəyanət edən ən yaramaz cinayətkarlarsınız!
Siz deyirsiniz ki, İran indiki İran İslam Cümhuriyyəti adlanan ölkədir və burada yaşayan bizlərin vətənidir. Çox uzaq keçmiş olsaydı deyərdik ya xəbəriniz yoxdur, ya da yadınızdan çıxıb. Vur-tut 8 il bundan qabaq Sovet İttifaqında yaşayan rus şovinistləri və onlara xidmət edənlər də (bu şovinistlər və onların xidmətçiləri içərisində ruslar, türklər, ukraynalılar, yəhudilər, ermənilər, gürcülər, polyaklar, hətta bu gün Rusiya və ya da rus şovinizmi ağalığına qarşı qəhrəmanlıqla döyüşən bir milyonluq çeçen xalqından olan satqın çeçenlər də var) deyirdilər ki, Sovet İttifaqı başqadır, Rusiya imperiyası başqa, Sovet İttifaqını qorumaq, saxlamaq başqadır, rus şovinizmini müdafiə etmək başqa. Biz rus şovinisti deyilik, sovet vətənsevərləriyik (patriotuq), olsa-olsa həm də Rusiyanı və rusları sevirik, burada nə qəbahət var? Bu adamlar Ukrayna, Azərbaycan, Gürcüstan, Qazaxıstan və s. ölkə və xalqların Rusiya tərəfindən işğal edildiyi günləri “biz Rusiyanı sevirik, ona könüllü birləşmişik” deyə bayram edir, xalqları zor və qorxu altında çalıb-oynamağa məcbur edirdilər.
Bilirsiniz dünyada alçaqlığın, vəhşiliyin və mənəvi əxlaqsızlığın ən murdar bir şəkli nədir? Odur ki, aclıq, yalavaclıq, əzab, işgəncə və zülmə məruz qoyduğun insanlara və ya xalqa, millətə əmr edəsən, onları məcbur edəsən ki, dur çal, oxu, oyna və de ki, mən xoşbəxtəm, dur zalıma de ki, mənə zülm yox, səadət gətirmisən!!
Belə sorsaq ki, kimdir zalım?
Min illərdir ki, dünya müsəlmanları “Allah məzluma (zülm olunana) kömək, zalıma (zülm edənə) lənət eləsin. Zalımın cəzasını versin!” deyə dua edirlər. Altı yüz il bundan qabaq dahi İbn Xaldun (1332-1406) dünyada tanınmış “Müqəddimə” adlı əsərində yazmışdır: “İndi haqsız olaraq vergi toplayan təhsil məmurları zalımdır, artıq vergi toplayanlar zalımdır, vergini yağma edənlər zalımdır, xalqa haqlarını verməyənlər, başqasının mal və mülklərini qəsb edənlər tamamilə zalımdır. Bütün bunlar hakimiyyətin maddəsi olan cəmiyyəti yıpradar, ən böyük zərəri də dövlət çəkər”.
Böyük tarixçi, hüquqçu, sufi, filosof-sosioloq, səyyah, diplomat, siyasətçi, alim İbn Xaldunun sözünə (“xalqa haqlarını verməyənlər tamam zalımdırlar”) kimsə etiraz edə bilməz. Ancaq bütün bu deyilənlərlə yanaşı, bu gün qırx milyonluq Azərbaycan xalqının taleyi elə zalımların əlinə düşüb ki, onların növünü, cinsini, zatını və sifətini müəyyən etmək çox çətindir. Azərbaycan xalqının həm Quzeydə, həm Güneydə haqqını verməyən zalımlar həm də bu xalqın haqqını yeyirlər; var-yoxunu, şərəf və namusunu, yurdunu-yuvasını hərraca qoyurlar; döyür, söyür, zindanlara atır, öldürürlər; dilini, mədəniyyətini əlindən alıb milli ləyaqətini əzirlər; qul, kölə zəncirinə qandallayıb ruhunu çeynəyirlər; ac-yalavac, yas içində saxlayır və deyirlər: çal, oyna, bizlərə dua et, de ki, siz imamsınız, siz dahilər dahisisiniz, məhz sizlərin kölgəsində biz bu dünyada – cənnətdə firavan yaşayırıq və sizlərin sayəsində də cənnətə gedəcəyik!
Ah, zalımlar zalımı, siz səkkiz qat zalımlar, siz yüz qat zalımlar, siz bilmirsiniz ki, zülm yerdə qalmaz, siz bilmirsiniz ki, zülm ilə abad olan ədl ilə bərbad olar bir gün, siz bilmirsiniz ki, zalımın zülmü varsa məzlumun da ahı, Allahı var! Siz bilməsəniz də, bilmək istəməsəniz də Tanrı görür, bilir. Haqq-hesab günləri yaxındadır! Sözsüz ki, bu, Tanrının işidir, ancaq Tanrı bu işləri – ədaləti, haqqı yerinə qoymağı Haqq adamlarına tapşıracaqdır!
Azərbaycanın üç böyük düşməni olmuşdur: 1) Parsa; 2) ərəb xilafəti; 3) Rusiya.
Bu Parsa (Pars, Peres, Persida, Persiana, Parsua, Persiya, Fars və başqa şəkilləri də var) haradır və necə yaranmışdır?
Tarixə dərindən baxsaq aydın olar ki, Parsa “farsların yaşadığı yer, fars ölkəsi” deməkdir. Pars bir toplumun adıdır. Yunanlar onlara pers, perse, perses deyirdilər. Ərəblərdə “p” səssizi (samiti) olmadığına və ərəb dilinin səs uyğunluğuna görə onu “f” səssizi (samiti) ilə əvəz etmiş, parsa fars demiş və o cür də yazmışlar. Elə buradan da, ayrıca da olaraq ərəb-islam ağalığı dövründən (VII-XII yüzillər) farsların özləri də daxil olmaqla türklər, ərəblər və başqa xalqlar da parsa sözünü fars sözü ilə əvəz etmişlər. Yunanlar və bizanslılar öz qədim ifadələrini dəyişdirməyərək parsları pers, persus deyə tanımaqda və yazmaqda davam etmiş, buradan da Avropa dillərinə və rus dilinə bu söz “pers” şəklində keçmiş və özünə möhkəm yer qazanmışdır. Erməni dilində “f” səssizi (samiti) olmadığına görə ermənilər “fars” yox, “pars” deyirlər. Əfqanıstan, Hindistan və Orta Asiyada “pars”“fars” hər ikisi işlədilir.
VII-IX yüzillərdə islam dinini qəbul etməyən yüz minlərlə maqlar (zərdüştçülər) köçüb Hindistana getdilər. Onların çoxu fars (pars) olduğu üçün onlara bu gün də parslar deyilir. Bir məlumata görə, onların sayı 100 min, başqasına görə, 150 mindir. Azərbaycan və Anadolu (Kiçik Asiya) türkləri istər danışıqda, istər yazıda ərəb dilinin təsiri altında yalnız “fars” sözcüyünü işlədirlər.
Orta çağlarda “pars”dan dönüb “fars” olan, indi də özlərini daha çox “irani, iranilər” adlandıran parslar miladdan qabaq IX-VIII yüzillərdə Hind çayının aşağı hövzəsindən – qədim ata-baba yurdlarından axın-axın köç edərək Elam dövlətinin torpaqlarında yerləşmişlər. Hindistan kökənli farslar türkdilli elamların himayəsinə sığınaraq Ümman dənizi sahillərində, Bəsrə körfəzinin quzeyində məskunlaşaraq buralarda özlərinə yeni vətən qazandılar. Eradan qabaq VII yüzildə indiki Şiraz şəhəri yaxınlığında, daha çox bir əraziyə toplaşan parslar bir böyük tayfa ittifaqı halında birləşdilər. Onların bir ərazidə toplaşıb bir inzibati ərazi yaratmalarını Elam dövlətinin siyasəti tələb edirdi. Belə ki, elamlılar indiki Şirazdan 50 km quzey-doğuda şəhər saldırmış, onu yeni əyalətin paytaxtı etmişdilər. Həmin şəhər və onu əhatə edən əyalət parslarla məskunlaşdırılmışdır. Sonralar hakimiyyətə gələn pars sülaləsi Əhəmənilərin (Haxamanişi) nümayəndəsi I Dara (m.ö. 522-486) bu şəhər-qəsəbəni yenidən qurmuş və Əhəmənilərin əsas paytaxtına çevirmişdir. Bu şəhər Parsa adlanırdı, onu əhatə edən torpaqlara da Pars əyaləti deyilirdi. Məhz bu şəhərə yunanlar Persepolis, əyalətə isə Persiada, ya da Persiana deyirdilər, bu da “pars ölkəsi”, yaxud “pars şəhər-dövləti” mənasına gəlirdi. Parsanın ilk özülünün qoyulmasında elamlılar əsas rol oynasalar da onun inkişafı və müstəqil dövlətə çevrilməsində parslar midiyalılara minnətdardır. Belə ki, dediyimiz kimi, parslar elamlıların vassalı idilər.
Elam dövlətinin tənəzzülə uğramasında Assuriya ilkin səbəb olmuşdur. Assuriya hökmdarı Aşşurbanipal miladdan öncə yeddi kərə (665, 655, 652, 648, 646, 645, 640-639-cu illər) Elama basqın yapıb onun bir çox əyalət və şəhərlərini xaraba qoydu, əhalisini qılıncdan keçirib var-yoxunu taladı. Assuriya bütün dörd yanını – Elam, Babil, Urartu, Suriya və başqalarını qorxu və zülm altında saxladığı bir dövrdə Azərbaycan-Midiya dövləti meydana çıxdı.
Midiya dövləti və tarixi haqda müxtəlif fikirlər və mübahisələr vardır. Ancaq biz qəti bu fikirdəyik ki, Midiya Azərbaycan-türk dövlətidir. Midiyanı təşkil edən altı böyük el türk elləri idi. “Midiya ölkəsi” (Kur Midiya) ifadəsinə miladdan öncə 9-cu yüzilin başlarında Assur yazılarında rast gəlinir. Midiyalılar miladdan öncə 14-13-cü yüzillərdə, bəlkə də ondan daha qabaq İkiçayarasında tanınırdılar. Bütün tarix qaynaqları və çağdaş tarixçilər m.ö. birinci minilliyin başlanğıcında Azərbaycanda mərkəzi Urmiya gölü yaxınlığında yerləşən Manna dövlətinin olduğunu və bu dövlətin Azərbaycan-türk dövləti olduğunu qəbul edirlər. Bununla yanaşı, Midiya ellərinin-tayfalarının Ərdəbil-Qəzvin-Zəncan-Həmədan boylarında yaşadığını, gah Mannaya daxil olub, gah da müstəqil fəaliyyət göstərdiklərini, mannalılar zəiflədikcə midiyalların gücləndiyini tarix mübahisəsiz qəbul edir. Sadəcə olaraq, Manna yüzillərlə Assur, Babil və Urartuya qarşı daim müharibələrdə olmuş, m.ö. yeddinci yüzildə Babil, Elam, Manna, Assur və Urartu bir-biri ilə müharibələrdə tənəzzülə uğramış, bu müharibə səhnələrindən bir qədər uzaqda qalmış midiyalılar öz güclərini bir yerə toplamış, tam müstəqil dövlət yaratmış, Həmədanı (Ekbatanı) özlərinin paytaxtı edərək Elam və Babili məğlub və özlərinə müttəfiq edərək Assuriyanı darmadağın etmişlər. “Hökmdarlar hökmdarı” adlanan Midiya hökmdarı Kiaksarın dövründə (m.ö. 625-585) Midiya sanki hər hansı bir olağanüstü gücün yardımı ilə Elamı, Mannanı, Babili, Assuriyanı, Urartunu fəth etdi, Lidiyanı özündən asılı duruma saldı. Elamlıların bir canişini olan Əhəmənilər və onların idarəçiliyində olan Parsa Midiya dövlətinin tərkibinə qatıldı.
Göstərdiyimiz kimi, Parsa öncə Elamın bir əyaləti idi, Əhəmən də oranın canişini. Bundan istifadə edən parslar ilk öncə Elamın şərqinə və mərkəzinə yayılırdılar. M.ö. yeddinci yüzilin başlanğıcında Assuriya tərəfindən məğlubiyyətə uğrayan Elamın zəifliyindən yararlanaraq ona zərbələr vurur, öz nüfuzlarını artırırdılar. Ancaq bütün xəyanət və çabalamalara baxmayaraq Əhəmənin (sülalənin banisi) və onun oğlu Çişpişin (m.ö. 675-640-cı illər) canişinliyi dövründə Elamın hakim nüfuzu Parsanın üzərində qalırdı.
M.ö. 640-639-cu illərdə Elamla Assuriya arasında olan savaşda Çişpişin oğlu və varisi I Kir Elamın vassalı kimi vuruşurdu. Bəlli olduğu kimi, bu müharibədə Elam tam məğlub olmuş, onunla yanaşı “Persumaş hakimi” I Kir də məğlublar sırasında idi. I Kir (m.ö. 640-604-cü illər) oğlunu Assuriya hökmdarı Aşşurbanipalın yanında girov qoyaraq keçmiş hamisi və ağası, indi məğlub Elama qarşı çıxır, daha doğrusu, ona arxadan zərbə vuraraq Elamın Anşan şəhərini və Anşan vilayətini öz əlinə keçirir. Bu zaman Kiaksar Anşan və Parsanı tutur, Əhəmənilər nominal canişin hakimiyyətlərini itirir, öncə Elamın xidmətçiləri olan Əhəmənilər bundan sonra Midiya hökmdarına xidmət edirlər.
Midiya hökmdarı, daha doğrusu, imperatoru yenilməz Kiaksar öləndən sonra onun yerinə oğlu Astiaq keçir (hakimiyyət illəri m.ö. 585-550). Astiaqın hakimiyyəti dövründə də Midiya Yaxın və Orta Şərqin ən güclü imperyiası idi. Ancaq 6-cı yüzilin ortasında Midiya imperiyasına qarşı xarici güclər mübarizəyə başlayır. Babilistan, iskit, kas (qaz) və saklar Midiyanın hüdudlarına müdaxilə edirdilər. Bundan istifadə edən parslar daxildən çevriliş hazırlayırdılar. Parslar bu anadək Midiyanın mərkəzi Ekbatanda özlərinə müəyyən yer qazanmış, hətta Astiaqın sarayında mövqe tutmuşdular. Əhəmənilərin başçısı II Kir sarayda güclü nüfuz qazanmış, bir sıra əyanları müxtəlif yollarla ələ almışdı.
Bu zaman Astiaqın ordu başçısı Harpaq da hökmdara qarşı gizli mübarizə aparırdı. Azərbaycanın quzeyində qədimdən yaşayan kaslar (qazlar) Midiyaya qarşı müharibəyə başlayır. Astiaq kaslara qarşı II Kirin başçılığı altında güclü bir ordu göndərir. II Kir xəyanət edərək kasların tərəfinə keçir, onlarla saziş bağlayır, birlikdə Midiyaya qarşı müharibə aparırlar. Müharibə m.ö. 553-cü ildən 550-ci ilədək, 3 il davam edir. Bu üç il ərzində türk kaslarla türk midiyalılar bir-birini qılıncdan keçirir. Ancaq midiyalılar yenə də məğlubedilməzliklərini saxlayırdılar. Bu anda ikinci böyük xəyanət baş verir. Ordu başçısı Harpaq saray çevrilişi edir. M.ö. 550-ci ildə kas və pars birləşmələri Həmədana (Ekbatana) girir və Astiaq öldürülür. Herodot yazır ki, Astiaq ölüm ayağında Harpaqa deyir: “Əgər sənin mənimlə ədavətin var idisə başqa cür edəydin. Ancaq sən xəyanət edib hakimiyyəti bu əclaf parslara satdın!”.
Bəli, bu, çox böyük bir tarixi xəyanət idi. Harpaqın və Kirin xəyanəti, kas-sak türklərinin hücumları nəticəsində Azərbaycan-türk dövləti Midiya imperiyası süqut etdi, parslar hakimiyyəti ələ keçirdilər. Bu üç qüvvənin içərisində qələbədən yararlanan yalnız II Kir – parslar oldu; II Kir Astiaqın oğlan nəslinin olmadığını görüb onun qızı Amitadanın ərini edam etdi və Amitadayla zorla evləndi. Bununla da o, Midiya taxt-tacının “varisi” oldu.
Tarixdə ilk dəfə olaraq türk dövlətinin başına parsların nümayəndəsi keçdi, II Kir Midiya imperiyasının hökmdarı oldu. O, imperiyadakı çaxnaşmaları aradan qaldırıb, hətta Lidiyanı da işğal edib Midiyaya qatdı. O, Azərbaycanı bütövlükdə Midiyaya birləşdirmək üçün ölkənin quzeyinə hücuma keçdi. M.ö. 530-cu ildə kas-sak və bas-sak (massaket) türkləri ilə döyüşdə məğlub oldu. Massakların qadın hökmdarı [Tomris] II Kiri məğlub edəndən sonra, tarixdə yazılı rəvayətə görə, onun başını kəsib qanla dolu bir tulumun içinə salmış və demişdir: “Sən ki qan içməkdən doymurdun, indi doyunca iç!”.
II Kirdən sonra onun yerinə oğlu II Kambiz (m.ö. 530-522) keçir, ondan sonra isə II Kirin başqa oğlu və Kambizin qardaşı Bardi keçir. Bu zaman midiyalılar hakimiyyəti yenidən ələ keçirmək üçün Qaumatanın başçılığı altında qiyam qaldırırlar. Hakimiyyətin parsların əlindən çıxdığını görən I Dara Bardiyə sui-qəsd düzəldib onu öldürtdürür və o da II Kirin yolu ilə gedərək II Kirin qızı Atossayla zorla evlənir və “qanuni varis” olur.
I Dara (m.ö. 522-486) imperiyada baş qaldırmış bütün üsyan və separatçı hərəkatları boğur, Midiya imperiyasını bərpa edir. O, Parsa şəhərini yeni paytaxta çevirir, bununla da Midiya dövlətinin hakimiyyət qurğusu başdan-başa parslaşdırılır. İmperiyanın dörd paytaxt şəhəri: Həmədan (Ekbatan), Suz, Babil və Parsa (Persepolis) olmasına baxmayaraq parsların əsas mərkəzi Parsa (indiki Şirazın yaxınlığında) idi, onlar Parsadan quzeyə yayılmağa başlamışdılar.
Əhəmənilər sülaləsinin I dövrü canişinlik, II Kirdən başlayaraq hökmdarlıq dövrü olsa da dövlət pars (fars) dövləti deyildi. Məhz I Daranın dövründə dövlət parslaşmağa başladı. Pars şovinizmi elə bu dövrdən özünü açıq şəkildə büruzə verdi.
I Dara imkanı olan bütün mənsəblərə parsları təyin etdi. Ordu əsasən midiyalı türklərdən ibarət olsa da, imperiyanın hərəkətverici qüvvəsi türklər olsa da hakimiyyət tam parslaşdırıldı. Pars əyanlarına həddən artıq imtiyazlar verildi. Parsların əksəriyyəti vergidən azad edildi. Mixi yazılarını Manna, Elam və midiyalılardan mənimsəyən parslar get-gedə Midiya mədəniyyətinin varislərinə çevrilirdilər.
Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv edirlər. Hətta fars şovinizminin son böyük nümayəndələrindən olan Məhəmməd Rza Pəhləvinin göstərişi ilə onun hakimiyyəti dövründə bir İran təqvimi yaradılmışdı; həmin təqvim II Kirin hakimiyyətə gəldiyi ildən başlayırdı. Buradan da birinci nəticə çıxır ki, deməli, II Kirə qədər fars dövləti olmamışdır. İkincisi, kiminsə hakimiyyətə gəlməsi ilə təqvimin başlaması hakim-şovinizmin bayağı məhsulundan başqa bir nəsnə deyil. Üçüncüsü, tarixi saxtalaşdırıb Midiya dövlətini fars dövləti saymaq kimə və nəyə gərəkdir – şovinizmdən başqa. Dördüncüsü, başını bir türk qadın hökmdarı Tomrisin (Dəmirin) kəsdiyi hökmdarın xəyanət nəticəsində hakimiyyətə gəldiyi tarix hansı məntiqlə bir xalqın – parsların (farsların) təqviminin əsas olmalı idi? Bütün bunlar farsların özlərini belə çaş-baş qoyan kor şovinizmdən doğur.
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, parsların əsl hökmdarı və parsları (farsları) dünya tarix səhnəsinə çıxaran I Dara olmuşdur. Onun qızıl sikkə kəsdirməsi və Parsada (Persepolisdə) hökmdar iqamətgahı tikdirməsi Parsa dövlətinin müstəqilliyinə dəlalət edirdi. Parsların hakim olduğu imperiyaya m.ö. 330-cu ildə Makedoniyalı İsgəndər son qoydu. İsgəndər Parsanı (Persepolisi) yandırıb, xaraba qoydu. O, ümumiyyətlə pars əyanlarına amansız divan tutub, pars xalqına elə bir dağıdıcı zərbə vurdu ki, parslar bir də 500 ildən sonra öz qüvvələrini bir yerə toplayıb yeni dövlətdə hakimiyyətə gələ bildilər.
Pars (fars) şovinizmi bu məğlubiyyəti tarix boyu həzm edə bilmədi, buna görə də uydurmalar qondarıb özünə təskinlik vermiş, fars xalqını aldadaraq ovundurmağa çalışmışdır. Bu uydurmalardan biri də budur ki, guya İsgəndər fars hökmdarlarından birinin qeysər Filippə göndərdiyi cariyədən olmuşdur. Bu cariyə-kəniz Filippə göndərilməzdən öncə fars hökmdarından hamilə imiş, Filipp bunu bilməmiş, onu özünə arvad etmişdir. Deməli, İsgəndər farsların törəməsidir.
Daha sonralar, yəni ərəb işğallarından sonra daha çox “fars” adlanan parslar islam dininin təsiri ilə Makedoniyalı İsgəndəri bir qədər də mifləşdirərək onu başqa bir İsgəndərlə – İsgəndər Zülqərineynlə əvəz etdilər. “Zülqərineyn” iki mənada yozulurdu: 1) “Zülqərineyn” – ərəbcə “iki qərinə yaşamış” mənasındadır, halbuki Makedoniyalı İsgəndər 33 il yaşamışdır; 2) “Zülqərineyn” – ərəbcə “iki buynuzlu” deməkdir. Fars mif və dastanlarında bunlar bir-birinə çulğaşmış, tarix həqiqətindən heç bir iz qalmamışdır. Parsları (farsları) darmadağın və qətl edən və etdirən Makedoniyalı İsgəndər farsdilli ədəbiyyatın böyük, müsbət, bəzən də peyğəmbər surətinə (obrazına) çevrilmişdir.
Parsların tarixdə ikinci dövləti Sasanilər dövləti sayılır. Bir tarixçi kimi deyə bilərəm ki, parslar heç bir zaman dövlət yaratmamışlar. Onlar hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər. Əhəmənilər Midiya dövlətində, Sasanilər Parfiya-Arsak (Arşak) dövlətində, Büveyhilər (Builər)  (əvvəl Ziyarilərin qoşun başçıları üç qardaş Ziyariləri devirdilər) Abbasi xilafətində, Pəhləvilər Qacar dövlətində eyni şəkildə dövlət çevrilişi ilə və xarici güclərin köməyi nəticəsində hakimiyyətə gəlmiş sülalələr-xanədanlar olmuşlar. Parslar-farslar bütün tarix boyu cəmi dörd dövlətin başında dayanmışlar. Bunların içərisində parslar üçün ən önəmlisi və bir yandan fars milli ruhunun, bir yandan da fars şovinizminin əsas qaynaqlarından biri olan Sasanilər dövləti olmuşdur.
Sasanilər dövlətinin özülünü Ərdəşir Papakan qoymuşdur. Ancaq deyilənlərə görə, onun babası Sasan Parsanın Parfiyaya tabe hakimlərindən olmuş, buna görə də sülalənin hakimiyyətə gəlməsini onunla bağlayaraq, dövlət “Sasanilər dövləti” adlandırılmışdır. Sasanın özü haqqında tarixdə elə bir məlumat yoxdur. Bəlli olduğu kimi aşağı-yuxarı 477 il (m.ö. 250-dən miladın 227-ci ilinədək) yaşayan Parfiya dövləti Parsanı da öz tabeliyində saxlayır, oranın hakimlərini təyin edirdi. Sasan da o hakimlərdən biri olmuş, onun yerinə keçən oğlu Ərdəşir (Ardaşir) Parfiya hakim sülaləsi Arşakların canişini idi.
II yüzilin sonlarından Parfiya tənəzzülə uğrayır. Parfiyanın tənəzzülü daxildəki çəkişmələrlə yanaşı, elat alanların hücumları ilə bağlı idi. Bunu görən romalılar Parfiyanın batı torpaqlarını işğal etdilər. Onlar ikiçayarasının (Mesopotamiya) böyük hissəsini də qoparıb öz ərazilərinə qatdılar. Dövlətin mərkəzi Ktesifon (sonralar Mədain), onsuz da, süquta uğramışdı. Belə bir durumda Parsanın canişini Ərdəşir öz hökmdarının yıxıldığını görüb ona qarşı çıxdı, daha doğrusu, yıxılana balta vurdu, Arşaklıların son nümayəndəsi V Artabanı hakimiyyətdən devirib taxt-tacı ələ keçirdi. Ktesifon-Selevkiya paytaxt olaraq qaldı. O, 227-ci ildə Ktesifonda hökmdar elan edildi (227-239). Onun oğlu I Şapurun hakimiyyəti illərində (239-272) sanki Parfiya yenidən bərpa edildi.
422 il davam edən Sasanoğulları sülaləsi – hakim xanədanı parsların bir xalq kimi təşəkkül tapmasında həlledici rol oynadı. Tarix sanki bir də təkrar edildi; Əhəmənilər kimi Sasanilər da bütün hakimiyyət qurğularında parsları yerləşdirib onları xüsusi imtiyazlı xalq-tayfa etdilər, fars şovinizmi hakim kəsildi. Ölkə-imperiya 4 böyük yerə ayrılıb, hər birinə təyin edilən hakim şah adlandırıldı. Sasanilərin hakim nümayəndəsi isə şahənşah adlanırdı.
Sasanilər dövləti sözün əsl mənasında orta çağ imperatorluğu idi, o, Midiyanın yerində yaranmış və Midiyanın ərazicə kiçildilmiş formasında idi. Midiyadan fərqli cəhəti orasında idi ki, birincidə türklər, ikincidə farslar hakim mövqedə dururdular; türklər şovinizmin nə olduğunu bilmədikləri, dövlətçiliyi əsas götürdükləri halda, parslar hakim şovinizmin prinsiplərini əsas götürürdülər.
Altıncı yüzil Sasanlı imperiyasının yüksəliş dövrü olmuşdur. Bu dövrdə yeni işğallar hesabına imperiya böyümüş, Məzdəkilər hərəkatı sonda tam qələbə çala bilməsə də imperiya Çində siyasi-ictimai və iqtisadi münasibətləri yeniləşdirmiş, maniliyin təsiri nəticəsində müəyyən təkamülə uğramış, zərdüştlük Yaxın və Orta Doğuda ən nüfuzlu dinə çevrilərək həm də Sasanlıların dövlət dini olmuşdur. Bəlli olduğu kimi, zərdüştlük hələ Sasanlıların ilk hökmdarlarından olan I Şapurun tərəfindən dövlət dini elan edilmişdir. Ancaq imperiyada başqa dinlər və dini təlimlər – buddizm, manilik, şamançılıq, xristianlıq və onun nestorian, pravoslav qolları, sabilik, yəhudilik və başqaları geniş yayılmış, bunlar arasında daim kəskin münaqişələr olmuşdur. Altıncı yüzildə isə zərdüştlük tam hakim kəsilmiş, onun mübarizəsi əsasən xristianlığa qarşı yönəlmişdi.
I Qubadın hakimiyyəti illərində imperatorluq güclənməyə başlamış (o, iki dəfə hakimiyyətə gəlmişdir: 488-496, 498-531-ci illər), I Xosrov Nuşirəvan (Ənuşirəvan) (hakimiyyət illəri: 531-579), IV Hürmüz (579-590), II Xosrov Pərviz (591-628) zamanlarında qüdrətinin və yırtıcılığının, qaniçənliyinin ən yüksək təpəsinə qalxmışdır.
Fars şovinizminin qidalandığı əsas qaynaqlardan birisi sonralar saxtalaşdırılan, əfsanə və miflərlə bəzədilərək mifləşdirilən bu göstərdiyimiz tarixdir. Fars şovinistləri böyük lovğalıqla döşlərinə döyərək deyirlər: “Bizim damarlarımızda Ənuşirəvan (Nuşirəvan) qanı axır”.
Bir az sonra Qubadın, Ənuşirəvanın və Xosrov Pərvizin əsl kimliklərini görəcəyik, hələlik indi II Xosrov Pərvizin ölümündən sonrakı Sasanlıların durumuna ötərgi göz yetirək.
II Xosrovun Bizansla ara-sıra 25 il davam edən müharibəsi bizanslıların qələbəsi ilə bitdi. Bizanslılar II Xosrovu öz oğluna öldürtdülər. 628-632-ci illərdə – dörd il içində Sasan imperatorluğunda 10 (on) “şahənşah” hakimiyyətə gəlib-getdi. İmperatorluğa daxil olan ölkələr və xalqlar yıpradıldı. Orta Asiyada Ceyhun çayından tutmuş Fəratın sağ sahilinədək, Dərbənddən Ümman dənizinədək böyük bir ərazidə yerləşən ölkələr, o cümlədən Türküstan, Azərbaycan, Xorasan, Azərbaycan İraqı, Ərəb İraqı, Parsa və başqaları xarabalıqlara çevrildi, şərəfsiz Sasanlı hakimiyyəti bu ölkələrin xalqlarını ara müharibələrində (iç savaşlarda) bir-birinə qırdırdı, zülm və istibdad insanların güc və inamını yoxa çıxardı. Elə buna görə də 634-637-ci illərdə Ərəbistan yarımadasından yenicə dışarıya çıxan ərəblər özlərindən 4-5 qat artıq olan sasanlı ordularını Buveybə və Qadisiyyə döyüşlərində darmadağın etdilər, 641-642-ci il Nəhavənd döyüşündə imperatorluğun birləşmiş ordularını məhv edib 649-650-cı illərdə Ceyhun çayının sahilinə yetişdilər. Sasanlıların sonuncu imperatoru III Yezdigərdi Mərvdə 651-ci ildə yaxalayıb öldürdülər. Bununla da qanlı sasanlı imperatorluğuna son qoyuldu. Ancaq xalqlar azad olmadı. İmperatorluğun torpaqları və xalqları yeni bir qanlı imperiyanın – ərəb xilafətinin cənginə keçdi. Yeni bir dinlə – islam dini ilə silahlanmış və böyük hərbi qələbələr qazanmış ərəb şovinizminin qarşısında pars şovinizmi məğlub oldu.
Ərəb dilində “p” səsi yoxdur, ona görə də ərəblər “pars”a “fars” dedilər. Elə bundan dolayı parslar özləri də bundan sonra özlərinə fars dedilər. Ərəblər Parsa əyalətini “Bilad əl-fars” (“fars ölkəsi”) adlandırdılar. Ərəb zülmünə tab gətirməyən fars zalımlarının bir qismi köçüb-qaçıb öz əski baba yurdları olan Hindistana qayıtdı. Qalanlar isə islam dinini qəbul edib nəfəs çəkmədən ərəb ağalarına can və könüldən qulluq etməyə başladılar. İslam dinini qəbul edən farslar onu içəridən parçalamaq üçün yollar axtarırdılar. Bu haqda bir az sonra!
Bir daha xatırladırıq ki, fars şovinizminin tarix boyu söykəndiyi əsas qaynaqlardan, dayaqlardan biri mifləşdirdikləri Əhəmənlilər və Sasanlıların tarixi olmuşdur. Bu sülalələrin tarixinin necə mifləşdirildiyi çox geniş bir mövzudur. Bu haqda bir neçə cild kitab yazmaq olar. Biz burada, sadəcə olaraq, bir neçə misalla qısaca həmən xətti çətin də olsa göstərməyə çalışacağıq. Əgər gələcəkdə vaxt və imkan olsa fars şovinizminin, panfarsizmin və paniranizmin bütün köklərini və budaqlarını araşdırıb üzə çıxarmağa, onun antibəşəri mahiyyətini açıb göstərməyə cəhd göstərəcəyik. Bu mövzunu araşdırmaq çox önəmlidir. Çünki fars şovinizminin, panfarsizmin və paniranizmin ən böyük zərəri türk millətinə olmuş, bu tülkü hiyləgərliyi ilə yaradılmış iblis məfkurəsi türk millətinə sağalmaz yaralar vurmuş və vurmaqdadır. Ayrıca olaraq Türkiyə, İraq, Azərbaycan və Orta Asiya türkləri birdönəlik, yəqinliklə bilməlidirlər ki, rus və fars şovinizmi biz türklərin ən qəddar, amansız düşmənidir və onlara qarşı amansız mübarizə aparmalıyıq! Birdönəlik, tam yəqinliklə bilməliyik ki, panfarsizm (farsçılıq) və paniranizm fars şovinizminin qoşa qanadlarıdır, biri obirinin tərs üzüdür, panfarsizmdə ifşa olanlar paniranizmdə gizlənirlər.
“Fars”  aydındır – bir xalqın adıdır. “İran” isə aydın deyil, mücərrəd bir anlayışdır. Mücərrəd, qaranlıq, kimsəyə aydın olmayan, qondarma bir sözün və sözcüyün adı ilə alver etmək, düşüncələri dumanlatmaq daha qolay olur. 40 (qırx) ilə yaxındır ki, mən bu sözün hansı anlam daşıdığını yüzlərlə insanlardan, alimlərdən sormuşam, kimsə buna aydın, dəqiq bir cavab verə bilməyib.
“İran” bir coğrafi anlayışdırmı? Yox! Əgər coğrafi anlayışdırsa hansı yerləri, torpaqları əhatə edir? Heç bir ərazini!
“İran” dövlət anlayışıdırmı? Yox!
Uzun sözün qısası, “İran” xəyalı bir qatışıq, gerçək anlayışa gəlməyən bir ifadədir.
Nə isə! Belə aydın olur ki, Yaxın Doğuda tarixi-coğrafi anlayışlar olan Azərbaycan, Xorasan, Türküstan, Bəlucistan, Parsa, Əcəm İraqı, Dəyləm, Təbəristan və başqaları zaman-zaman bir dövlətdə, daha doğrusu hansısa bir imperiyada birləşdirilərək “İran” adlandırılmışdır.
Məsələnin əsl mahiyyətinə keçək. Adları yuxarıda çəkilən ölkələrin ən qədim və əsas əhalisi on min illərdir ki, türklər olmuşdur. Parslar bu əraziyə aşağı-yuxarı 2800 il bundan öncə gəlmiş, 2550 il bundan qabaq, yeni eradan əvvəl 553-cü ildə Midiya dövlətində hakimiyyəti ələ keçirmiş və fars sülaləsi Əhəmənilər şahlıq taxtına oturmuşdur (eradan öncə 553-330-cü illər). Beləliklə, Parsalı şahların tarixi farsların tarixinə çevrilmişdir.
Elə bununla bağlı olaraq, hamının bildiyi kimi farsların son şahı Məhəmmədrza Pəhləvi öz şahlığı dövründə göstəriş verdi ki, ölkədə işlədilən miladı (xristian) və hicri (müsəlman) təqvimlərindən əlavə yeni təqvim yaradılsın və bu təqvim Əhəmənilərin birinci hökmdarı-şahənşahı II Kirin taxta çıxdığı ildən başlasın. Həmin təqvim yaradıldı və adını da “İran təqvimi” qoydular. Bəli, bu idi 2500 il sürüb gələn fars şovinizminin bir nəticəsi və mahiyyəti. Tarixi, ədəbiyyatı, elmin hansı sahələrini araşdırırsınız araşdırın, fars xalqının tarixi yoxdur, fars şahlarının tarixi vardır – özü də mifləşdirilmiş, mifik bir tarix, mifik bir ədəbiyyat!
Bu böyük, xaotik mif dünyası necə yaranmışdır, onun qaynaqları hansılardır? Burada iki əsas qaynaq var:
  1. zərdüştlük dini;
  2. fars şahları haqqında yaradılan nağıllar, rəvayətlər, uydurmalar, bir sözlə böyük dünya dinlərinin yaranmasından qabaq dünyaya hakim kəsilmiş miflərin sonradan fars şahlarının adına yazılması.
Bəlli olduğu kimi, zərdüştlüyü dünyanın görkəmli bilginləri üç mərhələyə ayırırlar:

bullet

zaratuştrianizm

bullet

zaratuştrisizm

bullet

zaroastrianizm.

Birinci mərhələ Zərdüştün yaratdığı Avestanın əsasını – Qatalarını təşkil edir (onun ilkin başlanğıc tarixi bəlli olmasa da aşağı-yuxarı miladdan öncə beşinci yüzilədək olan dövrdə yarandığı söylənilir). İkinci mərhələ “Kiçik Avesta”da (“Xorde-Hırda Avseta”) öz ifadəsini tapmış, Zərdüştün ölümündən sonra yaranmışdır və miladdan öncə beşinci yüzildən sasanlılar hakimiyyətinin ortalarınadək olan dövrə düşür. Üçüncü mərhələ sasanlılar dövrü və ondan bir az sonraya aiddir.
Zərdüştlük çox maraqlı bir tarix keçmişdir. Bildiyimiz kimi bəşər hələ dinlərə çatmamış on min illər boyunca miflə yaşamış, insan yaşamında miflər ön yer tutmuşdur. İnsan oğlu zaman-zaman mifdən dinə doğru inkişaf yolunu yürümüş, ancaq çoxallahlığa daxil olmuş, sonra oradan da təkallahlığa tapınmışdır.
Zərdüştlük ilk təkallahlıq dinlərindən biri, bəlkə də birincisidir.
Maraqlı olan nədir? Zərdüşt xalqı mifdən qurtarıb təkallahlı dinə gətirdiyi halda, ondan sonra bu dini özlərinə silah edən farslar onun ikinci, üçüncü mərhələsində bu dinə əski mifləri yenidən soxmuş, min il əlavələr edərək zərdüştlüyü yeni əsərlərlə, kitablarla mifləşdirmiş, onu fars şovinizminin alətinə çevirmişlər.
İkinci maraqlı cəhət orasındadır ki, farslar islam dininin də başına bu oyunu gətirmiş, onu gücləri çatdığı qədər mifləşdirmişlər. Fars hökmdarlarının sözləri ilə desək, “çəyirtkə, ilan-qurbağa yeyən ərəblər” (əslində belədir: üzün dönsün ey çərxi-fələk, gör nələr yapdın, nə günlərə qaldın ki, çəyirtkə, ilan-qurbağa yeyən ərəblər Kəyan taxtına əl uzatdılar!) 450 illik Sasanlı-fars imperatorluğunu bir həmlədə darmadağın edib, yüzillərlə formalaşmış fars şovinist yekəxanalığını, təşəxxüsünü sındırmışdılar. Farslar bunu heç cür həzm edə bilmirdilər. Ancaq islamla ideyaca silahlanmış ərəblər tez bir zamanda böyük bir imperatorluq yaradandan sonra ərəb şovinizmi tüğyan elədi; bundan sonra 1270 il hər hansı dövlət yarada bilməyən, şahlıqdan məhrum olan fars şovinizmi bütün gücünü islamda təxribata və fars şovinizmini tarix və ədəbiyyat vasitəsi ilə ideologiya yaratmağa yönəltdi.
Fars şovinizmi islamda şiəliyi alaraq onu bütün islama qarşı qoydu, tarixi şəxsiyyətlər olan imamların tərcümeyi-hallarını, həyat və yaradıcılıqlarını miflərlə qarışdırdı, miflərlə saxtalaşdırdı. Əlialahiliyi (IV xəlifə, imam həzrət Əlini Allah sayanlar), ismaililiyi farslar yaratdılar.
Farslar miflər yaratdı: “Yerin bir ipi var, o da yer üzünün valisi həzrəti-Əlinin əlindədir; onu nə vaxt tərpətsə zəlzələ olur”; “Peyğəmbər meracda olarkən plov yemiş, onunla bərabər bir əl də o plovdan yeyərək Peyğəmbərə yoldaşlıq etmişdir. Bu, Allahın yanına Peyğəmbərdən öncə getmiş Əli idi”; “İmam Hüseyn üç yaşında ikən xurma ağacının kölgəsində oynayırdı. Anası həzrəti-Fatimə gəlib gördü ki, orada bir əjdaha iki yerə parçalanıb, qorxuya düşdü, həzrəti-Peyğəmbərin yanına qaçdı. Peyğəmbər dedi: Bilirəm nəyə gəlmisən, heç təlaş keçirmə, o əjdahanı oğlun Hüseyn iki yerə parçalayıb”; “həzrəti-Hüseyn qılınc çaldı, hər qılınc çalanda 40 min baş sağa, 40 min baş sola töküldü”; daha nələr, nələr. Ulu Tanrı, sən özün bağışla!
“Fars şovinizmi və İslam” mövzusuna bu yazının sonunda bir də qayıdacağıq.
Öndə dediyimiz kimi, farslar mifləri gerçək tarix, gerçək tarixi mif yapmaqda bəlkə də dünyanın ən mahir xalqıdır. Gerçək, həm də sosiologiya, təbiətşünaslıq və fəlsəfə ilə çuğlaşmış bir din olan zərdüştlüyü min il boyu mifləşdirərək islam və xristianlıq qarşısında məğlub durumuna gətirdilər. Sözsüz ki, mifləşmiş zərdüştlük gerçək həyata daha çox yaxın olan islamın qarşısında tab gətirə bilməzdi və gətirmədi də!
Farslar öncə öz tarix və ədəbiyyatlarını, bacardıqca dünya tarix və ədəbiyyatını öz xeyirlərinə mifləşdirmişlər. Mif təntənə çalan yerdə gerçək bilikdən danışmaq həqiqətə, elmə, biliyə istehzadan başqa bir şey deyil. Dünyanın böyük bilik korifeylərindən olan türk dahisi Məhəmməd Əbu Reyhan Biruni (973-1048) demişdir: “Fars dili Xosrov Ənuşirəvan əfsanələri yaratmaqdan başqa bir şeyə yaramır”. Ondoqquzuncu yüzilin görkəmli türk alimi, filosof və yazısıçı Mirzə Fətəli Axundzadə (1812-1878) demişdir: “Dünyada farslar qədər əfsanəyə inanan başqa bir xalq yoxdur”.
Öncə demişdik ki, farslar əfsanələri – mifləri özlərinə tarix etmək üçün, tarixi isə özlərinin xeyrinə mifləşdirmək – əfsanələşdirmək üçün dəridən-qabıqdan çıxmış, bu yolda türk, Bizans, Suriya, ərəb, hətta Britaniya və Rusiya imperatorluqlarının saraylarının qapılarında yüzillərlə təzim edərək, dondan-dona girərək sürünməklərini sürdürmüşlər.
Hikmətlə yanaşı, əfsanə, nağıl, yaltaqlıq və hiyləgərliklə dolu “Kəlilə və Dimnə”ni Hindistandan oğurlayıb gətirmək üçün bir fars alimi öz ömrünün çoxunu hind saraylarında bir casus kimi çürütməyə razı olmuş, sonda istədiyinə çatmışdır.
Bizim bu dediklərimizin doğruluğuna azacıq şübhə ilə baxanlar buyurub fars xalqının əvəzsiz yaradıcılığı sayılan və farslarda dünyanın müqəddəs kitabları ilə yan-yana tutulan “Şahnamə”ni bircə dəfə vərəqləsinlər.
Nə üçün “Şahnamə”ni fars xalqının yaradıcılığı sayırıq? Deyə bilərlər ki, bu ki, Firdovsinin əsəridir. Gəlin Firdovsinin öz dediyinə baxaq. O, “kitabın hazırlanması barədə” başlığı altında:

          Mənim sözlərimdə tapılmaz yalan,
          Nə əfsun, nə əfsanə yazdım, inan!
          Ağılla oxu, rəmz tapsan əgər,
          Düşün, rəmz mənaya yol göstərər –
yazmasına baxmayaraq, görün həmən yerdə kimi tərif edir və ona haqq qazandırır. Bunu ondan qabaq onun sələfləri, fars dastançıları – əfsanə yazanları yapmışdır:

          Qədimlərdə vardı böyük bir kitab,
          Dəyərliydi, dastanları bihesab.
          Uzun illər gəzdi o əldən-ələ,
          Onu hər kəs istərdi əzbər bilə.
          Yetişdi nəcibzadə bir pəhləvan –
          Ağıllı, cəsarətli, söz anlayan,
          Qədim dövr tarixini öyrənən,
          Əsatirə min dürlü məna verən.
          Bütün ölkədən yığdı möbidləri,
          Tapılsın deyə hər sözün cövhəri.

Bəli, bu tarixçi, əsatirçi (mifçi) “qəhrəman” möbidləri (din xadimlərini, din böyüklərini) də bir araya gətirib, nə edir?

          Böyüklər ona söylədi birbəbir
          Qədim şahların macərası nədir.
          Rəvayətləri dinlədi qəhrəman,
          Gedib başladı bir böyük dastan.
          O da dünyada qoydu bir yadigar,
          Böyüklər onu hörmət ilə anar.
Buradan hamıya aydındır ki, Firdovsinin dediyinə görə, bu əfsanə, əfsun, rəvayət və qədim tarixləri iki ayrı-ayrı nəsil yazıbdır. Firdovsi sonra “Şair Dəqiqinin dastanı” bölməsində əvvəlki fikrini davam etdirərək yazır:

          Kitabdan bu dastanları bir zaman
          Seçib, sevdi söz qədrini anlayan.
          Ağıllı, bilikli adamlar ki var,
          Bu dastanların aşiqi oldular.
          Yetişdi, nəhayət, igid bir cavan –
          Gözəl söz deyən, təbii, şeri rəvan.
          Dedi: – Bu kitabı çəkim nəzmə mən.
          Ona “afərin”  söylədi hər görən.
          … …
          Qara bəxt əlindən alıb içdi cam,
          Ölüb getdi, qaldı əsər natamam.

Buradan hamıya aydındır ki, Firdovsi şair Dəqiqinin yazdığı “Şahnamə”dən danışır. Belə ki, Dəqiqi də keçmiş əfsanələri, əfsanələşdirilmiş (mifləşdirilmiş) İran-fars tarixini nəzmə çəkmiş, min (1000) beyt (2 min misra) yazmışdır. Dəqiqini öz xidmətçisi gənc yaşında öldürmüş, əsər yarımçıq (natamam) qalmışdır. Firdovsi həmən “Şahnamə”ni götürmüş, həmən şer vəzni ilə davam etdirmişdir. Dəqiqinin min beyti indi Firdovsinin adına yazılan “Şahnamə”dədir. Dəqiqinin yarımçıq (natamam) “Şahnamə”sini bitirmək niyyətində olan Firdovsi yazır:
          Dedim onda mən: -Bəxtim olsa kömək
          Yazıb bu kitabı bitirmək gərək.
          Deyirdim: -Bu işdə geciksəm əgər,
          Girər ortaya başqa bir bəxtəvər.

Gördüyümüz kimi, həmin dövrdə ərəb işğalı altına düşmüş farslar ərəb xilafətinin dağılıb tam parçalanmasından istifadə edərək fars ruhunu yenidən dirçəltmək üçün öz əfsanəli tarixlərinə əl atmışdılar. Firdovsi davam edir:

          Şəhərdə dost idi mənə bir nəfər,
          Yanımda əzizdi o, canım qədər.
          Mənə söylədi: -Fikrinə afərin,
          Sənin tutduğun doğru yoldur, yəqin.
          Tapıb pəhləvicə bu dastanı mən
          Gətirrəm, yolundan geri dönmə sən!
          … … …
          Cəsarətlə çək nəzmə “Şahnamə”ni,
          Böyüklər böyük işlə sevsin səni.
          Yazıb mətni dostum gətirdi mənə,
          Yeni canla ilham yetirdi mənə.

Firdovsinin bu dostu da çoxlu mətnlər toplamış, özü də bir çox mətni nəzmə çəkmişdir. O, bütün bunları Firdovsiyə verir və deyir:

          Deyirdi: -Yazarsansa “Şahnamə”ni,
          Çalış, şahlara çatdır o töhfəni.

Bəlli olduğu kimi Firdovsi və onun dostu sözsüz ki, türk sultanı Mahmud Qəznəvini (969/70-1030) nəzərdə tuturdular. Firdovsi “Sultan Mahmudun vəsfi” adlı bölmədə yazır:

          O gündən ki yoxdan var olmuş cahan,
          Hələ gəlməmişdir belə hökmran.
          … …
          Bəzək verdi dünyaya başdan-başa,
          Dönər altuna, əl vurarsa daşa.
          Oyandı mənim taleyim bir zaman,
          Düşündüm: -Başımdan çəkilmiş duman.
          Dedim: –İndi, artıq, olar söz demək,
          Keçən əsrlər olsun aşkar gərək.

Bəli, göründüyü kimi, hər şey aydındır. Türk hökmdarları ərəb ağalığını yenmişdilər, əcəmi (qeyri-ərəbləri) ərəb zülmündən xilas etməkdə idilər. Bundan ustalıqla yararlanan farslar türk qılıncına sığınaraq, öz milli keçmişlərini yenidən tərənnüm edərək bütün ciddi-cəhdləri ilə fars milli ruhunu və fars şovinizmini dirçəltməyə çalışırdılar. Nə yazıq ki, türklərin əli, pulu, qızılı, himayəsi sayəsində dirçəldilən bu fars şovinizmi əslində ərəblərdən daha çox türklərə qarşı idi, açıq-aydın fars şovinizmi türk düşmənçiliyi demək idi. Bütün fars tarixi, fars əfsanələri, “keçən əsrləri aşkarlayan” farsdilli əsərlər türklərin təmsil etdiyi Turanla farsların təmsil etdiyi İran arasında gedən müharibələrə həsr edilmiş, həyatda tam tərsinə olduğu – yəni həmişə türklərin qələbəsi olduğu halda yazıda farsların qələbəsi tərənnüm edilmiş, dünyada yaxşı, bəşəri nə varsa farslar, fars hökmdarlarının ayağına yazılmışdır. Dünyada ilk dövləti farslar yaratmış, fars hökmdarları bütün dünyaya hakim olmuş, dünyada ən gözəl varlıqları fars şahları tapmış, yaratmış, bəşərin istifadəsinə vermiş, daha nələr, nələr. Bir-iki misal: Firdovsi “Kəyumərs” başlıqlı bölmədə yazır:

          Ata söyləmiş oğluna bir xəbər,
          Gəzər dilləri, keçsə də əsrlər.
          Cahanda kim ilkin olub hökmdar,
          Böyüklər ona göstərib etibar?
          Qədim dövr tarixini izləyən,
          Böyük şahlar haqqında dastan deyən
          Demiş: -Şah birinci Kəyumərs idi,
          Başa tac qoyub, “padişaham” dedi.

Bu beytlərdən aydın olur ki, Firdovsinin yaşadığı dövrdə bu yalan bir həqiqət kimi “dillərdə gəzirmiş”. Burada ikinci bir mətləbə baxaq: Bunu kim demiş, kim yazmış? – “qədim dövr tarixini izləyən”. Mifin necə tarixləşdirildiyini görürsünüz və Firdovsi qabaqcadan əsərinin başlarında yazırdı ki, “Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə, inan!”, ancaq “Şahnamə” başdan ayağa əfsun, əfsanə və yalanlardan, saxtalıqlardan, boş tərif və yaltaqlıqdan ibarətdir. Sultan Mahmud Qəznəvi tarixdə məlum, görkəmli şəxsiyyət, istedadlı sərkərdə, özü bilikli olduğu kimi, elmə, biliyə, şerə, sənətə çox böyük qiymət vermiş, elm və mədəniyyət hamisi kimi tarixdə tanınmışdır. Ancaq tarixi şəxsiyyət olan Mahmud Qəznəvi Firdovsinin “vəsf” adı altında yaltaqlanıb, saxtalaşdırdığı Mahmuddan çox fərqlidir. Firdovsi yazır:

          Bu, Hindistanın şanlı sultanıdır,
          Bu, Rumun qızıl taclı xaqanıdır.
          Ədalətlə vermiş cahana bəzək,
          Günəşdir onun tacı, təxti fələk.

Bəlli olduğu kimi, Sultan Mahmud Hindistana 17 kərə hücum edib, oranı hakimiyyəti altına alıb, ancaq o nəinki Ruma (Bizansa), hətta Azərbaycana belə gəlib çatmayıb, daha doğrusu hücum etməyib və heç bir zaman da Rum (Bizans) ona hər hansı bir şəkildə tabe olmayıb. Bizə elə gəlir ki, Firdovsi Rumun (Bizansın) harada yerləşdiyini də dəqiq bilmirmiş, çünki o, “Şahnamə”nin başqa bir yerində belə yazır:

          Salınca nəzər şah, Səlm oğluna:
          Halaldır, -dedi, -Rumu-Xavər ona,
          Buyurdu: -Götürsün qoşun, durmadan
          Şahənşah kimi Şərqə olsun rəvan.

Burada göstərildiyi kimi, Fəridun şah guya dünyanın şahənşahıdır. O, dünyanı üç oğlu arasında üç yerə bölür. Rumu-Xavəri böyük oğlu Səlmə verir, İranzəmində ortaya göndərir. Onda Səlm İrandan çıxanda Şərqə yox, Qərbə getməli idi.

Sultan Mahmudu “vəsf” edən şair yazır:
          Çinə, Kəşmirə, Hində bir sal nəzər,
          Bütün padişahlar ona baş əyər.

Firdovsi yalanın gözünə doğrunu qatıb zəhərli yalanı şəkər kimi savadsız və az savadlı oxucusuna yedizdirir. Bu, doğrudan-doğruya insanlıq qarşısında cinayətdən başqa bir şey deyildir. Çin imperatorunun XI yüzildə Sultan Mahmuda baş əyməsi, Firdovsinin yalanından, gopundan və yaltaqlığından doğan fantaziyası, əfsanəsidir. Öz yaşadığı dövrün tarixini, şəxsiyyətlərini əfsanələşdirən bir şairin qədim qaranlıq tarixləri necə mifləşdirəcəyi apaydındır.
Fars şovinizmi həmişə Allahı və dinləri xalqla şahlar arasında bir alətə, vasitəyə çevirmişdir. Nə yazıq ki, bu, islam dininə münasibətdə də belə olmuşdur. Firdovsi bunu bir hikmət, bir fars atalar sözü kimi qələmə almışdır:

          O istər görə xalqı allahpərəst,
          Çünki allahpərəstlər olar şahpərəst.

Deməli xalqa dini, Allahı ona görə öyrədir, təbliğ edirlər ki, xalq bu yolla sonucda “şahpərəst” olsun. Dindən və Allahdan amac budur. Görəsən, Ulu Tanrı bu iyrənc məqsədləri bağışlayacaqmı? Axı belə olmaz! Şah dinə xidmət etməlidir, din şaha yox!
Bir daha yada salaq ki, fars şovinizmi öz varlığını yaşadıb, dirçəldib, hakim mövqe tutmaq üçün:

bullet

dinləri mifləşdirib;

bullet

mifləri tarixləşdirib;

bullet

tarixi mifləşdirib.

Bunların hər üçü bəşəriyyət üçün çox təhlükəlidir; mifləri tarixləşdirmək isə bəşər üçün əvəzedilməz önəmi olan tarix elminə alçaq bir qəsddir. Çağdaş tarixçilər buna qarşı amansız mübarizə aparmasalar tarix elmi məhv olar. Bir daha Qumilyovun sözünü təkrarlamağa məcburam: “Mif başlayan yerdə elm qurtarır”.
Bu yazının sonunda biz fars şovinizminin mifləri tarixləşdirmə və tarixləri mifləşdirməsi haqqında fikirlərimizi “Şahnamə” üzərində araşdırma ilə açıqlayacağıq. İndi bu şovinizmin bəzi qaynaqları haqda bir sıra fikirlərimizi söyləməyi qaçılmaz sayıram.
Dövrümüzə gəlib çatan qaynaqların ilki din (zərdüştlük) kitablarıdır ki, onların da başında “Avesta” durur. Bir sıra tarix qaynaqları və tarixi-bədii, mənzum romanlar da “Avesta”ya dayanmışdır. Yüzlərlə mənbə (qaynaq) və ədəbiyyatla tanış olduqdan sonra belə qənaətə, sonuca gəlirik ki, zərdüştlük dininə aid kitablar külliyatı-toplusu sayılan “Avesta”nın dörddə biri gəlib zamanımıza çatmışdır, onların (əlyazmaların – red.) da ən əskisi bu eranın XII yüzilinə aiddir, ən yaxşısı isə XIII yüzilə. Və belə aydın olur ki, bu kitabların ilkin bölmələri eradan qabaq min üç yüzüncü ildən yazılmağa başlamış, bu eranın – miladın 8-10-cu yüzillərinədək artırmalar, əlavələr, şərhlər və haşiyələrlə daim çoxaldılmış, çox böyük dəyişmələrə məruz qalmışdır. Aydın olur ki, “Avesta” 2300 ilə yazılmışdır. Belə bəlli olur ki, “Avesta” yüzillərlə o qədər dəyişmələrə uğradılmışdır ki, Zərdüştün əsl-gerçək “Avesta”sından olduqca az bir nəsnə qalmışdır.
“Avesta” birinci böyük təhrifə Əhəmənilər dövründə (parsalı Həxamənişilər, m.ö. 558-330) uğradılmış, hakim sülalənin nümayəndələrinin göstərişi ilə bu kitaba əfsanəvi hökmdarlar və onların da özləri haqqında nağıllar, dastanlar salınmışdır.
Yeri gəlmişkən bir tarix faktını burada vurğulamaq istəyirik ki, nə Əhəmənilər (Həxamənişilər), nə də Sasanlılar təmiz pars-fars sülaləsi olmayıb. Bu, Əhəməni şahı I Daranın (m.ö. 522-486) Bisütun qayalarında yazdırdığı daş kitabədə çox aydın ifadə edilmişdir. O, tarixdə məşhur Qaumata üsyanını yatırması haqqında belə yazır: Parsalı və Midiyalı olan ailəmizdən (!) bir kimsə tapılmadı ki, şahlığı Qaumata muğdan alsın. Bu o zamanadək sürdü ki, mən gəlib Ahuramazdadan yardım istədim. Ahuramazda mənə kömək göstərdi və şahlığı geri aldım”.
Tarixdən bəlli olduğu kimi, Əhəmənilərin əsl kökü parsalılara və Midiya türklərinə dayanmaqla yanaşı, onların döyüş güclərinin əsas bir hissəsi və saray hərbi dvoryanları qaz (qas)qut (quz) türklərindən ibarət olmuşdur. Bu cür parsa-türk çulğaşmasını biz Sasanlılarda da görürük. Amma çox qəribədir ki, bu hər iki sülalə mülki və dini sahədə bütün idarəçiliyi və ağalığı farslara vermiş, fars zadəgan silki yaratmış, fars şovinizmini bəsləyib ərsəyə gətirmişdir.
“Avesta” Əhəmənilər dövründə yeni bir külliyyat halına salınır, iki nüsxəsi hazırlanır: bir nüsxəsi Parsanın mərkəzində sonralar “Təxti-Cəmşid” adlanan şəhərdə, şahların kitabxanasında saxlanılırdı. Bu nüsxəni İsgəndər oranı işğal edəndə yandırmış, Şarikanda saxlanan obiri nüsxəni Yunanıstana aparmışdır.
Əşkan şahları dövründə Azərbaycanda və onunla qonşu əyalətlərdə dağınıq halda olan “Avesta” bölmələri toplanmış, bu kitab yenidən bərpa edilmişdir. Bu iş Sasanlıların ilk hakimiyyət illərində də davam etdirilmişdir. Sasanlı şahı II Şapur (379-cu ildə ölüb) möbidan-möbid (kahinlər kahini) Azərbüd İspənd oğluna tapşırmışdır ki, “Avesta”nı tam təkmilləşdirib yenidən redaktə etsin. Bu iş başa çatanda II Şapur Zərdüşt dinini rəsmi dövlət dini elan etmişdir. Azərbaycan (Azərbüd) toplayıb tərtib və redaktə etdiyi “Avesta”, dediyimiz kimi onaqədərki “Avesta”nın dörddə biridir və bu zamana gəlib çatan da onun təhrif edilmiş şəklidir. Bu “Avesta” beş bölməyə ayrılır:

  1. Yasna
  2. Vispered
  3. Vendidad
  4. Yəşt
  5. Xorde Avesta/Xurtak Apastak (Xırda-Kiçik Avesta)

Yasna yetmiş iki (72) bölmədən ibarətdir, onun yalnız bir bölməsi Qatalar adlanır. Dünyada tanınmış zərdüştlükşünaslaravestaşünaslar birgə fikrə – sonuca gələrək bildirirlər ki, yalnız bu Qatalar və bir sıra Vəndidad Zərdüştün əsəridir və “Avesta”nın ən əski bölmələridir. Biz hörmətli oxucunun buna ayrıca diqqət yetirməsini istəyirik: çünki söyləyəcəyimiz fikrin önəmli xətlərindən biri budur və çox həssas bir çıxış nöqtəsidir. Belə ki, görkəmli Azərbaycan dahisi Zərdüşt dünyada ilk təkallahlıq din sistemini yaradan bəşər dühalarından olmuşdur. Min-min yazıqlar olsun ki, fars əfsanəçi, şahçı, əfsunçu zehniyyatı təktanrılı zərdüştlük dinini elə bir hala salmışdır ki, bu din sonradan ya ikiyaradanlı, ya da çoxallahlı din kimi qəbul edilmişdir. Bu, şovinist və əfsanəçi, nağılçı fars zehniyyat və niyyətinin Azərbaycan türk xalqına vurduğu ilk ölümcül yaralardan biridir!
Türk, ərəb, rus, fransız, fars, dəri pəhləvi dillərinin kamil bilicisi olan Azərbaycan alimi İsmayıl Şəms (“Avesta”nın Qatalarını incələyərək, müqayisəli tarix – məntiq metoduna və fəlsəfi prinsiplərə dayanaraq, çox haqlı olaraq, zərdüştlüyün təktanrılı din olduğunu əsaslı sübut etmişdir. İsmayıl xoca yazır: “Zərdüşt çoxallahlığın əleyhinə çıxaraq Ahuramazdanı yeganə Yaradan, Xaliq bilmişdir…
Məhəmməd peyğəmbərdən sonra bəzi din xadimləri Zərdüşt dinini ikiallahlı kimi başa düşmüşlər. Onlar Ahuramazda ilə Əhriməni, Xeyirlə Şəri bir-birinə qarşı qoyaraq, ayrı-ayrı varlıq hesab etmişlər…
Zərdüştün Qatalarda dediklərini məntiq və fəlsəfə prinsipləri ilə dərindən təhlil etdikdə bu nəzəriyyələrin düzgün olmadığı meydana çıxır” (Bax: Avesta, I kitab. Bakı,1995, s.28).
Zərdüştlük dini üç böyük əsas üzərində qurulmuşdur: Uğurlu Düşüncə, Uğurlu Söz, Uğurlu İş. Bir sıra alimlər bu üç əsası bütün dinlərin ana prinsipi sayırlar. Biz də bu fikirdəyik. Bir məsələni də gözdən qaçırmayaq ki, bunları tarixdə ilk dəfə Zərdüşt demişdir.
Zərdüşt Tanrıya Ahura, Mazda, ya da bir yerdə Ahura Mazda, Mazda Ahura deyə müraciət edir. Qataların birində Zərdüşt Tanrıya belə müraciət edir: “Ey Mazda, mən öz düşüncəmlə (yəni Uğurlu Düşüncə ilə – Ə.E.) dərk etdim ki, varlığın ilki də, sonu da sənsən. Səni öz gözümlə gördükdə başa düşdüm ki, ən düzgün, ən doğru hakim sənsən, dünyadakı işlər haqqında ən ədalətli hökm verən sənsən!”
Doğrudan doğruya soruşuruq: bu müraciət təktanrılıq deyilmi? Başqa bir yerdə deyir: “Ey Mazda, həm hökmdarlıq, həm də qüdrət sənin əlindədir”. Başqa bir yerdə Zərdüşt deyir: “Ey Ahura, bunu səndən soruşuram, mənə düzgün söylə. Səninlə dininə çağırılmış adamlar dindarlıq baxımından ona necə yanaşacaqlar? Ey Mazda, bu iş üçün Sənin tərəfindən ilk seçilmiş adam mənəm!”
Bu Qatadan aydındır ki, Zərdüşt bu dini öz dini adlandırmamış, onu Tanrının dini adlandırmış və bu dini yönəltmək üçün Tanrı-Ahura Mazda Zərdüştü peyğəmbər seçmişdir. Bəhs etdiyimiz mövzunun böyük uzmanları bu dini həm mazdeizm, həm də zərdüştlük, ya da Zərdüşt dini adlandırır, bir çox halda biri obirini rədd edir. Bu yuxarıda gətirdiyim misaldan və daha başqa misallardan aydın olur ki, Zərdüşt Tanrıya (Mazda, Ahura, Ahura-Mazda) müraciət etmiş və bu dini Tanrının dini kimi qəbul etmişdir. Ona görə də bu dinə mazdaizm (mazdailik), ahuraizm (ahuralıq), ahuramazdailik demək heç də yanlış deyil və bu dinin Zərdüştün adı ilə adlanması doğrudur. Bu, bütün dinlərə də aiddir. Məsələn, islam dininə peyğəmbərin adı ilə bağlı “məhəmmədiyyə” də deyilir. İbrahim peyğəmbərin yaydığı dinə “hənəfiyyə” deyildiyi kimi “ibraniyyə” də deyilir və bu kimi başqalarına da (məs., isavilik, musavilik və b.).
Yuxarıda gətirdiyimiz misallardan aydın olur ki, mazdailik (zərdüştlük) ilk yaranışında təktanrılı din olmuş, sonradan təhrif edilərək ikiallahlı din donuna geydirilmişdi. Nəticədə belə alınmışdır: dünyanın – yaradılışın (varlığın) iki başlanğıcı var: Xeyir və Şər. Xeyir Allahı Mazdadır – Hörmüzddür, şər Allahı Əhrimandır (Əhliman).
Sorğu doğa bilər: nə olsun ki, parslar təktanrılı bir dini ikitanrılı dinə çevirmişlər? Bundan farslar, türklər, bəşəriyyət nə itirmişdir? Birmənalı cavab verək ki, çox-çox şeylər itirmişdir. Birincisi, bir daha qeyd edək ki, bəşəriyyət mifdən çoxallahlığa, çoxallahlıqdan azallahlığa, azallahlıqdan üç və ikiallahlığa və onlardan da təkallahlığa doğru bəşəriyyət böyük əzablı bir yol keçərək öz təfəkkürünü, dünyagörüşünü kamilləşdirmişdir. Bundan geriyə qayıtmaq tərəqqi deyil, irticadır, geriləmək və bəşər inkişafına maneçilikdir və çox-çox heyiflər olsun ki, bu maneçilik min illərdir davam edir. Bu dediklərimiz artıq dünya düşüncə tarixində, tarixin fəlsəfəsində danılmaz, heç cür inkar edilməz bir həqiqətdir.
Məsələnin ikinci yönü: mif, din və bilim (elm) – hər üçü ayrı-ayrılıqda dünyagörüşü, dünyabaxşıdır, aralarında ilişkilərin olmasına baxmayaraq, bir-biri ilə müəyyən ziddiyyət, inkar, rəqabət və mübarizədədirlər. Mifik təfəkkür bilim təfəkkürünə qarşı daha düşmən mövqedə dayanır, demək olar ki, əks qütbü təşkil edir. Din düşüncəsi bilimə mifik düşüncədən az mane olur. Bu açıdan da dindən mifə qayıtmaq bilimin (elmin) inkişafına, bilim təfəkkürünün gəlişməsinə mane olmaq deməkdir. İnsan oğlu mifdən dinə, dindən bilimə yürümüşdür. Dindən mifə qayıtmaq bilimdən inkar deməkdir, bilimə gedən yoldan geri dönmək deməkdir.
Məsələnin üçüncü yönü: zərdüştlüyün (mazdaizmin) mifləşdirilməsi bu din silahının bir sıra Yaxın və Orta Doğu xalqlarının əlindən alınması, bu xalqları başqa dini silah edib hücuma, işğala yürüyən xalqlar qarşısında silahsız qoymaq demək idi. Belə ki, sonucda öncə xristianlığı əldə silah tutan Roma (Bizans) imperatorluğu zaman-zaman, keçmiş zərdüşti ölkələrinə hücum edib, bir sırasını işğal altına alıb onların əhalisini xristianlaşdıra bildi. Məsələn, atəşpərəst Qafqaz xaçpərəst oldu.

Yeri gəlmişkən bir məsələni qeyd etmək istərdik ki, bir sıra başqa din yönəticiləri, alim və araşdırıcılar zərdüştlüyü atəşpərəstlik – odsevərlik kimi tam eyniləşdirib, bərabərləşdirib belə idda etmişlər ki, guya zərdüştilər odu Tanrı saymış, ya da Günəşi Tanrı sayaraq onun yerdəki rəmzi oda sitayiş etmişlər. Bu, kökündən doğru deyil – xaçı müqəddəs saymaq, xaça sitayiş edib Tanrını unutmaq deyil. Zərdüştilər odu müqəddəs saymış, odsevər olmuş, ancaq onun qarşısında baş əyəndə Ahuramazdaya – Tanrıya dualar oxumuşlar. Qısacası, namaz qılarkən alnını torpağa (ya da möhürə) dayamaq torpağı Tanrı saymaq deyil, Qur’anı öpüb gözə qoymaq Qur’ana yox, Allaha ibadətdir.
Bəs nə idi xristianlığa üstünlük verən? Dediyimiz kimi parsizm, pars əfsunçuluğunun zərdüştlüyə yeritdiyi zəhər. Tarixdə dönə-dönə üçüncü yüzildən onuncu yüzilədək Qafqazda, Azərbaycanda (Albaniya, Aran və Atropatendə), keçmiş Midiya ərazilərində, İraqda və Bizansda Ahuramazdaya sitayiş edənlərə qarşı çıxan yəhudilər, xristian və müsəlmanlar onları “kahinlər”, “cadugərlər”, “sehrbazlar”, “əfsunçular”, “cindarlar”, “mağlar”, “məcuslar”, “gəbrlər” və sair adlandırırdılar və onlar bunda haqlı idilər, çünki, təkrar da olsa bir daha qeyd etməliyik ki, guya “Avesta”nın icmalı olan “Xurda Avesta”da (“Xırda – Balaca Avesta”) bir sıra başlıca Qata müddəalarını saxlayaraq, vaxtilə Zərdüştün tamam rədd etdiyi çoxlu köhnə, qədim etiqad və ayinləri zərdüştlüyə qaytarmışdılar.
Zərdüştün rədd etdiyi Mitra, Anahita və başqa allahlar yenidən insanlara təbliğ edilmiş, adları din kitablarında yenidən canlandırılmış, onlara böyük xalq kütlələri yenidən, geniş sitayiş etməyə başlamışdı. “Balaca Avesta”ya həmin allahlara həsr edilmiş yeni-yeni himnlər, dualar, nəğmələr salınmışdı ki, bunları bütün mərasimlərdə oxuyurdular.
Zərdüşt bütün Qata boyu heyvanların, ayrıca olaraq kənd təsərrüfatı heyvanlarının qurban kəsilməsinin əleyhinə çıxdığı halda, “Balaca Avesta”da Zərdüştdən qabaqkı qurban kəsmə, kütləvi qurban mərasimləri yenidən dirçəldilərək canlandırılmış, Zərdüştün təktanrılıq dini persizmin çoxallahlıq təlimi ilə qatmaqarışıq edilmişdi, “Xırda Avesta”da Zərdüşt tarixi şəxsiyyətlikdən çıxarılaraq mifik, əsatiri qəhrəmana çevrilmiş, peyğəmbərliyindən çıxarılıb yarımallaha çevrilmiş, “ey Mazda!”, “ey Ahura!”, “ey Ahuramazda!” deyə müraciət etdiyi tək Tanrıya bir növ həmsöhbət, bir növ “vəzir” təyin edilmişdi.
Bir sıra alimlər bu dövrü zərdüştlüyün ikinci dövrü kimi qiymətləndirib ona zaratuştrisizm” adını vermişlər. Biz bunu tamamilə rədd edirik: əslində bu, Zərdüştün dinini saxtalaşdırmaqdan, onu məhv edərək yeni bir din – çoxallahlı dini-mifik-əfsunçu və eyni zamanda şahənşahçı bir təlim yaratmaqdan başqa bir şey deyil. Bu yeni dindir, onun adının daha doğrusu ya “parsizm”, ya da “gəbrizm”dir.
Məsələyə bir qədər müqayisəli tarix-məntiq metodu ilə baxaq:
  1. Zərdüştlük miladdan öncə 1500-1300-cü illərdə yaranır.
  2. Aralıq dənizindən Çinədək yayılır.
  3. Hələlik miflərlə və çox allahla yaşayan Yunanıstana yayılır və Yunanıstanı böyük fəlsəfə yoluna yönəldir, bütün yunan fəlsəfəsinin ilkin qaynağı və əsası olur. Anaksimandr, Anaksimen, Heraklit, Empodokl, Pifaqor, Demokrit, Platon (Əflatun), Aristotel (Ərəstu), Hermip, yeni platonçular – hamısı zərdüştlükdən ideya almış, qidalanmış, dünyanın metafizik və fizik dərki yaranmışdır.
  4. Zərdüştlük üzrə böyük uzmanlar yazırlar ki, İsa peyğəmbər xristianlığın əsas prinsiplərini Zərdüşt təlimlərindən götürmüşr. Deməli, İsa peyğəmbər Zərdüşt peyğəmbərin təktanrılı dinini inkişaf etdirərək böyük bir dünya dini yaratmışdır.
  5. Zərdüştlüyün musaviliyə də təsiri inkaredilməzdir.

Göründüyü kimi, Zərdüşt dühası haraya yayılmışsa tərəqqiyə, gəlişməyə səbəb olmuşdur. Zərdüştün öz yurdu Azərbaycan (qədimdə Midiya və Manna, Arran və Albaniya) və onunla qonşu ölkələrdə də belə olmuşdur. Parsanın yüksəlişi də zərdüştlüklə bağlı olmuşdur. Ancaq nə yazıq ki, parsizm-əsatirizm zərdüştlüyünü öncə Parsanın bu xəyanətinə (bir tərəfdən də sonucda həm özü üçün, həm də bəşər üçün nadanlığına) qarşı durmadan, ardıcıl mübarizə aparmış, müəyyən çağlarda qələbə çalsa da bu qələbələr uzun sürməmiş, sonucda əsatiri Parsa təfəkkürü gerçək türk təfəkkürünə üstün gəlmişdir.
Tarixdən hamıya bəllidir ki, TanrıAhuramazda (Hörmüzd) su, od, torpaq və havanı müqəddəs yaratmış, insanlar bu müqəddəs varlıqları uca tutmaqla Ahuramazdaya öz sədaqətlərini bildirmişlər. Ahuramazda bunun üçün də yerə ilk Böyük müqəddəs odu Azərbaycana göndərmiş, həmin od (ola bilsin təbii qaz) Marağa şəhəri yaxınlığında, Təxti Süleyman torpağındakı Kazaka (Qazaka-Şiz) şəhərində yerə enmişdir (Qara daş Məkkədə Kəbəyə endirilən kimi). Bu müqəddəs oddan insanlar almış, onu dünyaya yaymış, onunla özlərinin ehtiyaclarını ödəmiş, zülmətə, qaranlığa qarşı mübarizə apara bilmişlər. Bütün dünyanın ən qədim, ən müqəddəs od məbədlərindən biri olan və Azərgəşb (Azərgəşəsb, Azərgüşnəsb) məbədi yerləşən Kazakada doğulub-böyümüş və orada da peyğəmbərliyə başlamış, sonra da bütün peyğəmbərlər kimi dönə-dönə öz doğma yurdunu tərk etməyə, oradan müxtəlif yerlərə hicrət etməyə məcbur olmuş Zərdüşt Tanrını (Ahuramazdanı) tək-vahid saydığı kimi onun yerə göndərdiyi müqəddəs odu da tək sayırdı.
Sonradan Xorasanda getdikcə böyüyən məbədin odu da göydən göndərilmiş müqəddəs od sayıldı və bu oda “Berzin meh” adı verildi. Bu müqəddəs od əkinçilərin və maldarların (çobanların) hamisi sayılmağa başladı.
Midiya imperatorluğunda hakimiyyəti ələ keçirən Əhəmənilər Parsada bir böyük ibadət evi tikdirib bildirdilər ki, göydən bir müqəddəs od da buraya düşüb – Azər Frenbağ; bu məbəd və onun müqəddəs odu möbidləri və kahinləri qoruyur. Bununla da dini-ruhani mərkəz Parsaya keçdi, ruhani hakimiyyət parsların əlində cəmləşdi və elə bununla da zaman-zaman zərdüştlüyə ağır zərbələr vuruldu, zərdüştlük pərdəsi altında qorxunc mifik parsizm yarandı.
Bəlli olduğu kimi, 627-ci ildə Bizans imperatoru II İrakli Qazakaya hücum etdi, sasanlılar oranı qoruya bilmədilər, İrakli Azərbaycandakı Azərgəşəsb məbədini dağıdıb xaraba qoydu və bütün Müqəddəs Od mərkəzi Parsaya keçdi. Ondan bir az sonra parslar hər şeyi qeyb etdilər –  parsizmdən, pəhləvizmdən başqa. Sonralar bu parsizm islamda qərmətilik, əliallahılıq, ismaililik, xomeynilik və s. yaratmışdır. (Qərmətilər də Məkkədə qara daşı iki yerə bölüb Ehsa şəhərinə gətirmişdilər. Sonralar Fatimilərin xahişi ilə geri qaytardılar).
Türk dühasının yetişdirməsi olan və dünyada ilk təktanrılı din yaradan Zərdüştə və onun yaratdığı dinə qarşı olan bu pars amansızlığına, əsatirçiliyinə və şahbazlığına, bu dünya ölçüsündəki təxribatına Azərbaycan seyrçimi qalmışdır? Yox, qocaman bir xeyr!
Miladın elə ilk yüzilində xristianlıq – yeni təktanrılı din göstərdi ki, Yaxın və Orta Doğuda xalqlar və cəmiyyətlər bir daha mif və çoxallahlıqdan imtina edərək təktanrılı yolu seçmişlər. Üçüncü yüzildə bu inam daha da gücləndi. Yəhudilikxristianlıq (musavilik və isavilik) Aralıq dənizindən Turan ovalığına qədər təktanrılığı yaymaqda bir-biri ilə amansız rəqabətə girdilər. İkinci yüzilin sonu, üçüncü yüzilin başları Parfiya Arşaklıları (Ərsak = Başq+er – türklərin böyük bir tayfa ittifaqı) bu dinlərə qarşı qoymaq üçün zərdüştlüyü yenidən dirçəltməyə cəhd göstərdilər. Ancaq bir türlü uğur qazana bilmədilər, çünki təmiz zərdüştlüyün yerində çoxallahlı, mifik həm də çox qarışıq bir parsizm qalmışdı.
Arşakların Güney Qafqaz ölkələrindəki hökmdar nümayəndələri, o cümlədən Azərbaycanın Alban və İran Arşaklıları xristian dininə meyl göstərir, ancaq onu hələlik açıq qəbul etməkdən qorxurdular, daha doğrusu mərkəzi hakimiyyətdən – Parfiya Arşaklılarından çəkinirdilər. Bu hakimlərdən fərqli olaraq artıq əhali arasında xristianlığı qəbul edənlər çoxalırdı. Belə ki, hələ miladın I yüzilində İsa peyğəmbərin qardaşı, Qüds şəhərinin ilk patriarxı Yakov (Yaqub) Müqəddəs Yeliseyə xristianlığı Doğuda yaymağı, təbliğ etməyi tapşırmış və [onu] Doğuya göndərmişdir. Müqəddəs Yelisey öncə Həmədana gəlmiş, orada təbliğatın çətinliyini görərək Azərbaycanın quzeyinə getmiş, Kürün sol sahilində Dərbəndədək yayılmış şaman-türk maskutların (massaget = mass+qut -> Baş+qut) arasında xristianlığı təbliğə başlamışdır. Bütün Qafqazda xristianlığı ilk qəbul edən maskutlar olmuşdur. . Onlardan da xristianlıq Albaniya və Arana yayılmışdır.
Yeri gəlmişkən, qeyd edək ki, Albaniyada xristian dini təbliğatçılarına yaqubilər deyirdilər. Elə buradan da xristianlıqda ilk beş təriqətdən biri olan yaqubiliyin yaradıcısı V yüzildə Yaqub Bərdəli olmuş və Bərdə şəhəri də Alban kilsəsi mərkəzinə çevrilmişdir. Yaqub Bərdəli yerli alban-türk xristianı idi.
Üçüncü yüzildə Arazdan Dərbəndədək, ayrıca olaraq da dağlıq bölgələrdə xristian dini geniş yayılmış parsizmi sıxışdırıb nüfuzdan salmışdı. Dördüncü yüzilin başlanğıcında Alban hökmdarı Arşaklı Urnayr (bu vaxt Arşaklıların mərkəzdə – Ktesifonda hakimiyyəti qalmamışdı) xristian dinini özü qəbul etdi və hakimiyyəti altında olanları da xristianlığa dəvət etdi. Parsizm kahinləri ya ölkədən qovulur, ya da onlara divan tutulurdu.
224-cü ildə Arşaklıların hakimiyyətini qəsb edən Ərdəşir Papakan da son Arşaklı şahları kimi zərdüştlüyü dirçəldib yəhudilik, xristianlıq və buddizmə qarşı qoymağa çalışdı, elə bir uğur qazana bilmədi. Onun işini oğlu I Şapur (239-272) davam etdirdi. Avestanın xalq arasında yayılmış, hələ də qalan bölmələrini, hissəciklərini toplatdırıb yeni bir toplu düzəltməyə başladılar. Ölkədə bu işlə çoxlu alim və ruhani məşğul olurdu. Zərdüştlüyün əvəzedilməz mərkəzi olan Zərdüştün doğma yurdu Azərbaycanda [qədim Manna (Kiçik Midiya) və Midiyada] gerçək Zərdüşt dinini (Zərdüştün özü tərəfindən “Maq dini”, “Mazda dini”, “Ahura dini” adlanan dini) olduğu kimi bərpa etmək, onu yenidən diriltmək uğrunda ciddi bir mübarizə başladı və çox çəkmədi ki, böyük bir hərəkata çevrildi. Bu dini, ruhani, siyasi, ictimai hərəkatın başında gənc rəssam Mani (Nəqqaş Mani) dururdu.
Belə deyirlər ki, Mani (216-276) Babilistanda doğulmuşdu,  əsli isə Həmədandan idi. Onun babası türk-Arşak sülaləsinə mənsub Həmədan əyanlarından idi Həmədandan köçüb Ktesifona gedən atası əsilzadələr silkinə mənsub olmuşdur. Bu zamanlar Həmədan (qədim Midiyanın paytaxtı Ekbatan) öz hərbi-siyasi və elm, din mərkəzi kimi vacib əhəmiyyətini qoruyub saxlayırdı.
Zərdüştlüyü yenidən dirçəltmək istəyənlərin hərəkatına qoşulan Mani 240-cı ildə 24 yaşında ikən özünü peyğəmbər elan edir. Azərbaycan və İkiçayarasında (Mesopotamiya) qədim inanclarla yanaşı, yəhudi, xristian, zərdüştlük, buddizm və başqa dinlərin ölüm-dirim mübarizəsinə girdiyini, insanların bu girdabdan çıxmaq üçün yollar aradığını, hakim sülalənin, əyan, hökmdar və canişinlərin də hansı dinə, məzhəbə qulluq edəcəklərini itirdiklərini görən Mani ozamankı dinləri, məzhəbləri, müxtəlif dini-elmi təlimləri bir araya gətirmək üçün universal “dünya dini” yaratmaq istəyir. zərdüştlüyü yenidən dirçəltmək istəyən Mani onu dərindən öyrəndikdən sonra həmin dini əsas götürüb, inkişaf etdirib, başqa dinlərlə çulğaşdırıb yeni din yaratmağa girişir.
Bu birləşdirici missiyası Manini o zaman Yaxın və Orta Doğunun ən böyük mərkəzlərindən biri, bəlkə də birincisi olan, Əhəmənli, Arşaklı və Sasanlı imperatorluqlarının mərkəzi Ktesifonda (Mədian) tez bir vaxtda tanıtdı. Əhalinin böyük çoxluğu onu 24-25 yaşında peyğəmbər kimi tanıdı. Onun 25-26 yaşı olanda aşağı-yuxarı 241-242-ci illərdə Ktesifonda Sasanlı I Şapur öz tacqoyma mərasimində Manini peyğəmbər olaraq tanıdı, bundan sonra Maninin peyğəmbərliyi Sasanlı dövlətində geniş ölçüdə qəbul edildi.
Azərbaycan, Parsa Xorasanı el-el, şəhər-şəhər dolaşan Mani bütün Turanı gəzdi, Hindistanda oldu. Şamançılıq, buddizm, brahmanizm və başqa dinlərlə yaxından tanış olmuşdu. O, dindən daha çox dini-fəlsəfi bir idrak təlimləri sistemi yaratdı, buna görə də çağdaş araşdırıcılar, uzmanlar maniliyi qnostisizm ilə çox bağlayırlar. Bizcə, bu,  o qədər də uğurlu təyinat deyil. Manilik zərdüştlüyün yüksək inkişaf etdirilmiş yeni bir şəkli idi. Daha doğrusu, maniliyi zərdüştlüyün ikinci mərhələsi saymaq mümkündür. Manilik zərdüştlüyün mif, əfsanə, nağıl və əfsunlardan təmizlənmiş, dövrünə görə gəlişdirilmiş yeni bir mərhələsi idi. Bu Azərbaycan-türk təfəkkürünün məhsulu idi.
Manilik Misir və Yunanıstan da daxil olmaqla Aralıq dənizinin (Ağ dəniz) doğu bölməsindən tutmuş bütün türk dünyasını (Turanla birlikdə) öz içinə alaraq Hindistanın, Çinin içərilərinədək yayılmışdı. XX yüzildə Misirdə və Doğu Türküstanda, Tibetdə minlərlə mani (manixey – red.) ədəbiyyatı tapıldı.
Tarixçilər, filosoflar manilik haqqında eyni bir fikrə gələ bilməmişlər, ona görə ki, maniliyin nə tarixi, nə də ideya, məna və mahiyyəti hələlik dəyərincə öyrənilmişdir. Kimisi manilikdə daha çox asketizm, kimisi qnostisizm, kimisi sinfi mübarizə, kimisi materializm, kimisi daha çox fəlsəfə axtarmış, hətta onu anti-zərdüştlük kimi anlayan, ya da dəyərləndirənlər də vardır. Bir daha qeyd edək ki, manilik tarixdə, dində və fəlsəfədə bütövlükdə götürdükdə böyük Elmdə hələ indiyədək həll edilməmiş çox önəmli, mürəkkəb, çətin bir problemdir. Bu problemin həllinə alimlər, ayrıca da olaraq türk bilim adamları dərindən diqqət yetirməli, onu çağdaş bilimin tələbləri səviyyəsində araşdırmalıdırlar.
Biz burada söz açdığımız mövzu ilə bağlı aşağıdakıları deməyi qaçılmaz sayırıq:
  1. Manilik fəlsəfə, məntiq, tarix fəlsəfəsi ilə çuğlaşmış bir din təlimidir.
  2. Manilik zərdüştlüyə qarşı deyil, əksinə, zərdüştlük maniliyin əsası, özülüdür.
  3. Manilik dünyada ədalətli bir quruluş axtaran ideyalar qaynağıdır.
  4. Manilik özünə qədər Azərbaycanda olan türkdilli xalqların və dövlətlərin [Elam, Kas (kaz), qut (quz), Turukki, Aratta, Manna, Midiya] yaratdığı dini, fəlsəfi, siyasi bir mədəniyyətin davamı idi.
  5. Manilik mahiyyət baxımından parsizm düşüncə tərzinə zidd bir dünyagörüşü idi.
  6. Manilik mifizmə, əsatirizmə qarşı duraraq dindən fəlsəfi idraka doğru yürüyən və yolgöstərən mürəkkəb bir təlimlər sistemidir.
  7. Manilik özündən 500 il sonra gələn sufiliyin əsas ideya qaynaqlarından biri və önəmlisi idi.
  8. Manilik türk dühasının yaradıcılığının təzahürlərindən biridir.
  9. Manilik zərdüştlükdəki uğurlu düşüncə, uğurlu söz, uğurlu iş” prinsipini genişləndirərək bir sistem halına salmış, yenə də zərdüştlükdəki doğru düşüncə, doğru söz, doğru iş, doğru davranış, doğru danışıq və ən əsaslardan olan “doğru yol” ideyalarını genişləndirərək, gəlişdirərək bəşərə yeni bir yol göstərmək istəmişdir.
Maninin, bir qədər sonra haqqında danışacağımız Məzdəkin nə üçün, hansı ideya ilə silahlanaraq öz dövrlərindəki haqsızlığa, zorbalığa, dinsizliyə, ya da yalan dinə xidmət etməyə, əfsanə və uydurmalara, şərə, zülmətə, qaranlığa, zülmə qarşı çıxıb, əməyi, çalışqanlığı, əkinçilərə, maldarlara yardıma qoşmağı, maddi sərvətləri ədalətli bölməyi, xeyri, işığı, ədaləti, yoxsulları müdafiə etdiklərini anlamaq üçün ulu Zərdüştün Qatalarındakı bir sıra dediklərini burada iqtibas gətirməyi özümə borc bildim.
ZƏRDÜŞT peyğəmbər deyir:
  1. İnsan dinsevərlik sonucunda pak olur. Bu adam doğru düşüncə, doğru söz, doğru əməl vasitəsi ilə dininin doğruluğunu daha da artırır. Mazda Ahura müqəddəs ağıl vasitəsi ilə (bu adama) əbədi ölkəni (cənnəti – Ə.E.) verir. Bu xeyirli mükafatı mən də arzulayıram.
  2. Nə qədər ki ürəkdən çalışmaq həvəsi ətinizdə, qanınızda vardır, mükafatınız bu muğ dini olacaqdır ki, onunla yalançının ruhu uzaqlaşıb, beli sınıb, aradan gedəcəkdir. Bu muğ dinini əldən versəniz axır sözünüz peşmanlıq sədası olacaqdır.
  3. Ey Mazda Ahura, ey Ordubehişt, əlbəttə, mən sizdən bəhrələnəcəyəm, çünki siz peyğəmbərinizə mehribansınız. Sizin aydın yardımınızla, bir işarənizlə bizə cənnət nəsib olur.
  4. Son hesab günündə, qabaqcadan xəbər verildiyi kimi, divlər, suçlular və yalançılar doğruluq tərəfdarları vasitəsi ilə məğlubiyyətə uğrayacaqlar. O zaman, ey Ahura, sənə sitayiş edən sənin rəhmətinlə yüksələcəkdir.
  5. Yardıma çağıran adam yardıma gəlməzsə o, yalançılara qoşulur, çünki onun özü yalançıdır və yalançıya yardımçıdır. Ey Ahura, bu ilk dini göndərdiyin vaxtdan bəri doğruluq yanlısı o adamdır ki, doğruçunun dostu olsun.
  6. Ey Mazda, mən bilirəm nə üçün uğur əldə edə bilmirəm, çünki yoxsulam, tərəfdarım azdır. Ey Ahura, gileylənirəm, özün nəzər salıb bir dost kimi dostuna yardım göstər. Doğru din üzrə müqəddəs düşüncənin bəhrəsindən məni agah et!
  7. Doğru din qanunları üzrə yaşayan ağıllı adam yalan dinə inanan adamları da doğru din yoluna gətirməlidir. Düşüncəli adam əşrafı və başçıları başa salmalı, onları yalan dinin zərərindən qurtarmalıdır.
  8. Ey Mazda, səni o zaman müqəddəs tanıdım ki, Bəhmən mənim yanıma gələrək soruşdu:
-Sən kimsən? Hansı ailədənsən, səndən və sənin qohumlarından soruşsalar özünü hansı əlamətlərlə tanıtdıra biləcəksən?
Bu zaman ona dedim:
 -Birincisi, mən Zərdüştəm. Bacardıqca yalançının əsl düşməni, doğruçunun güclü himayəçisi olacağam ki, gələcəkdə dilədiyim ölkəyə (cənnətə – Ə.E.) nail olam, ozamanadək isə, mən sitayiş edib (ilahi – Ə.E.) nəğmələr qoşaram.
  1. Elə olmasın ki, sizlərdən biri yalan dinə qulluq edən adamın sözünə, göstərişinə inansın, çünki o, ailəni, kəndi və ölkəni viran edib puça çıxarır. Buna görə də onları silahla qovmalısınız!
  2. Ey Ahura, səndən soruşuram: heyvanlara və düzgün əməlli kəndlilərə əzab verməklə yaşayan o uğursuz rəftarlı yalançının hökmdarlığa çatmasına çalışan adamın cəzası nədir?
  3. Bəli, yalan dünyası istədiynə çatsa da, sözsüz ki, dalınca məğlubiyyətə uğrayacaqdır.
  4. Mazda Ahura öz qüdrəti ilə bizə əkin və iş versin ki, doğru din üzrə müqəddəs düşüncəni tanımaqla biz heyvanlarımızın və adamlarımızın həyatını yaxşılaşdıraq.
  5. Uğurlu davranışla birgə və işıqlı doğruluğun dostu olan Yaradan Mazda Ahura öz qüdrəti ilə cavab verdi: “Təmiz dinli olduğunuz üçün sizi seçdik ki, bizdən olasınız”.
  6. İndi, ey Ahura, Zərdüşt özü üçün sənin o müqəddəs Ruhunu seçdi. Ey Mazda, doğruluq fəriştəsinin əndamı qoy bəzəkli olsun, Sipəndərmüz ölkədə günəş tək həyatdan və qüdrətdən bəhrələnsin. Olsun ki, O, uğurlu davranışdan gələn əməllərə mükafat versin.
  7. Uğursuz din tərəfdarı yox olmalıdır. Böyük Şəxsi (Ahuramazdanı – Ə.E.) alçatmaq arzusunda olan bu adamlar – dini alçadanlar cəza görməlidirlər. Haradadır o düz əməlli hakim ki, onların həyatını, azadlığını əllərindən alsın!
          İndi isə, ey Mazda, qüdrət sənindir ki, doğruluqla həyat sürən yoxsulların yaşayışını yaxşılaşdırasan!
Burada Zərdüştün Qatalarından 15 bəndin seçilib verilməsi həm bu yazı (məqalə) üçün ağırlaşdırıcı, həm də oxucu üçün çox yorucu görünə bilər. Ancaq bunlar göstərilməsə üç əsas məsələ heç bir zaman tam anlaşılmaz:
  1. Zərdüştlüyün (maq dininin) təktanrılı olması.
  2. Manilik, məzdəkilik, babəkilik (xürrəmilik) və bu sonuncularla birbaşa ilgisi olan sufilik.
  3. Təktanrıçılıqla əfsunçu parsizmin mübarizəsi.
Biz burada Qataların 238 bəndindən yalnız on beşini göstərdik. Diqqətli oxucu aydın görər ki, gerçək (doğru) mağ dini, ya da başqa cür desək zərdüştlükmanilik dinlər içərisində təkmil dünya dinlərindən sayılan islam dini ilə tək Tanrı məsələsində çox yaxındır. Müqayisə edək:
  1. Tanrı təkdir və əzəli-əbədidir.
  2. Bütün varlığı Tanrı yaradıbdır.
  3. Tanrının öz hökmlərini yerinə gətirmək üçün yanında yardımçıları, xidmətçiləri vardır [zərdüştlükdə və manilikdə: Bəhmən, Ordubehişt, Sipəndərmüz, Şəhrivər, Aşa (Aza); məhəmmədiyədə və isavilikdə: Mikayıl-Mixail, Cəbrail-Qavriil, Əzrail və b.].
  4. Peyğəmbərləri Tanrı təyin edir.
  5. Cənnət, cəhənnəm, hətta qıl körpü; zərdüştlükdə Çinvət (Çönüt), islamda – sirat.
  6. Muğ dinində də islamda olduğu kimi Tanrının adları və sifəti çoxdur.
  7. Hər üç peyğəmbər Tanrıya ucadan dua oxuyur, ibadət edir, namaz qılır, Tanrıdan iltimaslar diləyir, din yolunda əzab çəkir, öz yurdlarından didərgin düşür, Tanrı ilə bağlarını ya vəyh yolu, ya da mələklər vasitəsi ilə qururlar.
  8. Hər üç din təlimində Tanrı hər şeyə qadirdir, Tanrı adildir, yaradandır, doğrunu (haqqı) sevir, biliklidir (hər şeyi biləndir), zalımları cəzalandırır, doğru din yolunu azanları cəzalandırır, yalançılar Tanrının və peyğəmbərlərin, ümumiyyətlə cəmiyyətin, insanlığın düşmənidir və sair.
  9. Bu üç din təlimində Yaradan və Yaradılan (Varlıq) arasındakı bağlılıq belədir:
  10. Zərdüşt peyğəmbərin din təliminə görə, Tanrı varlığı ikili yaradır, elə ilk başlanğıcdan işıq qaranlıqla, xeyir şərlə mübarizə aparır;
  11. Mani peyğəmbərin din təliminə görə, Tanrı varlığı xeyir əsasında yaratmış, şəri (qaranlığı) yaratmamışdır. Bunlar Tanrının yaratdığı Xeyirli varlığın ünsürləridir, gec-tez məhv olacaqlar;
  12. Hz. Məhəmməd peyğəmbərin din təliminə görə, Tanrı – Allah bütün varlığı yaradır, bu varlıqdan doğru yolu azanlar şər gücə çevrilirlər (şeytan və başqa şər güclər).
Mani peyğəmbərlə Məhəmməd peyğəmbərin bir uyğun yönləri də orasında idi ki, hər ikisi özünəqədərki dinlərin ən mütərəqqi, sınaqdan çıxmış tərəflərindən yararlanmışr.
Parsa-Sasanlı şahənşahları hər iki peyğəmbərin düşməni idi. Mani peyğəmbər onların hakimiyyəti altında olan Azərbaycan – İraqda yaşayırdı və ona görə də Manini öldürdülər. Məhəmməd peyğəmbər onların hakimiyyəti altında olmayan Mədinədə -Yəsribdə yaşayırdı, ona görə də Onun ancaq məktubunu cıraraq ayaqlar altına atdılar və arxasınca həqarətli sözlər danışmaqdan başqa əlləri bir yerə çatmadı, öldürtmək istədilər, əmr verdilər, başarmadılar.
Bəli, pars-Sasanlı şahənşahları Maninin peyğəmbərliyini qəbul etdilər. Maninin şöhrəti, o zamanlar üçün ağlasığmaz ölçüdə dünyanın ozamankı güc və insan mərkəzlərinə yayıldı. Mani peyğəmbərin dühası Çindən tutmuş Quzey Afrika və Balkanlara qədər yayıldı.
Mani və onun tərəfdaşları bütün bəlaların kökünü maddi nemətlərin ədalətsiz, qeyri-bərabər bölünməsində görür və bu nemətlərdən hamının və hər kəsin bərabər istifadəsini tələb edirdilər. Sasanlı I Şapur (239-272) və onun oğlu I Hürmüz (272-273) Mani peyğəmbərin bu tələblərinə bir qədər dözüm göstərsələr də onların varisləri I Bəhram (273-276) və II Bəhram (276-293) Sasanlı hakimiyyətinin gücləndiyini hiss edərək nə maddi nemətləri, nə də hakimiyyəti maniçilər və kütlə ilə bölüşdürmək istəmədiklərini bildirdilər; nəticədə 276-cı ildə Mani peyğəmbərə ağır işgəncələr verərək edam etdilər. Bir neçə il maniçilər təqib və işgəncələrə məruz qalaraq fiziki məhv edildi, çoxları xarici ölkələrə gedib orada maniliyin təbliğini davam etdirdi.
Mani tarixdə bir peyğəmbər, filosof, qəhrəman, siyasi-ictimai hərəkatın yaradıcısı və başçısı kimi tanınsa da bədii ədəbiyyatda rəssam (nəqqaş), memar, şair kimi tanınmışdır. Maninin 10-dan çox kitabı, 76 məktubu (risalə) olmuş, [onlar] bütün dünyaya səpələnmiş, üçüncü yüzildən sonra bütün dünyada din, fəlsəfə, rəssamlıq, memarlıq və ədəbiyyata böyük təsir göstərmişdir.
Manilik parsizmə qarşı mübarizəsini davam etdirmiş, beşinci yüzilliyin sonunda çox böyük güclə baş qaldıran Məzdəklilər xalq hərəkatının əsas ideya qaynağı olmuşdur. Diqqətlə izlədikdə aydın olur ki, manilik zərdüştlüyün sosial ədalət prinsiplərinin inkişaf etdirilib, yeni dəyişmiş cəmiyyətə təbliği demək idi.
Maninin edamından iki yüz il sonra Zərdüştün və Maninin ideyalarını bir daha gəlişdirib cəmiyyətə təbliğ etmək istəyən Məzdək böyük bir hərəkat adı ilə daha çox tanınır.
Məzdək (450-529) Tanrının Varlığı bütöv-bütövünə bir ədalətli quruluş halında yaratdığına, ancaq bunun sonradan pozulduğuna inanır, onu təbliğ edir, bu Pozulmanı insanların mübarizəsi və yardımı sonucunda xeyirin (işığın) tam qələbəsi ilə aradan qaldırmağın, birdəfəlik şərə (qaranlığa) – zülmə son qoymağın mümkün olacağına çağırırdı. Bir sıra araşdırıcılar belə iddia edirdilər ki, guya Mani də, Məzdək də zərdüştlüyə qarşı çıxmamış, əksinə onun ilkin təmiz halına qayıtmasına çalışmış (məsələn, xristianlıqda puritanizm, islamda vahabilik kimi ) və zərdüştlüyü təhrif edənlərə – şahənşahlara, şahlara, hakimlərə, əyanlara, həm də “zərdüşti” kahinlərə qarşı çıxmışlar.
Məzdəkin harada doğulduğu haqda hələlik dəqiq məlumat yoxdur. Onun İraq, Azərbaycan və Nişapurda anadan olduğunu söyləyən müxtəlif mənbə və ədəbiyyat vardır. Ancaq bütün alimlər-araşdırıcılar onun fəaliyyətini Azərbaycanda, ən erkən çağını Azərbaycanın ovaxtkı paytaxtı Həmədanda başladığı və sürdürdüyünü mübahisəsiz qəbul edirlər. Heç bir şübhə yeri olmadan deyə bilərik ki, Məzdəkilər hərəkatının mərkəzi nüvəsini Azərbaycan türkləri təşkil etmiş və onlar sosial ədalət uğrunda mübarizənin hərəkətverici gücü olmuşlar.
Məzdəklilər hərəkatı bütün Sasanlı imperatorluğunu bürümüş, böyük qələbə çalmış, şahənşah I Qubad-Kavad (488-496) məzdəklilərin tərəfinə keçmiş, Məzdəkin muğatalığını qəbul etmişdir. Məzdəkçilər zərdüştlüyün xalq arasında yüksək, ən hörmətli təbəqə saydığı maldarların və əkinçilərin haqlarını savınmış, bundan əlavə, Zərdüştün vaxtında hələ yaranmayan, ancaq Məzdəkin vaxtında artıq formalaşmaqda olan sənətkarlar sinfini də müdafiəyə qalxmışlar. Bu hərəkata orta təbəqələr də qoşulmuşdu.
Öncə göstərmişdik ki, Tanrının (Ahuramazdanın) göndərdiyi Müqəddəs Od yalnız bir olmuş və Zərdüştün vətəni Şiz məbədində yerləşmişdi. Bu od bütün insanların himayə rəmzi idi. Sonradan Xorasanda bir məbəd yaradılmış, burada olan od da Tanrının göndərdiyi od sayılmış, bu od isə maldarlarınəkinçilərin yer üzərində himayəçisi olmuş, elə buradan parçalanma başlamışdı. Ancaq bu ikinci məbədin bu cür “müstəqil” olması onu göstərirdi ki, maldarlar və əkinçilər zərdüştlükdə və ölkənin iqtisadi, ictimai həyatında nə qədər önəmli yer tuturlar. Daha sonra zərdüştlükdə ali ruhaniliyi ələ keçirən parslar Parsanın mərkəzində yerləşən məbədi böyüdərək Əhəməni şahlarının işə müdaxiləsi ilə elan etdilər ki, bu məbədin də odu Tanrı tərəfindən göndərilib və o, kahinlərin, din rəhbərlərinin, ruhanilərin himayəçisi, baş səcdəgahıdır. Bundan sonra dördüncü məbədin odu Tanrı tərəfindən göndərilmiş müqəddəs od sayıldı, həmin məbəd də sənətkarların himayəçisi qəbul edildi. Beləliklə, Azərbaycanın Kazaka (Qazak, Şiz) şəhərindəki Od hökmdar və qoşunun, Xorasandakı kəndlilərin (maldar və əkinçilərin), Parsadakı ruhanilərin, dördüncüsü isə sənətkarların hamisi oldu. Daha müqəddəs bu dörd məbədin yaranması bizə İraq, Azərbaycan, Güney Qafqaz, Xorasan, Parsa və Dəyləmdə (Təbəristan) siniflərin və təbəqələrin durumunu anlamaqla aydınlaşdırıcı yön verir.
Məzdəklilər hərəkatı dövründə bunlarla yanaşı bir çox böyük məbədlər də vardı ki, onlarda 10-15 insan kölə kimi çalışırdı. 5-10 min qız-qadın bir məbədin kənizi sayılırdı. Parsalı şahənşahlar, əyanlar və kahinlər yarımquldar bir quruluş (düzən) yaratmışdılar. Məzdəklilər bütün bunları darmadağın etdilər. Buna görə də bir sıra tarixçilər məzdəklilər hərəkatını quldarlığa qarşı xalq üsyanı kimi qiymətləndirirlər.
Bəli, Parsalı hökmdarlar, kahinlər və əyanlar xalqların bu qiyamını qəbul və həzm edə bilmədilər, ilk öncə əskiqiyam qaldırıb I Qubadı taxtdan saldılar, onun yerinə Zamasp (Camasp) adlı birisini oturtdular. Zamasp hərəkatı boğa bilmədi. I Qubad ölkədən qaçıb Orta Asiyaya, orada hakim olan ağ hunların (eftallar, hayatilə) himayəsinə sığındı. İki il ağ hunların yanında qalan, onlarla qohumluq əlaqəsi yaradan I Qubadı hunlar 498-ci ildə Sasanlı ordularını darmadağın edərək yenidən taxta oturtdular. İkinci dəfə hakimiyyətə gələn I Qubad (498-531) məzdəklilərlə daha sıx yaxınlaşdı. Məzdək möbidan-möbid oldu. Bu, o demək idi ki, bütün dini hakimiyyət Məzdəkə verilir. Möbidan-möbid, tam da olmasa, islamdakı əmirəl-möminin (yəni dünyəvi hakimiyyət itirib dini hakimiyyəti saxlayan xəlifələr kimi) tituluna çox yaxın idi. Bir sözlə, məzdəklilər çox böyük qələbə qazanıb, əzilən təbəqə və sinifləri kahinlərin və əyanların zülm və istismarından xilas etdilər, hakimiyyətə şərik oldular. Dövlət vəzifələrində Məzdəkin tərəfdarları nüfuzlu vəzifələr tutmuşdular.
Məzdəklilərin Sasanlılarla şərikli hakimiyyəti aşağı-yuxarı iyirmi beş ildən çox sürdü. İmperatorluqda məhsuldar qüvvələrin fəallığı bu zamanadək görünməmiş bir ölçüdə yüksəldi. Cəmiyyətin gəlişməsinə əngəl törədən bir sıra ukladlar darmadağın edildi. Feodal istehsal üsulu, bəlkə də daha doğrusu, “Asiya istehsal üsulu” özü üçün yeni əlverişli məkan və şərait tapdı. Hərəkatdan sonrakı yüzildə istehsal münasibətləri gəlişdi, imperatorluğa daxil olan bir sıra ölkələrdə hərtərəfli dirçəliş baş verdi.
Məzdəklilər hərəkatı doğrudan-doğruya bütün ictimai-iqtisadi, siyasi, dini münasibətlərdə bir dəyişmə, bir yenilik yaratmışdı. Ancaq bütün keçmiş imtiyazlarını itirmiş pars əyankahinləri bununla heç cür barışa bilmirdilər. Onlar ilk öncə qocalmış I Qubadın gənc, enerjili oğlu Xosrovu ələ alıb öz tərəflərinə çəkdilər. Hərbi gücləri öz əlinə toplayan Xosrovun və kahinlərin təzyiqi ilə I Qubad Məzdəkdən uzaqlaşdı. Məzdək xəyanətlə həbs edilib 529-cu ildə edam edildi, onun bütün tərəfdarlarına qarşı amansız hücum başladı. Tarixçilərin yazdığına görə, 80 min adam qətlə yetirildi. Bir sıra tarixçilər yazırlar ki, daha çox məzdəkçi öldürülmüşdü, 80 min isə diri-diri təpəsi üstə dikinə torpağa basdırılmışdı. Biz bunların hansının düz olduğunu deyə bilmərik, ancaq inkaredilməz bir faktdır ki, doğrudan da on minlərlə adam təpəsi üçtə əsas yolların hər iki qırağı ilə diri-diri torpağa basdırılmış, onların ayaqları qıraqda saxlanmış ki, gəlib-gedənlər görüb bir vahimə içində qalsın, məzdəkliyi müdafiə etməsin, Sasanlılara, kahinlərə, əyanlara qarşı çıxmasın.
531-ci ildə I Qubad öləndən sonra taxta I Xosrov çıxdı. O, tarixdə Xosrov Nuşirəvan (531-579), Ənuşirəvan, Anuşirəvan adı ilə tanınır. I Xosrov təkcə məzdəkçilərə deyil, ümumi əhaliyə divan tutdu. Onu hakimiyyətə gətirən bir sıra əyanları və ordu başçılarını, kahinlərin hamısını vergidən azad etdi. Bunların böyük çoxluğu parslar idi.
Xosrov Nuşirəvanın zülmü və zalımlığını XII yüzil Azərbaycan-türk şairi Nizami Gəncəli farsca yazdığı “Sirlər xəzinəsi” əsərindəki “Nuşirəvanla vəziri və bayquşların söhbəti” adlı mənzum hekayəsində belə anladır:

          Nuşirəvan qoşunla çıxmışdı bir gün ova,
          Ayrıldı dəstəsindən atla ov qova-qova.
… …
          Çatdı düşmən qəlbi tək viranə bir yurda şah,
          Tapardı axtardığı hər şikarı burda şah.
          İki bayquş səs-səsə verərək ulayırdı,
          Qəlbləri şah qəlbi tək nəsə “arzulayırdı”.
          Şah soruşdu vəzirdən: “Nə danışır bu quşlar?
          Bir-birinə nə deyir, nə söyləyir bayquşlar?”.
          Vəzir cavab verdi ki: “Zamana şahsan özün,
          Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün.
… …
          Bu quş onun oğluna ərə verir qızını,
          İndi başlıq istəyir işə salıb ağzını:
          “Bu xaraba kənd nədir, bir qıza azdır” deyir.
          “Kəbin haqqı bir neçə xaraba yazdır” deyir.
          Elçi gələn quş deyir: “Şərikəm hər sözünə,
          Şahın zülmkarlığı bəllidir yer üzünə
          Qanlar tökən görürəm şahı gündə yenə mən
          Yüz min belə xaraba kənd verərəm sənə mən”.
          (Gər məlik in əst dər in ruzigar,
          Mən be to virane dəhəm şəd hezar).
          ……..
          Zülmünü yada salıb, dişlədi barmağını:
          Quşlar da eşidibdir zülmümün sorağını.
          Var üçün insan nəsli bu obadan silindi,
          Toyuq qaqqıldayırdı, bayquş ulayır indi.
… …
          El varını soymuşam, xalqa divan tutmuşam,
          Ölməyi, son mənzili büsbütün unutmuşam.
 
          Qılıncımla elləri biçməyim bəsdir daha,
          Alçalıb insan qanı içməyim bəsdir daha,

Budur, Gəncəli Nizami Xosrov Nuşirəvanın əsl simasını açıb göstərmişdi.
Fars şovinizmi bütün bunları bir yana buraxaraq, dünyanın qaniçən cəlladlarından biri olan Xosrov Nuşirəvana sonradan “Adil” ayaması (təxəllüsü) vermiş və onu dünyanın ən ədalətli bir hökmdarı kimi təbliğ edərək min illərlə milyonlarla insanın şüuruna yeritmiş, yedirtmişdir.
Təkcə fars ədəbiyyatında, tarixində deyil, bütün farsdilli ədəbiyyatda eyni zamanda farsdilli türk ədəbiyyatında Xosrov Nuşirəvan təriflənib göylərə qaldırılmış, Rumeli Səlcuq hökmdarlarından tutmuş ta Orta Asiyayadək bir sıra türk hökmdarları fəxrlə özlərinə “Xosrov”, “Keyxosrov” ləqəblərini taxmışlar. Bu fars şovinizminin qələbələrindən biri idi. Bir sıra Səlcuq hökmdarları və atabəyləri Sasanlı hökmdarlarının tarixini öymək, onlara ədəbi və əbədi yazılı əsərlər-abidələr qoymaq üçün öz xəzinələrindən qızıl xərcləmiş, farsdilli ədəbiyyatın yüksəlməsində, fars dilinin dünya çapına çıxmasında əvəzsiz xidmətlər göstərmişdilər. Bu, fars şovinizminin başqa qələbəsi olmuşdur.
Böyük Nizami də bu basqıdan qurtara bilməmiş, əsərlərini farsca yazmış, Xosrov Nuşirəvanın da guya sonradan peşiman olub ədalətli şahlıq etdiyini yazmışdır:

          Taleyin imtahanı canını alan oldu,
          Ədalətli dünyada əbədi qalan oldu.
          Ülviyyət aləmində yenə də şahdır özü,
          Şan-şöhrət sikkəsinə yazıldı “Adil” sözü.

Bu, doğrudan da belədir bütün farsdilli müsəlman ədəbiyyatında onun adı bütövlükdə belə yazılır: “Xosrov Nuşirəvan Adil”.
Çox sadə bir tarix məntiqi ilə soruşuruq: I Xosrovun yaşadığı 6-cı yüzildə və ondan sonrakı yüzildə pars və ya pəhləvi dilində “adil”, “ədalət” sözü vardımı? Yox. “Adil” – sözünün kökü ərəb sözü “ədl”dəndir. Bu kökdən ədalət, ədliy sözləri yaranmışdır. “Adil” sözü də bu qəbildəndir, “ədalətli” deməkdir; Allaha xas sifətlərdən biridirAllahın bir adı da Adil-dir. Ərəb sözləri pars, pəhləvi dilinə 8-9-cu yüzillərdə keçməyə başlamışdır. Deməli, Xosrova “Adil” təxəllüsünü bu yüzillərdə və bəlkə də daha sonra, “pasr milli iftixarı”nı qoruyub saxlamaq üçün fars tarixçi, ədib və şairləri taxmışlar. Belə bir iş II Xosrov üçün də görülmüşdür (onu bir az sonra yazıya gətirəcəyik).
Gerçək tarixin deyil, yazılı tarixin gülünc və heyrətli bir görünüşü var: “Zalim” adını daşıyacaq bir şahənşah “Adil” adı ilə yazılarda, kitablarda, beyinlərdə yaşayır! Bu da fars şovinizminin insanlığa bir xəyanətidir.
Onu da qeyd edim ki, bu son bir neçə ildə mənim dəqiq bildiyimə görə, bir sıra fars şovinistləri həm tək-təklikdə, həm də məclislərdə “bizim damarlarımızda Ənuşirəvan qanı axır” deyərək fəxr edirlər.
Xosrov Nuşirəvan öləndən sonra pars-pəhləvi edib, kahin və raviləri onun haqqında rəvayətlər, nağıllar, əfsanələr uydurdular. Onun özünün adından kitablar, vəsiyyətnamələr, xatirələr yazdılar və bunların hamısını tarixi gerçəklik kimi qələmə verib bir farspərəst ədəbiyyat yaratdılar. Bunları araşdıran tarixçilər çaş-baş qalıb nəyin doğru, nəyin yalan olduğunu bir türlü kəsdirə bilmədilər.
Sasanlı imperatorluğunu Yəməndən Əfqanıstana qədər böyüdən qanlı Xosrov Nuşirəvan öləndən sonra onun yerinə IV Hürmüz (579-590) keçdi və tez bir zamanda bu imperatorluğun qan və zülm ilə necə bir qurama imperatorluq olduğu üzə çıxdı. Yəmən və başqa ərəb əyalətləri, Orta Asiya və Qafqaz hakimləri yarımmüstəqil və müstəqil oldular. Mərkəzdə Bəhram Çubin Sasanlılara qarşı üsyan qaldırıb IV Hürmüzü öldürdü və hakimiyyəti ələ aldı (590-591).
Dördüncü Hürmüzün oğlu İkinci Xosrov qaçıb bir sıra qohumları ilə Roma imperatorluğuna sığındı. Roma imperatorluğu Sasanlıların iç işlərinə dönə-dönə qarışmış, bu fürsəti göydəndüşmə sayaraq bir ordu ilə dövlətin paytaxtı Ktesifona (Mədainə) hücum edərək Bəhram Çubini taxtdan salmış, II Xosrovu Sasanlı taxtına oturtmuşdu.
II Xosrov (591-628) tarixdə və ədəbiyyatda Xosrov Pərviz adı ilə daha çox tanınır və parsların fəxr və qürurla dil-boğaza qoymadan şişirtdiyi, öydüyü şahənşahlarından biri, bəlkə də sonuncusudur. Bundan sonra farsların fəxr duyası bir şahları olmamışdır. Yalnız Səfəvi – türk hökmdarı I Şah Abbas (1587-1629) farslara böyük xidmətlər göstərdiyindən, onu da Böyük Şah Abbas, Şah Abbas Adil və s. titullarla böyütmüş, haqqında rəvayətlər, nağıllar, əfsanələr düzəltmişdilər.
Göstərdiyimiz kimi, II Xosrov Bizans (Şərqi Roma) imperatorluğunun mizraqları ucunda hakimiyyətə gəlmiş, bir müddət də onların əli ilə hakimiyyətdə saxlanmış, bunun üçün yarımvassal kimi Bizansa töyçü ödəmişdi.
II Xosrovu Sasanlı taxtına oturdan Bizans imperatorluğunun özünün içərisində güclü iqtisadi, ictimai proseslər gedirdi. Belə ki, quldarlıq ukladı tamam dağılmaq və onun yerində feodal istehsal üsulu tam hakim kəsilmək ərəfəsini yaşayır, imperatorluğa zorla qatılmış ölkələrin mərkəzdənqaçma gücü artır, bir zaman Bizansla müttəfiq olan türklərin həm batıdan, həm quzeydən, həm də Qafqazdan hücumları Bizansın iç gücünü tükəndirirdi. Bir yandan da hakimiyyət uğrunda mübarizə yenidən şiddətlənmişdi. Sonucda iç savaş başladı. 602-ci ildə Bizans ordusunun əsas gücləri imperatorun düşmənlərinin tərəfində dayanaraq qiyam qaldırdı və imperator Mavriki öldürüldü. Mavriki tərəfdarlarını müdafiə adı altında Sasanlı qoşunları Bizansa müdaxilə edib onun cənub əyalətlərini, Suriyanı və Misrin bir hissəsini işğal etdi. Daxili müharibə içərisində çabalayan Bizans elə bir müqavimət göstərə bilmədi. Bu dövrdə Bizans imperiyası çökür, həm qərbdə, həm şərqdə və güneydə torpaqlarını ard-arda öz düşmənlərinə uduzurdu.
614-15-ci illərdə Azərbaycanın quzeyində – Albaniyada Sasanlı hakimiyyətinə qarşı üsyanlar baş verdi. II Xosrov onları amansızcasına yatırtdı.
610-cu ildə Bizans taxtına oturan İrakli (610-641) mərkəzi hakimiyyətdə bir sabitlik yaradaraq müxtəlif qüvvələri bir yerə toplamağa başlamışdı. 620-ci ilədək o, yeni bir ordu yaradıb imperatorluğun mərkəzi əyalətlərində bütün qiyam və separatçı çıxışları yatırtmışdı.
622-ci ildə İraklinin ordusu ilə Xosrovun ordusu Tavr (Toros) dağlarında üz-üzə dayandılar. Bu həlledici döyüşdə Xosrov Pərvizin ordusu darmadağın oldu. Bizans ordusunda müxtəlif türk boylarından qatılmış qoşun qüvvələri də iştirak edirdilər. Xosrovun da ordusunda türklər əsas qüvvələrdən biri idi.
622-623-cü illərdə Bizans orduları doğuda və güneydə itirdikləri bütün torpaqları geri qaytarıb Azərbaycanın quzey və mərkəz əyalətlərini də işğal etdilər. 624-26-cı illərdə Xosrovun qoşunları əks-hücuma keçsə də heç bir uğur əldə edə bilmədi. 627-ci ildə yenidən hücuma keçən Bizans ordusu Azərbaycanı bütövlükdə işğal edib “Tanrının göndərdiyi ilk müqəddəs od məbədi Azərgəştəsbi” (Kazaka Şiz şəhəri) viran qoydu. Ninəva (Neynəba) indiki Mosul şəhərinin yaxınlığında qədim bir şəhər idi) şəhərinin yaxınlığında gedən döyüşdə Xosrov Pərvizin qoşunları darmadağın edildi. Xosrov döyüş meydanından qaçıb Mədainə sığındı, İrakli (Herakl) öz təntənəsini nümayiş etdirmək üçün xristianlığın və o zaman həm də müsəlmanların qibləgahı olan Qüds şəhərinə getdi.
Sasanlılarla bizanslar arabir dost olub, çox vaxt bir-biriylə müharibə apardıqları və bir-birini çökürtdüyü bu zamanlarda Ərəbistan yarımadası bu müharibələrdən nisbi olaraq qıraqda qalmış, geniş ticarət aparan Məkkədə bir dirçəliş başlamış və ən önəmlisi olaraq 610-cu ildə peyğəmbərliyə, həm də Elçi (Rəsul) peyğəmbərliyə yetişən həzrətiMəhəmməd islam dinini yaymağa başlamış, 622-ci ildə Yəsrib şəhərinə (sonralar bu şəhər peyğəmbərin adı ilə bağlanıb əl-Mədinətu-n-nəbiyyun “peyğəmbər şəhəri adlanmış, qısaca Mədinə deyilmişdi) hicrət etməyə məcbur olmuşdu. Rəsulun arxadaş və dostları islamı ətrafa yayırdılar.
İslam peyğəmbəri hicrətin 6-cı ilində (miladın 628-ci ili) Yaxın və Orta Doğunun bir sıra hökmdar (məlik) və əmirlərinə məktub göndərib onları islama dəvət edir. Qaynaqlar doqquz ölkənin hakiminə dəvət məktubu göndərildiyini göstərir. Bu məktublar tarix qaynağı kimi çox qiymətlidir. Burada biz onların ikisindən danışacağıq:
Bunlardan biri Rum (Bizans) imperatoru-qeysəri İrakliyə (Herakla) ünvanlanmış, onu Dəhyə əl-Kəbi imperatora Qüds şəhərində yetirmişdi. Məktubun mətni belə idi:
“Bismillahirrəhmanirrəhim. Allahın qulu və elçisi Məhəmməddən Rumun böyüyü Hiraqla.
Doğru yolu (əl-hüda) izləyənə salam olsun. Sonrasına gəldikdə, mən səni islama çağırıram. Müsəlman ol, salamatlıq tap! Allah sənə sənin mükafatını iki dəfə verər. Bundan üz döndərsən sapqınlıqda qalacaq, bütün xalqın günahı sənin üstündə qalacaq. Ey əhli kitab (xristianları nəzərdə tutur – red.), gəlin aramızda sözü bir yerə qoyaq. Allahdan başqa kimsəyə ibadət etməyək, Ona heç bir şeyi şərik etməyək. Bəzilərimiz Allahdan başqa özlərinə rəbbilər götürməsinlər. Əgər sapmış olsalar onda desinlər: “Şəhadət edirik ki, biz müsəlmanlarıq””.
Tarix qaynaqlarında göstərilir ki, Rum qeysəri məktuba hörmətlə yanaşmış, Qüdsdə olan ərəb tacirlərini yanına çağırmış, onlardan peyğəmbər haqqında bilgi almış, dövrünün etik qaydaları çərçivəsində cavab yazmışdır.
Həzrəti-islam peyğəmbərinin obiri məktubu II Xosrov Pərvizə göndərilmişdi. Məktubu Xosrova Abdullah ibn Xuzafə əs-Səhimi aparmış, Mədaində ona vermişdi. Məktubun mətni belə idi:
“Bismillahirrahmanirrəhim.
Allahın rəsulu Məhəmməddən farsın Kəsrasına.
Doğru yolu tutub gedənlərə, Allaha və onun rəsuluna inananlara, Allahdan başqa ilahın olmadığına və Məhəmmədin onun rəsulu olduğuna şəhadət gətirənlərə salam olsun. Mən səni islama çağırıram. Mən bütün insanlar üçün göndərilmiş haqq elçisiyəm. İnsanlara bildirirəm: müsəlman ol, salamatlıq tap! Əgər sən rədd etsən bütün macusilərin (atəşpərəstlərin – red.) günahı sənin üstündə qalacaqdır”.
Burada, yeri gəlmişkən, bir sözlə balaca arayış verməyi gərəkli bildik, bu da macusi (məcus) sözüdür. Öncə də dediyimiz kimi, bir sıra tarixçilər zərdüştlüyün maq-mağ dini olmadığını iddia edirlər. Biz bunu yalnış sayırıq və qəti əminliklə deyirik ki, Zərdüşt özü bu dini “maq dini” adlandırmışdı. “Maq” sözü romalıların – yunanların dilində us (lar, lər) cəm şəkilçisi ilə işlədilərək “maqus”, yəni maqlar” şəklinə düşmüş, onlardan da ərəblərə “macus” şəklində keçmişdir.
İndi məktubun Xosrova çatdırılmasını və ona Xosrovun münasibətini türk şair, alim filosofu Gəncəli Şeyx Nizaminin əsərindən dinləyək.
“Peyğəmbərin Xosrova məktub yazması”:

          Məktub qurtaranda, məktubu yazan
          Məhəmməd adını göstərdi ünvan.
          Cəld gedən qasidə verib məktubu,
          Dedi tez çatdırsın Pərvizə onu.
          Qasid yetirəndə şaha fərmanı
          Hirsindən qaynadı Xosrovun qanı.
          Yazılmış hər sözdən şah qovrulurdu,
          Əfyun1 çəkmiş kimi xumar olurdu.
          Nizə tək qalxmışdı hirsdən saçları,
          Atəş yağdırırdı hər bir damarı.
          Çıxanda nəbinin adı qarşıya
          Sanki quduz tutmuş rast gəldi suya.
          Gözləri sataşdı bu qorxunc sözə:
          “Yetsin Məhəmməddən Xosrov Pərvizə”.
          Şahlıq qüruruyla yolundan azdı,
          Dedi: “Cürət edib kim bunu yazdı?
          Kimin hünəri var bu qüdrətimlə
          Adımın üstündən ad yazsın belə?”.
          Üzü atəşgahdı sanki közərmiş,
          Hirsdən pis düşündü, gördü çox pis iş.
          O boyunsındıran məktubu cırdı,
          O, məktubu deyil, öz möhrün qırdı.

1 Opium (tiryək) – red.
Bəli, Xosrov Pərviz peyğəmbərin məktubunu cırıb ayaqları altına atmış, həmən andaca hələlik ondan asılı olan Yəmən hakimi Bazana bir məktub yazıb göndərmişdi. Bu məktubda Xosrov əmr edirdi ki, Bazan peyğəmbərin ya dirisini, ya da ölüsünü Xosrova göndərsin. Bazan əmrə tabe olaraq Məhəmməd peyğəmbəri ya diri, ya ölü ələ keçirmək üçün Mədinəyə iki adam göndərmişdi. Ancaq hadisələr başqa yönə yönəlmişdi. Rum imperatoru İraklinin orduları Mədainə yürüşə keçmişdilər. Xosrovun qoşunu həmən ərəfədə əvvəllər Sasanlılara tabe Hirə ərəbləri tərəfindən darmadağın edilmişdi. Heraklın ordusu Ktesifonu (Mədaini) mühasirəyə alanda Sasanlı sarayında çevriliş edildi. Çevrilişdə Xosrovun oğlu Şiruyə də iştirak edirdi. Onun birbaşa iştirakı ilə atası II Xosrov Pərviz vəhşicəsinə qətlə yetirildi.
Şiruyə II Qubad adı ilə taxta çıxdı. Nizami bunu bədii dillə belə təsvir edir:

          Qasid bu acığı gördüyü zaman
          Tələsdi ki, getsin onun yanından
          Görcək tüstüləyir o atəş hədər
          Agahlar şamına1 yetirdi xəbər
          O şam bu xəbərdən qeyzə gələrək
          Bəddua uçurtdu pərvanələr tək.
          O duadan sındı Kəsranın tağı,
          Xosrovun başından düşdü papağı
          Mustafa dininin möcüzəsindən
          Məhv oldu Pərvizin şahlığı birdən.
          Taxtın altından götürdü fələk,
          Oğlu qılınc çəkdi ona düşmən tək.
          Bir gurultu tutdu dərəni, dağı,
          Xosrov eyvanının dağıldı tağı.
          ……
          Cəmşid, Firuduna bir qələm çəkən
          Böyük peyğəmbərə əhsən, yüz əhsən!
1 Məhəmməd peyğəmbərə – red.
Xosrov Pərvizin oğlunun qılıncı ilə qətlə yetirilməsi xəbəri Mədinəyə çatanda peyğəmbər Yəmən canişini Bazanın adamlarını Mədinədə tapdırıb bu xəbəri onlara bildirdi və bir məktub yazıb Bazanı islama dəvət etdi. Bazan islamı qəbul etdi. Yəmən Sasanlı vassallığından birdəfəlik qurtardı.
Atasını öldürən Şiruyə bircə il hakimiyyətdə qaldı. Onu da öldürdülər. Bir daha qeyd edək ki, 628-632-ci illərdə Sasanlılardan doqquz hökmdar hakimiyyətə gəlib qətlə yetirildi.
Tarixdə maraqlı bir oxşar hadisə də baş vermişdi; xəlifə Mütəvəkkilin (847-861) oğlu Müntəsir də qiyamçılarla atasının yataq otağına girmiş və atasını yataqda yuxuda ikən qılıncı ilə qətlə yetirmiş, özü xəlifə olmuşdu. Ancaq o da bir il hakimiyyətdə qalmış, onu da öldürmüşlər. Həmin dövrün tarixçiləri yazırlar ki, Müntəsir atasını öldürüb taxta oturandan bir neçə ay sonra ruhi hallar keçirməyə və çox şərab içməyə başlayır, tez-tez “mənim də taleyim atasını öldürən Şiruyə Qubadın taleyi kimidir” – deyərmiş. Burdan aydın olur ki, xəlifələr də Sasanlıların dastan-tarixlərini yaxından öyrənmişlər. Abbasi xəlifələrinin bir qismi Sasanlı hökmdarlarına bənzər saray həyatı keçirirdi.
Bir daha təkrar edirik ki, Sasanlılar dövründə parslar mağ (zərdüştlük) təktanrı dinini əfsanə və miflərlə dolduraraq onu xurafata çevirmişdilər. Bu xurafatla onlar nə xristianlığa, nə də islama qarşı dura bilərdilər və dura bilmədilər də.
Parslar islamı qəbul etsələr də ürəkdən həzm edə bilmirdilər. Diqqət edək: ömrünün son 6 ilində aramsız döyüşlərdə Bizans ordusuna daim biabırcasına məğlub olan, Hirəli ərəblərə iki döyüşün ikisini də uduzan, Məhəmməd peyğəmbərin məktubunu cırıb ayaqlar altına atan, Peyğəmbərə həqarətlər yağdıran, onun öldürülməsinə fərman verən, sonda saray çevrilişi nəticəsində oğlu tərəfindən öldürülən Xosrov Pərvizi farslar islamı qəbul edəndən bir neçə yüzil sonra Müzəffər (həmişə zəfər çalan, qalib) fəxri adı ilə adlandırırdılar. Bəlli olduğu kimi, bu söz də ərəb sözüdür, kökü “zəfər”dir – farslara islamı qəbuldan çox-çox sonra keçmişdir.
Soruşmaq olar: Xosrov Pərviz nəyə görə Müzəffər adlandırıldı? Mağ dininin 2000 ildən çox ən müqəddəs məbədini, özü də Sasanlı hökmdarlarının hamısının tacqoyma mərasimindən öncə piyada gedib ziyarət etdiyi məbədi qoruya bilmədiyi, qoyub qaçdığı və Bizans imperatoruna onu darmadağın etməyə imkan verdiyi üçünmü? Kiçik bir vassal əmirlik olan Hirə əmirliyinə iki dəfə məğlub olduğuna görəmi? Sasanlı imperatorluğunun bütün quzey və qərb hissələrini Bizansa təslim etdiyi üçünmü, peyğəmbərin məktubunu cırıb atdığı üçünmü, islam peyğəmbərinə qarşı təhqiramiz davrandığına görəmi?
Nəyə görə, nə üçün o, Müzəffər oldu? Bunların hamısının bir cavabı var: pars-pəhləvi şovinizminin canı allahpərəstlikdə, dinpərəstlikdə, peyğəmbərpərəstlikdə, insanpərəstlikdə deyil, şahpərəstlikdə, şahənşahpərəstlikdədir. Bu fikrimizə ən tutarlı tutalqanı Firdovsi verir; o, Mahmud Qəznəvini mədh edərkən belə deyir:

          O Tus qəhrəmanı, itipəncə şir
          Döyüşdə edər əjdahanı əsir.
          Pula pul deməz, paylayar yoxsula,
          El istər həmişə o xoşbəxt ola.
          O istər görə xalqı allahpərəst,
          Çün allahpərəstlər olar şahpərəst.

Bəli, fars şovinizminin məna və məqsədi bu sonuncu beytdə deyiləndədir. Təktanrılı dinə xidmət edən xalqlar üçün insanları, ata-ananı, hakimləri, şahları, peyğəmbərləri və onun təbliğ etdiyi dini, mələkləri, daha nələri sevmək Ulu Tanrını sevmək üçün bir yol, ya da vasitələrdir. Fars şovinizmində isə bütün bunlar, hətta Allahın özü belə şahları sevmək, onlardan qorxmaq, onlara tabe olmaq üçün vasitədir. Məhz bu ideya tələb edir ki, şahlar, onların tarixi elə mifləşdirilsin ki, Tanrıdan da mücərrəd, anlaşılmaz bir güc, bir qüdrət təsiri bağışlaya bilsin.
Baxın, görün, fars şovinizmi Xosrov Pərvizi daha necə təqdim edir; guya Xosrov islam dininin möhtəşəmliyini başa düşmüşdü, ancaq babalarının seçdiyi, babalarının qəbul etdiyi “baba dinindən” imtina etməkdə “keçmiş padşahlardan utanır”. Daha sonra ən eybəcəri: “Qiymətli daş-qaş üzərində Sasanlı yazıları” adlı rusca əsərin (Leninqrad, 1963) müəllifləri A.Borisov və V.Lukonin farsların nə vaxtsa qondarma [dövlətçilik ənənələri olduğunu qabardır, onların hətta Məhəmməd peyğəmbərə qarşı] böhtanlarını belə təqdim edirlər: guya Sasanlı dövrünə aid qiymətli bir daş üzərində belə yazılıb: “Əyanların möhürsüz məktubu ağlın zəifliyindən və düşüncənin natəmizliyindəndir; möhürsüz xəzinə isə saymazlıq və ehtiyatsızlıqdandır. Peyğəmbərsə (lləlahu aleyhi və səlləm) barmağında üzük gəzdirirdi və müxtəlif ölkələrə göndərdiyi məktubları möhürlü göndərirdi. Bunun səbəbi o idi ki, (bir dəfə) onun möhürsüz məktubu Pərvizə (Sasanlı şahənşahı II Xosrov Pərvizə) gəldi. O (Pərviz), bundan qəzəbə gəldi, məktubu oxumadı, onu cırdı və dedi: Möhürsüz məktub külahsız (papaqsız) baş kimidir, külahsız baş isə (şah) məclisində (iştirak etməyə) layiq deyil. Əgər məktub möhürlənməyibsə onda onu hər bir kəs istəsə oxuyar…”.
Əziz oxucu, bu sənədə bir daha diqqətlə göz yetirməni xahiş edirəm. Məntiqə bax. Deməli:
  1. HəzrətiMəhəmməd peyğəmbər öz məktublarını möhürsüz göndərirmiş.
  2. Məktubu möhürsüz göndərənin ağlı zəifdir və düşüncəsi təmiz deyil (fars şovinizminin islam peyğəmbərini təhqirinə bax!)
  3. Peyğəmbərin məktubu möhürsüz olduğu üçün Pərviz onu heç oxumayıb (Pərvizə bəraət).
  4. Pərvizin bu hərəkətindən sonra islam peyğəmbəri anlayıb ki, məktubu möhürləyib göndərərlər.
  5. Peyğəmbər möhürlü məktub göndərməyi Sasanlı hökmdarından öyrənibdir.
  6. Peterburqlu sovet kommunist alimləri fars şovinizminə necə xidmət edir, onun iftiralarını necə hiyləgərliklə təbliğ edirlər.
Mənə elə gəlir ki, ən sadə anlaqlı oxucu burada göstəriləndən fars şovinizminin iyrənc məqsədini aydın təsəvvür edər.
Farslar peyğəmbərin və islamın düşməni II Xosrov Pərvizi fars musiqisində də min dörd yüz ildən bəri yaşatmaqdadırlar. Məşhur “Xosrovani” musiqisi və “Xosrovaniyyat” mahnı silsiləsi Xosrov Pərvizin adı ilə bağlıdır.
Dediyimiz kimi, fars şovinizmi illərlə Sasanlı şahlarını və mifik pars “mədəniyyət”ini islama pərçim etməyə çalışmış, bunda müəyyən “başarılar” da qazanmışdır. Nə yazıq ki, bu işdə onlara biz türklər də böyük “xidmət” göstərmişik.

Yenə də Xosrov Pərvizlə bağlı başqa bir misala göz yetirək. Dastançılar, əfsanəçilər, nağılçılar və zaman-zaman onlara qoşulmuş şairlər və tarixçilər belə rəvayət edirlər ki, hələ həzrəti-Məhəmməd Pərvizə məktub yazmamışdan çox-çox qabaq Pərviz, peyğəmbəri yuxuda görmüşdü. Müctəhidlərin, böyük müsəlman ruhanilərinin təkdəbirinin yuxusuna girən peyğəmbər deyir ki, “ey cavanmərd, gəl sən islamı qəbul et!”. Xosrov ona cavab verir ki, başımı kəssələr də ölənə qədər yolumdan dönmərəm. Bu cavaba peyğəmbər dinmir, Xosrova bir qamçı vurub gedir.
Xosrov yuxudan sərsəm oyanır, qorxudan üç ay xəstə yatır. O, bir gün Şirini də götürüb şahlıq xəzinəsinə baxmağa, “cövhərlərdən yoxsullara paylamağa” gedir. Qırxıncı açarın otağı yoxdur. Şah soruşur: bu, haranın açarıdır? Xəzinədar bir yer göstərir. Şahın əmri ilə yeri qazırlar, oradan bir qızıl sandıq çıxır. Sandığı açırlar, sandıqdan bir tilsimli gümüş çıxır, onun da üstü qızıl lövhələrlə örtülüdür. Lövhənin üzərində qızıl yazı və bir insan surəti var. Qoca bir kişi gətirirlər, bu yazını oxuyur.
Gəncəli Nizami dastanlarda, “tarixdə” oxuduğunu belə təsvir edir:

          Oxudu lövhəni, qurtardı işi,
          Belə izah verdi o müdrik kişi:
          “Ərdəşir Babakan adlı şah vardı,
          Müdrik adamlara o şəhriyardı.
          Taleyin sirrindən vardı xəbəri,
          Bilərdi ən çətin bilməcələri.
          Bilmişdi bu sirri yeddi ulduzdan
          Ki, dünya dövr edər, gələr bir zaman,
          Lövhədəki kimi üzündə vüqar
          Ərəb ölkəsindən bir adam çıxar –
          Rəftarı xoş, igid, özü sözbilən,
          Yolu düz, özü düz, alnıaçıq, şən
          Möcüzlə ulduzlar ona baş əyər,
          Odur bu dünyada axır peyğəmbər.
          Onun şəriəti üstün gələcək,
          Bütün millətlərə yol göstərəcək.
          Hər ağıllı ona iman gətirər,
          Hər kim qarşı çıxsa ziyan gətirər”.

Belə sorğu doğa bilər ki, bu böyüklükdə şer parçasının (özü də Nizaminin əsərindən) burada verilməsinin nə mənası var?

Cavab:
  1. Bu şer parçasında Nizami özünədək farsca-pəhləvicə yazılmış dastan və “tarix” kitablarını oxumuş, bu hadisəni ümumiləşdirərək göstərmişdi.

  1. Fars şovinizmi öz “ideya”sını beyinlərə yeritmək üçün poeziyanın təsir gücündən ən çox yararlanmışdı.
  2. Bu parça da islam dövründə belə, farsdilli ədəbiyyatda Sasanlılar xənadanının əsasını qoyan Ərdəşir Papakanın (227-239) haqqında necə yüksək bir fikrin ardıcıl təbliğini göstərir.
  3. Sasanlıların ulu babası, eyni zamanda Xosrov Pərvizin də ulu babası Ərdəşiri böyük şair, alim, filosof, islam şeyxi Nizaminin tərənnüm etməsi heyrət doğurmaya bilmir. İstər-istəməz belə bir fikrə gəlirsən ki, bəşər səviyyəsində belə bir dahi də fars şovinizminin “tilsimindən”, “sehrbazlığından” qurtula bilməmiş, peyğəmbərlərə, islam dahilərinə ayrıca bir əsər həsr etmədiyi halda beş böyük əsərindən ikisini (“Xosrov və Şirin”, “Yeddi gözəl”) Sasanlılardan Xosrov Pərvizə və Bəhram Gura həsr etmiş, onları tərifləyib göylərə qaldırmışdı. Sifarişi verən “Xosrov və Şirin” əsərinə görə Nizamiyə qızıl və iki kənd bağışlayan Türk hökmdarları – Azərbaycan atabəyləri, yazan peyğəmbər aşiqi, islam vurğunu şeyx, türk Nizami, tərənnüm edilən, bu cür əsərlərlə əbədiləşdirilən peyğəmbərin və islamın düşməni Xosrov Pərviz, Papakanlar, Keyxosrovlar, Keyqubadlar, Bəhramgurlar. Doğrudan da heyrətli deyilmi?
Nə idi bütün Doğu və yunan fəlsəfə və məntiqini böyük bir alim kimi mənimsəmiş Nizamini məntiqsizliyə yuvarladan?
Necə başa düşülməlidir ki, Ərdəşir Papakan deyir:

          Onun şəriəti üstün gələcək,
          Bütün millətlərə yol göstərəcək.
          Hər ağıllı ona iman gətirər,
          Hər kim qarşı çıxsa ziyan gətirər.

Ancaq Ərdəşirin törəməsi Pərviz bu vəziyyətə, bu “hikmət”ə qulaq asmır. Asmır asmasın, bəs onda niyə deyir ki, mən islama iman gətirərəm, ancaq:

          Nə sayaq əl çəkim baba dinindən?
          Keçmiş padşahlardan utanıram mən.

Özündən aşağı-yuxarı 380 il sonra ərəblərdən bir peyğəmbər çıxacağını bilən, “müdrik adamların şəhriyarı, ən çətin bilməcələri bilən, yeddi ulduzdan sirr öyrənən” Ərdəşir niyə bilmirdi ki, onun qanından törəyən Pərviz onun “nəsihət”inə və peyğəmbərin sözünə baxmayacaq? Bəli, əziz oxucu, tarix mifləşdiriləndə, gerçək din əfsanələşdiriləndə, əfsunlaşdırılanda, tilsimləşdiriləndə bəşəriyyət çaş-baş qalır, o cümlədən onun dahiləri də!
Deyə bilərlər ki, bəlkə də Sasanlı dövründəki pars sehrbazlığı, əfsunçuluğu o qədər güclü və haqq olub ki, yüz il, min il sonra da təkcə sadə insanları, toplumları deyil, dahiləri də tilsimə salıb? Xeyr, gerçək təktanrılı din, məntiq, gerçək tarix bilgisi, əsl elm bunları rədd edir. Əsl mürşid gerçək elmdir.
İslam ordularının Sasanlı imperatorluğunu çökdürmə dövrünü sonralar yad edən fars dastançısı demişdir: “Tfu, sənin üzünə ey çərxi-fələk, gör nə günlərə qaldıq ki, ilan-qurbağa yeyən ərəblər Kəyan taxtına əl uzatdılar”.
Bir müdrik ər1 demişdir:
          İslama qılıncla uduzan parslar
          Daima qələmlə zərbə vurmuşlar.
1 Bizcə, buradakı “müdrik ər”lər Elçibəyin özüdür – red.
Nizami və onun kimi onlarca şairlər Cəmşid, Fərudun, Keyxosrov, Keyqubad taxt-tacına bir qələm çəkib onu yox edən Məhəmməd peyğəmbərə min əhsən dedikləri halda bütün pars hökmdarlarını yüksək bir şövq və ustad qələmləri ilə tərənnüm etmiş, ucaltmış, milyon-milyon insanın beyninə və ürəyinə yeritmiş, onları kitablardan-kitablara salaraq yaşatmışlar. Heyrətlidir, anlaşılmazdır! Əhsən sənə, fars şovinizmi!
* * *
Burayadək mağ (manq) – zərdüştlük dininin və tarixin farslar tərəfindən necə əfsanələşdirildiyinin bəzi xətlərini gördük. Bu yazdıqlarımız həmin məsələnin – problemin bəlkə də yüzdə biridir. İndi fars şovinizminin bir neçə yazılı qaynağına və onlarda miflərin necə tarixləşdirilməsinə ötərgi bir göz yetirək.
Miflərin tarixləşdirilməsi tarixin mifləşdirilməsindən bəşər üçün daha təhlükəli, elm üçün daha böyük xəyanətdir. Bir müdrik ər demişdir: “Fanatizmin, xurafatın adını din, mifin adını tarix qoyub insanların beynini zəhərləməkdə, əfsunlamaqda parslar qədər usta az-az tapılar!”.
Burada haşiyəyə çıxaraq bir ehtimal irəli sürmək istərdim. Bu ehtimal müəyyən bir araşdırmaya söykənir, ancaq hələlik bu araşdırma yetərincə deyil, ona görə ehtimal özünü tam doğrultmaya da bilər. Öncədən söyləmişdik ki, bir sıra alimlər zərdüştlüklə mağ dininin ayrı-ayrı olduğunu israrla təkid edirlər. Biz bunu doğru saymırıq. Buna əsasımız var: “mağ” sözü muğmoğ sözü ilə eynidir. Bizcə bunun da kökü “manq“dır. “Manq” özünü bir neçə şəkildə göstərir, daha doğrusu, ya a dəyişir, ya n düşür, ya q düşür, ya da iki-üç dəyişmə birdən baş verir. Sonucda bu şəkillər alınır:
1) mağ, 2) muğ, 3) moğ, 4) man, 5) mun, 6) mon, 7) maq; 8) muq, 9) moq, 10) manc, 11) munc, 12) munq, 13) benq, 14) bonq.
Məsələn “Tanqız” sözü kimi: 1) Tanqız, 2) Tınız, 3) Dəniz, 4) Diniz, 5) Dinqiz, 6) Tenqiz, 7) Tinqiz, 8) Çingiz, 9) Çengiz, 10) Çinqiz, 11) Çenqiz, 12) Tingiz, 13) Tangiz.
“Manq” sözü müxtəlif çalarda Koreyadan tutmuş Aralıq (Ağ) dənizədək bütün türk dünyasında ayrı-ayrı zamanlarda ayrı-ayrı anlam çalarında işlədilmişdir. Bunlarla yanaşı, manq (monq, man, manc, hətta boq, ban, beng) türk Tanrı düzənində Tanrının doxsan doqquz gözəl, qüdrətli adından və sifətindən biridir. Hamı bilir ki, islam dinində də Allahın 99 sifəti və ən gözəl adı vardır. Qədim türk Tanrı düzənində “manq” adı sami Allah düzənindəki “rəbb” adına daha uyğundur. Sözsüz ki, bu ikisinin daşıdığı anlamları tam eyniləşdirmək olmaz. Biz “manq”la bağlı ayrıca araşdırma apardığımız üçün o haqda burada geniş danışmağa ehtiyac duymuruq. Onu deyə bilərik ki, “manq” yaradıcı güc, islamdakı “Rəbb”, Fəttah, “Qədir”, “Mühsin”, “Mənnan” (Mənnən) sifətlərinə daha yaxındır.
Bu söylənilənlərin hamısı gerçək elmi dəlillərə dayanır. Bizim ehtimalımız isə budur ki, manq, mağ, muğ, man, ban, bağ, buğ sözləri [Tanrı] ilə bağlı inancların harada isə ən əski çağlarında – dörd-səkkiz min il bundan öncədə, sözsüz ki, mifik bir Tanrı adında birləşir. Yoxsa “müqəddəs ruh”la bağlı, orta çağ Koreya komandanının Muğan [adlanması], Çingiz xanın birləşdirdiyi və yaratdığı yeni topluma Monqu-ul, (Muğ-ul, moğ-ol, monq-ol) adını verməsi, Cəlaləddin Xarəzmşahın özünə Manquberti (Manqu verdi = Tanrıverdi) adını götürməsi, Türk-man (Türk-manq) və onlarla sözlər təsadüfən yarana bilməzdi.
Azərbaycanda ilahi güclə bağlı Muğan, Muğdad, manqal və s. adlar yaranmazdı. O ki, qaldı Zərdüştün təlim etdiyi təktanrılı dinə, onun adı mağ (muğ) dinidir. Zərdüşt qatalarında yazır:
  1. Spitan Zərdüştə dost olan adam kimdir, ey Mazda? Ya doğru üzrə öyüd verən kimdir? Ya pak dindarlar kimdir? Ya da müqəddəs ağıl üzrə muğ dini haqqında düşünən o düzgün əməlli adam kimdir?
  2. Nə qədər ki ürəkdən çalışmaq həvəsi ətinizdə-qanınızda vardır, mükafatınız bu muğ dini olacaqdır ki, onunla yalançının (yalanpərəstin) ruhu uzaqlaşıb, beli sınıb aradan gedəcəkdir. Bu muğ dinini əldən versəniz axır sözünüz peşmançılıq sədası olacaqdır.
Sonucda Zərdüştün dühası özünü göstərdi – maq dinini mif, əfsanə və əfsunlarla dolduran, şahları bu əfsanələrlə ilahiləşdirən, ara-sıra Tanrıdan da uca tutan Sasanlıların, kahin və əyanların “son sözləri peşmançılıq sədası” oldu. Maq dini də başqa dinlərin (brahmanizm, buddizm, xristianlıq, islam və başqaları) gözündə sehrbazlıq dini kimi göründü və maqus, maqiya, magiya – sehrbazlıq mənasını qazandı.
Birgə götürdükdə parsizm uzun bir tarix yolu keçərək gəlişmiş, böyümüş, iki iri özül yaratmışdır:
  1. panfarsizm,
  2. paniranizm.
Bugünümüzdə də fars şovinizmi bunların üzərində dayanır.
Panfarsizm və paniranizmin çox zəngin yazılı qaynaqları vardır. Bu qaynaqlar dinlərdən, miflərdən, əfsanələrdən, nağıllardan və tarixdən qidalanmışdır. Bunlardan fars şovinizmi özünün təbiətinə uyğun qidalanmış, onlardan olduğu kimi yox, özünün istədiyi kimi istifadə etmişdir. Bu dediklərimizə aid qədim kitablardan aşağıdakıları göstərmək olar: “Zənd Avesta”, “Pazənd Avesta”, “Xorde Avesta”, “Bundahiş”, “Ərdavirafnamə”, “Zatspərəm”, “Yadigari-zəriran”, “Xavadaynamak” (“Xavadnamak”), “Ərdəşir Papakanın əməlləri”, “Ərdəşirnamə”, “Xosrovnamə”, müxtəlif “Şahnamə”lər və dastannamələr, Firdovsinin “Şahnamə”si, “Afərinnamə”, “Zənd Akasiya Dinkərd”, Firdovsinin “Şahnamə”sinin güclü təsiri olan mənzum romanlar, poemalar, hekayələr, o cümlədən Nizami Gəncəvinin “Xosrov və Şirin”, “Yeddi səyyarə” (“Yeddi gözəl”), “İsgəndərnamə” mənzum romanları, Əmir Xosrov Dəhləvi, Cami, Nəvai və onlarca Şərq mütəfəkkirinin yüzlərcə əsəri.
Bunlarla yanaşı, öncə bir dəfə ayrıca vurğuladığımız mifləşmiş fars-İran tarixinin ərəbdilli islam tarixçilərinin – Yəqubi, Bəlazuri, Təbəri, Məsudi, İbn əl-Əsir, İbn Kəsir, Yaqut ibn Xaldun və başqalarının dünya şöhrətli əsərlərində özünə geniş yer tapması dünya miflərini farsların “tarixi” etmişdir.
Bu sonuncu dediyimiz çox böyük bir mövzu, araşdırılması uzun illər tələb edən bir elmi problemdir. Bu mürəkkəb məsələnin həllində belə bir xətti yaddan çıxarmaq olmaz ki, müxtəlif xalqlardan və ölkələrdən olan orta çağ ərəbdilli islam tarixçilərinin dünya tarixşünaslığında çox önəmli, ciddi bir yeri vardır. Bugünümüzdə də həmən tarixçilərin əsərlərinə ciddi yanaşılır, tarixi araşdırmaqda onları sınanmış etibarlı qaynaq kimi qəbul edirlər. Daha doğrusu, bu qaynaqlara inam güclüdür və hər yerdə də yüksək qiymətləndirilir. Elə buna görə də farsların özləri tərəfindən yazılmış “mifik tarixləri”nin bu cür ciddi qaynaqlarda özünə yar tapması o “mifik tarix”ə inancı artırır, onun uydurma olduğuna az şübhə yeri buraxır. Belə olduqda nə ki savadsız, azsavadlı insanlar, hətta müəyyən yüksək bilikli araşdırıcılar da çaşır, hər cür xassəli saysız-hesabsız Hörmüzlər, Təhmurəslər, Cəmşidlər, Fəridunlər, Kəyumərslər, Mənuçöhrlər, Daralar, Ərdəşirlər, Qubadlar, Keyqubadlar, Bəhramlar, Şapurlar, Xosrovlar, Keyxosrovlar, daha kimlər, kimlər və nələr yaranır, daim bulanıq bir mif-tarix meydanda qalır.
Başqa bir yandan da. bu tarixçilərin çoxu Azərbaycanı, hər iki İraqı (Azərbaycan İraqını və Ərəb İraqını), Deyləm, Təbəristan, Parsa (Fars), Xorasan, Xarəzm və ətraf ölkələri gəzmiş, xalqların hələ də şifahi yaddaşında qalan rəvayət, hekayə və əfsanələri qələmə almış, ağına-bozuna baxmadan onları az qala bir tarix gerçəkliyi kimi təqdim etmişdir.
Bir məsələni də qeyd edək ki, tarixçilər bəzən bunu bilə-bilə etmişlər ki, onların əsərləri maraqlı və oxunaqlı olsun. Ancaq sonucda gerçək tarixşünaslıq zərər çəkmiş, daha çox isə cəmiyyət çaşaraq fars girdabına yuvalanmışdır.
Fars şovinizminin bütün bu hoqqabazlıq sistemi IX-XIII yüzillərdə təşəkkül tapmış, bunda ərəb xəlifələrinin, türk hökmdar, şair və alimlərinin ölçüsüz, əvəzedilməz xidmətləri olmuşdur. Fars şovinizminin əsas ideoloji qaynağı olan farsdilli ədəbiyyat məhz bu dövrdə yaranmışdır.
Bilginlərin, araşdırıcıların belə bir birgə  rəyi vardır: “Farsdilli ədəbiyyat gerçəkliyin bədii şəkildə təhrifi ədəbiyyatıdır”. Bu ədəbiyyatın içərisində ən önəmli yeri “Xavadaynamak” (“Xvatay namak”) tutur. Bu kitab Sasanlılar dövründə bir neçə müəllif tərəfindən müxtəlif vaxtlarda yazılmışdı. O, Sasanlıların sarayında oxunur, şahlar, əyanlar onu dinləyir, gənc şahzadələrə bu kitabdan dərs deyilir, onlar idarəçilik, şahlıq təlimini bundan öyrənirdilər. Bu kitabın əsl pəhləvicəsi, ya da farscası dövrümüzə gəlib çatmamışdır. Olan-qalan hissələr ərəbcə tərcüməsi vasitəsi ilə gəlib çatmışdır. Ancaq Firdovsi “Şahnamə”ni, demək olar ki,  bu əsərin əsasında yazdığı üçün o, öz əksini “Şahnamə”də bütövlükdə tapmışdır. Fars şovinizmi bir neçə yüzil “Xavadaynamak”ı Avesta, Tövrat, İncil və Qur’andan öndə götürmüşdür.
641/42-ci ildə islam orduları Nəhavənd vuruşmasında Sasanlı ordularını darmadağın edib Sasanlı paytaxtı Mədaini tutdular. Bu, islamın ən böyük qələbələrindən biri idi. Elə bunun təsirindən bir sıra ölkələr, vilayətlər ərəblərə döyüşsüz təslim olur, islamı qəbul edirdi. Mədain fəth ediləndə saray kitabələri ələ keçirilir, oradakı sənədlər və kitablar haqqında xəlifə hz. Ömərə (634-644) məlumat verilir və “Xavadaynamak”ı ərəb dilinə çevirib xəlifəyə təqdim edirlər. Xəlifə bu kitabı diqqətlə oxuduqdan sonra “onun məcusiliyi və fars şahlarını öydüyünü, əfsanə və sehrlərlə dolu olduğunu” görüb və islam dininə zidd olduğunu deyərək onu rədd etmişdir. Buna görə də bu kitabı uzun müddət – ta Harun ər-Rəşidədək (786-809) heç bir islam xəlifəsi qəbul etməmişdir.
Kitabın ərəbcəsi Harun ər-Rəşidin sarayına yol tapmış, xəlifələrin və onların övladlarının keçmiş şahların həyatından örnək götürmələri üçün sarayda oxunan kitablar arasında yer almışdır. Bu kitabın xəlifə sarayına yol tapmasında xəlifənin fars tərbiyəli vəzirləri Bərməkilərin əli olmuşdur. Bu, o vaxt idi ki, məhz Bərməkilərin tədbirləri ilə islam xəlifələri də keçmiş Sasanlı hökmdarlarının həyat tərzini yaşamağa başlamış, sarayda “Min bir gecə” nağılları yaranır, fars saray həyatı ilə ərəb saray həyatı çuğlaşırdı.
İndi burada dayanıb bir az geriyə (VII yüzildən öncəki tarixə) ötərgi də olsa bəzi tarix faktlarına göz yetirməyimiz gərəkir.
Ərəblərin qarşısında biabırcasına məğlub olan parsların ərəb ağalığına boyun əyərək islamı qəbul etməkdən başqa bir yolu qalmadı. Ancaq onlar hakim şovinist mövqelərini itirməklə heç cür barışmaq istəmir, hər hansı yolla heç olmasa hakimiyyətdə ərəblərlə şərik olmaq istəyirdilər. İlk öncə onlar xəlifə Ömərlə ilişki yaratmağa çalışmış, bundan uğur qazana bilməmişlər, əksinə, 635-637-ci illərdə Buvəybə və Qadisiyyə vuruşlarında, 642-ci ildə Nəhavənd döyüşündə farslar darmadağın edilmiş, ərəblərin işğal etdiyi yerlərdə maq məbədləri – atəşgahları viran edilmişdi.
İslam bayrağı ilə dünyaya yeni çıxan ərəblər Qur’anın hökmünə görə təktanrılı “əhli-kitab” olan xristian və musavi xalqların ibadətgahı olan kilsə və rabatlara (sinaqoqlara) toxunmur, onlardan yalnız adambaşına can vergisi (cizyə) alırdılar. Hz. peyğəmbərin göstərişinə əsasən, hətta sabiilərə (yeddi göy cisminə – planetlərə inananlara) və onların ibadət evlərinə də toxunulmurdu. Ancaq farsların mifləşdirdiyi maq (məcus) dinini yeni müsəlman ərəblər çoxtanrılı din saydıqlarından maqlara zorla islamı qəbul etdirir, maqların din məbədləri yerlə bir edilirdi. Xristian yunan, rum, qibti, erməni və gürcüləri Ərəb xilafətinə tabe etdikdən sonra onların dinlərinə və ibadət evlərinə toxunulmadığı halda, maq türklərin, farsların dinləri qılınc gücü ilə aradan qaldırıldı, ibadətləri darmadağın edildi, ibadət yerləri yer üzündən silindi. Maqlar bunun üçün hz. Ömərdən intiqam aldılar. 644-cü ildə onu cümə namazını Mədinə məscidində apardığı zaman zəhərli bıçaqla bıçaqladılar və öldürdülər.
Xəlifə hz. Ömərin yerinə seçilən hz. Osman da (644-656) Sasanlılarla barışığa getmədi, onlarla başlamış müharibəni davam etdirdi, ancaq maq dininə qarşı bir qədər yumşaq davranılırdı. 650-651-ci illərdəki döyüşlərdə Sasanlı imperatoru III Yezdəgird (632-651) ağır məğlubiyyətə uğradı və öldürüldü. Bununla da Sasanlıların 423 illik ağalığına birdəfəlik son qoyuldu.
Xəlifə Osman 656-cı ildə qətlə yetiriləndən sonra hz. Əli ibn Əbutalıb (656-661) xəlifə seçildi. Bundan sonra xilafətdə daxili çəkişmə qızışıb iç savaşa keçdi. Parslar bundan yararlanmağa çalışırdılar. Onlar özlərini hz. Əliyə tərəfdar kimi göstərirdilər. Bunun da bir səbəbi öldürülmüş III Yəzdəgirdin qızı Şəhrəbanunun hz. Əlinin oğlu Hüseynə ərə getməsi ilə bağlıydı. Artıq şahpərəst fars əyanları özlərini peyğəmbər ailəsinə “qohum” sayırdılar. Ancaq bu, heç nəyi dəyişdirmirdi. Hz.  Əlini yalnız bir şey düşündürürdü – o da islamı içdən parçalanmağa qoymamaq, ona görə də rəqiblərinə tez-tez güzəştə gedirdi. Ancaq bu zamanın tarixi hadisələri parsların gələcək tarixi üçün müəyyən zəminlər yaratdı; hz. Osmanın hakimiyyəti dövründə ilk “şiə” qrupu yarandı. Bu qrup hz. Əlini müdafiə edirdi, ona “şiətu Əliyyi” (Əli şiəsi, Əli tərəfdarı, Əli yanlısı) adı vermişdilər. Onun yaradıcısı peyğəmbərin əshabələrindən olan Əbuzər idi. Pars əyanları (dehqanlar) islamın çoxluğuna qarşı müxalifətdə olan bu qrupu müdafiə edir, bununla xilafətdə mərkəzi hakimiyyətə yaxınlaşmağa ciddi cəhd göstərirdilər. Hətta gələcəkdə farslar Novruz bayramını da guya həmən gün “hz. Əlinin qırmızı geyinib taxta oturduğu gün olduğu üçün” bayram etdiklərini söyləyəcəkdilər. Halbuki ozamanın raşdin xəlifələrini də Sasanlı şahları kimi taxtlı-taclı təsəvvür edirdilər.
Xəlifə hz. imam Əlinin xəlifəliyi dövründə birgəlikdə maqlara (macus), ayrıca da olaraq parslara qarşı münasibətlər yumşaldı. Belə ki, hz. Əli doğrudan-doğruya çox bilikli bir şəxsdi. O, maq dinini araşdırıb, bu dinin kökünün təktanrılı din olduğunu gördü və onu açıq söylədi. Bunu sonra bir sıra adlı-sanlı islam nümayəndələri də etiraf etdi. Bəlli oldu ki, maqlar oda sitayiş etsələr də od Günəşin rəmzidir. Günəş isə Ahuramazda adlanan tək Tanrının yaratdığı ən müqəddəs varlıqdır. Maqların amansız təqibi, atəşgahların dağıdılması dayandırıldı.
Başqa bir yandan, hz. Əliyə göndərilən III Yəzdəgirdin iki əsir qızının biri Şəhrəbanu (ona Şahzənən də deyirdilər) xanımı oğlu Hüseynə, obirini Hz. Əbubəkrin oğlu Məhəmmədə ərə verdi. Bu, pars əyanları üçün çox önəmli idi. Şəhrəbanudan imam Hüseynin bir oğlu olmuş, adını Əli qoymuşdular. Əli bin Hüseyn atası vəfat edəndən sonra imamlığa çatmışdı. Şiələrin dördüncü imamı Əli bin Hüseyn Əkbər Zeynəlabdinin anası pars qızı Şəhrəbanudur.
III Yəzdəgirdin obiri qızından hz. Əbubəkrin oğlu Məhəmmədin də oğlu olmuş, adını Qasım qoymuşlar. İmam Zeynəlabdinlə Qasım xalaoğlu idilər. Sonralar imam Zeynəlabdinin oğlu Məhəmməd Baqir Qasımın qızı Ümmü Fərvəylə evləndi. Məhəmməd Baqir atası vəfat edəndən sonra imamətə yetişdi. Məhəmməd Baqirin oğlu, şiələrin altıncı imamı, islam dünyasının dahilərindən biri Cəfər Sadiqin anası Ümmü Fərvədir – hz. Əbubəkrin nəticəsi və III Yəzdəgirdin qız nəticəsi.
Bunları yazmaqda başqa bir məqsədimiz də odur ki, islam dahiləri dövründəki sünni-şiə münasibətləri ilə sonrakı dövrlərdə olan sünni-şiə münasibətlərinin fərqini göstərək. Buradan isə aydın olur ki, daha sonralar fars şovinizminin fəaliyyəti nəticəsində şiəlik sünniliyə qarşı rəqibdən düşmənə çevrilmişdir.
İslam dinindən daha çox fars şovinizminə xidmət göstərən “təəssübkeş” şiələrdən soruşulmalıdır ki, hz. Əbubəkrin nəticəsi Ümmü Fərvə şiələrin beşinci imamı Məhəmməd Baqirin qadını, altıncı imamı Cəfər Sadiqin anasıdır, bəs necə olur ki, həm də hz. peyğəmbərin “Siddiq” adlandırdığı hz. Əbubəkrə qarşı düşmən kimi davranırsınız? Hz. peyğəmbərdən, itaət etdiyiniz imamlardan çoxmu bilirsiniz? Hz. Əli, hz. Hüseyn, hz. Həsən öz övladlarının adını Əbubəkr, Ömər, Osman qoyduqları halda siz bu adları şiə uşaqlarına qoymağı yasaq etmisiniz?
Bəli, fars şovinizmi şiə təriqətini siyasi alətə çevirməklə həm islama, həm də türklərə və türklüyə sağalmaz yaralar vurmuşlar. Yazıq, min yazıq biz türklərə də, zaman-zaman biz də fars şovinizminin əlində onun üçün ən yararlı silah olmuşuq və sünni-şiə qarşıdurmasından ən çox biz türklər zərər çəkmişik və çəkməkdəyik. Bizi bundan qurtaracaq yalnız bir güc vardır – o da türk milli demokratik hərəkatı!
Yeri gəlmişkən, göstərək ki, fars şovinizmi və sünni-şiə münaqişə və müharibələri, onların islama və türklərə vurduğu tarixi yaralar, bu münaqişənin həlli yolları haqda dərindən-dərinə, köklü araşdırmalara böyük ehtiyac vardır. Bu problemin araşdırılmamasından, aydınlaşdırılmamasından yararlanan türk-islam düşmənləri millətimizin başına çox bəlalar gətirmişlər və gətirə bilərlər. Bunun üçün də türk siyasətçi və bilginləri buna ayrıca diqqət yetirməli, bu böyük, mürəkkəb elmi-nəzəri məsələni ələ almalı, gündəlikdə saxlamalı və onu böyük, dərin elmi araşdırmalar əsasında həll etməlidir.
Onu da qeyd edək ki, XIX yüzildə təşəkkül tapmış, Avropa klassik şərqşünaslığı və davamı olan rus, daha sonra sovet şərqşünaslığı Avropa və Rusiya imperalizminin yaratdığı və onlara xidmət edən şərqşünaslıq idi (bir sıra müsbət yanlarına baxmayaraq). Bəlli olduğu kimi, bu ideoloji-elmi qurumlar bütün islama və türklərə, o cümlədən Osmanlı, Qacar və Böyük Moğollar imperatorluqlarına qarşı mübarizədə qeyri-müəyyən bir anlayış olan “İran” ərazisini və Hindistanı bir dayaq yeri və yenə də qeyri-müəyyən bir anlayış olan “hind-Avropa” xalqlarını, “irandilli xalqları” bir vasitə kimi seçmişdilər. Bu isə fars şovinizminin yenidən dirçəlməsini tələb edirdi və fars şovinizminə də yeni böyük xidmət idi. Buna görə də Avropada belə təsəvvür yaratdılar ki, şiəlik əslində vəhşi ərəblərə və tarixən mədəniyyət qurucusu deyil, dağıdıcı olan köçəri türklərə qarşı hind-Avropa xalqlarının qədim bir mədəni qolu olan ari irandilli xalqların, ayrıca da olaraq da farsların müdafiə etdiyi və qoruyub saxladığı bir təriqətdir, hətta az qala bir dindir.
Bütün bunlar boş cəfəngiyatdır. Şiəlik əslində böyük ərəb-İran imperiyasının xilafətin mərkəzi hakimiyyətinə qarşı yaranan müxalifət hərəkatıdır ki, daha çox imperiyanın ucqarlarından ara-sıra baş qaldırmış, bəzən də yeni dövlətlərin yaranması ilə nəticələnmişdi. IX-XI yüzillərdə Quzey Afrikada ƏğləblərFatimilər, X yüzildə Deyləmdə Builər (Buveyhilər), IX-X yüzildə Qərmətilər, XVI yüzildə Azərbaycanda Səfəvilər dövlətləri məhz mərkəzi hakimiyyətə qarşı din-təriqət pərdəsi altında aparılan mübarizə nəticəsində yaranmışdır. Sözsüz ki, farslar da bundan yeri gəldikcə ərəb və türk ağalığına qarşı istifadə etmişlər.
Bu göstərdiyimiz səbəbdən də Əməvilər xilafətində (661-751-ci illər) Əməvilər imperiyanın xilafətin mərkəzi əyalətlərini: Ərəbistan yarımadasını – Məkkə, Mədinə, Hicaz, Yəmən, Suriya (xilafətin mərkəzi Dəməşqə köçürülmüşdü), Misir və İraqı, onların yan-yörəsini ələ keçirdikdən sonra əsas rəqibləri olan şiələri “xarici”ləri (xəvari), suubiləri və onların tərəfdarlarını amansız təqib və qətl etdirdiyindən bütün anti-Əməvi qüvvələr qərbdə – Sudan, Məğrib və Əndəlüsə, şərqdə – Azərbaycan, Güney Qafqaz, Dəyləm, Təbəristan, Parsa, Xorasan və Əfqanıstana çəkilməyə məcbur olmuşdular.
VII-VIII yüzillərdə Əməvilərin törətdikləri şiə qırğınları tarixdə tanınır.
VIII yüzilin 40-cı illərində Əməvilərə qarşı yaranmış böyük müqavimət hərəkatında şiələr aparıcı rollardan birini oynayırdılar.
748-50-ci illərdə Əməvilərin devrilməsində dörd əsas güc iştirak edirdi:
  1. Təşkilatçı və rəhbər – “peyğəmbər nəsli”, yaxud “peyğəmbər evi”. Bu ad altında Abbasilərlə Ələvilər birləşmişdi, hərəkatın-üsyanın şüarı “hakimiyyət peyğəmbər evinə” idi.
  2. Ərəb xilafətinə, onun mövcud təmsilçisi Əməvilərə qarşı amansız mübarizə və müharibə aparan Orta Asiya və Xorasan türkləri.
  3. Hələ də ərəb ağalığı ilə barışmayan Pars, Xorasan, Azərbaycan, İraq əyanları – dehqanlar (mərzubanlar).
  4. Azərbaycan və Güney Qafqaz xalqları və xəzərlər.
Əməvilər peyğəmbərin sevimli nəvəsi və raşdin xəlifələrdən Əli ibn Əbutalibin oğlu hz. Hüseyni, onun kiçik yaşlı övlad və yaxın qohum-tərəfdarlarını, İraq və Azərbaycan şiələrini qəddarlıq və vəhşiliklə qılıncdan, oxdan keçirmişdilər. 749-51-ci illərdə onları hakimiyyətdən devirən Abbasilər və Ələvilər qəddarlıq və vəhşilikdə Əməvilərdən geri qalmadılar. Əməvilərin bütün nəslini beşikdəki körpələrinəcən qılıncdan keçirdilər. Xorasandan Məğribə – Mərakeşədək Əməvilərdən bir nəfər də olsun sağ qalmadı. Yalnız bir neçə Əməvi qaçıb İspaniyaya getdi, orada onların nümayəndəsi I Əbdurrəhman Kordova əmirliyini yaratdı (756-788); bu əmirlik 929-cu ildə xilafətə çevrildi və 1031/32-ci ilədək yaşadı.
Əməvilərin devrilməsində əsas zərbə qüvvəsi olan türklər, farslar və şiələr bu çevrilişdən gözlədiklərini əldə edə bilmədilər. Hakimiyyəti ələ alan Abbasoğulları (hz. peyğəmbərin əmisi Abbasın törəmələri) xilafətin paytaxtını Dəməşqdən (Şamdan) Bağdada köçürdülər.
Abbaslıların ikinci xəlifəsi Mənsur (754-775) anti-Əməvi hərəkatın başında duran sərkərdə Əbu Müslümü və yaxın silahdaşlarını öldürtdü. Hakimiyyət bölgüsündə öz müttəfiqlərinə, hətta əmioğlanları Ələvilərə də bir yer vermədi, əksinə, türklərə, parslara və Ələvilərə qarşı təqibi gücləndirdi. Onun hakimiyyəti dövründə maq dehqan (mərzuban) və əyanlarının bir yarısı qorxudan, bir yarısı könüllü öz dinlərindən əl çəkib islamı qəbul etdi. Yalnız cüzi bir neçə bölük türk orduya, bir qismi saray alayına, bir bölük fars hökumət vəzifələrinə və mülki məmurluğa cəlb edildi.
Bu üsyan və Əməvilərin devrilməsi zamanında şiələrin imamı dahi bir şəxsiyyət olan hz. Cəfər Sadiq idi. Gözlənilirdi ki,  Əməvilərin ziddinə olaraq şiəlik yeni dövlətin hakim təriqəti olacaq. Abbasilərsə, əksinə, şiələrin nə təriqətini, nə də rəmzlərini qəbul etdilər. Şiələrin yaşıl bayrağına qarşı Abbasilər qara bayraq qaldırdılar. Əlbəttə, bu əslində Əməvilərin ağ bayrağına qarşı idi, eyni zamanda, şiə bayrağının da inkarı demək idi. Başqa bir yandan da, xəlifə Mənsur o zaman çox böyük nüfuzu olan Cəfər Sadiqə qarşı, onun tərəfdarlarına qarşı təqib və təzyiqə başladı. Cəfər Sadiqi yanına çağırıb: “Mənim hakimiyyətimi devirmək istəyir və məni öldürmək üçün tədbir tökürsən. Mən səni öldürəcəyəm” – deyə onun üzünə yalançı tanıqlar qoydu. Ancaq bu tanıqları imam ifşa etdi. Xəlifə isə Cəfər Sadiqi öldürməkdən çəkindi. Xəlifə imamın tələbəsi, zamanın böyük alimi, sünnü təriqətinin Böyük imamı (“İmamül-əzəm”) türk Əbu Numan Hənəfini müxtəlif bəhanələrlə öldürtdü.
İraq, Azərbaycan, Dəyləm, Parsa, Xorasan əyanları (dehqanları) islamı qəbul etsələr də bu ölkələrin xalqları onu kütləvi şəkildə qəbul etmirdi. Mənsur öləndən sonra xəlifə Mehdinin (775-785) hakimiyyəti dövründə mərkəzi hakimiyyətə qarşı etirazlar çoxalmağa başladı. Bu dəfə də hərəkatın mərkəzi Xorasan oldu.
Abbasilərə qarşı hərəkatın başında Müqənna dururdu, ona görə də üsyan Müqənna üsyanı adı ilə tanınır. Tarixçilər göstərir ki, hərəkatın başçısı Hakim oğlu Hamisin “Müqənna” adlandırılması iki ehtimalla bağlıdır: birincisi, üzünü ağ niqabla  ördüyündən ona “ağ örtüklü adam” – “müqənna” deyirdilər; ikincisi isə – Muqanna muq/muğ dini ilə bağlı təxəllüsdür. Yeri gəlmişkən, deyək ki, indi Azərbaycan, Xorasan, Xarəzm türkləri və farslar bunu “müqanna” yazır, tələffüz edirlər, ancaq bu söz ilkin variantda ərəbdilli qaynaqlarda yazılmışdır, ərəb dilində isə “ü” səslisi yoxdur, ərəbcə “muqanna”dır. Biz də sonuncu ehtimalı doğru sayırıq, çünki Muqanna hərəkatının ideoloji əsası maq (muq) dininə və Məzdək təliminə dayanırdı, həm də bu din hələ Azərbaycan, Xorasan, Xorəzm və Orta Asiyada öz gücünü saxlayırdı.
Bu hərəkatın hərəkətverici gücü Orta Asiya türkləri idi. 783-85-ci illərdə hərəkat yatırılsa da Abbasi xilafətinin qorxunc nüfuzunu sarsıtdı. Türklər, farslar, şiələr – Abbasilərin keçmiş müttəfiqləri və sonku düşmənləri fəallaşmağa başladılar. Mərkəzi hakimiyyətdə çaxnaşma başladı. 785-ci ildə hakimiyyətə gələn Hadi bir ildən artıq hakimiyyətdə qala bilmədi. Türklərin və farsların köməyi ilə hakimiyyəti ələ keçirən Harun Rəşid (786-809) keçmiş dehqan nəslindən olan Bərməkilərin təsirindən uzun müddət çıxa bilmədi.
Harun Rəşidin dövründə türklər və farslar fəallaşmağa başladılar. Xəlifə alayında türk əsgər və zabitlərinin sayı çoxaldı, xəlifənin bir qadını ərəb qızı, bir qadını fars qızı, bir qadını türk qızı idi. Xəlifə bununla formal olsa da (orta yüzillər diplomatiyasında qadın, bir növ, bağlayıcı, əlaqələrdə bir vasitə idi) özünün türk, ərəb və farsların ümumi xəlifəsi olduğunu göstərirdi.
Bəlli olduğu kimi, Harun Rəşidin ərəb qızından olan oğlu Əmin, fars qızından olan Məmun, türk qızı Çiçəkdən olan oğlu Mütəsim – hər üçü ard-arda xəlifə oldular.
Çox qəribədir ki, milli-etnik münasibətləri tarazlaşdırmaq istəyən və buna az-çox nail olan Harun öz doğma əmioğluları şiə imamlarına və başqa başçılarına münasibətini dəyişdirmədi, əksinə, daha qəddar davranıb şiələrin ozamankı imamı Musa Kazımı həbs etdirib uzun müddət həbsdə saxladı, əzab-əziyyətlər verdi, sonda vəziri Yəhya Bərməkinin əli ilə öldürtdü. Çox güman ki, burada Harunun bir məqsədi də pars əyanları ilə şiələrin arasını vurmaq, onları bir-birinin müdafiəsindən məhrum etmək olmuşdur, çünki Bərməkilər şiələrlə çox mehriban münasibətdə idilər. Bundan bir qədər sonra Harun Bərməkiləri vəzirlikdən uzaqlaşdırıb hamısını öldürtdü, o zaman da şiələr Bərməkiləri müdafiə etmədilər.
Bütün bunlara baxmayaraq imperiyada – Abbasilər xilafətində türk etnosu ilə fars etnosu ictimai, siyasi sahədə fəallaşırdı. Bu fəallıq xəlifə Məmunun hakimiyyəti dövründə (813-833) və ondan sonra daha da gücləndi.
Məmun xəlifəliyə çatmamışdan qabaq vəliəhd elan edilmiş, o zaman imperiyanın (xilafətin) ən həssas əyaləti olan Xorasana vali göndərilmişdi. Xorasandan başlayan hərəkat Əməviləri devirmiş, orada başlayan Muqənna hərəkatı Abbasilərə böyük zərbə vurmuşdu; həm Xorasan türkləri xilafəti tez-tez çıxılmaz hala düşürür, həm də Orta Asiya türkləri xilafət üçün ən qorxulu güc sayılırdı.
Burada Məmun özünə tabe alaylara türklərdən muzdlu döyüşçü toplayır. Orta Asiya şinşadları (türk əmir və əyalət hakimləri) ilə qarşılıqlı münasibət yaradır, bütün Türküstandan, Qıpçaqdan, Çindən, Hindistandan gələn karvan, ticarət yollarının Xorəzmdən Bağdada qədər hissəsinə nəzarət edirdi. Onun böyük qardaşı – xəlifə Əmin (809-813) atası Harunun vəziyyətini (Harun vəsiyyət etmişdi ki, o öləndən sonra Əmin, ondan sonra Məmun, ondan sonra Mütəsim xəlifə olmalıdır) pozaraq qardaşı Məmunu vəliəhdlikdən çıxarıb öz oğlunu hakimiyyətin varisi elan etdi. Məmun bunu qəbul etmədi və qardaşına qarşı qiyam qaldırdı. Bir sıra döyüşlərdən sonra Məmunun qoşunu qalib gəldi, onun alayları Bağdadı aldı, qardaşını öldürdülər, Məmun xəlifə oldu. Onun bu qələbəsində türk alayları önəmli rol oynadılar. Elə bundan sonra xilafət ordularına daha çox türk döyüşçü və qoşun başçıları toplamağa girişildi. Məmunun hakimiyyəti illərində türklərin orduda, farsların idarə işlərində mövqeləri artdı, saray qapıları farsların üzünə daha geniş açıldı.
Məmun sarayda “Hikmət evi” (“Darül-hikmə”) adında elm mərkəzi yaratmışdı. Bu elm mərkəzi islam-ərəb mədəniyyətində böyük bir intibahın yaranması nişanəsi idi. Burada türk, hind, fars, yəhudi, yunan dillərini, mədəniyyət, ədəbiyyat və fəlsəfəsini bilən alimlər, şairlər, filosof və məntiqçilər toplaşmışdı. Demək olar ki xilafət tarixində bu vaxtadək görünməmiş bir elmi azadfikirlilik üçün şərait yaranmışdı. Müxtəlif dillərdə olan din, tarix, ədəbiyyat və fəlsəfəyə aid əsərlər ərəb dilinə tərcümə edilirdi. Dövrünün azadfikirliliyi kimi qəbul edilmiş mütəzililik hakim ideologiya mövqeyi tutmuşdu.
Bunu da qeyd edək ki, hər hansı mövzuya, hər hansı alim və şairə qadağa, yasaq qoyulmamışdı; kim hansı mövzunu istəsəydi o mövzuda Hikmət evində mübahisə aça və öz mövqeyini müdafiə edə bilərdi. Bundan yana heç kimə inzibati hədə və ya cəza verilmirdi. İki misal göstərmək yetər.
  1. Xristian-filosof Yaqub Kindi (800-870) gənc yaşlarından Hikmət evinin yığıncaqlarında iştirak edər, xristian dinini başqa dinlərə qarşı qoyar və xristianlığa haqq qazandırardı. Bir gün o (otuz yaşında olarkən), islam din xadimlərinə qarşı belə bir məntiqlə çıxış etdi: Siz deyirsiniz ki, Allah Məhəmməd peyğəmbərə və islama tərəf olmuş, onları yüksəltmişdi. İndi isə Babək islam ordularını məğlub edir, qalib gəlir; deməli, Allah Babəkin tərəfindədir. Bəs onda siz niyə ona qarşı çıxırsınız? (Yəni bu, Allaha qarşı çıxmaq deyilmi?).
  2. Bir gün xəlifə Məmunun qardaşı İbrahim ona həcv yazan şair Xuzainin əlindən tutaraq darta-darta xəlifənin yanına apırır, ona həcv yazdığını söyləyir və şairə cəza tələb edir. Məmun Xuzaidən soruşur: Sən niyə belə edirsən, nə vaxt bu həcv yazmaqdan əl çəkəcəksən? Axı səni öldürərlər. Xuzai deyir: Mən tabutumu çiynimə alıb dolandırıram. Bir adam axtarıram ki, məni o tabutun içərisinə qoysun, o adam tapılmır. Bu sözə xəlifə gülərək qardaşına deyir: Səndən qabaq bu adam mənim özümə həcv yazıb, mən bir söz demədim. Burax başına.
Ondan sonra xəlifə əmr edir ki, Xuzaiyə pul verib yola salsınlar.
Hər hansı bir böyütməyə yol vermədən deyə bilərik ki, Məmun xilafəti islahatlar yolu ilə daha da mərkəzləşdirib onu yalnız ərəblərin deyil, həm də imperiyada yaşayan xalqların dövləti halına gətirməyə çalışırdı. Ancaq ictimai, siyasi münasibətlərin inkişafına cavab vermək Məmunun iradəsindən asılı deyildi. Artıq 788-ci ildə Mərakeşdə İdrisilər dövləti, 800-cü ildə Qüzey Afrikada Əğləbilər dövləti yaranmış, mərkəzdənqaçan qüvvələr güclənmiş, imperiyanın quzeyində və qərbində türklərin xilafət torpaqlarına hücumları çoxalmış, Azərbaycanda 810-cu ildən Xürrəmilər hərəkatı başlamış, 816-cı ildə hərəkatın başına Babək keçəndən sonra mübarizə daha da güclənmiş, xilafətə qarşı Azərbaycan xalq azadlıq müharibəsi baş vermişdi.
Yeri gəlmişkən, qeyd edək ki, azca fərqləri nəzərə almasaq manilik, məzdəkilik, muqənnalıq, xürrəmilik-babəkilik ideyaca bir-birinə o qədər yaxın idi ki, sanki bir-birinin davamı idi, xeyrin şərə, işığın qaranlığa qarşı mübarizəsi idi. Bu hərəkatların başçıları, iştirakçıları və tərəfdarları müqəddəs ruhun ölməzliyinə, insandan insana keçərək kamilləşdiyinə inanır, əsasən yoxsul təbəqələrin, maldar və əkinçilərin, sənətkarların mövqeyini müdafiə edirdilər ki, bunun da ideya əsasını Zərdüşt qoymuşdu. Bu hərəkatları buddizmə, brahmanizmə və s. din və təriqətlərə bağlayan tarixçilər böyük yanlışlığa yol verirlər.
Dediyimiz kimi, Məmunun dövründə fars məmurları dövlət işlərində, fars şair, alim və kahinləri, ümumiyyətlə, maq (muq) din xadimləri Hikmət evində əsaslı mövqe qazanmışdılar. Xəlifə hz. Ömərin rədd etdiyi “Xavadaynamak” yenidən ərəbcəyə tərcümə edilmiş, sarayda oxunan kitablar sırasına düşmüşdü. Doqquz cilddən ibarət “Zənd Akasiya” – “Dinkerd” elə bu vaxtlarda yazılmış, onun müəllifi Azər Fəribərq Hikmət evinin mübahisələrində fəal iştirak edən nüfuzlu alim və maq dininin ali ruhanisi kimi şöhrət qazanmışdı.
Zərdüştlük ədəbiyyatından sayılan iritutumlu “Bundaheş” əsəri də bu vaxtlar yazılmışdı. Bu əsər dünyanın yaranmasından, qədim mifik hökmdarlardan, Sasanlı şahlarının birincisindən sonuncusunadək həyat və fəaliyyətindən bəhs edirdi. Burada da dinlə mifik tarix, tarixləşdirilmiş mif bir-birinə qarışdırılmışdı. Hətta əsərdə “İrana dəymiş min-min ziyanlar” başlığı altında ayrıca bir fəsil də vardı. Bu əsərdə Sasanlı şahlarının hamısı təriflənir, onların əsil-nəsəblərindən haqda geniş bəhs edilir, sanki Sasanlı dövrü yenidən dirçəldilirdi.
Haqqında danışdığımız bu üç kitab – “Xavadaynamak”, “Dinkerd” və “Bundaheş” gələcək nəsr və nəzmlə yazılmış şahnamələrin əsas qaynaqları oldular.
Qur’anda hz. peyğəmbərin meraca getməsi [haqqında deyilənlər] maqlara da öz təsirini göstərmiş, bu dinin kahinlərindən biri bəhs etdiyimiz dövrdə “Ərdavirafnamə” əsərini yazaraq guya maq dininin müqəddəs şəxslərindən olan Ərdavirafın da hələ lap qədimlərdə məraca getdiyini sübut etməyə, maqlara aşılamağa çalışmışdı.
Bu iritutumlu əsərlərin yazılması, maq dininin yenidən dirçəldilməsinə təkidli cəhd göstərilməsi artıq fars şovinizminin fəaliyyəti deyil, farsların və ümumiyyətlə, maqların özünümüdafiəsi kimi qiymətləndirilməlidir, çünki şovinizm hakim xalqa məxsus olur, bu zaman isə farslar da, türklər də məhkum xalqlar sırasında idi. Farslar öz müqavimətlərini yalnız yazılı ədəbiyyat (ayrıca olaraq din və tarixə aid) vasitəsi ilə göstərirdilər. Bu kitablar onlarda şovinist ruhun qorunub saxlanılması, daha da gücləndirilməsi göz önünə alınaraq onlar təhlil və tədqiq edilməlidir.
Sanki yazılı ədəbiyyatdan başqa elə bir gücü olmayan bu əsərlər türklərə və türklüyə, islama qarşı son yetmiş ildə pəhləvilərin və fars şovinistlərinin əlində olan ən güclü silaha çevrildi. Bu kitablar XIX yüzildən bugünədək “mədəni ari” farsları, ya da ki, ümumiləşdirilmiş halda “ari hind-Avropalı” olan “irandilli” xalqları türklərə qarşı qoymaqda Avropa və Rusiyanın əlində amansız ideoloji silaha çevrildi. Axı hamı çox gözəl bilir ki, tarix elmi ideologiyaların əsaslarından və dayaqlarından biridir. Elə bununla bağlı olaraq bütün XVIII-XX yüzillərdə boyunca Avropa, sonra Rusiya və fars şovinizmi (ayrıca olaraq bu sonuncu ikisi XX yüzilin 50-80-ci illərində) yenə də öncə Osmanlı, Səfəvi, Əfşar-Nadir, Qacar, Böyük Moğol türk imperatorluqlarına, sonra da birgəlikdə türklərə və türklüyə amansız və intiqamçı hücuma keçərkən bu aşağıdakıları daha önə çəkərək qabarıq göstərir, əsas diqqəti (həm elmin, həm ideologiyanın, həm də Avropa və dünyanın diqqətini) bunlara yönəltmək üçün dəridən-qabıqdan çıxır, qızıl, gümüş və milyardlar xərcləyir, yüz minlərlə insan ağlını bunların üzərində çalışdırırdı:
  1. hindlilərin din, mədəniyyət, tarix və ədəbiyyatı;
  2. irandillilərin din, mədəniyyət, tarix və ədəbiyyatı;
  3. farsların din, mədəniyyət, tarix və ədəbiyyatı.

Bütün bunlar isə qondarma hind-Avropa “nəzəriyyəsi”nin kökünü təşkil etməli idi. Hind-Avropa “nəzəriyyəsi” də öz növbəsində ilk anda Avropaya Hindistan, Əfqanıstan, İran və Qafqaza yan durmaq, onları “barbar sami, türk-monqol və çinli təcavüz və təsirindən qurtarmaq və qorumaq” üçün haqq qazandırmağa xidmət etməliydi. İkinci mərhələdəsə [məqsəd beləydi] – bu ölkələr Avropa ilə bir bütövlük, birlik halına gələndən sonra dünyanı “hind-Avropalı” və “qeyri-hind-Avropalı” olmaqla iki yerə bölmək və hind-Avropa xalqlarının dünya ağalığını yaratmaq.
XVII yüzildən sürətlə dirçələn, böyüyən, inkişaf edən kapitalizm-imperializmin əlində ideoloji silah olan “hind-Avropa nəzəriyyəsi” tam 300 il Şərqlə Qərbi (Avropa ilə Asiyanı) üz-üzə qoydu, böyük qırğınlar, müharibələr törətdi, din, mədəniyyət, tarix və ədəbiyyatların qərəzli araşdırmaları elmi yanlış bir yola yönəltdi. Son 30 ildə avropalılar bu yanlış yoldan dönsələr də onların məktəblərini qurtarmış, yaxud Avropa elm (humanitar elmlər nəzərdə tutulur) məktəbinin təsiri (etkisi) altında olan onların Moskva, Peterburq, rus-sovet, fars, türk, hind, ərəb, yəhudi və s. həmkarları elmi saxtalaşdırmaqda davam edirlər.
* * *
Fars şovinizmi öz ideoloji hücumunu və təxribatını min illərlə sürdürmüşdür. Onun ən zəif vaxtı X-XVIII yüzillər olub. Bu o böyük zaman kəsiyinə təsadüf edir ki, həmən vaxtlar, demək olar ki, dünyanı türklər yönəldirdi.
Tarixdə türklərlə farslar qədər zaman-zaman bir-biri ilə  vuruşan, zaman-zaman barış içində bir yerdə yaşayan xalqlar bəlkə də yoxdur.
Abbasilər xilafətində Yaxın Doğulu türklərlə farslar oxşar duruma düşdüklərindən onların arasındakı rəqabət düşmənçilik ölçüsünə qalxmamışdı. Türklər qılıncları, farslar qələmləri ilə xilafətə xidmət etmişlər. Türklər tarixdə ad-san qazanmış, farslar farsizm yaratmış, onu özlərinin ideyasına çevirmişlər.
Harun Rəşidin dövründən Mütəsimədək (833-842) xilafətdə ərəblərdən sonra farslar ikinci yerə qalxmış, ara-sıra vəzirlikdən tutmuş bir sıra yüksək dövlət mənsəblərini əllərinə keçirə bilmişlər. Mütəsimin dövründə durum dəyişmişdir; farsların mövqeyinə elə bir ciddi zərbə dəyməsə də xilafət ordularının nüvəsini təşkil edən türklər mərkəzi hakimiyyətdə aparıcı rol oynamağa başlamışlar.
Tarixçilər 830-cu illərdən 940-cı illərə (945-ci ildə Büveyhilər Bağdadı tutanadək) qədərki dövrü xilafətdə “türk dövrü”, “türk nüfuzu dövrü” adlandırırlar. Bu dövrdə xilafətin – imperiyanın bölünməsi davam edir. Türklərin hakim olduğu bir sıra dövlətlər – Tulunoğulları, Samanoğulları, Sacoğulları, Salaroğulları, İxşidoğulları və başqa dövlətlər yaranır. Bütün xilafət tarixində bircə dəfə “sultan” titulu yaradılır və dini hakimiyyət xəlifədə qalır, siyasi hakimiyyət sultana verilir. Sultan türklərdən, daha çox hərbi qüvvələrin başçılarından təyin edilir. Gerçəkdə isə bu, xəlifənin təyinatı deyildi – hərbi-siyasi hakimiyyəti ələ alan türk komandanı xəlifəni məcbur edirdi ki, ona sultanlıq vermək üçün fərman imzalasın.
Xilafətin ərazilərində yaranan dövlətlərin yaradıcıları həmin ərazidə əmir amil (“əmir” – hərbi qüvvələrin başçısı, “amil” – mülki idarənin başçısı) vəzifəsinə birlikdə baxan canişinlər olurdu. Daha doğrusu bunlar hərbi feodallar idilər, mərkəzi hakimiyyətin zəifliyindən yararlanaraq hakimiyyətlərinin müstəqilliyini elan edirdilər.
“Bir ölkəyə kölə kimi gələn türklər çox çəkmir ki, ölkənin ağasına çevrilirlər” fikri bu dövr üçün xarakterikdir. Afşin, Böyük Buğa, Kiçik Buğa, Vasif, Atsız, Atamış, Bayıkbak, Yargüc (Yarqoç), Tulunoğulları, Sacoğulları, İxşidlilər, Samanlılar, daha kimlər xilafət ordusuna muzdlu, ya da kölə kimi gətirilmişdi. Çox çəkmədi ki, onlar xəlifələrin birini taxtdan salıb o birini oturdur, istədikləri anda da öldürür, ya da kor edirdilər. Bağdadın məşhur “kor xəlifələri” ifadəsi o zamandan yaranmışdır.
Göstərdiyimiz bu “türk dövründə” farslar demək olar ki, böyük çoxluqla müsəlmanlaşdılar. Onlar mövcud sünnü Abbasi hakimiyyətinə qarşı olan şiələrlə daha yaxın oldular və şiəlik farslar arasında geniş yayılmış təriqət oldu. 930-cu illərdə Deyləmin Büveyhi əmirləri ətraf əyalətləri işğal edərək Azərbaycanın güney əyalətini də öz hakimiyyətləri altına alıb 945-ci ildə Bağdadı tutdular və xəlifəni məcbur etdilər ki, siyasi hakimiyyəti – sultanlığı onlara versin. Bundan sonra türklər deyil, Dəyləmilər sultan oldu (945-1055).
Aşağı-yuxarı yüz on il Bağdadda sultanlıq edən Büveyhilərin dövründə ictimai-siyasi münasibətlərdə bir sıra önəmli dəyişmələr baş verdi. Bunlardan ən önəmlisi xilafət tarixində ilk dəfə hakimiyyətin sünnü Abbasilərlə şiə Büveyhilər arasında bölüşdürülməsi idi. Dini hakimiyyət Abbaslı xəlifələrin, dünyəvi hakimiyyət Büveyhi əmirlərinin – sültanlarının ixtiyarına keçdi.
Belə bir hadisə əvvəllər də başqa şəkildə baş vermiş və yarımçıq qalmışdı. Belə ki, xəlifə Məmun atası Harun Rəşidin vəsiyyətini (bu vəsiyyətə görə, Məmundan sonra onun qardaşı Mütəsim xəlifə olmalı idi) pozaraq şiələrin səkkizinci imamı – başçısı Əli Rizanı özünə vəliəhd elan etmiş və öz qızını ona ərə vermişdi. Hətta xilafətin paytaxtında və bir çox əyalətlərində Abbaslıların qara rəngli bayraqları endirilmiş, yerinə şiələrin yaşıl rəngli bayraqları qaldırılmışdı. Qəribə bir təzad yaranmışdı: xəlifə sünnü, vəliəhd – gələcək xəlifə şiə idi, hər ikisinə bir yerdə xütbə oxunurdu. Ancaq bu hal çox uzun sürmədi – bir neçə ildən sonra Məmunun özünün iştirakı ilə, imam Əli Riza zəhərlədilib öldürüldü. Məmun qardaşı Mütəsimi vəliəhd elan etdi. Bununla da məsələ bitmiş oldu.
Büveyhilərin sultanlığı dövründə sünnülərlə şiələrin şərikli hakimiyyəti yüz ildən çox davam etdi. Bunun nəticəsində xilafətin İraq da daxil olmaqla bütün doğusunda islam cəmiyyəti dərin parçalanma keçirdi. Sünnü-şiə ziddiyətləri böyüdü, bununla yanaşı, onu da qeyd etməliyik ki, Büveyhilərdən öncə Qüzey Afrikada Fatimilər şiə bayrağı altında dövlət yaratmış, Əğləbilər dövlətini süquta uğratmış, Fatimilər öz dövlətlərini “xilafət” elan etmiş, sonra 969-cu ildə Misri tutaraq Qahirə şəhərinin əsasını qoymuş, oranı yeni xilafətin paytaxtı etmişlər.
Büveyhilər xilafətin adını dəyişdirməyərək siyasi hakimiyyətlə qənaətləndilər. Onlar ara-sıra din işlərinə də müdaxilə edirdilər. Yenə də xilafət tarixində ilk dəfə olaraq Büveyhilərin müdaxiləsi nəticəsində əzanda və şəhadətdə “əşhədu ən la ilahə illəllah, əşhədu ənna Muhammədən rəsulullah”dan sonra “əşhədu ənna Əliyyən vəliyullah” oxunmağa başlandı. Yeri gəlmişkən, göstərək ki, əzanda və şəhadətdə “əşhədu ənna Əliyyən vəliyullah” Büveyhilərin hakimiyyəti devriləndən sonra ləğv, qadağan edildi, yalnız Şah İsmayılın şahlığı dövründə (1501-1524) onun göstərişi ilə yenidən əzana və şəhadətə salındı.
Büveyhilərin siyasətindən bu məna çıxırdı ki, xəlifələr hz. peyğəmbərin xələfləri – davamçılarıdır; onlar din rəhbəri olmalı, hz. Əli isə Allahın yer üzündə “valisi” – vilayət, hakimiyyət sahibidir, onun davamçıları – şiələrin başçısı siyasi, dünyəvi hakimiyyətə rəhbərlik etməlidir. Bu dövrü farsların, Azərbaycan türklərinin, iraqlıların, təbəristanlıların, deyləmlilərin, xorasanlıların daha çox şiələşmə dövrü kimi qiymətləndirmək olar. Maq dinini tamamilə itirən bu əyalət və ölkələrin xalqları şiəliyi özlərinə hakim sünnülüyə qarşı ideya dayağı seçdilər. İnsanların inancından daha çox siyasi maraqları bunu diktə edirdi.
Büveyhilərin siyasi hakimiyyəti xilafətin mərkəzində və əyalətlərində farsları şiəliyin öncül, aparıcı qüvvəsinə çevirdi. Daha doğrusu, farslar şiəliyi özlərinə yeni bir ideologiya kimi qəbul etdilər, ancaq öz keçmiş mifik maqçılıqlarından da tam əl çəkmədilər, yeri gəldikcə şiəliyi də ara-sıra mifikləşdirdilər, əfsanələşdirdilər, əsatirləşdirdilər, hətta əfsunlaşdırdılar. Şiəlik farsların əlində ərəb ağalığına qarşı bir siyasi alətə çevrildi. Ancaq bu silah özünü hər yerdə doğrultmurdu. Belə ki, farsların özləri uzun müddət bir neçə din və təriqətə bölünmüş halda qalırdılar. Onlardan bir qismi xristian, bir qismi maq [dininə tapınırdı], hətta yəhudi dininə inananlar vardı, sünni farslar da az deyildi. Tarixçilər birgə fikirdədirlər ki, şiəliyin fars xalqı arasında həlledici qələbəsi Səfəvilər imperiyası zamanında başa çatıbdır, yəni XVI yüzildə.
Bir həssas nöqtəni də qeyd edək ki, şiəlik Abbasilər imperiyasının mərkəzindən Xorəzmədək ərazidə XII yüzilədək din-təriqət məfkurəsindən daha çox ictimai-siyasi, sosial ədalət uğrunda mübarizədə dini örtük xarakteri daşımış, XII yüzildən dini ideya kimi təkmilləşmişdi. Ozamandan şiəlik sufiliklə daha çox çuğlaşmış, dini-fəlsəfi mahiyyət qazanmışdır.
VII-XVI yüzillərdə sünnü-şiə ixtilafı nəticəsində fərq qoyulmadan ərəblə ərəb, farsla fars, türklə türk bir-birini qırırdı. XVI yüzildən sonra bu qırğın əsasən türklər arasında gedirdi. Buna da Səfəvi imperiyası əsas qızışdırıcı faktor olsa da Osmanlı imperatorluğu və özbək xanları da onlardan geri qalmır, sünnü-şiə ixtilafından hər biri öz hakimiyyət ehtiraslarından ötrü istədikləri yozumda istifadə edirdilər. Tam inamla və yəqinliklə deyirik ki, XVI-XIX yüzillərdə sünnü-şiə didişmələri, çeynəşmələri nəticəsində yalnız və yalnız türklər bir-birinə saldırmış, türklər bir-birini qırmış, birgəlikdə türk milləti fəlakətlərə düşmüş, gücünü yıpratmış, gücsüz duruma düşmüş, sonucda düşmənlərinə yem olmuşdur. Bunda isə fars şovinizmi, Britaniya, Fransa, Rusiya imperatorluqları, Venetsiya, Genuya, ərəb dövlətləri əsas qızışdırıcı, törədici fəaliyyət göstərmiş, hərəsi öz istəyincə faydalanmışdı. Ona görə də türklər bu gün onu parçalayan, bir-birinə düşmən edən sünnü-şiə ixtilafına yol verməməli, onu içdən və dışdan körükləyənlərə zamanında cavab verməli, ali milli və demokratik şüuru ortaya qoyub, bütün gücünü birlik və bərabərliyi sağlam təməllər üzərində qurmağa yönəltməlidir.

Bundan öncə göstərmişdik ki, 945-955-ci illərdə Büveyhilər dövründə Deyləmdə, Xorasanda, Farsda, Azərbaycanın güneyində, İraqda şiəlik canlanmağa, yenidən dirçəlib yayılmağa başlamışdı. Əsl həqiqətdə də Abbasi xilafətinin hakimiyyəti də yalnız bu ölkələr üzərində qalmışdı, ictimai-siyasi, iqtisadi, elmi münasibətlər Azərbaycan-Parsa-Xorasan-Xorəzm xəttində mərkəzləşirdi. Buna görə də Abbasi-Bağdad xilafətində ərəb etnosunun nüfuzu sıfra enmiş, həlledici mövqe türk və fars etnosunun əlinə keçmişdi. Bununla yanaşı, ərəb dili artıq türk və fars dillərini bir küncə sıxmış, inkişaf edərək o dövrün beynəlxalq dili olmuşdu. VIII-X yüzillərdə ərəbdilli türk və fars poeziyası, ədəbiyyatı yaranmış əslən fars olan ədib, şair, alim və din xadimləri ərəbcə yazıb-yaratmışlar. Büveyhilər hakimiyyətə gələndən bir qədər sonra farsdilli ədəbiyyat yaranmağa başladı. Bu dövrəcən pəhləvi dilində yazan parslar bundan sonra farsca (ya da dəricə) yazan farslara çevrildilər. Ancaq XII yüzilədək hələ də maq (muq) ibadət evlərində pəhləvicə kitablar yazılırdı.
X yüzilin ortalarından fars dilində ilk poeziya və bədii nəşr nümunələri yaranır. X yüzilin sonu XI yüzilin birinci rübündə fars dilində Firdovsinin yazdığı “Şahnamə” yeni fars dilinin ilkin ən böyük abidəsidir. Araşdırıcıların fikrinə görə, 90 il yaşamış Firdovsi bu əsəri otuz ilə yazmışdır. Əvvəlcə dediyimiz kimi, bu əsər yalnız Firdovsinin əməyinin nəticəsi deyil. “Şahnamə”nin başlanğcında Firdovsinin özünün etirafına görə onun əlinə ayrı-ayrı beş müəllifin “Şahnamə”ləri yetişmişdi, hətta onların biri pəhləvicə yazılmışdı. Bunları göstərməkdə məqsədimiz bu fikri bir daha vurğulamaqdır ki, Firdovsinin “Şahnamə”si bir neçə yüz il boyu onlarla pars şair, əfsanəçi (əsatirçi), kahin və ravilərinin əsərlərinin böyük bir ustalıqla sintezli toplusudur və deyə bilərik ki, Firdovsiyədək fars ruhunun, mənliyinin, həyat idealının min illik daşıyıcısı, güzgüsüdür. Bu “bir neçə yüz ilə yaranmış kitab” farsizm (panfarsizm) və iranofilizmin (paniranizmin) təməli və əvəzedilməz abidəsidir.
Firdovsinin “Şahnamə”si yüz illərlə davam edən kollektiv əməyin məhsuludur. Onun dünya bədii ədəbiyyatında önəmli yeri vardır və bütün dünyada tanınmış bir ədəbiyyat abidəsidir. Onu da qeyd edək ki, bütün dünya xalqlarının ədəbiyyatı belə bir yaradıcılıq yolu keçmiş, hər xalq zaman-zaman inandığı əski əsatirləri, mifləri dastanlaşdırmış, sonralar bu dastanları yazıya keçirmiş, kitab halına salmışdır. Bu cür dastan abidələri bəşər mədəniyyətinin ölməz inciləri sayılır, hər bir xalq həmən abidələrdən haqlı olaraq qürur duyur. Fars xalqının da “Şahnamə” ilə fəxr etməyə haqqı vardır. Baxmayaraq ki, “Şahnamə”nin müəllifi vardır, ancaq bu abidəni fars xalqının yaradıcılığı kimi qiymətləndirmək lazımdır.
Biz də bu abidəyə bir ədəbiyyat və mədəniyyət nümunəsi kimi hörmətlə yanaşırıq, ancaq bəla burasındadır ki, bir sıra panfarsist və paniranist Avropa, Peterburq, Moskva, Tehran, Bakı və Düşənbə alimləri daha çox son 60 ildə bu “Şahnamə”ni biliklər dəryası”, “kitabların şahı”, “okean”, “aysberq”, daha nə, daha nə kimi, ən qorxulusu isə “qiymətli, əvəzedilməz tarixi mənbə” kimi qiymətləndirib tərif və təbliğ edirlər və fars şovinizmi bu əsərdən bir silah kimi istifalə edərək xüsusən də savadsız və azsavadlı İran camaatı arasında insanların düşüncəsini şovinizm zəhəri ilə zəhərləyir, “şahpərəstlik” məfkurəsi cəmiyyətdə bir ideala çevrilir və diktatura üçün əsaslı zəmin yaradır. Cəmiyyət diktatorlar doğur, diktator arzulayan və doğan cəmiyyət öz-özünü iflic edir! Elə bunun sonucunda da “İran” adlanan “qeyri-müəyyən hüdudlu” bir yerdə və ya ərazidə hökmranlıq edən şahlar sanki “diktator” sözü yetmirmiş kimi “despot” adı ilə anılmışlar.
Elə bu gün də “İran”da despotizmin müəyyən yönləri qalmaqdadır. Buna görə də “İran”da insanlar min illərdir ki, “ədalətli şah” axtarır, tapa bilmir ki, bilmir. “Despot nədir, kimdir?” sualına dünya həmişə İran şahlarını ən tutarlı nümunə göstərmişdir. F.Engelsin Rusiya haqqında belə bir fikri vardır: “İngilislər orta çağlarda parlament məclis uğrunda mübarizə aparırdılarsa Rusiyada XIX yüzildə ədalətli çar axtarırdılar”. Engels bunu Rusiyanın geridə qalmasına bir misal olaraq göstərmişdi. Bu fikri eynilə indiki bir sıra Asiya, Afrika ölkələri üçün, o cümlədən “İran” üçün söyləmək olar. Ancaq İran cəmiyyəti ədalətli şah axtardığı, ara-sıra məclisə də baş vurduğu halda fars şovinizmi öz ağalığını qoruyub saxlamaq, türkləri, bəlucları, kürdləri, ərəbləri, hətta fars xalqının özünü əzab və işgəncələr altında tutaraq harın-qarın həyat sürmək üçün diktator, despot axtarır. Onun bu arzusunu, daha doğrusu, idealını bir müddət Pəhləvilər təmin etdilər.
Elə bir zaman gəldi ki, Pəhləvilər də fars şovinizminin idealının müəyyən tələblərinə cavab verə bilmədi; dünyavi hakimiyyət Pəhləvilərdə olsa da dini hakimiyyət onların əlindən çıxmışdı. Fars şovinizmi çevik bir manevr etdi – dini və dünyəvi hakimiyyəti bir əldə toplayan “imamlıq quruluşu” yaradıldı. Dini və dünyəvi (siyasi) hakimiyyət “imam” Xomeyninin əlində cəmləşdi. O, hakimi-mütləq oldu, şahpərəstlik imampərəstliklə əvəz edildi. Şiə təriqətinin, ayrıca olaraq da on iki imamlığın (isna aşariyyə) Cəfəriyyə məzhəbinin tarixində görünməmiş bir ziddiyyət, Avropa termini ilə desək paradoks yaranır; təriqətin təliminə görə, onikinci imam sağdır, qeybdədir, nə vaxtsa zühur edəcək, haqqı bərpa edəcəkdir, ona görə bundan sonra kimsə imam  ola bilməz. Onikinci imamın yerdə, insanlar arasında köməkçisi imam naibləri, müctəhidlər (tələffüzdə: müşdəyitlər) imamın yolunu yürüdənlərdir. Düz min yüz iyirmi ildir ki (yəni on ikinci imam Məhəmməd Mehdi 877-ci ildə qeyb olandan), on iki imamilər bu əqidəyə sadiq qalmışlar. Ancaq “İran”da şiəlik birdən-birə sanki uğursuzmu, uğurlumu bir çevriliş etdi və Xomeyni “imam” elan edildi.
Fars şovinizmi şiə təriqətinin ehkamlarını təpikləri altına aldı. On iki imamçıların təliminə və inancına görə, imamlıq yalnız və yalnız ata imamdan oğula irsən keçməlidir. Onikinci imam qeybdədir, özü qeyb olanda uşaq idi, evlənməmişdi, övladı yoxdur, həm də sağdır və qeybdədir. Deməli, ona imamlıqda varis ola bilməz. Bəs onda Xomeyni haradan “imam” oldu? Bəzi din xadimləri və ya din alimləri deyirlər ki, Xomeyniyə aid edilən imamlıq əslində yeni dini rəhbər deməkdir. Xeyr, yox, cənablar, bəsdir bu yazıq “İran” camaatını çaşdırıb ələ saldınız! Şiəlikdə “imam” sözünün ərəb dilində siz deyən kimi “başçı”, “qabaqda, öndə duran”, “komandan”, “qabaqcıl”, “rəhbər” mənaları deyil, yalnız bir mənası qəbul edilir ki, onun da izahı qısaca belədir: imam hz. peyğəmbərdən sonra islam ümmətinin qanuni (şər’i) dini və dünyavi rəhbəridir. Tanrının bəyənişi ilə olur. İmam Əlidən başqa, bütün imamların cəddi-babası hz. peyğəmbərdir və ona görə də imamlar peyğəmbərin qızı imam Əlinin xanımı Fatimənin övladları olmalıdır. (On iki imamçılar hz. Əlinin başqa xanımından olan oğlu Məhəmməd Hənəfini, məhz bu fikri əsas almaqla imam qəbul etmirlər).
Onikinci İmam Məhəmməd Mehdi daim var olduğu və bəlkə də qiyamət günü zühur edəcəyi üçün kimsə imaməti mənimsəyə və varis ola bilməz. Bəs necə olmuşdur ki, “İran”da imamlar zühur edir və hətta birisinə “imamül-əzəm” (“böyük imam”, hərfən: “əzəmətli imam”) adı da verilir? Hay səni, farsizm! Min illərdir nə qalmadı bu xamlaşdırdığın müsəlmanların başına gətirməmiş olasan?!
Bu gün fars şovinist elitası əsasən iki yerə bölünüb: imampərəstlər və şahpərəstlər. İslam dini qəbul ediləndən bugünə kimi fars elitası şahla (şah, xəlifə, sultan və s.) imam arasında manevr etmişdir. Səfəvilər dövründəki çox maraqlı bir hadisə buna misaldır. Əsasən dini inancı, ayrıca da şiəlik təriqətini üstün tutan Şah İsmayılın dövründə (1501-1524) türk elitası – ayrı-ayrı tayfa elitası bir araya gətirilir və “qızılbaş” adlanır, yəni on iki imam yolunda mübarizlər, ya da imamsevərlər.
Şah İsmayıldan 63 il sonra hakimiyyətə gələn nəvəsi Şah Abbas (1587-1629) farsların təsiri altında olduğundan türk elitasını öz ətrafından uzaqlaşdırmış, qızılbaşları tam qırağa qoymuş, qızılbaşların bir hissəsi ilə yenə də başqa türk tayfa gəncləri və elitasını birləşdirərək yeni hərbi-feodal birliyi yaratmış və onun adını “şahvesənlər” qoymuşdu.
Bir daha təkrar etməyi gərəkli bilirəm ki, fars şovinizminin, farsizmin, paniranizmin təsirinə ən çox düşən və onlara ən çox xidmət edən və onların qurbanı olan biz Azərbaycan türkləriyik!
* * *
İndi yenə də “Şahnamə”nin əsasında miflərin tarixləşdirilməsi və “İran” şahlarının mifləşdirilməsi, farsların şahsevənliyinin bəzi xətlərinə göz yetirək.
Firdovsinin yetkinləşib “Şahnamə”ni yazdığı dövrdə dediyimiz kimi, Büveyhilər Bağdadda siyasi hakimiyyətin başçısı – sultan oldular, xilafətin ucqar doğusunda – Güney Türküstanda X yüzilin 60-cı illərində Qəznəvilər dövləti yarandı. Bu dövlət də Abbasilərin dini hakimiyyətini qəbul edib xilafəti ali hakimiyyət kimi tanıdığı (bu, formal xatakter daşıyırdı) halda tam müstəqil türk dövləti idi və Büveyhiləri tanımır, onlara qarşı mübarizə aparırdı. Dövlətin banisi Alptəkin (962-963), onu formalaşdıran Səbuktəkin (977-997) olmuşlar. 998-ci ildə hakimiyyətə keçən Sultan Mahmud Qəznəvinin (998-1030) hakimiyyəti dövründə Qəznəvilər Əfqanıstan, Xorəzm, Xorasan, Quzey Hindistan və Orta Asiyanın bir sıra vilayətlərini işğal etdilər. Bundan sonra qəribə bir hadisə baş verdi – sonuncu Büveyhi sultanları sünniliyi qəbul etdilər.
Sultan Mahmud qatı sünnü təəssübkeşi idi, hətta Qərmətilərə qarşı dözümsüz olduğu halda şiə Firdovsiyə mehribanlıq göstərib onu saraya aldı və “Şahnamə”ni yazmağı tapşırdı.
Firdovsi hələ saraya getməmişdən öncə ona öz yazdıqlarını da verərək hər cür yardım edən adamı belə xatırlayır:

          Deyirdi: Yazarsan “Şahnamə”ni,
          Çalış, şahlara çatdır o töhfəni.

Ancaq Firdovsi hələ ki, bu əsəri yazmır. Sultan Mahmud, sarayına şairlər toplayır. Biruni kimi dahi bir alim də sultanın sevgisini qazanıb onun səxavəti ilə böyük elmi araşdırmalar aparır, rəsədxana yaradır. Sultan həmən dövrdə artıq şöhrət tapmış İbn Sinanı da axtartdırıb saraya aparmaq istəyir, ancaq nədənsə, İbn Sina imtina edib Qəznəvilər dövlətinin ərazisindən çıxır. Onu təqib etdikcə Fars əyalətinə, oradan da Azərbaycana – Həmədana gəlir.
Mahmud Qəznəvi tarixdə elmin, alimlərin, şairlərin, mədəniyyət xadimlərinin hamisi kimi tanınır. Biliyə çox böyük qiymət verib ona qızıl xərcləyən Mahmudun özü yüksək savadlı bir hökmdardı, yaxın qohum və övladları o dövrün yüksək təhsilinə yiyələnmişdilər, bacısı Qur’anı əzbər bilirdi. Mahmud Qəznəvinin elmə, mədəniyyətə, ədəbiyyata olan rəğbəti və sevgisi, görünür, Firdovsini “Şahnamə”ni yazmağa daha da həvəsləndirir.

          Dedim: – İndi artıq, olar söz demək.
 
Şair:
          Mən indi bir ölməz əsər başlaram,
          Ürəkdən böyük şahı alqışlaram –

deyə “Sultan Mahmudun vəsfinə” keçir və vəsfdən sonra birbaşa “Kəyumərs” başlığı altında “dünyanın ilk şahı, həm də şahənşahı (padşahı)” Keyumersdən danışır və Firdovsinin sərsəm uydurmalar üzərində qurduğu “Şahnamə” belə başlayır:

          Ata söyləmiş oğluna bir xəbər,
          Gəzir dilləri, keçsə də əsrlər.

Belə qəbul edək ki, Firdovsi onun dövründə farslar arasında yaşayan, özü demişkən, “dilləri gəzən” bir dastan, ya da nağıl eşitmişdir. Ancaq Firdovsi onu necə tarixləşdirir və həmən beytin dalınca yazır:

          Cahanda kim ilkin olub hökmdar,
          Böyüklər ona göstərib etibar?
          Qədim dövr tarixini izləyən,
          Böyük şahlar haqqında dastan deyən
          Demiş: -Şah birinci Kəyumərs idi,
          Başa tac qoyub “padşaham” dedi.

Sonra “qədim dövr tarixini izləyən”in dili ilə belə davam edir:

          Kəyumərs olunca cahanda ağa,
          Köçürdü büsatını yüksək dağa.
          Qoyub təxtinə dağ başında əsas,
          Düşündü: gərək el geyinsin libas
          Pələng ovladı, əldə etdi dəri,
          Geyindi zəri şah o gündən bəri
          Adamlar həvəs göstərib paltara
          Qənim oldular vəhşi heyvanlara
          Tapıldı geyim, sonra da el tamam
          Şikarın ətindən bişirdi təam.
          ……….
          Onu şah yaratmışdı pərvərdigar,
          Vardı üzündə şaha xas vüqar.

Firdovsinin cəfəngiyatından belə bəlli olur ki, “başa tac qoyub “padşaham” deyən Keyumers özü də, xalqı da hələ lüt ikən, paltar nə olduğunu bilmədikləri halda tac var imiş, xalq bir qanmaz sürüdür, onlara nə yeyib, nə geyməyi padişah öyrədir.
Mən tarixçi üçün “Şahnamə”ni oxumağı ən böyük əzab sayıram. Oxucu da soruşa bilər ki, özünü bu əzaba saldığın yetməz, bizi oraya niyə sürükləyirsən?
Əziz oxucu, birincisi, savadsız və az savadlı insanları aldanmağa qoymamaq, yalanların-palanların ayaq tutub yeriməsinin qarşısını almaq, insanlara gerçəkliyi çatdırmaq alimlərin ilk növbədə öz vicdanları və Tanrı qarşısında borcudur.
İkincisi, yalanlar gerçəklik adıyla meydan oxuyanda insanlar bəlaya düçar olurlar. Miflər, əfsanələr, əsatirlər, nağıllar da gerçək tarix adından danışanda yalançı, küt, avara, lovğa, gopçu, daha qorxulu, cahil bir toplum yaranır. Hz. Məhəmməd (s.ə.s.) islamdan qabaqkı dövrü Ərəbistanın “cahiliyyə” dövrü adlandırmış və bunu da demişdir ki, “müsəlmanın da cahilindən qorunun!”. Böyük türk filosofu (sufi), arifi, Şeyxlər şeyxi Ömər Sührəverdi (1145-1234) “Əl-vəsayə” (“Vəsiyyətlər”) adlı əsərində oğluna (eyni zamanda müridlərinə) müraciətlə yazır: “Ey oğul, sufilərin cahilindən olma!”. Belə peyğəmbərlər, dahilər cahillərdən dad-aman etmişlər.
Üçüncüsü, mütləq monarx, mütləq hakim-şah, şahənşah, kral və s. quruluşu daim diktator və despotlar doğurur. Mütləq hökmdarı tərifləyə-tərifləyə, yarımallah dərəcəsinə qaldıra-qaldıra ədalətli şah, kral axtarmaq qədər sərsəm düşüncə ola bilməz. Ziddiyyətlər ziddiyyəti, paradokslar paradoksu – ədalətli diktator axtaran toplum! Bu düşüncəyə tapınan toplum cahil toplum olur və bu toplumu hər zaman böyük faciələr gözləyir.
Dördüncüsü, uzun illər yaşadığım elmi, mədəni, ictimai mühitdə çox insan tələbə, ədəbiyyat və dəqiq elm üzrə alimlər, hətta memarlıq üzrə akademik, fizika üzrə doktor və bəzi şairlər Firdovsini “dünyanın da nəhəng dahi kimi qəbul etməsini” əsas götürərək onun “Şahnamə”sini az qala müqəddəs kitablar sırasında sayır, yazdıqlarını doğma kimi qəbul edir, mübahisə açan bizim kimilərə nifrət və hiddətlə baxırdılar və çox zaman deyirdilər “Firdovsi dünya tərəfindən qəbul edilmiş dahidir, bəs sən kimsən?”. Heç cür anlatmaq olmur ki, dahilər qərəzli olanda ən qorxulu insana çevrilirlər.
Beşincisi, sovet tarixşünaslıq elmində 30-cu illərdə Stalinin göstərişinə əsasən bir türk düşmənçiliyi başlamışdı. Yuxarıdan tapşırılmışdı ki, nə cür olursa-olsun sovet alimləri sübut etməlidir ki, sovet ərazisində ta əski çağlardan bugünədək türklər yaşamayıb, bu ərazidə yaşayan türklər sonradan türkləşiblər, onlar uzaq keçmişdə hind-Avropa xalqları olublar.
Elə bu tezis-göstərişlə bağlı Moskva alimləri son illərə qədər, daha doğrusu Sovet İttifaqı dağılana qədər saysız-hesabsız əsərlər yazaraq müxtəlif türk toplumlarını hind-Avropalı və monqoloidlərə aid etdilər, turanlıları isə “irandilli” kimi qələmə verdilər. Onlar buna qaynaq olaraq “Şahnamə”ni göstərir, oradakı bir parçanı misal çəkirdilər. Firdovsi yazır ki, İran şahı Fəridun dünyanı üç oğlu arasında böldü və İran hüdudlarından başlamış Çin də daxil olmaqla böyük bir əraziyə oğlu Tur’u şah təyin etdi, onun ölkəsi Turan oldu, özünə də “Turanşah” deyildi. Bəlli olduğu kimi, əsərdə bir qədər sonra İran-Turan müharibələri başlayır. Buna dayanan sovet alimləri sübut etməyə çalışırdılar ki, Tur İran şahının oğludur, deməli, turanlıların kökü iranlıdır və İrana qarşı çıxan turanlılar da irandilli arilərdir.
Hər hansı bir alimin buna qarşı çıxmağa, turanlıların kökcə türk olmasını söyləməyə haqqı yox idi. Bu fikirdə olanlara “pantürkist”, “turanist” adını qoyub həbs edirdilər. Hətta türkoloq rus alimi, akademik Qordlevskini bir neçə dəfə pantürkizmdə ittiham etmişlər, o. çox çətinliklə dostlarının köməyi sayəsində məhkəmədən canını qurtara bilmişdi.
Bir daha xatırladaq ki, “Şahnamə” və bu səpkili əsərlər yetkin toplum üçün qorxulu deyil. Yetkin toplum bu tip əsərlərə əfsanə, nağıl kimi baxır, bir növ, əyləncə sayır, ancaq yetkinləşməmiş, bitkinləşməmiş, gerçək elmə sarılmamış toplum üçün bu tip kitablar, “abidə”lər tiryəkdir.
Firdovsiyə görə (həm də farsizmə görə), Kəyumərsin tək oğlu Siyamək öldürülür, Siyaməkin də bir oğlu qalır, adı Huşəng, Kəyumərs öləndən sonra Huşəng şah olur. Huşəng:

          O gün ki qədəm qoydu şah təxtinə,
          Dedi: – Mən şaham, siz rəiyyət mənə,
          Mənə yeddi ölkə gətirmiş pənah,
          Mənəm aləmə hökm edən padişah.
          Böyük Tanrı yar oldu, çaldım zəfər,
          Cahan xalqı məndən ədalət görər.

Huşəngə yeddi iqlim, yəni bütün dünya tabe idi. O, tək Tanrı tanıyırdı, dünya xalqlarına ədalətini göstərir, bəşəriyyətə ilk dəfə odu kəşf edib, su arxları çəkdirməyi o öyrədib, qoyun, ulaq və inək saxlamağı insanlara o  başa salıb, insanları xəzlərlə o geyindirib və:

          Bütün xalqa azuqə çatsın deyə
          Özü başladı əkməyə, biçməyə.

Boyhaboy cəfəngiyat yığını! Ağlı sağlam oxucu deyə bilər ki, nə olsun – şairdi də, deyib, deyib; bilmirsən ki, Qur’anda yazılıb: “Şairlərə [müşrik və kafir şairlərə] gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar? [Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!] Və onlar etmədikləri şeyi deyirlər! [Onların dediklərinin əksəriyyəti yalandır!] (26-cı surə: “Şairlər”, ayə: 224, 225, 226).
Dönə-dönə deyirəm ki, “Şahnamə” yetkin oxucu, yetkin toplum üçün, sadəcə, əfsanə və nağıllar toplusudur. Ancaq savadsız, tarixdən xəbəri olmayan başqa sahənin alimi belə haradan bilsin ki, Huşəng özü də mifikdir, onun haqqında yazılanlar da mifdir? – axı “dahi”, “şairlər şairi”, “şairlər peyğəmbəri” Firdovsi Huşəng haqda deyir ki:

          Çalışdı, yaratdı, yedi, payladı,
          Köçüb getdi, tarixdə qaldı adı.

Bunu oxuyan, ya da eşidən lap deyək ki, akademik-fizik, akademik-filosof haradan bilsin ki, “dahi” Firdovsi yalan yazıbdır? Onlar belə qəbul edirlər ki, yəqin tarixdə “İran”ın bu adda hökmdarları olubdur, sadəcə, biz bilmirik.
“Şahnamə”ni oxuyarkən istər-istəməz öz-özünə düşünürsən: “Uşaqlar üçün padişah nağıllarıdır”. Huşəngin oğlu Təhmurəs şah olanda xalqa yundan geyim hazırlamağı öyrədir, xalça, palaz düzəldir, atı, eşşəyi ram edir, tazını, tulanı ilk dəfə əhliləşdirir, onlardan xeyir götürür, qırğını, şahini əl quşu edir, toyuğu, xoruzu xalqa verir və deyir: “Toyuq saxlayan xalqın artar varı”. Bəşər üçün vəşhi heyvanları ilk dəfə əhliləşdirən şah Tehmurəs:

          Elə xeyirxah oldu ki, hökmdar
          Büründü xuda nuruna aşikar.
          Gedib tutdu əfsunla Əhriməni,
          Minib at kimi hiyləgər düşməni,
          Belinə yəhər qoydu xeyli zaman,
          Çapıb dördnala aləmi hökmran.

Buradan göründüyü təki, [Təhmurəs] “Allah nuruna aşikar bürünmüş”, ilahi güclə çuğlaşmış, bir peyğəmbərə çevrilmişdi. Yaxud islam peyğəmbərinə və birinci imama (“Onlar bir Allah nurundan yaranmış iki qövsdür”, yaxud “Hər ikisi Allah tərəfindən ilahi nura qərq edilmişlərdir”) Tanrı verdiyini çox-çox uzaq keçmişdə fars hökmdarı Tehmurəsə vermişdi. Tehmurəs də bundan güc alır, əfsunu güclənir və “əfsunla Əhriməni (bir az Şeytana oxşar, ancaq ondan da güclü şər qüvvəni) tutur və minir”, o, divləri əsir alır, onlardan yazı və bilik öyrənir, divlər ona otuz dil, o cümlədən ərəb, pəhləvi, Soğd, Çin, Rum, dəri dillərini öyrədir.

          Çatınca əcəl, köçdü, getdi o da,
          Yaşar zəhmətinin barı dünyada. (?)

Yalana və tanıdığın yalançıya sual verməyin özü gülüncdür. ancaq özünü saxlaya bilməyib sormaq istəyirsən: “Əcəba, görəsən, “Kəyan təxti”nin yaradıcıları – bu parslar niyə öz doğma dilləri olan pəhləvicəni və dəricəni bilmirlərmiş və onları divlərdən öyrəniblər?”.
Firdovsinin özündən əvvəlki pars (pəhləvi) nağılçıları, dastançıları onunla birlikdə Təhmurəsdən sonra Kəyan taxtına oğlu Cəmşidi oturdurlar. Cəmşid, nə Cəmşid:

          Cahanda çəkildi şərəflə adı,
          Onunla Keyan təxti də parladı…
          Dedi: – Haqqın imdadı ilə bu dəm
          Sizin şahınız, həm də bir möbidəm…
          Dəmir oldu tədbiri ilə xəmir,
          Dəbilqə, zireh, sinəbənd, bir də tir1
          Qılınc, nizə, zubin2, möhkəm sipər
          Qalıbdır cahanda o şahdan əsər.
          Bu işdə əmək sərf edib əlli il,
          Nələr kəşf edib – xalqa pünhan deyil.

1 Ox – red.
2 Zirehli paltar – red.
Bəlli olur ki, parsların axtardığı, arzuladığı hakimi-mütləq (həm şahənşah, həm də eyni zamanda möbidan-möbid titulunu daşıyan, siyasi hakimiyyətlə dini hakimiyyəti bir əldə toplayan adam) birinci Cəmşid olmuşdur. O, ibadətə həddən artıq meylli olan Katuziləri xalqdan ayırır:

          Ayırdı camaat içindən tamam,
          Dedi abidə: – Olmalı dağ məqam.
          İbadət edib xaliqə hər zaman,
          Ömür istəsinlər şaha Tanrıdan.

Yenə həmən təlim, həmən məslək: Tanrıya xidmətdən məqsəd “şaha ömür istəməkdir”, dini inanc bir vasitədir. Cəmşid uzun ömür sürür, daha nələri kəşf etmir – saymaqla qurtarmaz. Bütün müşkülləri həll edəndən sonra:

          Bütün işləri qurtarıb bu sayaq,
          O basdı göyə yerdən ayaq.
          Qayırtdırdı bir təxt Kəyan təxti tək,
          Ona verdi gövhərlər ilə bəzək.
          Alıb çiyninə div onu hər zaman,
          Göyə qaldırar, istərsə hökmran.
          O təxtin içində böyük hökmdar,
          Fəzada günəş tək tutardı qərar.

Cəmşid fars (parsa)  şahpərəstliyinin, şahçılığının ideal nümayəndəsidir. Cahil toplum belə bir ədalətli despot-mütləq hakim axtarır. Bu mütləq monarx-şahlar axı padişahdır, möbidlər möbididir, bir sıra varlıqların yaradıcısıdır, istədiyi vaxt göyə çəkilir, yarımallahdır.
Firdovsi Novruz bayramını da Cəmşidin adı ilə bağlayır və deyir:

          Belə şanlı bayram neçə əsr var
          Qalıbdır o şahdan bizə yadigar.

Yenə də mifik şah Novruz bayramı ilə əlaqələndirilib tarixləşdirilir. Elə buna görə də sovet tarixçiləri və ədəbiyyatçıları Cəmşidin adı gələndə çaş-baş qalır, belə yazırlar: “Cəmşid yarı əfsanəvi, yarı tarixi İran şahı”.
Bundan öncələrdə göstərmişdik ki, Parsa (yunanca: Persepolis) şəhərinin əsası I Daranın hakimiyyəti illərində qoyulub. Qədim farslar (parslar) bu şəhərə “Parsa” deyirdilər. IX-X yüzillikdə yeni farslar ona “Təxti-Cəmşid” adını verdilər. Firdovsi də bu şəhəri Cəmşidin adı ilə bağlayır və ona “Təxti-Cəmşid” deyir. Firdovsiyə [görə], bu şəhəri Musa peyğəmbərdən bir neçə min il qabaq şah olmuş Cəmşid tikdirmiş, o da bina tikməyi divlərdən öyrənmişdi və şəhərlərin salınmasında divlər də çalışmışdılar. (Firdovsi Musa peyğəmbərin adını burada birbaşa çəkmir).
Cəmşid yeddi yüz il ömür edir, ondan sonra Zöhhak min il padşahlıq edir. Sonra Fərudin, sonra Mənuçehr şah olur. Mənuçehr oğlu, həm də varisi Nuzərə deyir:

          Yeni hakimi gözlər indi cahan,
          O, Musadır, olmuş rəsuli-zaman.

“Şahnamə”dən tez-tez bəlli olur ki, Firdovsi tarixi və coğrafiyanı bilmirmiş. O, Musa peyğəmbər haqqında Mənuçehrin dili ilə deyir:

          Yaxınlarda baş qaldırar o, şərqdən,
          Ona pis göz ilə, çalış, baxma sən.
          Onun dini haqq dinidir, et qəbul,
          Nə peymanı varsa ona tabe ol!

Orta məktəb şagirdi də bilir ki, İsrail, Misir, Roma Fars ölkəsindən qərbdədir, şərqdə deyil. Firdovsi bu ölkələrə “şərq” deyir. Bu bir bənd şerdən ilk baxışda belə görünür ki, musaviliyin timsalında Firdovsi təktanrılığı təbliğ etmək istəyir. Əslində o, musaviliyin tarixi gerçəkliyindən yararlanaraq uydurmasının gözünə həqiqət qatıb fars padişahı Mənuçehri nəbi (“gələcəkdən xəbər verən”) – peyğəmbərlərə xas səciyyə daşıyan şah kimi qələmə verməyə ciddi cəhd göstərir, bununla da özünün düzəltdiyi nağıla tarix donu geydirməyə çalışır.
Firdovsiyə görə, Cəmşiddən sonra Keyan taxtına zalım Zöhhak sahib olur. O, ərəb hökmdarı idi, iranlıların xahişi və təzyiqi ilə onlara şah oldu. Çox geniş yayılmış bir əsatirə görə, onun hər çiynində bir ilan “bitmişdi”. O ilanları şah insan beyni ilə yemləyirdi. Hər gün iki gəncin başı kəsilir, beyinləri bişirilib ilanlara yedirilir. Firdovsi yazır ki, “iki şahzadə” – Ərmayıl və Kəmayıl sözü bir yerə qoyub:

          Dedilər: – Yadelli əlindən aman,
          Olub zülmdən xalqın halı yaman.

Onlar “yazıq xalqa bəlkə kömək göstərmək” üçün özlərini Zöhhaka “aşpaz” (aşbişirən) kimi təqdim edirlər. Zöhhak onları qəbul edir və ilanlara beyin bişirmək işi də onlara tapşırılır. “Bu iki xeyirxah odlana-odlana, əlləri varmadan” özlərinə qardaş bildiyi və şahın dərbarlarının mətbəxə gətirdiyi iki gənc yurddaşlarını alır, birinin başını kəsib beyninə bir qoyun beyni qatıb bişirir, obiri gənci buraxıb deyirdilər: şəhərdən uzaqlaş. Beləliklə, ilanlar insan və qoyun beyninin qatışığı ilə yemlənir və iki yüz gündə iki yüz gənc ölümdən qurtarır. Onların hər birinə bir neçə qoyun verib dağlara, çöllərə göndərirlər.
Dediyimiz kimi bu mif-nağıl çox dastan və hətta tarix kitablarında özünə yer tapıb, onu çox insan bilir və olsa-olsa zalımlığın, qəddarlığın ən iyrənc nümunəsini göstərən nağıl sayır. Ancaq Firdovsi bu mifi gerçəkləşdirmək üçün ona başqa nəticə vurur və həmən iki yüz gənc haqqında yazır:

          Gedib tutdular dağda onlar qərar,
          Şəhərdən uzaqda məkan saldılar.
          Bu kürdlər ki var, onların nəslidir,
          Bütün ömrü dağda keçir, bəllidir.

Şərhə ehtiyac yoxdur – “dahi”, “şairlər peyğəmbəri” Firdovsinin bir mifi bu üsulla “tarixləşdirməsi”nin savadsız, hətta azsavadlı toplum üçün necə zərərli və qorxulu olduğu göz qabağındadır.
Firdovsiyə görə. dünyaya padişah olan İran hökmdarlarından biri də Fəridundur. Ona da bütün Keyan nəslinə – şahlara, şahənşahlara, şahzadələrə və bu nəslin hər fərdinə Yaradandan ilahi nur, ilahi vergi verilmişdir. Bunlar yalnız Keyan nəslinə verildiyindən Firdovsi onu “fərri-Kəyan” adlandırır. Yaradıcıya xas fərri olan Fəridun dünyanı üç oğlu: Səlm, Tur və İrəc arasında bölüşdürür.
Bir çox zaman keçəndən sonra Fəridun qocalır, oğulları arasında mərkəzi İran hakimiyyəti uğrunda mübarizə başlayır və bununla da bitib tükənməyən İran-Turan müharibələri alovlanır. Bundan sonra “Şahnamə”nin əsas bir bölməsi “İran-Turan müharibələrinə həsr olunur. Turla Səlm [öz] qardaşları – İran şahı İrəci öldürürlər. Sonra İrəcin oğlu Mənuçehr [öz] əmiləri Turu və Səlmi öldürür və bütün dünyaya hakim olur.
Menuçehrin zamanında İranda Sam, Samın oğlu Zal, Zalın oğlu Rüstəm kimi “cahanpəhləvanlar” yetişir. İrana qələbə dalınca qələbə qazandırırlar. Zalı da mifik Simurq quşu uşaqlıqdan aparmış, böyütmüş, gətirib atasına vermişdi. Menuçehr öləndə oğlu Nuzərə nəsihət və vəsiyyət edir, Musa peyğəmbərin dünyaya gələcəyini söyləyəndən sonra deyir:

          Hücum eylər İrana türk ordusu,
          Onlar – tacü təxtin böyük qorxusu
          Çətin bir yolu getməyə hazır ol,
          Çalış, gah quzu, gah da qurd ol, oğul!

Daha sonra əlavə edir ki, türklər [səni] öldürərlər, buna görə də Samı, Zalı, Rüstəmi əziz tut ki, onlar sənə arxa durub düşmənlərini öldürsünlər.
Bundan sonra “Şahnamə”də iki aparıcı, yönəldici fəal gücdən daha tez-tez danışılır: cahanşahlar – Keyan nəsli, cahanpəhləvanlar – Sam nəsli. Müharibə meydanlarında Keyan nəsli əvvəlki tək fəal (məs., Cəmşid, Fəridun, Mənuçehr kimi) deyil. Bütün savaşlar, müharibələr Sam və onun nəsli tərəfindən aparılır. Şahlar onların məsləhətinə, hətta ara-sıra tələblərinə də əməl edirlər. Zalın oğlu Rüstəmin divlərə qarşı böyük bir savaşını çıxmaqla, qalan bütün savaş və müharibələr iranlılarla (bu iranlıların parslardan başqa da kimlərdən ibarət olduğu aydın deyil) turanlılar – türklər arasında gedir. Bu haqda bir az sonra.
Firdovsi əsərində zaman-zaman şahlığı müqəddəsləşdirir, şahları bütləşdirir. Cahanpəhləvan Sama “böyüklər deyir ki, cavan Nuzər zalımdır, ağlı azıb, yoldan çıxıb, sən isə İranı azad etmisən, taxta çıxıb bizə padişah ol”. O, bunun cavabında deyir ki, mən ölərəm, bu təklifi qəbul etmərəm, əgər Mənuçehrin oğlu deyil, qızı bu taxta-taca yiyələnsəydi belə özümü onun torpağına qoyar, onun xidmətində durardım. Siz bu fikrinizdən daşının, keçmişinizə dönün, padişaha bir daha baş əyib itaət edin:

          Sizi yoxsa əfv etməz Allahınız,
          Nə də mərhəmətli olar şahınız.
          Bu dünyada zülmü alovlandırar.
          O dünyada da od sizi yandırar.
          Böyüklər peşiman olub birbəbir,
          Dedilər ki, şah əmri Haqq əmridir.

Özünü təmiz etiqadlı, müsəlman-şiə sayan Firdovsi öz fikirlərini başqalarının adı ilə verir. Belə bir anda isə “siz padişaha baş əyib itaət etməsəniz Allahınız da sizi bağışlamaz, o dünyada od sizi yandırar, şah əmri Haqq əmridir” deyirsə heyrətlənməmək mümkün deyil, çünki bu cür baxış islam qayda-qanunlarına ziddir. Haqq Allahın gözəl adlarından və sifətlərindən biridir. Şahın əmrini Haqqın əmri sayan toplum xəstə və cahil toplumdur. Çox-çox yazıqlar olsun ki, min illərlə Batıda və Doğuda bu fikirlər hakim kəsilmiş, despotlar doğuran ictimai zəmini hazırlamışdır. Bu Doğuda daha uzun müddətli, daha çox sürəkli, daha qəddar olduğu üçün Şərq despotizmi” dünyada məşhurdur.
Nə yazıq ki, elə bu günlərimizdə də Avropada (Batıda) bir dənə də olsun diktatura və ya despotik quruluş olmadığı halda hələ də Asiyada (Doğuda, Şərqdə) despotlar, diktatorlar bir-biri ilə yarışırlar.
“Şahnamə” və ona bənzər, ya da onun təsiri altında olan, sanki bədii-tarixi, əslində isə bədii-əsatiri əsərlər Yaxın və Orta Doğu xalqlarının, ayrıca (özəl) olaraq türklərin və farsların zehniyyətinə çox-çox ağır təsir göstərmiş, birgə toplum düşüncəsini öz etkisi altında saxlamış, insanlar cahilcəsinə “şahpərəst”, “imampərəst”, “sultanpərəst”, hətta “çarpərəst” olmuşlar.
Bir daha qeyd edək ki, “Şahnamə”nin ən əsas motivlərindən biri də İran-Turan müharibələridir. Sasanlı hakimiyyət nümayəndələrinin ümumiləşdirilmiş surəti Keyxosrov, Turan-türk hökmdarlarınınkı Əfrasiyabdır. Araşdırıcı alimlər Əfrasiyab” adının tarixi şəxsiyyət olan Alp Ər Tunqanın adının təhrif edilmiş şəkli olduğunu söyləyirlər. Ancaq bir ehtimal da var ki, sonradan bu xüsusi isim ümumiləşmiş və bütün türk hökmdarlarına aid edilmişdir. Yəni Roma imperatorluğunun başçısına “qeysər”, İranınkına “şah”, ya da “şahənşah”, ərəblərinkinə “məlik”, ruslarınkına “çar” deyildiyi kimi türklərin hakimlərinə “əfrasiyab” deyiblər. Bu son fikir özünü bir sıra tarix kitablarında doğruldur. Təbəri, İbn əl-Əsir və başqaları “Əfrasiyab”ı bir ad kimi göstərdikləri kimi, ara-sıra “türk Əfrasiyab”, “türk Əfrasiyabı” şəklində də göstərirlər.

Nuzər şahın (Firdovsinin uydurduğu, qondarma İran-Parsa şahlarından biri) şahlığı zamanında İran-Turan savaşları yüksək həddə çatır. Turanın şahı “Peşəng”in yanında Turanın “iti pəncəli qəhrəmanı” Niysə və onun oğlu cahanpəhləvan Əfrasiyab durur. Əfrasiyab gəncdir, özünü də İran taxt-tacının həqiqi varislərindən biri sayır, ancaq iranlıları düşmən bilir, Fəridunu da öz ulu babası sayır. O deyir:

          Bilirlər ki, iranlılar hərməla,
          Bizim başımıza olublar bəla
          O şey ki, əmanət qoyubdur babam,
          Gərək düşmənindən alam intiqam.

Əfrasiyab savaşlarda İran ordularını darmadağın edir, Nuzer şah və bir neçə İran qəhrəmanı öldürülür:
          Qarabəxt idi çünki iranlılar,
          Döyüşdə zəfər çaldı turanlılar.
Şahənşahığın mərkəz iqamətgahı olan Parsa (Təxti-Cəmşid, Təxti-Cəm) fəth edilir. Əfrasiyab:
          Qovub atları tərləyə-tərləyə,
          Dehistandan o gəldi, çatdı Reyə,
          Kəyan tacını aldı, qoydu başa,
          İran təxti çatdı o qəlbi daşa.

Bundan sonra İranzəmində arabir barışla sonuclanan, uzun illər sürən müharibələr gedir, hər iki tərəfdən onlarca qəhrəman öldürülür. Bir sıra qəhrəmanlar qocalıb müharibə səhnələrindən uzaqlaşır.
“Şahnamə” bütün-bütününə İran-Turan müharibələri boyu türkləri qəhrəman, döyüşkən, cəngavər bir xalq kimi təsvir etsə də türkə düşmənçilik, farsa tükənməz istək və tərəfkeşlik üzərində qurulubdur. Əlli min beytdən artıq bir mənzum roman olan bu əsər açıq-aşkar türkə nifrət, farsa və onun təmsilçisi “şahlığa” sevgi və rəğbət yaratmaq məqsədi ilə yazılıb və fars şovinizminin anayasasına çevrilibdir.
Bununla yanaşı, “Şahnamə”nin ümumi ruhu islam məfkurəsi ilə ziddiyyət təşkil edir. Bir qədər əvvəl göstərmişdik ki, ikinci raşdin xəlifə Hz.Ömər “Xavadaynamak”ı ona görə rədd etmişdi ki, bu kitab islam ruhuna zidd idi. O kitabın və onun kimi kitabların əsasında yazılan “Şahnamə” də onlardan uzağa gedə bilmədi. Elə buna görə də türk şairi Dərbəndli Məhəmmədtağı Qumri (1819-1891) bir qəsidəsində Firdovsini tənqid edir. Burada həmin qəsidədən çıxarılmış bir neçə beyti göstərməklə məsələyə daha da aydınlıq gətirmək istərdik:
          Çox da fəxr eyləmə dürrü-nəzmüvə, ey Firdovsi,
          Süsəni-söz yerinə ləli-Bədəxşanı gətir…
          Ləşkərim yetmiş iki təşnə dilavərdi mənim,
          Sən özün cəm qılıb ləşkəri-İranı gətir.
          Arizu eyləmə hər beytüvə dinarü təla,
          Mən kimi beytüvə bir cənnəti rizvanı gətir.
          Heyf, zəhmət çəkibən bağlamısan “Şahnamə”,
          Onda vəsf eylədiyin Rüstəmi-dastanı gətir.
          Kimdi Rüstəm, nə Fəramürz, nə Söhrabü nə Giv,
          Bəlkə İsgəndər ilən Bəhmənü Daranı gətir…
          Harda var səndə mənim tək şərəfü cahü cəlal?
          Şiveyi-nəzidəgirəm, yədi-bəyzanı gətir.
          Rəhbərimdir iki dünyada Hüseyn ibni-Əli
          Ki, varın olsa sənin də belə mövlanı gətir.
 
Firdovsi “Şahnamə”nin başlarında “Peyğəmbərin vəsfi”ndə:
 
          Mənəm əhli-beytin qulu hər zaman,
          Onun vəsfidir hər qula imtahan –
desə də bütün həyatını uydurmalara, əfsanələrə həsr etmiş, özü əfsanələr, nağıllar uydurmuş, əslində ruhən islama zidd olan bir əsər yaratdığından həm də islam ruhanisi olan Qumri bunu görmüş və ona qarşı çıxmışdır.
Firdovsi də sonda ömrünün otuz ilini gerçək elmə deyil, uydurmalara, miflərə və özünün qondardığı nağıllara sərf etdiyini anlamış və dərindən peşman olmuşdur. Bunu Ərsan Ərel “Firdovsinin “Yusif-Züleyxa” əsəri – şovinist siyasətin tarix dustağı” (“Cümhuriyyət” qəzeti, AXC orqanı, 1993-cü il, sayı 33-34) adlı məqaləsində göstərmişdir: “Göründüyü kimi, fars alimləri gerçəklikdən uzaq olaraq Mahmud Xaqanla Firdovsi haqda deyilən bu yalan nağılı uydurmuşlar. Bu yalanları uydurmağın özü bu “alimlərə” Firdovsinin özündən miras qalıb. Firdovsi “Yusif-Züleyxa” əsərinin başlanğıcında “Şahnamə”ni özündən uydurub yazdığını boynuna alır, orada olan nağılları büsbütün yalan sayır:
          “Çeşidli nəzmlərdən bəzək vurdum.
          Bu nəzmlərdə öz istədiyimi yazdım.
          Əkdiyim toxumlardan peşman olmuşam.
          Ürəyimlə dilimi düyünləmişəm.
      Əfrasiyabla Keyxosrovun savaşından yazmaqla mənə nə qaldı?
          Boş yerə ömrü hədər verməyi harada, havaxt ağıl qəbul edər?
           İndi mənə dəlilik etmək yaraşmaz,
           Gərək alimlərin getdiyi yolla gedəm.
          Daha boş sözlər demərəm, bir də boş sözləri bir yerə toplamaram.
          Bütün nağıllar yalandır (“Şahnamə” nağılları),
          İki yüz o cür nağıl bir ovuc torpağa dəyməz.
          Mən o adları hiyləylə düşünərək uydurmuşam”.
Ərsan Ərel yazır: “Firdovsinin “Yusif-Züleyxa”da olan etirafları şovinistlərin tarixi təhriflərini heç etdiyinə görə onlar “Yusif-Züleyxa” əsərini tarix dustağı etdilər. Fars şovinist tarixçiləri “Şahnamə”dən bir elmi qaynaq kimi yararlandıqlarına görə bu əsərin varlığını danmağa çalışıblar“.
* * *
Uzun-uzadı bir tarix yolu gəlmiş fars şovinizmi böyük “ustalıqla” belə bir ehram (piramida) qurmuşdu: dünyanın başında İran durur, onun da başında Parsa (Fars əyaləti), Parsanın başında farslar, onların başında əyan şovinistlər, onların da başında ədalətli-müstəbid (despot) pars şahları durur və bu, həmişə belə olmalıdır.
Kimsənin gözləmədiyi bir halda inqilab şahlıq rejimini devirdi. İnqilabın lideri Xomeyni şahlıq rejimini lənətlədi, şahpərəst ədəbiyyatın yayılmasına, şahların tərənnümünə mənfi münasibət bəsləndi. Bu öz-özlüyündə parsizmə böyük zərbə oldu. İndi fars şovinizminin piramidası uçulub-dağılmaqdadır. Bu uçqunların altında qalan cahilləri Tanrı bağışlamayacaq!
Fars şovinizminin türk düşmənçiliyi də ifşa edilməkdədir. Ancaq çox-çox yazıqlar olsun ki, biz türklərin, ayrıca olaraq Azərbaycan türklərinin çox böyük bir toplusu hələ də panfarsizmin və paniranizmin zəhərli, tiryəkli təbliğatından qurtula bilməmişik.
Bundan qurtulmağın yolu azadlıqda və gerçək bilgidədir. Əsl mürşid gerçək bilgidir. Onun arxasınca qoşanlar uğur qazanırlar.
Zərdüşt peyğəmbər buyurur: “Həyata genişlik verən İsipəndərmüzün səyi nəticəsində Ordubehişt Turanlı Firyanın (Pirya) adlı-sanlı qohum-qardaşına və nəvə-nəticələrinə nəzər salacaq, o zaman Bəhmən onları qəbul edəcək və son gündə Ahuramazda onlara dinclik bağışlayacaqdır!” (“Avesta”, qatalar; Yasna, 46-cı xətt. “Uşteveydqat”, 12)
Uğur olsun, Turanlılar!
Ulu Tanrı, türkə “azğınların yolunu deyil”, “doğru düşüncə, doğru söz, doğru iş, doğru bilik” yolunu göstər!
Kələki, 18.10.1997



TÜRK DİLİ VƏ RUS İMPERİYA SİYASƏTİ

Standard

TÜRK DİLİ VƏ RUS İMPERİYA SİYASƏTİ

 

Türkün dili tək sevgili, ehsaslı dil olmaz!
M.H.Şəhriyar

Dahi İsmayıl bəy Qaspıralının (1851-1914) zamanın sınağından çıxmış “Dildə, fikirdə və işdə birlik” çağırışının dərin və ölməz mənasını bu gün biz türklər daha yaxından anlamağa başlamışıq. Anlamağa başladıq ki, dilbir olmayan millət tarixdə yüksələ bilməz, əksinə, zaman-zaman birliyini itirib dağılar, başqa millətlərin şikarına, sonra da quluna, köləsinə çevrilər. Rusiya imperiyasının türkə qarşı yüzillərlə yeritdiyi barbar və qanlı siyasəti cikindən-bikinədək bilən İsmayıl bəy gözəl başa düşürdu ki, Rusiya türk torpaqlarını tikə-tikə, loxma-loxma udaraq hər tikəyə və o tikədə yaşayan türkə, onun dilinə ayrı-ayrı ad qoymuş, “ayır-buyur” siyasətini həm barbar[lıqla], həm də ustacasına yerinə yetirməklə imperiyaların ən murdar klassik nümunəsinə çevrilmişdir. İsmayıl bəy sanki millətinə səslənmişdir: ey türk, ayıl, tərpən, özünə gəl və bil ki, dildə birliyin olmasa fikirdə birliyin olmayacaq, fikirdə birliyin olmasa işdə birliyin olmayacaq və məhv olacaqsan!

Deməli, türkün taleyi kökdən onun dilinə və dil birliyinə bağlıdır. Bəli, budur bütün türklərin həyat talelərinin məhvəri! Bunu, bütün zamanlar olmasa da, türkün bir sıra hakim və alimləri görmüş və bilmiş, bunu türkün ən qəddar düşməni rus imperiyası da görmüş, türkün dil birliyini pozmaq üçün hər cür siyasi, ideoloji, inzibati fırıldaqlar, təxribatlar, qətllər törətmişdir. Elə bu sonuncunun nəticələrindən biri də Azərbaycan türklərini “azərbaycanlı”, onların dilini də “Azərbaycan dili” adlandırmaq olub və XX yüzildə dilimizin və xalqımızın adı beş dəfə dəyişilib: 1) tatar dili – tatar; 2) türk dili – türk (1918-1938); 3) Azərbaycan dili – azərbaycanlı (1938-1992); 4) türk dili – türk (1992-1995); 5) Azərbaycan dili – azərbaycanlı (1995-ci ildən bugünədək).
Sözsüz ki, hər bir dil[in adı] onda danışan xalqın adı ilə bağlıdır. Türkün tarixi o qədər qədimdir ki, hələlik tarix elmi onun hansı tarixdən başlandığını tapa bilməyib. Belə bir müdrik elmi fikir vardır: coğrafiyada Yer kürəsinin qütblərinin haradan başlandığı bəlli olmadığı kimi, tarixdə də türkün tarixinin başlanğıcı və türkün ilk məskəni hələ bəlli deyil.
Burada balaca bir haşiyə çıxmağa məcburuq; belə ki, əsl tarixin haradan başladığı tam dəqiqləşməyibdir. Bu haqda çoxlu ayrı-ayrı fikirlər vardır. Biz onlardan bəzilərini göstərib sonra öz düşündüyümüzü qısaca qeyd edirik: XIX yüzildə Avropada xristiansevərlikdən belə bir ümumi fikir yaranmış və hakim kəsilmişdi ki, tarix İsa peyğəmbərin doğulduğu gündən başlayır, o vaxta qədərki dövr əsl tarix deyil, ona hazırlıq idi.
Sonralar belə bir fikir ortaya çıxdı ki, tarix mədəniyyətdən başlayır, daha doğrusu, çağdaş Avropa mədəniyyətinin özülü harada və nə vaxt yaranıbsa tarix də oradan və ovaxtdan başlayır. Alimlər, araşdırıcılar, avropamərkəzçilər məskən kimi Yunanıstanı və orada yaranmış antik elm və mədəniyyəti tarixin ilkini saymağa başladılar və bununla həmişə sübut etməyə çalışdılar ki, yalnız avropalılar mədəniyyət yaratdıqları üçün onlar mədənidirlər, dünyanın qalan hissəsini onlar mədəniləşdirə bilərlər, onları Avropa mədəniyyətinə qovuşdura bilərlər, bunun üçün də dünyanın qalan hissələrini nəinki işğal etməlidirlər, hətta bu, onların Allah və insanlıq qarşısında müqəddəs vəzifələridir. Məsələ çox aydın idi – tarix elmini işğalçılığın, qətl-qarətin, hegemonluğun alətinə, quluna çevirmək.
Daha sonra fransızlar Fransada Şel, Aşöl və Mustyö mağaralarını kəşf etdilər. Şelin tarixi 400 min ilə gedib dayandı və onu Şel mədəniyyəti, ondan sonrakıları tarix ardıcıllğına görə Aşöl mədəniyyətiMustyö mədəniyyəti adlandırdılar. Bununla bildirdilər ki, Fransa dünyanın ən qədim mədəniyyət ölkəsidir və tarix Fransadan başlayır. Əgər bu baxışla yanaşsaq yuxarıda sadalanan mədəniyyətlərin hər birini özünün müxtəlif təbəqələrində əks etdirən, onlardan daha qədim eksponatları olan Azərbaycandakı Azıx mağarası Azıx mədəniyyəti adlandırılmalıdır və buna dayanıb “tarix Azərbaycandan başlayır!” demək olar.
Məsələ burada deyil. Tanınmış alimlərdən Zenon Kasidovski Tövrat və İncilə dayanaraq onlardakı bir sıra mətnləri tarix elmində olan bir sıra məlumatlarla tutuşdurub tarixdə dinlərin qədimliyini və onların yönvericiliyini qabağa çəkdi. Hələ bundan qabaq Yaspers sübut etməyə çalışırdı ki, eradan qabaq VIII-V yüzillərdə – dinlərin mifə qalib gəldikləri dövrdən əsl tarixi dövr başladı.
İkiçayarası (Dəclə və Fərat) mədəniyyəti alimləri çoxdan özünə çəkirdi. Bu sahədə geniş araşdırmalar aparan və çoxlu gil lövhə yazılarını oxuyan S.Kramer araşdırmanın sonucunda belə bir fikrə gəldi ki, “tarix Şumerdən başlayır”, yəni beş min il bundan qabaq.
Bu cür bir-birinə qarşı olan ayrı-ayrı fikirlərdən çox sadalamaq olar. Türk, ərəb, yunan, Çin alimlərinin, filosoflarının tarixə aid ayrı-ayrı fikirləri var. Ancaq biz məsələyə baxışı bu cür açıqlaya bilərik:
  1. Əgər varlığın metatafizika və fizikadan ibarət olduğunu qəbul edirsək onda metatafizikanın tarixini bilmək biz insanların bacarığından qırağadır – biz ancaq fizikanı dərk etməyə qabil olduğumuzdan, tarix fizikanın yaranmasından başlayır.
  2. Əgər Tanrının varlığını qəbul edirsək yenə də Tanrının tarixini anlaya, təsəvvürə belə gətirə bilmədiyimiz üçün yalnız onun yaratdıqlarının tarixini öyrənə bilərik, bu şərtlə ki, mələklər, müxtəlif ruhlar və başqa dərkolunmazlar öyrənmək obyektinə çevrilmir, yenə də yalnız fizikanın yarandığı gündən tarix başlayır.
  3. Daha bir baxış da vardır: Yaranışın başlanğıcı QARANLIQ və İŞIQdır. Bu, bir neçə yerə ayrılır:

bullet

a) Qaranlıq və işıq birlikdədir, bir-birini tamamlayır.

bullet

b) Qaranlıq böyükdür, işıq kiçik, qaranlıq işığı yaradandır. İşığı ona görə yaratdı ki, qaranlıq özü dərk edilsin.

bullet

c) İşıq ilkin və əbədidir, yalnız o olmayan məkana qaranlıq gələ bilər. Bütün varlıq işıqdan törəmiş və törəyir. İşıq xeyrin, ədalətin, haqqın qaynağı, qaranlıq şərin, haqsızlığın törədicisidir.

bullet

ç) İşıq və qaranlıq vəhdətdə və mübarizədədir (əksliklərin vəhdəti və mübarizəsi qanunu).

bullet

d) İşıq həm metafizik, həm də fizik varlıqdır.

  1. Varlığın əzəli efirdir=buxardır=buğdur.
Bütün bu saydıqlarımız dünya xalqlarının, ayrıca olaraq türklərin inancında dövr edən yaradıcı gücün dərkinə yönəlik əsas fikirlərdir. Türk tarixinin fəlsəfəsi ən çox bu məfkurələr dairəsində mərkəzləşmişdir. Ancaq bir nöqtəyə daha diqqətli yanaşmalıyıq: bütün dinlərdə ilahiyyatşünaslıq var, ancaq dünya hələ də Tanrını qavramaqda tək bir fikrə gələ bilməmişdir. Ancaq Yerin, Günəşin və Günəş sistemində olan planetlərin hərəkəti, onların xassələri, bizi əhatə edən makro və mikromühitlər haqda bəşər övladı eyni, tək bir fikrə gəlmişdir. Deməli, sözün əsl mənasında tarixin başlanğıcı iki anın birindən götürülməlidir: əgər metatafizika (ya da dində Tanrı) fizikanı yaratmışsa onda metatafizikanın (Tanrının) yaradıcılığa başladığı andan; yox, əgər fizika özü fəallaşaraq, bir təkanla metafizikadan qoparaq yaranmışsa onda fizikanın hərəkətə başlama anından tarix başlayır. Hər iki anda da tarix fizikanın yaranması (ya da yaradılması olsun) ilə başlayır. Bu nöqtədən başlayan tarixi öyrənməkdə tarix elmi nə etmiş, necə etmiş və nə etməlidir, onu gələcəkdə nələr gözləyir?
“Nə etmiş, necə etmiş”ə ümumiləşdirici bir qarşılıq versək belə olar: tarix bilgisi insanlığın gəlişməsində, yüksəlişində ikincisiz bir rol oynamışdır. Tarix yaddaşı olmadan insan oğlu nə edib nə edəcəyini, haradan gəlib haraya gedəcəyini bilməzdi. Bu tarix yaddaşını qoruyub saxlayan əsas qaynaq tarix bilgisidir. Dünyanın böyük alimləri tarix elmindən çox danışmışlar, onları oxumaqla bu sorğumuza cavab tapa bilərsiniz, belə ki, bir-iki səhifə yazıyla ona cavab vermək olmaz.
Ancaq bir məsələni də göstərməliyəm ki, tarix elmi inkişaf etməkdə olsa da inkişaf mərhələsinə çatmamışdır. Daha doğrusu, tarix bilgisi başqa bilgilərin başarılarından gərəyincə yararlana bilməmişdir, nə yazıq ki, bu gün də yararlana bilmir. Məsələn, fiziklər maddələrin, kimyaçılar elementlərin, bioloqlar bitkilərin özünü, tərkibini və mənşəyini öyrəndikləri şəkildə tarixçilər ellərin, ulusların, xalq və etnosların, mədəniyyətlərin, dinlərin-inancların, dillərin tarixini, mənşə, törəmə və çulğaşma prinsiplərini öyrənə bilməmişlər. İtin, pişiyin, almanın, armudun, şam ağacının və dəvənin hansı ölkələrdən keçərək hansı ölkələrə yayıldığı və onların ilkin yurdlarının hara olduğu açıqlandığı halda, xalqların, toplumların, mədəniyyət və inancların mənşəyi və yerdəyişməsi hələ ki, çox qaranlıq qalmışdır. Mənə elə gəlir ki, bu, bir neçə amillə bağlıdır:
  1. Müasir dünya maddiliyə aludə olaraq (“pulu o yerə qoy ki, ondan artıq qazanasan” prinsipinə əsasən) elə bir maddi gəlir gətirməyən tarix elminin dünyəvi əhəmiyyətini yaddan çıxarıb, ona diqqətini azaltmışdır.
  2. Əvvəllər qızıl-gümüş tapmaq eşqi ilə arxeologiyaya qoyulan pul və ehtiraslar sönməkdədir.
  3. Elmi-texniki inqilab daha çox dəqiq elmlərə yönəldiyindən maddi varlıqlar və çoxlu insan zəkası da humanitar elmlərdən texniki elmlərə keçdi.
  4. Ümumiyyətlə, bütün tarix boyu, ayrıca da olaraq son üç-dörd yüzildə tarix elmindən siyasi, ideoloji münaqişələr məqsədi ilə ayrı-ayrı dövlətlər tərəfindən istifadə edildiyindən (kullanıldığından) tarixçilər arasında parçalanma, ciddi fikir ixtilafları yarandı, bundan ən çox itirən biz insanlar və tarix elmi oldu. Tarix elmini elmiliyindən uzaqlaşdırıb ondan siyasi-ideoloji məqsədlə istifadə etmək bəşəriyyətə, sağlam insan düşüncəsinə xəyanətdən başqa bir nəsnə deyildir! Bu sonuncu – 4-cü bənddə dediyimiz olmasaydı onda dəvənin, atın Amerikaya nə vaxt aparıldığını bilənlər onların kimlər tərəfindən, harada əhliləşdirilib aparıldığını da bilmiş və söyləmiş olardılar.
  5. Dünyanın bir yerində demək olar ki, qazılmamış, yəni arxeoloji qazıntı aparılmamış yer qalmadığı halda, başqa bir yerində bir-iki qəbiristanlıq və ya kurqan-təpədə qazıntı aparılmış (dediyimiz kimi, qızıl axtarmışlar), bunun ucbatından da ölkələrin və xalqların tarixi birtərəfli öyrənilmişdir.
Bu çatışmazlıqların sırasını artıqmaq da olar, ancaq buna ehtiyac duymuruq. Tarix elmi “nə etməli” vəziyyətindən necə çıxmalı, inkişaf startı götürməlidir?
  1. Hər bir elm öz tarixini və öyrəndiyi obyektin tarixini öyrənməkdədir və buna məcburdur, çünki bunsuz gərəyincə inkişaf edə bilməz. [Tarix elmi] bu elmlərin tarix baxımından öyrəndiklərini bir yerə toplamalı, onları vahid tarix elminin məlumat mənbəyinə gətirməlidir. Beləliklə, fizikanın tarixini dəqiq və texniki elmlərin öz çiyninə qoyaraq, ara-sıra onlara yardım edib tarixə baxış yolunu göstərməlidir.
  2. Bu birincinin fonunda və içində insanın – o böyük və bütün varlıqların, yarananların incisi İnsanın yaranışından bugünədək tarixini öyrənməli və öyrətməlidir.
İnsanlığın yaranış, yaşayış və gəlişməsində, dünənində, bugünündə türk insanı çox önəmli rol oynamışdır. Nə yazıq ki, türkün tarixi gərəyincə öyrənilmədiyi üçün onun dilinin tarixi də gərəyincə öyrənilməmiş, başqa-başqa yerlərdə türk dilinə hər ötən kəs istədiyi bir adı vermişdir. Sonucda, yuxarıda göstərdiyimiz kimi, Azərbaycanda türk dili ayrı-ayrı adlar qazanmışdı. Bunun necə bir tarixin törəməsi olduğuna göz yetirsək yalnız və yalnız rus imperiyasının siyasəti ilə bağlı olduğunu görərik. Onda bu, necə olmuşdur?
Türk-slavyan toqquşmasının çox uzun və dolaşıq bir tarixi vardır. Slavyanlar türk və Avropa imperiyaları arasında gedən, arada qızışan, arada sakitləşən uzun tarixli müharibə, münaqişə, mübarizə və barışlarda Göytürk imperatorluqlarının tərəfində çıxış edirdi. Bir neçə yüzil davam edən bu böyük tarix qarşıdurmasında slavyanlar din və təlimdə Roma-Bizans imperatorluğunun, hərb, siyasət və dövlət quruculuğunda türk imperatorluqlarının təsiri altına düşmüşdülər. Rus xalqı və rus dövləti belə bir şəraitdə türk, varyaq-norman və slavyan etnoslarının çulğaşmasından, qaynayıb-qarışmasından yarandı. Din və təlim baxımından tam Avropaya dayanan Rusiyanın çarlarını da Avropadan seçməyə başladılar. Alman əsilli, kral nəsilli Mixail (Mişel) Roman Moskva taxtına əyləşdiriləndən (1613-cü il) sonra Moskva Avropanın caynağına keçdi və türk-islam dünyasına qarşı müharibələrdə onun ən güclü alətinə çevrildi. Yeri gəlmişkən, göstərək ki, sovet şovinist rus tarixçiləri dəridən-qabıqdan çıxaraq sübut etməyə çalışırdılar ki, guya “Rusiya” adı XV yüzilin sonu – XVI yüzilin başlanğıcında yaranıb. Buna heç bir sübut-dəlil olmadığı halda, onu bizə “hökm” kimi qəbul etdirmişdilər. Əslində isə Moskva ətrafında yaranan dövlət XVIII yüzildə zaman-zaman Rusiya adlanmağa başladı.
XVIII yüzilin başlanğıcınadək Moskva Krım xanlarına töycü verirdi. Uzun danışıqlardan sonra Osmanlı sultanı Moskvanın yalvarışlarına qulaq asıb Krım xanlarından xahiş etdi ki, Moskvadan daha töycü almasınlar. Krım xanları Türkiyənin bu xahişini yerinə yetirdilər.
I Pyotrun Prut yaxınlığında Osmanlı orduları tərəfindən mühasirəyə düşməsi və mühasirədən qadın və qızılın gücünə çıxması (1711-ci il), sonradan Pyotrun Dərbəndə – Azərbaycana hərbi yürüşünün tam məğlubiyyətlə nəticələnməsi Moskvanın tarixi məğlubiyyətləri olsa da rusların türklərə qarşı gərəkli bir silah olacağını Avropaya bir daha anlatdı. Məhz Pyotrun vaxtından etibarən Avropa Rusiyanı hərtərəfli dəstəkləməyə başladı, Rusiya addım-addım türk torpaqlarını udaraq XVIII yüzildə imperiyaya çevrildi.
XIX yüzilin birinci yarısında dünyaya iki imperiya meydan oxuyurdu: Böyük Britaniya və Rusiya. Rusiya imperiya qurmağı Britaniyadan öyrənirdi. Hər ikisi Asiyanı işğala girişmişdi. Həmin yüzilin ilk başlanğıcında Rusiya Uzaq Doğu, Mərkəzi və Orta Asiya və Qafqazda, Britaniya isə Çin, Hindistan və s. yerlərdə fəal işğalçılıqla məşğul idilər. Rusiya 1803-cü ildə Qacarlarla müharibəyə başladı və Azərbaycanın quzeyinə ordu çıxardı. Azərbaycanın ən böyük faciəsi başlandı.
XVIII yüzildə xanlıqlara bölünmüş Azərbaycan rus işğalına qarşı öz qüvvələrini bir mərkəz ətrafında toplaya bilmədi. Azərbaycan türkləri Rusiyaya qarşı amansız və rəşadətli mübarizə aparırdı. Doqquz il davam edən müharibədə rusların böyük hərbi qüvvələri darmadağın edildi, bir çox rus generalları öldürüldü. Müharibənin gedişində həlak olan Gəncə xanı Cavad xan, vəliəhd Abbas Mirzə Qacar böyük qəhrəmanlıq göstərmiş, xalq onlara şer və dastanlar qoşmuşdu.
İngiltərəni çıxmaq şərti ilə 1812-ci ilədək bütün Avropanı işğal edən Fransa – I Napoleon Bonapart həmin il Rusiyaya hücuma keçdi. Bəlli olduğu kimi, Fransa-Rusiya müharibəsi üç il çəkdi və Rusiya Fransanı darmadağın edib Parisə girdi. Bunları yazmaqda məqsədim odur ki, Napoleon imperiyasını üç ilə darmadağın edən Rusiya on il müharibə apararaq Azərbaycanın Arazdan quzeyə, İrəvan xanlığını və Naxçıvanı çıxmaqla, yalnız beşdə birini qoparmağa nail ola bilmişdi. Bu, Azərbaycan türklərinin Rusiya imperiyasına qarşı müharibəsinin necə sərt və dönməz olduğuna ən tutarlı sübutlardan biridir. Bunu rus imperiyası açıq-aydın [dərk edirdi. Çox keçmədən tatarlar və] azərbaycanlılar (azerbaydjantsı) termininin, gələcəkdə isə “Azərbaycan dili” anlayışının yaradılmasına ilkin təkan buradan başladı.
Ruslar işğalçı ordularının tərkibində Azərbaycana müxtəlif mütəxəssislər göndərmişdilər (Rusiya bunu Britaniya və Fransadan öyrənmişdi); işğal ordularının tərkibinə yerləşdirilən tarixçi, coğrafiyaçı, təbiətşünas, həkim, etnoqraf və müxtəlif sahələr üzrə ekspertlər işğal olunan ölkə və xalq haqqında hərtərəfli tədqiqat, araşdırma aparır, mərkəzi hakimiyyətə məlumat, hesabat, təqdimat, təlimat və s. yazır, imperiyaların işğal etdikləri ölkələrdə siyasətlərinin müəyyənləşməsində əsas rol oynayırdılar.
Rusiya imperiyası öz siyasətini belə müəyyənləşdirirdi:
  1. Bütün imperiyalar kimi ayır-buyur, yəni böl-ağalıq et siyasəti yürütmək.
  2. Rusların ağalığını təmin etmək.
  3. Ruslardan sonra həm Rusiyada, həm də işğal edilmiş torpaqlarda yaşayan başqa xristianları ruslara yardımçı və darğa etmək.
  4. Çoxsaylı xalqları idarə etmək və itaətdə saxlamaq üçün onların içərisində yaşayan azsaylı toplumlardan maksimum istifadə etmək.
  5. Çoxsaylı xalqların içindən rus imperiyasına “sadiq” xidmətçilər, kölə-məmurlar tapmaq.
  6. Xalqlar arasında düşmənçilik yaratmaq, ayrı-ayrılıqda hər birinə rusların dost, qardaş olduğunu təbliğ etmək.
  7. Hind-Avropa xalqlarının birliyi nəzəriyyəsini əsas tutaraq onların hamısını, hətta samiləri də türklərə qarşı yönəltmək.
  8. Müsəlmanlar arasında təriqət, məzhəb ixtilaf və davası salmaq, bunun üçün hətta çarın xəzinəsindən qızıl pul xərcləmək.
  9. İşğalçılıq siyasətində rus qadınından hər cür istifadə etmək. Rus çarı Yekaterina demişdir: “Rus qadınının ayağı dəyməyən yeri rus generalı ala bilməz!”.
  10. İmperiya ağır duruma düşdükdə işğal etdiyi torpaqların elə hissəsini güzəştə getmək ki, sonralar onu geri almaq asan olsun.
  11. Dünyada xristianların müdafiəçisi kimi çıxış etmək.
  12. Avropaya inanmamaq, ancaq ondan yararlanıb Asiyanı işğal edərək isti sulara çıxmaq.
  13. İşğal altına alınmış qeyri-xristianları xristianlaşdırmaq, hərtərəfli assimilyasiyaya uğratmaq.
  14. Rusiyaya qonşu ölkələri işğal etmək və gələcəkdə onları Rusiyaya birləşdirmək. (Bu sonuncu prinsipdə Rusiya Britaniyadan çox fərqlənirdi. Britaniya işğal siyasətini özündən çox-çox uzaqda – ərəb ölkələrində, Hindisanda, Çində, Avstraliyada və s. apardığı halda, Rusiya gücü çatan bütün qonşuların torpaqlarını amansız zəbt edir, özünə birləşdirirdi).
Rusiya bütün bu müstəmləkə üsullarını bu və ya başqa formada Azərbaycana tətbq etmişdi.
1800-cü ildən 1853-cü ilədək (Krım müharibəsinin başlanmasınadək) Rusiya bir imperiya kimi çox güclənmişdi. Bu dövrdə bir yandan Qafqaz, Azərbaycan və Osmanlı imperatorluğuna, başqa bir yandan Avropaya qarşı müharibələr apararaq işğal ərazilərini həddən artıq genişləndirmiş, üçüncü yandan Sibiri və Orta Asiyanı tam işğal etmək üçün böyük hazırlıqlar görmüşdü. Rusiya 1801-ci ildə Gürcüstanı, 1803-1813 və 1826-1828-ci illərdə Azərbaycanın quzeyini işğal etmiş, 1812-1815-ci illərdə Fransanı məğlub edib İngiltərəni çıxmaqla, bütün Avropanı öz təsiri altına salaraq “dünya jandarmı” olmuşdu. Osmanlılar, Qacarlar – Azərbaycan türkləri və bir sıra Qafqaz xalqları Rusiyanın barbar işğalını qəbul edə bilmirdilər.
1839-cu ildə Türkiyədə orduda və ictimai-siyasi həyatın bir çox sahələrində islahatlar keçirilməyə başlandı. Gülxanə xətti-şərifi adı ilə tanınan bu islahatlar Osmanlı imperatorluğunu bir sıra geriliklərdən qurtarır, onu Avropaya yaxınlaşdırırdı.
Yüzilin 40-50-ci illərində Rusiyaya qarşı Qafqaz xalqlarının azadlıq müharibəsi geniş vüsət almışdı. Sonralar bu hərəkatın mərkəzi Çeçenistana keçsə də ilk öncə ideya mərkəzi Azərbaycan, xüsusilə də Kürdəmir, Bakı, Şamaxı, Gəncə, Dərbənd, Şəki və Zaqatala olmuşdur. Şeyx Şamilin başçılıq etdiyi şeyx, molla və başqa ruhanilər nəqşbəndi sufi təriqətinin başçıları idilər və XVIII yüzildə – XIX yüzilin birinci rübündə Azərbaycanın göstərilən bölgələrində təkkə, dərgah və zaviyələr yaratmış, bütün Qafqaz müridlərini buradan yönəltmişlər.
1815-ci ildən Avropanın jandarmı olan Rusiya Avropada hər hansı bir çıxış, etiraz və üsyanı yerindəcə boğur, özünü Avropada sabitliyin rəhni kimi qələmə verərək orada ağalıq edirdi. O, Avropada özünü bütün dünyadakı xristianların bir nömrəli müdafiəçisi, xristianlıq üçün təhlükə olan “kafir” türklərə (o cümlədən “tatar-monqollar”a) qarşı dayanan, onlardan xristianların intiqamını alan bir dövlət kimi təbliğ edir, Avropada ictimai fikri öz tərəfinə çəkmək, bununla da Asiyadakı işğallarına qarşı çıxacaq hər hansı bir dövləti ideyaca tərki-silah etmək və o ölkələrin xalqlarını bu məsələdə öz dövlətlərinə qarşı qoymaq üçün dəridən-qabıqdan çıxırdı. Avropa ictimai fikrini formalaşdıran əsas mərkəz – “London tayms” qəzeti Londonda Rusiyanın qızıl pulu ilə çıxırdı. Rusiya türk-müsəlman dövlətlərində yaşayan xristianların “müsəlman zülmündən qurtaracağını” həyasızcasına car çəkirdi. O, bütün dünyanı müsəlmanlara, ayrıca olaraq türklərə və o zamanlar türk dövlətləri içərisində ən güclü olan Osmanlı imperatorluğuna qarşı yönəltməyə çalışırdı, buna bir qədər də nail olmuşdu; belə ki, Balkanlarda xorvat, serb, boşnak, qaradağlı, yunan, bolqar, rumın və başqa xalqları Osmanlılara qarşı qaldıra bilmiş, Avropa xristianlarında öz din qardaşlarına mənəvi və maddi yardım etmək meyli və təşəbbüskeşliyi yaratmışdı.
XIX yüzilin 40-50-ci illəri arasında Rusiya Osmanlını dünyadan tam təcrid etmiş, onu – “xəstə adam”ı tam məhv etmək, “Şərq məsələsi”ni birdəfəlik həll etmək, dünyanın tək bir böyük imperiyasına çevrilmək iddiasına düşmüşdü. Rusiya bu vaxtadək hələ belə güclü, belə qorxunc, belə azğın və hökmedici olmamışdı; Arazdan quzeyə bütün Qafqazı ələ keçirmiş, Qacarlar monarxiyasını (şahlığını) tam himayəsinə alaraq Qacar şahlarını rus-kazak briqadasının girovuna çevirmiş, batıda 1849-cu ildə macarların üsyanını boğmaqla Avstriya monarxını himayəsinə almış, 800 kiçik knyazlığa parçalanmış almanları az-çox təmsil edən Prussiya monarxı Rusiyadan tam asılı hala gətirilmiş, Britaniya susqun bir hala gəlmiş və s. və i.a.
Bu dövrdə az-çox Azərbaycanın quzeyində özünə dayaq tapan Qafqaz dağlıları Şeyx Şamilin başçılığı altında Rusiyaya qarşı amansız, dönməz və rəşadətli mübarizə aparan dünyada tək bir qüvvə idi. Osmanlı dövləti və Britaniya Şeyx Şamilin hərəkatına yalnız və yalnız gizli rəğbət bəsləyir, bir qism türk və ingilis qadınlarının toxuduğu yun paltarlar Şamilin müridlərinə çatdırılırdı. Bir də 1848-ci ildə Fransada yeni burjua inqilabı baş vermiş, Fransa Rusiyanın təsirindən uzaqlaşmağa başlamışdı.
Quduzlaşmış Rusiya bunlara baxmayaraq, Osmanlı dövlətini darmadağın etməyə bütün gücü ilə hazırlaşırdı. Britaniyanı bu müharibələrdə bitərəf etmək üçün Rusiya diplomatik tədbirlər görmüş, Qara dəniz, Bosfor və Dardanel boğazlarında marağı olduğunu Britaniyaya bildirmişdi. Britaniya isə cavabında bildirmişdi ki, onun bu deyilən yerlərdə marağı yoxdur. Buna qarşılıq Rusiya da bildirmişdi ki, onun da Osmanlıya tabe Misir və Krit adasında marağı yoxdur. Britaniya buna susmuşdur. Bundan Rusiya belə bir nəticə çıxarmışdı ki, o, Misir və Kriti Britaniyaya güzəştə getməklə, “bağışlamaqla” Osmanlını təkləmiş, Qara dəniz, Boğazlar, Qafqaz və Balkanlarda Osmanlı imperatorluğu ilə müharibə aparmaq sərbəstliyi qazanmışdır…
1853-cü ilin iyununun sonunda Rusiya Osmanlı dövlətinə tabe olan Moldova və Valaxiyanı işğal edib Dunayın quzeyindəki torpaqları əlinə keçirdi. Türkiyə Rusiyaya qarşı elə bir təsiredici tədbir görə bilmədi. Rusiyanın bu hərəkətindən təşviş keçirən və narazı olan Avstriya da səsini çıxarmadı. Britaniyada bu məsələ parlamentə çıxarıldı, ancaq Rusiyaya qarşı hər hansı bir tədbir qərara alınmadı. Bundan istifadə edən Rusiya ordularını üç yandan: batıdan, Qara dənizdən və Qafqazdan Osmanlı imperatorluğuna qarşı hücuma hazırladı. Durumun dözülməz olduğunu görən Osmanlı dövləti həmin ilin oktyabr ayının 4-də Rusiyaya müharibə elan etdi. Rusiya yüzillərdir Avropanın müzakirə etdiyi, sakitlik olan andaca gündəliyə birinci məsələ kimi çıxardığı “Şərq məsələsi”ni tam öz xeyrinə həll etməyin və “xəstə adam”ın tək varisi olmağın vaxtı çatdığını düşünərək bu arzusunu həyata keçirməyə girişdi.
Rusiyanın dünyanı saymazlığı və quduzluğu Avrasiyanın çox hissəsini həyəcana gətirmişdi. Demək olar ki, hamı gözlərini Londona dikmişdi. London isə səbrli davranırdı. İngiltərə parlamenti məsələni bir neçə dəfə müzakirəyə çıxarmış, ancaq heç bir qərara gələ bilməmişdi. Parlament nümayəndələrinin çoxu Rusiya təbliğatının təsiri altına düşmüşdü və bir çoxu onu açıqca müdafiə edirdi. İlk həyəcan qaldıran və həmişə də Türkiyəni müdafiəyə çağıran yeganə bir nümayəndəni heç kim dinləmək istəmirdi; onun əsli isveçli idi. Hətta ona “o da dağlıq ölkədəndir, türklər də dağlıq yerdə yaşayır. Təbiətləri bir olduğu üçün onları müdafiəyə çağırır” deyə istehza edirdilər. Buna baxmayaraq, zaman-zaman həyəcan başqa nümayəndələrə də keçir, hamı Rusiyadan təşvişə düşməyə başlayırdı. Belə ki, 53-cü ilin noyabr-dekabr aylarında Rusiya Qara dənizdə Osmanlı dövlətinin donanmasını məhv etmiş, Qafqazdan keçərək Türkiyənin içərilərinə irəliləmiş, Qarsda Osmanlı ordusu məğlubiyyətə uğramış, Boğazların və İstanbulun işğalı təhlükəsi yaranmışdı.
1854-cü ilin yanvar-fevral aylarında bütün Avropanı bir rus qorxusu bürümüş, Britaniyadan başqa bütün dövlətlər sarsılmışdı. Ancaq London da çaxnaşırdı. Hamıdan sakit yalnız İngiltərənin ozamankı baş naziri, böyük diplomat Palmerston idi. O, bütün həyəcan, təşviş, qorxu və çığır-bağırlara heyrətamiz bir soyuqqanlılıqla baxırdı. Sanki dünyada heç bir elə əhəmiyyətli hadisə baş verməmişdi. Bir sıra dövlət [adamları ondan] şübhələnməyə başlamışdılar. Onu Britaniyanın mövqelərini Rusiyaya satmaqda təqsirləndirənlər və bunu açıq söyləyənlər də var idi.
Təmkin və soyuqqanlılığı ilə soyuqqanlı ingilisləri belə qəzəbləndirən Palmerston 1854-cü ilin mart ayında Fransanı da yanına alaraq Osmanlı imperatorluğu ilə bir cəbhədə Rusiyaya qarşı müharibə elan etdi. Dünya siyasəti səhnəsində hər nəsnə alt-üst oldu. Rusiya təkləndi. Avstriya və Prussiya da Rusiyaya hədələr gəlib Dunaydan çəkilməsini tələb etdilər və istəklərinə nail oldular.
Böyük diplomat qoca Palmerstonun niyyəti aydın oldu. Belə ki, Rusiyanı müharibənin dərinliyinə buraxmış, ona geri qaçıb tez sülh bağlamağa yol qoymamışdı. Əgər Rusiya geri qaçardısa o zaman “zəif” Türkiyənin onu məğlub etdiyi anlaşılar və Rusiya öz nüfuzunu tam itirmiş, üçüncü dərəcəli dövlət səviyyəsinə düşmüş olardı.
1854-55-ci illərdə Rusiya müharibə meydanlarında və Qara dənizdə darmadağın edildi. Qələbələrdən ruhlanan Osmanlı orduları Krıma çıxaraq Moskva üzərinə hücuma hazırlaşırdı. Britaniya buna etirazını bildirdi və hücumu dayandırdı.
1856-cı ilin martında Parisdə sülh müqaviləsi bağlandı. Türkiyə qalib, Rusiya məğlub oldu. Ancaq ən çox qazanan Britaniya oldu:
  1. Britaniya yavaş-yavaş dirçəlməkdə olan Türkiyəni Rusiyaya əzdirmişdi.
  2. Rusiyanı da Türkiyə, Britaniya və Fransa birgə əzmişdilər.
  3. Dünyaya meydan oxuyan Rusiya imperiyasını “xəstə” Osmanlı dövləti məğlub etmişdi (bu, o deməkdi ki, dünya xristianlarının himayəçisi Rusiya ola bilməz, bu missiya Britaniyaya məxsusdur).
  4. Ən əsaslardan biri: Rusiya Avropa jandarmı rolunu və Avropada bütün nüfuzunu itirdi.
  5. Britaniya dünyaya bildirdi ki, onsuz dünyada hər hansı bir mühüm məsələ həll edilə bilməz və həll edilməməlidir.
Soruşula bilər ki, mövzu Azərbaycanın quzeyində “türk dili”nin “Azərbaycan dili”nə necə çevrilməsi, ya da çevirdilməsini aydınlaşdırmağa həsr edildiyi kimi, bu tarix təsviri nəyə gərəklidir?
Hörmətli oxucu, hörmətli dilçi alimlərimiz, Azərbaycanın dili türk dilidir, onun “Azərbaycan dili” adlandırılması elmin nəticəsindən deyil, siyasətin nəticəsindən doğmuşdur. Bu siyasəti isə Rusiya imperiyası yürütmüş, məqsədi isə “ayır-buyur!” (parçala, ağalıq et!) siyasətini həyata keçirmək olmuşdur. Odur ki, məsələnin əsl mahiyyətini anlamaq və düzgün elmi qiymət vermək üçün Rusiyanın və Britaniyanın XIX yüzildəki siyasətini, ayrıca olaraq da Yaxın və Orta Şərq siyasətini araşdırıb onu qiymətləndirmək qaçılmazdır. İndi bəhs etdiyimiz həmin tarixi hadisələrin və dövrün fonunda Rusiyanın Azərbaycana və türk dilinə yönəlik siyasətini izləyək. Belə çıxmasın ki, biz Rusiyanın balaca və böyük siyasətində Azərbaycanın mövqeyini böyüdürük. Əsla yox!
Sonralar Rusiyada boş yerə Azərbaycanı “Şərqin qapısı” adlandırmamışlar. Belə bir ifadə vardır: “siyasət tez-gec dəyişə bilər, ancaq coğrafiya dəyişmir”. Bütün tarix boyu Dərbənd, Bakı, Gəncə, Tiflis, İrəvan, Təbriz, Qəzvin, Ərdəbil və Həmədanın hərbi-strateji mövqeyini, Güneydən Quzeyə, Quzeydən Güneyə çıxışın, gediş-gəlişin bunlarsız mümkün olmadığını qədim yunan və romalılardan tutmuş Bizans və ərəb xilafəti də daxil olmaqla rus və rus-sovet imperiyasınadək hamı çox əla bilirdi.
XVII yüzilin sonları – XVIII yüzilin ilk illərində Azərbaycan Səfəvi imperatorluğu dağılmağa başlamış, hətta uzun müddət Səfəvilərin təsiri altında olan əfqanlar hücum edərək imperiyanın ozamankı mərkəzi İsfahanı mühasirəyə almış, Şah II Təhmasib (1722-32) Azərbaycana çəkilmişdi.
Səfəvi imperiyası tam süquta uğrayırdı. Bir neçə il davam edən bu tənəzzülü Rusiya diqqətlə izləyirdi. 1711-ci ildə Prut çayı sahilində Osmanlı tərəfindən həqarətli məğlubiyyətə uğramış I Pyotr (Dəli Petro) bunun əvəzini Azərbaycanda çıxmağa və təntənəli qələbə çalmağa ümid bəsləyirdi. O, 1704-20-ci illərdə rus imperiyasına qarşı türk xalqlarının Tatarıstanda, Başqırdıstanda, Həştərxanda və bütün Volqaboyunda baş verən üsyanlarını amansızlıqla boğmuş və Quzey Qafqaza ordu toplamışdı. 1722-ci ildə o, Dərbəndə qoşun çıxarıb oranı işğal etdi.
Hücumdan qabaq o, yerli xalqlara müraciət manifesti yazmışdı. Həmin manifestin Azərbaycanda geniş yayılması üçün onu türk dilinə tərcümə etdirmiş və mətbuatda çap etdirərək yaydırmışdı. O, özünün dediyi kimi, Rusiyanın “iti, zəhərli neştəri”ni Qafqazın və Yaxın Şərqin “şah damarı olan” Azərbaycana yeritməklə “onları iflic edəcəyini” düşünür, iflic edilmiş İrandan gələcəkdə rus imperiyasının türklərə qarşı yararlı istifadəsini hazırlamaq istəyirdi.
Azərbaycanın bir sıra quzey bölgəsini, o sıradan əsas strateji mərkəzlərdən olan Dərbənd və Bakını işğal edən Pyotr Azərbaycanın içərilərinə doğru irəliləyə bilmədi. O, Azərbaycan xalqının bu rəşadətli müqavimətini heç ağlına da gətirməmişdi. Belə ki, Səfəvilər özünü tam itirmiş, ölkə idarəsiz qalmış, xalqın – Azərbaycan türklərinin müqavimətini təşkil edəcək elə bir hakimiyyət orqanı qalmamışdı. Azərbaycan xalqı öz azadlığını qorumaq üçün rus işğalçıları ilə ölüm-dirim müharibəsi aparırdı.
Azərbaycan xalqının 1722-23-cü illərdə rus imperiyasına qarşı apardığı azadlıq müharibəsi türk millətinin ən şanlı və şərəfli tarix səhifələrindəndir. Xalqımızın bu əzəmətli dirənişi kalmuk, noğay, qumuq, ləzgi və çeçenləri də Pyotra qarşı qaldırmağa başladı. Pyotr Senatı sakitləşdirmək və onun qarşısında özünə bəraət qazanmaq üçün bir məktub yazıb göndərdi. Məktubda bildirilirdi ki, atlara ot və yulaf çatışmır, hava əlverişli deyil, əsgərlər arasında xəstəlik yayılıb, daha nələr, nələr.
Bundan bir az keçməmiş Pyotr mühasirəyə düşəcəyindən qorxaraq gecə xəlvətcə bir gəmiyə minib Dərbənddən Həştərxana qaçdı və özünü Peterburqa çatdırdı.
Rusiyanın Azərbaycanda qalan işğal ordularına qarşı müharibəni sürdürən Azərbaycan türklərinin güclü bir başçıya ehtiyacı vardı. Azərbaycan türkləri həmişə ağır və dözülməz bir duruma düşdükdə öz içərisindən böyük şəxsiyyətlər yetişdirmişdir. Bir Avropa səyyahı demişdir ki, başqa ölkələrdə tək-tək tapılan istedadlar Azərbaycanda çoxdur. Həmin dövrdə xalqın istək və ehtiyaclarına cavab verən şəxs Nadirqulu oldu.
Böyük komandan istedadı olan Nadirqulu II Təhmasibin yanına gələrək öz xidmətini ona təklif etdi və şahın əmrlərinin icraçısı olması haqqında ondan imzalı fərman aldı, özünə “Təhmasibqulu xan” ləqəbini götürdü. Çox çəkmədi ki, Nadir bütün xarici işğalçıları Azərbaycan, Fars, İraq və Xorasandan çıxardı. 1736-cı ildə Muğanda qurultay çağırdı, qurultay Nadiri şah seçdi.
Nadir rusları təkcə Azərbaycandan deyil, Dərbənddən quzeyə bir çox əyalətlərdən qovdu, Həştərxana yürüşə başladı, ancaq dağlı xalqlarının ona qarşı müqavimətini görərək bu fikrindən daşındı. O, Səfəvi imperiyasını “Əfşar imperiyası” adı altında bərpa etdi, əlavə olaraq Hindistanı da tutdu. Hindistanda Böyük Moğolları məğlub edib sonra da oranı tam hakimiyyət altında saxlaya bilməməsi onun ən böyük səhvi idi. Belə ki, güclü bir türk dövləti olan Böyük Moğollar bu məğlubiyyətdən sonra özlərinə gələ, gələcəkdə Avropa işğallarına qarşı Hindistanı qoruya bilmədilər. Bununla da özləri də tarixin səhnəsindən çıxdılar.
Bir sıra tarixçilər Səfəvilər dövlətini Şah İsmayıldan Şah Abbasadək Azərbaycan dövləti, ondan sonra isə İran dövləti kimi qiymətləndirirlər. Bu baxış başdan-ayağa yanlışdır. İlxanlı, Cəlairli, Çobanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Qacar dövlətləri də Səlcuq imperiyası tipində orta çağın əsl türk dövlətləri idi. Burada heç bir dartışmaya yer yoxdur. Bu dövlətlərin hamısında türk, ərəb və fars dilindən yan-yana istifadə olunub, hamısında saray, ordu və bəzi müəssisələrin dili yalnız TÜRK DİLİ olubdur.
Tez-tez tarixi haşiyələrə çıxdığımı oxucular və alimlər bağışlasınlar. Ancaq bir haşiyə də yazmağa məcburam. Bu da I Napoleon Bonapartın Misrə hərbi yürüşü haqqındadır.
Napoleon 1798-ci il iyul ayında İsgəndəriyyəyə ordu çıxaran andaca yerli əhaliyə müraciət-manifest göndərdi, onu ərəb və türk dillərində yaydırdı. Orada özünü Misir-ərəb xalqının müdafiəçisi kimi qələmə verdirmişdi; yalnız Misirdə hakimiyyətdə olan, Osmanlıdan asılı misirlilərin, Osmanlının və Fransanın düşmənləri olan Məmlükləri susdurmağa gəldiyini bildirirdi. O, Məmlüklərin hakimiyyətindən narazı yerli ərəbləri öz tərəfinə çəkib türk-məmlük hakim elitasını darmadağın etdi.
Həmən siyasətlə Suriyaya hücum etdi. Ancaq burada Əkkə qalasının ətrafında məğlub olaraq Misrə çəkildi. Napoleonun məğlubiyyəti Fransada təşviş yaratdı və Direktoriyada çaxnaşma başladı. O da Deli Petro kimi bu məğlubiyyətdə özünə bəraət qazandırmaq üçün Direktoriyaya bir məktub göndərdi. Məktubda deyilirdi ki, hava həddən artıq istidir (məğlubiyyət 1799-cu ilin avqust ayında olmuşdu), əsgərlər arasında çüzam xəstəliyi geniş yayılmışdır, atlar və əsgərlər qırılır, yeni qüvvə gəlmədiyindən hücumu davam etdirmək mümkün deyil və daha nələr, nələr.
Hərtərəfli məğlub edildiyini görən Napoleon da Pyotr kimi yalnız bir-iki yaxın adamına öz məqsədini bildirib gizlincə İsgəndəriyyədən qaçdı. O, Pyotrdan fərqli olaraq, qiyafəsini də dəyişdirib sadə bir sərnişin kimi başqa ölkənin sərnişin gəmisində Avropaya keçdi və özünü birtəhər Parisə çatdırdı.
“Fransızlar öz övladlarına “adam ol” yerinə “türk ol” deyirdilər” fikrini söyləyən Napoleon Bonapart Misirdə “bir türk-məmlük əsgəri on fransız əsgərinə asanlıqla qalib gəlir” sözlərini söyləməli olmuşdu.
Bəli, bir neçə yüzil idi ki, Avropanı bir fenomen düşündürür, rahatsız edir və sıxırdı – türk fenomeni! Rusiyanın ən böyük sərkərdə və imperatoru I Pyotr, Fransanın ən böyük sərkərdə və imperatoru I Napoleon, onların general və əsgərləri bu fenomeni öz gözləri ilə görmüş, acısını çəkmişdilər.
Nə üçün biz bunları müqayisə edirik? Çünki, birincisi, hər iki işğalçı hücumun hədəfi eynidir – türk milləti! Belə ki, Pyotr yerli qeyri-türkləri və xristian gürcü və erməniləri türklərə qarşı qaldırmışdırsa da, Napoleon türk-məmlük əhalisini Misirdə hakimiyyətdən devirmiş, onlara divan tutandan sonra ərəbləri türklərə qarşı qoymuşdu. İkincisi, hər iki hücumun kökündə türk düşmənçiliyi əsas motiv idi. Üçüncüsü, hər iki cahangirin işğalçılıq yürüşünü türk dövlətlərindən daha çox türk xalqının döyüşkənliyi və iradəsi puça çıxarmış və onları tam məğlubiyyətə uğratmışdır. Bunlar xarici işğalçılara qarşı daha çox türk xalqının azadlıq vətəndaş müharibəsini xatırladırdı. Dördüncüsü, bu hər iki müharibə Avropa imperiyalarına böyük dərs oldu; onlar götür-qoy edib XIX yüzildəki xarici işğal siyasətləri üçün böyük təcrübə qazandılar. Avropanın bütün işğalçıları anladılar ki, türkləri məğlub etməyincə Asiyaya yiyələnmək, onu müstəmləkələrə bölüb talamaq mümkün olmayacaq.
XIX yüzilin birinci yarısında Azərbaycanda işğalçılıq müharibəsi aparan Rusiya bu dəfə imperialist siyasətində tam hazırlıqlı idi. Bu müharibələrin gedişində, aralarında və sonralarında müxtəlif vaxtlarda Azərbaycanda olan rus ekspert, casus, diplomat və başqa nümayəndələri Peterburqa yazıb bildirirdilər ki, buranın (Azərbaycanın) əsas əhalisi türklərdir. Buranı işğal edərkən ermənilər bizə çox yardım ediblər. Onlar burada bizim ən yaxın köməkçimiz ola bilərlər. Türkiyə ilə sülhü altı ay gecikdirin – biz oradan geri çəkilənədək erməniləri Rusiya himayəsinə keçmiş ərazilərə köçürüb oralarda məskunlaşdıra bilək.
Mərkəzdən gələn cavabda isə yazılırdı ki, biz ermənilərdən yana müharibəni davam etdirə bilmərik, üç aya kimi tədbirlərinizi görüb yekunlaşdırın. Beləliklə, Qacarlar və Osmanlı dövlətlərinin ərazisində yaşayan, Rusiyaya müharibədə kömək göstərən və ya Rusiyanın qızışdırması ilə üsyan, qiyam qaldıran erməniləri ruslar köçürərək Azərbaycanda, xüsusən də Şamaxı, Bakı, Dərbənd, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan və Zəngəzurda, bir də Gürcüstanda məskunlaşdırdılar.
Ön Qafqazın idarəçiliyində ermənilər Rusiyanın birinci köməkçiləri olmuşdular. Lenin bir yerdə qeyd etmişdir ki, ermənilər tarix boyu Avropa dövlətlərinin Yaxın və Orta Şərqdə casusu və yaxın köməkçisi rolunu oynamışdır. Bir zamanlar Osmanlı imperatorluğunda “milləti-sadiqə” (sadiq millət) adlandırılan ermənilər hələ XVIII yüzilin başlanğıcında Moskvaya – I Pyotra yazıb bildirirdilər: biz (ermənilər) qorxumuzdan gündüzlər müsəlman, ancaq gecələr xristian oluruq. Sən gəl, bizi bu müsəlmanların əlindən qurtar. Sən bizi qurtarsan əvəzində İsa Məsih sənə kömək edər.
Rusiyanın 1826-29-cu illərdə Yaxın Doğuda işğalları zamanı ona hər cür yardım və xidmət göstərən erməniləri Rusiya hər hansı bir vahid ərazidə məskunlaşdırıb onlar üçün ayrıca inzibati idarə yaratmağa başladı. Bunun üçün mərkəz İrəvan seçildi. Türkmənçay müqaviləsi bağlanan kimi İrəvan xanlığı ləğv edildi, İrəvan qraflığı yaradıldı. Bu işğallara başçılıq edən İvan Paskeviç çar tərəfindən oraya qraf təyin edildi. Ona fəxrlə “qraf Erivanski” deyirdilər. Ondan 16-17 il sonra İrəvan quberniyası yaradıldı. Quberniya birbaşa çarın idarəsində sayılırdı. Bu o demək idi ki, İrəvana qarşı hər hansı bir hərəkət və ya müdaxilə rus çarına qarşı hərəkət kimi qiymətləndiriləcəkdi. Bununla da bütün quberniyada (onun tərkibinə daxil edilmiş Naxçıvan və Ordubadda da) yaşayan ermənilər çarın “əziz təbəələri” sayılır, qeyri-rəsmi imtiyazlara sahib olur, onlara hamiliyi çar özü edirdi. Çarların titulları sırasında bir titul da yazılırdı: “… qubernator Erivanski” (İrəvan qubernatoru).
Rusiya imperiyası İrəvan xanlığının ərazisindən zaman-zaman türkləri çıxardaraq erməniləri yerləşdirdi. Türk xanlığını yox edib yerində rus-erməni quberniyasını yaratdı, bununla da gələcək Ermənistanın və indiki erməni dövlətinin əsasını XIX yüzilin ortalarında qoymuş oldu.
Hörmətli oxucu, belə bir siyasətin yeni bir təzahürünü, yaşadığmız günlərdə gördük və görürük; belə ki, bir neçə il öncə Qarabağın dağlıq hissəsində, mərkəz Xankəndi olmaqla, “prezident üsul-idarəsi” yaradıldı və ora birbaşa prezident Qorbaçovun idarəsi altına verildi. Bəli, Azərbaycanın başqa bir bölgəsində rus imperiya siyasətinin təkrarı! Sonu da göz qabağında! Eyni!
Rusiya Azərbaycan türklərini qırır, doğma yurdundan qovur, yerində erməni dövləti (və ya dövlətləri) yaradır. Azərbaycan türkləri isə 200 ildir ki, dünyada təklənmiş durumda. Bu təklənmənin daha hansı yönləri olmuşdur?
Dediyimiz kimi, uzun müddət (yüz ildən çox) Azərbaycanı işğala hazırlaşan rus imperiyası ölkəmizin quzeyini işğal edəndən az keçməmiş onu tam təcrid etmək üçün tədbirlərə girişdi. Onun ekspertlərindən (casuslarından) biri mərkəzə yazırdı ki, təkcə ermənilərin köməyi ilə bu türkləri itaətdə saxlayıb idarə edə bilməyəcəyik, çünki hər ikimiz xristian olduğumuz halda, türklər müsəlmandır. Ancaq bunların içərisində başqa azsaylı etnik qruplar və kiçik xalqlar (narodnosti) yaşayır ki, onlar hind-Avropa irqindəndirlər və bu sarıdan bizə (ruslara – Ə.E.) qohum xalqlardandırlar. Onların da arasında talışlar çoxluq təşkil edir. Ancaq bunlar mədəniyyət və inkişaf səviyyəsinə görə türklərdən çox aşağıdırlar, onlardan geri qalırlar. Biz bunları öz tərəfimizə çəkib, savadlanmalarına və mədəniyyətlərinin yüksəldilməsinə hər cür yardım edib özümüzə idarəçilikdə ən yararlı köməkçi təbəqə yaratmalıyıq.
Bəli, Türkmənçay müqaviləsindən sonra Azərbaycanın quzeyində türklər üçqat idarəçilik altına alındı:
  1. Hakim imperialist rus və rusçu qüvvələr.
  2. Casus, təxribatçı, türkə düşmən erməni qüvvələri.
  3. Yalan-doğru, hind-Avropa irqinə (sonradan “ari irq” adlandırıldı) daxil edilmiş qeyri-türk qüvvələr.
Bütün bunlar Azərbaycan türkünü itaətdə saxlamaq üçün yaradılmış idarə üsulunun içdən bir-birinə çulğaşdırılmış və bir-birini tamamlayan bölmələri idi. Ancaq bununla iş bitmiş olsaydı onda bizim üçün heç olmazsa, dərd yarı idi.
Rusiyanın bizə qarşı imperiya siyasətinin əsas xəttinin biri türk dilini parçalamağa yönəldilmişdi. Bu cür siyasət xətti hər hansı bir imperiyada olmamışdı. Rusiya Akademiyası bu məsələ ilə ayrıca məşğul olur, təkliflərini hakimiyyətə təqdim edirdi. İşğal altına alınmış ölkələri məmur-alim, casus-alim şəbəkəsi bürümüşdü. XIX yüzilin başlanğıcında Rusiya siyasi-elmi ədəbiyyatında türk sözü artıq ayrı-ayrı anlam daşıyan iki şəkildə yazılırdı:
тюрк [t(y)urk], cəmdə: тюрки [t(y)urki]
турок (turok), cəmdə: турки (turki).
Birinci anlamda daha çox Azərbaycan və Qafqaz türkləri nəzərdə tutulur, ikinci anlamda isə Osmanlı türkləri. Ancaq bu iki anlam tez-tez qatışdırılır, bir müəllif birinci anlamı bütün türk dillərinə aid etdiyi halda, başqa bir müəllif yalnız Rusiyanın tabeliyində olanları t(y)urk adlandırır, başqa birisi Rusiyada yaşayan türkləri bəzən tatar, bəzən türkmən, bəzən monqol deyə yazırdılar. Rus imperiyasının yüksək dövlət idarəsində işləyən və Rusiyanın Yaxın Şərq siyasətində fəal çalışan imperiyanın polkovniki, geniş bilik sahibi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinə söykənməklə bu iki sözün ozamankı məna çalarlarını aydın görə bilərik:

“…Жители Балкара и окрестных с ним Чегема, Баксана, Бизенги и других говорят на языке тюрки кумукского наречия, что сходство этих народов” (səh. 14-15) = “Balkarın və onunla qonşu Çeqem, Baksan, Bizengi və başqa (yerlərin) əhalisi türk dilinin qumuq ləhcəsində danışırlar ki, bu da xalqların eyniliyini göstərir”.
İkinci misalın (iqtibasın) böyüklüyünə görə oxucu bizi bağışlasın, ancaq buna məcburuq! “…Четыре деревни табасаранские – Магарты, Маграга, Хучни и Чирах, все магалы Улуч и Терекеме, по обоим сторонам Дербента, равно как сам город, магалы Тип, Мюскюр, Шабран, город Кудиал (Куба) и остальные магалы Ширванские с Сальяном, шесть деревень бакинских терекеме и весь уезд Шекинский говорят на языке тюрки, что свидетельствует об их происхождении от тюрок, монголов и татар.

На  этом тюркском наречии говорят поныне в Армении, части Грузии, Азербайджане и во многих персидских (?) областьях. Это наречие среднее между наречиями турецким и джагатайским, кумыкским и ногайским, и наречие это до сих пор не имеет грамматики” (səhifə 25) = “Dörd Tabasaran kəndi: Mağartı, Mağraqa, Xuçni, Çıraq, şəhərin özü də daxil olmaqla Dərbəndin hər iki yanı boyunca bütün Uluç və Tərəkəmə mahalları, Tip, Müskür, Şabran mahalları, Qudyal (Quba) şəhəri, Salyanla birgə Şirvanın qalan mahalları, Bakı tərəkəmələrinin 6 kəndi və bütün Şəki qəzası türki dildə danışırlar ki, bu da onların türklərdən (tyurok), monqollardan və tatarlardan törəmələri haqda şəhadət verir. Ermənistanda, Gürcüstanın bölgələrində, Azərbaycanda və bir çox fars vilayətlərində hələ də bu türk ləhcəsində danışırlar. Bu ləhcə türk (turetskiy), cağatay, qumuq və noğay ləhcələri arasında onlardan ən ortacıldır və bu ləhcənin indiyədək qrammatikası yoxdur”.
Üçüncü misal  Bakıxanovun öz əsərlərinin dili haqqındadır; o, belə yazır:
1. Рийаз ал-Кудс, на тюркском языке, в XIV главах…
9. Мелкие стихотворения на арабском, персидском, турецком и татарском языках (səh. 206-207).
1. Riyaz əl-Qüds, türk dilində, 14 fəsildə…
9. Ərəb, fars, türk və tatar dillərində kiçik şerlər.
Birinci misaldan aydın olur ki, hələ o zamnalar “türk (tyurk)” dili rusdilli ədəbiyyatda bölünməz bir anlam daşıyırdı.
Sonralar rusdilli əbədiyyatda bu sözü çox-çox çözələyib onu “türk dilləri” (tyurkskiye yazıki), sonra “türk dilləri qrupu”, ya da “türk dilləri ailəsi” adlandırdılar. Bir çox hallarda “türk və tatar dilləri” də işlədilirdi.
İkinci misalda bir yerdə “türki dilində”, başqa bir yerdə “türk (tyurk) ləhcəsində” şəklində göstərilmişdir. “Türki dildə” danışan yerli əhalinin (Azərbaycan və Qafqaz türklərinin) mənşəcə türklər (“turki” yox, “tyurok”), monqollar və tatarlardan törədiyi də ayrıca vurğulanır. Birinci misalda qumuq ləhcəsi türk dilinin bir ləhcəsi kimi göstərildiyi halda, ikinci misalda “türk ləhcəsi” başqa ləhcələr, o cümlədən qumuq ləhcəsi üçün bir mərkəzləşdirici, ləhcələr arasında bir bağlayıcı və bütün Qafqazda ünsiyyət vasitəsi kimi təqdim edilir.
Bakıxanov qeyd edir ki, bu ləhcənin indiyədək qrammatikası yoxdur, yəni yazılmayıb. Ayıq oxucu elmin siyasət adına, siyasət “xatirinə” necə dolaşdırıldığını aydın, açıq görür. Və görür ki, burada əsas məqsəd Azərbaycan türklərinin dilini türk dilindən nəyin bahasına olursa-olsun qoparıb (!) ona yeni bir ad – qondarma ad qoymaqdır. Orta səviyyəli filoloq da bilir ki, qrammatika dil haqqında elmdir; əgər hər hansı bir ləhcənin qrammatikasını yazmağa cəhd göstərilirsə, deməli, ya o ləhcənin qrammatikası onun daxil olduğu dilin qrammatikasını “mənimsəyəcək”, ya da bu ləhcədən zorla, hansısa bir məqsəd üçün dil düzəltmək, onu dil kimi qələmə vermək lazım gələcək.
Üçüncü misalda məsələ bir qədər də aydınlaşır. Bakıxanovun özünün tərtib etdiyi siyahıda birinci əsərini türk dilində (na tyurkskom yazıke) yazdığını bildirir. Hamımıza bəllidir ki, bu əsəri müəllif türk dilinin Azərbaycan ləhcəsində yazıb. O, əsərlərinin siyahısının doqquzuncu nömrəsində kiçik şerlərini həm də türk (turetskom) və tatar dillərində yazdığını bildirir. Bəlli olduğu kimi, Bakıxanov tatar dilində şer yazmayıb. O, burada da tatar dili dedikdə Azərbaycan türklərinin dilini, “turetskom” dedikdə yalnız Osmanlı imperatorluğunda yaşayan türklərin dilini nəzərdə tutur.
Elə çıxmasın ki, biz burada Bakıxanovun necə dolaşdığını göstərməklə onu tənqid etmək fikrimiz var. Yox, əsla yox. Bizim əsas məqsədimiz rus imperiyasının ELMi öz işğalçılıq siyasətinə görə necə, hansı yollar və hansı mərhələlərlə saxtalaşdırdığını, elmin (ayrıca olaraq da tarix, etnoqrafiya və filologiyanın) siyasətə necə qurban edildiyini və verildiyini göstərməkdir. Bakıxanov isə bilikli alim və imperiyanın yüksək rütbəli məmuru olduğu üçün onun yaradıcılığı bizim araşdırmamıza tutarlı nümunələrdən biridir. Onun bir əli siyasətdə, bir əli elmdə idi. O, məmur-alim təbəqəsinəmi deyək, qrupunamı deyək daxil idi. Yazıq, min yazıq, bu məmur-alimlər, ya da alim-məmurlar həmişə ikilik arasında qalmış, tez-tez ya bilərəkdən, ya da bilməyərəkdən çaşmış, aldanmış, aldadılmış və xalqı da çaşdırmış, aldatmışlar. Yazıq, nə yazıq ki, bu növ alim-məmurlar bugünümüzdə də az deyil. Azərbaycan Elmlər Akademiyasının akademikləri – İqrar Əliyev, Ağamusa Axundov və onların bir çox davamçıları bu zümrədəndirlər.
Araşdırdığımız məsələnin bir az da dərinliyinə baxaq. XIX yüzilin birinci yarısında Rusiyanın siyasət alim-ekspertləri Azərbaycan və onun xalqı haqqında mərkəzə yazırdılar ki, buranın əhalisi türkdür və özlərinə də türk deyirlər. Onların mənşəyi türk, türkmən, tatar, oğuz və monqollarla sıx bağlıdır. Rusiyanın təbəəliyində olanları ya oğuz, ya da tatar adlandırmaqla onları türklərdən ayırmaq olur!!
Başqa bir hesabatda isə təklif edilirdi ki, onları ölkənin adına uyğun azərbaycanlı (azerbaydjantsı, aderbaydjantsı) adlandırmaq daha doğru (oxu: imperiya məqsədlərinə daha yararlı) olardı. Bəli, xalqın “türk” adını “azərbaycanlı” adı ilə əvəz etmək fikri elə Türkmənçay müqaviləsi bağlanan andan meydana çıxmışdı. Krım müharibəsindən sonra imperiya xalqımızın və dilimizin adının dəyişdirilməsinə yönəlik cəhdini daha da artırdı. Təklif olunan monqol, türkmənoğuz adları rusdilli ədəbiyyatda daha görünmürdü. Ən çox üç ad: türk, tatar, azərbaycanlı adları işlədilirdi. On doqquzuncu yüzilin sonları – iyirminci yüzilin başlarında Azərbaycanın gerçək aydınları daha çox “türk xalqı”, “türk dili” yazdıqları halda, imperiya xidmətçiləri “tatar xalqı”, “tatar dili”, “azərbaycanlı”, “Azərbaycan dili” yazırdılar.
Rusiya onun tərkibində yaşayan türkləri dörd yerə bölmüşdü: 1. Qazan tatarları; 2. Krım tatarları; 3. Qafqaz tatarları (Azərbaycanın quzeyində, Ermənistanda və Gürcüstanda yaşayan türklər də buraya daxil idi); 4. Sibir tatarları.
Sadə bir misal: Gürcüstanın Qori şəhərində Qori seminariyasının yanında rus-türk məktəbi açıldı, adı isə “rus-tatar məktəbi” qoyuldu. Sonralar bu məktəb görkəmli Azərbaycan aydını Firidun bəy Köçərlinin zəhməti nəticəsində Azərbaycanın Qazax şəhərinə köçürüldü və adı dəyişdirilib “rus-türk məktəbi” edildi.
Başqa bir misal: hələ vaxtilə Səttar xan hərəkatına bir yazısında toxunan Lenin yazırdı ki, Qafqaz tatar yarımziyalıları rus təbəəsi olduqlarını yaddan çıxararaq Təbriz hərəkatına yaxından kömək və onda iştirak edirlər.
1918-ci ildə Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) yarananda xalqın və onun dilinin adı “özünə qaytarıldı”. “Tatar dili”, “Azərbaycan dili” ifadələri daha işlədilmədi.
Göstərdiyimiz kimi, “Azərbaycan dili”, “azərbaycanlı” ifadələri Türkmənçay müqaviləsi dövründə təklif edilsə də bu təklifi rus imperiyasının davamı olan Sovetlər Birliyində imperiya siyasətinin ən quduz davamçısı Stalin yerinə yetirdi. Onun əmri ilə dilimiz “Azərbaycan dili” adlandırıldı. Bu haqda çox yazıldığına görə, əlavə araşdırmaya ehtiyac duymuruq.
Yeri gəlmişkən, göstərək ki, Azərbaycanın güneyində türk dilinin durumu bambaşqa olmuşdur. Orada hakimiyyət uzun müddət türk Qacarların əlində idi və türk dilinin adının dəyişdirilməsi Qacarların siyasəti üçün elə bir əhəmiyyət kəsb etmirdi. Qacarlardan sonra da Pəhləvilər və fars şovinistləri “türk dili”nin varlığını danmamışlar, ancaq orada başqa siyasətə əl atmışlar. Pəhləvilər dövründə və ondan sonra da belə bir qondarma nəzəriyyə ortaya atılmışdı ki, bəs sən demə, Azərbaycanda, Fars, Xorasan və başqa əyalətlərdə yaşayan türkdilli xalqlar əvvəllər, uzaq keçmişdə mənşəcə irandilli (?) olmuşlar, yalnız XI-XII yüzillərdə Səlcuq imperiyası dövründə türkləşərək (!) öz mənşələrindən uzaqlaşmışlar; deməli, bu xalq (Azərbaycan türkü) bu gün dilcə türkdilli olsa da əslində iranmənşəli, yaxud hind-Avropa mənşəlidir, yəni farslarla bir kökdəndir. Bu isə türklərin kökünün danılması, yaxud kökündən qazılaraq assimilyasiya edilməsi demək idi.
Ulu öndər Məmmədəmin Rəsulzadə 1925-ci ildə yazırdı: “Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək indi qazanılmış bir savaşdır!”.
Bu fikrin bir davamı kimi deyə bilərik: bu gün Azərbaycan türkü bütün dünyada özünün milli mənşə, milli dil və milli varlığını dərk edərək Birlik, Bütövlük, Azadlıq, İstiqlal və Demokratiya uğrunda savaşı qazanmaq üçün hazırlaşır.
Uğur ola, ey türk!

Kələki, 12.02.1996

AZƏRBAYCAN (Tarixdən bir neçə söz)

Standard

AZƏRBAYCAN
(Tarixdən bir neçə söz)


 Mənim varislərim yoxdur, mənim varislərim gerçək alimlərdir.

Hz. Məhəmməd peyğəmbər

 

Tarixi yazmaq onu yaratmaq qədər zordur.

M.K.Atatürk

Ey Ulu Tanrı, düşüncənin və duyğunun anladığı və anlamadığı nə varsa Səndən başlar, Səndə qurtarar. Ulusan, Ucasan, Böyüksən, Sevənsən, Sevilənsən! Bizləri də Səni sevmək və qanmaq üçün yaratdın və dedin: “Mən səni Məni qanmaq üçün yaratdım”. Alqış Sənə də, bütün yaratdığına da, yaratdığın və sevdiyin Türklərinə də.
Azərbaycan Ulu Tanrının su ilə odun öpüşündən sevə-sevə yaratdığı, Xızır İlyas peyğəmbərin, Qut savçısı Qutay peyğəmbərin, Azər peyğəmbərin, Lut peyğəmbərin, Azərdüşt peyğəmbərin, Yafəs peyğəmbərin və onun oğlu Türkün sevimli, gözəl, görklü yurdudur.
Azərbaycan dünyanın qədimdən-qədim insan məskənlərindən və ilkin mədəniyyət mərkəzlərindən biri, varlı təbiətli, əzəli və əbədi bir türk yurdudur. Bu gün Azərbaycanda 40 milyon türk 183 il bundan qabaq rus imperiyası tərəfindən parça-tikə və pay-püş edilmiş ulu yurdlarının birləşdirilməsi istəyi ilə yaşayır. Demək olar ki, bu istək uğrunda mübarizə artıq başlamışdır.
* * *
Bu gün rus imperiyası hərtərəfli böhran içərisində tənəzzülə uğramaqdadır. Rus imperiyasının düşümü ilə Azərbaycanın yüksəlişi tərs mütənasibdir. Son səkkiz ildə Azəpbaycanda baş vermiş Xalq hərəkatı və Azərbaycanın addım-addım Azadlığa yürüməsi bütün dünyanın baxışlarını özünə çəkmişdir. Dünyaya yeni bir AZƏRBAYCAN doğulmaqdadır.
Uzun müddət rus və fars şovinizminin qanlı hakimiyyəti altında olan Azərbaycan türkləri azad olduqca hər şeyi yenidən yaratmalı, qurmalı və yazmalıdır. Tarixi də! Bunu göz önünə alaraq tariximizlə bağlı ən qədim və qədim tarixə ötəri də olsa göz yetirməyi gərəkli saydıq.
* * *
Çağdaş tarixçilik hərtərəfli araşdırmalardan sonra toplam belə bir sonuca gəlmişdir ki, ən qədim mədəni insan məskəni Çayhun və Sayhun (Amu-dərya və Sır-dərya) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. Dünyada mədəniyyət ilk dəfə burada mərkəzləşmişdir. Daha doğrusu, Doğu Türküstandan Xəzər dənizinin sahillərinədək olan ərazi dünyanın ən qədim mədəniyyət mərkəzi olmuşdur. Buna görə də bir vaxtlar “tarix Şumerdən başlayır” dediyimiz halda, indi “tarix Orta Asiyadan (ya da Turandan) başlayır” deməyi tarix elmi bizdən tələb edir. Heç də təsadüfi deyil ki, dünyanın böyük rəmzlərindən olan səkkizbucaqlı, ya da səkkiz çıxıntılı ulduz, dünyanın bütövlüyünü göstərən baş-ayaq butalar, xaç, svastika və başqalarının ən qədim nümunələri son illərdə aparılan qazıntılar zamanı məhz bu ərazidən tapılmışdır. Bu ilk mədəniyyət mərkəzinin yaranma və varolma tarixi eradan qabaq X-VI minilliklərə aid edilir.
Dünyanın ikinci qədim mədəniyyətinin toplandığı mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir. Bu mədəniyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə dayanır.
Tarix baxımından Şumer üçüncüdür. Dəclə və Fəratın hövzəsi, yuxarı axını, Patağ [(Zaqros)] dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının şimal-şərqinədək olan ərazini əhatə edir və eradan öncə IV-II minilliklərə bağlanır.
Bu baxımdan Aralıq dənizinin (Ağ dəniz) doğusu və Nil hövzəsi (Misir) dördüncü (eradan qabaq IV-I minilliklər), Quanxe (Xuanxe)-Yançju (Çində) çaylarının arası beşinci (eradan qabaq III-I minilliklər), Hind-Qanq çaylarının ərazisi altıncı (eradan qabaq II-I minilliklər) mərkəz sayılır.
Dünya mədəniyyətinin köçmələri və ya yerdəyişmələri nəzəriyyəsinə dayansaq, bütün sonrakı mədəniyyətlər özündən əvvəlkilərin varisləridir. Orta Asiya, Kür-Araz (Xəzərdən Patağ dağlarınadək) və Şumer mədəniyyətləri daha çox varislik əlaqələri ilə bağlıdır; [bunlar] bütövlükdə səkkiz min il davam edən böyük bir mədəniyətin üç böyük mərhələsi kimi də qəbul edilə bilər. Bu mədəniyyətlərin yaranmasında çağdaş dünya xalqlarının bir çoxunun ulu babaları iştirak etmişdir. Bunların içərisində türklərin ulu dədələri önəmli, demək olar ki, birincilər sırasında yer tutmuşlar. Azərbaycan bu böyük mədəniyyətin həm yaranmasında, həm gəlişməsində, həm də bir-biri ilə bağlanmasında, ilişkilənməsində ən önəmli yer tutmuşdur. “Azərbaycan birincinin (Çayhun-Sayhun) davamı, üçüncünün (Şumer) özülüdür” deyə bilərik. Buna görə də Parsa’nın yaranmasınadək Azərbaycanın qədim tarixinə ötəri bir nəzər salmaq burada qaçılmazdır.
Yaxın və Orta Şərqin tarixini araşdıran bütün tarixçilər Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu bildirirlər. Dünyada ən az öyrənilmiş tarix bəlkə də Azərbaycan tarixidir. Azərbaycanın öz tarix qaynaqları az öyrənildiyindən, bir sıra tarix qaynaqları məhv olduğundan və ya məhv edildiyindən, əldə olan tarix qaynaqları düşmən qələmindən çıxdığından və hətta bizim öz tarixçilərimizin də öz taiximizə düşmən tarixçilərin gözü ilə baxdığından, BÜTÖV AZƏRBAYCAN tarixini və mədəniyyətini öyrənmək üçün ayrıca araşdırma metodu yaradılmadığından, daha nələr, daha nələri də düşünsək, Azərbaycan tarix və mədəniyyətinin araşdırılma, öyrənilmə mənzərəsi tam aydınlığı ilə göz önünə gələr.
Çox yığcam bir misal göstərək. İstərsəniz açın, Azərbaycana aid tarix araşdırmalarına baxın. Ən qədim tariximiz Şumer, Babil, Akkad, Assur qaynaqlarına dayanaraq araşdırılır. Özü də, hansı anlara [dayanaraq]? O anlara ki, həmin anlarda bunların dördü də Azərbaycanla müharibə şəraitində olub. Yəni düşmənçiliyin ən düşmən zirvəsində. Düşmənin bizim haqqımızda yazdıqlarından nə çıxarırsınız çıxarın, yenə də bizim tarixi əyri göstərəcək.
Orta əsrlər ərəb, fars, erməni qaynaqları, yeni dövr rus qaynaqları da eyni təsirə malikdir. Rusiya tarixçi, səyyah və agentləri Azərbaycana aid nə varsa hamısını “Persiya”ya aid etmişlər: “Persidskiy Azerbaydjan”, “Persidskaya Djulfa (Culfa)”, “Persidskaya Astara” və s.
Çox qəribədir ki, öz adlarımızı (insan, yer, tayfa, el və s.) da yabançı qaynaqlarda yazılan kimi oxuyur, ya da elə tanıyırıq. Məsələn:
Türk – turukku, turuku, turuxi;
Quz (Oğuz) – qus, ğuz, quş, kuş;
Qaz – kass, kas, kassit, kaspi, kasan, kaşan, kaş;
Su – şu, çu, şuv;
Alpərtunqa – Əfrasiyab;
Dəmir – Tamara, Tomiris, Tomris;
İldəniz – Eldəgiz, Eldəgəz.
Bu dediklərimiz 4-5 olsaydı nə vardı ki – minlərlədir. Bəzən bunların hamısı oxuculara çox kiçik gələ bilər. Kiçik olsaydı nə dərd idi?!
Baxın! Bir söz götürək: Şumer. Tarixdə indi “şumerlər” adlanan xalq özünə “kəngər” demiş, dövlətini də “Kəngər” dövləti adlandırmışdır. Kəngərlərin ilkin dövlət qurumu Azərbaycanda – Kür-Araz ovalığı və Urmu gölünün ətrafında yaranmış, kəngərlər Urmunun yaxınlığında Patağ (Zaqros) dağlarının keçidlərindən aşaraq İkiçayarasına (Mesopotamiyaya) yerləşmiş, orada yeni mərkəzlərini yaratmışlar. Bu qədər aydın olduğu halda, görəsən, çağdaş (son iki yüzil) tarixdə məsələni bunca dolaşdırmağın nə mənası var?! Bəzi tarixçilər məsələni daha da dolaşdırmaq, insanları çaş-baş salmaq üçün bir az da irəli gedərək heç bir məntiqi dəlilə əsaslanmadan deyirlər: belə güman da etmək olar ki, bəlkə də şumerlər Hindistandan qayıqlarla İkiçayarasının aşağısına gəlmiş, oradan da sonralar yuxarılara yayılmışlar. Belə bir saxta ehtimal, görəsən, kimə və nəyə gərəkdir?! “Kimə” dedikdə aydındır: hind-avropaçılara, avropamərkəzçilərinə. “Nəyə” dedikdə də aydındır: nə olur-olsun, Azərbaycanla, türklərlə bağlı olmasın! Tarixdə yaxşı nə varsa Hindin, Parsa’nın və Avropanın adına yazılsın!
Tarixə bu qərəzli baxış və onun elmə, dünyagörüşünə və insanlığa zərəri Avropada indi də düşünülməkdədir. Çox təəssüf ki, Rusiya və Parsa (Parsua) tarixçiləri məlum ideoloji məqsədləri üçün, öz keçmiş mövqelərini bərkitmək, qoruyub saxlamaq üçün dəridən-qabıqdan çıxmaqda davam edirlər. Ona görə də bu gün gerçək tarixçiliklə qondarma ideologiyaçılıq çarpışmaqdadır; sonda gerçək tarixçilik qalib gələcəkdir!
Bir daha qeyd edək ki, Azərbaycan dünyada ən qədim insan məskənlərindən biridir. Dünyada tapılan yeddi ən əski insan sümüyündən biri (Azıxantrop insanın çənə sümüyü) Azərbaycanda tapılmışdır. Bəlli olduğu kimi, bu tarix faktı dünya arxeoloqları tərəfindən qəbul edilmişdir.
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu mədəniyyət tarix elmində “Kür-Araz mədəniyyəti” adlanır. “Kür-Araz mədəniyyəti” eradan qabaq VII-II minilliyə aiddir, mərkəzi Azərbaycan olmaqla şərqdə Orta Asiyanın güney-batısından tutmuş qərbdə Doğu Anadolu, şimalda Güney Qafqazdan tutmuş cənub-qərbdə Dəclə çayı, güneydə Bəsrə körfəzinədək böyük bir ərazini əhatə edir.
Kür-Araz mədəniyyəti eradan qabaq X-VI minillikdə Orta Asiyada yaranmış mədəniyyətin ardıcılı, “Şumer (Sumer) mədəniyyəti” adlanan mədəniyyətin öncülüdür.
Bəzi tarixçilər Kür-Araz mədəniyyəti ilə yaxından taniş olmadıqları üçün bu mədəniyyətin tərkib hissəsi olan Urmiya (Urmu gölünün ətrafında yayılmış hissəsini) mədəniyyətini “ilkin Şumer mədəniyyəti” adlandırırlar. Biz bu cür təyinatın tam əleyhinəyik. Bununla bərabər, “Urmu mədəniyyəti” ilə Şumer (oxu: Kəngər) mədəniyyətinin bir-birindən tam ayrılmasının, təcrid edilmiş halda araşdırılmasının da tərəfdarı deyilik – bu, çox qondarma olardı. Ona görə də gələcək araşdrıcılara tövsiyə olaraq belə bir təklif irəli sürmək istərdik – bu mədəniyyətləri eyni bir “Azər-Kəngər mədəniyyəti” adı altında öyrənmək daha doğru olardı!
“Azər mədəniyyəti Kəngər (Şumer, Sumer, Suber, Super) mədəniyyətinin sələfidir” tezisi problemə baxışı düzgün yönəldir.
Eradan qabaq VII-II minillikdə Azərbaycanda yaranan bu mədəniyyətin yaradıcıları kimlər olmuşdur? Yüz ildən çoxdur belə bir məsələ bu sahədə (daha doğrusu, Yaxın və Orta Şərq və orta əsrlər tarixi sahəsində) çalışan bütün tarixçiləri düşündürmüşdür ki, burada hansı xalqlar yaşamışdır? Bəlli olmuşdur ki, Ural-Altay, hind-Avropa [xalqları] və samilər. Son onillərdə bunlara “Qafqaz dilləri qrupuna mənsub olanlar” da əlavə edilir.
Bu problem təkcə tarixçiləri – tarix elmini deyil, bütün inkişaf etmiş ölkələri: İngiltərə, Fransa, Almaniya, İtaliya və s. düşündürmüş, məsələ elm marağı ilə yanaşı, deyə bilərik ki, daha çox siyasət marağı yaratmış, tarixçilik çox halda siyasətə xidmət etdiyindən öz gerçək mövqeyini itirmiş, tarix elminin bu sahəsində uydurmalar, qondarmalar baş alıb getmişdir. Bildiyimiz kimi, Avropa – Qərb dünyanın önünə çıxmağa başlayandan dünyaya ağa olmaq uğrunda mübarizə aparmış, ona görə də dünyanı yaxından tanımaq Qərb üçün gərəkli olmuşdur. Bunun üçün də Asiya, Amerika və Afrika qitələri hərtərəfli tədqiqat obyektinə çevrilmişdir. Nəticədə, “avropamərkəzçilik” ortaya çıxmış, “Asiya”, “Afrika” tədqiqat institutları, akademiyaları yaranmış, “gərəkli” olduğu üçün diqqət daha çox Asiyaya yönəldilmiş, yalnız bu əraziləri “öyrənmək” üçün “şərqşünaslıq” formalaşdırılmış, Yaxın və Orta Şərq Qərbin marağının əsas obyektinə çevrildikcə “asiyaşünaslıq”, “ərəbşünaslıq”, “iranşünaslıq”, “türkşünaslıq” meydana gəlmiş, bunlara Qərb dövlətləri həvəslə qızıl xərcləmişdir. Rusiya da Qərbə qoşulmuş, Asiyanın bölüşdürülməsində daha çox pay götürmək üçün Asiyanı öyrənən Qazandakı kəşfiyyat mərkəzini oradakı “Şərqşünaslıq İnstitutu” ilə birlikdə Peterburqa köçürmüşdür. Paris, London, Berlin, Münxen, Roma, Vyana, Peterburq bu gün “klassik şərqşünaslıq” adlandırılan şərqşünaslığın mərkəzlərinə çevrilmişdir. Bu mərkəzlərdə 3-5 alimi çıxmaq şərti ilə bütün “araşdırıcılar”ın baxışına “avropamərkəzçilik” hakim kəsilmiş, artıq XIX yüzilin sonlarında avropalılar tarixin yaradıcısı (subyekti), şərqlilər yaradılanı, qeyri-fəalı (obyekti) sayılmağa başlamış, ali irq, hakimiyyət, ağalıq üçün Tanrı və tarix tərəfindən “seçilmiş irqlər, xalqlar” nəzəriyyəcikləri meydana gəlmişdir. XIX yüzildə dünyada kiçik qitə olan Avropa özündən qat-qat böyük olan bütün qitələri: Asiya, Afrika, Amerika və Avstraliyanı ağalığı altına almışdı. Elmdə və dünya ictimai rəyində belə bir aparıcı baxış yaradılmalı idi: avropalılar Tanrı və tarix tərəfindən seçilmiş xalqlardır və dünyanı idarə etməlidirlər; vəhşi asiyalı, amerikalı, afrikalı və avstraliyalılara özlərini idarə etməyi öyrətməli, onlara mədəniyyət gətirməlidirlər. Bunun üçün də Tanrının gerçək dini olan xristianlığı yaymaqla Tanrı qabağında borclarını yerinə yetirir, qeyri-avropalıları öz vəhşi ağalarından xilas edir, onlara elm gətirir, onları mədəniləşdirir – avropalılaşdırır.
Bəs avropalıların elm və mədəniyyəti haradan başlayır? Yunanıstandan! Bəli, yunanlar avropalıların babalarıdır. Avropa mədəniyyəti yunan mədəniyyətinin davamıdır, ona görə də yunanları türklərin əlindən qurtarmaq avropalıların Tanrı və tarix qarşısında borcudur, buna tam haqları vardır. Bunu yerinə yetirdilər. Xristian erməni və gürcüləri müsəlmanların ağalığından qurtarmaq da elə. Onu da Rusiya yerinə yetirdi. Bəs Hindistan? Orada yaşayanlar ki xristian deyil! Hindlilər avropalıların ən qədim babalarıdır. Hindistan da onların ulu əcdadlarının vətənidir? Bəli, məhz buna görə ingilislər Hindistana “gəlmişlər”. Hind-Avropa qohumluğu yaradıldı və sübut edildi. Bütün xristianları bir cəbhədə birləşdirən Avropa buddist hindliləri də özünə qohum edəndən sonra meydanda kimlər qaldı – Avropanın Asiyaya ən qısa, ucuz və rahat yolunun qapısında dayanan türklər və ərəblər!
Ərəblər XVIII-XIX yüzilliərdə Osmanlı imperatorluğunun tərkibində idilər, elə bir müstəqil, təsiredici gücə malik deyildilər. Avropa, Asiya və Afrikanın qovşağında yaşayan türklər Afrika, Hind okeanı və Çinə çıxmaqda Rusiyaya, Orta və Uzaq Şərqə, cənub-şərqi Asiyaya, Quzey Afrikaya çıxmaqda bütün Avropaya mane olurdular.
Tarix dəyişmişdir. Bir zamanlar [məsələn, XI-XVII yüzillərdə Səlcuqlular (1038-1157), Qaraxanlılar (927-1212), Monqol-Göytürklər (1206-1290), İlxanlılar (1256-1356), Osmanlılar (1299-1922), Səfəvilər (1501-1736), Əfşarlar (1736-1749), Teymurlular (1370-1507), Böyük Moğollar (1526-1858)] dünyaya hökm edən, ara-sıra Moskvanın, Romanın, Parisin, Vyananın qapılarını döyən, bütün dünya müsəlmanlarının xilaskarı, xristianlığa, yəhudiliyə Tanrı dinləri kimi hörmət edib şəfqət göstərən türklərin indi qapıları döyülürdü. Güclü türk imperiyalarından əsər-əlamət qalmamış, nə qalmışsa tarixə çökmüşdür. Öz yerlərinə başqa xalqlarda türk düşmənçiliyi qoyub getmişlər. Təkcə Osmanlı imperatorluğu öz varlığını zorla da olsa qoruyub saxlamaqda idi.
XVIII-XIX yüzillərdə Avropa və Rusiyanın işğal tarixlərinə diqqətlə baxsaq onun ana xəttini türklərlə müharibələr və türk torpaqlarının işğalı, türklərin dünya çapında genosidi (soyqırımı) təşkil edir. Dünyanın hakim dövlətlərinin və qüvvələrinin bu ardıcıl siyasəti nəticəsində “böyük türk düşmənçiliyi” yarandı. Bu, öz təsirini Avropada yaranan yeni tarixçilikdə və ona xidmət edən şərqşünaslıqda da tapdı.
XIX yüzildə Hindistanda (Böyük Moğollar), Orta Asiyada, Qafqazda və o sıradan Azərbaycanın quzeyində, Uyğurustanda, Türküstanda türk sülalələrinin hakimiyyətlərinə son qoyuldu, ərəblər Osmanlı türklərinə qarşı qızışdırıldı.
Bütün bunlara haqq qazandırmaq üçün bir yol vardı – turkləri vəhşi, qaniçən, xristian düşməni, rus düşməni, mədəni hind-avropalıların və samilərin düşməni, işğalçı və hər yerə gəlmə, ümumiyyətlə götürəndə insanlığın, bəşərin düşməni elan etmək, dünya xalqlarını onlara qarşı qaldırmaq, türkləri içdən bölük-bölük etmək. Bununla bağlı Yaxın və Orta Şərq tarixi ilə məşğul olan Avropa tarixçilərinin və onların əlaltı etdiyi Şərq tarixçilərinin, asiyaşünasların və şərqşünasların qarşısında hansı məsələlər, problemlər dururdu? Əsasən:
  1. Dünya xalqlarını irqlərə bölmək. (Bəlli olduğu kimi, bunun nəticəsində insanlığa düşmən olan irqçilik nəzəriyyəciyi törəndi).
  2. Xalqları “mədəni”, “qeyri-mədəni” və “barbarlar”a bölmək.
  3. Dünya mədəniyyətinin bütün uğurlarını hind-avropalıların ayağına yazmaq.
  4. Türkləri, yəhudiləri, monqolları və islam dinini bəşəriyyətin düşməni, ən azından, antipodu kimi qələmə vermək (nəticədə yəhudi qırğınları baş alıb getdi, Ural-Altay xalqları bölük-bölük edildi, XIX yüzilin ortasında Rusiya Osmanlı sultanından tələb etdi ki, müsəlmanlıqdan əl çəkib xristianlığı qəbul etsin, Volqaboyunda və Sibirdə türklər zorla xristianlaşdırıldı, Azərbaycan, Mərkəz Türküstan və Doğu Türküstan bir neçə yerə bölündü).
  5. Afrikalıları ən geridə qalmış, barbarlar kimi qələmə vermək, qul alverinə və işğallara bəraət qazandırmaq. (Qul alveri, işğallar və qətl-qarət nəticəsində Afrika yüz milyona yaxın insan itirmiş, yalnız Osmanlı sultanlarının tələbi və təzyiqi nəticəsində Şimali Afrikanın müsəlman ərəb, bədəvi və bərbərlərindən qul aparılmamışdır).
  6. Çinliləri sarı irqə daxil etmək, sarı irqi bəşəriyyətin “sarı çuması” elan etmək, Çinə qarşı birgə yürüşə haqq qazandırmaq.
  7. Osmanlı sultanlığını “xəstə adam” elam etmək, onun ərazisini və irsini mənimsəmək üçün qabaqcadan cəmiyyətdə rəy yaratmaq, Avropa və Rusiyada türklərdən, türk-monqollardan, busurman (müsəlman) və “qaralar”dan intiqam almaq vaxtının çatdığı fikrini yaratmaq və aşılamaq. (Hətta A.Puşkin də yazırdı ki, tatarlardan, xakaslardan, çuvaşlardan intiqam almağın vaxtı çatıbdır).
  8. Türklərin sonradan yaranma və hər yerə gəlmə olduqlarını isbatlamaq, sonda isə türklərə türk olmadıqlarını sübut etmək!
Stalin türk düşmənçiliyində hələ gəncliyindən tanınan tacik şovinisti Babacan Qafurovu 36 yaşında Moskvadakı birbaşa mərkəzi hakimiyyətə xidmət edən Şərqşünaslıq İnstitutunun (SSRİ Elmlər Akademiyası) direktoru təyin edərkən demişdi: Səni ora direktor qoyuram. Sübut etməlisiniz ki, SSRİ-də türk yaşamır!
Bu göstəriş Stalinin sağlığında həll edildi. Bundan sonra Şərqşünaslıq İnstitutu B.Qafurovun rəhbərliyi altında və Leninqrad Şərqşünaslıq İnstitutu Güney Azərbaycanda və İranda türklərin tarixən olmadığını, azərbaycanlıların isə Səlcuqlular dövründə türkləşmiş irandilli xalq olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxmağa başladı. Bir sıra Avropa, Azərbaycan və İran institut və alimləri də onlara qoşuldu. Bu yolda minlərlə insan ömrü və milyardlar xərcləndi, elmdə haqqı arayanların səsi batırıldı, eşidilməz oldu. Azərbaycan türkləri “irandilli” edildi, irandillilər də “hind-irandilli”, onlar da öz növbəsində “hind-avropalı” oldu.
Bu saxtakarlığın yönəldicilərindən olan bir qrup alim (Livşits, Qrantovski, İqrar Əliyev və b.) bir zaman onlara qarşı çıxan bizim alimlərə (mən də iştirak edirdim) dedilər ki, “siz azərbaycanlılar sevinin ki, biz sizi bu yolla ari irq edirik, dünya mədəniyyətini yaradan xalqların sırasına qoşuruq”. Mən onlara dedim: “Tarixi saxtalaşdırmağı boynunuza aldığınıza və bizə açıq etiraf etdiyinizə görə çox sağ olun. Gün o gün olsun ki, bunu əsərlərinizdə də yazasınız! Biz türklər tarixi yaratmışıq, ancaq onu yazmamışıq. Bir gün gələr – yazarıq”. (Bu sözləri o zaman deyəndə bilmirdim ki, Böyük Atatürk demişdir: “Tarixi yazmaq onu yaratmaq qədər çətindir!”).
Siyasət tarixində, tarix elmində və şərqşünaslıqda türk düşmənçiliyi bir neçə yüz il davam etmişdir. Tarix elmi və şərqşünaslıq böyük siyasətin müşayiətçisinə, ara-sıra əlaltısına çevrilmişdir.
İndi dünyanın siyasəti dəyişməkdə, türk düşmənçiliyi (antitürkçülük) sönməkdədir. Uzun müddət dünyada hökm sürən hakim millətçi, şovinist və imperialist siyasətin yerini demokratiyaya dayanan siyasət tutmaqdadır. Bu siyasət elmdə və şərqşünaslıqda özünü hökmən göstərəcəkdir. Azadlığa qovuşan xalqlar öz tarixlərinə, keçmiş mədəniyyətlərinə yenidən baxacaq, bir çox uydurma və qondarmalar, saxtakarlıqlar aradan qalxacaq, tarix gerçəkliyi üzə çıxacaqdır.
Bir məsələdə daha diqqətli olmalıyıq: Avropa və Rusiyanın bir sıra tarixçi və şərqşünaslarının əsərlərində çox qiymətli cəhətlər var. Onların xidmətini heçə endirmək olmaz. Etiraf etmək gərək ki, XVIII-XX yüzillər Avropası və Rusiyası biz türklərin tarixini, ədəbiyyat, incəsənət, din, fəlsəfə və mədəniyyətini bizim özümüzdən çox öyrənmiş, yüz minlərlə əlyazmalarımızı qoruyub saxlamış, bu yolda var-dövlət, qızıl-gümüş, milyardlar xərcləmişlər. Bu baxımdan biz Avropa elminə və mədəniyyətinə minnətdar olmalıyıq, ondan səmərəli faydalanmalıyıq.
Avropanın hegemon dövlətlərinin və Rusiyanın türk düşmənçiliyində ən çox istifadə etdiyi silahlardan biri də Parsua-İran olmuşdur. I Pyotr öz sələflərinə vəsiyyətində göstəriş verirdi ki, Farsistanı (Persiya) axıradək əzməsinlər – o, Türkiyəyə qarşı mübarizədə Rusiyaya lazım olacaq.
Yaxın və Orta Şərqdə işğalçılıq siyasəti yürüdən hər hansı bir Avropa dövləti belə düşünürdü. Ancaq Pyotr (Rusiya) Osmanlı imperatorluğunu dağıdandan sonra Persiyanı da dağıtmağı, məhv etməyi qarşısına məqsəd qoyduğu halda, Britaniya hind-avropalılarla qohum sayılan farsları “İran” adlanan inzibati dövlət birliyinə hakim yapmaq, onunla Hindistanla olduğu kimi davranmaq niyyətində idi. İngiltərə, Rusiya və Fransa uzun müddət İran uğrunda gah gizli, gah açıq toqquşdular. Hər üçü də farslara xüsusi rəğbətlə yanaşır, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırdı.
Vuruşan, ölən, siyasəti və dövləti idarə edən türklər olduğu halda, tarixdə, Rusiya dövlət sənədlərində, mətbuatında və arxiv sənədlərində “persidskiye dokumentı” (“fars sənədləri”), “voyna s Persiyey” (“Persiya ilə müharibə”) və s. yazılırdı. Bütün məsələlər də Azərbaycanla bağlı idi. Məsələyə dərindən yanaşsaq dövlət Qacarlar dövləti, Azərbaycan və Fars ona daxil olan əyalətlər idi. Müharibələr Azərbaycanda gedirdi və əslində Rus[iya]-Azərbaycan müharibələri idi, tarixə isə “Rossiysko-persidskiye voynı” (“Rusiya-Persiya müharibələri”) adı ilə daxil edilirdi. Bütün bunlar dünən (XIX yüzildə) baş vermiş və tarix gözümüzün qabağında saxtalaşdırılmışdır.
Bunları sadalamaqda məqsədim odur ki, hörmətli oxucu bir daha diqqətli olub, Azərbaycanın və onun ən qədim və ilk sakini olan türklərin qədim və orta əsrlər tarixinin necə saxtalaşdırıldığını az da olsa təsəvvüründə canlandıra bilsin. Və təsəvvür etsin ki, Azərbaycan tarixinin gerçəkliyini üzə çıxarmaq istəyən tarixçilər necə çətin, ağır duruma düşmüş, necə böyük axın halında olan hücumlara məruz qalmış, hansı mənəvi sarsıntıları keçirmişlər. Son 30 ildə mən özüm bu konfrans, seminar və yığıncaqların iştirakçısı və tanığı olmuşam. Alimlərimizdən Ziya bəy Bünyadov, Süleyman bəy Əliyarov, Yusif bəy Yusifov, Mahmud bəy İsmayılov, Şövkət xanım Tağıyeva, mərhum Mirəli bəy Seyidov, mərhum Xudu bəy Məmmədov, mərhum Aydın bəy Məmmədov, mərhum Zelik Yampolski, mərhum Məmmədəli bəy Hüseynov, Tofiq bəy Hacıyev, Kamil bəy Vəliyev, Zakir bəy Məmmədov, İsa bəy Qəmbər, mərhum Malik bəy Mahmudov, mərhum Əbülfəz bəy Hüseynli, Yaqub Mahmudov, Qeybulla bəy Qeybullayev, Məhəmməd bəy Tantəkin və b. (adlarını çəkmədiklərim məni bağışlasın) hər cür hücum və təzyiqlərə məruz qalır, “millətçi”, “pantürkist”, “feodal dövrünün tərənnümçüsü” və s. damğalarla, 37-38-ci illərin havası ilə təhdid edilirdilər (ölənlərə min rəhmət, qalanlara Tanrı yar olsun!).
Bir daha təkrar edirik ki, birgə götürdükdə türk tarixini, ayrıca olaraq da Azərbaycan tarixini araşdırmağın tək bir metodu yoxdur, halbuki bunsuz gərəkli ölçüdə irəli getmək mümkün olmayacaq. Alimlərimizin demək olar ki, hamısı tarixi marksist-leninçi metodologiya əsasında araşdırıb. Qısaca olaraq, bu, nə deməkdir: bütün tarix boyu 4 quruluş olub: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm; beşincisi həm də sonuncu olacaq, onu kommunistlər quracaq, adı da kommunizmdir, sosializm onun birinci mərhələsidir. Tarix siniflərin mübarizəsi tarixidir. İbtidai icma quruluşunda siniflər olmayıb, dövlət olmayıb, çünki dövlət bir sinfin başqa sinif üzərində ağalığını təmin edən alətdir, kommunizmdə də siniflər aradan qalxacaq, deməli, dövlət ölüb gedəcək. Quldarlıq eradan qabaq III minillikdən başlayır; feodalizm indiki eranın III yüzilindən başlayır; kapitalizm (yeni dövr) İngiltərədəki burjua inqilabından başlayır; Rusiyada oktyabr inqilabından ən yeni dövr başlayır və başqa, və başqa hökmlər…
Tarixi saxtalaşdırmaqda bundan eybəcər metodologiya düşünmək və tapmaq mümkün deyil! Tarix elmi Sovet İttifaqında yalan marksist ideologiyanın yalançı quluna çevrildi. İstər-istəməz belə bir tezis yaranırdı: əgər III yüzildən öncə hər hansı bir dövlət olubsa, deməli, quldar dövlət olub; bundan qırağa çıxmaq olmaz. Quldarlıq quruluşu öz növbəsində ən mürtəce, ən pis quruluş olub. Sovet tarixçiləri yeni tezis meydana atdılar: ruslar, ümumiyyətlə götürdükdə slavyanlar, qul olmayıblar, quldarlıqdan yan keçiblər, birbaşa feodalizmə daxil olublar. Çox qəribə bir mənzərə yarandı – almanlar da quldarlıqdan yan keçiblər. Bunun ardınca gürcü və erməni tarixçiləri dəridən-qabıqdan çıxıb sübut etmək istəyirdilər ki, gürcülər də, ermənilər də quldarlıqdan yan keçiblər. Sonra bu Sovet tarixçiləri dilemma qarşısında, iki yol ayrıcında qaldılar: bu ölkələrdə feodalizm IX yüzildən sonra başlayıb, quldarlıq da olmayıb, deməli, X yüzilədək bu xalqların dövləti olmayıb? Onda iki yol seçildi: birinci, bu ölkələrdə feodalizmin tarixini qədimə sürükləmək; ikincisi, Marksın əsərlərində bir-iki yerdə işlətdiyi “Asiya istehsal üsulu” ifadəsini əsas götürmək, ona yeni şərhlər vermək, quldarlıq istehsal üsulundan fərqli olan yeni bir istehsal üsulu tapmaq və oraya daxil olmaq. Nəticədə daima “Asiya feodalizmi”, “hərbi-demokratiya dövlətləri”, “tayfa dövlətləri” və başqa təyinatlar meydana çıxdı. “Asiya istehsal üsulu” haqqında mübahisələrə 1938-ci ildə Stalinin göstərişi ilə qadağa qoyuldu, 60-cı illərdə sovet tarixçiləri bir daha bu problemi ortaya atdılar, içindən heç nə çıxmadı… Sonra Sovet İttifaqı dağıldı, marksist-leninçi metodologiya da onunla birlikdə hara atıldısa bəlli deyil. Keçmiş sovet tarixçiləri ideologiyasız və metodologiyasız qaldı. Bizdə bir zərbi-məsəl var: “Ara qarışdı (bəzən də “qızışdı” deyirlər), məzhəb itdi”. Bəli, ara qızışdı və qarışdı, marksist-leninçi məzhəb itdi.
Haylı-küylü, qanlı-qadalı, dünyanı qorxuya salan, yalanı həyat kredosu edən zalım və müstəbid sovet diktaturası tarixə düşdü. Böyük Füzuli demişkən:

          Padişahi-mülk dinarü dirəm rüşvət verib,

          Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.

          Göstərən saətdə dövrani-fələk bir inqilab

          Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

“Sovet İttifaqı” adlı rus imperiyası fani oldu, yerində müstəqil dövlətlər yarandı. Azad xalqlar keçid dövrünü yaşayırlar, keçmiş sovet tarixçiləri də marksist-leninçi qandallardan qurtuldu, yeni metodologiyaya üz tutdu. Ancaq bir həqiqət vardır ki, siyasət, iqtisadiyyat və ictimaiyyətdə birindən obirinə keçmək, dəyişmək, uyğunlaşmaq ideya, fikir və təfəkkürdə adaptasiya olunmaqdan qat-qat asandır. Onda biz tarixçilər (əgər mən də özümü tarixçi saysam və tarixçilər məni tarixçi saysalar) nə etməliyik?
Demokratiya biz fikir qullarını azad etdi, o cümlədən Azərbaycan sovet tarixçilərini. Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz – ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar. Nəticəsi nə olacaq? Ya marksist-leninçi metodologiyadan əl çəkməyəcək, ya da klassik burjua metodologiyasının – nisbətən yaxşı ağanın qulu olacağıq. Bu isə qoyunun ayıdan qurtulub insanın əlinə düşməsinə oxşayır. Hər iki halda onu ölüm gözləyir. Birincinin adı aydındır, ikincinin adı ən yaxşı halda qurbanlıqdır. Nəticə eynidir. Çıxış yolu? Var! Azərbaycan tarixçiləri (Güneyli-Quzeyli) bir yerə yığışıb (əgər toplaşmağa imkan versələr və yaxud biz toplaşmağı bacarsaq) Azərbaycan tarix və mədəniyyətinin araşdırılmasının metodologiyasını yazmalıyıq, sözün əsl mənasında yaratmalıyıq!
Bu gün kimə sorsan ki, hansı metodologiyaya əsasən elmi iş işləyirsən? Cavab verə bilmir. Mən təklif edirəm ki, hələlik ilkin olaraq tarix-məntiq metodunu qəbul edək. Bu metod nə üçün təqdim edilir? Birinci, ona görə ki, istər Azərbaycanın, istər türklərin, istərsə də bütün dünyanın qədim və ən qədim tarixi ya həddən az, üzdən öyrənilib, ya da heç araşdırılmayıb, öyrənilməyib. Buna görə də birinci vəzifə kimi qarşıda empirik məlumatların toplanması gərəkdir. Sonra bu məlumatlar “empirik və xronoloji tarixliyə” toplanmalıdır.
İkincisi, bu empirik məlumatlar bir məntiqə dayanmalıdır. Bu da tarixsəl məntiqdir. Məsələn, empirik məlumat ya mifdən, ya dildən, ya dindən gələ bilər. Bunların öz məntiqi, öz sistemi vardır. Ümumi götürsək, min illərlə bəşərin yararlandığı “formal məntiq” adlanan məntiq (loqos) bunları qəbul etmir. Bəlli olduğu kimi, miflər loqosa tab gətirməyərək öz yerini dinlərə, onlar da zaman-zaman tab gətirməyərək öz yerlərini elmə, fəlsəfəyə verməkdədir. Hər bir dilin isə öz məntiqi vardır və onlar ümumi formal məntiqdən fərqlidir.
Üçüncüsü, tarixsəl məntiq nə üçün gərəkdir?
Bir mənanı deyə bilərik ki, tarixin fəlsəfəsini anlamaq və yaratmaq üçün. Çünki hələlik, bəlkə də bir neçə yüzil son söz tarix fəlsəfəsinindir.
Bəşər tarixi başlayandan (nə vaxtdan başlandığı elmdə müəyyənləşməyib, mübahisəlidir; bu haqda sonradan öz fikrimizi bildirəcəyik) mif, dinelm bir-birindən yararlanmaqla bərabər, həm də bir-birilə kəskin çəkişmə, mübarizə və münaqişədədirlər. Bir sıra tanınmış tarixçi və filosoflar mifi dinin sıxışdırıb aradan çıxardığını, bir başqaları isə, əksinə, bəşəriyyətin inkişafı nəticəsində insan oğlunun mifdən dinə keçdiyini, dinin mifə varis olduğunu yazırlar; belə ki, dinlərin hamısında özündən əvvəlki əsatirlərin (miflərin) bir qismi yer tapdı və yaşadı.
Dinin əsatirə (mifə) münasibəti ilə elmin mifə münasibəti ayrı-ayrıdır. Din bir sıra əsatirləri “saf-çürük” edib özünə gərəklilərlə ara-sıra çulğaşdı və onları öz içərisinə aldı. Elm isə əsatirləri (mifləri) öyrənir, öz məntiqi əsasında təhlil edir, gerçək saydığı yerlərdən fakt, dəlil kimi yararlanır, onu öz içərisinə qarışdırmır.
Bir sıra tanınmış filosof və alimlər elmlə müqayisədə miflərə, mifologiyaya ayrı-ayrı baxışla yanaşır, müxtəlif qiymətlər verirlər. Görkəmli türk tarixçi, mifoloq, mədəniyyətşünas alimi mərhum Bəhaəddin Ögəl yazır: “Bugünkü millətlər arasında da köklü bir mifolojiyə sahib olanlar və ya olmayanlar vardır. Məsələn, alman və Skandinaviya qövmləri çox geniş və əski bir ədəbiyyata sahibdirlər. Bunun üçün də bu məmləkətlər tarixi (traditional) metoda böyük bir önəm vermişlər. Amerika kimi yeni topluluqlarda isə belə tarixi bir ədəbiyyat yoxdur. Bu səbəblə bu məmləkətlərin bilginləri də adəta alman məktəbinə cəbhə almış kimidirlər” (Prof. Dr. B.Ögəl. Türk mifolojisi, qaynaqlar və açıqlamaları ilə dastanlar. İki cilddə. Ankara, 1993, 1995; I cild, s.V).
Almanların doğrudan-doğruya mifologiyaya maraqları çox böyükdür. XIX yüzildə bu maraq azalmamış, bir qədər də artmışdı. F.Hegel (1770-1831) deyirdi: mifləri rədd etmək yox, onların yenisini, hətta “ağlın mifologiyasını yaratmaq gərəkdir”. “Allah öldü” deyən Fridrix Nitsşe (1844-1900) mifə rəğbətlə yanaşır. “Zərdüşt belə demişdir” adlı dini-mifik əsərində sanki “ağlın mifologiyası”nı yaratmağa çalışırdı.
Emmanuel Kant, Karl Marks, Maks Veber (1864-1920), Fridrix Engels və b. alman tarixçi və filosofları mifə və mifologiyaya xüsusi diqqət yetirmişlər. Marks, Engels, Karl Yaspers (1883-1969) mifologiyanın tarixi əhəmiyyətini qiymətləndirməklə yanaşı, onu elmə zidd saymışlar. K.Yaspers “Tarixin məqsəd və təyinatı” adlı əsərində eradan qabaq VIII-II yüzillər arasını, daha doğrusu, VII-III yüzilləri özündə birləşdirən 500 ili tarixin oxu (məhvəri) kimi qiymətləndirərək, bütün tarixi bu “ox epoxası”nın ətrafında qurur və qeyd edir ki, məhz bu epoxanın təsirindən həmin dövrdə “mifoloji epoxa özünün təmkinli dəyanəti ilə sona çatdı… Mif din üçün material oldu. Din onun əsl mənasını yox, onu rəmzə çevirərək tam başqa nəyi isə ifadə etməyə başladı”.
K.Yaspers qeyd edir ki, mif tam ölmədi, geri çəkildi, xalq kütlələrinin ona olan faktik inamından yararlanıb “daha sonra nəticədə idrakın geniş sferasında yenidən qələbə çala bildi”. Yaspers mifologiyaya qarşıdır, dinin və fəlsəfənin onun üzərində qələbəsini alqışlayır, sevinclə qarşılayır, sonra fəlsəfəni bütün inancları əvəz edən “yeni bir İNANC” kimi görmək istəyir və bunu özünün əsərində təbliğ və təlqin etməyə çalışır.
Tanınmış tatar tarixçi və filosofu Lev Qumilyov “Min il Xəzər ətrafında” əsərində miflə elmi qarşı-qarşıya qoyaraq ayrıca bir başlıqda (“Mif elmə qarşıdır”) A.Quliqanın “mif zaman kateqoriyası bilmir, mifdə həyat əbədi təkrardır” fikrinə dayanaraq yazır: “Onda buradan belə çıxır ki, tarix bir-biri ilə bağlı və ardıcıl hadisələr haqqındakı elm-mifin antipodudur; bu, birinci tezisi möhkəmlədir – mif yalanın sferasında yerləşir”.
Bu başlığa Qumilyov belə sonluq yazır: “mifin məlumatlarını yoxlamaq mümkün deyil. Nə vaxt ki mif təntənə ilə qalib gəlir, onda elmin, həm də bütün mədəniyyətin əsl tənəzzülü başlayır”.
Bəlli olduğu kimi, mif, din və elm arasında əlaqə və ziddiyyət haqda müxtəlif fikirlər çoxdur. Burada onları tutuşdurmaq, açıqlamaq qarşıya məqsəd qoyulmamışdır. Sadəcə olaraq, tarixçilərimizə və tariximizin fəlsəfəsi ilə məşğul olacaq mütəxəssislərə bir məsələni çatdırmaq istəyirik ki, Azərbaycanın, ümumiyyətlə, türklərin çox zəngin mifoloji irsi vardır. Biz tariximizi yeni metodla yazarkən diqqətli olmalı, miflərə necə yanaşmağı bilik yığıncaq, simpozium, konfrans və toplantılarında müzakirə edib üsul hazırlamalıyıq. Bunda birincilik elmə verilməli, mifin tarixləşməsinə, tarix elminin mifləşməsinə, mif bataqlığında batmasına heç cür imkan verilməməlidir! Farslar miflərindən tarix yaratdıqları üçün, yalanı gerçəklik kimi, mifi elm kimi qələmə verdikləri üçün, bununla da öz tarixlərini mifləşdirdikləri üçün nəinki başqalarını, ən çox özlərini aldatmış, indi elmdə, bütün ictimai elmlərdə özlərini dolaşdıraraq geridə qalmış, onlara uyanların da idrakı dolaşığa düşmüşdür. Bunu az sonra açıq görəcəyik.
İndi də bir neçə sözlə dinlə elmin, dinlə fəlsəfənin münasibətlərinə baxaq. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, biz nə mifologiyanın, nə də dinin əleyhinə deyilik. Ancaq mif və din çox böyük tarixə malik olduğu üçün özünütəqdimin müxtəlif formalarını tapmış və həm də asan qavranıldığı üçün geniş insan kütləsinə təsir edib onu öz tərəfinə çəkə bilmişdir. Elm və fəlsəfə isə həm özünütəqdimat baxımından, həm də qavranılma baxımından çox mürəkkəbdir, çoxlu maddi əsas və ağır zəhmət tələb edir. İnsanlar daha çox asana qaçır, daha çox mifdə və dində rahatlıq, dinclik tapırlar. Onu da yaddan çıxarmaq olmaz ki, elm, fəlsəfə çətin mənimsənilsə də bəşərin ən böyük nailiyyətləri elmin hesabına olmuşdur.

          Qüvvət elmdədir, başqa cür heç kəs

          Heç kəsə üstünlük eyləyə bilməz.

                                        (Nizami Gəncəvi)

Dinlər, miflər müxtəlifdir, çox vaxt da bir-birinə qarşıdır. Elm tək bir sistemdir, dinamikdir, daim inkişafdadır, təkamül və sıçrayışla irəliləyir. Orta çağlarda din hakim mövqedə olanda bütün elmlərin məcmusunu fəlsəfə təmsil edirdi, elmin adından fəlsəfə çıxış edirdi. O zaman din – fəlsəfə münaqişəsi daha kəskin, daha sərt idi. Çatışmazlıqlarına baxmayaraq, formal məntiq fəlsəfənin bir silahı kimi mifə və dinə qarşı mübarizədə əsas yer tuturdu. Öz dövrlərində dünyanın ən böyük filosofları olan Kindi, Farabi, İbn Sina, İbn Rüşd, Bəhmənyar və b. məntiqfəlsəfəni cəmiyyətdə yüksək bir mövqeyə qaldırmışdılar.
İmam Cəfər Sadiq, Əbu Hənifə, Məhəmməd Şafii, Buxari, Məhəmməd Təbəri, Qəzali kimi nəhəng müsəlman ilahiyyatşünas alimləri dinin nüfuzunu qoruyur, onu yeni deyim və metodlarla geniş kütləyə aşılayırdılar. Belə demək mümkünsə, “din elmləri”nin fəlsəfə elmləri qarşısında geri çəkildiyini görən Qəzali “Din elmlərinin dirildilməsi” adlı dörd qalın cilddən ibarət əsərini yazmışdır. Burada o, Farabi və İbn Sina kimi böyük filosofları tənqid edir, kəskin şəkildə islam dinini fəlsəfəyə qarşı qoyurdu. Bundan sonra dinlə fəlsəfənin mübarizəsi daha da kəskinləşmişdir.
Yeri gəlmişkən, qeyd edək ki, Avropada xristian dini fəlsəfəni sıxışdırıb zorla meydandan çıxarmış, yüzillər boyu fəlsəfə ilə məşğul olmaq qadağan edilmiş, fəlsəfə ilə məşğul olanlar amansızcasına təqib edilmişdir. Orta əsrlərdə islam dini xristian dininə baxmış elmə və fəlsəfəyə loyal idi. Qur’anda elm yüksək qiymətləndirilir. Allah ən böyük bilici (alim) sayılır, elmi bilmək Allahın ən gözəl keyfiyyətlərindən biri kimi təqdim edilir.
Qur’anda bir ayədə deyilirdi ki, “elm müsəlman kişi və qadın üçün fərzdir”, yəni Allah qarşısında borcudur. Həzrəti-Məhəmməd peyğəmbərin dili ilə hədisdə müsəlmanlara göstəriş tərzində deyilirdi: Utlubul-elm minəl-məhd iləl-ləhd 1. (“Ləhd” bizim tələffüzümüzdə “əlhəd” şəklini alıb. İslam dininə görə, insan öləndə qəbrə qoyulub üstü örtüləndən sonra dirilir, ayağa durub getmək istəyir, başı qəbirdəki daşa dəyəndən sonra yıxılır və öldüyünü başa düşür. Bu daşın adına ərəblər “ləhd” daşı deyirlər).
İslamda (Qur’andan başlayaraq) elmin mövqeyi, elmə münasibətə aid geniş məlumat üçün Rozentalın “Elmin təntənəsi”, A.Metsin “Müsəlman intibahı” əsərlərinə baxmaq kifayət edər.
İbn Rüşd elmlə dinin mübahisəsinə belə bir maraqlı yekun vurmuşdur: “Din xəstələr üçün dərmandırsa fəlsəfə də sağlamlar üçün qidadır”.
Bəli, biz bu gün təmiz elmlə qidalanıb sağlam şüurla Azərbaycan tarixini həm yaratmalı, həm də ən əski çağlarından bugünədək yeni metodla yenidən yazmalıyıq!
Qayıdaq tariximizə!
Aristotel, Farabi və b. böyük filosoflar dönə-dönə göstərmişlər ki, fəlsəfə ilə məşğul olmaq istəyən, sözün əsl mənasında filosof olmaq istəyən adam mənəvi və fiziki cəhətdən təmiz və sağlam olmalı, gəncliyindən həyatını buna sərf etməlidir. Mən bu sözləri bütünlüklə türk-Azərbaycan tarixçisinə aid edirəm. Hər bir tarixçi, siyasətçi, filosof, alim, ümumiyyətlə, əsl mənada İNSAN bilməlidir ki:
birinci, gerçəkliyi görmək, anlamaq çətindir;
ikinci, gerçəkliyi görüb anlayandan sonra onu demək, yazmaq çətindir;
üçüncü, bunlardan sonra gerçəkliyi savunmaq, müdafiə etmək çətindir;
dördüncü, onu insanlara, topluma çatdırmaq çətindir.
Bütün bu dörd mərhələni keçə bilən İNSAN böyük HAQQı dərk etmiş olur, ruhən ona qovuşur.
Alimlər, siyasətçilər bilməlidir ki, başqasının yalanı birini-beşini bədbəxt edirsə onların yalanı minləri, milyonları, xalqları və ölkələri bədbəxt edə bilər. “Güclü birini, bilikli minini yıxar” atalar sözü burada yerinə düşür.
Tarixçi, tarixçi-filosof ruhunda daşıdığı böyük Gerçəklik naminə hər cür saxtalaşdırmanın qarşısını almalı, sözün əsl mənasında saxtakarlığa qarşı dör-dör döyüşməlidir. Tarix elminin cəlbediciliyi, insanlar üzərində güclü təsiri vardır. Buna görə də sovet diktaturası tarix elmini marksist-leninçi ideologiyanın “əsaslarından biri kimi” götürərək onu ideologiyanın əlaltısına çevirmişdi. Tarix elmində yalanla azca həqiqət elə qarışdırılıb kütlənin mədəsinə yeridilirdi ki, insanlar bunu asanlıqla həzm edir, beyinlər asanlıqla dumanlanırdı.
Adətən, tarix boyu tarix elmindən yaramaz məqsədlər üçün də geniş istifadə edilməyə çalışmış, çox vaxt da buna nail ola bilmişlər. Buna görə də bu elmdən ucuz şöhrət axtaranlar, ondan gəlir yeri kimi yararlananlar, elmdə heç bir səriştəsi olmayanlar daha çox istifadə etməyə çalışmışlar. Bütün bunları hələ 600 il bundan qabaq yaxından izləyən və öz gördüklərini geniş incələyən görkəmli tarixçi, filosof İbn Xaldun fikirlərini açıqladıqdan sonra belə nəticəyə gəlir: Bunun (bilərəkdən və bilməyərəkdən, savadsızlıqdan və tarixçilikdə səriştəsizlikdən doğan saxtalaşmanın – Ə.E.) nəticəsi olaraq tarix elmi və fənni əsassız və qarışıq bir hala gəldi. Tarixə baxan və onu oxuyan da doğrunu yanlışla, gerçəyi batillə qarışdıran bir insan durumuna düşdü, tarix isə artıq, xalqın söylədiyi məsəllər, rəvayətlər durumuna gəldi, onların malı oldu… Bir çoxları tarix elmindəki hikmət və sirdən qafil olduqları üçün tarix elmi ilə məşğul olmaq cahillik halına gəldi. Xalq və elmlər haqqında əsaslı savadı olmayanlar tarix oxumağı, tarix sahəsində bilgi yiyəsi olmağı, bu sahəyə dalmağı və bu sahədə yetişməyi asan saydılar. Bunun nəticəsində güdülən dəvə, başına buraxılan dəvə ilə, iç qabıqla, doğru yalanla qarışdı. Bu işlərin aqibəti Allaha qalır.
Sanki bu sözlər türk tarixi üçün deyilmişdir. Dünyada böyük, tarixi millətlər arasında türklərin tarixi qədər dolaşdırılmış, türk düşmənləri tərəfindən saxtalaşdırılmış, türklərin özləri tərəfindən ən az araşdırılmış ikinci bir millətin tarixini təsəvvür etmək belə mümkün deyildir. Tarix millətləri içərisində türklər qədər öz tarixinə sayğısız yanaşan ikinci bir millət yoxdur. Tarixi şəhid qanı ilə yaradan bir millət unutmuşdur ki, qiyamət günündə gerçək alimin qələminin mürəkkəbi şəhid qanından fəzilətli tutulacaq.
Tarix və tarix elmi haqqında bir neçə söz. XIV yüzildə yaşayıb-yaratmış İbn Xaldun “Müqəddimə” əsərində yazır: “Bil ki, tarix elmi qayəsi şərəfli, faydaları olduqca çox, üsulu qayət önəmli olan bir fəndir. Çünki bu elm qədim xalqların yaşayış tərzi, peyğəmbərlərin gedişatı, hökmdarların var-dövlətləri və siyasətləri ilə bağlı hal-durumlarla bizi yaxından tanış edir…
Tarix bir çox qaynaqlara (mənbələrə), cürbəcür bilgilərə, yiyəsini haqqa çatdıran, xəta və əyintilərdən çəkindirən (çəkib çıxardan) gözəl bir düşüncəyə və prinsipiallığa möhtacdır”.
Son cümlədə son sözün – “möhtacdır” sözünün qarşısına “hər zaman” sözünü əlavə etsək nəyin vurğulandığı daha aydın olar. İbn Xaldun başqa bir yerdə tarixin müqayisəli metodundan danışaraq yazır: “Keçmiş indiyə və gələcəyə suyun suya bənzəməsindən daha çox bənzər!”. Son yüzildə geniş yayılmış “tarix olduğu kimi təkrar olunmasa da onda baş verən hadisələr bir-birinə çox oxşayır” fikri 600 il bundan öncə deyilmiş bu fikrə çox bənzəyir.
Ümumiyyətlə götürsək, mən marksist-leninçi metodologiyaya qarşıyam. Marksın və Leninin böyük tarixi səhvlərini mən universitetin üçüncü kursunda oxuyarkən anlamağa başlamışdım. 69-74-cü illərdə universitetdə dərs deyərkən bu səhvləri tələbələrimə və mənə yaxın olan alimlərimizə deyirdim; indi də keçmiş tələbələrimdən bir çoxu bunu təsdiqləyə bilər. Bununla yanaşı, Marks və Engelsin elmdə bir sıra xidmətlərini sadalayırdım, indi də inkar etmirəm. Xüsusən də Engelsin təbiətin tarixi və dialektikası, Marksın cəmiyyətin tarixi və dialektikası ilə ciddi məşğul olmaları və hər ikisinin bir yerdə müəyyən yeni ideyalar kəşf etməsi tarix elmi baxımından çox qiymətli idi. Marks və Engels tarix elmi haqqında yazırdılar: “Bizim tanıdığımız tək bir elm var – tarix elmi! Tarix iki cəhətdən nəzərdən keçiilə bilər – onu təbiət tarixi ilə insanlar tarixinə bölmək olar. Ancaq bu iki cəhət bir-biri ilə qırılmaz dərəcədə bağlıdır!.
Bizcə, sonuncu cümlə tarixin əsas düsturudur. Bu düstur başqa fikirləri, məsələn, tarixin obyekti və subyekti olan xalqlar, tarix yazıdan başlayır, tarix Şumerdən başlayır, tarixi xalqlar, qeyri-tarixi xalqlar, geridə qalmış xalqlar, təkmərkəzçilik, avropamərkəzçilik və s. və s. alt-üst edir, onları puça çıxarır. Belə ki, bütün varlığın varoluşundan tarix başlayır. Dinlərə görə, Tanrı varlığı yaradan andan zaman – tarix başlayır. Yunan filosoflarının təliminə görə, bütün varlıq – fizika (təbiiyyat) bir bütövdür, onun mənbəyi və hərəkətvericisi, daha doğrusu, ilkin təkanvericisi fizikadan (təbiiyyatdan) o yanadır – metatafizika’dır (ma bə’d ət-təbiiyyat’dır). Bir çox orta çağ islam filosoflarına görə, Varlıq bir-birini tamamlayan iki tamdır: MÜTLƏQ VARLIQ, VACİB VARLIQ.
Bunlara diqqətlə yanaşsaq, Tanrı – metatafizika, mütləq varlıq və böyük Demruq və ya mütləq ideya (Hegeldə) bir-biri ilə çox yaxındır. Eləcə də yer-göy (dində), fizika, vacib varlıq, təbiət bir-biriylə hətta eyniyyət təşkil edir. Tarix elminin vəzifəsi bu ikincini yaranışdan bügunədək öyrənməkdir, əsl tarix də budur. İnsan cəmiyyətinin təbiətin ayrılmaz bir hissəsi olduğunu əsas götürən L.Qumilyov tədqiqatlarında bu prinsipə üstünlük vermişdir. İctimai elmlər sırasında sayılan tarix elmi dəqiq maddi sübutlara, məlumatlara (arxeologiya, etnoqrafiya, etnologiya) və dəqiq zaman ölçülərinə və məkana dayandığı üçün dəqiq elmlər sırasına da daxil ola bilir.
Bizim düşüncəmizə görə, BİLGİ (ELM) çözələşən və çulğaşan, çözələnən və çulğanan, çözələyən və çülğayan daim diri bir titrəyiş, tərpəniş və yürüşdür. Bu böyük Bilgidə tarix elminin yeri əvəzsiz və ölçülməzdir.
Alman tarixçi-filosofu K.Yaspers yazır: “İndiki zamanda nəyin baş verdiyini dərk etmək üçün yalnız və yalnız bütövlükdə bəşər tarixi geniş ölçü (masştab) verə bilər”.
Tarixçilərin Bilgi, Millət, Bəşər və İnsan qarşısında necə ağır, məsuliyyətli və şərəfli bir vəzifəni daşıdığı göz qabağındadır.