FARS ŞOVİNİZMİ [Əbülfəz Elçibəy]

Standard
Bu yazını yazarkən fars şovinizminin cikindən-bikinə hər nəyi varsa açıqlamaq, ya da işıqlandırmağı düşünmədik, çünki bu, çox böyük, mürəkkəb və çətin bir məsələdir. İndiyədək rus şovinizmi, alman şovinizmi, italyan şovinizmi haqqında çox yazılıb, çox deyilib, bu şovinizmlər, demək olar ki, dağılıb, rus şovinizmi isə son günlərini yaşayır! Bu sadaladığımız millətlər şovinizmin təkcə başqa xalqlar üçün deyil, özləri üçün də necə böyük faciə və fəlakət gətirdiyini görmüşlər.
Çin şovinizmi haqda da çox yazılıb, çox deyilib. Nə fayda ki, Çin hakim dairələri hələ də deyilənlərdən heç bir nəticə çıxarmayaraq, Çindəki başqa xalqları əzir, assimilyasiya edir, etdiyi vəhşiliklərlə öz xalqını da acınacaqlı, çıxılmaz duruma sürükləyir.
Fars şovinizminə gəldikdə o, dünyanın ən yaramaz, ən alçaq təbiətli şovinizmidir! Ən pisi də budur ki, fars şovinizmi haqqında, bir-iki yazını çıxsaq, deyə bilərik ki, nə yazılıb, nə deyilib, nə də qınanılıbdır. Ona görə də bu gizli saxlanılmış xəstəlik başqa xalqlara əzab və işgəncə vericidirsə, fars xalqı üçün xərcəng xəstəliyinə çevrilmişdir! Şovinizm farsları tarixin bataqlığına atmışdır!

Ölüm ayağında olan fars şovinizmi farsları bu bataqlıqdan qurtarmaq yolunu düşünmək əvəzinə, onlara yaxın qonşu olan Azərbaycan, Xorasan, Qaşqay türklərini, “Körfəz ərəbləri”ni, imkan olarsa İraq, Suriya, Diruz və Səudiyyə ərəblərini, kürdləri, bəlucları və başqalarını da bataqlığa, cinayətkarlığa və sonda ölüm ayağına sürükləməyə var gücü ilə çalışır, dəridən-qabıqdan çıxır.

Diqqət! Diqqət! Gəlin qurtuluş yolunu axtaraq! Bunun üçün də ilk öncə fars şovinizminin bütün çalarları araşdırılmalı, ondan zərbə alacaq xalqlar ayıq salınmalıdır. Ona görə də biz bu yazıda fars şovinizmi haqqında yalnız və yalnız yığcam bilgi verib tezislər şəklində çıxış etməyi gərəkli bildik. İnanırıq ki, bu qorxulu xəstəliyə insanlar, cəmiyyətlər, alimlər, şəxsiyyətlər etinasız qalmayacaq. Fars şovinizminin maskası yırtılaraq onun iç üzü açılıb dünyaya çatdırılacaq, bu xəstəlikdən qurtuluş yolu tapılacaqdır.
Bir zamanlar – aşağı-yuxarı 15 il öncə sovet rəhbərliyinin belə fikri geniş yayılmışdı: “Biz əgər məhv olacağıqsa onda tək məhv olmayacaq, çoxlarının ayağından tutub onları da özümüzlə bərabər dənizin dibinə aparacağıq!”. Bunu bilən dünyanın ağıllı insanları öncədən elə tədbirlər tökdülər ki, onların nəticəsində bəşəriyyət sovet dəhşətindən, qanlı sovet terrorundan canını qurtara bildi.
Rus şovinizminin balaca modeli olan, ondan qoca və iyrənc olan fars şovinizmindən qurtulmaq rus şovinizmindən qurtulmaqdan asandır, əgər Sovet İttifaqına qarşı fəaliyyətə oxşar tədbirlər bu gün İrana – fars şovinizminə qarşı həyata keçirilərsə! Haqqın yolu ilə yürüyənlərə Ulu Tanrı yar olsun!
Ey insanlar, sizi and verirəm insanlığınıza və sevdiyinizə! Susmayın! Fars şovinizmini ifşa edin, ona xidmət edənləri bu yoldan çəkindirin, Haqq yoluna səsləyin və gətirin! Xalqın və Haqqın yoluna gəlməyənlərə lənətlər olsun!
Fars şovinizmi öz adı ilə deyil, daha çox “irançılıq” adı altında pərdələnərək çıxış etmişdir və edir. Buna görə də onu “fars-İran şovinizmi” adlandırmaq daha düzgün olardı. Bunların arasında kiçik formal fərq olsa da əslində mahiyyətcə eyni məsləkə xidmət edir. Bəzi “irançılar” belə iddia edirlər ki, guya irançılıq ideyasını (əgər buna ideya demək mümkündürsə) daşıyanlar fars şovinizminə qarşıdırlar, onlarla barışmazdırlar və s. və i.a. Yox, cənab fars şovinizminin “irançılıq” pərdəsi altında gizlənən daha təhlükəli (bəziləri isə aldanmış, yazıq) xidmətçiləri, siz ya bilməyərəkdən, ya da bilərəkdən aldanırsınız. Bilməyərəkdən aldanırsınızsa bəsirət gözlərinizi açın, bu siyasi korluqdan canınızı qurtarın. Bilərəkdən aldanırsınızsa onda siz bu alçaq təbiətli şovinizmə xidmət etməklə insanlığa xəyanət edən ən yaramaz cinayətkarlarsınız!
Siz deyirsiniz ki, İran indiki İran İslam Cümhuriyyəti adlanan ölkədir və burada yaşayan bizlərin vətənidir. Çox uzaq keçmiş olsaydı deyərdik ya xəbəriniz yoxdur, ya da yadınızdan çıxıb. Vur-tut 8 il bundan qabaq Sovet İttifaqında yaşayan rus şovinistləri və onlara xidmət edənlər də (bu şovinistlər və onların xidmətçiləri içərisində ruslar, türklər, ukraynalılar, yəhudilər, ermənilər, gürcülər, polyaklar, hətta bu gün Rusiya və ya da rus şovinizmi ağalığına qarşı qəhrəmanlıqla döyüşən bir milyonluq çeçen xalqından olan satqın çeçenlər də var) deyirdilər ki, Sovet İttifaqı başqadır, Rusiya imperiyası başqa, Sovet İttifaqını qorumaq, saxlamaq başqadır, rus şovinizmini müdafiə etmək başqa. Biz rus şovinisti deyilik, sovet vətənsevərləriyik (patriotuq), olsa-olsa həm də Rusiyanı və rusları sevirik, burada nə qəbahət var? Bu adamlar Ukrayna, Azərbaycan, Gürcüstan, Qazaxıstan və s. ölkə və xalqların Rusiya tərəfindən işğal edildiyi günləri “biz Rusiyanı sevirik, ona könüllü birləşmişik” deyə bayram edir, xalqları zor və qorxu altında çalıb-oynamağa məcbur edirdilər.
Bilirsiniz dünyada alçaqlığın, vəhşiliyin və mənəvi əxlaqsızlığın ən murdar bir şəkli nədir? Odur ki, aclıq, yalavaclıq, əzab, işgəncə və zülmə məruz qoyduğun insanlara və ya xalqa, millətə əmr edəsən, onları məcbur edəsən ki, dur çal, oxu, oyna və de ki, mən xoşbəxtəm, dur zalıma de ki, mənə zülm yox, səadət gətirmisən!!
Belə sorsaq ki, kimdir zalım?
Min illərdir ki, dünya müsəlmanları “Allah məzluma (zülm olunana) kömək, zalıma (zülm edənə) lənət eləsin. Zalımın cəzasını versin!” deyə dua edirlər. Altı yüz il bundan qabaq dahi İbn Xaldun (1332-1406) dünyada tanınmış “Müqəddimə” adlı əsərində yazmışdır: “İndi haqsız olaraq vergi toplayan təhsil məmurları zalımdır, artıq vergi toplayanlar zalımdır, vergini yağma edənlər zalımdır, xalqa haqlarını verməyənlər, başqasının mal və mülklərini qəsb edənlər tamamilə zalımdır. Bütün bunlar hakimiyyətin maddəsi olan cəmiyyəti yıpradar, ən böyük zərəri də dövlət çəkər”.
Böyük tarixçi, hüquqçu, sufi, filosof-sosioloq, səyyah, diplomat, siyasətçi, alim İbn Xaldunun sözünə (“xalqa haqlarını verməyənlər tamam zalımdırlar”) kimsə etiraz edə bilməz. Ancaq bütün bu deyilənlərlə yanaşı, bu gün qırx milyonluq Azərbaycan xalqının taleyi elə zalımların əlinə düşüb ki, onların növünü, cinsini, zatını və sifətini müəyyən etmək çox çətindir. Azərbaycan xalqının həm Quzeydə, həm Güneydə haqqını verməyən zalımlar həm də bu xalqın haqqını yeyirlər; var-yoxunu, şərəf və namusunu, yurdunu-yuvasını hərraca qoyurlar; döyür, söyür, zindanlara atır, öldürürlər; dilini, mədəniyyətini əlindən alıb milli ləyaqətini əzirlər; qul, kölə zəncirinə qandallayıb ruhunu çeynəyirlər; ac-yalavac, yas içində saxlayır və deyirlər: çal, oyna, bizlərə dua et, de ki, siz imamsınız, siz dahilər dahisisiniz, məhz sizlərin kölgəsində biz bu dünyada – cənnətdə firavan yaşayırıq və sizlərin sayəsində də cənnətə gedəcəyik!
Ah, zalımlar zalımı, siz səkkiz qat zalımlar, siz yüz qat zalımlar, siz bilmirsiniz ki, zülm yerdə qalmaz, siz bilmirsiniz ki, zülm ilə abad olan ədl ilə bərbad olar bir gün, siz bilmirsiniz ki, zalımın zülmü varsa məzlumun da ahı, Allahı var! Siz bilməsəniz də, bilmək istəməsəniz də Tanrı görür, bilir. Haqq-hesab günləri yaxındadır! Sözsüz ki, bu, Tanrının işidir, ancaq Tanrı bu işləri – ədaləti, haqqı yerinə qoymağı Haqq adamlarına tapşıracaqdır!
Azərbaycanın üç böyük düşməni olmuşdur: 1) Parsa; 2) ərəb xilafəti; 3) Rusiya.
Bu Parsa (Pars, Peres, Persida, Persiana, Parsua, Persiya, Fars və başqa şəkilləri də var) haradır və necə yaranmışdır?
Tarixə dərindən baxsaq aydın olar ki, Parsa “farsların yaşadığı yer, fars ölkəsi” deməkdir. Pars bir toplumun adıdır. Yunanlar onlara pers, perse, perses deyirdilər. Ərəblərdə “p” səssizi (samiti) olmadığına və ərəb dilinin səs uyğunluğuna görə onu “f” səssizi (samiti) ilə əvəz etmiş, parsa fars demiş və o cür də yazmışlar. Elə buradan da, ayrıca da olaraq ərəb-islam ağalığı dövründən (VII-XII yüzillər) farsların özləri də daxil olmaqla türklər, ərəblər və başqa xalqlar da parsa sözünü fars sözü ilə əvəz etmişlər. Yunanlar və bizanslılar öz qədim ifadələrini dəyişdirməyərək parsları pers, persus deyə tanımaqda və yazmaqda davam etmiş, buradan da Avropa dillərinə və rus dilinə bu söz “pers” şəklində keçmiş və özünə möhkəm yer qazanmışdır. Erməni dilində “f” səssizi (samiti) olmadığına görə ermənilər “fars” yox, “pars” deyirlər. Əfqanıstan, Hindistan və Orta Asiyada “pars” və “fars” hər ikisi işlədilir.
VII-IX yüzillərdə islam dinini qəbul etməyən yüz minlərlə maqlar (zərdüştçülər) köçüb Hindistana getdilər. Onların çoxu fars (pars) olduğu üçün onlara bu gün də parslar deyilir. Bir məlumata görə, onların sayı 100 min, başqasına görə, 150 mindir. Azərbaycan və Anadolu (Kiçik Asiya) türkləri istər danışıqda, istər yazıda ərəb dilinin təsiri altında yalnız “fars” sözcüyünü işlədirlər.
Orta çağlarda “pars”dan dönüb “fars” olan, indi də özlərini daha çox “irani, iranilər” adlandıran parslar miladdan qabaq IX-VIII yüzillərdə Hind çayının aşağı hövzəsindən – qədim ata-baba yurdlarından axın-axın köç edərək Elam dövlətinin torpaqlarında yerləşmişlər. Hindistan kökənli farslar türkdilli elamların himayəsinə sığınaraq Ümman dənizi sahillərində, Bəsrə körfəzinin quzeyində məskunlaşaraq buralarda özlərinə yeni vətən qazandılar. Eradan qabaq VII yüzildə indiki Şiraz şəhəri yaxınlığında, daha çox bir əraziyə toplaşan parslar bir böyük tayfa ittifaqı halında birləşdilər. Onların bir ərazidə toplaşıb bir inzibati ərazi yaratmalarını Elam dövlətinin siyasəti tələb edirdi. Belə ki, elamlılar indiki Şirazdan 50 km quzey-doğuda şəhər saldırmış, onu yeni əyalətin paytaxtı etmişdilər. Həmin şəhər və onu əhatə edən əyalət parslarla məskunlaşdırılmışdır. Sonralar hakimiyyətə gələn pars sülaləsi Əhəmənilərin (Haxamanişi) nümayəndəsi I Dara (m.ö. 522-486) bu şəhər-qəsəbəni yenidən qurmuş və Əhəmənilərin əsas paytaxtına çevirmişdir. Bu şəhər Parsa adlanırdı, onu əhatə edən torpaqlara da Pars əyaləti deyilirdi. Məhz bu şəhərə yunanlar Persepolis, əyalətə isə Persiada, ya da Persiana deyirdilər, bu da “pars ölkəsi”, yaxud “pars şəhər-dövləti” mənasına gəlirdi. Parsanın ilk özülünün qoyulmasında elamlılar əsas rol oynasalar da onun inkişafı və müstəqil dövlətə çevrilməsində parslar midiyalılara minnətdardır. Belə ki, dediyimiz kimi, parslar elamlıların vassalı idilər.
Elam dövlətinin tənəzzülə uğramasında Assuriya ilkin səbəb olmuşdur. Assuriya hökmdarı Aşşurbanipal miladdan öncə yeddi kərə (665, 655, 652, 648, 646, 645, 640-639-cu illər) Elama basqın yapıb onun bir çox əyalət və şəhərlərini xaraba qoydu, əhalisini qılıncdan keçirib var-yoxunu taladı. Assuriya bütün dörd yanını – Elam, Babil, Urartu, Suriya və başqalarını qorxu və zülm altında saxladığı bir dövrdə Azərbaycan-Midiya dövlətimeydana çıxdı.
Midiya dövləti və tarixi haqda müxtəlif fikirlər və mübahisələr vardır. Ancaq biz qəti bu fikirdəyik ki, Midiya Azərbaycan-türk dövlətidir. Midiyanı təşkil edən altı böyük el türk elləri idi. “Midiya ölkəsi” (Kur Midiya) ifadəsinə miladdan öncə 9-cu yüzilin başlarında Assur yazılarında rast gəlinir. Midiyalılar miladdan öncə 14-13-cü yüzillərdə, bəlkə də ondan daha qabaq İkiçayarasında tanınırdılar. Bütün tarix qaynaqları və çağdaş tarixçilər m.ö. birinci minilliyin başlanğıcında Azərbaycanda mərkəzi Urmiya gölü yaxınlığında yerləşən Manna dövlətinin olduğunu və bu dövlətin Azərbaycan-türk dövləti olduğunu qəbul edirlər. Bununla yanaşı, Midiya ellərinin-tayfalarının Ərdəbil-Qəzvin-Zəncan-Həmədan boylarında yaşadığını, gah Mannaya daxil olub, gah da müstəqil fəaliyyət göstərdiklərini, mannalılar zəiflədikcə midiyalların gücləndiyini tarix mübahisəsiz qəbul edir. Sadəcə olaraq, Manna yüzillərlə Assur, Babil və Urartuya qarşı daim müharibələrdə olmuş, m.ö. yeddinci yüzildə Babil, Elam, Manna, Assur və Urartu bir-biri ilə müharibələrdə tənəzzülə uğramış, bu müharibə səhnələrindən bir qədər uzaqda qalmış midiyalılar öz güclərini bir yerə toplamış, tam müstəqil dövlət yaratmış, Həmədanı (Ekbatanı) özlərinin paytaxtı edərək Elam və Babili məğlub və özlərinə müttəfiq edərək Assuriyanı darmadağın etmişlər. “Hökmdarlar hökmdarı” adlanan Midiya hökmdarı Kiaksarın dövründə (m.ö. 625-585) Midiya sanki hər hansı bir olağanüstü gücün yardımı ilə Elamı, Mannanı, Babili, Assuriyanı, Urartunu fəth etdi, Lidiyanı özündən asılı duruma saldı. Elamlıların bir canişini olan Əhəmənilər və onların idarəçiliyində olan Parsa Midiya dövlətinin tərkibinə qatıldı.
Göstərdiyimiz kimi, Parsa öncə Elamın bir əyaləti idi, Əhəmən də oranın canişini. Bundan istifadə edən parslar ilk öncə Elamın şərqinə və mərkəzinə yayılırdılar. M.ö. yeddinci yüzilin başlanğıcında Assuriya tərəfindən məğlubiyyətə uğrayan Elamın zəifliyindən yararlanaraq ona zərbələr vurur, öz nüfuzlarını artırırdılar. Ancaq bütün xəyanət və çabalamalara baxmayaraq Əhəmənin (sülalənin banisi) və onun oğlu Çişpişin (m.ö. 675-640-cı illər) canişinliyi dövründə Elamın hakim nüfuzu Parsanın üzərində qalırdı.
M.ö. 640-639-cu illərdə Elamla Assuriya arasında olan savaşda Çişpişin oğlu və varisi I Kir Elamın vassalı kimi vuruşurdu. Bəlli olduğu kimi, bu müharibədə Elam tam məğlub olmuş, onunla yanaşı “Persumaş hakimi” I Kir də məğlublar sırasında idi. I Kir (m.ö. 640-604-cü illər) oğlunu Assuriya hökmdarı Aşşurbanipalın yanında girov qoyaraq keçmiş hamisi və ağası, indi məğlub Elama qarşı çıxır, daha doğrusu, ona arxadan zərbə vuraraq Elamın Anşan şəhərini və Anşan vilayətini öz əlinə keçirir. Bu zaman Kiaksar Anşan və Parsanı tutur, Əhəmənilər nominal canişin hakimiyyətlərini itirir, öncə Elamın xidmətçiləri olan Əhəmənilər bundan sonra Midiya hökmdarına xidmət edirlər.
Midiya hökmdarı, daha doğrusu, imperatoru yenilməz Kiaksar öləndən sonra onun yerinə oğlu Astiaq keçir (hakimiyyət illəri m.ö. 585-550). Astiaqın hakimiyyəti dövründə də Midiya Yaxın və Orta Şərqin ən güclü imperyiası idi. Ancaq 6-cı yüzilin ortasında Midiya imperiyasına qarşı xarici güclər mübarizəyə başlayır. Babilistan, iskit, kas (qaz) və saklar Midiyanın hüdudlarına müdaxilə edirdilər. Bundan istifadə edən parslar daxildən çevriliş hazırlayırdılar. Parslar bu anadək Midiyanın mərkəzi Ekbatanda özlərinə müəyyən yer qazanmış, hətta Astiaqın sarayında mövqe tutmuşdular. Əhəmənilərin başçısı II Kir sarayda güclü nüfuz qazanmış, bir sıra əyanları müxtəlif yollarla ələ almışdı.
Bu zaman Astiaqın ordu başçısı Harpaq da hökmdara qarşı gizli mübarizə aparırdı. Azərbaycanın quzeyində qədimdən yaşayan kaslar (qazlar) Midiyaya qarşı müharibəyə başlayır. Astiaq kaslara qarşı II Kirin başçılığı altında güclü bir ordu göndərir. II Kir xəyanət edərək kasların tərəfinə keçir, onlarla saziş bağlayır, birlikdə Midiyaya qarşı müharibə aparırlar. Müharibə m.ö. 553-cü ildən 550-ci ilədək, 3 il davam edir. Bu üç il ərzində türk kaslarla türk midiyalılar bir-birini qılıncdan keçirir. Ancaq midiyalılar yenə də məğlubedilməzliklərini saxlayırdılar. Bu anda ikinci böyük xəyanət baş verir. Ordu başçısı Harpaq saray çevrilişi edir. M.ö. 550-ci ildə kas və pars birləşmələri Həmədana (Ekbatana) girir və Astiaq öldürülür. Herodot yazır ki, Astiaq ölüm ayağında Harpaqa deyir: “Əgər sənin mənimlə ədavətin var idisə başqa cür edəydin. Ancaq sən xəyanət edib hakimiyyəti bu əclaf parslara satdın!”.
Bəli, bu, çox böyük bir tarixi xəyanət idi. Harpaqın və Kirin xəyanəti, kas-sak türklərinin hücumları nəticəsində Azərbaycan-türk dövləti Midiya imperiyası süqut etdi, parslar hakimiyyəti ələ keçirdilər. Bu üç qüvvənin içərisində qələbədən yararlanan yalnız II Kir – parslar oldu; II Kir Astiaqın oğlan nəslinin olmadığını görüb onun qızı Amitadanın ərini edam etdi və Amitadayla zorla evləndi. Bununla da o, Midiya taxt-tacının “varisi” oldu.
Tarixdə ilk dəfə olaraq türk dövlətinin başına parsların nümayəndəsi keçdi, II Kir Midiya imperiyasının hökmdarı oldu. O, imperiyadakı çaxnaşmaları aradan qaldırıb, hətta Lidiyanı da işğal edib Midiyaya qatdı. O, Azərbaycanı bütövlükdə Midiyaya birləşdirmək üçün ölkənin quzeyinə hücuma keçdi. M.ö. 530-cu ildə kas-sak və bas-sak (massaket) türkləri ilə döyüşdə məğlub oldu. Massakların qadın hökmdarı [Tomris] II Kiri məğlub edəndən sonra, tarixdə yazılı rəvayətə görə, onun başını kəsib qanla dolu bir tulumun içinə salmış və demişdir: “Sən ki qan içməkdən doymurdun, indi doyunca iç!”.
II Kirdən sonra onun yerinə oğlu II Kambiz (m.ö. 530-522) keçir, ondan sonra isə II Kirin başqa oğlu və Kambizin qardaşı Bardi keçir. Bu zaman midiyalılar hakimiyyəti yenidən ələ keçirmək üçün Qaumatanınbaşçılığı altında qiyam qaldırırlar. Hakimiyyətin parsların əlindən çıxdığını görən I Dara Bardiyə sui-qəsd düzəldib onu öldürtdürür və o da II Kirin yolu ilə gedərək II Kirin qızı Atossayla zorla evlənir və “qanuni varis” olur.
I Dara (m.ö. 522-486) imperiyada baş qaldırmış bütün üsyan və separatçı hərəkatları boğur, Midiya imperiyasını bərpa edir. O, Parsa şəhərini yeni paytaxta çevirir, bununla da Midiya dövlətinin hakimiyyət qurğusu başdan-başa parslaşdırılır. İmperiyanın dörd paytaxt şəhəri: Həmədan (Ekbatan), Suz, Babil və Parsa (Persepolis) olmasına baxmayaraq parsların əsas mərkəzi Parsa (indiki Şirazın yaxınlığında) idi, onlar Parsadan quzeyə yayılmağa başlamışdılar.
Əhəmənilər sülaləsinin I dövrü canişinlik, II Kirdən başlayaraq hökmdarlıq dövrü olsa da dövlət pars (fars) dövləti deyildi. Məhz I Daranın dövründə dövlət parslaşmağa başladı. Pars şovinizmi elə bu dövrdən özünü açıq şəkildə büruzə verdi.
I Dara imkanı olan bütün mənsəblərə parsları təyin etdi. Ordu əsasən midiyalı türklərdən ibarət olsa da, imperiyanın hərəkətverici qüvvəsi türklər olsa da hakimiyyət tam parslaşdırıldı. Pars əyanlarına həddən artıq imtiyazlar verildi. Parsların əksəriyyəti vergidən azad edildi. Mixi yazılarını Manna, Elam və midiyalılardan mənimsəyən parslar get-gedə Midiya mədəniyyətinin varislərinə çevrilirdilər.
Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv edirlər. Hətta fars şovinizminin son böyük nümayəndələrindən olan Məhəmməd Rza Pəhləvinin göstərişi ilə onun hakimiyyəti dövründə bir İran təqvimi yaradılmışdı; həmin təqvim II Kirin hakimiyyətə gəldiyi ildən başlayırdı. Buradan dabirinci nəticə çıxır ki, deməli, II Kirə qədər fars dövləti olmamışdır. İkincisi, kiminsə hakimiyyətə gəlməsi ilə təqvimin başlaması hakim-şovinizmin bayağı məhsulundan başqa bir nəsnə deyil. Üçüncüsü, tarixi saxtalaşdırıb Midiya dövlətini fars dövləti saymaq kimə və nəyə gərəkdir – şovinizmdən başqa. Dördüncüsü, başını bir türk qadın hökmdarı Tomrisin (Dəmirin) kəsdiyi hökmdarın xəyanət nəticəsində hakimiyyətə gəldiyi tarix hansı məntiqlə bir xalqın – parsların (farsların) təqviminin əsas olmalı idi? Bütün bunlar farsların özlərini belə çaş-baş qoyan kor şovinizmdən doğur.
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, parsların əsl hökmdarı və parsları (farsları) dünya tarix səhnəsinə çıxaran I Dara olmuşdur. Onun qızıl sikkə kəsdirməsi və Parsada (Persepolisdə) hökmdar iqamətgahı tikdirməsi Parsa dövlətinin müstəqilliyinə dəlalət edirdi. Parsların hakim olduğu imperiyaya m.ö. 330-cu ildə Makedoniyalı İsgəndər son qoydu. İsgəndər Parsanı (Persepolisi) yandırıb, xaraba qoydu. O, ümumiyyətlə pars əyanlarına amansız divan tutub, pars xalqına elə bir dağıdıcı zərbə vurdu ki, parslar bir də 500 ildən sonra öz qüvvələrini bir yerə toplayıb yeni dövlətdə hakimiyyətə gələ bildilər.
Pars (fars) şovinizmi bu məğlubiyyəti tarix boyu həzm edə bilmədi, buna görə də uydurmalar qondarıb özünə təskinlik vermiş, fars xalqını aldadaraq ovundurmağa çalışmışdır. Bu uydurmalardan biri də budur ki, guya İsgəndər fars hökmdarlarından birinin qeysər Filippə göndərdiyi cariyədən olmuşdur. Bu cariyə-kəniz Filippə göndərilməzdən öncə fars hökmdarından hamilə imiş, Filipp bunu bilməmiş, onu özünə arvad etmişdir. Deməli, İsgəndər farsların törəməsidir.
Daha sonralar, yəni ərəb işğallarından sonra daha çox “fars” adlanan parslar islam dininin təsiri ilə Makedoniyalı İsgəndəri bir qədər də mifləşdirərək onu başqa bir İsgəndərlə – İsgəndər Zülqərineynlə əvəz etdilər. “Zülqərineyn” iki mənada yozulurdu: 1) “Zülqərineyn” – ərəbcə “iki qərinə yaşamış” mənasındadır, halbuki Makedoniyalı İsgəndər 33 il yaşamışdır; 2) “Zülqərineyn” – ərəbcə “iki buynuzlu” deməkdir. Fars mif və dastanlarında bunlar bir-birinə çulğaşmış, tarix həqiqətindən heç bir iz qalmamışdır. Parsları (farsları) darmadağın və qətl edən və etdirən Makedoniyalı İsgəndər farsdilli ədəbiyyatın böyük, müsbət, bəzən də peyğəmbər surətinə (obrazına) çevrilmişdir.
Parsların tarixdə ikinci dövləti Sasanilər dövləti sayılır. Bir tarixçi kimi deyə bilərəm ki, parslar heç bir zaman dövlət yaratmamışlar. Onlar hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər. Əhəmənilər Midiya dövlətində, Sasanilər Parfiya-Arsak (Arşak) dövlətində, Büveyhilər (Builər)  (əvvəl Ziyarilərin qoşun başçıları üç qardaş Ziyariləri devirdilər) Abbasi xilafətində, Pəhləvilər Qacar dövlətində eyni şəkildə dövlət çevrilişi ilə və xarici güclərin köməyi nəticəsində hakimiyyətə gəlmiş sülalələr-xanədanlar olmuşlar. Parslar-farslar bütün tarix boyu cəmi dörd dövlətin başında dayanmışlar. Bunların içərisində parslar üçün ən önəmlisi və bir yandan fars milli ruhunun, bir yandan da fars şovinizminin əsas qaynaqlarından biri olan Sasanilər dövləti olmuşdur.
Sasanilər dövlətinin özülünü Ərdəşir Papakan qoymuşdur. Ancaq deyilənlərə görə, onun babası Sasan Parsanın Parfiyaya tabe hakimlərindən olmuş, buna görə də sülalənin hakimiyyətə gəlməsini onunla bağlayaraq, dövlət “Sasanilər dövləti” adlandırılmışdır. Sasanın özü haqqında tarixdə elə bir məlumat yoxdur. Bəlli olduğu kimi aşağı-yuxarı 477 il (m.ö. 250-dən miladın 227-ci ilinədək) yaşayan Parfiya dövləti Parsanı da öz tabeliyində saxlayır, oranın hakimlərini təyin edirdi. Sasan da o hakimlərdən biri olmuş, onun yerinə keçən oğlu Ərdəşir (Ardaşir) Parfiya hakim sülaləsi Arşakların canişini idi.
II yüzilin sonlarından Parfiya tənəzzülə uğrayır. Parfiyanın tənəzzülü daxildəki çəkişmələrlə yanaşı, elat alanların hücumları ilə bağlı idi. Bunu görən romalılar Parfiyanın batı torpaqlarını işğal etdilər. Onlar ikiçayarasının (Mesopotamiya) böyük hissəsini də qoparıb öz ərazilərinə qatdılar. Dövlətin mərkəzi Ktesifon (sonralar Mədain), onsuz da, süquta uğramışdı. Belə bir durumda Parsanın canişini Ərdəşir öz hökmdarının yıxıldığını görüb ona qarşı çıxdı, daha doğrusu, yıxılana balta vurdu, Arşaklıların son nümayəndəsi V Artabanı hakimiyyətdən devirib taxt-tacı ələ keçirdi. Ktesifon-Selevkiya paytaxt olaraq qaldı. O, 227-ci ildə Ktesifonda hökmdar elan edildi (227-239). Onun oğlu I Şapurun hakimiyyəti illərində (239-272) sanki Parfiya yenidən bərpa edildi.
422 il davam edən Sasanoğulları sülaləsi – hakim xanədanı parsların bir xalq kimi təşəkkül tapmasında həlledici rol oynadı. Tarix sanki bir də təkrar edildi; Əhəmənilər kimi Sasanilər da bütün hakimiyyət qurğularında parsları yerləşdirib onları xüsusi imtiyazlı xalq-tayfa etdilər, fars şovinizmi hakim kəsildi. Ölkə-imperiya 4 böyük yerə ayrılıb, hər birinə təyin edilən hakim şah adlandırıldı. Sasanilərin hakim nümayəndəsi isə şahənşah adlanırdı.
Sasanilər dövləti sözün əsl mənasında orta çağ imperatorluğu idi, o, Midiyanın yerində yaranmış və Midiyanın ərazicə kiçildilmiş formasında idi. Midiyadan fərqli cəhəti orasında idi ki, birincidə türklər, ikincidə farslar hakim mövqedə dururdular; türklər şovinizmin nə olduğunu bilmədikləri, dövlətçiliyi əsas götürdükləri halda, parslar hakim şovinizmin prinsiplərini əsas götürürdülər.
Altıncı yüzil Sasanlı imperiyasının yüksəliş dövrü olmuşdur. Bu dövrdə yeni işğallar hesabına imperiya böyümüş, Məzdəkilər hərəkatı sonda tam qələbə çala bilməsə də imperiya Çində siyasi-ictimai və iqtisadi münasibətləri yeniləşdirmiş, maniliyin təsiri nəticəsində müəyyən təkamülə uğramış, zərdüştlük Yaxın və Orta Doğuda ən nüfuzlu dinə çevrilərək həm də Sasanlıların dövlət dini olmuşdur. Bəlli olduğu kimi, zərdüştlük hələ Sasanlıların ilk hökmdarlarından olan I Şapurun tərəfindən dövlət dini elan edilmişdir. Ancaq imperiyada başqa dinlər və dini təlimlər – buddizm, manilik, şamançılıq, xristianlıq və onun nestorian, pravoslav qolları, sabilik, yəhudilik və başqaları geniş yayılmış, bunlar arasında daim kəskin münaqişələr olmuşdur. Altıncı yüzildə isə zərdüştlük tam hakim kəsilmiş, onun mübarizəsi əsasən xristianlığa qarşı yönəlmişdi.
I Qubadın hakimiyyəti illərində imperatorluq güclənməyə başlamış (o, iki dəfə hakimiyyətə gəlmişdir: 488-496, 498-531-ci illər), I Xosrov Nuşirəvan (Ənuşirəvan) (hakimiyyət illəri: 531-579), IV Hürmüz (579-590), II Xosrov Pərviz (591-628) zamanlarında qüdrətinin və yırtıcılığının, qaniçənliyinin ən yüksək təpəsinə qalxmışdır.
Fars şovinizminin qidalandığı əsas qaynaqlardan birisi sonralar saxtalaşdırılan, əfsanə və miflərlə bəzədilərək mifləşdirilən bu göstərdiyimiz tarixdir. Fars şovinistləri böyük lovğalıqla döşlərinə döyərək deyirlər: “Bizim damarlarımızda Ənuşirəvan (Nuşirəvan) qanı axır”.
Bir az sonra Qubadın, Ənuşirəvanın və Xosrov Pərvizin əsl kimliklərini görəcəyik, hələlik indi II Xosrov Pərvizin ölümündən sonrakı Sasanlıların durumuna ötərgi göz yetirək.
II Xosrovun Bizansla ara-sıra 25 il davam edən müharibəsi bizanslıların qələbəsi ilə bitdi. Bizanslılar II Xosrovu öz oğluna öldürtdülər. 628-632-ci illərdə – dörd il içində Sasan imperatorluğunda 10 (on) “şahənşah”hakimiyyətə gəlib-getdi. İmperatorluğa daxil olan ölkələr və xalqlar yıpradıldı. Orta Asiyada Ceyhun çayından tutmuş Fəratın sağ sahilinədək, Dərbənddən Ümman dənizinədək böyük bir ərazidə yerləşən ölkələr, o cümlədən Türküstan, Azərbaycan, Xorasan, Azərbaycan İraqı, Ərəb İraqı, Parsa və başqaları xarabalıqlara çevrildi, şərəfsiz Sasanlı hakimiyyəti bu ölkələrin xalqlarını ara müharibələrində (iç savaşlarda) bir-birinə qırdırdı, zülm və istibdad insanların güc və inamını yoxa çıxardı. Elə buna görə də 634-637-ci illərdə Ərəbistan yarımadasından yenicə dışarıya çıxan ərəblər özlərindən 4-5 qat artıq olan sasanlı ordularını Buveybə və Qadisiyyə döyüşlərində darmadağın etdilər, 641-642-ci il Nəhavənd döyüşündə imperatorluğun birləşmiş ordularını məhv edib 649-650-cı illərdə Ceyhun çayının sahilinə yetişdilər. Sasanlıların sonuncu imperatoru III Yezdigərdi Mərvdə 651-ci ildə yaxalayıb öldürdülər. Bununla da qanlı sasanlı imperatorluğuna son qoyuldu. Ancaq xalqlar azad olmadı. İmperatorluğun torpaqları və xalqları yeni bir qanlı imperiyanın – ərəb xilafətinincənginə keçdi. Yeni bir dinlə – islam dini ilə silahlanmış və böyük hərbi qələbələr qazanmış ərəb şovinizminin qarşısında pars şovinizmi məğlub oldu.
Ərəb dilində “p” səsi yoxdur, ona görə də ərəblər “pars”a “fars” dedilər. Elə bundan dolayı parslar özləri də bundan sonra özlərinə fars dedilər. Ərəblər Parsa əyalətini “Bilad əl-fars” (“fars ölkəsi”) adlandırdılar. Ərəb zülmünə tab gətirməyən fars zalımlarının bir qismi köçüb-qaçıb öz əski baba yurdları olan Hindistana qayıtdı. Qalanlar isə islam dinini qəbul edib nəfəs çəkmədən ərəb ağalarına can və könüldən qulluq etməyə başladılar. İslam dinini qəbul edən farslar onu içəridən parçalamaq üçün yollar axtarırdılar. Bu haqda bir az sonra!
Bir daha xatırladırıq ki, fars şovinizminin tarix boyu söykəndiyi əsas qaynaqlardan, dayaqlardan biri mifləşdirdikləri Əhəmənlilər və Sasanlıların tarixi olmuşdur. Bu sülalələrin tarixinin necə mifləşdirildiyi çox geniş bir mövzudur. Bu haqda bir neçə cild kitab yazmaq olar. Biz burada, sadəcə olaraq, bir neçə misalla qısaca həmən xətti çətin də olsa göstərməyə çalışacağıq. Əgər gələcəkdə vaxt və imkan olsa fars şovinizminin, panfarsizmin və paniranizmin bütün köklərini və budaqlarını araşdırıb üzə çıxarmağa, onun antibəşəri mahiyyətini açıb göstərməyə cəhd göstərəcəyik. Bu mövzunu araşdırmaq çox önəmlidir. Çünki fars şovinizminin, panfarsizmin və paniranizmin ən böyük zərəri türk millətinə olmuş, bu tülkü hiyləgərliyi ilə yaradılmış iblis məfkurəsi türk millətinə sağalmaz yaralar vurmuş və vurmaqdadır. Ayrıca olaraq Türkiyə, İraq, Azərbaycan və Orta Asiya türkləri birdönəlik, yəqinliklə bilməlidirlər ki, rus və fars şovinizmi biz türklərin ən qəddar, amansız düşmənidir və onlara qarşı amansız mübarizə aparmalıyıq! Birdönəlik, tam yəqinliklə bilməliyik ki, panfarsizm (farsçılıq) və paniranizm fars şovinizminin qoşa qanadlarıdır, biri obirinin tərs üzüdür, panfarsizmdə ifşa olanlar paniranizmdə gizlənirlər.
“Fars”  aydındır – bir xalqın adıdır. “İran” isə aydın deyil, mücərrəd bir anlayışdır. Mücərrəd, qaranlıq, kimsəyə aydın olmayan, qondarma bir sözün və sözcüyün adı ilə alver etmək, düşüncələri dumanlatmaq daha qolay olur. 40 (qırx) ilə yaxındır ki, mən bu sözün hansı anlam daşıdığını yüzlərlə insanlardan, alimlərdən sormuşam, kimsə buna aydın, dəqiq bir cavab verə bilməyib.
“İran” bir coğrafi anlayışdırmı? Yox! Əgər coğrafi anlayışdırsa hansı yerləri, torpaqları əhatə edir? Heç bir ərazini!
“İran” dövlət anlayışıdırmı? Yox!
Uzun sözün qısası, “İran” xəyalı bir qatışıq, gerçək anlayışa gəlməyən bir ifadədir.
Nə isə! Belə aydın olur ki, Yaxın Doğuda tarixi-coğrafi anlayışlar olan Azərbaycan, Xorasan, Türküstan, Bəlucistan, Parsa, Əcəm İraqı, Dəyləm, Təbəristan və başqaları zaman-zaman bir dövlətdə, daha doğrusu hansısa bir imperiyada birləşdirilərək “İran” adlandırılmışdır.
Məsələnin əsl mahiyyətinə keçək. Adları yuxarıda çəkilən ölkələrin ən qədim və əsas əhalisi on min illərdir ki,türklər olmuşdur. Parslar bu əraziyə aşağı-yuxarı 2800 il bundan öncə gəlmiş, 2550 il bundan qabaq, yeni eradan əvvəl 553-cü ildə Midiya dövlətində hakimiyyəti ələ keçirmiş və fars sülaləsi Əhəmənilər şahlıq taxtına oturmuşdur (eradan öncə 553-330-cü illər). Beləliklə, Parsalı şahların tarixi farsların tarixinə çevrilmişdir.
Elə bununla bağlı olaraq, hamının bildiyi kimi farsların son şahı Məhəmmədrza Pəhləvi öz şahlığı dövründə göstəriş verdi ki, ölkədə işlədilən miladı (xristian) və hicri (müsəlman) təqvimlərindən əlavə yeni təqvim yaradılsın və bu təqvim Əhəmənilərin birinci hökmdarı-şahənşahı II Kirin taxta çıxdığı ildən başlasın. Həmin təqvim yaradıldı və adını da “İran təqvimi” qoydular. Bəli, bu idi 2500 il sürüb gələn fars şovinizminin bir nəticəsi və mahiyyəti. Tarixi, ədəbiyyatı, elmin hansı sahələrini araşdırırsınız araşdırın, fars xalqının tarixi yoxdur, fars şahlarının tarixi vardır – özü də mifləşdirilmiş, mifik bir tarix, mifik bir ədəbiyyat!
Bu böyük, xaotik mif dünyası necə yaranmışdır, onun qaynaqları hansılardır? Burada iki əsas qaynaq var:
  1. zərdüştlük dini;
  2. fars şahları haqqında yaradılan nağıllar, rəvayətlər, uydurmalar, bir sözlə böyük dünya dinlərinin yaranmasından qabaq dünyaya hakim kəsilmiş miflərin sonradan fars şahlarının adına yazılması.
Bəlli olduğu kimi, zərdüştlüyü dünyanın görkəmli bilginləri üç mərhələyə ayırırlar:
bullet
zaratuştrianizm
bullet
zaratuştrisizm
bullet
zaroastrianizm.
Birinci mərhələ Zərdüştün yaratdığı Avestanın əsasını – Qatalarını təşkil edir (onun ilkin başlanğıc tarixi bəlli olmasa da aşağı-yuxarı miladdan öncə beşinci yüzilədək olan dövrdə yarandığı söylənilir). İkinci mərhələ “Kiçik Avesta”da (“Xorde-Hırda Avseta”) öz ifadəsini tapmış, Zərdüştün ölümündən sonra yaranmışdır və miladdan öncə beşinci yüzildən sasanlılar hakimiyyətinin ortalarınadək olan dövrə düşür. Üçüncü mərhələ sasanlılar dövrü və ondan bir az sonraya aiddir.
Zərdüştlük çox maraqlı bir tarix keçmişdir. Bildiyimiz kimi bəşər hələ dinlərə çatmamış on min illər boyunca miflə yaşamış, insan yaşamında miflər ön yer tutmuşdur. İnsan oğlu zaman-zaman mifdən dinə doğru inkişaf yolunu yürümüş, ancaq çoxallahlığa daxil olmuş, sonra oradan da təkallahlığa tapınmışdır.
Zərdüştlük ilk təkallahlıq dinlərindən biri, bəlkə də birincisidir.
Maraqlı olan nədir? Zərdüşt xalqı mifdən qurtarıb təkallahlı dinə gətirdiyi halda, ondan sonra bu dini özlərinə silah edən farslar onun ikinci, üçüncü mərhələsində bu dinə əski mifləri yenidən soxmuş, min il əlavələr edərək zərdüştlüyü yeni əsərlərlə, kitablarla mifləşdirmiş, onu fars şovinizminin alətinə çevirmişlər.
İkinci maraqlı cəhət orasındadır ki, farslar islam dininin də başına bu oyunu gətirmiş, onu gücləri çatdığı qədər mifləşdirmişlər. Fars hökmdarlarının sözləri ilə desək, “çəyirtkə, ilan-qurbağa yeyən ərəblər” (əslində belədir: üzün dönsün ey çərxi-fələk, gör nələr yapdın, nə günlərə qaldın ki, çəyirtkə, ilan-qurbağa yeyən ərəblər Kəyan taxtına əl uzatdılar!) 450 illik Sasanlı-fars imperatorluğunu bir həmlədə darmadağın edib, yüzillərlə formalaşmış fars şovinist yekəxanalığını, təşəxxüsünü sındırmışdılar. Farslar bunu heç cür həzm edə bilmirdilər. Ancaq islamla ideyaca silahlanmış ərəblər tez bir zamanda böyük bir imperatorluq yaradandan sonra ərəb şovinizmi tüğyan elədi; bundan sonra 1270 il hər hansı dövlət yarada bilməyən, şahlıqdan məhrum olan fars şovinizmi bütün gücünü islamda təxribata və fars şovinizmini tarix və ədəbiyyat vasitəsi ilə ideologiya yaratmağa yönəltdi.
Fars şovinizmi islamda şiəliyi alaraq onu bütün islama qarşı qoydu, tarixi şəxsiyyətlər olan imamların tərcümeyi-hallarını, həyat və yaradıcılıqlarını miflərlə qarışdırdı, miflərlə saxtalaşdırdı. Əlialahiliyi (IV xəlifə, imam həzrət Əlini Allah sayanlar), ismaililiyi farslar yaratdılar.
Farslar miflər yaratdı: “Yerin bir ipi var, o da yer üzünün valisi həzrəti-Əlinin əlindədir; onu nə vaxt tərpətsə zəlzələ olur”; “Peyğəmbər meracda olarkən plov yemiş, onunla bərabər bir əl də o plovdan yeyərək Peyğəmbərə yoldaşlıq etmişdir. Bu, Allahın yanına Peyğəmbərdən öncə getmiş Əli idi”; “İmam Hüseyn üç yaşında ikən xurma ağacının kölgəsində oynayırdı. Anası həzrəti-Fatimə gəlib gördü ki, orada bir əjdaha iki yerə parçalanıb, qorxuya düşdü, həzrəti-Peyğəmbərin yanına qaçdı. Peyğəmbər dedi: Bilirəm nəyə gəlmisən, heç təlaş keçirmə, o əjdahanı oğlun Hüseyn iki yerə parçalayıb”; “həzrəti-Hüseyn qılınc çaldı, hər qılınc çalanda 40 min baş sağa, 40 min baş sola töküldü”; daha nələr, nələr. Ulu Tanrı, sən özün bağışla!
“Fars şovinizmi və İslam” mövzusuna bu yazının sonunda bir də qayıdacağıq.
Öndə dediyimiz kimi, farslar mifləri gerçək tarix, gerçək tarixi mif yapmaqda bəlkə də dünyanın ən mahir xalqıdır. Gerçək, həm də sosiologiya, təbiətşünaslıq və fəlsəfə ilə çuğlaşmış bir din olan zərdüştlüyü min il boyu mifləşdirərək islam və xristianlıq qarşısında məğlub durumuna gətirdilər. Sözsüz ki, mifləşmiş zərdüştlük gerçək həyata daha çox yaxın olan islamın qarşısında tab gətirə bilməzdi və gətirmədi də!
Farslar öncə öz tarix və ədəbiyyatlarını, bacardıqca dünya tarix və ədəbiyyatını öz xeyirlərinə mifləşdirmişlər. Mif təntənə çalan yerdə gerçək bilikdən danışmaq həqiqətə, elmə, biliyə istehzadan başqa bir şey deyil.Dünyanın böyük bilik korifeylərindən olan türk dahisi Məhəmməd Əbu Reyhan Biruni (973-1048) demişdir: “Fars dili Xosrov Ənuşirəvan əfsanələri yaratmaqdan başqa bir şeyə yaramır”. Ondoqquzuncu yüzilin görkəmli türk alimi, filosof və yazısıçı Mirzə Fətəli Axundzadə (1812-1878) demişdir: “Dünyada farslar qədər əfsanəyə inanan başqa bir xalq yoxdur”.
Öncə demişdik ki, farslar əfsanələri – mifləri özlərinə tarix etmək üçün, tarixi isə özlərinin xeyrinə mifləşdirmək – əfsanələşdirmək üçün dəridən-qabıqdan çıxmış, bu yolda türk, Bizans, Suriya, ərəb, hətta Britaniya və Rusiya imperatorluqlarının saraylarının qapılarında yüzillərlə təzim edərək, dondan-dona girərək sürünməklərini sürdürmüşlər.
Hikmətlə yanaşı, əfsanə, nağıl, yaltaqlıq və hiyləgərliklə dolu “Kəlilə və Dimnə”ni Hindistandan oğurlayıb gətirmək üçün bir fars alimi öz ömrünün çoxunu hind saraylarında bir casus kimi çürütməyə razı olmuş, sonda istədiyinə çatmışdır.
Bizim bu dediklərimizin doğruluğuna azacıq şübhə ilə baxanlar buyurub fars xalqının əvəzsiz yaradıcılığı sayılan və farslarda dünyanın müqəddəs kitabları ilə yan-yana tutulan “Şahnamə”ni bircə dəfə vərəqləsinlər.
Nə üçün “Şahnamə”ni fars xalqının yaradıcılığı sayırıq? Deyə bilərlər ki, bu ki, Firdovsinin əsəridir. Gəlin Firdovsinin öz dediyinə baxaq. O, “kitabın hazırlanması barədə” başlığı altında:
          Mənim sözlərimdə tapılmaz yalan,
          Nə əfsun, nə əfsanə yazdım, inan!
          Ağılla oxu, rəmz tapsan əgər,
          Düşün, rəmz mənaya yol göstərər –
yazmasına baxmayaraq, görün həmən yerdə kimi tərif edir və ona haqq qazandırır. Bunu ondan qabaq onun sələfləri, fars dastançıları – əfsanə yazanları yapmışdır:
          Qədimlərdə vardı böyük bir kitab,
          Dəyərliydi, dastanları bihesab.
          Uzun illər gəzdi o əldən-ələ,
          Onu hər kəs istərdi əzbər bilə.
          Yetişdi nəcibzadə bir pəhləvan –
          Ağıllı, cəsarətli, söz anlayan,
          Qədim dövr tarixini öyrənən,
          Əsatirə min dürlü məna verən.
          Bütün ölkədən yığdı möbidləri,
          Tapılsın deyə hər sözün cövhəri.
Bəli, bu tarixçi, əsatirçi (mifçi) “qəhrəman” möbidləri (din xadimlərini, din böyüklərini) də bir araya gətirib, nə edir?
          Böyüklər ona söylədi birbəbir
          Qədim şahların macərası nədir.
          Rəvayətləri dinlədi qəhrəman,
          Gedib başladı bir böyük dastan.
          O da dünyada qoydu bir yadigar,
          Böyüklər onu hörmət ilə anar.
Buradan hamıya aydındır ki, Firdovsinin dediyinə görə, bu əfsanə, əfsun, rəvayət və qədim tarixləri iki ayrı-ayrı nəsil yazıbdır. Firdovsi sonra “Şair Dəqiqinin dastanı” bölməsində əvvəlki fikrini davam etdirərək yazır:
          Kitabdan bu dastanları bir zaman
          Seçib, sevdi söz qədrini anlayan.
          Ağıllı, bilikli adamlar ki var,
          Bu dastanların aşiqi oldular.
          Yetişdi, nəhayət, igid bir cavan –
          Gözəl söz deyən, təbii, şeri rəvan.
          Dedi: – Bu kitabı çəkim nəzmə mən.
          Ona “afərin”  söylədi hər görən.
          … …
          Qara bəxt əlindən alıb içdi cam,
          Ölüb getdi, qaldı əsər natamam.
Buradan hamıya aydındır ki, Firdovsi şair Dəqiqinin yazdığı “Şahnamə”dən danışır. Belə ki, Dəqiqi də keçmiş əfsanələri, əfsanələşdirilmiş (mifləşdirilmiş) İran-fars tarixini nəzmə çəkmiş, min (1000) beyt (2 min misra) yazmışdır. Dəqiqini öz xidmətçisi gənc yaşında öldürmüş, əsər yarımçıq (natamam) qalmışdır. Firdovsi həmən “Şahnamə”ni götürmüş, həmən şer vəzni ilə davam etdirmişdir. Dəqiqinin min beyti indi Firdovsinin adına yazılan “Şahnamə”dədir. Dəqiqinin yarımçıq (natamam) “Şahnamə”sini bitirmək niyyətində olan Firdovsi yazır:
          Dedim onda mən: -Bəxtim olsa kömək
          Yazıb bu kitabı bitirmək gərək.
          Deyirdim: -Bu işdə geciksəm əgər,
          Girər ortaya başqa bir bəxtəvər.
Gördüyümüz kimi, həmin dövrdə ərəb işğalı altına düşmüş farslar ərəb xilafətinin dağılıb tam parçalanmasından istifadə edərək fars ruhunu yenidən dirçəltmək üçün öz əfsanəli tarixlərinə əl atmışdılar. Firdovsi davam edir:
          Şəhərdə dost idi mənə bir nəfər,
          Yanımda əzizdi o, canım qədər.
          Mənə söylədi: -Fikrinə afərin,
          Sənin tutduğun doğru yoldur, yəqin.
          Tapıb pəhləvicə bu dastanı mən
          Gətirrəm, yolundan geri dönmə sən!
          … … …
          Cəsarətlə çək nəzmə “Şahnamə”ni,
          Böyüklər böyük işlə sevsin səni.
          Yazıb mətni dostum gətirdi mənə,
          Yeni canla ilham yetirdi mənə.
Firdovsinin bu dostu da çoxlu mətnlər toplamış, özü də bir çox mətni nəzmə çəkmişdir. O, bütün bunları Firdovsiyə verir və deyir:
          Deyirdi: -Yazarsansa “Şahnamə”ni,
          Çalış, şahlara çatdır o töhfəni.
Bəlli olduğu kimi Firdovsi və onun dostu sözsüz ki, türk sultanı Mahmud Qəznəvini (969/70-1030) nəzərdə tuturdular. Firdovsi “Sultan Mahmudun vəsfi” adlı bölmədə yazır:
          O gündən ki yoxdan var olmuş cahan,
          Hələ gəlməmişdir belə hökmran.
          … …
          Bəzək verdi dünyaya başdan-başa,
          Dönər altuna, əl vurarsa daşa.
          Oyandı mənim taleyim bir zaman,
          Düşündüm: -Başımdan çəkilmiş duman.
          Dedim: –İndi, artıq, olar söz demək,
          Keçən əsrlər olsun aşkar gərək.
Bəli, göründüyü kimi, hər şey aydındır. Türk hökmdarları ərəb ağalığını yenmişdilər, əcəmi (qeyri-ərəbləri) ərəb zülmündən xilas etməkdə idilər. Bundan ustalıqla yararlanan farslar türk qılıncına sığınaraq, öz milli keçmişlərini yenidən tərənnüm edərək bütün ciddi-cəhdləri ilə fars milli ruhunu və fars şovinizmini dirçəltməyə çalışırdılar. Nə yazıq ki, türklərin əli, pulu, qızılı, himayəsi sayəsində dirçəldilən bu fars şovinizmi əslində ərəblərdən daha çox türklərə qarşı idi, açıq-aydın fars şovinizmi türk düşmənçiliyi demək idi. Bütün fars tarixi, fars əfsanələri, “keçən əsrləri aşkarlayan” farsdilli əsərlər türklərin təmsil etdiyi Turanla farsların təmsil etdiyi İran arasında gedən müharibələrə həsr edilmiş, həyatda tam tərsinə olduğu – yəni həmişə türklərin qələbəsi olduğu halda yazıda farsların qələbəsi tərənnüm edilmiş, dünyada yaxşı, bəşəri nə varsa farslar, fars hökmdarlarının ayağına yazılmışdır. Dünyada ilk dövləti farslar yaratmış, fars hökmdarları bütün dünyaya hakim olmuş, dünyada ən gözəl varlıqları fars şahları tapmış, yaratmış, bəşərin istifadəsinə vermiş, daha nələr, nələr. Bir-iki misal: Firdovsi “Kəyumərs” başlıqlı bölmədə yazır:
          Ata söyləmiş oğluna bir xəbər,
          Gəzər dilləri, keçsə də əsrlər.
          Cahanda kim ilkin olub hökmdar,
          Böyüklər ona göstərib etibar?
          Qədim dövr tarixini izləyən,
          Böyük şahlar haqqında dastan deyən
          Demiş: -Şah birinci Kəyumərs idi,
          Başa tac qoyub, “padişaham” dedi.
Bu beytlərdən aydın olur ki, Firdovsinin yaşadığı dövrdə bu yalan bir həqiqət kimi “dillərdə gəzirmiş”. Burada ikinci bir mətləbə baxaq: Bunu kim demiş, kim yazmış? – “qədim dövr tarixini izləyən”. Mifin necə tarixləşdirildiyini görürsünüz və Firdovsi qabaqcadan əsərinin başlarında yazırdı ki, “Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə, inan!”, ancaq “Şahnamə” başdan ayağa əfsun, əfsanə və yalanlardan, saxtalıqlardan, boş tərif və yaltaqlıqdan ibarətdir. Sultan Mahmud Qəznəvi tarixdə məlum, görkəmli şəxsiyyət, istedadlı sərkərdə, özü bilikli olduğu kimi, elmə, biliyə, şerə, sənətə çox böyük qiymət vermiş, elm və mədəniyyət hamisi kimi tarixdə tanınmışdır. Ancaq tarixi şəxsiyyət olan Mahmud Qəznəvi Firdovsinin “vəsf” adı altında yaltaqlanıb, saxtalaşdırdığı Mahmuddan çox fərqlidir. Firdovsi yazır:
          Bu, Hindistanın şanlı sultanıdır,
          Bu, Rumun qızıl taclı xaqanıdır.
          Ədalətlə vermiş cahana bəzək,
          Günəşdir onun tacı, təxti fələk.
Bəlli olduğu kimi, Sultan Mahmud Hindistana 17 kərə hücum edib, oranı hakimiyyəti altına alıb, ancaq o nəinki Ruma (Bizansa), hətta Azərbaycana belə gəlib çatmayıb, daha doğrusu hücum etməyib və heç bir zaman da Rum (Bizans) ona hər hansı bir şəkildə tabe olmayıb. Bizə elə gəlir ki, Firdovsi Rumun (Bizansın) harada yerləşdiyini də dəqiq bilmirmiş, çünki o, “Şahnamə”nin başqa bir yerində belə yazır:
          Salınca nəzər şah, Səlm oğluna:
          Halaldır, -dedi, -Rumu-Xavər ona,
          Buyurdu: -Götürsün qoşun, durmadan
          Şahənşah kimi Şərqə olsun rəvan.
Burada göstərildiyi kimi, Fəridun şah guya dünyanın şahənşahıdır. O, dünyanı üç oğlu arasında üç yerə bölür. Rumu-Xavəri böyük oğlu Səlmə verir, İranzəmində ortaya göndərir. Onda Səlm İrandan çıxanda Şərqə yox, Qərbə getməli idi.
Sultan Mahmudu “vəsf” edən şair yazır:
          Çinə, Kəşmirə, Hində bir sal nəzər,
          Bütün padişahlar ona baş əyər.
Firdovsi yalanın gözünə doğrunu qatıb zəhərli yalanı şəkər kimi savadsız və az savadlı oxucusuna yedizdirir. Bu, doğrudan-doğruya insanlıq qarşısında cinayətdən başqa bir şey deyildir. Çin imperatorunun XI yüzildə Sultan Mahmuda baş əyməsi, Firdovsinin yalanından, gopundan və yaltaqlığından doğan fantaziyası, əfsanəsidir. Öz yaşadığı dövrün tarixini, şəxsiyyətlərini əfsanələşdirən bir şairin qədim qaranlıq tarixləri necə mifləşdirəcəyi apaydındır.
Fars şovinizmi həmişə Allahı və dinləri xalqla şahlar arasında bir alətə, vasitəyə çevirmişdir. Nə yazıq ki, bu, islam dininə münasibətdə də belə olmuşdur. Firdovsi bunu bir hikmət, bir fars atalar sözü kimi qələmə almışdır:
          O istər görə xalqı allahpərəst,
          Çünki allahpərəstlər olar şahpərəst.
Deməli xalqa dini, Allahı ona görə öyrədir, təbliğ edirlər ki, xalq bu yolla sonucda “şahpərəst” olsun. Dindən və Allahdan amac budur. Görəsən, Ulu Tanrı bu iyrənc məqsədləri bağışlayacaqmı? Axı belə olmaz! Şah dinə xidmət etməlidir, din şaha yox!
Bir daha yada salaq ki, fars şovinizmi öz varlığını yaşadıb, dirçəldib, hakim mövqe tutmaq üçün:
bullet
dinləri mifləşdirib;
bullet
mifləri tarixləşdirib;
bullet
tarixi mifləşdirib.
Bunların hər üçü bəşəriyyət üçün çox təhlükəlidir; mifləri tarixləşdirmək isə bəşər üçün əvəzedilməz önəmi olan tarix elminə alçaq bir qəsddir. Çağdaş tarixçilər buna qarşı amansız mübarizə aparmasalar tarix elmi məhv olar. Bir daha Qumilyovun sözünü təkrarlamağa məcburam: “Mif başlayan yerdə elm qurtarır”.
Bu yazının sonunda biz fars şovinizminin mifləri tarixləşdirmə və tarixləri mifləşdirməsi haqqında fikirlərimizi “Şahnamə” üzərində araşdırma ilə açıqlayacağıq. İndi bu şovinizmin bəzi qaynaqları haqda bir sıra fikirlərimizi söyləməyi qaçılmaz sayıram.
Dövrümüzə gəlib çatan qaynaqların ilki din (zərdüştlük) kitablarıdır ki, onların da başında “Avesta” durur. Bir sıra tarix qaynaqları və tarixi-bədii, mənzum romanlar da “Avesta”ya dayanmışdır. Yüzlərlə mənbə (qaynaq) və ədəbiyyatla tanış olduqdan sonra belə qənaətə, sonuca gəlirik ki, zərdüştlük dininə aid kitablar külliyatı-toplusu sayılan “Avesta”nın dörddə biri gəlib zamanımıza çatmışdır, onların (əlyazmaların – red.) da ən əskisi bu eranın XII yüzilinə aiddir, ən yaxşısı isə XIII yüzilə. Və belə aydın olur ki, bu kitabların ilkin bölmələri eradan qabaq min üç yüzüncü ildən yazılmağa başlamış, bu eranın – miladın 8-10-cu yüzillərinədək artırmalar, əlavələr, şərhlər və haşiyələrlə daim çoxaldılmış, çox böyük dəyişmələrə məruz qalmışdır. Aydın olur ki,“Avesta” 2300 ilə yazılmışdır. Belə bəlli olur ki, “Avesta” yüzillərlə o qədər dəyişmələrə uğradılmışdır ki, Zərdüştün əsl-gerçək “Avesta”sından olduqca az bir nəsnə qalmışdır.
“Avesta” birinci böyük təhrifə Əhəmənilər dövründə (parsalı Həxamənişilər, m.ö. 558-330) uğradılmış, hakim sülalənin nümayəndələrinin göstərişi ilə bu kitaba əfsanəvi hökmdarlar və onların da özləri haqqında nağıllar, dastanlar salınmışdır.
Yeri gəlmişkən bir tarix faktını burada vurğulamaq istəyirik ki, nə Əhəmənilər (Həxamənişilər), nə də Sasanlılar təmiz pars-fars sülaləsi olmayıb. Bu, Əhəməni şahı I Daranın (m.ö. 522-486) Bisütun qayalarında yazdırdığı daş kitabədə çox aydın ifadə edilmişdir. O, tarixdə məşhur Qaumata üsyanını yatırması haqqında belə yazır: Parsalı və Midiyalı olan ailəmizdən (!) bir kimsə tapılmadı ki, şahlığı Qaumata muğdan alsın. Bu o zamanadək sürdü ki, mən gəlib Ahuramazdadan yardım istədim. Ahuramazda mənə kömək göstərdi və şahlığı geri aldım”.
Tarixdən bəlli olduğu kimi, Əhəmənilərin əsl kökü parsalılara və Midiya türklərinə dayanmaqla yanaşı, onların döyüş güclərinin əsas bir hissəsi və saray hərbi dvoryanları qaz (qas) və qut (quz) türklərindən ibarət olmuşdur. Bu cür parsa-türk çulğaşmasını biz Sasanlılarda da görürük. Amma çox qəribədir ki, bu hər iki sülalə mülki və dini sahədə bütün idarəçiliyi və ağalığı farslara vermiş, fars zadəgan silki yaratmış, fars şovinizmini bəsləyib ərsəyə gətirmişdir.
“Avesta” Əhəmənilər dövründə yeni bir külliyyat halına salınır, iki nüsxəsi hazırlanır: bir nüsxəsi Parsanın mərkəzində sonralar “Təxti-Cəmşid” adlanan şəhərdə, şahların kitabxanasında saxlanılırdı. Bu nüsxəni İsgəndər oranı işğal edəndə yandırmış, Şarikanda saxlanan obiri nüsxəni Yunanıstana aparmışdır.
Əşkan şahları dövründə Azərbaycanda və onunla qonşu əyalətlərdə dağınıq halda olan “Avesta” bölmələri toplanmış, bu kitab yenidən bərpa edilmişdir. Bu iş Sasanlıların ilk hakimiyyət illərində də davam etdirilmişdir. Sasanlı şahı II Şapur (379-cu ildə ölüb) möbidan-möbid (kahinlər kahini) Azərbüd İspənd oğluna tapşırmışdır ki, “Avesta”nı tam təkmilləşdirib yenidən redaktə etsin. Bu iş başa çatanda II Şapur Zərdüşt dinini rəsmi dövlət dini elan etmişdir. Azərbaycan (Azərbüd) toplayıb tərtib və redaktə etdiyi “Avesta”, dediyimiz kimi onaqədərki “Avesta”nın dörddə biridir və bu zamana gəlib çatan da onun təhrif edilmiş şəklidir. Bu “Avesta” beş bölməyə ayrılır:
  1. Yasna
  2. Vispered
  3. Vendidad
  4. Yəşt
  5. Xorde Avesta/Xurtak Apastak (Xırda-Kiçik Avesta)
Yasna yetmiş iki (72) bölmədən ibarətdir, onun yalnız bir bölməsi Qatalar adlanır. Dünyada tanınmışzərdüştlükşünaslar və avestaşünaslar birgə fikrə – sonuca gələrək bildirirlər ki, yalnız bu Qatalar və bir sıra Vəndidad Zərdüştün əsəridir və “Avesta”nın ən əski bölmələridir. Biz hörmətli oxucunun buna ayrıca diqqət yetirməsini istəyirik: çünki söyləyəcəyimiz fikrin önəmli xətlərindən biri budur və çox həssas bir çıxış nöqtəsidir. Belə ki, görkəmli Azərbaycan dahisi Zərdüşt dünyada ilk təkallahlıq din sistemini yaradan bəşər dühalarından olmuşdur. Min-min yazıqlar olsun ki, fars əfsanəçi, şahçı, əfsunçu zehniyyatı təktanrılı zərdüştlük dinini elə bir hala salmışdır ki, bu din sonradan ya ikiyaradanlı, ya da çoxallahlı din kimi qəbul edilmişdir. Bu, şovinist və əfsanəçi, nağılçı fars zehniyyat və niyyətinin Azərbaycan türk xalqına vurduğu ilk ölümcül yaralardan biridir!
Türk, ərəb, rus, fransız, fars, dəri pəhləvi dillərinin kamil bilicisi olan Azərbaycan alimi İsmayıl Şəms (“Avesta”nın Qatalarını incələyərək, müqayisəli tarix – məntiq metoduna və fəlsəfi prinsiplərə dayanaraq, çox haqlı olaraq, zərdüştlüyün təktanrılı din olduğunu əsaslı sübut etmişdir. İsmayıl xoca yazır: “Zərdüşt çoxallahlığın əleyhinə çıxaraq Ahuramazdanı yeganə Yaradan, Xaliq bilmişdir…
Məhəmməd peyğəmbərdən sonra bəzi din xadimləri Zərdüşt dinini ikiallahlı kimi başa düşmüşlər. Onlar Ahuramazda ilə Əhriməni, Xeyirlə Şəri bir-birinə qarşı qoyaraq, ayrı-ayrı varlıq hesab etmişlər…
Zərdüştün Qatalarda dediklərini məntiq və fəlsəfə prinsipləri ilə dərindən təhlil etdikdə bu nəzəriyyələrin düzgün olmadığı meydana çıxır” (Bax: Avesta, I kitab. Bakı,1995, s.28).
Zərdüştlük dini üç böyük əsas üzərində qurulmuşdur: Uğurlu Düşüncə, Uğurlu Söz, Uğurlu İş. Bir sıra alimlər bu üç əsası bütün dinlərin ana prinsipi sayırlar. Biz də bu fikirdəyik. Bir məsələni də gözdən qaçırmayaq ki, bunları tarixdə ilk dəfə Zərdüşt demişdir.
Zərdüşt Tanrıya AhuraMazda, ya da bir yerdə Ahura MazdaMazda Ahura deyə müraciət edir. Qataların birində Zərdüşt Tanrıya belə müraciət edir: “Ey Mazda, mən öz düşüncəmlə (yəni Uğurlu Düşüncə ilə – Ə.E.) dərk etdim ki, varlığın ilki də, sonu da sənsən. Səni öz gözümlə gördükdə başa düşdüm ki, ən düzgün, ən doğru hakim sənsən, dünyadakı işlər haqqında ən ədalətli hökm verən sənsən!”
Doğrudan doğruya soruşuruq: bu müraciət təktanrılıq deyilmi? Başqa bir yerdə deyir: “Ey Mazda, həm hökmdarlıq, həm də qüdrət sənin əlindədir”. Başqa bir yerdə Zərdüşt deyir: “Ey Ahura, bunu səndən soruşuram, mənə düzgün söylə. Səninlə dininə çağırılmış adamlar dindarlıq baxımından ona necə yanaşacaqlar? Ey Mazda, bu iş üçün Sənin tərəfindən ilk seçilmiş adam mənəm!”
Bu Qatadan aydındır ki, Zərdüşt bu dini öz dini adlandırmamış, onu Tanrının dini adlandırmış və bu dini yönəltmək üçün Tanrı-Ahura Mazda Zərdüştü peyğəmbər seçmişdir. Bəhs etdiyimiz mövzunun böyük uzmanları bu dini həm mazdeizm, həm də zərdüştlük, ya da Zərdüşt dini adlandırır, bir çox halda biri obirini rədd edir. Bu yuxarıda gətirdiyim misaldan və daha başqa misallardan aydın olur ki, Zərdüşt Tanrıya (Mazda, Ahura, Ahura-Mazda) müraciət etmiş və bu dini Tanrının dini kimi qəbul etmişdir. Ona görə də bu dinəmazdaizm (mazdailik), ahuraizm (ahuralıq), ahuramazdailik demək heç də yanlış deyil və bu dinin Zərdüştün adı ilə adlanması doğrudur. Bu, bütün dinlərə də aiddir. Məsələn, islam dininə peyğəmbərin adı ilə bağlı “məhəmmədiyyə” də deyilir. İbrahim peyğəmbərin yaydığı dinə “hənəfiyyə” deyildiyi kimi “ibraniyyə” də deyilir və bu kimi başqalarına da (məs., isavilik, musavilik və b.).
Yuxarıda gətirdiyimiz misallardan aydın olur ki, mazdailik (zərdüştlük) ilk yaranışında təktanrılı din olmuş, sonradan təhrif edilərək ikiallahlı din donuna geydirilmişdi. Nəticədə belə alınmışdır: dünyanın – yaradılışın (varlığın) iki başlanğıcı var: Xeyir və Şər. Xeyir Allahı Mazdadır – Hörmüzddür, şər Allahı Əhrimandır (Əhliman).
Sorğu doğa bilər: nə olsun ki, parslar təktanrılı bir dini ikitanrılı dinə çevirmişlər? Bundan farslar, türklər, bəşəriyyət nə itirmişdir? Birmənalı cavab verək ki, çox-çox şeylər itirmişdir. Birincisi, bir daha qeyd edək ki,bəşəriyyət mifdən çoxallahlığa, çoxallahlıqdan azallahlığa, azallahlıqdan üç və ikiallahlığa və onlardan da təkallahlığa doğru bəşəriyyət böyük əzablı bir yol keçərək öz təfəkkürünü, dünyagörüşünü kamilləşdirmişdir. Bundan geriyə qayıtmaq tərəqqi deyil, irticadır, geriləmək və bəşər inkişafına maneçilikdir və çox-çox heyiflər olsun ki, bu maneçilik min illərdir davam edir. Bu dediklərimiz artıq dünya düşüncə tarixində, tarixin fəlsəfəsində danılmaz, heç cür inkar edilməz bir həqiqətdir.
Məsələnin ikinci yönü: mif, din və bilim (elm) – hər üçü ayrı-ayrılıqda dünyagörüşü, dünyabaxşıdır, aralarında ilişkilərin olmasına baxmayaraq, bir-biri ilə müəyyən ziddiyyət, inkar, rəqabət və mübarizədədirlər. Mifik təfəkkür bilim təfəkkürünə qarşı daha düşmən mövqedə dayanır, demək olar ki, əks qütbü təşkil edir. Din düşüncəsi bilimə mifik düşüncədən az mane olur. Bu açıdan da dindən mifə qayıtmaq bilimin (elmin) inkişafına, bilim təfəkkürünün gəlişməsinə mane olmaq deməkdir. İnsan oğlu mifdən dinə, dindən biliməyürümüşdür. Dindən mifə qayıtmaq bilimdən inkar deməkdir, bilimə gedən yoldan geri dönmək deməkdir.
Məsələnin üçüncü yönü: zərdüştlüyün (mazdaizmin) mifləşdirilməsi bu din silahının bir sıra Yaxın və Orta Doğu xalqlarının əlindən alınması, bu xalqları başqa dini silah edib hücuma, işğala yürüyən xalqlar qarşısında silahsız qoymaq demək idi. Belə ki, sonucda öncə xristianlığı əldə silah tutan Roma (Bizans) imperatorluğu zaman-zaman, keçmiş zərdüşti ölkələrinə hücum edib, bir sırasını işğal altına alıb onların əhalisini xristianlaşdıra bildi. Məsələn, atəşpərəst Qafqaz xaçpərəst oldu.
Yeri gəlmişkən bir məsələni qeyd etmək istərdik ki, bir sıra başqa din yönəticiləri, alim və araşdırıcılarzərdüştlüyü atəşpərəstlik – odsevərlik kimi tam eyniləşdirib, bərabərləşdirib belə idda etmişlər ki, guya zərdüştilər odu Tanrı saymış, ya da Günəşi Tanrı sayaraq onun yerdəki rəmzi oda sitayiş etmişlər. Bu, kökündən doğru deyil – xaçı müqəddəs saymaq, xaça sitayiş edib Tanrını unutmaq deyil. Zərdüştilər odu müqəddəs saymış, odsevər olmuş, ancaq onun qarşısında baş əyəndə Ahuramazdaya – Tanrıya dualar oxumuşlar. Qısacası, namaz qılarkən alnını torpağa (ya da möhürə) dayamaq torpağı Tanrı saymaq deyil, Qur’anı öpüb gözə qoymaq Qur’ana yox, Allaha ibadətdir.
Bəs nə idi xristianlığa üstünlük verən? Dediyimiz kimi parsizm, pars əfsunçuluğunun zərdüştlüyə yeritdiyi zəhər. Tarixdə dönə-dönə üçüncü yüzildən onuncu yüzilədək Qafqazda, Azərbaycanda (Albaniya, Aran və Atropatendə), keçmiş Midiya ərazilərində, İraqda və Bizansda Ahuramazdaya sitayiş edənlərə qarşı çıxan yəhudilər, xristian və müsəlmanlar onları “kahinlər”, “cadugərlər”, “sehrbazlar”, “əfsunçular”, “cindarlar”, “mağlar”, “məcuslar”, “gəbrlər” və sair adlandırırdılar və onlar bunda haqlı idilər, çünki, təkrar da olsa bir daha qeyd etməliyik ki, guya “Avesta”nın icmalı olan “Xurda Avesta”da (“Xırda – Balaca Avesta”) bir sıra başlıca Qata müddəalarını saxlayaraq, vaxtilə Zərdüştün tamam rədd etdiyi çoxlu köhnə, qədim etiqad və ayinlərizərdüştlüyə qaytarmışdılar.
Zərdüştün rədd etdiyi Mitra, Anahita və başqa allahlar yenidən insanlara təbliğ edilmiş, adları din kitablarında yenidən canlandırılmış, onlara böyük xalq kütlələri yenidən, geniş sitayiş etməyə başlamışdı.“Balaca Avesta”ya həmin allahlara həsr edilmiş yeni-yeni himnlər, dualar, nəğmələr salınmışdı ki, bunları bütün mərasimlərdə oxuyurdular.
Zərdüşt bütün Qata boyu heyvanların, ayrıca olaraq kənd təsərrüfatı heyvanlarının qurban kəsilməsinin əleyhinə çıxdığı halda, “Balaca Avesta”da Zərdüştdən qabaqkı qurban kəsmə, kütləvi qurban mərasimləri yenidən dirçəldilərək canlandırılmış, Zərdüştün təktanrılıq dini persizmin çoxallahlıq təlimi ilə qatmaqarışıq edilmişdi, “Xırda Avesta”da Zərdüşt tarixi şəxsiyyətlikdən çıxarılaraq mifik, əsatiri qəhrəmana çevrilmiş, peyğəmbərliyindən çıxarılıb yarımallaha çevrilmiş, “ey Mazda!”, “ey Ahura!”, “ey Ahuramazda!” deyə müraciət etdiyi tək Tanrıya bir növ həmsöhbət, bir növ “vəzir” təyin edilmişdi.
Bir sıra alimlər bu dövrü zərdüştlüyün ikinci dövrü kimi qiymətləndirib ona “zaratuştrisizm” adını vermişlər. Biz bunu tamamilə rədd edirik: əslində bu, Zərdüştün dinini saxtalaşdırmaqdan, onu məhv edərək yeni bir din – çoxallahlı dini-mifik-əfsunçu və eyni zamanda şahənşahçı bir təlim yaratmaqdan başqa bir şey deyil. Bu yeni dindir, onun adının daha doğrusu ya “parsizm”, ya da “gəbrizm”dir.
Məsələyə bir qədər müqayisəli tarix-məntiq metodu ilə baxaq:
  1. Zərdüştlük miladdan öncə 1500-1300-cü illərdə yaranır.
  2. Aralıq dənizindən Çinədək yayılır.
  3. Hələlik miflərlə və çox allahla yaşayan Yunanıstana yayılır və Yunanıstanı böyük fəlsəfə yoluna yönəldir, bütün yunan fəlsəfəsinin ilkin qaynağı və əsası olur. Anaksimandr, Anaksimen, Heraklit, Empodokl, Pifaqor, Demokrit, Platon (Əflatun), Aristotel (Ərəstu), Hermip, yeni platonçular – hamısı zərdüştlükdən ideya almış, qidalanmış, dünyanın metafizik və fizik dərki yaranmışdır.
  4. Zərdüştlük üzrə böyük uzmanlar yazırlar ki, İsa peyğəmbər xristianlığın əsas prinsiplərini Zərdüşt təlimlərindən götürmüşdür. Deməli, İsa peyğəmbər Zərdüşt peyğəmbərin təktanrılı dinini inkişaf etdirərək böyük bir dünya dini yaratmışdır.
  5. Zərdüştlüyün musaviliyə də təsiri inkaredilməzdir.
Göründüyü kimi, Zərdüşt dühası haraya yayılmışsa tərəqqiyə, gəlişməyə səbəb olmuşdur. Zərdüştün öz yurdu Azərbaycan (qədimdə Midiya və Manna, Arran və Albaniya) və onunla qonşu ölkələrdə də belə olmuşdur. Parsanın yüksəlişi də zərdüştlüklə bağlı olmuşdur. Ancaq nə yazıq ki, parsizm-əsatirizm zərdüştlüyünü öncə Parsanın bu xəyanətinə (bir tərəfdən də sonucda həm özü üçün, həm də bəşər üçün nadanlığına) qarşı durmadan, ardıcıl mübarizə aparmış, müəyyən çağlarda qələbə çalsa da bu qələbələr uzun sürməmiş,sonucda əsatiri Parsa təfəkkürü gerçək türk təfəkkürünə üstün gəlmişdir.
Tarixdən hamıya bəllidir ki, Tanrı-Ahuramazda (Hörmüzd) su, od, torpaq və havanı müqəddəs yaratmış, insanlar bu müqəddəs varlıqları uca tutmaqla Ahuramazdaya öz sədaqətlərini bildirmişlər. Ahuramazda bunun üçün də yerə ilk Böyük müqəddəs odu Azərbaycana göndərmiş, həmin od (ola bilsin təbii qaz)Marağa şəhəri yaxınlığında, Təxti Süleyman torpağındakı Kazaka (Qazaka-Şiz) şəhərində yerə enmişdir(Qara daş Məkkədə Kəbəyə endirilən kimi). Bu müqəddəs oddan insanlar almış, onu dünyaya yaymış, onunla özlərinin ehtiyaclarını ödəmiş, zülmətə, qaranlığa qarşı mübarizə apara bilmişlər. Bütün dünyanın ən qədim, ən müqəddəs od məbədlərindən biri olan və Azərgəşb (Azərgəşəsb, Azərgüşnəsb) məbədi yerləşən Kazakada doğulub-böyümüş və orada da peyğəmbərliyə başlamış, sonra da bütün peyğəmbərlər kimi dönə-dönə öz doğma yurdunu tərk etməyə, oradan müxtəlif yerlərə hicrət etməyə məcbur olmuş Zərdüşt Tanrını (Ahuramazdanı) tək-vahid saydığı kimi onun yerə göndərdiyi müqəddəs odu da tək sayırdı.
Sonradan Xorasanda getdikcə böyüyən məbədin odu da göydən göndərilmiş müqəddəs od sayıldı və bu oda“Berzin meh” adı verildi. Bu müqəddəs od əkinçilərin və maldarların (çobanların) hamisi sayılmağa başladı.
Midiya imperatorluğunda hakimiyyəti ələ keçirən Əhəmənilər Parsada bir böyük ibadət evi tikdirib bildirdilər ki, göydən bir müqəddəs od da buraya düşüb – Azər Frenbağ; bu məbəd və onun müqəddəs odu möbidləri və kahinləri qoruyur. Bununla da dini-ruhani mərkəz Parsaya keçdi, ruhani hakimiyyət parsların əlində cəmləşdi və elə bununla da zaman-zaman zərdüştlüyə ağır zərbələr vuruldu, zərdüştlük pərdəsi altında qorxunc mifik parsizm yarandı.
Bəlli olduğu kimi, 627-ci ildə Bizans imperatoru II İrakli Qazakaya hücum etdi, sasanlılar oranı qoruya bilmədilər, İrakli Azərbaycandakı Azərgəşəsb məbədini dağıdıb xaraba qoydu və bütün Müqəddəs Od mərkəzi Parsaya keçdi. Ondan bir az sonra parslar hər şeyi qeyb etdilər –  parsizmdən, pəhləvizmdən başqa. Sonralar bu parsizm islamda qərmətilik, əliallahılıq, ismaililik, xomeynilik və s. yaratmışdır. (Qərmətilər də Məkkədə qara daşı iki yerə bölüb Ehsa şəhərinə gətirmişdilər. Sonralar Fatimilərin xahişi ilə geri qaytardılar).
Türk dühasının yetişdirməsi olan və dünyada ilk təktanrılı din yaradan Zərdüştə və onun yaratdığı dinəqarşı olan bu pars amansızlığına, əsatirçiliyinə və şahbazlığına, bu dünya ölçüsündəki təxribatına Azərbaycan seyrçimi qalmışdır? Yox, qocaman bir xeyr!
Miladın elə ilk yüzilində xristianlıq – yeni təktanrılı din göstərdi ki, Yaxın və Orta Doğuda xalqlar və cəmiyyətlər bir daha mif və çoxallahlıqdan imtina edərək təktanrılı yolu seçmişlər. Üçüncü yüzildə bu inam daha da gücləndi.Yəhudilik və xristianlıq (musavilik və isavilik) Aralıq dənizindən Turan ovalığına qədər təktanrılığı yaymaqda bir-biri ilə amansız rəqabətə girdilər. İkinci yüzilin sonu, üçüncü yüzilin başları Parfiya Arşaklıları (Ərsak = Başq+er – türklərin böyük bir tayfa ittifaqı) bu dinlərə qarşı qoymaq üçün zərdüştlüyü yenidən dirçəltməyə cəhd göstərdilər. Ancaq bir türlü uğur qazana bilmədilər, çünki təmiz zərdüştlüyün yerində çoxallahlı, mifik həm də çox qarışıq bir parsizm qalmışdı.
Arşaklıların Güney Qafqaz ölkələrindəki hökmdar nümayəndələri, o cümlədən Azərbaycanın Alban və İran Arşaklıları xristian dininə meyl göstərir, ancaq onu hələlik açıq qəbul etməkdən qorxurdular, daha doğrusu mərkəzi hakimiyyətdən – Parfiya Arşaklılarından çəkinirdilər. Bu hakimlərdən fərqli olaraq artıq əhali arasında xristianlığı qəbul edənlər çoxalırdı. Belə ki, hələ miladın I yüzilində İsa peyğəmbərin qardaşı, Qüds şəhərinin ilk patriarxı Yakov (Yaqub) Müqəddəs Yeliseyə xristianlığı Doğuda yaymağı, təbliğ etməyi tapşırmış və [onu] Doğuya göndərmişdir. Müqəddəs Yelisey öncə Həmədana gəlmiş, orada təbliğatın çətinliyini görərək Azərbaycanın quzeyinə getmiş, Kürün sol sahilində Dərbəndədək yayılmış şaman-türk maskutların (massaget= mass+qut -> Baş+qut) arasında xristianlığı təbliğə başlamışdır. Bütün Qafqazda xristianlığı ilk qəbul edənmaskutlar olmuşdur. . Onlardan da xristianlıq Albaniya və Arana yayılmışdır.
Yeri gəlmişkən, qeyd edək ki, Albaniyada xristian dini təbliğatçılarına yaqubilər deyirdilər. Elə buradan daxristianlıqda ilk beş təriqətdən biri olan yaqubiliyin yaradıcısı V yüzildə Yaqub Bərdəli olmuş və Bərdə şəhəri də Alban kilsəsi mərkəzinə çevrilmişdir. Yaqub Bərdəli yerli alban-türk xristianı idi.
Üçüncü yüzildə Arazdan Dərbəndədək, ayrıca olaraq da dağlıq bölgələrdə xristian dini geniş yayılmış parsizmi sıxışdırıb nüfuzdan salmışdı. Dördüncü yüzilin başlanğıcında Alban hökmdarı Arşaklı Urnayr (bu vaxt Arşaklıların mərkəzdə – Ktesifonda hakimiyyəti qalmamışdı) xristian dinini özü qəbul etdi və hakimiyyəti altında olanları da xristianlığa dəvət etdi. Parsizm kahinləri ya ölkədən qovulur, ya da onlara divan tutulurdu.
224-cü ildə Arşaklıların hakimiyyətini qəsb edən Ərdəşir Papakan da son Arşaklı şahları kimi zərdüştlüyü dirçəldib yəhudilik, xristianlıq və buddizmə qarşı qoymağa çalışdı, elə bir uğur qazana bilmədi. Onun işini oğluI Şapur (239-272) davam etdirdi. “Avesta”nın xalq arasında yayılmış, hələ də qalan bölmələrini, hissəciklərini toplatdırıb yeni bir toplu düzəltməyə başladılar. Ölkədə bu işlə çoxlu alim və ruhani məşğul olurdu.Zərdüştlüyün əvəzedilməz mərkəzi olan Zərdüştün doğma yurdu Azərbaycanda [qədim Manna (Kiçik Midiya) və Midiyada] gerçək Zərdüşt dinini (Zərdüştün özü tərəfindən “Maq dini”, “Mazda dini”, “Ahura dini” adlanan dini) olduğu kimi bərpa etmək, onu yenidən diriltmək uğrunda ciddi bir mübarizə başladı və çox çəkmədi ki, böyük bir hərəkata çevrildi. Bu dini, ruhani, siyasi, ictimai hərəkatın başında gənc rəssam Mani (Nəqqaş Mani)dururdu.
Belə deyirlər ki, Mani (216-276) Babilistanda doğulmuşdu,  əsli isə Həmədandan idi. Onun babası türk-Arşak sülaləsinə mənsub Həmədan əyanlarından idi –  Həmədandan köçüb Ktesifona gedən atası əsilzadələr silkinə mənsub olmuşdur. Bu zamanlar Həmədan (qədim Midiyanın paytaxtı Ekbatan) öz hərbi-siyasi və elm, din mərkəzi kimi vacib əhəmiyyətini qoruyub saxlayırdı.
Zərdüştlüyü yenidən dirçəltmək istəyənlərin hərəkatına qoşulan Mani 240-cı ildə 24 yaşında ikən özünü peyğəmbər elan edir. Azərbaycan və İkiçayarasında (Mesopotamiya) qədim inanclarla yanaşı, yəhudi, xristian, zərdüştlük, buddizm və başqa dinlərin ölüm-dirim mübarizəsinə girdiyini, insanların bu girdabdan çıxmaq üçün yollar aradığını, hakim sülalənin, əyan, hökmdar və canişinlərin də hansı dinə, məzhəbə qulluq edəcəklərini itirdiklərini görən Mani ozamankı dinləri, məzhəbləri, müxtəlif dini-elmi təlimləri bir araya gətirmək üçün universal “dünya dini” yaratmaq istəyir. zərdüştlüyü yenidən dirçəltmək istəyən Mani onu dərindən öyrəndikdən sonra həmin dini əsas götürüb, inkişaf etdirib, başqa dinlərlə çulğaşdırıb yeni din yaratmağa girişir.
Bu birləşdirici missiyası Manini o zaman Yaxın və Orta Doğunun ən böyük mərkəzlərindən biri, bəlkə də birincisi olan, Əhəmənli, Arşaklı və Sasanlı imperatorluqlarının mərkəzi Ktesifonda (Mədian) tez bir vaxtda tanıtdı. Əhalinin böyük çoxluğu onu 24-25 yaşında peyğəmbər kimi tanıdı. Onun 25-26 yaşı olanda – aşağı-yuxarı 241-242-ci illərdə Ktesifonda Sasanlı I Şapur öz tacqoyma mərasimində Manini peyğəmbər olaraq tanıdı, bundan sonra Maninin peyğəmbərliyi Sasanlı dövlətində geniş ölçüdə qəbul edildi.
Azərbaycan, Parsa və Xorasanı el-el, şəhər-şəhər dolaşan Mani bütün Turanı gəzdi, Hindistanda oldu.Şamançılıq, buddizm, brahmanizm və başqa dinlərlə yaxından tanış olmuşdu. O, dindən daha çox dini-fəlsəfi bir idrak təlimləri sistemi yaratdı, buna görə də çağdaş araşdırıcılar, uzmanlar maniliyi qnostisizm ilə çox bağlayırlar. Bizcə, bu,  o qədər də uğurlu təyinat deyil. Manilik zərdüştlüyün yüksək inkişaf etdirilmiş yeni bir şəkli idi. Daha doğrusu, maniliyi zərdüştlüyün ikinci mərhələsi saymaq mümkündür. Manilik zərdüştlüyün mif, əfsanə, nağıl və əfsunlardan təmizlənmiş, dövrünə görə gəlişdirilmiş yeni bir mərhələsi idi. Bu Azərbaycan-türk təfəkkürünün məhsulu idi.
Manilik Misir və Yunanıstan da daxil olmaqla Aralıq dənizinin (Ağ dəniz) doğu bölməsindən tutmuş bütün türk dünyasını (Turanla birlikdə) öz içinə alaraq Hindistanın, Çinin içərilərinədək yayılmışdı. XX yüzildə Misirdə və Doğu Türküstanda, Tibetdə minlərlə mani (manixey – red.) ədəbiyyatı tapıldı.
Tarixçilər, filosoflar manilik haqqında eyni bir fikrə gələ bilməmişlər, ona görə ki, maniliyin nə tarixi, nə də ideya, məna və mahiyyəti hələlik dəyərincə öyrənilmişdir. Kimisi manilikdə daha çox asketizm, kimisi qnostisizm, kimisi sinfi mübarizə, kimisi materializm, kimisi daha çox fəlsəfə axtarmış, hətta onu anti-zərdüştlük kimi anlayan, ya da dəyərləndirənlər də vardır. Bir daha qeyd edək ki, manilik tarixdə, dində və fəlsəfədə – bütövlükdə götürdükdə böyük Elmdə hələ indiyədək həll edilməmiş çox önəmli, mürəkkəb, çətin bir problemdir. Bu problemin həllinə alimlər, ayrıca da olaraq türk bilim adamları dərindən diqqət yetirməli, onu çağdaş bilimin tələbləri səviyyəsində araşdırmalıdırlar.
Biz burada söz açdığımız mövzu ilə bağlı aşağıdakıları deməyi qaçılmaz sayırıq:
  1. Manilik fəlsəfə, məntiq, tarix fəlsəfəsi ilə çuğlaşmış bir din təlimidir.
  2. Manilik zərdüştlüyə qarşı deyil, əksinə, zərdüştlük maniliyin əsası, özülüdür.
  3. Manilik dünyada ədalətli bir quruluş axtaran ideyalar qaynağıdır.
  4. Manilik özünə qədər Azərbaycanda olan türkdilli xalqların və dövlətlərin [Elam, Kas (kaz), qut (quz), Turukki, Aratta, Manna, Midiya] yaratdığı dini, fəlsəfi, siyasi bir mədəniyyətin davamı idi.
  5. Manilik mahiyyət baxımından parsizm düşüncə tərzinə zidd bir dünyagörüşü idi.
  6. Manilik mifizmə, əsatirizmə qarşı duraraq dindən fəlsəfi idraka doğru yürüyən və yolgöstərən mürəkkəb bir təlimlər sistemidir.
  7. Manilik özündən 500 il sonra gələn sufiliyin əsas ideya qaynaqlarından biri və önəmlisi idi.
  8. Manilik türk dühasının yaradıcılığının təzahürlərindən biridir.
  9. Manilik zərdüştlükdəki “uğurlu düşüncə, uğurlu söz, uğurlu iş” prinsipini genişləndirərək bir sistem halına salmış, yenə də zərdüştlükdəki doğru düşüncə, doğru söz, doğru iş, doğru davranış, doğru danışıq və ən əsaslardan olan “doğru yol” ideyalarını genişləndirərək, gəlişdirərək bəşərə yeni bir yol göstərmək istəmişdir.
Maninin, bir qədər sonra haqqında danışacağımız Məzdəkin nə üçün, hansı ideya ilə silahlanaraq öz dövrlərindəki haqsızlığa, zorbalığa, dinsizliyə, ya da yalan dinə xidmət etməyə, əfsanə və uydurmalara, şərə,zülmətə, qaranlığa, zülmə qarşı çıxıb, əməyi, çalışqanlığı, əkinçilərə, maldarlara yardıma qoşmağı, maddi sərvətləri ədalətli bölməyi, xeyri, işığı, ədaləti, yoxsulları müdafiə etdiklərini anlamaq üçün ulu Zərdüştün Qatalarındakı bir sıra dediklərini burada iqtibas gətirməyi özümə borc bildim.
ZƏRDÜŞT peyğəmbər deyir:
  1. İnsan dinsevərlik sonucunda pak olur. Bu adam doğru düşüncə, doğru söz, doğru əməl vasitəsi ilə dininin doğruluğunu daha da artırır. Mazda Ahura müqəddəs ağıl vasitəsi ilə (bu adama) əbədi ölkəni (cənnəti – Ə.E.) verir. Bu xeyirli mükafatı mən də arzulayıram.
  2. Nə qədər ki ürəkdən çalışmaq həvəsi ətinizdə, qanınızda vardır, mükafatınız bu muğ dini olacaqdır ki, onunla yalançının ruhu uzaqlaşıb, beli sınıb, aradan gedəcəkdir. Bu muğ dinini əldən versəniz axır sözünüz peşmanlıq sədası olacaqdır.
  3. Ey Mazda Ahura, ey Ordubehişt, əlbəttə, mən sizdən bəhrələnəcəyəm, çünki siz peyğəmbərinizə mehribansınız. Sizin aydın yardımınızla, bir işarənizlə bizə cənnət nəsib olur.
  4. Son hesab günündə, qabaqcadan xəbər verildiyi kimi, divlər, suçlular və yalançılar doğruluq tərəfdarları vasitəsi ilə məğlubiyyətə uğrayacaqlar. O zaman, ey Ahura, sənə sitayiş edən sənin rəhmətinlə yüksələcəkdir.
  5. Yardıma çağıran adam yardıma gəlməzsə o, yalançılara qoşulur, çünki onun özü yalançıdır və yalançıya yardımçıdır. Ey Ahura, bu ilk dini göndərdiyin vaxtdan bəri doğruluq yanlısı o adamdır ki, doğruçunun dostu olsun.
  6. Ey Mazda, mən bilirəm nə üçün uğur əldə edə bilmirəm, çünki yoxsulam, tərəfdarım azdır. Ey Ahura, gileylənirəm, özün nəzər salıb bir dost kimi dostuna yardım göstər. Doğru din üzrə müqəddəs düşüncənin bəhrəsindən məni agah et!
  7. Doğru din qanunları üzrə yaşayan ağıllı adam yalan dinə inanan adamları da doğru din yoluna gətirməlidir. Düşüncəli adam əşrafı və başçıları başa salmalı, onları yalan dinin zərərindən qurtarmalıdır.
  8. Ey Mazda, səni o zaman müqəddəs tanıdım ki, Bəhmən mənim yanıma gələrək soruşdu:
-Sən kimsən? Hansı ailədənsən, səndən və sənin qohumlarından soruşsalar özünü hansı əlamətlərlə tanıtdıra biləcəksən?
Bu zaman ona dedim:
 -Birincisi, mən Zərdüştəm. Bacardıqca yalançının əsl düşməni, doğruçunun güclü himayəçisi olacağam ki, gələcəkdə dilədiyim ölkəyə (cənnətə – Ə.E.) nail olam, ozamanadək isə, mən sitayiş edib (ilahi – Ə.E.) nəğmələr qoşaram.
  1. Elə olmasın ki, sizlərdən biri yalan dinə qulluq edən adamın sözünə, göstərişinə inansın, çünki o,ailəni, kəndi və ölkəni viran edib puça çıxarır. Buna görə də onları silahla qovmalısınız!
  2. Ey Ahura, səndən soruşuram: heyvanlara və düzgün əməlli kəndlilərə əzab verməklə yaşayan o uğursuz rəftarlı yalançının hökmdarlığa çatmasına çalışan adamın cəzası nədir?
  3. Bəli, yalan dünyası istədiynə çatsa da, sözsüz ki, dalınca məğlubiyyətə uğrayacaqdır.
  4. Mazda Ahura öz qüdrəti ilə bizə əkin və iş versin ki, doğru din üzrə müqəddəs düşüncəni tanımaqla biz heyvanlarımızın və adamlarımızın həyatını yaxşılaşdıraq.
  5. Uğurlu davranışla birgə və işıqlı doğruluğun dostu olan Yaradan Mazda Ahura öz qüdrəti ilə cavab verdi: “Təmiz dinli olduğunuz üçün sizi seçdik ki, bizdən olasınız”.
  6. İndi, ey Ahura, Zərdüşt özü üçün sənin o müqəddəs Ruhunu seçdi. Ey Mazda, doğruluq fəriştəsininəndamı qoy bəzəkli olsun, Sipəndərmüz ölkədə günəş tək həyatdan və qüdrətdən bəhrələnsin. Olsun ki, O, uğurlu davranışdan gələn əməllərə mükafat versin.
  7. Uğursuz din tərəfdarı yox olmalıdır. Böyük Şəxsi (Ahuramazdanı – Ə.E.) alçatmaq arzusunda olan bu adamlar – dini alçadanlar cəza görməlidirlər. Haradadır o düz əməlli hakim ki, onların həyatını, azadlığını əllərindən alsın!
          İndi isə, ey Mazda, qüdrət sənindir ki, doğruluqla həyat sürən yoxsulların yaşayışını yaxşılaşdırasan!
Burada Zərdüştün Qatalarından 15 bəndin seçilib verilməsi həm bu yazı (məqalə) üçün ağırlaşdırıcı, həm də oxucu üçün çox yorucu görünə bilər. Ancaq bunlar göstərilməsə üç əsas məsələ heç bir zaman tam anlaşılmaz:
  1. Zərdüştlüyün (maq dininin) təktanrılı olması.
  2. Manilik, məzdəkilik, babəkilik (xürrəmilik) və bu sonuncularla birbaşa ilgisi olan sufilik.
  3. Təktanrıçılıqla əfsunçu parsizmin mübarizəsi.
Biz burada Qataların 238 bəndindən yalnız on beşini göstərdik. Diqqətli oxucu aydın görər ki, gerçək (doğru)mağ dini, ya da başqa cür desək zərdüştlük və manilik dinlər içərisində təkmil dünya dinlərindən sayılanislam dini ilə tək Tanrı məsələsində çox yaxındır. Müqayisə edək:
  1. Tanrı təkdir və əzəli-əbədidir.
  2. Bütün varlığı Tanrı yaradıbdır.
  3. Tanrının öz hökmlərini yerinə gətirmək üçün yanında yardımçıları, xidmətçiləri vardır [zərdüştlükdə və manilikdə: Bəhmən, Ordubehişt, Sipəndərmüz, Şəhrivər, Aşa (Aza); məhəmmədiyədə və isavilikdə: Mikayıl-Mixail, Cəbrail-Qavriil, Əzrail və b.].
  4. Peyğəmbərləri Tanrı təyin edir.
  5. Cənnət, cəhənnəm, hətta qıl körpü; zərdüştlükdə Çinvət (Çönüt), islamda – sirat.
  6. Muğ dinində də islamda olduğu kimi Tanrının adları və sifəti çoxdur.
  7. Hər üç peyğəmbər Tanrıya ucadan dua oxuyur, ibadət edir, namaz qılır, Tanrıdan iltimaslar diləyir, din yolunda əzab çəkir, öz yurdlarından didərgin düşür, Tanrı ilə bağlarını ya vəyh yolu, ya da mələklər vasitəsi ilə qururlar.
  8. Hər üç din təlimində Tanrı hər şeyə qadirdir, Tanrı adildir, yaradandır, doğrunu (haqqı) sevir, biliklidir (hər şeyi biləndir), zalımları cəzalandırır, doğru din yolunu azanları cəzalandırır, yalançılar Tanrının və peyğəmbərlərin, ümumiyyətlə cəmiyyətin, insanlığın düşmənidir və sair.
  9. Bu üç din təlimində Yaradan və Yaradılan (Varlıq) arasındakı bağlılıq belədir:
  10. Zərdüşt peyğəmbərin din təliminə görə, Tanrı varlığı ikili yaradır, elə ilk başlanğıcdan işıqqaranlıqla, xeyir şərlə mübarizə aparır;
  11. Mani peyğəmbərin din təliminə görə, Tanrı varlığı xeyir əsasında yaratmış, şəri (qaranlığı)yaratmamışdır. Bunlar Tanrının yaratdığı Xeyirli varlığın ünsürləridir, gec-tez məhv olacaqlar;
  12. Hz. Məhəmməd peyğəmbərin din təliminə görə, Tanrı – Allah bütün varlığı yaradır, bu varlıqdan doğru yolu azanlar şər gücə çevrilirlər (şeytan və başqa şər güclər).
Mani peyğəmbərlə Məhəmməd peyğəmbərin bir uyğun yönləri də orasında idi ki, hər ikisi özünəqədərki dinlərin ən mütərəqqi, sınaqdan çıxmış tərəflərindən yararlanmışdır.
Parsa-Sasanlı şahənşahları hər iki peyğəmbərin düşməni idi. Mani peyğəmbər onların hakimiyyəti altında olan Azərbaycan – İraqda yaşayırdı və ona görə də Manini öldürdülər. Məhəmməd peyğəmbər onların hakimiyyəti altında olmayan Mədinədə -Yəsribdə yaşayırdı, ona görə də Onun ancaq məktubunu cıraraq ayaqlar altına atdılar və arxasınca həqarətli sözlər danışmaqdan başqa əlləri bir yerə çatmadı, öldürtmək istədilər, əmr verdilər, başarmadılar.
Bəli, pars-Sasanlı şahənşahları Maninin peyğəmbərliyini qəbul etdilər. Maninin şöhrəti, o zamanlar üçün ağlasığmaz ölçüdə dünyanın ozamankı güc və insan mərkəzlərinə yayıldı. Mani peyğəmbərin dühası Çindən tutmuş Quzey Afrika və Balkanlara qədər yayıldı.
Mani və onun tərəfdaşları bütün bəlaların kökünü maddi nemətlərin ədalətsiz, qeyri-bərabər bölünməsində görür və bu nemətlərdən hamının və hər kəsin bərabər istifadəsini tələb edirdilər. Sasanlı I Şapur (239-272) və onun oğlu I Hürmüz (272-273) Mani peyğəmbərin bu tələblərinə bir qədər dözüm göstərsələr də onların varisləri I Bəhram (273-276) və II Bəhram (276-293) Sasanlı hakimiyyətinin gücləndiyini hiss edərək nə maddi nemətləri, nə də hakimiyyəti maniçilər və kütlə ilə bölüşdürmək istəmədiklərini bildirdilər; nəticədə 276-cı ildə Mani peyğəmbərə ağır işgəncələr verərək edam etdilər. Bir neçə il maniçilər təqib və işgəncələrə məruz qalaraq fiziki məhv edildi, çoxları xarici ölkələrə gedib orada maniliyin təbliğini davam etdirdi.
Mani tarixdə bir peyğəmbər, filosof, qəhrəman, siyasi-ictimai hərəkatın yaradıcısı və başçısı kimi tanınsa da bədii ədəbiyyatda rəssam (nəqqaş), memar, şair kimi tanınmışdır. Maninin 10-dan çox kitabı, 76 məktubu (risalə) olmuş, [onlar] bütün dünyaya səpələnmiş, üçüncü yüzildən sonra bütün dünyada din, fəlsəfə, rəssamlıq, memarlıq və ədəbiyyata böyük təsir göstərmişdir.
Manilik parsizmə qarşı mübarizəsini davam etdirmiş, beşinci yüzilliyin sonunda çox böyük güclə baş qaldıranMəzdəklilər xalq hərəkatının əsas ideya qaynağı olmuşdur. Diqqətlə izlədikdə aydın olur ki, manilikzərdüştlüyün sosial ədalət prinsiplərinin inkişaf etdirilib, yeni dəyişmiş cəmiyyətə təbliği demək idi.
Maninin edamından iki yüz il sonra Zərdüştün və Maninin ideyalarını bir daha gəlişdirib cəmiyyətə təbliğ etmək istəyən Məzdək böyük bir hərəkat adı ilə daha çox tanınır.
Məzdək (450-529) Tanrının Varlığı bütöv-bütövünə bir ədalətli quruluş halında yaratdığına, ancaq bunun sonradan pozulduğuna inanır, onu təbliğ edir, bu Pozulmanı insanların mübarizəsi və yardımı sonucundaxeyirin (işığın) tam qələbəsi ilə aradan qaldırmağın, birdəfəlik şərə (qaranlığa) – zülmə son qoymağın mümkün olacağına çağırırdı. Bir sıra araşdırıcılar belə iddia edirdilər ki, guya Mani də, Məzdək də zərdüştlüyə qarşı çıxmamış, əksinə onun ilkin təmiz halına qayıtmasına çalışmış (məsələn, xristianlıqda puritanizm, islamda vahabilik kimi ) və zərdüştlüyü təhrif edənlərə – şahənşahlara, şahlara, hakimlərə, əyanlara, həm də “zərdüşti” kahinlərə qarşı çıxmışlar.
Məzdəkin harada doğulduğu haqda hələlik dəqiq məlumat yoxdur. Onun İraq, Azərbaycan və Nişapurda anadan olduğunu söyləyən müxtəlif mənbə və ədəbiyyat vardır. Ancaq bütün alimlər-araşdırıcılar onun fəaliyyətini Azərbaycanda, ən erkən çağını Azərbaycanın ovaxtkı paytaxtı Həmədanda başladığı və sürdürdüyünü mübahisəsiz qəbul edirlər. Heç bir şübhə yeri olmadan deyə bilərik ki, Məzdəkilər hərəkatının mərkəzi nüvəsini Azərbaycan türkləri təşkil etmiş və onlar sosial ədalət uğrunda mübarizənin hərəkətverici gücü olmuşlar.
Məzdəklilər hərəkatı bütün Sasanlı imperatorluğunu bürümüş, böyük qələbə çalmış, şahənşah I Qubad-Kavad (488-496) məzdəklilərin tərəfinə keçmiş, Məzdəkin muğatalığını qəbul etmişdir. Məzdəkçilər zərdüştlüyün xalq arasında yüksək, ən hörmətli təbəqə saydığı maldarların və əkinçilərin haqlarını savınmış, bundan əlavə, Zərdüştün vaxtında hələ yaranmayan, ancaq Məzdəkin vaxtında artıq formalaşmaqda olansənətkarlar sinfini də müdafiəyə qalxmışlar. Bu hərəkata orta təbəqələr də qoşulmuşdu.
Öncə göstərmişdik ki, Tanrının (Ahuramazdanın) göndərdiyi Müqəddəs Od yalnız bir olmuş və Zərdüştün vətəni Şiz məbədində yerləşmişdi. Bu od bütün insanların himayə rəmzi idi. Sonradan Xorasanda bir məbəd yaradılmış, burada olan od da Tanrının göndərdiyi od sayılmış, bu od isə maldarların və əkinçilərin yer üzərində himayəçisi olmuş, elə buradan parçalanma başlamışdı. Ancaq bu ikinci məbədin bu cür “müstəqil” olması onu göstərirdi ki, maldarlar və əkinçilər zərdüştlükdə və ölkənin iqtisadi, ictimai həyatında nə qədər önəmli yer tuturlar. Daha sonra zərdüştlükdə ali ruhaniliyi ələ keçirən parslar Parsanın mərkəzində yerləşən məbədi böyüdərək Əhəməni şahlarının işə müdaxiləsi ilə elan etdilər ki, bu məbədin də odu Tanrı tərəfindən göndərilib və o, kahinlərin, din rəhbərlərinin, ruhanilərin himayəçisi, baş səcdəgahıdır. Bundan sonradördüncü məbədin odu Tanrı tərəfindən göndərilmiş müqəddəs od sayıldı, həmin məbəd də sənətkarların himayəçisi qəbul edildi. Beləliklə, Azərbaycanın Kazaka (Qazak, Şiz) şəhərindəki Od hökmdar və qoşunun, Xorasandakı kəndlilərin (maldar və əkinçilərin), Parsadakı ruhanilərin, dördüncüsü isə sənətkarların hamisi oldu. Daha müqəddəs bu dörd məbədin yaranması bizə İraq, Azərbaycan, Güney Qafqaz, Xorasan, Parsa və Dəyləmdə (Təbəristan) siniflərin və təbəqələrin durumunu anlamaqla aydınlaşdırıcı yön verir.
Məzdəklilər hərəkatı dövründə bunlarla yanaşı bir çox böyük məbədlər də vardı ki, onlarda 10-15 insan kölə kimi çalışırdı. 5-10 min qız-qadın bir məbədin kənizi sayılırdı. Parsalı şahənşahlar, əyanlar və kahinlər yarımquldar bir quruluş (düzən) yaratmışdılar. Məzdəklilər bütün bunları darmadağın etdilər. Buna görə də bir sıra tarixçilər məzdəklilər hərəkatını quldarlığa qarşı xalq üsyanı kimi qiymətləndirirlər.
Bəli, Parsalı hökmdarlar, kahinlər və əyanlar xalqların bu qiyamını qəbul və həzm edə bilmədilər, ilk öncə əski-qiyam qaldırıb I Qubadı taxtdan saldılar, onun yerinə Zamasp (Camasp) adlı birisini oturtdular. Zamasp hərəkatı boğa bilmədi. I Qubad ölkədən qaçıb Orta Asiyaya, orada hakim olan ağ hunların (eftallar, hayatilə) himayəsinə sığındı. İki il ağ hunların yanında qalan, onlarla qohumluq əlaqəsi yaradan I Qubadı hunlar 498-ci ildə Sasanlı ordularını darmadağın edərək yenidən taxta oturtdular. İkinci dəfə hakimiyyətə gələn I Qubad(498-531) məzdəklilərlə daha sıx yaxınlaşdı. Məzdək möbidan-möbid oldu. Bu, o demək idi ki, bütün dini hakimiyyət Məzdəkə verilir. Möbidan-möbid, tam da olmasa, islamdakı əmirəl-möminin (yəni dünyəvi hakimiyyət itirib dini hakimiyyəti saxlayan xəlifələr kimi) tituluna çox yaxın idi. Bir sözlə, məzdəklilər çox böyük qələbə qazanıb, əzilən təbəqə və sinifləri kahinlərin və əyanların zülm və istismarından xilas etdilər, hakimiyyətə şərik oldular. Dövlət vəzifələrində Məzdəkin tərəfdarları nüfuzlu vəzifələr tutmuşdular.
Məzdəklilərin Sasanlılarla şərikli hakimiyyəti aşağı-yuxarı iyirmi beş ildən çox sürdü. İmperatorluqda məhsuldar qüvvələrin fəallığı bu zamanadək görünməmiş bir ölçüdə yüksəldi. Cəmiyyətin gəlişməsinə əngəl törədən bir sıra ukladlar darmadağın edildi. Feodal istehsal üsulu, bəlkə də daha doğrusu, “Asiya istehsal üsulu” özü üçün yeni əlverişli məkan və şərait tapdı. Hərəkatdan sonrakı yüzildə istehsal münasibətləri gəlişdi, imperatorluğa daxil olan bir sıra ölkələrdə hərtərəfli dirçəliş baş verdi.
Məzdəklilər hərəkatı doğrudan-doğruya bütün ictimai-iqtisadi, siyasi, dini münasibətlərdə bir dəyişmə, bir yenilik yaratmışdı. Ancaq bütün keçmiş imtiyazlarını itirmiş pars əyan-kahinləri bununla heç cür barışa bilmirdilər. Onlar ilk öncə qocalmış I Qubadın gənc, enerjili oğlu Xosrovu ələ alıb öz tərəflərinə çəkdilər. Hərbi gücləri öz əlinə toplayan Xosrovun və kahinlərin təzyiqi ilə I Qubad Məzdəkdən uzaqlaşdı. Məzdək xəyanətlə həbs edilib 529-cu ildə edam edildi, onun bütün tərəfdarlarına qarşı amansız hücum başladı. Tarixçilərin yazdığına görə, 80 min adam qətlə yetirildi. Bir sıra tarixçilər yazırlar ki, daha çox məzdəkçi öldürülmüşdü, 80 min isə diri-diri təpəsi üstə dikinə torpağa basdırılmışdı. Biz bunların hansının düz olduğunu deyə bilmərik, ancaq inkaredilməz bir faktdır ki, doğrudan da on minlərlə adam təpəsi üçtə əsas yolların hər iki qırağı ilə diri-diri torpağa basdırılmış, onların ayaqları qıraqda saxlanmışdı ki, gəlib-gedənlər görüb bir vahimə içində qalsın, məzdəkliyi müdafiə etməsin, Sasanlılara, kahinlərə, əyanlara qarşı çıxmasın.
531-ci ildə I Qubad öləndən sonra taxta I Xosrov çıxdı. O, tarixdə Xosrov Nuşirəvan (531-579), Ənuşirəvan,Anuşirəvan adı ilə tanınır. I Xosrov təkcə məzdəkçilərə deyil, ümumi əhaliyə divan tutdu. Onu hakimiyyətə gətirən bir sıra əyanları və ordu başçılarını, kahinlərin hamısını vergidən azad etdi. Bunların böyük çoxluğu parslar idi.
Xosrov Nuşirəvanın zülmü və zalımlığını XII yüzil Azərbaycan-türk şairi Nizami Gəncəli farsca yazdığı “Sirlər xəzinəsi” əsərindəki “Nuşirəvanla vəziri və bayquşların söhbəti” adlı mənzum hekayəsində belə anladır:
          Nuşirəvan qoşunla çıxmışdı bir gün ova,
          Ayrıldı dəstəsindən atla ov qova-qova.
… …
          Çatdı düşmən qəlbi tək viranə bir yurda şah,
          Tapardı axtardığı hər şikarı burda şah.
          İki bayquş səs-səsə verərək ulayırdı,
          Qəlbləri şah qəlbi tək nəsə “arzulayırdı”.
          Şah soruşdu vəzirdən: “Nə danışır bu quşlar?
          Bir-birinə nə deyir, nə söyləyir bayquşlar?”.
          Vəzir cavab verdi ki: “Zamana şahsan özün,
          Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün.
… …
          Bu quş onun oğluna ərə verir qızını,
          İndi başlıq istəyir işə salıb ağzını:
          “Bu xaraba kənd nədir, bir qıza azdır” deyir.
          “Kəbin haqqı bir neçə xaraba yazdır” deyir.
          Elçi gələn quş deyir: “Şərikəm hər sözünə,
          Şahın zülmkarlığı bəllidir yer üzünə
          Qanlar tökən görürəm şahı gündə yenə mən
          Yüz min belə xaraba kənd verərəm sənə mən”.
          (Gər məlik in əst dər in ruzigar,
          Mən be to virane dəhəm şəd hezar).
          ……..
          Zülmünü yada salıb, dişlədi barmağını:
          Quşlar da eşidibdir zülmümün sorağını.
          Var üçün insan nəsli bu obadan silindi,
          Toyuq qaqqıldayırdı, bayquş ulayır indi.
… …
          El varını soymuşam, xalqa divan tutmuşam,
          Ölməyi, son mənzili büsbütün unutmuşam.
          Qılıncımla elləri biçməyim bəsdir daha,
          Alçalıb insan qanı içməyim bəsdir daha,
Budur, Gəncəli Nizami Xosrov Nuşirəvanın əsl simasını açıb göstərmişdi.
Fars şovinizmi bütün bunları bir yana buraxaraq, dünyanın qaniçən cəlladlarından biri olan Xosrov Nuşirəvana sonradan “Adil” ayaması (təxəllüsü) vermiş və onu dünyanın ən ədalətli bir hökmdarı kimi təbliğ edərək min illərlə milyonlarla insanın şüuruna yeritmiş, yedirtmişdir.
Təkcə fars ədəbiyyatında, tarixində deyil, bütün farsdilli ədəbiyyatda eyni zamanda farsdilli türk ədəbiyyatında Xosrov Nuşirəvan təriflənib göylərə qaldırılmış, Rumeli Səlcuq hökmdarlarından tutmuş ta Orta Asiyayadək bir sıra türk hökmdarları fəxrlə özlərinə “Xosrov”, “Keyxosrov” ləqəblərini taxmışlar. Bu fars şovinizminin qələbələrindən biri idi. Bir sıra Səlcuq hökmdarları və atabəyləri Sasanlı hökmdarlarının tarixini öymək, onlara ədəbi və əbədi yazılı əsərlər-abidələr qoymaq üçün öz xəzinələrindən qızıl xərcləmiş, farsdilli ədəbiyyatın yüksəlməsində, fars dilinin dünya çapına çıxmasında əvəzsiz xidmətlər göstərmişdilər. Bu, fars şovinizminin başqa qələbəsi olmuşdur.
Böyük Nizami də bu basqıdan qurtara bilməmiş, əsərlərini farsca yazmış, Xosrov Nuşirəvanın da guya sonradan peşiman olub ədalətli şahlıq etdiyini yazmışdır:
          Taleyin imtahanı canını alan oldu,
          Ədalətli dünyada əbədi qalan oldu.
          Ülviyyət aləmində yenə də şahdır özü,
          Şan-şöhrət sikkəsinə yazıldı “Adil” sözü.
Bu, doğrudan da belədir – bütün farsdilli müsəlman ədəbiyyatında onun adı bütövlükdə belə yazılır: “Xosrov Nuşirəvan Adil”.
Çox sadə bir tarix məntiqi ilə soruşuruq: I Xosrovun yaşadığı 6-cı yüzildə və ondan sonrakı yüzildə pars və ya pəhləvi dilində “adil”“ədalət” sözü vardımı? Yox. “Adil” – sözünün kökü ərəb sözü “ədl”dəndir. Bu kökdən“ədalət”“ədliyyə” sözləri yaranmışdır. “Adil” sözü də bu qəbildəndir, “ədalətli” deməkdir; Allaha xas sifətlərdən biridir – Allahın bir adı da Adil-dir. Ərəb sözləri pars, pəhləvi dilinə 8-9-cu yüzillərdə keçməyə başlamışdır. Deməli, Xosrova “Adil” təxəllüsünü bu yüzillərdə və bəlkə də daha sonra, “pasr milli iftixarı”nı qoruyub saxlamaq üçün fars tarixçi, ədib və şairləri taxmışlar. Belə bir iş II Xosrov üçün də görülmüşdür (onu bir az sonra yazıya gətirəcəyik).
Gerçək tarixin deyil, yazılı tarixin gülünc və heyrətli bir görünüşü var: “Zalim” adını daşıyacaq bir şahənşah “Adil” adı ilə yazılarda, kitablarda, beyinlərdə yaşayır! Bu da fars şovinizminin insanlığa bir xəyanətidir.
Onu da qeyd edim ki, bu son bir neçə ildə mənim dəqiq bildiyimə görə, bir sıra fars şovinistləri həm tək-təklikdə, həm də məclislərdə “bizim damarlarımızda Ənuşirəvan qanı axır” deyərək fəxr edirlər.
Xosrov Nuşirəvan öləndən sonra pars-pəhləvi edib, kahin və raviləri onun haqqında rəvayətlər, nağıllar, əfsanələr uydurdular. Onun özünün adından kitablar, vəsiyyətnamələr, xatirələr yazdılar və bunların hamısını tarixi gerçəklik kimi qələmə verib bir farspərəst ədəbiyyat yaratdılar. Bunları araşdıran tarixçilər çaş-baş qalıb nəyin doğru, nəyin yalan olduğunu bir türlü kəsdirə bilmədilər.
Sasanlı imperatorluğunu Yəməndən Əfqanıstana qədər böyüdən qanlı Xosrov Nuşirəvan öləndən sonra onun yerinə IV Hürmüz (579-590) keçdi və tez bir zamanda bu imperatorluğun qan və zülm ilə necə bir qurama imperatorluq olduğu üzə çıxdı. Yəmən və başqa ərəb əyalətləri, Orta Asiya və Qafqaz hakimləri yarımmüstəqil və müstəqil oldular. Mərkəzdə Bəhram Çubin Sasanlılara qarşı üsyan qaldırıb IV Hürmüzü öldürdü və hakimiyyəti ələ aldı (590-591).
Dördüncü Hürmüzün oğlu İkinci Xosrov qaçıb bir sıra qohumları ilə Roma imperatorluğuna sığındı. Roma imperatorluğu Sasanlıların iç işlərinə dönə-dönə qarışmış, bu fürsəti göydəndüşmə sayaraq bir ordu ilə dövlətin paytaxtı Ktesifona (Mədainə) hücum edərək Bəhram Çubini taxtdan salmış, II Xosrovu Sasanlı taxtına oturtmuşdu.
II Xosrov (591-628) tarixdə və ədəbiyyatda Xosrov Pərviz adı ilə daha çox tanınır və parsların fəxr və qürurla dil-boğaza qoymadan şişirtdiyi, öydüyü şahənşahlarından biri, bəlkə də sonuncusudur. Bundan sonra farsların fəxr duyası bir şahları olmamışdır. Yalnız Səfəvi – türk hökmdarı I Şah Abbas (1587-1629) farslara böyük xidmətlər göstərdiyindən, onu da Böyük Şah AbbasŞah Abbas Adil və s. titullarla böyütmüş, haqqında rəvayətlər, nağıllar, əfsanələr düzəltmişdilər.
Göstərdiyimiz kimi, II Xosrov Bizans (Şərqi Roma) imperatorluğunun mizraqları ucunda hakimiyyətə gəlmiş, bir müddət də onların əli ilə hakimiyyətdə saxlanmış, bunun üçün yarımvassal kimi Bizansa töyçü ödəmişdi.
II Xosrovu Sasanlı taxtına oturdan Bizans imperatorluğunun özünün içərisində güclü iqtisadi, ictimai proseslər gedirdi. Belə ki, quldarlıq ukladı tamam dağılmaq və onun yerində feodal istehsal üsulu tam hakim kəsilmək ərəfəsini yaşayır, imperatorluğa zorla qatılmış ölkələrin mərkəzdənqaçma gücü artır, bir zaman Bizansla müttəfiq olan türklərin həm batıdan, həm quzeydən, həm də Qafqazdan hücumları Bizansın iç gücünü tükəndirirdi. Bir yandan da hakimiyyət uğrunda mübarizə yenidən şiddətlənmişdi. Sonucda iç savaş başladı. 602-ci ildə Bizans ordusunun əsas gücləri imperatorun düşmənlərinin tərəfində dayanaraq qiyam qaldırdı və imperator Mavriki öldürüldü. Mavriki tərəfdarlarını müdafiə adı altında Sasanlı qoşunları Bizansa müdaxilə edib onun cənub əyalətlərini, Suriyanı və Misrin bir hissəsini işğal etdi. Daxili müharibə içərisində çabalayan Bizans elə bir müqavimət göstərə bilmədi. Bu dövrdə Bizans imperiyası çökür, həm qərbdə, həm şərqdə və güneydə torpaqlarını ard-arda öz düşmənlərinə uduzurdu.
614-15-ci illərdə Azərbaycanın quzeyində – Albaniyada Sasanlı hakimiyyətinə qarşı üsyanlar baş verdi. II Xosrov onları amansızcasına yatırtdı.
610-cu ildə Bizans taxtına oturan İrakli (610-641) mərkəzi hakimiyyətdə bir sabitlik yaradaraq müxtəlif qüvvələri bir yerə toplamağa başlamışdı. 620-ci ilədək o, yeni bir ordu yaradıb imperatorluğun mərkəzi əyalətlərində bütün qiyam və separatçı çıxışları yatırtmışdı.
622-ci ildə İraklinin ordusu ilə Xosrovun ordusu Tavr (Toros) dağlarında üz-üzə dayandılar. Bu həlledici döyüşdə Xosrov Pərvizin ordusu darmadağın oldu. Bizans ordusunda müxtəlif türk boylarından qatılmış qoşun qüvvələri də iştirak edirdilər. Xosrovun da ordusunda türklər əsas qüvvələrdən biri idi.
622-623-cü illərdə Bizans orduları doğuda və güneydə itirdikləri bütün torpaqları geri qaytarıb Azərbaycanın quzey və mərkəz əyalətlərini də işğal etdilər. 624-26-cı illərdə Xosrovun qoşunları əks-hücuma keçsə də heç bir uğur əldə edə bilmədi. 627-ci ildə yenidən hücuma keçən Bizans ordusu Azərbaycanı bütövlükdə işğal edib “Tanrının göndərdiyi ilk müqəddəs od məbədi Azərgəştəsbi” (Kazaka – Şiz şəhəri) viran qoydu.Ninəva (Neynəba) indiki Mosul şəhərinin yaxınlığında qədim bir şəhər idi) şəhərinin yaxınlığında gedən döyüşdə Xosrov Pərvizin qoşunları darmadağın edildi. Xosrov döyüş meydanından qaçıb Mədainə sığındı, İrakli (Herakl) öz təntənəsini nümayiş etdirmək üçün xristianlığın və o zaman həm də müsəlmanların qibləgahı olan Qüds şəhərinə getdi.
Sasanlılarla bizanslılar arabir dost olub, çox vaxt bir-biriylə müharibə apardıqları və bir-birini çökürtdüyü bu zamanlarda Ərəbistan yarımadası bu müharibələrdən nisbi olaraq qıraqda qalmış, geniş ticarət aparan Məkkədə bir dirçəliş başlamış və ən önəmlisi olaraq 610-cu ildə peyğəmbərliyə, həm də Elçi (Rəsul)peyğəmbərliyə yetişən həzrəti-Məhəmməd islam dinini yaymağa başlamış, 622-ci ildə Yəsrib şəhərinə (sonralar bu şəhər peyğəmbərin adı ilə bağlanıb əl-Mədinətu-n-nəbiyyun – “peyğəmbər şəhəri” adlanmış, qısaca Mədinə deyilmişdi) hicrət etməyə məcbur olmuşdu. Rəsulun arxadaş və dostları islamı ətrafa yayırdılar.
İslam peyğəmbəri hicrətin 6-cı ilində (miladın 628-ci ili) Yaxın və Orta Doğunun bir sıra hökmdar (məlik) və əmirlərinə məktub göndərib onları islama dəvət edir. Qaynaqlar doqquz ölkənin hakiminə dəvət məktubu göndərildiyini göstərir. Bu məktublar tarix qaynağı kimi çox qiymətlidir. Burada biz onların ikisindən danışacağıq:
Bunlardan biri Rum (Bizans) imperatoru-qeysəri İrakliyə (Herakla) ünvanlanmış, onu Dəhyə əl-Kəbi imperatora Qüds şəhərində yetirmişdi. Məktubun mətni belə idi:
“Bismillahirrəhmanirrəhim. Allahın qulu və elçisi Məhəmməddən Rumun böyüyü Hiraqla.
Doğru yolu (əl-hüda) izləyənə salam olsun. Sonrasına gəldikdə, mən səni islama çağırıram. Müsəlman ol, salamatlıq tap! Allah sənə sənin mükafatını iki dəfə verər. Bundan üz döndərsən sapqınlıqda qalacaq, bütün xalqın günahı sənin üstündə qalacaq. Ey əhli- kitab(xristianları nəzərdə tutur – red.), gəlin aramızda sözü bir yerə qoyaq. Allahdan başqa kimsəyə ibadət etməyək, Ona heç bir şeyi şərik etməyək. Bəzilərimiz Allahdan başqa özlərinərəbbilər götürməsinlər. Əgər sapmış olsalar onda desinlər: “Şəhadət edirik ki, biz müsəlmanlarıq””.
Tarix qaynaqlarında göstərilir ki, Rum qeysəri məktuba hörmətlə yanaşmış, Qüdsdə olan ərəb tacirlərini yanına çağırmış, onlardan peyğəmbər haqqında bilgi almış, dövrünün etik qaydaları çərçivəsində cavab yazmışdır.
Həzrəti-islam peyğəmbərinin obiri məktubu II Xosrov Pərvizə göndərilmişdi. Məktubu Xosrova Abdullah ibn Xuzafə əs-Səhimi aparmış, Mədaində ona vermişdi. Məktubun mətni belə idi:
“Bismillahirrahmanirrəhim.
Allahın rəsulu Məhəmməddən farsın Kəsrasına.
Doğru yolu tutub gedənlərə, Allaha və onun rəsuluna inananlara, Allahdan başqa ilahın olmadığına və Məhəmmədin onun rəsulu olduğuna şəhadət gətirənlərə salam olsun. Mən səni islama çağırıram. Mən bütün insanlar üçün göndərilmiş haqq elçisiyəm. İnsanlara bildirirəm:müsəlman ol, salamatlıq tap! Əgər sən rədd etsən bütün macusilərin (atəşpərəstlərin – red.)günahı sənin üstündə qalacaqdır”.
Burada, yeri gəlmişkən, bir sözlə balaca arayış verməyi gərəkli bildik, bu da macusi (məcus) sözüdür. Öncə də dediyimiz kimi, bir sıra tarixçilər zərdüştlüyün maq-mağ dini olmadığını iddia edirlər. Biz bunu yalnış sayırıq və qəti əminliklə deyirik ki, Zərdüşt özü bu dini “maq dini” adlandırmışdı. “Maq” sözü romalıların – yunanların dilində -us (-lar-lər) cəm şəkilçisi ilə işlədilərək “maqus”, yəni “maqlar” şəklinə düşmüş, onlardan da ərəblərə “macus” şəklində keçmişdir.
İndi məktubun Xosrova çatdırılmasını və ona Xosrovun münasibətini türk şair, alim və filosofu Gəncəli Şeyx Nizaminin əsərindən dinləyək.
“Peyğəmbərin Xosrova məktub yazması”:
          Məktub qurtaranda, məktubu yazan
          Məhəmməd adını göstərdi ünvan.
          Cəld gedən qasidə verib məktubu,
          Dedi tez çatdırsın Pərvizə onu.
          Qasid yetirəndə şaha fərmanı
          Hirsindən qaynadı Xosrovun qanı.
          Yazılmış hər sözdən şah qovrulurdu,
          Əfyun1 çəkmiş kimi xumar olurdu.
          Nizə tək qalxmışdı hirsdən saçları,
          Atəş yağdırırdı hər bir damarı.
          Çıxanda nəbinin adı qarşıya
          Sanki quduz tutmuş rast gəldi suya.
          Gözləri sataşdı bu qorxunc sözə:
          “Yetsin Məhəmməddən Xosrov Pərvizə”.
          Şahlıq qüruruyla yolundan azdı,
          Dedi: “Cürət edib kim bunu yazdı?
          Kimin hünəri var bu qüdrətimlə
          Adımın üstündən ad yazsın belə?”.
          Üzü atəşgahdı sanki közərmiş,
          Hirsdən pis düşündü, gördü çox pis iş.
          O boyunsındıran məktubu cırdı,
          O, məktubu deyil, öz möhrün qırdı.
1 Opium (tiryək) – red.
Bəli, Xosrov Pərviz peyğəmbərin məktubunu cırıb ayaqları altına atmış, həmən andaca hələlik ondan asılı olan Yəmən hakimi Bazana bir məktub yazıb göndərmişdi. Bu məktubda Xosrov əmr edirdi ki, Bazan peyğəmbərin ya dirisini, ya da ölüsünü Xosrova göndərsin. Bazan əmrə tabe olaraq Məhəmməd peyğəmbəri ya diri, ya ölü ələ keçirmək üçün Mədinəyə iki adam göndərmişdi. Ancaq hadisələr başqa yönə yönəlmişdi. Rum imperatoru İraklinin orduları Mədainə yürüşə keçmişdilər. Xosrovun qoşunu həmən ərəfədə əvvəllər Sasanlılara tabe Hirə ərəbləri tərəfindən darmadağın edilmişdi. Heraklın ordusu Ktesifonu (Mədaini) mühasirəyə alanda Sasanlı sarayında çevriliş edildi. Çevrilişdə Xosrovun oğlu Şiruyə də iştirak edirdi. Onun birbaşa iştirakı ilə atası II Xosrov Pərviz vəhşicəsinə qətlə yetirildi.
Şiruyə II Qubad adı ilə taxta çıxdı. Nizami bunu bədii dillə belə təsvir edir:
          Qasid bu acığı gördüyü zaman
          Tələsdi ki, getsin onun yanından
          Görcək tüstüləyir o atəş hədər
          Agahlar şamına1 yetirdi xəbər
          O şam bu xəbərdən qeyzə gələrək
          Bəddua uçurtdu pərvanələr tək.
          O duadan sındı Kəsranın tağı,
          Xosrovun başından düşdü papağı
          Mustafa dininin möcüzəsindən
          Məhv oldu Pərvizin şahlığı birdən.
          Taxtın altından götürdü fələk,
          Oğlu qılınc çəkdi ona düşmən tək.
          Bir gurultu tutdu dərəni, dağı,
          Xosrov eyvanının dağıldı tağı.
          ……
          Cəmşid, Firuduna bir qələm çəkən
          Böyük peyğəmbərə əhsən, yüz əhsən!
1 Məhəmməd peyğəmbərə – red.
Xosrov Pərvizin oğlunun qılıncı ilə qətlə yetirilməsi xəbəri Mədinəyə çatanda peyğəmbər Yəmən canişini Bazanın adamlarını Mədinədə tapdırıb bu xəbəri onlara bildirdi və bir məktub yazıb Bazanı islama dəvət etdi. Bazan islamı qəbul etdi. Yəmən Sasanlı vassallığından birdəfəlik qurtardı.
Atasını öldürən Şiruyə bircə il hakimiyyətdə qaldı. Onu da öldürdülər. Bir daha qeyd edək ki, 628-632-ci illərdə Sasanlılardan doqquz hökmdar hakimiyyətə gəlib qətlə yetirildi.
Tarixdə maraqlı bir oxşar hadisə də baş vermişdi; xəlifə Mütəvəkkilin (847-861) oğlu Müntəsir də qiyamçılarla atasının yataq otağına girmiş və atasını yataqda yuxuda ikən qılıncı ilə qətlə yetirmiş, özü xəlifə olmuşdu. Ancaq o da bir il hakimiyyətdə qalmış, onu da öldürmüşlər. Həmin dövrün tarixçiləri yazırlar ki, Müntəsir atasını öldürüb taxta oturandan bir neçə ay sonra ruhi hallar keçirməyə və çox şərab içməyə başlayır, tez-tez “mənim də taleyim atasını öldürən Şiruyə Qubadın taleyi kimidir” – deyərmiş. Burdan aydın olur ki, xəlifələr də Sasanlıların dastan-tarixlərini yaxından öyrənmişlər. Abbasi xəlifələrinin bir qismi Sasanlı hökmdarlarına bənzər saray həyatı keçirirdi.
Bir daha təkrar edirik ki, Sasanlılar dövründə parslar mağ (zərdüştlük) təktanrı dinini əfsanə və miflərlə dolduraraq onu xurafata çevirmişdilər. Bu xurafatla onlar nə xristianlığa, nə də islama qarşı dura bilərdilər və dura bilmədilər də.
Parslar islamı qəbul etsələr də ürəkdən həzm edə bilmirdilər. Diqqət edək: ömrünün son 6 ilində aramsız döyüşlərdə Bizans ordusuna daim biabırcasına məğlub olan, Hirəli ərəblərə iki döyüşün ikisini də uduzan, Məhəmməd peyğəmbərin məktubunu cırıb ayaqlar altına atan, Peyğəmbərə həqarətlər yağdıran, onun öldürülməsinə fərman verən, sonda saray çevrilişi nəticəsində oğlu tərəfindən öldürülən Xosrov Pərvizi farslar islamı qəbul edəndən bir neçə yüzil sonra Müzəffər (həmişə zəfər çalan, qalib) fəxri adı ilə adlandırırdılar. Bəlli olduğu kimi, bu söz də ərəb sözüdür, kökü “zəfər”dir – farslara islamı qəbuldan çox-çox sonra keçmişdir.
Soruşmaq olar: Xosrov Pərviz nəyə görə Müzəffər adlandırıldı? Mağ dininin 2000 ildən çox ən müqəddəs məbədini, özü də Sasanlı hökmdarlarının hamısının tacqoyma mərasimindən öncə piyada gedib ziyarət etdiyi məbədi qoruya bilmədiyi, qoyub qaçdığı və Bizans imperatoruna onu darmadağın etməyə imkan verdiyi üçünmü? Kiçik bir vassal əmirlik olan Hirə əmirliyinə iki dəfə məğlub olduğuna görəmi? Sasanlı imperatorluğunun bütün quzey və qərb hissələrini Bizansa təslim etdiyi üçünmü, peyğəmbərin məktubunu cırıb atdığı üçünmü, islam peyğəmbərinə qarşı təhqiramiz davrandığına görəmi?
Nəyə görə, nə üçün o, Müzəffər oldu? Bunların hamısının bir cavabı var: pars-pəhləvi şovinizminin canı allahpərəstlikdə, dinpərəstlikdə, peyğəmbərpərəstlikdə, insanpərəstlikdə deyil, şahpərəstlikdə, şahənşahpərəstlikdədir. Bu fikrimizə ən tutarlı tutalqanı Firdovsi verir; o, Mahmud Qəznəvini mədh edərkən belə deyir:
          O Tus qəhrəmanı, itipəncə şir
          Döyüşdə edər əjdahanı əsir.
          Pula pul deməz, paylayar yoxsula,
          El istər həmişə o xoşbəxt ola.
          O istər görə xalqı allahpərəst,
          Çün allahpərəstlər olar şahpərəst.
Bəli, fars şovinizminin məna və məqsədi bu sonuncu beytdə deyiləndədir. Təktanrılı dinə xidmət edən xalqlar üçün insanları, ata-ananı, hakimləri, şahları, peyğəmbərləri və onun təbliğ etdiyi dini, mələkləri, daha nələri sevmək Ulu Tanrını sevmək üçün bir yol, ya da vasitələrdir. Fars şovinizmində isə bütün bunlar, hətta Allahın özü belə şahları sevmək, onlardan qorxmaq, onlara tabe olmaq üçün vasitədir. Məhz bu ideya tələb edir ki, şahlar, onların tarixi elə mifləşdirilsin ki, Tanrıdan da mücərrəd, anlaşılmaz bir güc, bir qüdrət təsiri bağışlaya bilsin.
Baxın, görün, fars şovinizmi Xosrov Pərvizi daha necə təqdim edir; guya Xosrov islam dininin möhtəşəmliyini başa düşmüşdü, ancaq babalarının seçdiyi, babalarının qəbul etdiyi “baba dinindən” imtina etməkdə “keçmiş padşahlardan utanır”. Daha sonra ən eybəcəri: “Qiymətli daş-qaş üzərində Sasanlı yazıları” adlı rusca əsərin (Leninqrad, 1963) müəllifləri A.Borisov və V.Lukonin farsların nə vaxtsa qondarma [dövlətçilik ənənələri olduğunu qabardır, onların hətta Məhəmməd peyğəmbərə qarşı] böhtanlarını belə təqdim edirlər: guya Sasanlı dövrünə aid qiymətli bir daş üzərində belə yazılıb: “Əyanların möhürsüz məktubu ağlın zəifliyindən və düşüncənin natəmizliyindəndir; möhürsüz xəzinə isə saymazlıq və ehtiyatsızlıqdandır. Peyğəmbərsə (səlləlahu aleyhi və səlləm) barmağında üzük gəzdirirdi və müxtəlif ölkələrə göndərdiyi məktubları möhürlü göndərirdi. Bunun səbəbi o idi ki, (bir dəfə) onun möhürsüz məktubu Pərvizə (Sasanlı şahənşahı II Xosrov Pərvizə) gəldi. O (Pərviz), bundan qəzəbə gəldi, məktubu oxumadı, onu cırdı və dedi: “Möhürsüz məktub külahsız (papaqsız) baş kimidir, külahsız baş isə (şah) məclisində (iştirak etməyə) layiq deyil. Əgər məktub möhürlənməyibsə onda onu hər bir kəs istəsə oxuyar…”.
Əziz oxucu, bu sənədə bir daha diqqətlə göz yetirməni xahiş edirəm. Məntiqə bax. Deməli:
  1. Həzrəti-Məhəmməd peyğəmbər öz məktublarını möhürsüz göndərirmiş.
  2. Məktubu möhürsüz göndərənin ağlı zəifdir və düşüncəsi təmiz deyil (fars şovinizminin islam peyğəmbərini təhqirinə bax!)
  3. Peyğəmbərin məktubu möhürsüz olduğu üçün Pərviz onu heç oxumayıb (Pərvizə bəraət).
  4. Pərvizin bu hərəkətindən sonra islam peyğəmbəri anlayıb ki, məktubu möhürləyib göndərərlər.
  5. Peyğəmbər möhürlü məktub göndərməyi Sasanlı hökmdarından öyrənibdir.
  6. Peterburqlu sovet kommunist alimləri fars şovinizminə necə xidmət edir, onun iftiralarını necə hiyləgərliklə təbliğ edirlər.
Mənə elə gəlir ki, ən sadə anlaqlı oxucu burada göstəriləndən fars şovinizminin iyrənc məqsədini aydın təsəvvür edər.
Farslar peyğəmbərin və islamın düşməni II Xosrov Pərvizi fars musiqisində də min dörd yüz ildən bəri yaşatmaqdadırlar. Məşhur “Xosrovani” musiqisi və “Xosrovaniyyat” mahnı silsiləsi Xosrov Pərvizin adı ilə bağlıdır.
Dediyimiz kimi, fars şovinizmi illərlə Sasanlı şahlarını və mifik pars “mədəniyyət”ini islama pərçim etməyə çalışmış, bunda müəyyən “başarılar” da qazanmışdır. Nə yazıq ki, bu işdə onlara biz türklər də böyük “xidmət” göstərmişik.
Yenə də Xosrov Pərvizlə bağlı başqa bir misala göz yetirək. Dastançılar, əfsanəçilər, nağılçılar və zaman-zaman onlara qoşulmuş şairlər və tarixçilər belə rəvayət edirlər ki, hələ həzrəti-Məhəmməd Pərvizə məktub yazmamışdan çox-çox qabaq Pərviz, peyğəmbəri yuxuda görmüşdü. Müctəhidlərin, böyük müsəlman ruhanilərinin təkdəbirinin yuxusuna girən peyğəmbər deyir ki, “ey cavanmərd, gəl sən islamı qəbul et!”. Xosrov ona cavab verir ki, başımı kəssələr də ölənə qədər yolumdan dönmərəm. Bu cavaba peyğəmbər dinmir, Xosrova bir qamçı vurub gedir.
Xosrov yuxudan sərsəm oyanır, qorxudan üç ay xəstə yatır. O, bir gün Şirini də götürüb şahlıq xəzinəsinə baxmağa, “cövhərlərdən yoxsullara paylamağa” gedir. Qırxıncı açarın otağı yoxdur. Şah soruşur: bu, haranın açarıdır? Xəzinədar bir yer göstərir. Şahın əmri ilə yeri qazırlar, oradan bir qızıl sandıq çıxır. Sandığı açırlar, sandıqdan bir tilsimli gümüş çıxır, onun da üstü qızıl lövhələrlə örtülüdür. Lövhənin üzərində qızıl yazı və bir insan surəti var. Qoca bir kişi gətirirlər, bu yazını oxuyur.
Gəncəli Nizami dastanlarda, “tarixdə” oxuduğunu belə təsvir edir:
          Oxudu lövhəni, qurtardı işi,
          Belə izah verdi o müdrik kişi:
          “Ərdəşir Babakan adlı şah vardı,
          Müdrik adamlara o şəhriyardı.
          Taleyin sirrindən vardı xəbəri,
          Bilərdi ən çətin bilməcələri.
          Bilmişdi bu sirri yeddi ulduzdan
          Ki, dünya dövr edər, gələr bir zaman,
          Lövhədəki kimi üzündə vüqar
          Ərəb ölkəsindən bir adam çıxar –
          Rəftarı xoş, igid, özü sözbilən,
          Yolu düz, özü düz, alnıaçıq, şən
          Möcüzlə ulduzlar ona baş əyər,
          Odur bu dünyada axır peyğəmbər.
          Onun şəriəti üstün gələcək,
          Bütün millətlərə yol göstərəcək.
          Hər ağıllı ona iman gətirər,
          Hər kim qarşı çıxsa ziyan gətirər”.
Belə sorğu doğa bilər ki, bu böyüklükdə şer parçasının (özü də Nizaminin əsərindən) burada verilməsinin nə mənası var?
Cavab:
  1. Bu şer parçasında Nizami özünədək farsca-pəhləvicə yazılmış dastan və “tarix” kitablarını oxumuş, bu hadisəni ümumiləşdirərək göstərmişdi.
  1. Fars şovinizmi öz “ideya”sını beyinlərə yeritmək üçün poeziyanın təsir gücündən ən çox yararlanmışdı.
  2. Bu parça da islam dövründə belə, farsdilli ədəbiyyatda Sasanlılar xənadanının əsasını qoyan Ərdəşir Papakanın (227-239) haqqında necə yüksək bir fikrin ardıcıl təbliğini göstərir.
  3. Sasanlıların ulu babası, eyni zamanda Xosrov Pərvizin də ulu babası Ərdəşiri böyük şair, alim, filosof, islam şeyxi Nizaminin tərənnüm etməsi heyrət doğurmaya bilmir. İstər-istəməz belə bir fikrə gəlirsən ki, bəşər səviyyəsində belə bir dahi də fars şovinizminin “tilsimindən”, “sehrbazlığından” qurtula bilməmiş, peyğəmbərlərə, islam dahilərinə ayrıca bir əsər həsr etmədiyi halda beş böyük əsərindən ikisini (“Xosrov və Şirin”, “Yeddi gözəl”) Sasanlılardan Xosrov Pərvizə və Bəhram Gura həsr etmiş, onları tərifləyib göylərə qaldırmışdı. Sifarişi verən “Xosrov və Şirin” əsərinə görə Nizamiyə qızıl və iki kənd bağışlayan Türk hökmdarları – Azərbaycan atabəyləri, yazan peyğəmbər aşiqi, islam vurğunu şeyx, türk Nizami, tərənnüm edilən, bu cür əsərlərlə əbədiləşdirilən peyğəmbərin və islamın düşməni Xosrov Pərviz, Papakanlar, Keyxosrovlar, Keyqubadlar, Bəhramgurlar. Doğrudan da heyrətli deyilmi?
Nə idi bütün Doğu və yunan fəlsəfə və məntiqini böyük bir alim kimi mənimsəmiş Nizamini məntiqsizliyə yuvarladan?
Necə başa düşülməlidir ki, Ərdəşir Papakan deyir:
          Onun şəriəti üstün gələcək,
          Bütün millətlərə yol göstərəcək.
          Hər ağıllı ona iman gətirər,
          Hər kim qarşı çıxsa ziyan gətirər.
Ancaq Ərdəşirin törəməsi Pərviz bu vəziyyətə, bu “hikmət”ə qulaq asmır. Asmır asmasın, bəs onda niyə deyir ki, mən islama iman gətirərəm, ancaq:
          Nə sayaq əl çəkim baba dinindən?
          Keçmiş padşahlardan utanıram mən.
Özündən aşağı-yuxarı 380 il sonra ərəblərdən bir peyğəmbər çıxacağını bilən, “müdrik adamların şəhriyarı, ən çətin bilməcələri bilən, yeddi ulduzdan sirr öyrənən” Ərdəşir niyə bilmirdi ki, onun qanından törəyən Pərviz onun “nəsihət”inə və peyğəmbərin sözünə baxmayacaq? Bəli, əziz oxucu, tarix mifləşdiriləndə, gerçək din əfsanələşdiriləndə, əfsunlaşdırılanda, tilsimləşdiriləndə bəşəriyyət çaş-baş qalır, o cümlədən onun dahiləri də!
Deyə bilərlər ki, bəlkə də Sasanlı dövründəki pars sehrbazlığı, əfsunçuluğu o qədər güclü və haqq olub ki, yüz il, min il sonra da təkcə sadə insanları, toplumları deyil, dahiləri də tilsimə salıb? Xeyr, gerçək təktanrılı din, məntiq, gerçək tarix bilgisi, əsl elm bunları rədd edir. Əsl mürşid gerçək elmdir.
İslam ordularının Sasanlı imperatorluğunu çökdürmə dövrünü sonralar yad edən fars dastançısı demişdir: “Tfu, sənin üzünə ey çərxi-fələk, gör nə günlərə qaldıq ki, ilan-qurbağa yeyən ərəblər Kəyan taxtına əl uzatdılar”.
Bir müdrik ər1 demişdir:
          İslama qılıncla uduzan parslar
          Daima qələmlə zərbə vurmuşlar.
1 Bizcə, buradakı “müdrik ər”lər Elçibəyin özüdür – red.
Nizami və onun kimi onlarca şairlər Cəmşid, Fərudun, Keyxosrov, Keyqubad taxt-tacına bir qələm çəkib onu yox edən Məhəmməd peyğəmbərə min əhsən dedikləri halda bütün pars hökmdarlarını yüksək bir şövq və ustad qələmləri ilə tərənnüm etmiş, ucaltmış, milyon-milyon insanın beyninə və ürəyinə yeritmiş, onları kitablardan-kitablara salaraq yaşatmışlar. Heyrətlidir, anlaşılmazdır! Əhsən sənə, fars şovinizmi!
* * *
Burayadək mağ (manq) – zərdüştlük dininin və tarixin farslar tərəfindən necə əfsanələşdirildiyinin bəzi xətlərini gördük. Bu yazdıqlarımız həmin məsələnin – problemin bəlkə də yüzdə biridir. İndi fars şovinizminin bir neçə yazılı qaynağına və onlarda miflərin necə tarixləşdirilməsinə ötərgi bir göz yetirək.
Miflərin tarixləşdirilməsi tarixin mifləşdirilməsindən bəşər üçün daha təhlükəli, elm üçün daha böyük xəyanətdir. Bir müdrik ər demişdir: “Fanatizmin, xurafatın adını din, mifin adını tarix qoyub insanların beynini zəhərləməkdə, əfsunlamaqda parslar qədər usta az-az tapılar!”.
Burada haşiyəyə çıxaraq bir ehtimal irəli sürmək istərdim. Bu ehtimal müəyyən bir araşdırmaya söykənir, ancaq hələlik bu araşdırma yetərincə deyil, ona görə ehtimal özünü tam doğrultmaya da bilər. Öncədən söyləmişdik ki, bir sıra alimlər zərdüştlüklə mağ dininin ayrı-ayrı olduğunu israrla təkid edirlər. Biz bunu doğru saymırıq. Buna əsasımız var: “mağ” sözü muğ və moğ sözü ilə eynidir. Bizcə bunun da kökü “manq“dır. “Manq” özünü bir neçə şəkildə göstərir, daha doğrusu, ya a dəyişir, ya n düşür, ya q düşür, ya da iki-üç dəyişmə birdən baş verir. Sonucda bu şəkillər alınır:
1) mağ, 2) muğ, 3) moğ, 4) man, 5) mun, 6) mon, 7) maq; 8) muq, 9) moq, 10) manc, 11) munc, 12) munq, 13) benq, 14) bonq.
Məsələn “Tanqız” sözü kimi: 1) Tanqız, 2) Tınız, 3) Dəniz, 4) Diniz, 5) Dinqiz, 6) Tenqiz, 7) Tinqiz, 8) Çingiz, 9) Çengiz, 10) Çinqiz, 11) Çenqiz, 12) Tingiz, 13) Tangiz.
“Manq” sözü müxtəlif çalarda Koreyadan tutmuş Aralıq (Ağ) dənizədək bütün türk dünyasında ayrı-ayrı zamanlarda ayrı-ayrı anlam çalarında işlədilmişdir. Bunlarla yanaşı, manq (monq, man, manc, hətta boq, ban, beng) türk Tanrı düzənində Tanrının doxsan doqquz gözəl, qüdrətli adından və sifətindən biridir. Hamı bilir ki,islam dinində də Allahın 99 sifəti və ən gözəl adı vardır. Qədim türk Tanrı düzənində “manq” adı sami Allah düzənindəki “rəbb” adına daha uyğundur. Sözsüz ki, bu ikisinin daşıdığı anlamları tam eyniləşdirmək olmaz. Biz “manq”la bağlı ayrıca araşdırma apardığımız üçün o haqda burada geniş danışmağa ehtiyac duymuruq. Onu deyə bilərik ki, “manq” yaradıcı güc, islamdakı “Rəbb”, “Fəttah”, “Qədir”, “Mühsin”, “Mənnan” (Mənnən)sifətlərinə daha yaxındır.
Bu söylənilənlərin hamısı gerçək elmi dəlillərə dayanır. Bizim ehtimalımız isə budur ki, manq, mağ, muğ, man, ban, bağ, buğ sözləri [Tanrı] ilə bağlı inancların harada isə ən əski çağlarında – dörd-səkkiz min il bundan öncədə, sözsüz ki, mifik bir Tanrı adında birləşir. Yoxsa “müqəddəs ruh”la bağlı, orta çağ Koreya komandanının Muğan [adlanması], Çingiz xanın birləşdirdiyi və yaratdığı yeni topluma Monqu-ul, (Muğ-ul, moğ-ol, monq-ol) adını verməsi, Cəlaləddin Xarəzmşahın özünə Manquberti (Manqu verdi = Tanrıverdi) adını götürməsi, Türk-man (Türk-manq) və onlarla sözlər təsadüfən yarana bilməzdi.
Azərbaycanda ilahi güclə bağlı Muğan, Muğdad, manqal və s. adlar yaranmazdı. O ki, qaldı Zərdüştün təlim etdiyi təktanrılı dinə, onun adı mağ (muğ) dinidir. Zərdüşt qatalarında yazır:
  1. Spitan Zərdüştə dost olan adam kimdir, ey Mazda? Ya doğru üzrə öyüd verən kimdir? Ya pak dindarlar kimdir? Ya da müqəddəs ağıl üzrə muğ dini haqqında düşünən o düzgün əməlli adam kimdir?
  2. Nə qədər ki ürəkdən çalışmaq həvəsi ətinizdə-qanınızda vardır, mükafatınız bu muğ dini olacaqdır ki, onunla yalançının (yalanpərəstin) ruhu uzaqlaşıb, beli sınıb aradan gedəcəkdir. Bu muğ dinini əldən versəniz axır sözünüz peşmançılıq sədası olacaqdır.
Sonucda Zərdüştün dühası özünü göstərdi – maq dinini mif, əfsanə və əfsunlarla dolduran, şahları bu əfsanələrlə ilahiləşdirən, ara-sıra Tanrıdan da uca tutan Sasanlıların, kahin və əyanların “son sözləri peşmançılıq sədası” oldu. Maq dini də başqa dinlərin (brahmanizm, buddizm, xristianlıq, islam və başqaları)gözündə sehrbazlıq dini kimi göründü və maqus, maqiya, magiya – sehrbazlıq mənasını qazandı.
Birgə götürdükdə parsizm uzun bir tarix yolu keçərək gəlişmiş, böyümüş, iki iri özül yaratmışdır:
  1. panfarsizm,
  2. paniranizm.
Bugünümüzdə də fars şovinizmi bunların üzərində dayanır.
Panfarsizm və paniranizmin çox zəngin yazılı qaynaqları vardır. Bu qaynaqlar dinlərdən, miflərdən, əfsanələrdən, nağıllardan və tarixdən qidalanmışdır. Bunlardan fars şovinizmi özünün təbiətinə uyğun qidalanmış, onlardan olduğu kimi yox, özünün istədiyi kimi istifadə etmişdir. Bu dediklərimizə aid qədim kitablardan aşağıdakıları göstərmək olar: “Zənd Avesta”, “Pazənd Avesta”, “Xorde Avesta”, “Bundahiş”, “Ərdavirafnamə”, “Zatspərəm”, “Yadigari-zəriran”, “Xavadaynamak” (“Xavadnamak”), “Ərdəşir Papakanın əməlləri”, “Ərdəşirnamə”, “Xosrovnamə”, müxtəlif “Şahnamə”lər və dastannamələr, Firdovsinin “Şahnamə”si,“Afərinnamə”, “Zənd Akasiya Dinkərd”, Firdovsinin “Şahnamə”sinin güclü təsiri olan mənzum romanlar, poemalar, hekayələr, o cümlədən Nizami Gəncəvinin “Xosrov və Şirin”, “Yeddi səyyarə” (“Yeddi gözəl”), “İsgəndərnamə” mənzum romanları, Əmir Xosrov Dəhləvi, Cami, Nəvai və onlarca Şərq mütəfəkkirinin yüzlərcə əsəri.
Bunlarla yanaşı, öncə bir dəfə ayrıca vurğuladığımız mifləşmiş fars-İran tarixinin ərəbdilli islam tarixçilərinin – Yəqubi, Bəlazuri, Təbəri, Məsudi, İbn əl-Əsir, İbn Kəsir, Yaqut ibn Xaldun və başqalarının dünya şöhrətli əsərlərində özünə geniş yer tapması dünya miflərini farsların “tarixi” etmişdir.
Bu sonuncu dediyimiz çox böyük bir mövzu, araşdırılması uzun illər tələb edən bir elmi problemdir. Bu mürəkkəb məsələnin həllində belə bir xətti yaddan çıxarmaq olmaz ki, müxtəlif xalqlardan və ölkələrdən olan orta çağ ərəbdilli islam tarixçilərinin dünya tarixşünaslığında çox önəmli, ciddi bir yeri vardır. Bugünümüzdə də həmən tarixçilərin əsərlərinə ciddi yanaşılır, tarixi araşdırmaqda onları sınanmış etibarlı qaynaq kimi qəbul edirlər. Daha doğrusu, bu qaynaqlara inam güclüdür və hər yerdə də yüksək qiymətləndirilir. Elə buna görə dəfarsların özləri tərəfindən yazılmış “mifik tarixləri”nin bu cür ciddi qaynaqlarda özünə yar tapması o “mifik tarix”ə inancı artırır, onun uydurma olduğuna az şübhə yeri buraxır. Belə olduqda nə ki savadsız, azsavadlı insanlar, hətta müəyyən yüksək bilikli araşdırıcılar da çaşır, hər cür xassəli saysız-hesabsız Hörmüzlər, Təhmurəslər, Cəmşidlər, Fəridunlər, Kəyumərslər, Mənuçöhrlər, Daralar, Ərdəşirlər, Qubadlar, Keyqubadlar, Bəhramlar, Şapurlar, Xosrovlar, Keyxosrovlar, daha kimlər, kimlər və nələr yaranır, daim bulanıq bir mif-tarix meydanda qalır.
Başqa bir yandan da. bu tarixçilərin çoxu Azərbaycanı, hər iki İraqı (Azərbaycan İraqını və Ərəb İraqını), Deyləm, Təbəristan, Parsa (Fars), Xorasan, Xarəzm və ətraf ölkələri gəzmiş, xalqların hələ də şifahi yaddaşında qalan rəvayət, hekayə və əfsanələri qələmə almış, ağına-bozuna baxmadan onları az qala bir tarix gerçəkliyi kimi təqdim etmişdir.
Bir məsələni də qeyd edək ki, tarixçilər bəzən bunu bilə-bilə etmişlər ki, onların əsərləri maraqlı və oxunaqlı olsun. Ancaq sonucda gerçək tarixşünaslıq zərər çəkmiş, daha çox isə cəmiyyət çaşaraq fars girdabına yuvalanmışdır.
Fars şovinizminin bütün bu hoqqabazlıq sistemi IX-XIII yüzillərdə təşəkkül tapmış, bunda ərəb xəlifələrinin, türk hökmdar, şair və alimlərinin ölçüsüz, əvəzedilməz xidmətləri olmuşdur. Fars şovinizminin əsas ideoloji qaynağı olan farsdilli ədəbiyyat məhz bu dövrdə yaranmışdır.
Bilginlərin, araşdırıcıların belə bir birgə  rəyi vardır: “Farsdilli ədəbiyyat gerçəkliyin bədii şəkildə təhrifi ədəbiyyatıdır”. Bu ədəbiyyatın içərisində ən önəmli yeri “Xavadaynamak” (“Xvatay namak”) tutur. Bu kitabSasanlılar dövründə bir neçə müəllif tərəfindən müxtəlif vaxtlarda yazılmışdı. O, Sasanlıların sarayında oxunur, şahlar, əyanlar onu dinləyir, gənc şahzadələrə bu kitabdan dərs deyilir, onlar idarəçilik, şahlıq təlimini bundan öyrənirdilər. Bu kitabın əsl pəhləvicəsi, ya da farscası dövrümüzə gəlib çatmamışdır. Olan-qalan hissələr ərəbcə tərcüməsi vasitəsi ilə gəlib çatmışdır. Ancaq Firdovsi “Şahnamə”ni, demək olar ki,  bu əsərin əsasında yazdığı üçün o, öz əksini “Şahnamə”də bütövlükdə tapmışdır. Fars şovinizmi bir neçə yüzil “Xavadaynamak”ı Avesta, Tövrat, İncil və Qur’andan öndə götürmüşdür.
641/42-ci ildə islam orduları Nəhavənd vuruşmasında Sasanlı ordularını darmadağın edib Sasanlı paytaxtı Mədaini tutdular. Bu, islamın ən böyük qələbələrindən biri idi. Elə bunun təsirindən bir sıra ölkələr, vilayətlər ərəblərə döyüşsüz təslim olur, islamı qəbul edirdi. Mədain fəth ediləndə saray kitabələri ələ keçirilir, oradakı sənədlər və kitablar haqqında xəlifə hz. Ömərə (634-644) məlumat verilir və “Xavadaynamak”ı ərəb dilinə çevirib xəlifəyə təqdim edirlər. Xəlifə bu kitabı diqqətlə oxuduqdan sonra “onun məcusiliyi və fars şahlarını öydüyünü, əfsanə və sehrlərlə dolu olduğunu” görüb və islam dininə zidd olduğunu deyərək onu rədd etmişdir. Buna görə də bu kitabı uzun müddət – ta Harun ər-Rəşidədək (786-809) heç bir islam xəlifəsi qəbul etməmişdir.
Kitabın ərəbcəsi Harun ər-Rəşidin sarayına yol tapmış, xəlifələrin və onların övladlarının keçmiş şahların həyatından örnək götürmələri üçün sarayda oxunan kitablar arasında yer almışdır. Bu kitabın xəlifə sarayına yol tapmasında xəlifənin fars tərbiyəli vəzirləri Bərməkilərin əli olmuşdur. Bu, o vaxt idi ki, məhz Bərməkilərin tədbirləri ilə islam xəlifələri də keçmiş Sasanlı hökmdarlarının həyat tərzini yaşamağa başlamış, sarayda “Min bir gecə” nağılları yaranır, fars saray həyatı ilə ərəb saray həyatı çuğlaşırdı.
İndi burada dayanıb bir az geriyə (VII yüzildən öncəki tarixə) ötərgi də olsa bəzi tarix faktlarına göz yetirməyimiz gərəkir.
Ərəblərin qarşısında biabırcasına məğlub olan parsların ərəb ağalığına boyun əyərək islamı qəbul etməkdən başqa bir yolu qalmadı. Ancaq onlar hakim şovinist mövqelərini itirməklə heç cür barışmaq istəmir, hər hansı yolla heç olmasa hakimiyyətdə ərəblərlə şərik olmaq istəyirdilər. İlk öncə onlar xəlifə Ömərlə ilişki yaratmağa çalışmış, bundan uğur qazana bilməmişlər, əksinə, 635-637-ci illərdə Buvəybə və Qadisiyyə vuruşlarında, 642-ci ildə Nəhavənd döyüşündə farslar darmadağın edilmiş, ərəblərin işğal etdiyi yerlərdə maq məbədləri – atəşgahları viran edilmişdi.
İslam bayrağı ilə dünyaya yeni çıxan ərəblər Qur’anın hökmünə görə təktanrılı “əhli-kitab” olan xristian və musavi xalqların ibadətgahı olan kilsə və rabatlara (sinaqoqlara) toxunmur, onlardan yalnız adambaşına can vergisi (cizyə) alırdılar. Hz. peyğəmbərin göstərişinə əsasən, hətta sabiilərə (yeddi göy cisminə – planetlərə inananlara) və onların ibadət evlərinə də toxunulmurdu. Ancaq farsların mifləşdirdiyi maq (məcus) dinini yeni müsəlman ərəblər çoxtanrılı din saydıqlarından maqlara zorla islamı qəbul etdirir, maqların din məbədləri yerlə bir edilirdi. Xristian yunan, rum, qibti, erməni və gürcüləri Ərəb xilafətinə tabe etdikdən sonra onların dinlərinə və ibadət evlərinə toxunulmadığı halda, maq türklərin, farsların dinləri qılınc gücü ilə aradan qaldırıldı, ibadətləri darmadağın edildi, ibadət yerləri yer üzündən silindi. Maqlar bunun üçün hz. Ömərdən intiqam aldılar. 644-cü ildə onu cümə namazını Mədinə məscidində apardığı zaman zəhərli bıçaqla bıçaqladılar və öldürdülər.
Xəlifə hz. Ömərin yerinə seçilən hz. Osman da (644-656) Sasanlılarla barışığa getmədi, onlarla başlamış müharibəni davam etdirdi, ancaq maq dininə qarşı bir qədər yumşaq davranılırdı. 650-651-ci illərdəki döyüşlərdə Sasanlı imperatoru III Yezdəgird (632-651) ağır məğlubiyyətə uğradı və öldürüldü. Bununla daSasanlıların 423 illik ağalığına birdəfəlik son qoyuldu.
Xəlifə Osman 656-cı ildə qətlə yetiriləndən sonra hz. Əli ibn Əbutalıb (656-661) xəlifə seçildi. Bundan sonra xilafətdə daxili çəkişmə qızışıb iç savaşa keçdi. Parslar bundan yararlanmağa çalışırdılar. Onlar özlərini hz. Əliyə tərəfdar kimi göstərirdilər. Bunun da bir səbəbi öldürülmüş III Yəzdəgirdin qızı Şəhrəbanunun hz. Əlinin oğlu Hüseynə ərə getməsi ilə bağlıydı. Artıq şahpərəst fars əyanları özlərini peyğəmbər ailəsinə “qohum” sayırdılar. Ancaq bu, heç nəyi dəyişdirmirdi. Hz.  Əlini yalnız bir şey düşündürürdü – o da islamı içdən parçalanmağa qoymamaq, ona görə də rəqiblərinə tez-tez güzəştə gedirdi. Ancaq bu zamanın tarixi hadisələri parsların gələcək tarixi üçün müəyyən zəminlər yaratdı; hz. Osmanın hakimiyyəti dövründə ilk “şiə” qrupu yarandı. Bu qrup hz. Əlini müdafiə edirdi, ona “şiətu Əliyyi” (Əli şiəsi, Əli tərəfdarı, Əli yanlısı) adı vermişdilər. Onun yaradıcısı peyğəmbərin əshabələrindən olan Əbuzər idi. Pars əyanları (dehqanlar) islamın çoxluğuna qarşı müxalifətdə olan bu qrupu müdafiə edir, bununla xilafətdə mərkəzi hakimiyyətə yaxınlaşmağa ciddi cəhd göstərirdilər. Hətta gələcəkdə farslar Novruz bayramını da guya həmən gün “hz. Əlinin qırmızı geyinib taxta oturduğu gün olduğu üçün” bayram etdiklərini söyləyəcəkdilər. Halbuki ozamanın raşdin xəlifələrini də Sasanlı şahları kimi taxtlı-taclı təsəvvür edirdilər.
Xəlifə hz. imam Əlinin xəlifəliyi dövründə birgəlikdə maqlara (macus), ayrıca da olaraq parslara qarşı münasibətlər yumşaldı. Belə ki, hz. Əli doğrudan-doğruya çox bilikli bir şəxsdi. O, maq dinini araşdırıb, bu dinin kökünün təktanrılı din olduğunu gördü və onu açıq söylədi. Bunu sonra bir sıra adlı-sanlı islam nümayəndələri də etiraf etdi. Bəlli oldu ki, maqlar oda sitayiş etsələr də od Günəşin rəmzidir. Günəş isəAhuramazda adlanan tək Tanrının yaratdığı ən müqəddəs varlıqdır. Maqların amansız təqibi, atəşgahların dağıdılması dayandırıldı.
Başqa bir yandan, hz. Əliyə göndərilən III Yəzdəgirdin iki əsir qızının biri Şəhrəbanu (ona Şahzənən də deyirdilər) xanımı oğlu Hüseynə, obirini Hz. Əbubəkrin oğlu Məhəmmədə ərə verdi. Bu, pars əyanları üçün çox önəmli idi. Şəhrəbanudan imam Hüseynin bir oğlu olmuş, adını Əli qoymuşdular. Əli bin Hüseyn atası vəfat edəndən sonra imamlığa çatmışdı. Şiələrin dördüncü imamı Əli bin Hüseyn Əkbər Zeynəlabdinin anası pars qızı Şəhrəbanudur.
III Yəzdəgirdin obiri qızından hz. Əbubəkrin oğlu Məhəmmədin də oğlu olmuş, adını Qasım qoymuşlar. İmam Zeynəlabdinlə Qasım xalaoğlu idilər. Sonralar imam Zeynəlabdinin oğlu Məhəmməd Baqir Qasımın qızı Ümmü Fərvəylə evləndi. Məhəmməd Baqir atası vəfat edəndən sonra imamətə yetişdi. Məhəmməd Baqirin oğlu, şiələrin altıncı imamı, islam dünyasının dahilərindən biri Cəfər Sadiqin anası Ümmü Fərvədir – hz. Əbubəkrin nəticəsi və III Yəzdəgirdin qız nəticəsi.
Bunları yazmaqda başqa bir məqsədimiz də odur ki, islam dahiləri dövründəki sünni-şiə münasibətləri ilə sonrakı dövrlərdə olan sünni-şiə münasibətlərinin fərqini göstərək. Buradan isə aydın olur ki, daha sonralarfars şovinizminin fəaliyyəti nəticəsində şiəlik sünniliyə qarşı rəqibdən düşmənə çevrilmişdir.
İslam dinindən daha çox fars şovinizminə xidmət göstərən “təəssübkeş” şiələrdən soruşulmalıdır ki, hz. Əbubəkrin nəticəsi Ümmü Fərvə şiələrin beşinci imamı Məhəmməd Baqirin qadını, altıncı imamı Cəfər Sadiqin anasıdır, bəs necə olur ki, həm də hz. peyğəmbərin “Siddiq” adlandırdığı hz. Əbubəkrə qarşı düşmən kimi davranırsınız? Hz. peyğəmbərdən, itaət etdiyiniz imamlardan çoxmu bilirsiniz? Hz. Əli, hz. Hüseyn, hz. Həsən öz övladlarının adını Əbubəkr, Ömər, Osman qoyduqları halda siz bu adları şiə uşaqlarına qoymağı yasaq etmisiniz?
Bəli, fars şovinizmi şiə təriqətini siyasi alətə çevirməklə həm islama, həm də türklərə və türklüyə sağalmaz yaralar vurmuşlar. Yazıq, min yazıq biz türklərə də, zaman-zaman biz də fars şovinizminin əlində onun üçün ən yararlı silah olmuşuq və sünni-şiə qarşıdurmasından ən çox biz türklər zərər çəkmişik və çəkməkdəyik. Bizi bundan qurtaracaq yalnız bir güc vardır – o da türk milli demokratik hərəkatı!
Yeri gəlmişkən, göstərək ki, fars şovinizmi və sünni-şiə münaqişə və müharibələri, onların islama və türklərə vurduğu tarixi yaralar, bu münaqişənin həlli yolları haqda dərindən-dərinə, köklü araşdırmalara böyük ehtiyac vardır. Bu problemin araşdırılmamasından, aydınlaşdırılmamasından yararlanan türk-islam düşmənləri millətimizin başına çox bəlalar gətirmişlər və gətirə bilərlər. Bunun üçün də türk siyasətçi və bilginləri buna ayrıca diqqət yetirməli, bu böyük, mürəkkəb elmi-nəzəri məsələni ələ almalı, gündəlikdə saxlamalı və onu böyük, dərin elmi araşdırmalar əsasında həll etməlidir.
Onu da qeyd edək ki, XIX yüzildə təşəkkül tapmış, Avropa klassik şərqşünaslığı və davamı olan rus, daha sonra sovet şərqşünaslığı Avropa və Rusiya imperalizminin yaratdığı və onlara xidmət edən şərqşünaslıq idi (bir sıra müsbət yanlarına baxmayaraq). Bəlli olduğu kimi, bu ideoloji-elmi qurumlar bütün islama və türklərə, o cümlədən Osmanlı, Qacar və Böyük Moğollar imperatorluqlarına qarşı mübarizədə qeyri-müəyyən bir anlayış olan “İran” ərazisini və Hindistanı bir dayaq yeri və yenə də qeyri-müəyyən bir anlayış olan “hind-Avropa” xalqlarını, “irandilli xalqları” bir vasitə kimi seçmişdilər. Bu isə fars şovinizminin yenidən dirçəlməsini tələb edirdi və fars şovinizminə də yeni böyük xidmət idi. Buna görə də Avropada belə təsəvvür yaratdılar ki,şiəlik əslində vəhşi ərəblərə və tarixən mədəniyyət qurucusu deyil, dağıdıcı olan köçəri türklərə qarşı hind-Avropa xalqlarının qədim bir mədəni qolu olan ari irandilli xalqların, ayrıca da olaraq da farsların müdafiə etdiyi və qoruyub saxladığı bir təriqətdir, hətta az qala bir dindir.
Bütün bunlar boş cəfəngiyatdır. Şiəlik əslində böyük ərəb-İran imperiyasının – xilafətin mərkəzi hakimiyyətinə qarşı yaranan müxalifət hərəkatıdır ki, daha çox imperiyanın ucqarlarından ara-sıra baş qaldırmış, bəzən də yeni dövlətlərin yaranması ilə nəticələnmişdi. IX-XI yüzillərdə Quzey Afrikada Əğləblərvə Fatimilər, X yüzildə Deyləmdə Builər (Buveyhilər), IX-X yüzildə Qərmətilər, XVI yüzildə AzərbaycandaSəfəvilər dövlətləri məhz mərkəzi hakimiyyətə qarşı din-təriqət pərdəsi altında aparılan mübarizə nəticəsində yaranmışdır. Sözsüz ki, farslar da bundan yeri gəldikcə ərəb və türk ağalığına qarşı istifadə etmişlər.
Bu göstərdiyimiz səbəbdən də Əməvilər xilafətində (661-751-ci illər) Əməvilər imperiyanın – xilafətin mərkəzi əyalətlərini: Ərəbistan yarımadasını – Məkkə, Mədinə, Hicaz, Yəmən, Suriya (xilafətin mərkəzi Dəməşqə köçürülmüşdü), Misir və İraqı, onların yan-yörəsini ələ keçirdikdən sonra əsas rəqibləri olan şiələri “xarici”ləri (xəvari), suubiləri və onların tərəfdarlarını amansız təqib və qətl etdirdiyindən bütün anti-Əməvi qüvvələr qərbdə – Sudan, Məğrib və Əndəlüsə, şərqdə – Azərbaycan, Güney Qafqaz, Dəyləm, Təbəristan, Parsa, Xorasan və Əfqanıstana çəkilməyə məcbur olmuşdular.
VII-VIII yüzillərdə Əməvilərin törətdikləri şiə qırğınları tarixdə tanınır.
VIII yüzilin 40-cı illərində Əməvilərə qarşı yaranmış böyük müqavimət hərəkatında şiələr aparıcı rollardan birini oynayırdılar.
748-50-ci illərdə Əməvilərin devrilməsində dörd əsas güc iştirak edirdi:
  1. Təşkilatçı və rəhbər – “peyğəmbər nəsli”, yaxud “peyğəmbər evi”. Bu ad altında Abbasilərlə Ələvilər birləşmişdi, hərəkatın-üsyanın şüarı “hakimiyyət peyğəmbər evinə” idi.
  2. Ərəb xilafətinə, onun mövcud təmsilçisi Əməvilərə qarşı amansız mübarizə və müharibə aparan Orta Asiya və Xorasan türkləri.
  3. Hələ də ərəb ağalığı ilə barışmayan Pars, Xorasan, Azərbaycan, İraq əyanları – dehqanlar (mərzubanlar).
  4. Azərbaycan və Güney Qafqaz xalqları və xəzərlər.
Əməvilər peyğəmbərin sevimli nəvəsi və raşdin xəlifələrdən Əli ibn Əbutalibin oğlu hz. Hüseyni, onun kiçik yaşlı övlad və yaxın qohum-tərəfdarlarını, İraq və Azərbaycan şiələrini qəddarlıq və vəhşiliklə qılıncdan, oxdan keçirmişdilər. 749-51-ci illərdə onları hakimiyyətdən devirən Abbasilər və Ələvilər qəddarlıq və vəhşilikdə Əməvilərdən geri qalmadılar. Əməvilərin bütün nəslini beşikdəki körpələrinəcən qılıncdan keçirdilər. Xorasandan Məğribə – Mərakeşədək Əməvilərdən bir nəfər də olsun sağ qalmadı. Yalnız bir neçə Əməvi qaçıb İspaniyaya getdi, orada onların nümayəndəsi I Əbdurrəhman Kordova əmirliyini yaratdı (756-788); bu əmirlik 929-cu ildə xilafətə çevrildi və 1031/32-ci ilədək yaşadı.
Əməvilərin devrilməsində əsas zərbə qüvvəsi olan türklər, farslar və şiələr bu çevrilişdən gözlədiklərini əldə edə bilmədilər. Hakimiyyəti ələ alan Abbasoğulları (hz. peyğəmbərin əmisi Abbasın törəmələri) xilafətin paytaxtını Dəməşqdən (Şamdan) Bağdada köçürdülər.
Abbaslıların ikinci xəlifəsi Mənsur (754-775) anti-Əməvi hərəkatın başında duran sərkərdə Əbu Müslümü və yaxın silahdaşlarını öldürtdü. Hakimiyyət bölgüsündə öz müttəfiqlərinə, hətta əmioğlanları Ələvilərə də bir yer vermədi, əksinə, türklərə, parslara və Ələvilərə qarşı təqibi gücləndirdi. Onun hakimiyyəti dövründə maq dehqan (mərzuban) və əyanlarının bir yarısı qorxudan, bir yarısı könüllü öz dinlərindən əl çəkib islamı qəbul etdi. Yalnız cüzi bir neçə bölük türk orduya, bir qismi saray alayına, bir bölük fars hökumət vəzifələrinə və mülki məmurluğa cəlb edildi.
Bu üsyan və Əməvilərin devrilməsi zamanında şiələrin imamı dahi bir şəxsiyyət olan hz. Cəfər Sadiq idi. Gözlənilirdi ki,  Əməvilərin ziddinə olaraq şiəlik yeni dövlətin hakim təriqəti olacaq. Abbasilərsə, əksinə, şiələrin nə təriqətini, nə də rəmzlərini qəbul etdilər. Şiələrin yaşıl bayrağına qarşı Abbasilər qara bayraq qaldırdılar. Əlbəttə, bu əslində Əməvilərin ağ bayrağına qarşı idi, eyni zamanda, şiə bayrağının da inkarı demək idi. Başqa bir yandan da, xəlifə Mənsur o zaman çox böyük nüfuzu olan Cəfər Sadiqə qarşı, onun tərəfdarlarına qarşı təqib və təzyiqə başladı. Cəfər Sadiqi yanına çağırıb: “Mənim hakimiyyətimi devirmək istəyir və məni öldürmək üçün tədbir tökürsən. Mən səni öldürəcəyəm” – deyə onun üzünə yalançı tanıqlar qoydu. Ancaq bu tanıqları imam ifşa etdi. Xəlifə isə Cəfər Sadiqi öldürməkdən çəkindi. Xəlifə imamın tələbəsi, zamanın böyük alimi, sünnü təriqətinin Böyük imamı (“İmamül-əzəm”) türk Əbu Numan Hənəfini müxtəlif bəhanələrlə öldürtdü.
İraq, Azərbaycan, Dəyləm, Parsa, Xorasan əyanları (dehqanları) islamı qəbul etsələr də bu ölkələrin xalqları onu kütləvi şəkildə qəbul etmirdi. Mənsur öləndən sonra xəlifə Mehdinin (775-785) hakimiyyəti dövründə mərkəzi hakimiyyətə qarşı etirazlar çoxalmağa başladı. Bu dəfə də hərəkatın mərkəzi Xorasan oldu.
Abbasilərə qarşı hərəkatın başında Müqənna dururdu, ona görə də üsyan Müqənna üsyanı adı ilə tanınır. Tarixçilər göstərir ki, hərəkatın başçısı Hakim oğlu Hamisin “Müqənna” adlandırılması iki ehtimalla bağlıdır: birincisi, üzünü ağ niqabla  ördüyündən ona “ağ örtüklü adam” – “müqənna” deyirdilər; ikincisi isə – Muqannamuq/muğ dini ilə bağlı təxəllüsdür. Yeri gəlmişkən, deyək ki, indi Azərbaycan, Xorasan, Xarəzm türkləri və farslar bunu “müqanna” yazır, tələffüz edirlər, ancaq bu söz ilkin variantda ərəbdilli qaynaqlarda yazılmışdır, ərəb dilində isə “ü” səslisi yoxdur, ərəbcə “muqanna”dır. Biz də sonuncu ehtimalı doğru sayırıq, çünkiMuqanna hərəkatının ideoloji əsası maq (muq) dininə və Məzdək təliminə dayanırdı, həm də bu din hələ Azərbaycan, Xorasan, Xorəzm və Orta Asiyada öz gücünü saxlayırdı.
Bu hərəkatın hərəkətverici gücü Orta Asiya türkləri idi. 783-85-ci illərdə hərəkat yatırılsa da Abbasi xilafətinin qorxunc nüfuzunu sarsıtdı. Türklər, farslar, şiələr – Abbasilərin keçmiş müttəfiqləri və sonku düşmənləri fəallaşmağa başladılar. Mərkəzi hakimiyyətdə çaxnaşma başladı. 785-ci ildə hakimiyyətə gələn Hadi bir ildən artıq hakimiyyətdə qala bilmədi. Türklərin və farsların köməyi ilə hakimiyyəti ələ keçirən Harun Rəşid (786-809) keçmiş dehqan nəslindən olan Bərməkilərin təsirindən uzun müddət çıxa bilmədi.
Harun Rəşidin dövründə türklər və farslar fəallaşmağa başladılar. Xəlifə alayında türk əsgər və zabitlərinin sayı çoxaldı, xəlifənin bir qadını ərəb qızı, bir qadını fars qızı, bir qadını türk qızı idi. Xəlifə bununla formal olsa da (orta yüzillər diplomatiyasında qadın, bir növ, bağlayıcı, əlaqələrdə bir vasitə idi) özünün türk, ərəb və farsların ümumi xəlifəsi olduğunu göstərirdi.
Bəlli olduğu kimi, Harun Rəşidin ərəb qızından olan oğlu Əmin, fars qızından olan Məmun, türk qızı Çiçəkdən olan oğlu Mütəsim – hər üçü ard-arda xəlifə oldular.
Çox qəribədir ki, milli-etnik münasibətləri tarazlaşdırmaq istəyən və buna az-çox nail olan Harun öz doğma əmioğluları şiə imamlarına və başqa başçılarına münasibətini dəyişdirmədi, əksinə, daha qəddar davranıb şiələrin ozamankı imamı Musa Kazımı həbs etdirib uzun müddət həbsdə saxladı, əzab-əziyyətlər verdi, sonda vəziri Yəhya Bərməkinin əli ilə öldürtdü. Çox güman ki, burada Harunun bir məqsədi də pars əyanları ilə şiələrin arasını vurmaq, onları bir-birinin müdafiəsindən məhrum etmək olmuşdur, çünki Bərməkilər şiələrlə çox mehriban münasibətdə idilər. Bundan bir qədər sonra Harun Bərməkiləri vəzirlikdən uzaqlaşdırıb hamısını öldürtdü, o zaman da şiələr Bərməkiləri müdafiə etmədilər.
Bütün bunlara baxmayaraq imperiyada – Abbasilər xilafətində türk etnosu ilə fars etnosu ictimai, siyasi sahədə fəallaşırdı. Bu fəallıq xəlifə Məmunun hakimiyyəti dövründə (813-833) və ondan sonra daha da gücləndi.
Məmun xəlifəliyə çatmamışdan qabaq vəliəhd elan edilmiş, o zaman imperiyanın (xilafətin) ən həssas əyaləti olan Xorasana vali göndərilmişdi. Xorasandan başlayan hərəkat Əməviləri devirmiş, orada başlayan Muqənna hərəkatı Abbasilərə böyük zərbə vurmuşdu; həm Xorasan türkləri xilafəti tez-tez çıxılmaz hala düşürür, həm də Orta Asiya türkləri xilafət üçün ən qorxulu güc sayılırdı.
Burada Məmun özünə tabe alaylara türklərdən muzdlu döyüşçü toplayır. Orta Asiya şin və şadları (türk əmir və əyalət hakimləri) ilə qarşılıqlı münasibət yaradır, bütün Türküstandan, Qıpçaqdan, Çindən, Hindistandan gələn karvan, ticarət yollarının Xorəzmdən Bağdada qədər hissəsinə nəzarət edirdi. Onun böyük qardaşı –xəlifə Əmin (809-813) atası Harunun vəziyyətini (Harun vəsiyyət etmişdi ki, o öləndən sonra Əmin, ondan sonra Məmun, ondan sonra Mütəsim xəlifə olmalıdır) pozaraq qardaşı Məmunu vəliəhdlikdən çıxarıb öz oğlunu hakimiyyətin varisi elan etdi. Məmun bunu qəbul etmədi və qardaşına qarşı qiyam qaldırdı. Bir sıra döyüşlərdən sonra Məmunun qoşunu qalib gəldi, onun alayları Bağdadı aldı, qardaşını öldürdülər, Məmun xəlifə oldu. Onun bu qələbəsində türk alayları önəmli rol oynadılar. Elə bundan sonra xilafət ordularına daha çox türk döyüşçü və qoşun başçıları toplamağa girişildi. Məmunun hakimiyyəti illərində türklərin orduda, farsların idarə işlərində mövqeləri artdı, saray qapıları farsların üzünə daha geniş açıldı.
Məmun sarayda “Hikmət evi” (“Darül-hikmə”) adında elm mərkəzi yaratmışdı. Bu elm mərkəzi islam-ərəb mədəniyyətində böyük bir intibahın yaranması nişanəsi idi. Burada türk, hind, fars, yəhudi, yunan dillərini, mədəniyyət, ədəbiyyat və fəlsəfəsini bilən alimlər, şairlər, filosof və məntiqçilər toplaşmışdı. Demək olar ki xilafət tarixində bu vaxtadək görünməmiş bir elmi azadfikirlilik üçün şərait yaranmışdı. Müxtəlif dillərdə olan din, tarix, ədəbiyyat və fəlsəfəyə aid əsərlər ərəb dilinə tərcümə edilirdi. Dövrünün azadfikirliliyi kimi qəbul edilmiş mütəzililik hakim ideologiya mövqeyi tutmuşdu.
Bunu da qeyd edək ki, hər hansı mövzuya, hər hansı alim və şairə qadağa, yasaq qoyulmamışdı; kim hansı mövzunu istəsəydi o mövzuda Hikmət evində mübahisə aça və öz mövqeyini müdafiə edə bilərdi. Bundan yana heç kimə inzibati hədə və ya cəza verilmirdi. İki misal göstərmək yetər.
  1. Xristian-filosof Yaqub Kindi (800-870) gənc yaşlarından Hikmət evinin yığıncaqlarında iştirak edər, xristian dinini başqa dinlərə qarşı qoyar və xristianlığa haqq qazandırardı. Bir gün o (otuz yaşında olarkən), islam din xadimlərinə qarşı belə bir məntiqlə çıxış etdi: Siz deyirsiniz ki, Allah Məhəmməd peyğəmbərə və islama tərəf olmuş, onları yüksəltmişdi. İndi isə Babək islam ordularını məğlub edir, qalib gəlir; deməli, Allah Babəkin tərəfindədir. Bəs onda siz niyə ona qarşı çıxırsınız? (Yəni bu, Allaha qarşı çıxmaq deyilmi?).
  2. Bir gün xəlifə Məmunun qardaşı İbrahim ona həcv yazan şair Xuzainin əlindən tutaraq darta-darta xəlifənin yanına apırır, ona həcv yazdığını söyləyir və şairə cəza tələb edir. Məmun Xuzaidən soruşur: Sən niyə belə edirsən, nə vaxt bu həcv yazmaqdan əl çəkəcəksən? Axı səni öldürərlər. Xuzai deyir: Mən tabutumu çiynimə alıb dolandırıram. Bir adam axtarıram ki, məni o tabutun içərisinə qoysun, o adam tapılmır. Bu sözə xəlifə gülərək qardaşına deyir: Səndən qabaq bu adam mənim özümə həcv yazıb, mən bir söz demədim. Burax başına.
Ondan sonra xəlifə əmr edir ki, Xuzaiyə pul verib yola salsınlar.
Hər hansı bir böyütməyə yol vermədən deyə bilərik ki, Məmun xilafəti islahatlar yolu ilə daha da mərkəzləşdirib onu yalnız ərəblərin deyil, həm də imperiyada yaşayan xalqların dövləti halına gətirməyə çalışırdı. Ancaq ictimai, siyasi münasibətlərin inkişafına cavab vermək Məmunun iradəsindən asılı deyildi. Artıq 788-ci ildə Mərakeşdə İdrisilər dövləti, 800-cü ildə Qüzey Afrikada Əğləbilər dövləti yaranmış, mərkəzdənqaçan qüvvələr güclənmiş, imperiyanın quzeyində və qərbində türklərin xilafət torpaqlarına hücumları çoxalmış, Azərbaycanda 810-cu ildən Xürrəmilər hərəkatı başlamış, 816-cı ildə hərəkatın başına Babək keçəndən sonra mübarizə daha da güclənmiş, xilafətə qarşı Azərbaycan xalq azadlıq müharibəsi baş vermişdi.
Yeri gəlmişkən, qeyd edək ki, azca fərqləri nəzərə almasaq manilik, məzdəkilik, muqənnalıq, xürrəmilik-babəkilik ideyaca bir-birinə o qədər yaxın idi ki, sanki bir-birinin davamı idi, xeyrin şərə, işığın qaranlığa qarşı mübarizəsi idi. Bu hərəkatların başçıları, iştirakçıları və tərəfdarları müqəddəs ruhun ölməzliyinə, insandan insana keçərək kamilləşdiyinə inanır, əsasən yoxsul təbəqələrin, maldar və əkinçilərin, sənətkarların mövqeyini müdafiə edirdilər ki, bunun da ideya əsasını Zərdüşt qoymuşdu. Bu hərəkatları buddizmə, brahmanizmə və s. din və təriqətlərə bağlayan tarixçilər böyük yanlışlığa yol verirlər.
Dediyimiz kimi, Məmunun dövründə fars məmurları dövlət işlərində, fars şair, alim və kahinləri, ümumiyyətlə, maq (muq) din xadimləri Hikmət evində əsaslı mövqe qazanmışdılar. Xəlifə hz. Ömərin rədd etdiyi “Xavadaynamak” yenidən ərəbcəyə tərcümə edilmiş, sarayda oxunan kitablar sırasına düşmüşdü. Doqquz cilddən ibarət “Zənd Akasiya” – “Dinkerd” elə bu vaxtlarda yazılmış, onun müəllifi Azər Fəribərq Hikmət evinin mübahisələrində fəal iştirak edən nüfuzlu alim və maq dininin ali ruhanisi kimi şöhrət qazanmışdı.
Zərdüştlük ədəbiyyatından sayılan iritutumlu “Bundaheş” əsəri də bu vaxtlar yazılmışdı. Bu əsər dünyanın yaranmasından, qədim mifik hökmdarlardan, Sasanlı şahlarının birincisindən sonuncusunadək həyat və fəaliyyətindən bəhs edirdi. Burada da dinlə mifik tarix, tarixləşdirilmiş mif bir-birinə qarışdırılmışdı. Hətta əsərdə “İrana dəymiş min-min ziyanlar” başlığı altında ayrıca bir fəsil də vardı. Bu əsərdə Sasanlı şahlarının hamısı təriflənir, onların əsil-nəsəblərindən haqda geniş bəhs edilir, sanki Sasanlı dövrü yenidən dirçəldilirdi.
Haqqında danışdığımız bu üç kitab – “Xavadaynamak”, “Dinkerd” və “Bundaheş” gələcək nəsr və nəzmlə yazılmış şahnamələrin əsas qaynaqları oldular.
Qur’anda hz. peyğəmbərin meraca getməsi [haqqında deyilənlər] maqlara da öz təsirini göstərmiş, bu dinin kahinlərindən biri bəhs etdiyimiz dövrdə “Ərdavirafnamə” əsərini yazaraq guya maq dininin müqəddəs şəxslərindən olan Ərdavirafın da hələ lap qədimlərdə məraca getdiyini sübut etməyə, maqlara aşılamağa çalışmışdı.
Bu iritutumlu əsərlərin yazılması, maq dininin yenidən dirçəldilməsinə təkidli cəhd göstərilməsi artıq fars şovinizminin fəaliyyəti deyil, farsların və ümumiyyətlə, maqların özünümüdafiəsi kimi qiymətləndirilməlidir, çünki şovinizm hakim xalqa məxsus olur, bu zaman isə farslar da, türklər də məhkum xalqlar sırasında idi. Farslar öz müqavimətlərini yalnız yazılı ədəbiyyat (ayrıca olaraq din və tarixə aid) vasitəsi ilə göstərirdilər. Bu kitablar onlarda şovinist ruhun qorunub saxlanılması, daha da gücləndirilməsi göz önünə alınaraq onlar təhlil və tədqiq edilməlidir.
Sanki yazılı ədəbiyyatdan başqa elə bir gücü olmayan bu əsərlər türklərə və türklüyə, islama qarşı son yetmiş ildə pəhləvilərin və fars şovinistlərinin əlində olan ən güclü silaha çevrildi. Bu kitablar XIX yüzildən bugünədək “mədəni ari” farsları, ya da ki, ümumiləşdirilmiş halda “ari hind-Avropalı” olan “irandilli” xalqları türklərə qarşı qoymaqda Avropa və Rusiyanın əlində amansız ideoloji silaha çevrildi. Axı hamı çox gözəl bilir ki, tarix elmi ideologiyaların əsaslarından və dayaqlarından biridir. Elə bununla bağlı olaraq bütün XVIII-XX yüzillərdə boyunca Avropa, sonra Rusiya və fars şovinizmi (ayrıca olaraq bu sonuncu ikisi XX yüzilin 50-80-ci illərində) yenə də öncə Osmanlı, Səfəvi, Əfşar-Nadir, Qacar, Böyük Moğol türk imperatorluqlarına, sonra da birgəlikdə türklərə və türklüyə amansız və intiqamçı hücuma keçərkən bu aşağıdakıları daha önə çəkərək qabarıq göstərir, əsas diqqəti (həm elmin, həm ideologiyanın, həm də Avropa və dünyanın diqqətini) bunlara yönəltmək üçün dəridən-qabıqdan çıxır, qızıl, gümüş və milyardlar xərcləyir, yüz minlərlə insan ağlını bunların üzərində çalışdırırdı:
  1. hindlilərin din, mədəniyyət, tarix və ədəbiyyatı;
  2. irandillilərin din, mədəniyyət, tarix və ədəbiyyatı;
  3. farsların din, mədəniyyət, tarix və ədəbiyyatı.
Bütün bunlar isə qondarma hind-Avropa “nəzəriyyəsi”nin kökünü təşkil etməli idi. Hind-Avropa “nəzəriyyəsi” də öz növbəsində ilk anda Avropaya Hindistan, Əfqanıstan, İran və Qafqaza yan durmaq, onları “barbar sami, türk-monqol və çinli təcavüz və təsirindən qurtarmaq və qorumaq” üçün haqq qazandırmağa xidmət etməliydi. İkinci mərhələdəsə [məqsəd beləydi] – bu ölkələr Avropa ilə bir bütövlük, birlik halına gələndən sonra dünyanı “hind-Avropalı” və “qeyri-hind-Avropalı” olmaqla iki yerə bölmək və hind-Avropa xalqlarının dünya ağalığını yaratmaq.
XVII yüzildən sürətlə dirçələn, böyüyən, inkişaf edən kapitalizm-imperializmin əlində ideoloji silah olan “hind-Avropa nəzəriyyəsi” tam 300 il Şərqlə Qərbi (Avropa ilə Asiyanı) üz-üzə qoydu, böyük qırğınlar, müharibələr törətdi, din, mədəniyyət, tarix və ədəbiyyatların qərəzli araşdırmaları elmi yanlış bir yola yönəltdi. Son 30 ildə avropalılar bu yanlış yoldan dönsələr də onların məktəblərini qurtarmış, yaxud Avropa elm (humanitar elmlər nəzərdə tutulur) məktəbinin təsiri (etkisi) altında olan onların Moskva, Peterburq, rus-sovet, fars, türk, hind, ərəb, yəhudi və s. həmkarları elmi saxtalaşdırmaqda davam edirlər.
* * *
Fars şovinizmi öz ideoloji hücumunu və təxribatını min illərlə sürdürmüşdür. Onun ən zəif vaxtı X-XVIII yüzillər olub. Bu o böyük zaman kəsiyinə təsadüf edir ki, həmən vaxtlar, demək olar ki, dünyanı türklər yönəldirdi.
Tarixdə türklərlə farslar qədər zaman-zaman bir-biri ilə  vuruşan, zaman-zaman barış içində bir yerdə yaşayan xalqlar bəlkə də yoxdur.
Abbasilər xilafətində Yaxın Doğulu türklərlə farslar oxşar duruma düşdüklərindən onların arasındakı rəqabət düşmənçilik ölçüsünə qalxmamışdı. Türklər qılıncları, farslar qələmləri ilə xilafətə xidmət etmişlər. Türklər tarixdə ad-san qazanmış, farslar farsizm yaratmış, onu özlərinin ideyasına çevirmişlər.
Harun Rəşidin dövründən Mütəsimədək (833-842) xilafətdə ərəblərdən sonra farslar ikinci yerə qalxmış, ara-sıra vəzirlikdən tutmuş bir sıra yüksək dövlət mənsəblərini əllərinə keçirə bilmişlər. Mütəsimin dövründə durum dəyişmişdir; farsların mövqeyinə elə bir ciddi zərbə dəyməsə də xilafət ordularının nüvəsini təşkil edən türklər mərkəzi hakimiyyətdə aparıcı rol oynamağa başlamışlar.
Tarixçilər 830-cu illərdən 940-cı illərə (945-ci ildə Büveyhilər Bağdadı tutanadək) qədərki dövrü xilafətdə “türk dövrü”, “türk nüfuzu dövrü” adlandırırlar. Bu dövrdə xilafətin – imperiyanın bölünməsi davam edir. Türklərin hakim olduğu bir sıra dövlətlər – Tulunoğulları, Samanoğulları, Sacoğulları, Salaroğulları, İxşidoğulları və başqa dövlətlər yaranır. Bütün xilafət tarixində bircə dəfə “sultan” titulu yaradılır və dini hakimiyyət xəlifədə qalır, siyasi hakimiyyət sultana verilir. Sultan türklərdən, daha çox hərbi qüvvələrin başçılarından təyin edilir. Gerçəkdə isə bu, xəlifənin təyinatı deyildi – hərbi-siyasi hakimiyyəti ələ alan türk komandanı xəlifəni məcbur edirdi ki, ona sultanlıq vermək üçün fərman imzalasın.
Xilafətin ərazilərində yaranan dövlətlərin yaradıcıları həmin ərazidə əmir və amil (“əmir” – hərbi qüvvələrin başçısı, “amil” – mülki idarənin başçısı) vəzifəsinə birlikdə baxan canişinlər olurdu. Daha doğrusu bunlar hərbi feodallar idilər, mərkəzi hakimiyyətin zəifliyindən yararlanaraq hakimiyyətlərinin müstəqilliyini elan edirdilər.
“Bir ölkəyə kölə kimi gələn türklər çox çəkmir ki, ölkənin ağasına çevrilirlər” fikri bu dövr üçün xarakterikdir.Afşin, Böyük Buğa, Kiçik Buğa, Vasif, Atsız, Atamış, Bayıkbak, Yargüc (Yarqoç), Tulunoğulları, Sacoğulları, İxşidlilər, Samanlılar, daha kimlər xilafət ordusuna muzdlu, ya da kölə kimi gətirilmişdi. Çox çəkmədi ki, onlar xəlifələrin birini taxtdan salıb o birini oturdur, istədikləri anda da öldürür, ya da kor edirdilər. Bağdadın məşhur “kor xəlifələri” ifadəsi o zamandan yaranmışdır.
Göstərdiyimiz bu “türk dövründə” farslar demək olar ki, böyük çoxluqla müsəlmanlaşdılar. Onlar mövcud sünnü Abbasi hakimiyyətinə qarşı olan şiələrlə daha yaxın oldular və şiəlik farslar arasında geniş yayılmış təriqət oldu. 930-cu illərdə Deyləmin Büveyhi əmirləri ətraf əyalətləri işğal edərək Azərbaycanın güney əyalətini də öz hakimiyyətləri altına alıb 945-ci ildə Bağdadı tutdular və xəlifəni məcbur etdilər ki, siyasi hakimiyyəti – sultanlığı onlara versin. Bundan sonra türklər deyil, Dəyləmilər sultan oldu (945-1055).
Aşağı-yuxarı yüz on il Bağdadda sultanlıq edən Büveyhilərin dövründə ictimai-siyasi münasibətlərdə bir sıra önəmli dəyişmələr baş verdi. Bunlardan ən önəmlisi xilafət tarixində ilk dəfə hakimiyyətin sünnü Abbasilərlə şiə Büveyhilər arasında bölüşdürülməsi idi. Dini hakimiyyət Abbaslı xəlifələrin, dünyəvi hakimiyyət Büveyhi əmirlərinin – sültanlarının ixtiyarına keçdi.
Belə bir hadisə əvvəllər də başqa şəkildə baş vermiş və yarımçıq qalmışdı. Belə ki, xəlifə Məmun atası Harun Rəşidin vəsiyyətini (bu vəsiyyətə görə, Məmundan sonra onun qardaşı Mütəsim xəlifə olmalı idi) pozaraq şiələrin səkkizinci imamı – başçısı Əli Rizanı özünə vəliəhd elan etmiş və öz qızını ona ərə vermişdi. Hətta xilafətin paytaxtında və bir çox əyalətlərində Abbaslıların qara rəngli bayraqları endirilmiş, yerinə şiələrin yaşıl rəngli bayraqları qaldırılmışdı. Qəribə bir təzad yaranmışdı: xəlifə sünnü, vəliəhd – gələcək xəlifə şiə idi, hər ikisinə bir yerdə xütbə oxunurdu. Ancaq bu hal çox uzun sürmədi – bir neçə ildən sonra Məmunun özünün iştirakı ilə, imam Əli Riza zəhərlədilib öldürüldü. Məmun qardaşı Mütəsimi vəliəhd elan etdi. Bununla da məsələ bitmiş oldu.
Büveyhilərin sultanlığı dövründə sünnülərlə şiələrin şərikli hakimiyyəti yüz ildən çox davam etdi. Bunun nəticəsində xilafətin İraq da daxil olmaqla bütün doğusunda islam cəmiyyəti dərin parçalanma keçirdi. Sünnü-şiə ziddiyətləri böyüdü, bununla yanaşı, onu da qeyd etməliyik ki, Büveyhilərdən öncə Qüzey AfrikadaFatimilər şiə bayrağı altında dövlət yaratmış, Əğləbilər dövlətini süquta uğratmış, Fatimilər öz dövlətlərini “xilafət” elan etmiş, sonra 969-cu ildə Misri tutaraq Qahirə şəhərinin əsasını qoymuş, oranı yeni xilafətin paytaxtı etmişlər.
Büveyhilər xilafətin adını dəyişdirməyərək siyasi hakimiyyətlə qənaətləndilər. Onlar ara-sıra din işlərinə də müdaxilə edirdilər. Yenə də xilafət tarixində ilk dəfə olaraq Büveyhilərin müdaxiləsi nəticəsində əzanda və şəhadətdə “əşhədu ən la ilahə illəllah, əşhədu ənna Muhammədən rəsulullah”dan sonra “əşhədu ənna Əliyyən vəliyullah” oxunmağa başlandı. Yeri gəlmişkən, göstərək ki, əzanda və şəhadətdə “əşhədu ənna Əliyyən vəliyullah” Büveyhilərin hakimiyyəti devriləndən sonra ləğv, qadağan edildi, yalnız Şah İsmayılın şahlığı dövründə (1501-1524) onun göstərişi ilə yenidən əzana və şəhadətə salındı.
Büveyhilərin siyasətindən bu məna çıxırdı ki, xəlifələr hz. peyğəmbərin xələfləri – davamçılarıdır; onlar din rəhbəri olmalı, hz. Əli isə Allahın yer üzündə “valisi” – vilayət, hakimiyyət sahibidir, onun davamçıları – şiələrin başçısı siyasi, dünyəvi hakimiyyətə rəhbərlik etməlidir. Bu dövrü farsların, Azərbaycan türklərinin, iraqlıların, təbəristanlıların, deyləmlilərin, xorasanlıların daha çox şiələşmə dövrü kimi qiymətləndirmək olar. Maq dinini tamamilə itirən bu əyalət və ölkələrin xalqları şiəliyi özlərinə hakim sünnülüyə qarşı ideya dayağı seçdilər. İnsanların inancından daha çox siyasi maraqları bunu diktə edirdi.
Büveyhilərin siyasi hakimiyyəti xilafətin mərkəzində və əyalətlərində farsları şiəliyin öncül, aparıcı qüvvəsinə çevirdi. Daha doğrusu, farslar şiəliyi özlərinə yeni bir ideologiya kimi qəbul etdilər, ancaq öz keçmiş mifik maqçılıqlarından da tam əl çəkmədilər, yeri gəldikcə şiəliyi də ara-sıra mifikləşdirdilər, əfsanələşdirdilər, əsatirləşdirdilər, hətta əfsunlaşdırdılar. Şiəlik farsların əlində ərəb ağalığına qarşı bir siyasi alətə çevrildi.Ancaq bu silah özünü hər yerdə doğrultmurdu. Belə ki, farsların özləri uzun müddət bir neçə din və təriqətə bölünmüş halda qalırdılar. Onlardan bir qismi xristian, bir qismi maq [dininə tapınırdı], hətta yəhudi dininə inananlar vardı, sünni farslar da az deyildi. Tarixçilər birgə fikirdədirlər ki, şiəliyin fars xalqı arasında həlledici qələbəsi Səfəvilər imperiyası zamanında başa çatıbdır, yəni XVI yüzildə.
Bir həssas nöqtəni də qeyd edək ki, şiəlik Abbasilər imperiyasının mərkəzindən Xorəzmədək ərazidə XII yüzilədək din-təriqət məfkurəsindən daha çox ictimai-siyasi, sosial ədalət uğrunda mübarizədə dini örtük xarakteri daşımış, XII yüzildən dini ideya kimi təkmilləşmişdi. Ozamandan şiəlik sufiliklə daha çox çuğlaşmış, dini-fəlsəfi mahiyyət qazanmışdır.
VII-XVI yüzillərdə sünnü-şiə ixtilafı nəticəsində fərq qoyulmadan ərəblə ərəb, farsla fars, türklə türk bir-birini qırırdı. XVI yüzildən sonra bu qırğın əsasən türklər arasında gedirdi. Buna da Səfəvi imperiyası əsas qızışdırıcı faktor olsa da Osmanlı imperatorluğu və özbək xanları da onlardan geri qalmır, sünnü-şiə ixtilafından hər biri öz hakimiyyət ehtiraslarından ötrü istədikləri yozumda istifadə edirdilər. Tam inamla və yəqinliklə deyirik ki,XVI-XIX yüzillərdə sünnü-şiə didişmələri, çeynəşmələri nəticəsində yalnız və yalnız türklər bir-birinə saldırmış, türklər bir-birini qırmış, birgəlikdə türk milləti fəlakətlərə düşmüş, gücünü yıpratmış, gücsüz duruma düşmüş, sonucda düşmənlərinə yem olmuşdur. Bunda isə fars şovinizmi, Britaniya, Fransa, Rusiya imperatorluqları, Venetsiya, Genuya, ərəb dövlətləri əsas qızışdırıcı, törədici fəaliyyət göstərmiş, hərəsi öz istəyincə faydalanmışdı. Ona görə də türklər bu gün onu parçalayan, bir-birinə düşmən edən sünnü-şiə ixtilafına yol verməməli, onu içdən və dışdan körükləyənlərə zamanında cavab verməli, ali milli və demokratik şüuru ortaya qoyub, bütün gücünü birlik və bərabərliyi sağlam təməllər üzərində qurmağa yönəltməlidir.
Bundan öncə göstərmişdik ki, 945-955-ci illərdə Büveyhilər dövründə Deyləmdə, Xorasanda, Farsda, Azərbaycanın güneyində, İraqda şiəlik canlanmağa, yenidən dirçəlib yayılmağa başlamışdı. Əsl həqiqətdə də Abbasi xilafətinin hakimiyyəti də yalnız bu ölkələr üzərində qalmışdı, ictimai-siyasi, iqtisadi, elmi münasibətlər Azərbaycan-Parsa-Xorasan-Xorəzm xəttində mərkəzləşirdi. Buna görə də Abbasi-Bağdad xilafətində ərəb etnosunun nüfuzu sıfra enmiş, həlledici mövqe türk və fars etnosunun əlinə keçmişdi. Bununla yanaşı, ərəb dili artıq türk və fars dillərini bir küncə sıxmış, inkişaf edərək o dövrün beynəlxalq dili olmuşdu. VIII-X yüzillərdə ərəbdilli türk və fars poeziyası, ədəbiyyatı yaranmış əslən fars olan ədib, şair, alim və din xadimləri ərəbcə yazıb-yaratmışlar. Büveyhilər hakimiyyətə gələndən bir qədər sonra farsdilli ədəbiyyat yaranmağa başladı. Bu dövrəcən pəhləvi dilində yazan parslar bundan sonra farsca (ya da dəricə) yazan farslara çevrildilər. Ancaq XII yüzilədək hələ də maq (muq) ibadət evlərində pəhləvicə kitablar yazılırdı.
X yüzilin ortalarından fars dilində ilk poeziya və bədii nəşr nümunələri yaranır. X yüzilin sonu XI yüzilin birinci rübündə fars dilində Firdovsinin yazdığı “Şahnamə” yeni fars dilinin ilkin ən böyük abidəsidir. Araşdırıcıların fikrinə görə, 90 il yaşamış Firdovsi bu əsəri otuz ilə yazmışdır. Əvvəlcə dediyimiz kimi, bu əsər yalnız Firdovsinin əməyinin nəticəsi deyil. “Şahnamə”nin başlanğcında Firdovsinin özünün etirafına görə onun əlinə ayrı-ayrı beş müəllifin “Şahnamə”ləri yetişmişdi, hətta onların biri pəhləvicə yazılmışdı. Bunları göstərməkdə məqsədimiz bu fikri bir daha vurğulamaqdır ki, Firdovsinin “Şahnamə”si bir neçə yüz il boyu onlarla pars şair, əfsanəçi (əsatirçi), kahin və ravilərinin əsərlərinin böyük bir ustalıqla sintezli toplusudur və deyə bilərik ki, Firdovsiyədək fars ruhunun, mənliyinin, həyat idealının min illik daşıyıcısı, güzgüsüdür. Bu “bir neçə yüz ilə yaranmış kitab” farsizm (panfarsizm) və iranofilizmin (paniranizmin) təməli və əvəzedilməz abidəsidir.
Firdovsinin “Şahnamə”si yüz illərlə davam edən kollektiv əməyin məhsuludur. Onun dünya bədii ədəbiyyatında önəmli yeri vardır və bütün dünyada tanınmış bir ədəbiyyat abidəsidir. Onu da qeyd edək ki, bütün dünya xalqlarının ədəbiyyatı belə bir yaradıcılıq yolu keçmiş, hər xalq zaman-zaman inandığı əski əsatirləri, mifləri dastanlaşdırmış, sonralar bu dastanları yazıya keçirmiş, kitab halına salmışdır. Bu cür dastan abidələri bəşər mədəniyyətinin ölməz inciləri sayılır, hər bir xalq həmən abidələrdən haqlı olaraq qürur duyur. Fars xalqının da “Şahnamə” ilə fəxr etməyə haqqı vardır. Baxmayaraq ki, “Şahnamə”nin müəllifi vardır, ancaq bu abidəni fars xalqının yaradıcılığı kimi qiymətləndirmək lazımdır.
Biz də bu abidəyə bir ədəbiyyat və mədəniyyət nümunəsi kimi hörmətlə yanaşırıq, ancaq bəla burasındadır ki, bir sıra panfarsist və paniranist Avropa, Peterburq, Moskva, Tehran, Bakı və Düşənbə alimləri daha çox son 60 ildə bu “Şahnamə”ni “biliklər dəryası”, “kitabların şahı”, “okean”, “aysberq”, daha nə, daha nə kimi, ən qorxulusu isə “qiymətli, əvəzedilməz tarixi mənbə” kimi qiymətləndirib tərif və təbliğ edirlərvə fars şovinizmi bu əsərdən bir silah kimi istifalə edərək xüsusən də savadsız və azsavadlı İran camaatı arasında insanların düşüncəsini şovinizm zəhəri ilə zəhərləyir, “şahpərəstlik” məfkurəsi cəmiyyətdə bir ideala çevrilir və diktatura üçün əsaslı zəmin yaradır. Cəmiyyət diktatorlar doğur, diktator arzulayan və doğan cəmiyyət öz-özünü iflic edir! Elə bunun sonucunda da “İran” adlanan “qeyri-müəyyən hüdudlu” bir yerdə və ya ərazidə hökmranlıq edən şahlar sanki “diktator” sözü yetmirmiş kimi “despot” adı ilə anılmışlar.
Elə bu gün də “İran”da despotizmin müəyyən yönləri qalmaqdadır. Buna görə də “İran”da insanlar min illərdir ki, “ədalətli şah” axtarır, tapa bilmir ki, bilmir. “Despot nədir, kimdir?” sualına dünya həmişə İran şahlarını ən tutarlı nümunə göstərmişdir. F.Engelsin Rusiya haqqında belə bir fikri vardır: “İngilislər orta çağlarda parlament – məclis uğrunda mübarizə aparırdılarsa Rusiyada XIX yüzildə ədalətli çar axtarırdılar”. Engels bunu Rusiyanın geridə qalmasına bir misal olaraq göstərmişdi. Bu fikri eynilə indiki bir sıra Asiya, Afrika ölkələri üçün, o cümlədən “İran” üçün söyləmək olar. Ancaq İran cəmiyyəti ədalətli şah axtardığı, ara-sıra məclisə də baş vurduğu halda fars şovinizmi öz ağalığını qoruyub saxlamaq, türkləri, bəlucları, kürdləri, ərəbləri, hətta fars xalqının özünü əzab və işgəncələr altında tutaraq harın-qarın həyat sürmək üçün diktator, despot axtarır. Onun bu arzusunu, daha doğrusu, idealını bir müddət Pəhləvilər təmin etdilər.
Elə bir zaman gəldi ki, Pəhləvilər də fars şovinizminin idealının müəyyən tələblərinə cavab verə bilmədi; dünyavi hakimiyyət Pəhləvilərdə olsa da dini hakimiyyət onların əlindən çıxmışdı. Fars şovinizmi çevik bir manevr etdi – dini və dünyəvi hakimiyyəti bir əldə toplayan “imamlıq quruluşu” yaradıldı. Dini və dünyəvi (siyasi) hakimiyyət “imam” Xomeyninin əlində cəmləşdi. O, hakimi-mütləq oldu, şahpərəstlik imampərəstliklə əvəz edildi. Şiə təriqətinin, ayrıca olaraq da on iki imamlığın (isna aşariyyə) Cəfəriyyəməzhəbinin tarixində görünməmiş bir ziddiyyət, Avropa termini ilə desək paradoks yaranır; təriqətin təliminə görə, onikinci imam sağdır, qeybdədir, nə vaxtsa zühur edəcək, haqqı bərpa edəcəkdir, ona görə bundan sonra kimsə imam  ola bilməz. Onikinci imamın yerdə, insanlar arasında köməkçisi imam naibləri, müctəhidlər (tələffüzdə: müşdəyitlər) imamın yolunu yürüdənlərdir. Düz min yüz iyirmi ildir ki (yəni on ikinci imam Məhəmməd Mehdi 877-ci ildə qeyb olandan), on iki imamilər bu əqidəyə sadiq qalmışlar. Ancaq “İran”da şiəlik birdən-birə sanki uğursuzmu, uğurlumu bir çevriliş etdi və Xomeyni “imam” elan edildi.
Fars şovinizmi şiə təriqətinin ehkamlarını təpikləri altına aldı. On iki imamçıların təliminə və inancına görə,imamlıq yalnız və yalnız ata imamdan oğula irsən keçməlidir. Onikinci imam qeybdədir, özü qeyb olanda uşaq idi, evlənməmişdi, övladı yoxdur, həm də sağdır və qeybdədir. Deməli, ona imamlıqda varis ola bilməz. Bəs onda Xomeyni haradan “imam” oldu? Bəzi din xadimləri və ya din alimləri deyirlər ki, Xomeyniyə aid edilən imamlıq əslində yeni dini rəhbər deməkdir. Xeyr, yox, cənablar, bəsdir bu yazıq “İran” camaatını çaşdırıb ələ saldınız! Şiəlikdə “imam” sözünün ərəb dilində siz deyən kimi “başçı”, “qabaqda, öndə duran”, “komandan”, “qabaqcıl”, “rəhbər” mənaları deyil, yalnız bir mənası qəbul edilir ki, onun da izahı qısaca belədir: imam hz. peyğəmbərdən sonra islam ümmətinin qanuni (şər’i) dini və dünyavi rəhbəridir. Tanrının bəyənişi ilə olur. İmam Əlidən başqa, bütün imamların cəddi-babası hz. peyğəmbərdir və ona görə də imamlar peyğəmbərin qızı imam Əlinin xanımı Fatimənin övladları olmalıdır. (On iki imamçılar hz. Əlinin başqa xanımından olan oğlu Məhəmməd Hənəfini, məhz bu fikri əsas almaqla imam qəbul etmirlər).
Onikinci İmam Məhəmməd Mehdi daim var olduğu və bəlkə də qiyamət günü zühur edəcəyi üçün kimsə imaməti mənimsəyə və varis ola bilməz. Bəs necə olmuşdur ki, “İran”da imamlar zühur edir və həttabirisinə “imamül-əzəm” (“böyük imam”, hərfən: “əzəmətli imam”) adı da verilir? Hay səni, farsizm! Min illərdir nə qalmadı bu xamlaşdırdığın müsəlmanların başına gətirməmiş olasan?!
Bu gün fars şovinist elitası əsasən iki yerə bölünüb: imampərəstlər və şahpərəstlər. İslam dini qəbul ediləndən bugünə kimi fars elitası şahla (şah, xəlifə, sultan və s.) imam arasında manevr etmişdir. Səfəvilər dövründəki çox maraqlı bir hadisə buna misaldır. Əsasən dini inancı, ayrıca da şiəlik təriqətini üstün tutan Şah İsmayılın dövründə (1501-1524) türk elitası – ayrı-ayrı tayfa elitası bir araya gətirilir və“qızılbaş” adlanır, yəni on iki imam yolunda mübarizlər, ya da imamsevərlər.
Şah İsmayıldan 63 il sonra hakimiyyətə gələn nəvəsi Şah Abbas (1587-1629) farsların təsiri altında olduğundan türk elitasını öz ətrafından uzaqlaşdırmış, qızılbaşları tam qırağa qoymuş, qızılbaşların bir hissəsi ilə yenə də başqa türk tayfa gəncləri və elitasını birləşdirərək yeni hərbi-feodal birliyi yaratmış və onun adını “şahvesənlər” qoymuşdu.
Bir daha təkrar etməyi gərəkli bilirəm ki, fars şovinizminin, farsizmin, paniranizmin təsirinə ən çox düşən və onlara ən çox xidmət edən və onların qurbanı olan biz Azərbaycan türkləriyik!
* * *
İndi yenə də “Şahnamə”nin əsasında miflərin tarixləşdirilməsi və “İran” şahlarının mifləşdirilməsi, farsların şahsevənliyinin bəzi xətlərinə göz yetirək.
Firdovsinin yetkinləşib “Şahnamə”ni yazdığı dövrdə dediyimiz kimi, Büveyhilər Bağdadda siyasi hakimiyyətin başçısı – sultan oldular, xilafətin ucqar doğusunda – Güney Türküstanda X yüzilin 60-cı illərində Qəznəvilərdövləti yarandı. Bu dövlət də Abbasilərin dini hakimiyyətini qəbul edib xilafəti ali hakimiyyət kimi tanıdığı (bu, formal xatakter daşıyırdı) halda tam müstəqil türk dövləti idi və Büveyhiləri tanımır, onlara qarşı mübarizə aparırdı. Dövlətin banisi Alptəkin (962-963), onu formalaşdıran Səbuktəkin (977-997) olmuşlar. 998-ci ildə hakimiyyətə keçən Sultan Mahmud Qəznəvinin (998-1030) hakimiyyəti dövründə Qəznəvilər Əfqanıstan, Xorəzm, Xorasan, Quzey Hindistan və Orta Asiyanın bir sıra vilayətlərini işğal etdilər. Bundan sonra qəribə bir hadisə baş verdi – sonuncu Büveyhi sultanları sünniliyi qəbul etdilər.
Sultan Mahmud qatı sünnü təəssübkeşi idi, hətta Qərmətilərə qarşı dözümsüz olduğu halda şiə Firdovsiyə mehribanlıq göstərib onu saraya aldı və “Şahnamə”ni yazmağı tapşırdı.
Firdovsi hələ saraya getməmişdən öncə ona öz yazdıqlarını da verərək hər cür yardım edən adamı belə xatırlayır:

          Deyirdi: Yazarsan “Şahnamə”ni,          Çalış, şahlara çatdır o töhfəni.

Ancaq Firdovsi hələ ki, bu əsəri yazmır. Sultan Mahmud, sarayına şairlər toplayır. Biruni kimi dahi bir alim də sultanın sevgisini qazanıb onun səxavəti ilə böyük elmi araşdırmalar aparır, rəsədxana yaradır. Sultan həmən dövrdə artıq şöhrət tapmış İbn Sinanı da axtartdırıb saraya aparmaq istəyir, ancaq nədənsə, İbn Sina imtina edib Qəznəvilər dövlətinin ərazisindən çıxır. Onu təqib etdikcə Fars əyalətinə, oradan da Azərbaycana – Həmədana gəlir.
Mahmud Qəznəvi tarixdə elmin, alimlərin, şairlərin, mədəniyyət xadimlərinin hamisi kimi tanınır. Biliyə çox böyük qiymət verib ona qızıl xərcləyən Mahmudun özü yüksək savadlı bir hökmdardı, yaxın qohum və övladları o dövrün yüksək təhsilinə yiyələnmişdilər, bacısı Qur’anı əzbər bilirdi. Mahmud Qəznəvinin elmə, mədəniyyətə, ədəbiyyata olan rəğbəti və sevgisi, görünür, Firdovsini “Şahnamə”ni yazmağa daha da həvəsləndirir.

          Dedim: – İndi artıq, olar söz demək.

Şair:          Mən indi bir ölməz əsər başlaram,          Ürəkdən böyük şahı alqışlaram –

deyə “Sultan Mahmudun vəsfinə” keçir və vəsfdən sonra birbaşa “Kəyumərs” başlığı altında “dünyanın ilk şahı, həm də şahənşahı (padşahı)” Keyumersdən danışır və Firdovsinin sərsəm uydurmalar üzərindəqurduğu “Şahnamə” belə başlayır:

          Ata söyləmiş oğluna bir xəbər,          Gəzir dilləri, keçsə də əsrlər.

Belə qəbul edək ki, Firdovsi onun dövründə farslar arasında yaşayan, özü demişkən, “dilləri gəzən” bir dastan, ya da nağıl eşitmişdir. Ancaq Firdovsi onu necə tarixləşdirir və həmən beytin dalınca yazır:

          Cahanda kim ilkin olub hökmdar,          Böyüklər ona göstərib etibar?          Qədim dövr tarixini izləyən,          Böyük şahlar haqqında dastan deyən          Demiş: -Şah birinci Kəyumərs idi,          Başa tac qoyub “padşaham” dedi.

Sonra “qədim dövr tarixini izləyən”in dili ilə belə davam edir:

          Kəyumərs olunca cahanda ağa,          Köçürdü büsatını yüksək dağa.          Qoyub təxtinə dağ başında əsas,          Düşündü: gərək el geyinsin libas          Pələng ovladı, əldə etdi dəri,          Geyindi zəri şah o gündən bəri          Adamlar həvəs göstərib paltara          Qənim oldular vəhşi heyvanlara          Tapıldı geyim, sonra da el tamam          Şikarın ətindən bişirdi təam.          ……….          Onu şah yaratmışdı pərvərdigar,          Vardı üzündə şaha xas vüqar.

Firdovsinin cəfəngiyatından belə bəlli olur ki, “başa tac qoyub “padşaham” deyən Keyumers özü də, xalqı da hələ lüt ikən, paltar nə olduğunu bilmədikləri halda tac var imiş, xalq bir qanmaz sürüdür, onlara nə yeyib, nə geyməyi padişah öyrədir.
Mən tarixçi üçün “Şahnamə”ni oxumağı ən böyük əzab sayıram. Oxucu da soruşa bilər ki, özünü bu əzaba saldığın yetməz, bizi oraya niyə sürükləyirsən?
Əziz oxucu, birincisi, savadsız və az savadlı insanları aldanmağa qoymamaq, yalanların-palanların ayaq tutub yeriməsinin qarşısını almaq, insanlara gerçəkliyi çatdırmaq alimlərin ilk növbədə öz vicdanları və Tanrı qarşısında borcudur.
İkincisi, yalanlar gerçəklik adıyla meydan oxuyanda insanlar bəlaya düçar olurlar. Miflər, əfsanələr, əsatirlər, nağıllar da gerçək tarix adından danışanda yalançı, küt, avara, lovğa, gopçu, daha qorxulu, cahil bir toplum yaranır. Hz. Məhəmməd (s.ə.s.) islamdan qabaqkı dövrü Ərəbistanın “cahiliyyə” dövrü adlandırmış və bunu da demişdir ki, “müsəlmanın da cahilindən qorunun!”. Böyük türk filosofu (sufi), arifi, Şeyxlər şeyxi Ömər Sührəverdi (1145-1234) “Əl-vəsayə” (“Vəsiyyətlər”) adlı əsərində oğluna (eyni zamanda müridlərinə) müraciətlə yazır: “Ey oğul, sufilərin cahilindən olma!”. Belə peyğəmbərlər, dahilər cahillərdən dad-aman etmişlər.
Üçüncüsü, mütləq monarx, mütləq hakim-şah, şahənşah, kral və s. quruluşu daim diktator və despotlar doğurur. Mütləq hökmdarı tərifləyə-tərifləyə, yarımallah dərəcəsinə qaldıra-qaldıra ədalətli şah, kral axtarmaq qədər sərsəm düşüncə ola bilməz. Ziddiyyətlər ziddiyyəti, paradokslar paradoksu – ədalətli diktator axtaran toplum! Bu düşüncəyə tapınan toplum cahil toplum olur və bu toplumu hər zaman böyük faciələr gözləyir.
Dördüncüsü, uzun illər yaşadığım elmi, mədəni, ictimai mühitdə çox insan – tələbə, ədəbiyyat və dəqiq elm üzrə alimlər, hətta memarlıq üzrə akademik, fizika üzrə doktor və bəzi şairlər Firdovsini “dünyanın da nəhəng dahi kimi qəbul etməsini” əsas götürərək onun “Şahnamə”sini az qala müqəddəs kitablar sırasında sayır, yazdıqlarını doğma kimi qəbul edir, mübahisə açan bizim kimilərə nifrət və hiddətlə baxırdılar və çox zaman deyirdilər “Firdovsi dünya tərəfindən qəbul edilmiş dahidir, bəs sən kimsən?”. Heç cür anlatmaq olmur ki, dahilər qərəzli olanda ən qorxulu insana çevrilirlər.
Beşincisi, sovet tarixşünaslıq elmində 30-cu illərdə Stalinin göstərişinə əsasən bir türk düşmənçiliyi başlamışdı. Yuxarıdan tapşırılmışdı ki, nə cür olursa-olsun sovet alimləri sübut etməlidir ki, sovet ərazisində ta əski çağlardan bugünədək türklər yaşamayıb, bu ərazidə yaşayan türklər sonradan türkləşiblər, onlar uzaq keçmişdə hind-Avropa xalqları olublar.
Elə bu tezis-göstərişlə bağlı Moskva alimləri son illərə qədər, daha doğrusu Sovet İttifaqı dağılana qədər saysız-hesabsız əsərlər yazaraq müxtəlif türk toplumlarını hind-Avropalı və monqoloidlərə aid etdilər, turanlıları isə “irandilli” kimi qələmə verdilər. Onlar buna qaynaq olaraq “Şahnamə”ni göstərir, oradakı bir parçanı misal çəkirdilər. Firdovsi yazır ki, İran şahı Fəridun dünyanı üç oğlu arasında böldü və İran hüdudlarından başlamış Çin də daxil olmaqla böyük bir əraziyə oğlu Tur’u şah təyin etdi, onun ölkəsi Turan oldu, özünə də “Turanşah” deyildi. Bəlli olduğu kimi, əsərdə bir qədər sonra İran-Turan müharibələri başlayır. Buna dayanan sovet alimləri sübut etməyə çalışırdılar ki, Tur İran şahının oğludur, deməli, turanlıların kökü iranlıdır və İrana qarşı çıxan turanlılar da irandilli arilərdir.
Hər hansı bir alimin buna qarşı çıxmağa, turanlıların kökcə türk olmasını söyləməyə haqqı yox idi. Bu fikirdə olanlara “pantürkist”, “turanist” adını qoyub həbs edirdilər. Hətta türkoloq rus alimi, akademik Qordlevskini bir neçə dəfə pantürkizmdə ittiham etmişlər, o. çox çətinliklə dostlarının köməyi sayəsində məhkəmədən canını qurtara bilmişdi.
Bir daha xatırladaq ki, “Şahnamə” və bu səpkili əsərlər yetkin toplum üçün qorxulu deyil. Yetkin toplum bu tip əsərlərə əfsanə, nağıl kimi baxır, bir növ, əyləncə sayır, ancaq yetkinləşməmiş, bitkinləşməmiş, gerçək elmə sarılmamış toplum üçün bu tip kitablar, “abidə”lər tiryəkdir.
Firdovsiyə görə (həm də farsizmə görə), Kəyumərsin tək oğlu Siyamək öldürülür, Siyaməkin də bir oğlu qalır, adı Huşəng, Kəyumərs öləndən sonra Huşəng şah olur. Huşəng:

          O gün ki qədəm qoydu şah təxtinə,          Dedi: – Mən şaham, siz rəiyyət mənə,          Mənə yeddi ölkə gətirmiş pənah,          Mənəm aləmə hökm edən padişah.          Böyük Tanrı yar oldu, çaldım zəfər,          Cahan xalqı məndən ədalət görər.

Huşəngə yeddi iqlim, yəni bütün dünya tabe idi. O, tək Tanrı tanıyırdı, dünya xalqlarına ədalətini göstərir, bəşəriyyətə ilk dəfə odu kəşf edib, su arxları çəkdirməyi o öyrədib, qoyun, ulaq və inək saxlamağı insanlara o  başa salıb, insanları xəzlərlə o geyindirib və:

          Bütün xalqa azuqə çatsın deyə          Özü başladı əkməyə, biçməyə.

Boyhaboy cəfəngiyat yığını! Ağlı sağlam oxucu deyə bilər ki, nə olsun – şairdi də, deyib, deyib; bilmirsən ki, Qur’anda yazılıb: “Şairlərə [müşrik və kafir şairlərə] gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar? [Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!] Və onlar etmədikləri şeyi deyirlər! [Onların dediklərinin əksəriyyəti yalandır!]” (26-cı surə: “Şairlər”, ayə: 224, 225, 226).
Dönə-dönə deyirəm ki, “Şahnamə” yetkin oxucu, yetkin toplum üçün, sadəcə, əfsanə və nağıllar toplusudur. Ancaq savadsız, tarixdən xəbəri olmayan başqa sahənin alimi belə haradan bilsin ki, Huşəng özü də mifikdir, onun haqqında yazılanlar da mifdir? – axı “dahi”, “şairlər şairi”, “şairlər peyğəmbəri” Firdovsi Huşəng haqda deyir ki:

          Çalışdı, yaratdı, yedi, payladı,          Köçüb getdi, tarixdə qaldı adı.

Bunu oxuyan, ya da eşidən lap deyək ki, akademik-fizik, akademik-filosof haradan bilsin ki, “dahi” Firdovsi yalan yazıbdır? Onlar belə qəbul edirlər ki, yəqin tarixdə “İran”ın bu adda hökmdarları olubdur, sadəcə, biz bilmirik.
“Şahnamə”ni oxuyarkən istər-istəməz öz-özünə düşünürsən: “Uşaqlar üçün padişah nağıllarıdır”. Huşəngin oğlu Təhmurəs şah olanda xalqa yundan geyim hazırlamağı öyrədir, xalça, palaz düzəldir, atı, eşşəyi ram edir, tazını, tulanı ilk dəfə əhliləşdirir, onlardan xeyir götürür, qırğını, şahini əl quşu edir, toyuğu, xoruzu xalqa verir və deyir: “Toyuq saxlayan xalqın artar varı”. Bəşər üçün vəşhi heyvanları ilk dəfə əhliləşdirən şah Tehmurəs:

          Elə xeyirxah oldu ki, hökmdar          Büründü xuda nuruna aşikar.          Gedib tutdu əfsunla Əhriməni,          Minib at kimi hiyləgər düşməni,          Belinə yəhər qoydu xeyli zaman,          Çapıb dördnala aləmi hökmran.

Buradan göründüyü təki, [Təhmurəs] “Allah nuruna aşikar bürünmüş”, ilahi güclə çuğlaşmış, bir peyğəmbərə çevrilmişdi. Yaxud islam peyğəmbərinə və birinci imama (“Onlar bir Allah nurundan yaranmış iki qövsdür”, yaxud “Hər ikisi Allah tərəfindən ilahi nura qərq edilmişlərdir”) Tanrı verdiyini çox-çox uzaq keçmişdə fars hökmdarı Tehmurəsə vermişdi. Tehmurəs də bundan güc alır, əfsunu güclənir və “əfsunla Əhriməni (bir az Şeytana oxşar, ancaq ondan da güclü şər qüvvəni) tutur və minir”, o, divləri əsir alır, onlardan yazı və bilik öyrənir, divlər ona otuz dil, o cümlədən ərəb, pəhləvi, Soğd, Çin, Rum, dəri dillərini öyrədir.

          Çatınca əcəl, köçdü, getdi o da,          Yaşar zəhmətinin barı dünyada. (?)

Yalana və tanıdığın yalançıya sual verməyin özü gülüncdür. ancaq özünü saxlaya bilməyib sormaq istəyirsən: “Əcəba, görəsən, “Kəyan təxti”nin yaradıcıları – bu parslar niyə öz doğma dilləri olan pəhləvicəni və dəricəni bilmirlərmiş və onları divlərdən öyrəniblər?”.
Firdovsinin özündən əvvəlki pars (pəhləvi) nağılçıları, dastançıları onunla birlikdə Təhmurəsdən sonra Kəyan taxtına oğlu Cəmşidi oturdurlar. Cəmşid, nə Cəmşid:

          Cahanda çəkildi şərəflə adı,          Onunla Keyan təxti də parladı…          Dedi: – Haqqın imdadı ilə bu dəm          Sizin şahınız, həm də bir möbidəm…          Dəmir oldu tədbiri ilə xəmir,          Dəbilqə, zireh, sinəbənd, bir də tir1          Qılınc, nizə, zubin2, möhkəm sipər          Qalıbdır cahanda o şahdan əsər.          Bu işdə əmək sərf edib əlli il,          Nələr kəşf edib – xalqa pünhan deyil.

1 Ox – red.
2 Zirehli paltar – red.
Bəlli olur ki, parsların axtardığı, arzuladığı hakimi-mütləq (həm şahənşah, həm də eyni zamanda möbidan-möbid titulunu daşıyan, siyasi hakimiyyətlə dini hakimiyyəti bir əldə toplayan adam) birinci Cəmşid olmuşdur. O, ibadətə həddən artıq meylli olan Katuziləri xalqdan ayırır:

          Ayırdı camaat içindən tamam,          Dedi abidə: – Olmalı dağ məqam.          İbadət edib xaliqə hər zaman,          Ömür istəsinlər şaha Tanrıdan.

Yenə həmən təlim, həmən məslək: Tanrıya xidmətdən məqsəd “şaha ömür istəməkdir”, dini inanc bir vasitədir. Cəmşid uzun ömür sürür, daha nələri kəşf etmir – saymaqla qurtarmaz. Bütün müşkülləri həll edəndən sonra:

          Bütün işləri qurtarıb bu sayaq,          O basdı göyə yerdən ayaq.          Qayırtdırdı bir təxt Kəyan təxti tək,          Ona verdi gövhərlər ilə bəzək.          Alıb çiyninə div onu hər zaman,          Göyə qaldırar, istərsə hökmran.          O təxtin içində böyük hökmdar,          Fəzada günəş tək tutardı qərar.

Cəmşid fars (parsa)  şahpərəstliyinin, şahçılığının ideal nümayəndəsidir. Cahil toplum belə bir ədalətli despot-mütləq hakim axtarır. Bu mütləq monarx-şahlar axı padişahdır, möbidlər möbididir, bir sıra varlıqların yaradıcısıdır, istədiyi vaxt göyə çəkilir, yarımallahdır.
Firdovsi Novruz bayramını da Cəmşidin adı ilə bağlayır və deyir:

          Belə şanlı bayram neçə əsr var          Qalıbdır o şahdan bizə yadigar.

Yenə də mifik şah Novruz bayramı ilə əlaqələndirilib tarixləşdirilir. Elə buna görə də sovet tarixçiləri və ədəbiyyatçıları Cəmşidin adı gələndə çaş-baş qalır, belə yazırlar: “Cəmşid – yarı əfsanəvi, yarı tarixi İran şahı”.
Bundan öncələrdə göstərmişdik ki, Parsa (yunanca: Persepolis) şəhərinin əsası I Daranın hakimiyyəti illərində qoyulub. Qədim farslar (parslar) bu şəhərə “Parsa” deyirdilər. IX-X yüzillikdə yeni farslar ona “Təxti-Cəmşid” adını verdilər. Firdovsi də bu şəhəri Cəmşidin adı ilə bağlayır və ona “Təxti-Cəmşid” deyir. Firdovsiyə [görə], bu şəhəri Musa peyğəmbərdən bir neçə min il qabaq şah olmuş Cəmşid tikdirmiş, o da bina tikməyi divlərdən öyrənmişdi və şəhərlərin salınmasında divlər də çalışmışdılar. (Firdovsi Musa peyğəmbərin adını burada birbaşa çəkmir).
Cəmşid yeddi yüz il ömür edir, ondan sonra Zöhhak min il padşahlıq edir. Sonra Fərudin, sonra Mənuçehr şah olur. Mənuçehr oğlu, həm də varisi Nuzərə deyir:

          Yeni hakimi gözlər indi cahan,          O, Musadır, olmuş rəsuli-zaman.

“Şahnamə”dən tez-tez bəlli olur ki, Firdovsi tarixi və coğrafiyanı bilmirmiş. O, Musa peyğəmbər haqqındaMənuçehrin dili ilə deyir:

          Yaxınlarda baş qaldırar o, şərqdən,          Ona pis göz ilə, çalış, baxma sən.          Onun dini haqq dinidir, et qəbul,          Nə peymanı varsa ona tabe ol!

Orta məktəb şagirdi də bilir ki, İsrail, Misir, Roma Fars ölkəsindən qərbdədir, şərqdə deyil. Firdovsi bu ölkələrə “şərq” deyir. Bu bir bənd şerdən ilk baxışda belə görünür ki, musaviliyin timsalında Firdovsi təktanrılığı təbliğ etmək istəyir. Əslində o, musaviliyin tarixi gerçəkliyindən yararlanaraq uydurmasının gözünə həqiqət qatıb fars padişahı Mənuçehri nəbi (“gələcəkdən xəbər verən”) – peyğəmbərlərə xas səciyyə daşıyan şah kimi qələmə verməyə ciddi cəhd göstərir, bununla da özünün düzəltdiyi nağıla tarix donu geydirməyə çalışır.
Firdovsiyə görə, Cəmşiddən sonra Keyan taxtına zalım Zöhhak sahib olur. O, ərəb hökmdarı idi, iranlıların xahişi və təzyiqi ilə onlara şah oldu. Çox geniş yayılmış bir əsatirə görə, onun hər çiynində bir ilan “bitmişdi”. O ilanları şah insan beyni ilə yemləyirdi. Hər gün iki gəncin başı kəsilir, beyinləri bişirilib ilanlara yedirilir. Firdovsi yazır ki, “iki şahzadə” – Ərmayıl və Kəmayıl sözü bir yerə qoyub:

          Dedilər: – Yadelli əlindən aman,          Olub zülmdən xalqın halı yaman.

Onlar “yazıq xalqa bəlkə kömək göstərmək” üçün özlərini Zöhhaka “aşpaz” (aşbişirən) kimi təqdim edirlər. Zöhhak onları qəbul edir və ilanlara beyin bişirmək işi də onlara tapşırılır. “Bu iki xeyirxah odlana-odlana,əlləri varmadan” özlərinə qardaş bildiyi və şahın dərbarlarının mətbəxə gətirdiyi iki gənc yurddaşlarını alır, birinin başını kəsib beyninə bir qoyun beyni qatıb bişirir, obiri gənci buraxıb deyirdilər: şəhərdən uzaqlaş. Beləliklə, ilanlar insan və qoyun beyninin qatışığı ilə yemlənir və iki yüz gündə iki yüz gənc ölümdən qurtarır. Onların hər birinə bir neçə qoyun verib dağlara, çöllərə göndərirlər.
Dediyimiz kimi bu mif-nağıl çox dastan və hətta tarix kitablarında özünə yer tapıb, onu çox insan bilir və olsa-olsa zalımlığın, qəddarlığın ən iyrənc nümunəsini göstərən nağıl sayır. Ancaq Firdovsi bu mifi gerçəkləşdirmək üçün ona başqa nəticə vurur və həmən iki yüz gənc haqqında yazır:

          Gedib tutdular dağda onlar qərar,          Şəhərdən uzaqda məkan saldılar.          Bu kürdlər ki var, onların nəslidir,          Bütün ömrü dağda keçir, bəllidir.

Şərhə ehtiyac yoxdur – “dahi”, “şairlər peyğəmbəri” Firdovsinin bir mifi bu üsulla “tarixləşdirməsi”nin savadsız, hətta azsavadlı toplum üçün necə zərərli və qorxulu olduğu göz qabağındadır.
Firdovsiyə görə. dünyaya padişah olan İran hökmdarlarından biri də Fəridundur. Ona da bütün Keyan nəslinə – şahlara, şahənşahlara, şahzadələrə və bu nəslin hər fərdinə Yaradandan ilahi nur, ilahi vergi verilmişdir. Bunlar yalnız Keyan nəslinə verildiyindən Firdovsi onu “fərri-Kəyan” adlandırır. Yaradıcıya xas fərri olan Fəridun dünyanı üç oğlu: Səlm, Tur və İrəc arasında bölüşdürür.
Bir çox zaman keçəndən sonra Fəridun qocalır, oğulları arasında mərkəzi İran hakimiyyəti uğrunda mübarizə başlayır və bununla da bitib tükənməyən İran-Turan müharibələri alovlanır. Bundan sonra “Şahnamə”nin əsas bir bölməsi “İran”-Turan müharibələrinə həsr olunur. Turla Səlm [öz] qardaşları – İran şahı İrəci öldürürlər. Sonra İrəcin oğlu Mənuçehr [öz] əmiləri Turu və Səlmi öldürür və bütün dünyaya hakim olur.
Menuçehrin zamanında İranda Sam, Samın oğlu Zal, Zalın oğlu Rüstəm kimi “cahanpəhləvanlar” yetişir. İrana qələbə dalınca qələbə qazandırırlar. Zalı da mifik Simurq quşu uşaqlıqdan aparmış, böyütmüş, gətirib atasına vermişdi. Menuçehr öləndə oğlu Nuzərə nəsihət və vəsiyyət edir, Musa peyğəmbərin dünyaya gələcəyini söyləyəndən sonra deyir:

          Hücum eylər İrana türk ordusu,          Onlar – tacü təxtin böyük qorxusu          Çətin bir yolu getməyə hazır ol,          Çalış, gah quzu, gah da qurd ol, oğul!

Daha sonra əlavə edir ki, türklər [səni] öldürərlər, buna görə də Samı, Zalı, Rüstəmi əziz tut ki, onlar sənə arxa durub düşmənlərini öldürsünlər.
Bundan sonra “Şahnamə”də iki aparıcı, yönəldici fəal gücdən daha tez-tez danışılır: cahanşahlar – Keyan nəsli, cahanpəhləvanlar – Sam nəsli. Müharibə meydanlarında Keyan nəsli əvvəlki tək fəal (məs., Cəmşid, Fəridun, Mənuçehr kimi) deyil. Bütün savaşlar, müharibələr Sam və onun nəsli tərəfindən aparılır. Şahlar onların məsləhətinə, hətta ara-sıra tələblərinə də əməl edirlər. Zalın oğlu Rüstəmin divlərə qarşı böyük bir savaşını çıxmaqla, qalan bütün savaş və müharibələr iranlılarla (bu iranlıların parslardan başqa da kimlərdən ibarət olduğu aydın deyil) turanlılar – türklər arasında gedir. Bu haqda bir az sonra.
Firdovsi əsərində zaman-zaman şahlığı müqəddəsləşdirir, şahları bütləşdirir. Cahanpəhləvan Sama “böyüklər deyir ki, cavan Nuzər zalımdır, ağlı azıb, yoldan çıxıb, sən isə İranı azad etmisən, taxta çıxıb bizə padişah ol”. O, bunun cavabında deyir ki, mən ölərəm, bu təklifi qəbul etmərəm, əgər Mənuçehrin oğlu deyil, qızı bu taxta-taca yiyələnsəydi belə özümü onun torpağına qoyar, onun xidmətində durardım. Siz bu fikrinizdən daşının, keçmişinizə dönün, padişaha bir daha baş əyib itaət edin:

          Sizi yoxsa əfv etməz Allahınız,          Nə də mərhəmətli olar şahınız.          Bu dünyada zülmü alovlandırar.          O dünyada da od sizi yandırar.          Böyüklər peşiman olub birbəbir,          Dedilər ki, şah əmri Haqq əmridir.

Özünü təmiz etiqadlı, müsəlman-şiə sayan Firdovsi öz fikirlərini başqalarının adı ilə verir. Belə bir anda isə “siz padişaha baş əyib itaət etməsəniz Allahınız da sizi bağışlamaz, o dünyada od sizi yandırar, şah əmri Haqq əmridir” deyirsə heyrətlənməmək mümkün deyil, çünki bu cür baxış islam qayda-qanunlarına ziddir.Haqq Allahın gözəl adlarından və sifətlərindən biridir. Şahın əmrini Haqqın əmri sayan toplum xəstə və cahil toplumdur. Çox-çox yazıqlar olsun ki, min illərlə Batıda və Doğuda bu fikirlər hakim kəsilmiş, despotlar doğuran ictimai zəmini hazırlamışdır. Bu Doğuda daha uzun müddətli, daha çox sürəkli, daha qəddar olduğu üçün “Şərq despotizmi” dünyada məşhurdur.
Nə yazıq ki, elə bu günlərimizdə də Avropada (Batıda) bir dənə də olsun diktatura və ya despotik quruluş olmadığı halda hələ də Asiyada (Doğuda, Şərqdə) despotlar, diktatorlar bir-biri ilə yarışırlar.
“Şahnamə” və ona bənzər, ya da onun təsiri altında olan, sanki bədii-tarixi, əslində isə bədii-əsatiri əsərlər Yaxın və Orta Doğu xalqlarının, ayrıca (özəl) olaraq türklərin və farsların zehniyyətinə çox-çox ağır təsir göstərmiş, birgə toplum düşüncəsini öz etkisi altında saxlamış, insanlar cahilcəsinə “şahpərəst”, “imampərəst”, “sultanpərəst”, hətta “çarpərəst” olmuşlar.
Bir daha qeyd edək ki, “Şahnamə”nin ən əsas motivlərindən biri də İran-Turan müharibələridir. Sasanlı hakimiyyət nümayəndələrinin ümumiləşdirilmiş surəti Keyxosrov, Turan-türk hökmdarlarınınkı Əfrasiyabdır.Araşdırıcı alimlər “Əfrasiyab” adının tarixi şəxsiyyət olan Alp Ər Tunqanın adının təhrif edilmiş şəkli olduğunu söyləyirlər. Ancaq bir ehtimal da var ki, sonradan bu xüsusi isim ümumiləşmiş və bütün türk hökmdarlarına aid edilmişdir. Yəni Roma imperatorluğunun başçısına “qeysər”, İranınkına “şah”, ya da“şahənşah”, ərəblərinkinə “məlik”, ruslarınkına “çar” deyildiyi kimi türklərin hakimlərinə “əfrasiyab” deyiblər. Bu son fikir özünü bir sıra tarix kitablarında doğruldur. Təbəri, İbn əl-Əsir və başqaları “Əfrasiyab”ı bir ad kimi göstərdikləri kimi, ara-sıra “türk Əfrasiyab”“türk Əfrasiyabı” şəklində də göstərirlər.
Nuzər şahın (Firdovsinin uydurduğu, qondarma İran-Parsa şahlarından biri) şahlığı zamanında İran-Turan savaşları yüksək həddə çatır. Turanın şahı “Peşəng”in yanında Turanın “iti pəncəli qəhrəmanı” Niysə və onun oğlu cahanpəhləvan Əfrasiyab durur. Əfrasiyab gəncdir, özünü də İran taxt-tacının həqiqi varislərindən biri sayır, ancaq iranlıları düşmən bilir, Fəridunu da öz ulu babası sayır. O deyir:

          Bilirlər ki, iranlılar hərməla,          Bizim başımıza olublar bəla…          O şey ki, əmanət qoyubdur babam,          Gərək düşmənindən alam intiqam.

Əfrasiyab savaşlarda İran ordularını darmadağın edir, Nuzer şah və bir neçə İran qəhrəmanı öldürülür:

          Qarabəxt idi çünki iranlılar,          Döyüşdə zəfər çaldı turanlılar.

Şahənşahığın mərkəz iqamətgahı olan Parsa (Təxti-Cəmşid, Təxti-Cəm) fəth edilir. Əfrasiyab:

          Qovub atları tərləyə-tərləyə,          Dehistandan o gəldi, çatdı Reyə,          Kəyan tacını aldı, qoydu başa,          İran təxti çatdı o qəlbi daşa.

Bundan sonra İranzəmində arabir barışla sonuclanan, uzun illər sürən müharibələr gedir, hər iki tərəfdən onlarca qəhrəman öldürülür. Bir sıra qəhrəmanlar qocalıb müharibə səhnələrindən uzaqlaşır.
“Şahnamə” bütün-bütününə İran-Turan müharibələri boyu türkləri qəhrəman, döyüşkən, cəngavər bir xalq kimi təsvir etsə də türkə düşmənçilik, farsa tükənməz istək və tərəfkeşlik üzərində qurulubdur.Əlli min beytdən artıq bir mənzum roman olan bu əsər açıq-aşkar türkə nifrət, farsa və onun təmsilçisi “şahlığa” sevgi və rəğbət yaratmaq məqsədi ilə yazılıb və fars şovinizminin anayasasına çevrilibdir.
Bununla yanaşı, “Şahnamə”nin ümumi ruhu islam məfkurəsi ilə ziddiyyət təşkil edir. Bir qədər əvvəl göstərmişdik ki, ikinci raşdin xəlifə Hz.Ömər “Xavadaynamak”ı ona görə rədd etmişdi ki, bu kitab islam ruhuna zidd idi. O kitabın və onun kimi kitabların əsasında yazılan “Şahnamə” də onlardan uzağa gedə bilmədi. Elə buna görə də türk şairi Dərbəndli Məhəmmədtağı Qumri (1819-1891) bir qəsidəsində Firdovsini tənqid edir. Burada həmin qəsidədən çıxarılmış bir neçə beyti göstərməklə məsələyə daha da aydınlıq gətirmək istərdik:

          Çox da fəxr eyləmə dürrü-nəzmüvə, ey Firdovsi,          Süsəni-söz yerinə ləli-Bədəxşanı gətir…          Ləşkərim yetmiş iki təşnə dilavərdi mənim,          Sən özün cəm qılıb ləşkəri-İranı gətir.          Arizu eyləmə hər beytüvə dinarü təla,          Mən kimi beytüvə bir cənnəti rizvanı gətir.          Heyf, zəhmət çəkibən bağlamısan “Şahnamə”,          Onda vəsf eylədiyin Rüstəmi-dastanı gətir.          Kimdi Rüstəm, nə Fəramürz, nə Söhrabü nə Giv,          Bəlkə İsgəndər ilən Bəhmənü Daranı gətir…          Harda var səndə mənim tək şərəfü cahü cəlal?          Şiveyi-nəzidəgirəm, yədi-bəyzanı gətir.          Rəhbərimdir iki dünyada Hüseyn ibni-Əli          Ki, varın olsa sənin də belə mövlanı gətir.

Firdovsi “Şahnamə”nin başlarında “Peyğəmbərin vəsfi”ndə:

          Mənəm əhli-beytin qulu hər zaman,          Onun vəsfidir hər qula imtahan –

desə də bütün həyatını uydurmalara, əfsanələrə həsr etmiş, özü əfsanələr, nağıllar uydurmuş, əslində ruhən islama zidd olan bir əsər yaratdığından həm də islam ruhanisi olan Qumri bunu görmüş və ona qarşı çıxmışdır.
Firdovsi də sonda ömrünün otuz ilini gerçək elmə deyil, uydurmalara, miflərə və özünün qondardığı nağıllara sərf etdiyini anlamış və dərindən peşman olmuşdur. Bunu Ərsan Ərel “Firdovsinin “Yusif-Züleyxa”əsəri – şovinist siyasətin tarix dustağı” (“Cümhuriyyət” qəzeti, AXC orqanı, 1993-cü il, sayı 33-34) adlı məqaləsində göstərmişdir: “Göründüyü kimi, fars alimləri gerçəklikdən uzaq olaraq Mahmud Xaqanla Firdovsi haqda deyilən bu yalan nağılı uydurmuşlar. Bu yalanları uydurmağın özü bu “alimlərə” Firdovsinin özündən miras qalıb. Firdovsi “Yusif-Züleyxa” əsərinin başlanğıcında “Şahnamə”ni özündən uydurub yazdığını boynuna alır, orada olan nağılları büsbütün yalan sayır:

          “Çeşidli nəzmlərdən bəzək vurdum.          Bu nəzmlərdə öz istədiyimi yazdım.          Əkdiyim toxumlardan peşman olmuşam.          Ürəyimlə dilimi düyünləmişəm.      Əfrasiyabla Keyxosrovun savaşından yazmaqla mənə nə qaldı?          Boş yerə ömrü hədər verməyi harada, havaxt ağıl qəbul edər?           İndi mənə dəlilik etmək yaraşmaz,           Gərək alimlərin getdiyi yolla gedəm.          Daha boş sözlər demərəm, bir də boş sözləri bir yerə toplamaram.          Bütün nağıllar yalandır (“Şahnamə” nağılları),          İki yüz o cür nağıl bir ovuc torpağa dəyməz.          Mən o adları hiyləylə düşünərək uydurmuşam”.

Ərsan Ərel yazır: “Firdovsinin “Yusif-Züleyxa”da olan etirafları şovinistlərin tarixi təhriflərini heç etdiyinə görə onlar “Yusif-Züleyxa” əsərini tarix dustağı etdilər. Fars şovinist tarixçiləri “Şahnamə”dən bir elmi qaynaq kimi yararlandıqlarına görə bu əsərin varlığını danmağa çalışıblar“.
* * *
Uzun-uzadı bir tarix yolu gəlmiş fars şovinizmi böyük “ustalıqla” belə bir ehram (piramida) qurmuşdu:dünyanın başında İran durur, onun da başında Parsa (Fars əyaləti), Parsanın başında farslar, onların başında əyan şovinistlər, onların da başında ədalətli-müstəbid (despot) pars şahları durur və bu, həmişə belə olmalıdır.
Kimsənin gözləmədiyi bir halda inqilab şahlıq rejimini devirdi. İnqilabın lideri Xomeyni şahlıq rejimini lənətlədi, şahpərəst ədəbiyyatın yayılmasına, şahların tərənnümünə mənfi münasibət bəsləndi. Bu öz-özlüyündə parsizmə böyük zərbə oldu. İndi fars şovinizminin piramidası uçulub-dağılmaqdadır. Bu uçqunların altında qalan cahilləri Tanrı bağışlamayacaq!
Fars şovinizminin türk düşmənçiliyi də ifşa edilməkdədir. Ancaq çox-çox yazıqlar olsun ki, biz türklərin, ayrıca olaraq Azərbaycan türklərinin çox böyük bir toplusu hələ də panfarsizmin və paniranizmin zəhərli, tiryəkli təbliğatından qurtula bilməmişik.
Bundan qurtulmağın yolu azadlıqda və gerçək bilgidədir. Əsl mürşid gerçək bilgidir. Onun arxasınca qoşanlar uğur qazanırlar.
Zərdüşt peyğəmbər buyurur: “Həyata genişlik verən İsipəndərmüzün səyi nəticəsində Ordubehişt TuranlıFiryanın (Pirya) adlı-sanlı qohum-qardaşına və nəvə-nəticələrinə nəzər salacaq, o zaman Bəhmən onları qəbul edəcək və son gündə Ahuramazda onlara dinclik bağışlayacaqdır!” (“Avesta”, qatalar; Yasna, 46-cı xətt. “Uşteveydqat”, 12)
Uğur olsun, Turanlılar!
Ulu Tanrı, türkə “azğınların yolunu deyil”, “doğru düşüncə, doğru söz, doğru iş, doğru bilik” yolunu göstər!
Kələki, 18.10.1997
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s